Rəhim Əliyev



Yüklə 2.35 Mb.
Pdf просмотр
səhifə6/39
tarix10.07.2017
ölçüsü2.35 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   39

 
 
 
 

 
47
1.5. Tənqidi realizm epoxası 
 
XIX  əsrin birinci yarısında Fransada romantizmlə eyni vaxtda 
tənqidi realizm cərəyanı da inkişaf etdi. Qısa bir vaxtda tənqidi realizmin 
Stendal və Balzak kimi klassikləri meydana çıxdı və Qərbi Avropada və 
Rusiyada realist cərəyanın inkişafına mühüm təsir göstərdi. O zaman Av-
ropada realizmə  natural məktəb  də deyirdilər,  əslində natura və reallıq 
sözləri eyni mənaya gəlirdi və bunlar sinonim terminlər idi. Realizm sö-
zünün mənası da ilk növbədə yaradıcılığın real dünya həqiqətlərinə 
əsaslanması  və  bədii uydurmaya verilən yerin azlığı  mənasını daşıyırdı. 
Lakin sonradan realizm termini daha artıq işlənməyə başladı. 
Tənqidi realizm ifadəsindəki tənqid sözü kapitalist gerçəkliyinə aid 
idi. Balzak kimi tənqidi realistlər insanın bədii təsvirində sentimentalizmin 
və romantizmin nailiyyətlərinə prinsipial bir şey  əlavə etməmişdilər. 
Onların əsas yeniliyi Burjua cəmiyyətini təhlil və tənqid etmək, insanların 
qüsur və problemlərini, qəddarlığını açıb göstərməklə bağlı idi. Məhz bu 
xüsusiyyətlər tənqidi realistlərin  ədəbi tərəqqiyə verdikləri  əsas töhfələr 
idi. Əlbəttə, böyük tənqidi realistlərin hamısı ilk növbədə, müasir insanın 
obrazını yaratmaqda böyük istedad göstərmiş  sənətkarlar idilər. Sadəcə 
onların bu sahədəki işində ancaq nisbi yeniliklər var idi və onlar prinsipial 
xarakter daşımırdı. 
Balzak  ədəbi proqramını  şərh edərkən özünü fransız cəmiyyətinin 
katibi adlandırırdı. Burada katib sözü daha çox araşdırıb dəftərə salmaq, 
cəmiyyətin bütün təbəqələrinin və sosial qruplarının obrazlarını yaratmaq 
mənasına gəlirdi. Balzakın əsas əsərləri sosial-psixoloji oçerklər xarakteri 
daşıyırdı. 
Əlbəttə, romantiklərdə də parlaq sosial təsvirlər tapmaq olar. Lakin 
bütünlükdə cəmiyyəti təhlil etmək, onun dərin qatlarına, siniflərinə, bütün 
peşə adamlarına bədii işıq salmaq yaradıcılıq məqsədi kimi romantiklər 
üçün maraqsız idi. Onlar üçün həyatın prozası, adiliyi qeyri-estetik bir ma-
terial sayılırdı. Lakin romantiklərin qeyri-estetik, ədəbiyyat üçün maraqsız 
saydıqları həyat materialı realizm epoxasının əsas bədii hədəfi oldu. 
Marksist nəzəriyyədə realizm bir qayda olaraq tipikliklə əlaqələndi-
rilir.  Şübhəsiz ki, tipiklik romantiklərdə  də kifayət qədər var idi və onu 
realist  ədəbiyyatın  əsas  əlaməti saymaq olmaz. O biri tərəfdən tipikliyin 
özü nisbi bir anlayışdır. Bir-iki halı da, milyon variantda təkrarlanan va-
riantı da tipik adlandırmaq olar. 
Tənqidi realizmin ümumi əlaməti onun bütün böyük nümayəndələ-
rinin içində yaşadıqları cəmiyyətə qarşı mənəvi (siyasi yox) müxalifətdə 

 
48
olmaları idi. Bu müxalifətçilik L.N.Tolstoy, M.F.Dostoyevski İ.S.Turge-
nev, A.P.Çexov kimi rus tənqidi realistlərində daha güclü idi. Bu Rusiya 
cəmiyyətindəki faciəli ziddiyyətlərlə bağlı idi. 
Tənqidi realizm epoxası üçün ədəbiyyatın, xüsusilə nəsr və drama-
turgiyanın tamam tarixilik prinsipinə keçməsi  səciyyəvi idi. Zaman və 
məkan konkretliyi, birmənalı milli zəmində durmaq realizmin ilkin əla-
mətlərindən biri idi. Ona görə realizm epoxası  hər xalqın  ədəbiyyatında 
özünə xas tarixi və milli həqiqətləri əks etdirən bir hadisə kimi daxil olur, 
xalqların milli həyatının və tarixinin bədii mənzərəsi və salnaməsi kimi 
meydana çıxır. Romantizmdə bədii həqiqətin belə milli konkretliyi prinsip 
səviyyəsində yox idi. 
İntibah, klassisizm, romantizm epoxaları  ədəbi obrazın məzmunca 
tarixiləşməsi baxımından ardıcıl bir prosesin mərhələləri idilər. Məhz rea-
lizm epoxasında ədəbi obraz vasitəsi ilə tarixi həqiqətlərin əks etdirilməsi-
nin təkmilləşmə prosesi tamamlanır. Realizmin əsas janrı olan iri nəsr –ro-
man janrı milli bir janr olmağa və adlanmağa başlayır. Milli tarixilik zə-
minində yazılan romanlarda bədii obraz sistemi birmənalı milli və konkret 
tarixi məzmun daşıdığından roman əsas milli janr hesab edilməyə başladı. 
Realist obraz sosial və milli əlamətləri əks etməklə yanaşı həm də 
fərdi həqiqətləri  əks etmədə də ədəbi tərəqqinin yüksək səviyyəsi oldu. 
Məlumdur ki, ədəbi obraz ən qədim dövrlərdən fərdi məzmunlu, fərdi 
yaddaşın bir fraqmentini təşkil edən hadisədir və bu barədə irəlidə ayrıca 
bəhs ediləcəkdir. Lakin burada realizm epoxası ilə bağlı bir prinsipial cə-
həti də qeyd etmək istəyirik. Realizm epoxasına qədər ədəbi obrazın fər-
diliyi və  ədəbi yaradıcılıq üçün prinsipial və köklü mənası ən qədim-
lərdən yazıcı tərəfindən aydın dərk olunmayan bir prinsip idi. Yəni realiz-
mə qədər ədəbi obrazın fərdi yaddaşla bağlılığı və fərdi yaddaş baxışı kimi 
özünü büruzə verməsi kortəbii, mexaniki şəkildə baş verirdi. Lakin realist 
yaradıcılıqda ədəbi obrazın fərdiliyi müəlliflərin şüurlu ədəbi prinsipi kimi 
özünü büruzə verir. 
 
 
1.6. XIX-XX əsrdə realizmin inkişafı və tipləri 
 
1.6.1. Naturalizm 
 
Şüurlu surətdə  ədəbi obrazın fərdiliyinə meyl XIX əsrdə Fransada 
realizmin naturalizm deyilən bir qolunun yaranmasına gətirib çıxardı. Na-
turalistlər realist yaradıcılıq üçün ədəbi materialın və obrazın fərdiliyinin 
prinsipial xarakterini nəzərə alaraq rəssamlıqda naturadan şəkil çəkmə 

 
49
prinsipinə bənzər bir ədəbi təsvir üsuluna meyl etməyə başladılar. Bir sıra 
fransız realistləri yazıcıdan obyektivlik, elmilik və s. tələb edirdilər. Bun-
lar da tarixilik məsələsinin aspektləri idi. Naturalizmin ədəbi manifestini 
1880-ci ildə Emil Zolya “Eksperimental roman” adı ilə çap etdirdi. Bura-
dakı eksperiment anlayışı o zaman darvinizmin əsas üsulu olan canlı mü-
şahidəni  əks etdirirdi. Belə müşahidə konkret və  fərdi faktın həm bədii, 
həm də elmi mənasını ortaya qoyurdu. Yeni cərəyan Avropanın digər 
ölkələrində də özünə tərəfdarlar tapdı. E.Zolya müəyyən tibbi və genetik 
fərziyyələri təsvir edən, tibbi eksperimenti proses kimi təsvir edən əsərlər 
də yazmışdır. 
Naturalistlər həm də coşqun inkişaf edən təbiətşünaslığın, xüsusilə 
darvinizmin müşahidə yolu ilə təbiəti öyrənmək metodunun təsiri altında 
idilər. Onlar da obrazın, xüsusilə insan obrazlarının dəqiq təsvirini, müşa-
hidə vasitəsi ilə göstərilməsini, hətta fərdlərin genetik xüsusiyyətlərini 
belə  dəqiq qələmə almağı  tələb edirdilər. Təbiət mənasına gələn  natura 
sözü də bununla əlaqədar idi. Ədəbi təsvirin dəqiqliyi elmi fakt dəqiqliyi 
ilə müqayisə olunurdu və yazıçıdan elmi obyektivlik tələb edilirdi. 
Naturalizmin  əsas prinsipindən – həyati konkret müşahidə ilə öy-
rənmək və göstərmək prinsipindən Balzak da istifadə etmişdi və bu yolla 
böyük məhsuldarlığa nail olub doxsandan artıq roman yazmışdı. Lakin 
Balzak üçün həmişə bədii ümumiləşdirmə üsulu daha əsas idi. O konkret 
müşahidələrdəki  ən fərdi, ünvanlı  cəhətləri atırdı. Lakin Emil Zolya və onun 
davamçıları canlı müşahidəni məqsədə çevirirdilər. O özü şaxtaçıların həyatını 
öyrənib ən yaxşı romanlarından birini “ Jerminal” əsərini yazmışdı. 
Əlbəttə, naturalizmin proqramında və  təcrübəsində  ədəbiyyatın 
inkişaf tarixi üçün mütləq yenilik yox idi, bu realizmin ümumi inkişaf 
məcrası daxilində olan bir hadisə idi. Emil Zolya sadəcə öz zəmanəsində 
coşqun inkişaf edən elmi prinsip və informasiyadan, elmin nəticələrindən 
ədəbi yaradıcılıqda istifadə etməyə çağırırdı. Bu isə  əslində onun həyata 
qiymətləndirici münasibətinin Balzaka nisbətən yoxsulluğunu doldurmaq 
üçün idi. Bu mənada naturalizm realizmin tarixi inkişaf üsullarından və 
yollarından biridir və öz proqramı  və prinsipi ilə dünyanı  ədəbi təsvirin 
əsas fundamental əlamətinə – dünyanı fərdi görümdə təsvir prinsipinə bir 
qədər zidd idi. Aydındır ki, naturalistlər elmin nailiyyətlərindən istifadə 
yolu ilə özlərinin dünyaya qiymətləndirici münasibətlərini fərdiləşdirmək 
üçün istifadə edirdilər. 
Naturalizm çox inkişaf etmədi: çünki onun təsvir prinsipi naturalist-
lərdən əvvəl də, onlardan sonra da olmuşdur. Sosialist realizmində, bədii 
publisistikada, sənədli kinoda, foto sənətində, neorealist kinoda naturadan 
təsvir prinsipindən geniş istifadə edilmişdir və edilir. Müasir bədii kinoda 

 
50
müəyyən fərdi tibbi xəstəlik tarixçələrini ssenariləşdirən kino janrı da 
naturalist sayıla bilər. Əslində hər bir yazıcı az-çox naturalistdir. E.Zolya 
öz naturalistliyini prinsip kimi təbliğ edirdi, amma sonralar yazıcılar bu 
təbliğatda aktual məntiq görmədilər. 
  
 
1.6.2. Simvolizm. Magik, fantastik və mistik realizm 
 
Simvolizm realizm epoxasının tərkibində bir cərəyan kimi XIX 
əsrin sonlarında naturalizmə qarşı polemikada yaranmışdır. Simvolistlər 
naturalizmin ifratlığından qaçmaq üçün həyat faktına qarşı simvolu 
(ümumiləşdirməni) qoyurdular. Naturalizmi isə bayağı görürdülər. İrəliki 
fəsillərdə biz görəcəyik ki, sözlə  təsvir olunmuş  həyat faktı da simvola 
çevrilir. Lakin o zaman bu cəhətə əhəmiyyət vermirdilər, çünki semiotika 
hələ kifayət qədər yayılmamışdı. Simvolizm deyəndə  həyat həqiqətlərini 
simvol dərəcəsində ümumiləşməyə üstünlük verən və konkret tarixi dövr-
də aktual olmuş bir realist fikir və yaradıcılıq məktəbi nəzərdə tutulur. 
Simvolizm bütün Qərbi Avropa ədəbiyyatlarında – Fransada – S.Malarme 
və A.Rembo, Belçikada – E.Verxarn, Almaniyada – Q.Qauptman, İngiltə-
rədə O.Ouayld və s. sənətkarların əsərlərində özünü göstərmişdir. 
Simvolluq ədəbi obrazın, sözün təbiətindədir, ona görə bundan ifa-
də vasitəsi kimi ədəbiyyatda ən qədim vaxtlardan və bütün ədəbiyyatlarda 
az-çox istifadə edilmişdir. Simvol funksiyasında sözdən başqa heyvan 
obrazları, təbiət hadisələri, predmetlər, insan hərəkətləri,  şəkil və hey-
kəllər və s. də çıxış edə bilir. Məsələn, nağıl və təmsillərdə heyvanlar in-
sanların simvolu kimi göstərilir. Və ya sufi poeziyanın obraz sırası başdan 
başa rəmzi və simvolikdir. Bu baxımdan XIX əsrin sonlarına xas simvo-
lizmi həm də müəyyən spesifik realist obrazlılıq nəzəriyyəsinin bir şəkli 
saymaq olar. 
Simvolistlərdə insan obrazları  həyat faktından daha çox müəyyən 
ideyaların ədəbi illüstrasiyası kimi verilir. Azərbaycan ədəbiyyatında sim-
volizm cərəyan kimi olmayıb, amma XX əsrin əvvəllərinin müəyyən əsər-
lərində öz aşkar təsirini qoyub. Məsələn, C.Məmmədquluzadə “Ölülər” 
pyesində simvolik ümumiləşmədən istifadə edib. Fanatizmə təslim olmuş 
müsəlmanlar mənəvi ölülük rəmzi kimi verilir. Bu, fikri simvollaşdırmaq 
formasıdır. Hüseyn Cavidin “İblis” dramı da simvolik təsvir üsulu ilə ya-
radılmışdır. Əsərin adına çıxarılmış iblis obrazı insanın simvolu kimi veri-
lir. Hər iki fakt bizim ədəbiyyata Qərb simvolizminin təsiri kimi qiymət-
ləndirilə bilər. 

 
51
XX əsrin 1930-1960-cı illərində Cənubi Amerikada realizmin növ-
bəti milli forması – şərti olaraq magik realizm adlandırılan hadisə meyda-
na çıxmışdır. Cənubi Amerikada ispanlarla yerli xalqların birləşib qarış-
masından ispan dilində yeni bir ədəbi mədəniyyət yaranmış  və tarixi tə-
rəqqinin nisbətən aşağı  səviyyəsindən müasir sivilizasiyaya qoşulmuş bu 
xalqların miflərini də realist nəsrə gətirmişdir. Mİflərdən bədii vasitə kimi 
istifadə gerçəkliyi realist təsvirin imkanlarını artırır və Avropa ədəbi 
tənqidinə  də maraqlı  təsir buraxırdı.  Əslində mifdən, rəmzdən, alleqorik 
obrazdan realist əsərlərdə, xüsusilə poeziyada istifadə  həmişə olmuşdur, 
ona görə Cənubi Amerikada Jorj Amadu, Qabriel Markes kimi yazıçıların 
əsərlərində özünü göstərən magik realizmi simvolizm elementlərindən 
istifadənin milli bir ədəbiyyatda üzə çıxması kimi qiymətləndirmək olar. 
Mistik və ya fantasmaqorik realizm Qərbi Avropada macara nəsri-
nin bir forması kimi yaranmışdır. Bədii kino biznesinin inkişafı tamaşaçı 
cəlb etmək üçün yeni-yeni süjetlər tapmalı idi. Bu süjetlərin bir qismi qə-
dim dini-mistik ədəbiyyatlarda və magiyaya dair kitablarda tapılmağa baş-
ladı. Qədim magiya və mistika bir qayda olaraq müasir həyata köçürülür. 
Lakin ciddi sosial-fəlsəfi realist nəsrdə mistik ümumiləşmələrə 
meyli daha artıq rus ədəbiyyatı, xüsusilə H.Qoqol, M.F.Dostoyevski və 
A.P.Çexovun  ədəbi təcrübəsi ilə bağlamaq daha düzgün olar. Sonralar 
Frans Kafka kimi yazıcıların yaradıcılığında simvolizmin ifrat bir bədii 
şərtilik şəklini alması, ədəbi obrazın öz konkretliyini itirməsi həm də onla-
rın təsiri ilə bağlı idi. Əlbəttə, Kafkada xalis alman mistikası da vardır, 
lakin dünyanın fundamental fəlsəfi həqiqətlərini tapmaq və  bədii  şəkildə 
göstərmək meylində o, rus klassikasının təsirindədir. Belə  təsir German 
Gessenin nəsrində də özünü göstərirdi. 
Şübhəsiz ki, F.Dostoyevskidən və Avropa macara ədəbiyyatından 
gələn iki müxtəlif realizm forması fərqlidir. Macəralı, mistik realizmi rus 
ədəbiyyatında da müstəqil xətt kimi olmuşdur. Rus yazıçısı M.Bulqako-
vun “Usta və Marqarita” romanı bina gözəl misal ola bilər. Realizmin bu 
şəklində artıq fəlsəfi-sosial ümumiləşdirmə aparıcı deyil, həyatın realist 
macəralı  təsviri lövhələrinə fantastik elementlər qarışır. Bu fantastikanın 
məzmununa görə sözü gedən realizm formaları müxtəlif və mənaca yaxın 
terminlərlə adlandırıla bilir. Məsələn, xalis fantastika elmi mistikadır. Ey-
ni zamanda, din və təriqətlərlə bağlı, tibb elmi ilə bağlı, kitab falı ilə bağlı, 
cadugərliklə bağlı çoxlu əsərlər yazılmış  və onların  əsasında da bədii 
filmlər çəkilmişdir. 
XX əsrin sonlarında mistik realizmə geniş meyl müşahidə olunmuş-
dur. Bu daha çox kinoda belə süjetlərin işlənməsi və maddi uğur qazanma-
sı ilə də bağlıdır. Məsələn, Amerikada cadulanmış mənzillər mövzusu ilə 

 
52
bağlı xüsusi mistik realist film janrı formalaşmışdır. Bundan əlavə, Antik 
dövrdən məlum olan insan – heyvan metamorfozları mövzusu da geniş 
işlənən magik süjetlərdir. Bədii film uğur qazandıqdan sonra onun nəsr 
variantı da bəzən bestseller şəklində yayılar. 
Realizmin mistik formasının geniş inkişafı kinonun ədəbi zövqlərə 
və ədəbi axtarışlara təsirinin çox yeni bir hadisəsidir. Bəlkə kino vasitəsi 
ilə  ədəbi təsir barədə danışmaq daha doğru olar. Bu halda vahid mətn 
mədəniyyəti ilə kino obrazı mədəniyyətinin qaynayıb qarışması baş verir. 
Foto və kino texnikasının sürətli tərəqqisi və  hər bir insana müyəssər 
olması bu təsirin daha da artacağından xəbər verir.  
 
 
1.6.3. Sosialist realizmi və rəsmi ədəbiyyat anlayışı 
 
Sosialist realizmi termini SSRİ-də bolşevik inqilabından sonra so-
vet hakimiyyətinin rəsmi himayə etdiyi ədəbiyyatın adı kimi yaranmışdır. 
1917-ci il Oktyabr inqilabından sonra Rusiyada 20-ci illərdə  proletar 
ədəbiyyatı (proletkultçuluq) konsepsiyası meydana çıxdı. Bu konsepsi-
yaya görə, hakimiyyəti almış  fəhlə sinfi yeni mədəniyyət və  ədəbiyyat 
yaratmalıdır.  Ən qəribəsi isə yeni ədəbiyyat kadrlarının mütləq inqilabçı 
fəhlələr arasından çıxacağı ümidi idi. Bu nəzəriyyəyə  əsaslanaraq varlı 
siniflərdən olan qələm adamları sinfi düşmən elan edildi və onların 
əsərləri irticaçı hesab edildi.  
Lakin tezliklə bolşevik ideoloqları özləri də anladılar ki, sosial si-
niflərin xüsusi ədəbiyyatı ola bilməz, bu ədəbiyyat və mədəniyyət anlayı-
şının təbiətinə ziddir. Proletar ədəbiyyatı konsepsiyası V.Lenin tərəfindən 
hazırlanmışdı və sözün hərfi mənasında ədəbiyyatın proletariatın inqilabı-
nı  və hakimiyyətini, daxili siyasətini himayə etməsini nəzərdə tuturdu. 
Proletar ədəbiyyatı anlayışı inqilabçı maarifçiliyin bir şəkli idi. Maarifçilər 
ədəbiyyatdan pedaqoji tərbiyə üçün, marksistlər isə sosial tərbiyə üçün 
istifadə edirdilər.  
Bolşeviklərin  ədəbi siyasəti partiyanın yuxarı orqanları  tərəfindən 
ədəbiyyata dair qəbul edilən xüsusi direktiv qərarlar  əsasında aparılırdı. 
Bu qərarlar ehkam kimi tətbiq olunurdu. 
Nəticədə proletar ədəbiyyatı burjua maarifçiliyi ilə dini maarifçilik 
arasında olan bir hadisə kimi meydana çıxdı. Bu ədəbiyyat bir tərəfdən 
şüurlu, qabaqcıl fəhlə tərbiyə etməli idi və bu burjua maarifçilərinin ağıl 
qanunları ilə yaşayan insan nəzəriyyəsinə uyğun idi. İkinci tərəfdən, proletar 
ədəbiyyatı proletar dünyagörüşünü, marksizmi yayan və tərbiyə edən bir vasitə 
sayılırdı və bu da onu dini maarifçiliyə, din təbliğinə yaxınlaşdırırdı. 

 
53
30-cu illərin əvvəllərində proletar ədəbiyyatı termini guya daha də-
qiq olan sosialist realizmi termini ilə əvəz edildi. Bu termin sosializm qu-
ran cəmiyyətin realizmi anlamına gəlirdi. Ad dəyişsə də, proletar ədəbiy-
yatı anlayışındakı əsas prinsiplər dəyişməz olaraq qaldı. Sosialist realizmi 
termini ilə bu anlayışda rəsmi ədəbiyyat elementləri də qüvvətləndi. 
Yazıçılar İttifaqı. Hakimiyyət yaranandan saraylarda məddah şair-
lərin olması ənənəsi olmuşdur. Onlar kralı  və sultanı  tərifləməklə əsasən 
onun insanlar arasında nüfuzunun artmasına və bu yolla hakimiyyətinin 
möhkəmlənməsinə xidmət etməli idilər. Rəsmi  ədəbiyyatın  əsas  əlaməti 
onda müəllif başlanğıcının, istedad və daxili istəklərin ikinci dərəcəli 
olmasıdır. Yəni rəsmi şair özünü ifadə etmir, o sifarişi yerinə yetirir və pul 
qazanır. Onun istedadının  əsas  əlaməti də  bədiilik yaratmaqda yox, 
yaltaqlıqda, hakimiyyətə yarınmaqda, hakimiyyəti təmsil edən adamların 
şəxsi ambisiyalarına maksimum xidmət göstərməkdədir. Rəsmi ədəbiyya-
tın əsas siması yazıçı yox, sifarişçidir, haqq ödəyən hakimiyyətdir. Sovet 
dövründə  rəsmi  ədəbiyyat Yazıcılar  İttifaqı vasitəsi ilə yaradılırdı. Bu 
ittifaq formal olaraq seçkili ictimai birlik idi. Amma əslində Yazıcılar 
İttifaqı dövlət büdcəsindən maliyyələşən hakimiyyət qurumu idi. 
İttifaqın bütün işçiləri dövlət büdcəsindən  əmək haqqı alırdı.  İtti-
faqın rəhbərliyində DTK-nın məxfi zabiti işləyir və hamıya göz qoyurdu. 
Rəhbər işçilər, xalq yazıcıları Kommunist partiyası MK-nın üzvləri, Ali 
Sovetin deputatları idi, onlar dövlətin xüsusi güzəştlər sistemindən, xüsusi 
mağazalardan, istirahət evlərindən, xəstəxanalardan istifadə edirdilər. İtti-
faqın rəhbərləri, xalq yazıcıları, qəzet və jurnalların redaktorları partiyaçı 
idilər və partiyanın ədəbi siyasətini, sosialist realizmi ədəbiyyatının prin-
siplərini həyata keçirən adamlar idilər. Buna görə onlar nəşriyyatlarda 
dövlət planlarına daxil olan əsərlərin, müəlliflərin siyahısına baxıb onu 
təsdiq edir və  çıxan kitabların ideoloji təmizliyinə görə cavabdeh idilər. 
Onlar nəşriyyatlarda çıxan kitabları üçün adi, titulsuz, vəzifəsiz yazıçılar-
dan 3-6 dəfə artıq haqq alırdılar. Bu qonorar fondunun 80 faizindən çoxu-
nu təşkil edirdi. 
Rəsmi tənqid. Yazıcılar  İttifaqının rəhbərləri, titullu yazıçılar və 
ədəbi orqanların rəhbər işçiləri rəsmi partiyalı, sinfi ədəbi tənqidin hege-
monluğunu təmin edir və özləri də  qələmləri ilə buna xidmət edirdilər. 
Rəsmi tənqid dövlətin və partiyanın  ədəbi siyasətini təmsil edən qələm 
adamlarının mövqeyi idi. Bu da müəllif yaradıcılığını yox, partiyanın ba-
xış nöqtəsini təmsil edən bir hadisə idi. Rəsmi tənqid 1934-cü ildə SSRİ 
Yazıçılar İttifaqı yaranandan sonra formalaşmış bir hadisə idi. Deyilənlərə 
görə, sovet vaxtı tənqidlə məşğul olmuş qələm əhlinin çoxu rəsmi tənqidin 
xidmətçiləri idi, onların öz tənqidi görüşlərindən danışmaq çətindir. Rəsmi 

 
54
tənqidçi dövlətin ədəbi tələblərini konkret yazıçıya və əsərə tətbiq edirdi. 
Onun  əsas vəzifəsi sovet həyatındakı qüsurların  ədəbiyyatda göstərilmə-
sinin qarşısını almaq idi. 
Sovet quruculuğunu və partiyanı tərənnüm. Sosialist realizminin 
əsas vəzifəsi sovet dövlətinin və kommunist partiyasının üstünlüklərini və 
yaxşılığını tərənnüm etmək idi. Bu təkcə poeziyadan yox, bütün janrlardan 
tələb olunurdu. Həmin tələbdən də sosialist realizmi ədəbiyyatının şüarla-
ra və plakatçılığa bağlılığı onun marksist maarifçilik forması olduğunu 
ortaya qoyurdu. Beşillik planlar, İ.Stalinin və V.Leninin şəxsiyyəti, kom-
munist partiyasının siyasətindən gələn bütün kampaniyalar ədəbiyyat tərə-
findən himayə olunmalı böyük uğurlar, əmək adamlarına qayğı və s. kimi 
təqdim edilməliydi. Hələ proletar ədəbiyyatı dövründən yazıçıdan həyatı 
inqilabi inkişafda göstərmək tələb olunurdu. Bunun üçün xüsusi bir 
tipiklik konsepsiyası yaradılmışdı. Bir milyon fakt qeyri tipik sayıla bi-
lərdi, amma inqilabi inkişafı göstərən bircə fakt isə əksinə, tipik elan olu-
nurdu. Həyata belə yanaşmaq tələbi yazıçının istedadına qarşı zorakılıq idi, 
çünki o öz bildiyi və duyduğu  şeyləri  ədəbiyyata gətirə bilməzdi.  Əgər 
belə  təşəbbüs edilsə belə, rəsmi tənqid silahlanıb həmin yazıçını sovet 
gerçəkliyini təhrif etməkdə ittiham edilirdi. Belə yazıçılar rəsmi partiya 
sənədlərində pislənirdi və bu yolla onların nəşriyyatda kitab buraxdırmaq 
imkanları əldən gedirdi. 
Ümumən Yazıçılar İttifaqı şəraitində təsadüfi adamların, bu qurum-
la bağlı olmayan və orada işləməyən adamların  ədəbiyyata gəlməsini və 
yaradıcılıqla məşğul olmasını praktiki olaraq qeyri-mümkün edirdi. Bütün 
üzdə olan yazıcıların müəyyən dövlət vəzifələri var idi. Bu sovet dövründə 
ədəbiyyatın ideya istiqaməti baxımından birmənalı  və eybəcər bir 
vəziyyətə gəlməsinə səbəb olmuşdur. 
Müsbət qəhrəman. Sosialist realizminin əsas estetik prinsiplərin-
dən biri sovet həyatının yaxşılığa doğru inkişafını göstərən, sosializmə 
xidməti həyat idealı sayan insanların obrazlarını yaratmaq idi. Əslində hə-
yatda belə adamlar yox idi, bəlkə çox az və qüsurlu adamlar var idi. Parti-
ya və dövlət orqanlarında karyera edən adamların əksəriyyəti simasız, ta-
mahkar, yaltaq insanlar idi. Amma partiya onları ideal insanlar kimi gös-
tərməyi tələb edirdi. Bu tipik müsbət qəhrəman əmək adamı idi. Ədəbiy-
yatda yaradılmış bu qəhrəman şəxsi mənafe və maraq hissindən məhrum, 
istehsalatda çalışan fəhlə  idi.  Bu  fəhlənin belə heç bir şəxsi qüsuru ola 
bilməzdi. Əslində müsbət qəhrəman konsepsiyası sosialist realizmində cə-
miyyəti müsbət planda təqdim etmək üsulu idi. Buna isə  sovet  ədəbiy-
yatının təsdiq pafosu adı verilmişdi. 

 
55
Lakin sosialist realizmi ədəbiyyatının içində milli əqidəli, istedadlı, 
vicdanlı yazıcılar da olmuşdur. Məhz onlar – C.Cabbarlı, C.Vurğun, M.İb-
rahimov, İ.Əfəndiyev, B.Vahabzadə kimi yazıcılar sovet dövrü Azərbay-
can  ədəbiyyatında milli bir ədəbiyyat xətti yarada və qoruya bilmişlər. 
Ona görə sosialist realizmi ədəbiyyatının içində həqiqi bir milli ədəbiyyat 
yarandığını da inkar etmək doğru deyildir. 


Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9   ...   39


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə