arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
480
8. O, Allahın ayələrini özünə oxunduğunu eşidir, sonra guya onları eşitmirmiş kimi
(Allahın əmrinə qarşı) təkəbbür göstərərək (küfründə) israr edib durur. (Ya
Peyğəmbər!) Beləsinə şiddətli bir əzabla müjdə ver!
9. O, ayələrimizdən bir şey öyrənib bildiyi zaman onu lağa qoyur. Məhz belələri
(qiyamət günü) alçaldıcı bir əzaba düçar olacaqlar!
10. Qarşıda (öləndən sonra) onları Cəhənnəm gözləyir. Nə qazandıqları dünya malı, nə
də Allahdan başqa dost tutduqları (ibadət etdikləri bütlər) onlara bir fayda verəcəkdir
(Allahın əzabını onlardan dəf edəcəkdir). Onlar böyük bir əzaba düçar olacaqlar!
11. Bu (Qur’an) bir hidayətdir. Rəbbinin ayələrini inkar edənləri çox şiddətli, ağrılı-acılı
bir əzab gözləyir.
12. Gəmilərin Onun əmri ilə dənizdə üzməsi və sizin də Onun lütfündən (orada) ruzi
axtarmanız üçün dənizi sizə ram edən Allahdır! Bəlkə, şükür edəsiniz!
13. Göylərdə və yerdə nə varsa, hamısını öz tərəfindən sizin ixtiyarınıza qoyan da
Odur. Həqiqətən, bunda düşünən bir qövm üçün ibrətlər vardır!
14. (Ya Peyğəmbər!) İman gətirənlərə de ki, Allah etdiyi əməllərə görə hər hansı bir
qövmün cəzasını (özü) versin deyə, Allahın (əzab) günlərindən qorxmayanları (əzab
günlərinə, qiyamətə inanmadıqları üçün gözləməyənləri) bağışlasınlar! (Bu ayənin
hökmü sonralar cihad haqqındakı ayə ilə ləğv edilmişdir).
15. Kim yaxşı bir iş görsə, xeyiri özünə, kim də bir pislik etsə, zərəri özünə olar! Sonra
siz öz Rəbbinizə doğru qaytarılacaqsınız.
16. And olsun ki, Biz İsrail oğullarına Kitab, hikmət (Tövratda olmayan hökmlər, yaxud
mübahisəli məsələləri ədalətlə həll etmək bacarığı) və peyğəmbərlik əta etmiş, onlara
pak ne’mətlərdən ruzi vermiş və onları aləmlərə (zəmanələrindəki bəşər övladına)
üstün etmişdik.
17. Onlara din işində (dini məsələlərdə və ya Muhəmməd əleyhissəlamın peyğəmbər
göndəriləcəyi barədə) açıq-aşkar dəlillər vermişdik. Onlar yalnız (tövhid, dini əmrlərin
büsbütün həqiqət olduğu haqda) özlərinə elm (qəti dəlillər) gəldikdən sonra
aralarındakı həsəd (ədavət) üzündən (dində) ixtilafa düşdülər. (Ya Rəsulum!)
Həqiqətən, sənin Rəbbin ixtilafda olduqları məsələlər barəsində qiyamət günü onların
arasında hökm edəcəkdir!
|