Rasim Gənzəli Qızıl türklərdən biri



Yüklə 472,95 Kb.
səhifə5/8
tarix05.03.2017
ölçüsü472,95 Kb.
#10115
1   2   3   4   5   6   7   8

Yaşına görə mən onu Elçin deyə təqdim eləsəm də, əslində çox cavan yaşlarından o, müəllimlik zirvəsinə yüksəlmişdi. “Vektor”u yaradandan sonra isə artıq ondan çox-çox yaşlı adamlar da ona müəllim deyə müraciət etməyə başladılar. Afətə də o vaxtlardan xanım titulu verdilər. Elçin müəllim və Afət xanım... “Vektor” elm mərkəzinin prezidenti və vitse-prezidenti, həm də qurumun həmtəsisçiləri.

Artıq bu adamlar böyük yol ayrıcına çıxmışdılar. Bu yol onları səadət dolu günlərə aparacaqdı. Xalqa xeyir gətirən, milləti təbliğ edən, insanlara sevinc paylayan bu xoşbəxtlik yolunun yolçuları indi təkcə özləri üçün deyil, həm də böyük çoxluğun rifahı naminə yaşamağı qarşılarına məqsəd qoymuşdular.

Ayşən, Aydan və... Əli

Birinci övladları dünyaya gələndə sevinclərinin həddi-hüdudu yox idi. Bütün övladlar ata-ana üçün şirin olsalar da, birinci övladın ailədə xüsusi yeri və çəkisi olur. Axı onun dünyaya gəlməsi ilə ər ilk dəfə ata adlanır, qadın analıq zirvəsinə yüksəlir. Elə buna görə də bütün ailələrdə birinci övlad o biri övladlardan bir baş ucada dayanır. Bəlkə həm də ona görə ki, ondan sonra dünyaya gələn bacı-qardaşlarının da öndə gedəni elə o olur. Buna rəğmən birinci dünyaya gələn övladlarının adını çox da düşünmədən Ayşən qoydular. Yəni hər zaman ay kimi bədirli, işıqlı, sevinc gətirən insanlar kimi şən və gülərüz olsun.

Ayşən çox ağıllı uşaq idi. Bal verən arı pətəyindən, bala verən quş dimdiyindən bəlli olar deyiblər. Onun da lap balaca vaxtlarından zəkalı bir kəs olacağı sezilirdi. Atasına, ən çox da anasına gündə yüzlərcə suallar verirdi. Bu suallar yerli-yersiz, mənalı-mənasız olsa da, ata-ana aramla uşağa cavablar verir, usanmadan onun “məlumat bazasını” zənginləşdirməyə çalışırdılar. Bəzən ondan elə suallar eşidirdilər ki, ata da, ana da çaş-baş qalır, necə cavab verəcəklərini bilmirdilər.

-Ata, qışdan sonra niyə yaz gəlir?..

-Ana, babalar, nənələr niyə ölür?..

-Ata, ulduzlar bizi görür?..

-Ana, yarpaqların niyə dili yoxdu?..

-Ata...ata...ata...

-Ana...ana...ana...

Ayşənin verdiyi qəribə suallar onu bir tərəfə aparıb çıxarmalıydı. Çıxardı da. Xətai rayonundakı 27 saylı orta məktəbi əla qiymətlərlə oxuyan bu qız arzularının qanadında sənədlərini Bakı Dövlət Universitetinin biologiya fakultəsinə verir. Oranı əla qiymətlərlə oxuyaraq, qırmızı diplomla bitirir. Elə həmin il Azərbaycanda ilk dəfə olaraq London Kral Universitetinin ekologiya mühəndisliyi ixtisası üzrə magistraturasına daxil olur. Həmin universiteti də qırmızı diplomla bitirən Ayşən Azərbaycan Dövlət Neft Şirkəti elmi-tədqiqat institutunda elmi işçi vəzifəsinə təyinat alır. Həmin institutun doktorantıdır. Dəfələrlə Amerikanın Kaliforniya, Texas, Mayami ştatlarında ixtisası üzrə kurslar keçmiş və beynəlxalq sertifikatlar almışdır.

İnsanın taleyində zatın, kökün nə qədər önəmli rol oynadığını hamımız bilirik. Sanki gözəgörünməz zat telləri gecə-gündüz insanı öz ulusuna doğru çəkib aparır. Bir də baxıb görürsən ki... Görürsən Elçin İsgəndərzadədən yeni elçinlər törəyir. Və bu inama, etiqata inansaq bir müddətdən sonra görəcəyik ki, Ayşən Elçinqızı artıq alimlik dərəcəsi alıb, elmin zirvəsinə yüksəlib. Mənim daxilimdə buna çox bir inam var və elə belə də gözləyirəm.

Sonra dünyaya Elçin müəllimin ikinci qızı gəldi. Yenə də çox fikirləşmədilər, qızın adını Aydan qoydular. Aydan... Aydan qopub gələn qız. Ayın bir parçası. Bu onun simasına verilən bir ad idi. Daxili aləmini də bir azdan göstərəcəkdi. Göstərdi də. Çox şirin-şəkər, qəşəng, böyük bacısı kimi mənalı-mənasız sualları ilə bol olan bu qızcığaz bir müddətdən sonra oxuduğu Xətai rayonu 27 saylı orta məktəbin göz bəbəyinə çevrildi. Hamı onu barmaqla göstərdi. Elçin müəllimin qızı olduğuna görə yox, öz savadına, istedadına, qabiliyyətinə görə. O, da böyük bacısı kimi orta məktəbi qızıl medalla bitirməyin lap bir addımlığında dayandı. Lakin bəzi xoşagəlməz hallar onun da bu medalı qazanmasına maneə yaratdı. Amma ruhdan düşmədi. Düşə də bilməzdi. Axı bu qız Elçin İsgəndərzadənin qızıydı. İnad və inamla sənədlərini Azərbaycan Dövlət Tibb Universitetinin müalicə-prafilaktika fakultəsinə verdi və yüksək balla həmin fakultəyə daxil oldu.

Aydanın çox böyük arzuları var idi. Lap uşaq çağlarından onu bir məsələ narahat edirdi. Bəzi ümidsüz xəstəlikləri müalicə edərək, insanları xəstəliklərin caynağından qurtarmaq. Cavan vaxtında ömrü yarımçıq qalan insanların nakam taleyi onun hələ bərkiməmiş qəlbinə çox sıxıntılar gətirirdi. Xəyalında nağıllar qurur, özü bu nağılların qəhrəmanı olurdu. Elə bir qəhrəman ki, bu qəhrəmanın sayəsində insanlar ağır xəstəliklərdən şəfa tapır, dirçəlib ayağa qalxır, gülümsər gözləri ilə Aydana, o nağılların qəhrəmanına şükranlıq hisslərini çatdırırdılar.

Yenə də genetik kod yaddaşı. Yenə də qandan gələn sirli-sehrli aləmin bir möcüzəsi.

İkisi də balaca uşaq olanda Ayşənlə Aydanın söhbətlərinə gizlincə qulaq asan Elçin müəllim qəribə hisslərin əhatəsinə düşürdü. Hərdən ona elə gəlirdi ki, bu qızlar, elə bütün bu yaşda olanlar dünyanın ən ağıllı adamlarıdı. Kindən, məkrdən, yalan və xəyanətdən uzaq olan bu cocuqlar elə təmiz, şəffaf hisslərin ağuşunda gəzib-dolanır, dünyanı elə bərli-bəzəkli göstərirdilər ki, adam cani-könüldən canlı aləmin əşrəfi olduğunu yadına salır, düşünür, bundan qürurlanır, belə dünyada daha çox qalmağın, yaşamağın yollarını axtarırdı. Ancaq yenə də ətrafa baxanda... Çirkinliklərlə dolu mühitin “canlı ekranında” gördükləri ilə o balaca qızcığazların düşüncələri arasında böyük təzadın olduğunu ürək ağrısı ilə şah damarının telindən keçirirdi.

Bir dəfə də bağda bacılar baş-başa verib, söhbət edəndə Elçin müəllim onların “başının üstünü” almış və hatta əl-qolunun hərəkəti ilə Afət xanımı da yanına çağırmışdı.

Söhbət dünyanın “qlobal problemlərindən” gedirdi. Bacılar öz aləmlərində bu “qlobal problemləri” çözür, həlli yollarını göstərir, dünyanı ağappaq bir düzənə çıxarırdılar.

-O gün bir baba ölmüşdü. Çiyinlərində aparırdılar. Üstünə də qara örtük salmışdılar.

-Mən də gördüm. Ancaq ana deyirdi, o baba ölməyib, rəhmətə gedib.

-Mən bilirəm. Yaxşı adamlar ölmür, rəhmətə gedir.

-Rəhmət haradı?

-Yəqin yekə bir şəhərdi. Axşamlarında da gur-gur işıqlar yanır.

-Kaş bütün babalar rəhmətə gedəydilər.

-Yox, elə olmaz.

-Niyə olmur ki?

-Çünki hamı ora getsə, orada yer qalmaz. Axı böyük şəhərlərin böyük də dərdi olur.

-Bunu hardan bilirsən?

-Ata danışanda eşitmişəm.

-Böyük şəhərləri niyə iki mərtəbə eləmirlər?

-İki mərtəbə şəhər olar?

-Niyə olmur?! Mən böyüyəndə Bakını iki mərtəbə edəcəyəm. Bir mərtəbədə özümüz qalarıq, o biri mərtəbədə rəhmətə gedənlər gəlib qalar. Axı niyə gedib qərib yerdə qalsınlar.

-Qərib yer haradı?

-Qərib yer sərhədlərin o tayındadı.

-Sərhədləri niyə çəkiblər? Adamları niyə bir-birindən ayırıblar? Adam elə adamdı də. Burda da, sərhəddin o üzündə də.

-Böyüyəndə sərhədləri də söküb atacağam.

-Bəs mən nə edəcəyəm?

-Sən aydan, ulduzdan dərman gətirib, sağalmaz xəstələrə şəfa verərsən...

Qızlarının bu qəribə söhbətlərindən heyrətə gəlsələr də, bir tərəfdən də ata-ana kimi qürurlanıb, iftixarla bir-birinin üzünə baxdılar. Onlar beləcə saatlarca söhbət etsəydilər, yenə də sakitcə dayanıb onlara qulaq asardılar. Heyif ki başlarını qaldırıb ata-analarını gördülər və qaçıb onlara sığındılar. Bununla da çox uzaqlardan başlanmış “qlobal” söhbətə son qoydular.

...Aydan ailə həyatı qururdu. Şadlıq sarayına yığışan qonaqlar arasında daha kimlər yox idi: Vasim Məmmədəliyev, Xoşbəxt Yusifzadə, Nəriman Həsənzadə, Sabir Rüstəmxanlı, Amaliya Pənahova, Elçin Hüseynbəyli, Vahid Əziz, Zəlimxan Yaqub, neçə-neçə tanınmış elm, mədəniyyət, incəsənət, ədəbiyyat adamları... Toyun çox qəribə, bəlkə də indiyə qədər görmədiyim bir aurası var idi. Hər şeydən daha çox gözə carpan isə toyun türk birliyinə köklənməsi idi. Elə ilk nəğmə də Azərbaycan-Türkiyə qardaşlığını özündə ehtiva edən bir musiqi nömrəsi ilə açıldı. Qəribə, sehrli bir aləmə düşmüşdüm elə bil. Sanki Dədə Qorqud öz qopuzunu səsləndirib Turan dünyasını buraya, “Kral” şadlıq sarayına yığmışdı. İnsanlar, toya gələnlər bu qopuz havasından cuşa gəlib, saray boyunca bir-biriylə salamlaşır, təbriklər deyir, alqışlarla yeni ailə həyatı quran Aydanla Raminə xoşbəxtlik diləklərini yetirirdilər.

Hər zaman gözlərində işıq görmüşdüm Elçin müəllimin. Ancaq bu axşamkı işıq o işıqdan deyildi. Bir başqa, bambaşqa işıq idi ki, bu gecənin ruhundan doğmuşdu. O işığı Afət xanımın da gözlərində gördüm...

Ramin bəy qərbi Azərbaycan bölgəsindən idi. O da saysız-hesabsız soydaşlarımız kimi erməni qəsbkarlığının nə demək olduğunu qanında, canında hiss eləmişdi. Bütün ruh ağrısına rəğmən məktəbi əla qiymətlərlə oxumuş, Azərbaycan Dövlət Tibb Universiteti rəhbərliyinin göndərişi ilə İstanbul Universitetinin tibb fakultəsində bakalavr və uzmanlıq təhsili almışdır. Uzmanlıq imtahanı zamanı Türkiyədən və xaricdən olan on beş min həkim içərisində yığdığı ballara görə dördüncü nəticə göstərmişdir ki, bu da çox yüksək göstərici hesab olunurdu.

İstanbul Batı Bahat özəl xəstəxanasında həkim-cərrah vəzifəsində çalışan bu gənc həkimin çox tanınmış bir uzman olacağına mənim qəlbimdə qəribə bir inam var.

İndi onunla bir yerdə İstanbulda yaşayan Aydan da burada təhsilini davam etdirib, püxtələşmiş bir həkim kimi yetişməyi, xəstə insanların dadına yetməyi qarşısına məqsəd qoymuşdu. Axı bacısının uşaq vaxtı dediyi sözlər yadından çıxmamışdı. O sözlərə görə Aydan aydan, ulduzdan şəfalı dərmanlar tapıb gətirməli, çarəsiz xəstələrə çarə olmalıydı.

Elçin müəllimlə Afət xanıma Tanrı iki qız övladı əta eləmişdi. Ata-ana bu qızların sevinci ilə yaşayaraq, daxilən, bir-birinə demədən, dillərinə gətirmədən daha bir övladın, oğul payının həsrətini kölgəli bir həvəslə çəkirdilər. O oğul payı gec, çox gec, on bir, on iki ildən sonra gəldi. Gözlənilmədən, Tanrının daha xoş bir bəxşişi, mükafatı kimi...

Uşağın adını Əli qoydular.

Elçin beylə, Afet hanım, ocağınız odlu olsun,

Güzel Aydan, güzel Ayşen, kardaşınız kutlu olsun,

Dedem Korkud dile gelip boy boylasın, soy soylasın,

“Elinde Zülfukarıyla bunun adı Ali olsun!...”

Gözlənilmədən Tanrı tərəfindən göndərilən bu oğul bəxşişinin adının Əli qoyulmasının haradan qaynaqlandığını bilmirəm. Hər halda, Əli adı elə- belə ad deyildi, Allahın çox bəyəndiyi, qiymət verdiyi bəşər övladlarından (bəlkə də bəşər övladlarının fövqündə dayanan) birinin adı idi. Bəlkə bu adı yuxuda pıçıldamışdılar onlara? Bəlkə Əlidən başqa heç bir ad qoymaq olmazdı bu uşağa, bilmirəm. Ancaq onu bilirəm ki, bu müqəddəs adın cazibəsində, işığında, nurunda böyüyüb boy atan bu oğlanı Tanrı himayəsində saxlayacaq, qoruyacaq və al sabahlara aparıb çıxaracaqdı. Yəqin elə bunları düşünüb türk şairi Osman Oktay bu şeiri Əlinin adına bağlamışdı.

Əli də bacıları kimi çox diribaş, çevik uşaq təsiri bağışlayırdı. Onun da sualları bacıları kimi çox olurdu. Amma bir fərqi var idi ki, indi bu suallara təkcə ata-ana cavab vermirdilər. Bu işdə Əlinin bacıları ata-anaya çox böyük yardımçı idilər. Düzdür, hərdən Əlinin çoxsaylı suallarından bezən bacılar qardaşlarını atalarının, analarının üstünə göndərirdilər. Ancaq bütün hallarda Əlinin suallarını cavablandırmaq missiyasının səksən faizini bacılar öz üzərlərinə götürmüşdülər.

Bir gün Ayşən Əlidən atasının üstünə “şikayətə” getdi.

-Ata, Əli məni bezdirir.

-Niyə ki?

-Çox suallar verir.

-Onda göndər Aydanın üstünə.

-Aydan da bezib.

-Nə soruşur axı sizdən?

-Çox qəribə suallar verir.

-Məsələn...

-Yeri qoyub göynən əlləşir Əli.

-Nə deyir?

-Deyir, Allah harda oturub?

-Sonra.


-Günəşin nə boyda olduğunu xəbər alır.

-Sən də cavab ver, günəşin nə boyda olduğunu bilmirsən ki?

-Mənim dediyim rəqəmlərdən onun başı çıxmır.

-Onda çox sadə formada ona anlat.

-Sadə forma onu qane eləmir.

-Bəs onda nə edək?

-Bilmirəm, qalmışam çaş-baş.

-Bax, qızım, mən də, anan da siz uşaq olanda belə suallarınızın qarşısında çaş-baş qalırdıq. Amma yorulmadan, bezmədən bir yol tapıb, suallarınızı cavablandırırdıq. İndi siz də yol tapın, qardaşınızın suallarına cavab verin. Həm də heç vaxt onu aldatmayın, yalan danışmayın, cavab vermək həvəsiniz olmayanda, ya mənim, ya da ananızın üstünə göndərin. Yadınızda saxlayın ki, uşaq bu yaşlarında formalaşır. Uşağın ağ beyninə yazılan hər söz daş kitabəyə həkk olunmuş kimi yaddaşında əbədiləşir. Hər bir insanın düzgün insan kimi formalaşmasında onun uşaqlıq yaddaşının çox böyük önəmi var.

Bu söhbətdən sonra bacılar daha böyük həvəs və inadla Əlinin suallarını cavabsız qoymamağa çalışdılar.

...Aydanın toy mərasimində Əlinin bacısı üçün gətirdiyi böyük gül çələngini görəndə, bunu Əlinin bacısına uşaqlıq vaxtı elədiyi yaxşılığın bir əvəzi və minnətdarlığı kimi qəbul elədim nəyə görəsə...

Əlinin dünyaya gəlişi Elçin müəllimin qələmini də həvəsə gətirmişdi. O, bir qərib gecə şirin yuxusundan oyanıb, oğlunun adına poema yazmışdı. Demək olar ki, bir nəfəsə, dayanmadan, yorulmadan... Adını da “Oğlum Əliyə duala” qoymuşdu.

Beşiyinin başında

anan laylay çalanda,

laylay səsi həzin-həzin

enəndə, alçalanda-

mən Şaman duaları

pıçıldamışam sənə.

Yuxuda şirin-şirin

gülümsəyirsən yenə.

İlahi bir təbəssüm

çiçəkləyir üzündə.

Röyada at çapırsan

bəlkə Cıdır düzündə?

Bəlkə Tanrı dağları

girir sənin röyana?

Sən yat, keşik çəkirəm

oğlum sənin dünyana.

Səbail rayonundakı 160 saylı gimnaziyada əla qiymətlərlə təhsil alan Əlinin genetik koddan bəhrələnərək gələcəkdə atası kimi elm adamı olacağına da məndə qəti və qəribə bir inam var. Əgər gələcək günlərin birində Əli Elçinoğlu İsgəndər adlı birinin adını böyük elm adamlarının sırasında görsəniz, buna qətiyyən təəccüblənməyin. Ona görə yox ki, mental hisslərdən gələn bir duyğuyla o, atasının yoluyla getməlidir. Ona görə ki, o, əsl elm fədaisinin qan yaddaşında yoğrulub. Və belə insanların böyük alim olmalarına mən təəccüb eləmirəm.

Sən Turan ellərini

gəz-dolan qarış-qarış.

Sənin əcdadlarındı

Dədə Qorqud, Gilqamış.

Bir tərəfdə Atilla,

bir yanda Bilgə Xaqan.

Bayraqları bayraq edən

üstündəki qandı, qan.

Sən Şaman duasıyla

uyumusan, yatmısan.

Sən “Cəngi” havasıyla

böyüyüb, boy atmısan.

Elçin müəllim bu dünyada çox şeylər qazanıb. Ad-san, şan-şöhrət, var-dövlət... Ancaq onun ən böyük qazancı, elə bilirəm övladlarıdır. Ona görə ki, o övladlar öz kökü üstündə bitiblər və inanıram ki,onlar Elçin müəllimin ləyaqət və şərəfinə bir damcı da olsun ləkə gətirməyiblər. Və gətirməyəcəklər də. Günəşin çıxışından günün necə olacağı bilindiyi kimi bu övladların da necə olacaqları “səhər çağlarından” görünür. Görünənə isə şərhlər verməyə ehtiyac qalmır.

“İlham”dan gələn ilham

Görkəmli söz adamı, həm də gözəl insan Qərib Mehdi keçən əsrin səksəninci illərinin sonunda Gəncədə bir ədəbi dərnək yaratmışdı. Adı “İlham” olan bu dərnəyin məramı çox xeyirhax bir işdən xəbər verirdi. Məqsəd nə idi? İlk növbədə Gəncə və Gəncəbasar bölgəsinin söz adamlarını bir yerə toplamaq, onların ədəbi qabiliyyət və istedadlarını üzə çıxarmaq, yaxşı yazanlarla pis yazanları süzgəcdən keçirərək, ədəbi mühitə töhvə vermək. İkincisi, yaza bilən, ancaq yazdıqlarını ədəbi ictimaiyyətə təqdim etməkdə əziyyət çəkənlərin kitablarının çap olunmasına köməklik göstərmək. Məram çox ulu məqsədlərdən xəbər verirdi. O vaxtlar “İlham” ədəbi dərnəyinə üzv olan, gələn, yazdıqlarını təqdim edən qələm sahiblərində elə bir ruh, elə bir inam var idi ki... Sanki susuzluqdan dodaqları cadar-cadar olmuş canlıya su verirdin. Təşnə kimi bu suyu ciyərlərinə çəkən adamlar bir daha sözün müqəddəs və İlahi bir hiss olduğuna inanırdılar. Elə bil, qələm də “İlham”a gələnlərin əlində gülümsəyirdi. Sözlər pardaxlanıb çiçək açır, gülünün, qönçəsinin ətrindən insanlar meyxoş olurmuş kimi öz dünyalarından çəkilib, başqa dünyanın sakini olurdular.

Allah “ol” deyərək bu dünyanı yaratmışdı. Demək, bu dünya sözün üstündə qurulub. Bu müqəddəs sözə yiyə durmaq, yiyəlik edərək kəsərsizliyinin qarşısını almaq elə Tanrıya xidmət eləmək kimi bir şeydi. Sözün qüdrəti insanı var edəndisə, sözün qiymətdən düşməsi dünyanın laxlaması, sınması kimi bir şeydi və bu ucalıqdan alçaqlığa enməmək missiyasını böyük insanlar öz üzərlərinə götürürlər. O vaxtlar, dünyanın qatmaqarışıq zamanında Qərib Mehdi də belə bir ağır missiyanı öz üzərinə götürdü. Sözün hər kəlməsi, hər deyilişi Qərib Mehdi üçün bir xüsusi anlam daşıyırdı. Və bu xüsusda kimsə sözə xəyanət eləmək yolu tuturdusa elə o andaca Qərib Mehdi tərəfindən dərnəkdən uzaqlaşdırılırdı.

Dərnəyə təşrif buyuranlar arasında çox istedadlı qələm sahibləri də var idi. Musa Urud, Qəşəm Nəcəfzadə, Sərvaz Hüseynoğlu, Xəzangül... Bir də bu istedadlıların sırasında Elçin İsgəndər(zadə) var idi. Yeri gəlmişkən, Elçin müəllimin soyad sonluğunu mötərizəyə almağımın səbəbini sizə deyim. Mən məqalələrimin birində də bu barədə danışmışdım. Yazmışdım ki, nə qədər axtarsam da bu adamda, yəni Elçin müəllimdə bir səhv cəhət tapıb üzə çıxara bilməmişəm. Yalnız birindən başqa. Bu da onun soyad sonluğu ilə bağlıdır. Bilirsiniz ki, ruslar -ov, -yev soyad sonluqlarını özəlləşdirdikləri kimi, farslar da -zadə soyad sonluğunu özününküləşdiriblər. Əslinə qalanda, dərinliklərə gedəndə -ov (ev) -zadə(oğlu) sözləri də qədim türklərə məxsusdu. Lakin əgər onlar özlərinə rəva görüb, bu sözləri özlərininki ediblərsə, gərək biz də ehtiyatlı olaq. Gələcək üçün müşküllər saxlamayaq. Bu gün fars Nizami Gəncəviyə utanıb, qızarmadan fars şairi deyirsə, sabah o fars Elçin İsgəndərzadəyə də fars alimi, şairi deyə təqdim edəcək. Buna görə mən həmişə Elçin İsgəndər(zadə)dən üzr istəyərək, hər vaxt onu Elçin İsgəndər kimi təqdim etmək istəmişəm.

Nə isə, bunları söz gəldi, dedim. Yenə mövzuya qayıdaraq, “İlham” ədəbi dərnəyinin ilham verdiyi şairlərin sonrakı durumlarına nəzər salmağı lazım bilirəm. Bayaq adlarını qeyd elədiyim və etmədiyim onlarca qələm sahibi bu dərnəyin fəaliyyəti nəticəsində üzə çıxdılar, tanındılar, sevildilər, oxucu rəğbəti qazandılar. Təkcə kitabımızın qəhrəmanı haqqında danışsaq, o dərnəyin, həm də Qərib Mehdinin gördüyü işlərin ucalığından deməyə yetərincə söz tapmaq olar.

Qərib Mehdinin özü ümumən oxucu məhəbbəti qazanan, tanınan, üzdə olan yazarlarımızdan biridir. Qələmindən çıxan bədii nümunələrlə sözə ilməli naxış hörən bu qələm adamı sözsüz ki, Azərbaycan ədəbiyyatı tarixində öz imzası ilə qalacaq. Onu yaşadan bir də yaratdığı, uzun illər rəhbərlik elədiyi “İlham” ədəb dərnəyinin parlaq işığı olacaq ki, bu işığın sayəsində çox qaranlıqlara nur yağışları yağıb.

Elçin İsgəndər bu dərnəyə gələnə qədər artıq söz kəhkəşanının ənginliklərinə baş vurmuşdu. Yuxarıda dediyim kimi on yaşından şeir yazmağa həvəs göstərirdi. Ancaq onun cilalanması, sözün sehrinə baş vurması üçün hansısa şeir dərnəyinə getməyi, yazdıqlarının bir şeyə yarayıb, yaramadığını bilməyi çox vacib idi. Axı adamlar özlərini çox vaxt tanımırlar. Bəzən çox zəif adam özünü çox güclü sanır və yaxud yazmağın texnikasını, vəznini, qayda-qanununu, demək olar ki, heç nəyini bilməyən adam özünü böyük qələm əhli hesab edir. Onların forsundan, ədasından, yerişindən, duruşundan xoflanırsan. Və beləcə sözə qarşı səndə ikili hisslər yaranır. Elə belələrinin səbəbindəndir ki, yaxşı yazanla pis yazanı oxucu ayırmaqda çətinlik çəkir. Belədə yazarın özü də, sözü də ucalıqdan düşür, hörmətsiz olur. Vaqif Səmədoğlunun Moşu Göyəzənli kimi “şairləri” çox vaxt adamları elə çaşdırır ki, nadan adamlar Moşu Göyəzənlinin timsalında klassik və dahi söz adamlarımıza da elə “şair” kimi baxırlar.

Sözlə uğraşmaq Tanrı ilə insan arasında səssiz rabitənin ən bariz nümunəsidir. Elə ona görə əbəs yerə demirlər ki, söz adamları Tanrının yerdəki elçiləridir. Bu elçiləri urvatdan salmaq insanlıq adına qara ləkə yaxmaq kimi bir şeydi. Bu mənada bayaq qeyd elədiyim dərnəklərə, o dərnəklərə rəhbərlik edən qərib mehdilərə və qərib mehdilərin əlindən su içən elçin isgəndərlərə hər zaman ehtiyac olub və olacaq da.

Mənim bu gecəyə çox umudum var-

bu gecə ulduzlar çiçəkləyəcək.

Alçalar gül açdı, yenə bu bahar-

sevənlər, aşiqlər gerçəkləyəcək.

Mənim bu gecəyə çox umudum var-

bu gecə durnalar lələk salacaq.

Bu gecə dağlara qar yağacaq, qar,

bəyaz qar üstündə bir iz qalacaq.

Əgər o vaxta qədər Elçin İsgəndər yazdığı şeirlərə bir könül pıçıltısı, damardan axan şəlalə səsinin həzin nəğməsi kimi baxırdısa, bu dərnəyin üzvü olandan sonra şeirə olan münasibəti tamamilə dəyişdi. Şeir yazmağın elə-belə bir iş olmadığının fərqinə vardı. Elə-belə şeiri məktəb vaxtı sevdiyin qıza yaza bilərsən. Uzaqbaşı, tay-tuşların üçün belə şeirləri pıçıldayarsan. Ciddi şeir yazmaq ciddi oxucu auditoriyası tələb edir. Bu ciddilikdən bir az sapan kimi sarvanın karvandan olan birini yolun ortasında qoyub getməyi kimi bir şeyə bənzəyir. Yolun ortasında qalan sarvansız yolçu isə rəndini, izini itirmiş kimi çırpınar, özünə yol tapa bilməz, beləcə, dünyanın sağıyla solunu tapmaqda əziyyət çəkər. Bu yolçunu şair timsalında götürəndə isə bu şairin dediyi də bir qəpiyə dəyməz.

Şeir yazmağın ciddi bir iş olduğunu daha aydınlığı ilə dərk elədikcə Elçin İskəndərin həyəcanı da çoxalırdı. Daha bütün könül duyğularını poetik ifadəyə çevirməyə tələsmirdi. Yazanda bütün duyğularını, hisslərini cana gətirib, onlara qan verəndən sonra qələmini əlinə alırdı.

Dərnəyə üzv olanlar növbə ilə irəli çıxır, bütün ruhları ilə yazdıqlarını oxuyurdular. Bundan sonra Qərib Mehdi öz münasibətini bildirirdi. Tənqid də edirdi, tərif də deyirdi. Amma hər zaman onun tənqidləri tərifindən çox olurdu. Elə bil, bununla o, gənc yazarlara daha çox işləməyin, daha çox əziyyət çəkməyin, poetik aləmin zənginliyinə daha ürəklə baş vurmağın lazım olduğunu çatdırırdı. Axı o, çox ağıllı adam idi, bilirdi ki, əndazədən artıq tərif bunları şair edə bilməyəcək. Bu adamlarda lovğalıq yaranacaq və bu lovğalıqla şairlik arasında çox böyük əks-mütanasiblik olduğunu da bilirdi.

Dövrə vurur qağayılar

içimdəki təlatüm dənizində.

Sahilə çırpılmış bir balıq kimi

dərd çabalayır

soluxmuş bənizimdə.

Son ümid can verir

ürəyimin tənhalığında-

kimsəsiz qürbət hücrəsində.

Elçin İsgəndərin belə şeirlərindən sonra Qərib Mehdinin üzündəki qəribə ifadələr, sözün təsirinə düşməsi apaydınca sezilirdi. Dilinə gətirməyə ürəyi gəlməsə də, gözlərinin aynasında bu şeirlərin ruhuna sığal çəkdiyi hiss olunurdu. Və bir dəfə dözə bilməyib, onu tərif yağışına tutdu.

-Əhsən sənə, şair! Şeirlərinin ruhu o qədər qəribədir ki, adamın özünü- özündən alıb, tənha, kimsəsiz sirlər adasına çəkib aparır.

Səhv eləmirdisə, ona bəlkə də birinci dəfəydi şair deyirdilər. Yar-yoldaşları, dost-tanışları bu sözü ona demişdilər. Ancaq o adamların, şeirin mənasını bilməyənlərin ona şair deməyi ilə onun şair olması mümkün deyildi. Qərib Mehdinin ona şair deməyi isə... Bax, bu başqa məsələydi. Elə ona görə eşitdiyi bu şair sözündən qəlbi riqqətə gəldi, ürəyinin döyüntüsü artdı, sanki qəlbi böyüyüb sinəsinə, köksünə sığmadı.

O gecə səhərə qədər yata da bilmədi. Elə bil, Qərib Mehdinin ona dediyi şair sözünün sehrinə düşmüşdü. Başqa bir tərəfdən çiyninə qoyulan böyük məsuliyyət hissi idi onu rahat buraxmayan. Axı dünənə qədər o, özünü yazan bilirdi, dünən isə ona şair dedilər. Bu adam indi insanların arasına da başqa cür çıxmalıydı. Yerişinə-duruşuna da başqa yön, məna verməliydi.

Və onun üçün çətin olsa da, gedib bu sözü ona deməliydi. Dostuna, yaxınına, çox hörmət elədiyi adama... Məmməd Araza...

Apazların Araz boyda dərdi var

Dünyanın ən qüdrətli və ecazkar şairlərindən biri sandığı Məmməd Arazı 1983-cü ildən bəri tanıyırdı. Təsadüfi bir görüş onları yaxın eləmişdi. Tez-tez görüşür, dərdləşirdilər. Çox vaxt Məmməd Arazın işlədiyi “Azərbaycan təbiəti” jurnalının redaksiyasında, şairin kabinetində görüşürdülər. Hərdən də onların evinə gedirdi. Məmməd Araz bir neçə gün işə çıxmayanda ondan nigaran qalırdı. Şairdən xəbər tutmaq, bir az zəif, xəstəhal səsini eşidib, toxtamaq üçün onun yaşadığı evə baş vururdu.


Yüklə 472,95 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin