Beynəlxalq münasibətlər sisteminin fəaliyyətinə təsir göstərən amillər
2. Qloballaşma və antidövlət tendensiyalarının artması. Müasir dünya siyasətinin və beynəlxalq münasibətlərin əsas proseslərindən biri qloballaşma hesab edilir. Siyasi, iqtisadi, ideoloji və s. sahələrdə qarşılıqlı asılılığın dərinləşməsi onun üçün xarakterik haldır. Bu müstəvidə trassərhəd xarakterli qarşılıqlı təsirin miqyas, müxtəliflik və kəmiyyət baxımından yüksəlişi müşahidə olunur. Dünyanın bötüvləşməsi və vahid tam kimi qəbul edilməsi prosesi baş verir. Milli maraqlarla müqayisədə ümumi, qlobal mənafenin çəkisi artmaqdadır. Eyni zamanda, təhlükəsizliyin daxili və xarici aspektləri arasında qarşılıqlı əlaqə dərinləşməkdədir.
Qeyri-dövlət aktorlarının dünya siyasətinin bütün sahələrinə nüfuz etməsi müasir beynəlxalq münasibətlər sisteminin əsas xarakterik göstəricilərindən biri sayılır. Beynəlxalq miqyasda fəaliyyətə başlayan qeyri-dövlət subyektlərinin sayı durmadan artmaqdadır. Dövlətin fəaliyyət qabiliyyətini məhdudlaşdıran qeyri-dövlət subyektləri aşağıdakılar hesab edilir:
– Beynəlxalq təşkilatlar; məsəlçün, BMT və ya ATƏT;
– Beynəlxalq rejimlər (dəqiq müəyyən edilmiş problemlər sahəsində dövlətlərin uzunmüddətli əməkdaşlığını ifadə edən anlayış. Məsələn, Nüvə Silahlarının Yayılmaması Müqaviləsi);
– Çox vaxt kiçik dövlətlərin budcələrini üstələyən nəhəng dövriyyəyə malik transmilli konsernlər, məsələn, iri neft konsernləri;
– İnsan hüquqlarının müdafiəsi və ətraf mühitin mühafizəsi məqsədini güdən QHT-lər (Amnesty İnternational və Qrinps);
– Beynəlxalq miqyasda fəaliyyət göstərən cinayətkar təşkilatlar, məsələn, Cənubi Amerika narkokartelləri;
– Heç də bütün dünyada deyil, müəyyən regonlarda fəaliyyət göstərən terror təşkilatları, məsələn, Əl-Qaidə [3, c.6].
Qeyri-dövlət aktorların beynəlxalq təhlükəsizlik sferasında daha ciddi və dağıdıcı nəticələr doğurması beynəlxalq ictimaiyyəti bərk narahat etməkdədir. Heç şübhəsiz, bu gün əksər silahlı münaqişələrdə qarşıduran tərəflərdən biri qeyri-dövlət aktoru – terrorçular, silahlı ekstremistlər, separatçı və ya digər antihökumət silahlı birləşmələr, dəniz quldurları, narkotik alverçiləri və s. hesab edilir.
Dövlətlərin zəifləməsi nəticəsində zorakılıqların və müharibələrin sayının artacağı haqqında pessimist fikirlər çoxalmaqdadır. Belə təhlükələr ilk növbədə, zəif və süquta doğru sürüklənməkdə olan, zəif daxili həmrəyliyə və səriştəsiz hökumətə malik dövlətlərdən irəli gəlir. Məhz bu səbəbdən Yer kürəsinin bəzi regionlarında uzunmüddətli sabitsizlk zonaları və zorakılıq inkubatorları yaranır.