Rəhim Əliyev


 Ədəbiyyatşünas konkret təhsil kanonları ilə bağlı



Yüklə 2.35 Mb.
Pdf просмотр
səhifə4/39
tarix10.07.2017
ölçüsü2.35 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   39

1.3.6. Ədəbiyyatşünas konkret təhsil kanonları ilə bağlı 
dünyagörüşünün və aktual şərh terminologiyasının daşıyıcısı kimi 
 
Ədəbiyyat elminin müasir anlayışından danışanda onun başqa elm-
lərdən mühüm bir fərqi qeyd edilməlidir. Ədəbiyyatın elmi terminologiya-
sı bütün tərəqqi etmiş  ədəbiyyatlarda müxtəlifdir. Yəni dəqiq elmlərdən 
fərqli olaraq ədəbiyyatşünaslıqda dəqiq və sabit elmi terminologiya yox-
dur. Ədəbiyyata tətbiq edəndə belə terminologiya bərədə şərti şəkildə da-
nışmaq olar. Hətta eyni bir dildə olan terminologiya da sürətlə  dəyişir. 
Məsələn, elə Azərbaycan  ədəbiyyatşünaslarının XX əsrin 30-cu illərində 
işlətdikləri terminlər indi 70 faiz işləmir. 
Bunun səbəbi terminologiyanın hər dövrün təhsil kanonları ilə bağlı 
olmasıdır. Hər bir təhsil sisteminin öz kanonları var. Sovet quruluşu şərai-
tində sinfi ideologiya ehkam kimi öyrədilirdi. Faşist Almaniyasında isə al-
man irqinin üstünlüyü ideologiyası hakim idi. ABŞ təhsil sistemi pozitivist 
dəyərlərə  əsaslanır. Müvafiq olaraq bu üç təhsil kanonlarını daşıyan  ədə-
biyyatşünaslar eyni əsəri müxtəlif problemləri qabartmaqla təhlil edirlər. 
Ona görə müasir orta ədəbiyyatşünas tipi öz şəxsi iradəsindən asılı 
olmayaraq təhsil (tərbiyə) dünyagörüşünün və təhsil dəyərlərinin daşıyıcı-
sıdır. O öz adından danışsa da, öz qiymətlərini vermir, ona təhsildə öyrə-
dilmiş  və  aşılanmış  dəyərlərin mövqeyindən qiymət verir. Beləliklə müasir 
ədəbiyyatşünas tipinin verdiyi ədəbi  şərhlərdə onun öz yaradıcılığı cüzi yer 
tutur. Yalnız ən istedadlı ədəbiyyat şərhçiləri öz baxışlarını tapa bilirlər. 
Ona görə müasir orta ədəbi şərh əsasən təhsil kanonlarını və dəyər-
lərini ifadə edir və bunları konkret əsər və hadisələrdə axtarır. İndi sovet-
lər  ənənəsinə  əsaslanan  ədəbiyyatşünaslıq mütəxəssisi ABŞ-ın müasir 
ədəbi terminologiyasını xüsusi öyrənməklə başa düşə bilir. 
O biri tərəfdən müasir təhsil sisteminin əzbərçi xarakteri və onun 
insanlara aşıladığı dil qabığı, termin bazası onların ədəbi şərh və qiymət-
ləndirmə dilini də müəyyən edir. Məsələn, müasir Azərbaycan alimi üçün 
milli dəyərlərlə bağlı terminlər daha aktualdır və ədəbi şərhin bütün for-
malarında millətçi terminologiya və anlayışlar aktualdır. İndi hamı ədəbiy-
yat elmini təzələməkdən və sovet kanonlarından çıxmaqdan danışır, amma 
yazanda hamısı əvvəlki kimi yazır. 
Ədəbi şərhin təhsilə və qismən mətbuatdakı sosial kanonlarla bağlı-
lığı onu çox maraqsız edir, onda əslində  şəxsi yaradıcılıq üçün yer qoy-
mur. XIX əsrdən bunu duyan ayrı-ayrı  ədəbiyyatçılar  ədəbiyyatşünaslıq 
üçün elmi metodologiya hazırlamağa çalışmışlar. Bu metodologiya həm 
də alimlər üçün təhsil terminologiyası  və  dəyərləri dairəsindən çıxmaq, 

 
30
əsil elmi şərhə və qiymətləndirməyə nail olmaq təşəbbüsü idi. Bu problem 
ədəbi şərhim metodologiyası bəhsində davam etdiriləcək. 
 
 
1.4. Ədəbi şərhin dindən ayrılması.  
Maarifçi şərhin qısa tarixi 
 
1.4.1. Ədəbi şərhin dindən ayrılması 
 
Ədəbi şərhin tarixini iki dövrə bölmək olar: dini və dünyəvi maarif-
çi  şərh. Dini şərh burjua maarifinin yaranması ilə öz yerini maarifçi şərhə 
vermişdir. İndi içində yaşadığımız epoxa maarifçi şərh epoxasıdır. Bir sıra ciddi 
dəyişiklik və  təkamülə baxmayaraq dünyaya maarifçi münasibət prinsipləri 
müasir təhsil, tərbiyə və düşüncə prinsiplərinin əsasında qalmaqdadır. 
Monoteizmin tarixi və onun mətnlərinin  şifahi və sonralar yazılı 
təbliği mətnlərin ədəbi şərhi forması idi. Dini və bədii mətnləri demək olar 
ki, eyniləşdirən onların da müəllif mətni olması idi, onların hər ikisinin 
dünyanın fərdi yaddaş obrazları vasitəsi ilə yaradılması idi. Doğrudur, 
sonralar sxolastik elmdə Allahın varlığını sübut etmək təşəbbüsləri də ol-
muşdur. Lakin bu təşəbbüslər dinin fərdi inama əsaslanan fundamental 
prinsiplərinə zidd idi. Bu sübutların ortaya çıxması dini universitetlərdə 
təbii elmlərin, xüsusilə riyazi sübutların dinə  tətbiqi təşəbbüsü idi. Belə 
təşəbbüslər elmi fəaliyyət forması idi. 
Ona görə mətnşünaslıq orta əsrlərdə xüsusilə saray kitabxanalarında 
müstəqil peşəyə çevriləndən sonra dini mətnlər birbaşa Allah problemi ilə 
bağlı olmadan ayrıca elmi predmet oldular. Dediyimiz monoteizm tərki-
bində şərhin dindən ayrılması idi. Amma ədəbi şərh monoteizmdən əvvəl, 
yunan bütpərəstliyi dövründə  də xalis dini fəaliyyət deyildi. Platonda, 
Aristoteldə gördüyümüz yazılı ədəbi şərh (dərslik) hələ elmlə dinin ayrıl-
madığı bir düşüncə dövrünü əks edir. Antik mif həm din, həm də təbiəti 
tanımanın bir şəkli idi. 
Ədəbi şərhin dindən ayrılması qədim kitab və mətnlərin mədəni də-
yərlər kimi dərk edilməsi idi. Bu həm də ruhani və katib (xəttat, kitabşü-
nas) vəzifələrinin bir-birindən ayrılmasında özünü göstərdi. Ruhanilər 
mətnlərin Allah prizmasından  şərhçisi kimi qaldılar. Katib isə  qədimşü-
nas, mətnşünas, gözəl xətti olan bir sənətkar kimi ictimai dəyərli bir peşə 
oldu. Mətn sosial dəyər kimi əhəmiyyət qazandı ki, bu da dini şərhin müa-
sir elmlərə parçalanması prosesi idi. Dini şərhdən ayrılıb müstəqil peşə 
olan  ən qədim sahələrdən biri də indi ədəbiyyatşünaslıq adlanan elmdir. 

 
31
Bu elm Yunanıstanda poetika, şərqdə katiblik, xəttatlıq və s. adlarla adlan-
mışdır. Ədəbiyyatşünaslıq termini çox cavandır və XIX əsrin sonu – XX 
əsrin əvvəllərinə aiddir. 
 
 
1.4.2. İntibah 
 
İntibah dövrü dini və maarifçi ədəbi şərh dövrlərinin sərhədi, keçid 
dövrüdür.  İntibahı  şərtləndirən  əsas hadisələrdən biri elmlərin, xüsusilə 
tarixi və təbiət elmlərinin müstəqil fənlər kimi formalaşması idi. Nəticədə 
təqribən tarixin dünyəvi mənzərəsi ortaya çıxdı. İntibah dahiləri anladılar 
ki, tarix fatalist yazının yox, insanların, qəhrəmanların və avantüristlərin 
fəaliyyəti nəticəsi olub. İntibah  ədəbiyyatında insanlığın tarixi Allahın 
iradəsinin tarixi kimi deyil, insanların iradəsinin tarixi kimi yaranmışdır. 
İntibah dövründə  qədim yunan-Roma bütpərəst mədəniyyətinin və 
tarixinin bərpası baş verdi. Renessans sözü də fransızca bərpa, dirçəltmə 
deməkdir. Monoteizmin hakimiyyəti  şəraitində bütpərəst mədəniyyətin 
geniş öyrənilməsi və tərcümə edilib yayılması dinin dərin böhranından və 
cəmiyyətin mənəvi həyatı üzərində total nəzarətin dağılmasından xəbər 
verirdi. Təsadüfi deyil ki, renessans dövrü təkcə  ədəbiyyatda yox, 
rəssamlıq və heykəltəraşlıqda da, arxitektura və teatrda da özünü göstərdi. 
İntibah dövründə dini ədəbi dillərin – latın dilinin hökmranlığı  də 
şübhə altına düşdü. Milli kilsələrin inkişafı, sənətləri öyrədən məktəblərin 
yaranması milli dillərin – ingilis, italyan, ispan, fransız də s. dillərin coş-
qun inkişafına səbəb oldu. Bu dillər canlı danışıq dilindən qüvvət alır və 
dünyəvi ədəbi mətn yaradıcılığının təsiri ilə sürətlə zənginləşirdi. Ədəbiy-
yatda bu dillərin konflikti çoxlu mübahisələr yaratdı. 
Milli dillərin inkişafı intibah dövründə müəllif yaradıcılığının çox 
geniş inkişafının tərs üzü idi. Dini ədəbiyyat Allahla bağlı ideyaların şərhi 
idi. Şərqin Molla Rumi, Füzuli kimi dahiləri özlərini şair yox, Allaha ya-
xınlaşmaq, onu dərk etmək elminin – təriqət elminin xidmətçiləri sayırdı-
lar. Onlar Allaha məhəbbət qarşısında sanki müəllif yaradıcılığından im-
tina edirdilər. Lakin müəllif yaradıcılığı bundan köklü şəkildə fərqlənirdi. 
Müəllif – iddialı, ilk növbədə  şairlik,  ədəbi və  fəlsəfi yaradıcılıq iddialı 
şəxsiyyətdir. O bu iddia ilə özünü Allah xidmətçisi deyil, sənət və ədəbiy-
yat xidmətçisi kimi tanıdır. Amma müəllif ədəbi yaradıcılığı Şekspir, Ser-
vantes, Dante, Bokaçço kimi intibah dahilərinin əsərləri ilə insan ehtirasla-
rının tərcümanı oldu, insanı, onun gücünü, sevgisini və eyni zamanda ey-
bəcərlik və qüsurlarını tərənnüm etdi. 

 
32
Məhz intibah dövründə  ədəbi  şərh, estetika, fəlsəfə, qədim tarix 
müstəqil elmlərə çevrildilər və dini ehkamlardan və sxolastikadan uzaq-
laşdılar.  İntibah mütəfəkkirlərinin fəaliyyəti,  əsərləri maarifçiliyin böyük 
nümayəndələri Volter, Didro, Monteskiyö və b. üçün örnək oldu. İntibah 
klassiklərinin  əksəriyyəti rahiblər və ya dini təhsilli insanlar idi, lakin 
sanki tarixi prosesin özü onları dini ehkamlar çərçivəsindən çıxmağa və 
dünyaya yeni, sağlam dünyəvi nəzərlə baxmağa və bu baxışları təbliğ et-
məyə sövq etdi. Canlı həyata, insan ehtiraslarına, sevgi və faciələrə maraq 
intibah dövründə realizmin xüsusi formasını ortaya çıxardı, buna intibah 
realizmi deyilir. 
Dini ədəbiyyat intibah dövründə tam aradan çıxmadı, amma bu ədə-
biyyatın yanında  əsas qəhrəmanı insan olan ədəbiyyat yarandı. Beləliklə 
bütün mədəniyyətin mərkəzində Allah ideyası ilə yanaşı duran qəhrəman 
– iradəli, eyni zamanda tərəddüdlərə və səhvlərə meylli olan insan obrazı 
çıxdı. Kapitalist istehsalının inkişafı insan cəmiyyətində adi sağlam dü-
şüncənin çəkisini artırırdı, təhsilə  dənizçilik, hərbi iş, ticarət üçün vacib 
olan dünyəvi elmləri daha artıq cəlb edirdi. Bu proseslər dənizçiliyin və 
kapitalist istehsalının kütləvi xarakter aldığı  İtaliya,  İngiltərə, Fransa və 
İspaniya kimi ölkələrdə daha fəal gedirdi. 
İntibah kapitalist istehsalına və dünyada xam ərazilərin mənimsənil-
məsinə ilk başlayan qabaqcıl Avropa ölkələrinin ədəbiyyatlarında başladı. 
Lakin dini ədəbiyyatdan və dini ədəbi ənənədən uzaqlaşma prosesi uzun 
tarixi bir dövrü əhatə etmişdir. Qərbi Avropa ölkələrində bu proses XVII-
XVIII  əsrlərə  qədər, müsəlman xalqların  ədəbiyyatlarında isə XIX-XX 
əsrlərdə baş verdi. Ona görə intibah dini dünyagörüşünün ilkin böhranı 
dövrü sayılır. Lakin bu böhranın ilkin və ən dərindən özünü büruzə verdi-
yi sahə  ədəbiyyat və onun tərkib hissəsi olan ədəbi  şərhin fundamental 
prinsiplərinin yeniləşməsi idi. 
 
 
1.4.3. Maarifçilik epoxası 
 
Maarifçilik dövrü deyəndə biz təxminən Böyük Fransa inqilabı 
ərəfəsindən indiki dövrümüzə qədər olan ədəbi və sosial tərəqqi dövrünü 
nəzərdə tuturuq. Biz sayırıq ki, maarifçilik dövrü bu gün də davam edir. 
Ona görə ki, indiki ədəbi və ictimai təhsilin də  əsasında maarifçiliyin 
aşağıdakı prinsipləri durmaqdadır. 
1. İnsan ağlı hər şeyə qadirdir, onun imkanları tükənməzdir. Ağılla 
hərəkət etməklə bütün müşkülləri həll etmək olar. 

 
33
Bu maarifçiliyin ən fundamental prinsipidir. Diqqət edilsə, insan 
ağlının hüdudsuz imkanlarına inam elə Allahın yaradıcı imkanlarının 
sərhədsizliyinə oxşayır. Maarifçilik tədricən insan ağlının qüdrətinə 
inamla bu istiqamətə  gəlirdi, yəni insanı Allahın  əvəzinə dünyanın mər-
kəzinə qoymağa tərəf gəlirdi.  
Ateizm. Ateistlər maarif hərəkatının qanadlarından biri olaraq 
Allahla insanın yerini dəyişdilər. Hər şeyə qadir ağıl sahibi olan insan on-
lar üçün dünyanın və tarixi təkamülün mərkəzində durdu. Ateizm təsadüfi 
fikir cərəyanı deyildi. Buxar maşınının, dəmir yolunun, dənizçiliyin, ma-
şınqayırmanın, artilleriya silahlarının inkişafı insanın yaradıcı  və  təbiəti 
dəyişdirici imkanlarını bütün gücü ilə üzə çıxardı. Deməli, hər şeyin insan 
iradəsinin nəticəsi kimi izahı üçün imkan yarandı. 
Xatırlayaq ki, monoteizmi yaradan fikir əsaslarından biri insanın 
acizliyi, həyatın fənalığı  və heçliyi ideyaları idi. Ateizm isə  məhz bu 
tezislərin  əksi üzərində quruldu. İnsan atdan və  dəvədən yüz dəfə güclü 
olan buxar mühərrikini yaradıbsa, deməli onun yaratmaq, təbiətə hakim 
olmaq imkanları tükənməz və sərhədsizdir. 
2. İnsan tərbiyənin məhsuludur. Bu prinsip əslində birinci prinsipin 
danamı idi. İnsan öz ağlı ilə təbiəti dəyişə və yenidən qura bilərsə, deməli 
o, özünü də  tərbiyə sayəsində yenidən qura bilər. Maarifçilərin tərbiyə 
nəzəriyyəsi də Allahın xilaskarlığı ideyasının bir şəkli idi. İnsanları günah 
hərəkətlərdən, pis xasiyyət və  vərdişlərdən, qəddarlıqdan ancaq düzgün 
tərbiyə xilas edə bilər. Düzgün təhsil sayəsində insanlara sadəcə yaxşı və 
pis əməllər və niyyətlər barədə düzgün təsəvvürlər aşılamaq lazımdır. 
Bunun üçün maarifçilər müasir təhsil nəzəriyyəsini yaratdılar. Cə-
miyyətdə sosial ədalət olması üçün, qəddarlığın və cinayətkarlığın azal-
ması üçün ümumi məcburi təhsil  tətbiq edilməlidir. Kasıblarla varlılar, 
qadınlarla kişilər bir yerdə oxumalıdır. Maarifçilər üçün düzgün qurulmuş 
təhsil sistemi sosial ədalət yaratmağın bir əsas üsulu idi. Birgə təhsil bütün 
silk və  təbəqələrdən olan adamlara bütün insanların eyni demokratik 
bərbərliyi anlayışlarını aşılayar. 
Biz gördük ki, maarifçiliyin ikinci prinsipi əslində bütün insan cə-
miyyətində tərbiyə sistemini yenidən qurmaq təşəbbüsü idi. Bəzi maarifçi-
lər bu ağıla uyğun yenidənqurmanın cəmiyyəti və dövləti də təbii prinsip-
lərlə yenidən qurulmasına tətbiq etdilər. 
3. İnsan hüquqlarının təbiiliyi və təbii bərabərlik prinsipi. İnsa-
na humanistcəsinə yanaşan maarifçilər üçün insanların təbii bərabərliyi 
ideyası mühüm əhəmiyyət kəsb etdi. İnsanlar anadan bir cür doğulur: çıl-
paq, mülkiyyətsiz, adsız və s. Ona görə onların sosial həyatı da bu bərabər 
təbii doğuluş prinsipinə uyğun olmalıdır.  

 
34
İnsanların bərabərliyi tələbi sonradan Fransa Burjua inqilabının əsas 
şüarlarından biri oldu. Məhz bu bərabərlik şüarı monarxiyanın ləğvini və 
onunla birgə  cəmiyyətin müxtəlif silklərə bölünməsinin aradan qaldırıl-
masını tələb edirdi. Kralın edam edilməsinin zəruriliyi də  məhz bu prin-
sipdən – monarxiyanın insanların təbii bərabərliyinə zidd olmasından irəli 
gəlirdi. Burjua inqilablarının  şüarları arasında  ən inqilabi nəticələr 
doğuran məhz insanların təbii bərabərliyini tələb etmək idi. 
Utopik sosializm. Vahid tərbiyə prinsipləri və doğru qurulmuş tər-
biyə proqramları ilə insanların təbii bərabərliyi prinsiplərinə inam və hör-
mət yaratmağın mümkünlüyü bir çox ilk maarifçiləri çox məşğul edirdi. 
Bu ideyada da Allah qorxusunu tərbiyə vasitəsi ilə  şüurlu bur humanizmlə 
əvəz etmək təşəbbüsü görünür. Maarifçilər bu yolla dini humanizmi əvəz 
edəcək şüurlu, dünyəvi humanizm tərbiyəsinə mühüm əhəmiyyət verirdilər. 
Bu ideyaları reallaşdırmaq üçün XVIII əsrdə ilk utopik kommuna-
lar  (fransızca icma, kollektiv, el) meydana gəldi. Bu kommunaları yara-
dan Sen-Simon, Ouen kimi şəxslər sosial eksperiment kimi olsa belə öz 
nəzəriyyələrinin düzgünlüyünü sübut etməyə çalışdılar. Onlar cəmiyyət-
dən uzaq kiçik maarifçi icmaları yaradıb burada öz tərbiyə nəzəriyyələrini 
həyata keçirməyə başladılar. Xristianlığım maddi olan hər  şeyə  mənfi 
münasibəti ruhunda tərbiyə almış bu şəxslər öz kommunalarında  şəxsi 
mülkiyyəti ləğv etməyə, kollektiv əmək, zəhmətlə tərbiyə sistemi qurmağa 
çalışdılar. Onlar bu kommunalarda adamların təbii bərabərliyini, xüsusilə 
mülkiyyət bərabərliyini bərpa etməyə çalışırdılar. Lakin bu utopik kom-
munalar üzvlər arasındakı ziddiyyətlər, onların eqoizminin toqquşması 
nəticəsində iflasa uğradı. Kollektiv və bərabər əmək prosesi təşkil etmək 
baş tutmadı. Lakin kommuna sözündən kommunizm sözü və anlayışı 
yarandı və Avropa maarifçilik hərəkatında yayıldı. 
Marksizm və kommunizm. Lakin cəmiyyətin insan ağlına məxsus 
həqiqət və ədalət prinsipləri ilə qurulması ideyaları aradan çıxmadı. XIX 
əsrin ortalarında fransadakı permanent burjua inqilabları fonunda ədalətli 
cəmiyyət – sosializm yaratmaq ideyaları  təzədən aktuallaşdı.  Əslində bu 
ideyaların  əsas köklərindən biri xristian sivilizasiyasının özündəki 
humanist ehkamlara bağlı idi. K.Marks ilk kommunaları utopik adlandırdı 
və sosial ədalət yaratmaq probleminə qeyri-elmi münasibətdə günahlan-
dırdı. Onun yaratdığı  kommunizm nəzəriyyəsi  düzgün və elmi bir nə-
zəriyyə adlandırıldı. Bu K.Marksın və F.Engelsin özünün də maarifçiliyi-
nin nişanəsi idi. Fransa inqilablarında fəhlələr  əsas rol oynadığından 
K.Marks kommunizmin ziyalılar tərəfindən deyil, inqilabçı  fəhlələr tərə-
findən yaradılacağı barədə  nəzəriyyə irəli sürdü. Bu nəzəriyyəyə görə 

 
35
müəyyən böhranlı  şəraitdə ümumi Avropa sosialist inqilabı baş verəcəyi 
ideyası irəli sürüldü. 
XIX  əsrin sonlarında rus xalqçılarının terrorizminə son qoymaq 
üçün Çar hökuməti Rusiyada marksizmin yayılmasına yardım göstərməyə 
başladı. Rus marksisti V.İ.Lenin K.Marksın fəhlə inqilabı haqda fikirlərini 
inkişaf etdirib sosialist inqilabının ayrıca götürülmüş bir ölkədə -- Rusiya-
da qələbəsinin mümkünlüyü ideyasını ortaya atdı. Amma Birinci Dünya 
Müharibəsi dövründə bu fikir dünya sosialist inqilabı ideyası ilə tamam-
landı. Rusiyada sosialist inqilabı qalıb gələndən sonra rus bolşevikləri 
dünya inqilabını  həyəcanla gözləyirdilər. Müharibə bütün qərbi Avropa 
ölkələrini böhranlı bir hala gətirmişdi. Lakin dünya inqilabı baş vermədi. 
Rus marksistlərinin bir ölkədə sosial ədalət – sosializm və kommunizm 
yaratmaq niyyətləri 1990-cı ildə SSRİ-nin dağılması ilə iflasa uğradı. 
Marksizmin sosial ədalət qurmaq barədə maarifçi nəzəriyyəsinin 
əsas xüsusiyyəti onun inqilabiliyi – zora və silaha əsaslanması idi. Mark-
sistlər ədalətsiz Burjua cəmiyyətini ancaq zorakı dağıtmaq yolu ilə dəyiş-
məyi mümkün sayırdılar. 
Darvinizm və pozitivizm. Avropa maarifçilərinin digər qanadı 
cəmiyyətdəki ədalətsizliklərin azaldılmasını ancaq təkamüllə əlaqələndirir 
və inqilabları, zorakılığı ziyanlı və bəhrəsiz sayırdılar. İngilis təbiətşünası 
Çarlz Darvin (1809-1882) heyvanların növlərinin və insanın təbii seçmə 
və bioloji təkamül nəticəsində yaranması barədə  nəzəriyyəni hazırladı. 
İnsanın insanabənzər meymundan yaranmasını  əsaslandırdı. Darvinizm 
həqiqi elmi nəzəriyyə idi, hələ XIX əsrdən böyük populyarlıq qazandı. 
Təkamül nəzəriyyəsinə tərəfdar olan maarifçilər inqilabı zorakılığı antihu-
manizm kimi rədd edirdilər. Onlara görə, yalnız sabitlik və  cəmiyyət 
daxilindəki qanun çərçivəsində gedən rəqabət sağlam mühit və iqtisadi, 
sosial çiçəklənmə yaradır. 
Pozitivizm də marksizmin inqilabiliyinə qarşı, sovet Rusiyasının 
zorakı yolla kommunizm nəzəriyyəsini yaymaq təşəbbüslərinə qarşı ABŞ-
da yaranmışdı. Bərabərlik və demokratiya kimi ənənəvi maarifçi dəyərlərə 
əsaslanan pozitivistlər ABŞ-dakı iqtisadi tərəqqini SSRİ-yə qarşı qoyur və 
bu tərəqqinin nəzəriyyəsini yaratmağa çalışırdılar. Pozitivistlər sosial tə-
rəqqinin əsas mənbəyini insanların faydalı fikirlərində və işlərində görür-
dülər. Pozitiv, yaxşı, ümumi mənafe üçün gərəyli işlər görmək nəzəriyyəsi 
həm də Amerika işbazlığı  və pulgirliyi ilə bağlı idi. SSRİ-nin dağılması 
sosial təkamül nəzəriyyəsinin daha həyati olduğunu nümayiş etdirdi. 
 
 
 

 
36
1.4.4. Maarifçi ədəbi şərh kanonları və onların  
əsas tarixi formaları (ədəbi epoxalar) 
 
Ədəbi kanonlar və cərəyanlar hər konkret tarixi dövrün hakim ədəbi 
şərh prinsiplərinin və  ədəbiyyatı anlama və onun barədə  təsəvvürlərin 
məcmusudur. Bu cərəyanlar sanki dövrün ədəbiyyatşünaslıq dərslikləridir. 
Lakin heç bir ədəbi cərəyanın bir dərsliyi mövcud deyildir. Hər  ədəbi 
cərəyan öz dövrünün ədəbi təsəvvürlərinin qabaqcıl xüsusiyyətlərini, 
yeniliklərini ifadə edir. Bu mənada cərəyanlar həmişə  ədəbi tərəqqinin 
tarixi mərhələlərini ifadə edir. Belə geniş tarixi ədəbi məna daşıdığı üçün 
cərəyanlar çox mürəkkəb və çoxtərəflidir. Bunun bir səbəbi  ədəbi 
cərəyanların içində də daim inkişaf və yeniləşmə getməsi ilə, ikinci səbəbi 
isə  hər  ədəbi cərəyanın bir neçə yazıçı  və  şair tərəfindən yazılan bədii 
əsərləri əks edən ədəbi manifestlərə əsaslanmasıdır. 
O biri tərəfdən artıq intibah dövründən başlayaraq Qərbi Avropada 
ümumi bir ədəbi proses meydana gəlir. Bu ümumiliyin içində ədəbi cərə-
yanların milli dilə  və  ədəbi  ənənəyə  əsaslanan milli variantları, milli 
ədəbiyyatlarda təzahürü də vardır. Bu da ədəbi cərəyanları mürəkkəbləşdi-
rən və onların müxtəlif spesifik milli variantlarını yaradan mühüm şərtdir. 
 
 
1.4.5. Klassisizm epoxası 
 
İntibah dövründən başlayan maarifçi ədəbiyyat anlayışının tarixini 
ədəbi yaradıcılığın məqsədlərinə münasibət baxımından iki mərhələyə 
ayırmaq olar. Bunlardan birincisi ədəbiyyatın klassik anlayışı, ikincisi 
isə ədəbiyyatın burjua anlayışı adlana bilər. 
Ədəbiyyatın klassik anlayışı ədəbi işə hələ dini ədəbiyyat dövründə 
olduğu kimi mənəvi bir iş kimi, elitar vərdiş kimi baxırdı. Məsələn, şərqdə 
sufilər özlərini ariflər sinfi, cəmiyyətin qaymağı sayırdılar. Klassik anla-
yışda  ədəbiyyat birbaşa gəlir  əldə etmək və dolanışıq mənbəyi olmaqla 
bağlı deyildir.  
Ədəbiyyatın burjua anlayışı isə peşədir, maddi dolanışıq mənbəyi-
dir. Bu iki anlayış arasında rəqabət və mübarizə əsrlər boyu davam etmiş-
dir. Klassik ədəbiyyat anlayışının tərəfdarlarının  ədəbiyyat haqda təsəv-
vürlərinin məcmusunu klassisizm (latınca nümunə, qalıb, ehkam, kanon 
deməkdir) adlandırmaq olar. 
Klassisizm tərəfdarları keçmiş ədədi ənənəyə – dini kitablara, Antik 
ədəbiyyata, intibah klassiklərinin təcrübəsinə  pərəstiş edirlər və ora 
meyllidirlər. Onların süjetləri və janrları bu mənbələrdəndir, müasirlik on-

 
37
lar üçün maraqsız və mənasızdır və hətta bir halda biədəb bir məzmunun 
daşıyıcısıdır. Bu mənada klassisizm milli simadan məhrumdur, regional 
mədəniyyət hadisəsidir. Ona görə klassisizm tərəfdarları  qədim janrları 
dəyərli və əbədi sayır, bu janrları davam etdirirlər. Qərbdə bu ilk növbədə 
faciə  və komediyadır. Klassistlər üçün klassik janr qaydalarına  əməl 
etmək həqiqi sənətkarlığın əsas meyarlarından biridir. Bualonun 1674-cü 
ildə şeirlə yazdığı “Poetika sənəti” adlı traktatı qərbdə klassist kanonların 
ən yaxşı şərhi hesab olunur. Bualo dramda yer, zaman və hadisə vəhdəti-
nin şərhini də vermişdir. Bu tələbin məqsədi səhnə üçün yazılan əsərlərin 
tamaşaya qoyulmasını asanlaşdırmaq idi. Hadisə, zaman və məkan vəhdəti 
pyesi bir dekorasiya fonunda oynamağa imkan verirdi. Bualonun kitabı 
Azərbaycan dilinə tərcümə olunmuşdur.
2
 
Klassisizmdə  hələ tam və müasir mənada müəllif yaradıcılığı 
yoxdur. Klassiklərə bənzəmək, onlara təqlid etmək, mütləq əvvəllər işlən-
miş süjetlərə müraciət etmək, müasir həyatı  ədəbiyyat üçün maraqsız və 
bayağı hesab etmək, sosial məsələlərdən uzaqlıq əsas ədəbi prinsiplər idi. 
Klassisizm bütün hallarda kitab ədəbiyyatıdır, onun üzü həyata yox, 
həmişə keçmiş klassik yazıçılara və nümunələrə istiqamətlidir. Çünki o 
zaman  ədəbi  əsərdə müasir həyata müraciət etmək, sənətdə orijinal yol 
tapmaq  ədəbi yaradıcılıq dəyərləri və  təsəvvürləri kimi hələ yox idi. 
Müasir həyatdan yazmağın əhəmiyyətini romantiklər tarixilik prinsipi ilə 
birgə tapdılar. Klassiklərdə keçmiş  hələ mifik bir ələmdir, onlar üçün 
tarixi və milli dəyər və ünvanlar yoxdur. Ona görə orijinallıq, müasirlik 
dəyərləri klassisizm tərəfdarları üçün əhəmiyyətsizdir.  
Klassist yaradıcıların əksəri saraylarda yaşayırdı və öz hökmdarını 
həmişə  mədh edirdilər. Belə  mədhi müasir həyata maraqla qarışdırmaq 
olmaz. Mədhiyyə ədəbi yaradıcılıqdan daha çox, hökmdarla şair arasında 
şəxsi münasibətdir, onun əsas stimulu hökmdarın rəğbətini qazanmaqdır, 
əslində isə maddi təmənnadır. Qərbdə klassisizm əsasən antik ədəbiyyatla 
bağlı idi, onun süjet və janrlarına  əsaslanırdı. XVIII əsrə  qədər müxtəlif 
ədəbiyyatlarda Homer dastanlarına, Yunan süjetlərinə, antik ədəbiyyatın 
şairlərinə, lirik formalarına təqlid və nəzirələr yazılırdı. 


Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9   ...   39


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə