İnformatika kursunun məzmununa ümumi didaktik yanaşma. İnformatika fənninə didaktik yanaşmanın mənasını aydınlaşdıraq. İnformatikanın məzmunu bir-birilə dialektik cəhətdən əks vəhdət təşkil edən iki əsas faktorlar qrupundan ibarətdir.
Elmilik və praktiklik. Bu o deməkdir ki, kursun məzmunu informatika elminə əsaslanaraq onun müasir inkişafına, praktikaya uyğun şəkildə qurulmalıdır.
Əlyetənlik və ümumilik. Bu o deməkdir ki, kurs şagirdlərin hamısı üçün aydın və anlaşıqlı olmalı, həmçinin onların bilik, bacarıq və vərdişlərinin ümumi inkişafını nəzərdə tutmalıdır.
Başqa sözlə, məktəb informatikası bir tərəfdən müasir olmalıdır, digər tərəfdən isə elementar, aydın və sadə dilə malik olmalıdır.
İnformatikanın maşın və maşınsız variantı. İnformatikanın ilk zamanlarda tədrisində üç əsas baza anlayışı var idi – informasiya, alqoritm, EHM. İnformatikanın ilk maşınlı variantı 1985-ci ildə “informatika və hesablama texnikasının əsasları” kursu üçün hazırlanmışdı. Kurs əasən yuxarı sinif şagirdləri üçün nəzərdə tutulmuşdu. Həmin kurs şagirdlərin kompüter siniflərində işini nəzərdə tuturdu. Bu zaman informatika dərsi üç formada təşkil edilirdi – kompüterdə nümayiş, laborator iş və praktikum. Lakin bu halda da kompüterdə alqoritm və proqramlaşdırma məsələlərinə, yəni maşınsız varianta müəyyən yer verilirdi. Informatikanın maşın variantında təxminən aşağıdakı mövzular nəzərdə tutulurdu:
EHM-lə tanışlıq;
Alqoritmləşmənin əsasları;
Hesablama texnikasının əsasları;
Proqramlaşdırmanın əsasları;
EHM-də məsələ həlli;
Cəmiyyətdə EHM.
90-cı illərdə bir çox məktəblərin maddi-texniki bazalarının genişləndirilməsi, kompüterlə təchiz edilməsi nəticəsində informatika dərsləri maşınlı variantda keçilməyə başladı. Qeyd etmək lazımdır ki, ibtidai siniflərdə informatikanın tədrisində maşınsız varianta daha çox üstünlik verilir. Lakin son illərdə məktəblərin kompüterlə təmin olunması, kompüter siniflərinin yaradılması nəticəsində informa-tika daha çox maşınlı variantda tədris edilir. Pedaqoq və psixoloqların fikrincə, ibtidai siniflərdə şagirdlərin
Kompüter arxasında işinin müddəti 15 dəqiqədən çox olmamalıdır. Lakin bu sahədə müxtəlif fikirlər mövcuddur. Məsələn, digər mənbələrə görə, şagirdlərin kompüter arxasındakı işi həftədə 2 dəfə 60 dəqiqədən çox olmamalıdır. Əgər informatika dərsinin mövzusu kompüterdə işi nəzərdə tutursa, dərs zamanı şagirdlərə fasilə vermək, bunu oyun formasında aparmaq məqsədəuyğundur. Məsələn, uşaqlarla belə bir oyun keçirmək olar:
Gözlərinizi bağlayın, göz qapaqlarınızı bərk sıxın, 1-dən 4-ə qədər sayın və sonra gözlərinizi açın. Bunu 4-5 dəfə təkrar edin.
Çiyninizə baxaraq 1-dən 4-ə qədər sayın. Sonra isə uzağa baxaraq 1-dən 6-ya qədər sayın. Bunu 4-5 dəfə təkrar edin.
Başınızı tərpətmədən sağa baxın və 4-ə qədər sayın. Sonra uzağa baxıb 6-ya kimi sayın. Bunu sol tərəf, yuxarı və aşağı tərəflər üçün də edin. 3-4 dəfə təkrarlayın.
Gözlərinizi sürətlə diaqonal boyunca hərəkət etdirin – sağdan yuxarıya, soldan aşağıya, sonra uzağa baxıb 6-ya kimi sayın. 4-5 dəfə təkrarlayın.
Kiçik yaşlı məktəblilərin uzun müddət kompüter arxasında oturması onların əsəb sisteminin zəifləməsinə, gözlərinin yorulmasına, yuxularının pozulmasına və s. Səbəb ola bilər. Ona görə də informatika dərslərində təhlükəsizlik qaydalarına və normalarına ciddi əməl etmək lazımdır.