Rəhim Əliyev


Ədəbiyyat elmi isə  ədəbi mətnlərin komentariyasıdır



Yüklə 2.35 Mb.
Pdf просмотр
səhifə3/39
tarix10.07.2017
ölçüsü2.35 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   39

Ədəbiyyat elmi isə  ədəbi mətnlərin komentariyasıdır.  Ədəbiy-
yatşünaslığın inkişaf tarixi bu komentariyanın rəhbər prinsiplərinin dəyiş-
məsidir ki, bunu ədəbiyyatşünaslıq məktəblərinin  şərhində daha aşkar 
görəcəyik. Müxtəlif dillərdə, ədəbi mədəniyyətlərdə ədəbiyyatşünas şərh-
lərini əks edən müxtəlif formalar, ənənələr və terminlər meydana çıxmış-
dır. Ədəbiyyatşünaslıq və ədəbiyyat nəzəriyyəsinin əsas forma və janrları 
dərsliklər kimi, tədrisdə istifadə üçün meydana çıxmışdır. Dərsliklər el-
min normativ vəziyyətini əks etmək üçün yazılsa da, onlar ədəbiyyat elmi-
nin və nəzəriyyəsinin inkişafının mühüm formalarıdır. Hər yeni dərslik el-
min növbəti mərhələsinin prinsip və nailiyyətlərini, faktlarını  əks etdirir. 
Ali təhsilin kütləvi olduğu şəraitdə dərsliklər elmdəki tərəqqi və hərəkəti 
əks etdirən mühüm elmi əsərlərdir. 
1. Traktat  –(traktus - yunanca mühakimə) antik dövrdən başlaya-
raq müəyyən mövzuda yazılan elmi əsərlər idi. Ənənəvi olaraq ədəbiyyat 
nəzəriyyəsi və fəlsəfəyə aid əsərlər də belə adlandırılmışdır. Eyni sözdən 
yaranmış traktovka termini də rus dili vasitəsi ilə Azərbaycan dilinə keç-
mişdir. Bu termin ədəbi əsəri yozmaq, mənalandırmaq, şərh etmək məna-
sında işlənir. Orta əsrlərdə traktatları nəzmlə yazmaq ənənəsi var idi, bun-
lar poetik traktatlar adlanırdı. Sayılırdı ki, şeir dili ağılın daha yüksək və 
zərif ifadə formasıdır. 
2. Dialoq – müəllimin şagirdlə danışığı formasında, sual-cavab ki-
mi qurulan dərslik xarakterli əsərdir. Dialoqlar yazmaq ənənəsi antik 
dövrdən qalmışdır və bu formanın ən qədim nümunələri y.e. əvvəl 1Y əsr-
də yaşamış Platonun dialoqları sayılır. Antik dövrdə dialoqlar tədris məq-
sədilə yaradılırdı. O dövrdə  təhsil məktəbdə deyil, müəllimin evində  şa-
girdlərlə fərdi ünsiyyət şəklində olurdu. Dialoq da bu ünsiyyətin formasını 
əks edən dərslik idi. Sonralar antik dərs üsulu şərqə də keçmiş və müəlli-
min evində bir necə  şagirdə elm öyrədilməsi forması yaranmışdı. Belə 
müəllimlərə mürşid, şagirdlərə isə mürid deyirdilər. Belə tədris üsulu bi-
zim dövrümüzə qədər qalır və əsasən rəssamlıq, heykəltəraşlıq, aktyorluq 
kimi peşələrin öyrədilməsi üçün ali məktəblərdə təşkil olunur və studiya-
lar  adlanır. Studiyalarda beş-altı tələbə olur və müəllimin adı ilə adlanır. 
Müasir studiyalarda ancaq ixtisas sənəti öyrədilir. 
3. Təzkirə – (zikr – ərəbcə yada salma) Şərqdə sufi mürşidlər, ustad 
ədib və sənətkarlar, onların əsərləri və bioqrafiyası haqda məlumatlar ve-
rən əsərlərdir. Bu forma şərqdə ərəb və fars dillərində yazılırdı və müasir 
ədəbiyyat tarixlərinə uyğun bir forma idi. Təzkirəçi ədibin doğum və vəfat 

 
21
yerini və tarixini göstərir, məzarını nişan verirdi. Həmçinin ədibin əsərləri 
və onların qısa məzmunu  şərh edilir, şeirlərindən misallar verilirdi. Şərq 
ədəbi təzkirəçiliyi yığcam və ensiklopedik xarakter daşımışdır. 
4.  Monoqrafiya  – müasir ədəbiyyatşünaslığın  əsas formalarından 
biridir. Monoqrafiyalar müəyyən temaya, problemə və ya ədəbi şəxsiyyə-
tin yaradıcılığına həsr edilin elmi əsərdir. Elmi dərəcə almaq üçün yazlan 
namizədlik və doktorluq dissertasiyaları da monoqrafiyanın bir şəkli sayı-
la bilər. 
5. Lüğətlər. Bu formanın də həm Şərqdə, həm də Qərbdə qədim ta-
rixi vardır. Lüğətlərdə adətən  ədəbi və  fəlsəfi terminlərin  şərhi verilirdi. 
Ensiklopediya lüğətin izahlı forması idi. Şərqdə daha çox təriqət terminlə-
rini şərh edən lüğətlər məşhurdur. Sufi poeziyası simvol, rəmz və alleqori-
yalar üzərində qurulduğundan sufi mütəfəkkirləri geniş sufi lüğətləri ya-
zırdılar. Orta əsrlərin lüğətləri dini ehkama əsaslanırdı. Maarifçilik döv-
ründən bəri yeni ideologiyaların hakim olmasının ardınsa yeni ensiklope-
diyaların yaranması  ənənəsi yaranmışdır. Yeni lüğət və ensiklopediyalar 
terminləri yeni ideologiyaya uyğun yozaraq şərh edirdi. Sovet dövründə 
ədəbiyyata dair marksist nöqteyi-nəzəri  əks edən  ədəbi və ensiklopedik 
lüğətlərin hazırlanması böyük miqyas almışdı. Lüğətlər praktik xarakter 
daşısa da, onlarda ədəbiyyat nəzəriyyəsinin inkişafı də öz əksini tapır və 
elmin normativ vəziyyətini əks edən mənbəyə çevrilir. 
6. Məqalə – müasir ədəbiyyat elminin ən populyar şərh formaların-
dan biridir. Məqalə elmi fikir forması kimi mətbuatla bağlıdır. Monoqrafi-
yadan kiçik olması məqalədə elmin və yazıçı yaradıcılığının müxtəlif ba-
xımlarını araşdırmağa imkan verir. Məqalə çox vaxt böyük tədqiqatın bir 
hissəsi kimi də çap etdirilə bilir. Məqalənin şəkillərindən biri də eccedir. 
Esse  əsasən bədii dillə, emosional təhkiyə formasında yaradılan  ədəbi-
tənqidi bir formadır. Esselər təhkiyə baxımında bədii üsluba yaxın olur və 
bəzi hallarda ifrat akademizmə istehza nişanələrinə malik olur. Elmi mə-
qalələrdə  mənbələrin göstərilməsi normal sayılır, lakin çox vaxt buna 
əməl edilmir. Məqalələrin elmi səciyyəsi onları buraxan jurnalların bu isti-
qamətdəki mövqeyi ilə daha çox bağlıdır. Nüfuzlu elmi jurnallarda bura-
xılan məqalələr ciddi elmi mənbə kimi qəbul olunur. 

 
22
 
1.3. Ədəbi mətnlərin şərh (anlama)  
və qiymətləndirmə tarixi 
 
1.3.1. Mətn bilgisinin fərdiliyi və şərh problemi 
  
Xüsusi elmi hazırlığı olmayan adam ədəbi mətni,  əsəri oxuyanda 
onun təəssüratları  fərdi və subyektivdir. Bu təəssürat  ən çox həmin ada-
mım yaddaşından, şəxsi təcrübəsindən, problem və komplekslərindən ası-
lıdır. Ona görə xalis fərdi akt kimi götürdükdə  ədəbi mətnin qavrayışı 
məzmunca subyektivdir və ciddi sosial məzmundan uzaqdır. Xalis fərdi 
akt kimi bədii qavrayış elmi və sosial məzmundan kənardır. 
Lakin mətnin özü bir hadisə kimi öz təbiəti etibarı ilə digər adam-
lara, cəmiyyətə ünvanlı olur, ən azı informasiya ötürmək xarakteri daşıyır. 
Yazı kütləviləşdikcə isə  mətnlər fərdlərə sosial bir istiqamət verməyin, 
kollektiv bir anlayış yaratmağım, hansısa ehkam, qanun, dünyagörüşünün, 
elmi həqiqətin anladılması formasıdır. Hətta fərdi bir həqiqəti ifadə edən-
də də mətn müəllifin mühüm saydığı bir baxışı digər adamlara çatdırmaq 
niyyəti daşıyır. Ona görə insanların bütün fəaliyyət formaları, o cümlədən 
psixi fəaliyyət formaları kimi, yazılmış  mətnlər də istisnasız olaraq 
istiqamətlidir, niyyətlidir, məqsədlə yüklənmişdir. Bu məqsədlə yüklülük 
ən azı ikinci bir şəxs üçün, amma bütün hallada digər adamlar üçün 
müəyyən həqiqət və subyektiv təəssürat daşıyıcısıdır. 
Savadsız adam üçün dünyanın bütün kitabları adi daş parçasından 
fərqlənmir. Ona görə ki, vahid mətn mədəniyyəti və  hətta dilin özü də 
insan tərəfindən doğulandan sonrakı dövrdə öyrənilir. Mətn mədəniyyətini 
öyrənmək, anlamaq problemi doğulan hər adamla fərdi və eyni zamanda, 
ictimai vəzifə kimi ortaya çıxır. Cəmiyyətdəki iyirmi və daha çox il da-
vam edən təhsilin özü də müəyyən mənada vahid mətn mədəniyyətinin 
ictimai normalar əsasında birmənalı şərhinin formasıdır. 
Beləliklə vahid mətn mədəniyyətini, elm də onun içində olmaqla, 
bütün adamlar tərəfindən birmənalı anlaşılması üçün cəmiyyətdə fasiləsiz 
təhsil sistemi yaradılmışdır. Bu sistem elmi informasiyanın, cəmiyyəti ida-
rə etməyin əsasları olan qanunların və digər normaların, işarə sistemləri-
nin birmənalı başa düşülməsi üçün yaradılır. Bu mənada, vahid mətn mə-
dəniyyətinin özündə konkret məna yoxdur: mətnlərin mənaları dil daşıyı-
cılarının başında onların  şərhi kimi, yozumu kimi, onları  fərdi anlama 
şəkli kimi mövcud olur. 

 
23
Ədəbi mətnlərin şərhi problemi ümumən vahid mətn mədəniyyətini 
bütün adamlar üçün fərdi qaydada öyrənilməsi zərurətindən doğur. Lakin 
ədəbi mətnlər digər mətnlərdən, xüsusilə elmi mətnlərdən prinsipial şəkil-
də  fərqlənir:  ədəbi mətn dünyanın fərdi yaddaş prizmasından görünən 
obrazının bir parçasıdır, epizodu və ya mənzərəsidir. Ona görə  ədəbi 
mətnlər daha subyektiv yüklüdür və onların necə başa düşülməsi və 
deməli, şərhi məsələsi də həmişə olmuşdur.  
Mətni  ədəbi qavrayışın və  mətn bilgisinin fərdiliyi irəlidə ayrıca 
fəsildə  nəzərdən keçiriləcəkdir. Ona görə deyilənlərlə kifayətlənib  ədəbi 
mətni  şərhin sosial dünyagörüşü formaları ilə bağlı baxımlarına keçirik. 
Ənənəvi dərsliklərdə buna ədəbiyyatşünaslıq məktəbləri də deyirlər. 
 
 
1.3.2. Ədəbi mətnlərin ictimai dünyagörüşləri 
baxımında şərhi problemi 
 
Bəşər tarixində iki mühüm hadisə ibtidai insanların özündən asılı 
olmadan onların təbiətlə, ətraf mühitlə və digər insanlarla bağlı fəaliyyəti-
nin nəticəsi kimi ərsəyə  gəlmişdir. Onlardan biri cəza və döyüş Allahı 
haqda təsəvvürün yaranması, ikincisi isə yağış, külək, dəniz və s. kimi tə-
biət hadisələrinin insanın özü kimi hərəkət və iradə qabiliyyətli büt-tanrı-
lar kimi qəbul edilməsi idi. Hakimiyyət və Allah problemi eyni məsələnin 
iki üzü idi: bu məsələ digər adamların iradəsinə hakim olmaq və insan 
kütlələrini məqsədyönlü  şəkildə idarə etmək istəyi idi. Həm də  nəzərə 
almaq lazımdır ki, maddi mədəniyyət, əkinçiliyin və dənizçiliyin əsasları 
dildən çox-çox əvvəl inkişaf etmişdi. Bu dövrdə artıq işarə dili vardı. 
Amma fonetik dil ibtidai şəkildə idi. Fonetik dilin inkişafı üçün zəruri və 
əsas  şərt olan yazı müasir sivilizasiyanın  ən cavan, amma ən qüdrətli 
ünsürü idi. Dil kollektiv yaddaş forması olaraq informasiyanı saxlamağa, 
istənilən vaxt ötürməyə imkan açdı. Bu inqilab idi, çünki bir iradənin 
çoxlu digər insan iradələrini idarə etməsinə yol aşdı, insan sürüsünü 
idarəolunan etdi. Bir adamın digər adamlar çoxluğunu idarə etməsi imkanı 
qədim tayfalarda şüurlu hakimiyyət ünsürlərini gücləndirdi. İnsanlar sözlə, 
əmrlə digərlərini idarə etməyə maraq göstərməyə başladılar. 
Bu istəyi reallaşdırmaq formalarından ən başlıcası kimi insanlar ya-
zını və yazı ilə məlumatı təsvir etməyi, saxlamağı, ötürməyi, bu üsulla di-
gər insanları idarə etməyi, onlarda faydalı vərdişlər yaratmağı öyrəndilər. 
Lakin ilk yazı ünsürləri ilə sözü və mətni öyrənmək, tanımaq və düzgün 
anlamaq məsələsi ortaya çıxdı. Bu elə yazını, mətni şərh etmək, necə anla-
maq məsələsinin dolayı  şəkli idi. Yazı iki yaddaş, iki təfəkkür arasında 

 
24
kontakt yaradır. Lakin bu kontaktda müəllif və oxucu tərəfi fərqlidir. 
Müəllif yazını yazandır, informasiya ötürmək istəyəndir. Lakin yazı ilə 
informasiya ötürülməsi  şərhsiz mümkün deyildir. Burada şərh deyəndə 
bunu geniş  mənada da başa düşmək olar, yəni yazını anlamaq üçün 
oxucuya lazım olan bilik və vərdişlər kimi. Bu bilik və vərdişlər yazıdakı 
informasiyanı kifayət qədər yekməna şəkildə anlamağa imkan verir. 
Yazının tətbiqində  və yayılmasında  ən mürəkkəb məsələ bu idi: 
ibtidai insanlar nəinki yazını, heç sözləri də birmənalı yadda saxlamağa 
meylli deyildilər və yazı ilə  məşğul olan adamlar mistik şəxslər kimi, 
cadugərlər və s. kimi qəbul edilirdilər. Ona görə də yazının büt-allahlarla 
əlaqədar olması fikri ortaya çıxdı və yazının tətbiqində mühüm rol oynadı. 
Büt-allahlara aid və isnad edilən yazı həm də qorxu vasitəsi ilə, allahların 
avtoritetinə  əsaslanaraq yayılırdı. Yazıda gərəkli informasiya saxlamağın 
mümkünlüyü ancaq kahinlərə, dənizçilərə  məlum idi. Beləcə yazı ilə 
paralel şərh problemi yarandı: şərhçisiz və şərhsiz yazı informasiya daşıya 
bilmirdi. Ona görə kahinlərin özü həm də ilk şərhçilər və sonralar ilk 
peyğəmbərlər oldular. İbtidai  şərhçi yazını öyrədən, düzgün oxuyan idi. 
Lakin allahlara isnad edilən yazının şərhçisi artıq ictimai dünyagörüşünü 
təbliğ edən adam idi. Yazının mətni isə  həmin ictimai dünyagörüşünü 
yazıda qorumaq və yaymaq üçün vasitə idi, bu informasiyanın əksi idi. 
Şərh probleminin kökü dilin işarə sistemi kimi neytrallığındadır. 
Ünsiyyət prosesi konkret situasiyada baş verir və situasiyanın özü tərəflə-
rin bir-birini kifayət qədər yekməna anlamasına imkan yaradır. Lakin ya-
zılı mətndə situasiya yoxdur və buna görə şifahi və yazılı dil bir birindən 
köklü şəkildə fərqlənən funksiyalar daşıyırlar. Əslində bunlar dilin müxtə-
lif formalarıdır.  Şifahi dil ancaq fərdlərin danışıq bacarığımın potensial 
mövcudluğudur. 
Yazılı dil isə atıq müəyyən ictimai dünyagörüşüdür: çoxlu adamla-
rın bilməsi və anlaması üçün tərtib edilmiş mətndir. Mətn özlüyündə heç 
bir məna daşımayan işarələr sistemidir. Bu sistemi anlamaq üçün hər bir 
fərdi yaddaşda ictimai dünyagörüşü lazımdır. Söz bilgisi, sözləri birmənalı 
anlamaq qabiliyyəti elə ictimai dünyagörüşüdür.  Ən qədim formalardan 
müasir universitet təhsilinə  qədər öyrənmənin bütün formaları  şərhdir, 
terminləri, adları, sözlərin dəqiq anlamaq vərdişlərinin aşılanmasıdır. Bu 
mənada elm sözyaratma, təhsil isə sözöyrənmə kimi qəbul edilə bilər. Tə-
sadüfi deyil ki, adi dil bilgisi elmi kitabların adi adamlar tərəfindən başa 
düşülməsini təmin etmir. Bu mətn dilinin komentariya problemindən 
ayrılmazlığını təsdiqləyir. Mətn onu yaradan situasiyanı əks etdirə bilmir. 
Bu situasiyanı çox zaman kontekst də adlandırılar. Kontekst bilgisi elə ko-
mentariya problemidir. 

 
25
1.3.3. Monoteist kanonizasiya ədəbi mətnlərin 
ilk sosial şərhi forması kimi 
 
Yazının ibtidai formaları yaranan kimi onun oxunması problemi 
yarandı. Bunu az miqdar adamlar bacarırdı və onlar da çox güman ki, qə-
dim sənətkarlar: dulusçular, qayıq hazırlayan ustalar, yol marşrutlarını bi-
lən sarbanlar idi. Yazını öyrənməyin çətinliyi tezliklə onunla məşğul olan 
peşəkarları yaratdı. Bunlar kahinlər idi – qədim dövrün biliciləri idi. Yazı 
gil lövhələr üzərində yarandığından güman etmək olar ki, ilk kahinlər 
dulusçular arasından çıxmışdır. 
Digər adamlara aydın olmayan biliklər indi də mistik şəkildə qəbul 
olunur. Ona görə də kahinləri fövqəlbəşər adamlar kimi qəbul etdilər, on-
lardan qorxmağa başladılar. Başqalarının onlardan qorxması kahinlərin də 
xoşuna gəlməyə bilməzdi. Beləcə söz, bilik hakimiyyətini daşıyan kahin-
lər, şamanlar, gələcəyi xəbər verənlərin sinfi yarandı. Təbii fəlakətlər baş 
verəndə, aclıq və quraqlıq dövrlərində kahinlərlə qara camaat arasında 
konfliktlər yaranmış  və kahinlərin yalan xəbərlər verməsinə, fəlakətləri da-
yandırmamağına və s. görə  qırğınları olmuşdur. Beləcə müdafiə axtaran ka-
hinlər də digər adi adamlar kimi büt-allahların himayəsinə sığınmalı olmuşlar. 
Kahinlərin büt-allahlarla əlaqəsi, onlardakı bilgilərin də büt-allahla-
ra aid olması ehkamı bu yolla ortaya çıxmışdır. Büt-allahla insanlar ara-
sında vasitəçi sayılmağa başlayan kahinlər yeni statusda peyğəmbər haki-
miyyəti qazandılar. Kahinlərin yazıb qoruduğu mətnlərdəki informasiya 
da büt-allahlara isnad edildi. Bu peyğəmbərlərin hakimiyyətini artırdı  və 
onları böyük siyasi qüvvəyə çevirdi. Peyğəmbərlər yerdə büt-allahların 
nümayəndəsi və onun yazılarının, mətnlərinin qoruyucusu oldular. 
Monoteizm uğrunda mübarizə dövründə bir olan Allaha aid mətnlə-
rin kanonizasiyası anlayışı ortaya çıxdı. Bu hadisə yeni eradan əvvəl 11 
əsrdə baş verdi. İlk dəfə olaraq talmudistlər—Tövrata  şərh yazan yəhudi 
ravvinləri müqəddəs mətnlərin ilahi mənşəyi nəzəriyyəsini irəli sürdülər. 
Mətnlər – peyğəmbərlik hərəkatı vaxtı yaranan mətnlər Allaha aid edildi 
və onlar toxunulmaz elan edildi. Bu kanonizasiya idi. İslami terminlə buna 
ehkam deyilir, yəni Allaha məxsus olan söz və ya təlim. Kanonizasiya 
barədə irəlidə ədəbi dil fəslində daha geniş danışılacaqdır. Burada isə onu 
demək istəyirik ki, kanonizasiya müəllifliyi allahlara aid edilən mətnlərin 
günah qorxusu ilə qorunmasına səbəb oldu. Bu qorunma sayəsində vahid 
mətn mədəniyyəti formalaşa bildi. 
Lakin kanonizasiyanın ortaya çıxmasının tarixi səbəbləri ilə nəticə-
ləri tamam müxtəlif idi. Kanonizasiyanın tarixi səbəbi peyğəmbərlərin qo-
ruduğu mətnlərin yekməna şəkildə anlaşılmasına və başa düşülməsinə yol 

 
26
açmaq idi. Bu həm də peyğəmbərlərin hakimiyyətini yaratmaq və yaymaq, 
möhkəmlətmək və sabitləşdirmək istəklərindən irəli gəlirdi. Bunlar kano-
nizasiyanın tarixi şərtləri idi. 
Amma kanonizasiyanın tarixi nəticələri tamam başqa oldu: kanoni-
zasiya kollektiv yaddaş forması kimi mətn mədəniyyətinin qorunmasını və 
son beş min ildə fasiləsiz və ardıcıl bir proses kimi davam etməsini təmin 
etdi. Bəşəriyyətin bütün müasir mədəniyyətinin mövcudluq şəkli olan ya-
zılı dil yaranıb inkişaf etdi. 
  
 
1.3.4. Missionerlik dini mətnlərin ümumbəşəri  
sosial utopiya kimi şərhidir 
 
Kanonik mətnlərin komentariyası  şifahi və yazılı formada mono-
teizmin dünyaya yayılması prosesində davam etmişdir. Dini təbliğat bütün 
monoteist dinlərdə Allaha aid edilən müqəddəs kitabların ehkamını  və 
bəyanını  şərh etmək  şəklində davam etmişdir. Hər növbəti təkallahlı din 
yarananda missionerlik geniş yayılmış  və Allahın kitabının bütün dünya 
üçün vahid şərhini və bəyanını yaratmaq təşəbbüsü ortaya gəlmişdir. Ona 
görə missionerlik təkcə Allah kitabını şərh deyil, həm də ümumbəşəri bir 
sosial utopiya yaratmaq təşəbbüsü idi. 
Lakin monoteist mətnləri ümumbəşəri sosial utopiya kimi dünyaya 
yaymaq heç bir dinə nəsib olmadı. Hə xristianlar, nə müsəlman missioner-
ləri öz dinlərini bütün dünyaya yaya bilmədilər. Amma bəşəriyyətin və 
monoteizmin tarixində ümumdünya utopiyası yaratmaq təşəbbüsü yarandı. 
Bu elə vahid bir dil yaratmaq təşəbbüsü kimi bir şeydir. 
Ümumdünya utopiyalarının baş tutmamağı onları insanların yadda-
şından silmədi. Vahid mətn və vahid mətn anlayışı yaratmaq təşəbbüsü ar-
zu kimi qaldı və 1917-ci il Oktyabr inqilabından sonra Sovet Rusiyasının 
daxili və xarici siyasətində özünü göstərdi. Rus bolşevikləri yer üzündə 
kommunizm yaratmaq, öz rəhbərlikləri altında dünya xalqlarını xoşbəxt 
etmək xülyasına düşdülər. Xaç yürüşləri kimi, kommunizm qurmaq plan-
ları da zorla həyata keçirilməyə başladı. Rusiyada vətəndaş müharibəsin-
də, sonra otuzuncu illərin əvvəllərində aclıq zamanı, daha sonra 1937-ci il 
repressiyalarında 50 milyona qədər adam məhv edildi. Rus kommunistləri 
insandan yaxşı dünya qurmaq üçün adi material kimi istifadə etdilər və 
növbəti dəfə sosial tərəqqini süni surətdə sürətləndirmək təşəbbüsü baş 
tutmadı.  İkinci dünya müharibəsindən sonra kommunizmi dünyada vahid 
utopiya kimi yaymaq üçün böyük təşəbbüslər edildi, SSRİ-nin dövlət kimi çox 
böyük resursları bu isə əbəs yerə sərf edildi, bu da son nəticədə marksist rejimin 

 
27
1990-cı ildə dağılması ilə  nəticələndi.  Marksizmi də vahid dünya mətni və 
vahid dünya mətn anlayışı kimi yaymaq mümkün olmadı. 
Amma marksizm monoteist ümumbəşəri dünya utopiyalarına 
bənzər hadisə kimi bəşəriyyətin yaddaşında qaldı  və bir çox xalqların 
taleyində mühüm rol oynadı. Amma dindən sonrakı ümumdünya utopiya-
larında allaha xidmət deyil, yenidən müəyyən mədəniyyətlərin yekməna 
anlayışı əsasında hakimiyyət yaratmaq təşəbbüsü aparıcıdır. Bunu Sovet-
lər dağılandan sonra ABŞ-ın xarici siyasətində  də görürük. Bu ölkə öz 
dəyərləri ilə birgə öz hakimiyyətini də dünyaya yaymağa çalışır. Şübhəsiz 
ki, bu təşəbbüs də baş tutmayacaqdır. Mətnlərin və mədəniyyətlərin eyni 
tipli utopik şərhini dünya utopiyasına çevirmək mümkün deyildir. Bunun 
üçün əvvəlcə dünyadakı bütün dilləri aradan götürmək lazımdır. Bu halda 
insanların yaddaşının fərdiliyi azalar. Amma bu insan mədəniyyətini və si-
vilizasiyanı yoxsullaşdırar və insanları yaddaş cəhətdən yenidən heyvanlar 
səviyyəsinə endirərdi. Yaddaşlar bir-birinin təkrarı olardı. Bu isə mümkün 
deyil və lazım da deyil. 
Təsadüfi deyil ki, monoteist dinlərin Qiyamət günü haqqında 
ehkamlarında insanların axirətdə bir dildə danışacağı haqda eyhamlar 
vardır. Dillərin aradan çıxması tarixin bitməsi mənasına gəlir. 
 
 
1.3.5. Dərsliklər və müasir təhsil sosial dünyagörüşünün konkret 
mərhələsinin kanonizasiyası kimi 
  
Dini ədəbiyyatşünaslıq bu elmin ilk forması, din isə bu elmin icti-
mai dünyagörüşünün ilk forması olmuşdur. Lakin ədəbiyyat elminin din-
dən ayrılması onun dünyagörüşü kimi dindən tamam uzaqlaşması demək 
deyildi.  Əslində bu mümkün də deyildi. Çünki müasir təhsil sistemi də 
ilkin monoteist kanonizasiyanın şərhi prinsipi üzərində qurulmuşdur. Təd-
ris prosesi dərsliklərdə yazılanların yekməna  şəkildə anlayışını öyrətmək 
və öyrənməkdir. Hər bir tədrisin əsasında müəllimlər üçün əvvəlcədən ha-
zırlanan mətnlər, proqramlar durur. Müəllim bunları kanonik əsas kimi 
götürüb şagird və tələbələrə yekməna şəkildə öyrətməlidir. 
Beləliklə  hər dövrün təhsili məxsusi və konkret kanonizasiyanın, 
proqramların mənimsənilməsinə əsaslanır. Hər bir savadlı şəxs öz dövrü-
nün dərsliklərində əks olunmuş dünyagörüşü kanonlarının, terminoloji ka-
nonların bilicisidir. Bu biliklərin məcmusu onun dünyanı tanımasını şərt-
ləndirir. Həm də bu tanıma ibtidai insanın miflərin ilkin yarandığı vaxtda-
kı tanımadan heç nə ilə fərqlənmir. Dünyanı müasir tanımada onun cəmiy-
yətdə  həyat uğrunda mübarizəsinin, özünütəsdiq uğrunda mübarizəsinin 

 
28
instinktiv işləyən bünövrə prinsipləridir. Qorxu, cəza, iradə azadlığı ilə 
bağlı problemlər ən qədim vaxtlarda olduğu kimi fəhmlə, şüur altına məx-
sus mexanizmlərin köməyi ilə  həll edilir. Dünyanı dini və müasir (elmi) 
tanımada prinsipial bir fərq yoxdur. Dünyanı dini tanıma təhsil vaxtı 
mənimsənilən dini ehkamlara əsaslanır. Dünyanı elmi tanıma isə elmi 
anlayış  və terminləri bilməyə  əsaslanır. Lakin insan fəaliyyəti milyon il 
əvvəl olduğu kimi, instinktiv xarakterini, təhlükə, qorxu, aclıq, cütləşmə 
kimi instinktiv reflekslərə əsaslanmaqdadır.  
Yeddi yaşında dərsə, məktəbə gedən şagirdin hansı sosial dünyagö-
rüşünün daşıyıcısı olacağı onun özündən asılı deyildir. Heç onun orta 
məktəb müəllimlərindən də asılı deyildir. Məktəb təhsili müasir vəziyyə-
tində də qədimdə olduğu kimi bürokratik bir orqanizmdir. Bu orqanizmin 
vəzifəsi məktəb yaşına çatan hər bir uşağa proqramlarda nəzərdə tutulan 
mətn bilgisini tam həcmdə, yekmənalıqla öyrətməkdən ibarətdir. Dərslik-
lərə  gəlincə, məktəb mühitində onlar mütləq həqiqət kimi, qeyri-tənqidi 
şəkildə  qəbul olunur. Yalnız ali məktəblərdə  şagirdlərə izah olunur ki, 
məktəb proqramlarındakı  dərsliklərdə  şərh olunan müddəaların hamısı 
çoxlu nöqteyi-nəzərlərdən biridir. 
Göründüyü kimi, dil vasitəsi ilə, mətnləri oxumaq formasında təhsil 
kanonizasiya prinsipinə  əsaslanır.  İlkin kanonizasiya ədəbi xarakterli 
mətnlərin kanonizasiyası idi, müasir dərsliklər isə elmi xarakterli mətn-
lərin kanonizasiyası və yeni nəsillərə ötürülməsi kimi formalaşıb.  
Ona görə də müasir ədəbi mətnləri şərh edən hər bir alim və oxucu-
nun  ədəbi  şərhi onun məktəbdə kanonik şəkildə  mənimsədiyi ictimai 
dünyagörüşünü daşıyan mətnlər və  mətn  ənənəsi bünövrəsində olur, bu 
ənənənin davamı və tərkib ünsürü olur. Bu mənada ədəbi şərhdə bir mətn 
həmişə digər mətnlə və ya mətn ənənəsi kontekstində şərh olunur. Müasir 
ədəbi şərh də əslində mətnləri şərh edən şəxsin daha yaxşı bildiyi və daha 
yaxşı saydığı ikinci və daha qlobal mətn kontekstinə salınmasıdır. 
Mətnin şərh olunduğu mətn kontekstini sonsuz genişləndirmək olar, 
bu sonsuzluğun ölçüsü mətn mədəniyyətinin sərhədsizliyi ilə üst-üstə 
düşər. Eyni zamanda, ədəbi şərhin ümumu mətn kontekstini sonsuz olaraq 
daraltmaq da olar. Bu halda mətn teoremə və sübutsuz ehkama çevrilir. 
Beləliklə,  ədəbi  şərhin təbiətində tavtologiya vardır, çünki hər bir 
mətn mütləq digər mətnlə, digər mətn vasitəsi ilə  və onun kontekstində 
şərh edilir. Bu söz təsvirinin təbiətindən gəlir: hər bir şərh, izah, tanıma, 
səciyyələndirmə – sözlə identifikasiyadır, digər  şeyə  bənzətmədir, digər 
şeyə aid etmədir. Lakin hər bir identifikasiya, tanıma və şərh fərdi bir akt-
dır. Bu mənada bəlkə də dünyanın əlvanlığı şeylərin özündən çox, baxış-
ların fərdiliyi ilə bağlıdır. 
1   2   3   4   5   6   7   8   9   ...   39


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə