Rəhim Əliyev



Yüklə 2.86 Kb.

səhifə8/39
tarix10.07.2017
ölçüsü2.86 Kb.
1   ...   4   5   6   7   8   9   10   11   ...   39

 
 
1.7.5. Marksist məktəb 
 
Marksist  ədəbiyyatşünaslıq məktəbi XIX əsrin ikinci yarısından 
bəri mürəkkəb inkişaf yolu keçən eklektik bir hadisədir. Lakin SSRİ-də 70 
il  ərzində  rəsmi elmi məktəb kimi inkişafı marksist ədəbiyyatşünaslığın 
digər elmi üsullara nisbətən daha yaxşı sistemləşməsi və geniş elmi 
tədqiqatların ortaya çıxması ilə nəticələnmişdir. Marksist ədəbiyyatşünas-

 
65
lığın V.Leninə  qədərki dövrünü klassik və çox maraqlı bir nəzəri hadisə 
saymaq olar. K.Marks, F.Engels, Q.Plexanov parlaq nəzəriyyəçilər idilər 
və incəsənətin mənşəyi, tarixi tərəqqisi kimi fundamental məsələlərə dair 
qiymətli irs qoymuşlar.  
Klassik marksizm əsas bir tezis üzərində qurulmuşdur: insan həyatı-
nın bütün inkişafının forma və sahələri insanların maddi istehsal üsulla-
rının inkişafına paralel və onun nəticəsi kimi baş verir. Bütün ideologiya 
sahələrinə – dinə, incəsənətə, ədəbiyyata, fəlsəfəyə dair hər hansı inkişaf 
və tərəqqinin kökləri marksizmə görə, insanların ictimai istehsal fəaliyyə-
tindədir. Ona görə ədəbiyyat da marksizmə görə, ictimai şüur formaların-
dan biridir. Bu müddəa nəticəsində  ədəbiyyatın fərdi yaddaşla bağlı olması 
rədd edilmiş olurdu, marksist inqilabçılar üçün bu sadəcə maraqlı deyildi. 
Ədəbiyyatın tarixini və onun nümunələrini araşdıranda  əsərdə ilk 
növbədə ictimai şüurun spesifik əksi izlənməli və onun maddi və sosial 
kökləri tapılmalı idi. Mexaniki tətbiq olunanda bu marksist görüşlərdən 
vulqar nəticələr ortaya çıxırdı. Yazıcının inqilaba münasibətini bu yolla 
araşdırmaq asandır və düzgün nəticələr də verə bilir. Amma dini ədəbiy-
yatı  tədqiq edəndə marksist məktəb eybəcər nəticələrə  gəlir və tarixilik 
prinsipinə zidd olaraq dini irticaçı bir hadisə adlandırır və  əslində dini 
ədəbiyyatın öyrənilməsini qadağan edirdi. Marksist alimlər mütləq müba-
riz  ateizm mövqeyindən çıxış edirdilər. Bibliya, İncil, Quran haqqında 
yazmaq onu ifşa və tənqid etməkdən ayrılmaz idi. 
Marksizm tarixi öz nəzəriyyəsi ilə izah edirdi. Bu nəzəriyyəyə görə, 
tarixi tərəqqi istismar edənlər və istismar olunanlar, zalımlardan və məh-
kumlar arasında mübarizənin nəticəsi kimi yaranır. Bu, tarix siniflər mü-
barizəsidir formulu ilə ifadə olunurdu. Bütün ədəbiyyat tarixləri ilk növ-
bədə bu formulu doğrultmalı idi. Klassik sufi ədəbiyyatında belə süni ola-
raq sinfi mübarizə axtarılır və “tapılırdı”. Dinə qatı ateist və mənfi müna-
sibət tarixi prosesdə ideoloji və dini mübarizələrin rolunun inkarı ilə, 
elmdə isə tədqiqatlardan kənarda qalması ilə nəticələnirdi. 
Marksistlər cəmiyyəti siniflərə parçalamaqla kifayətlənmir, ədəbiy-
yat və mədəniyyət tarixini də hakim və məhkum siniflərə aid edərək 
ikiyə bölürdülər.  İstənilən  əsər və kitab ya qul və quldar, ya feodal və 
kəndli, ya da burjua ya fəhlə ideologiyasına aid edilməli idi. Belə bölgü-
nün məcburiliyi və mütləqləşdirilməsi eybəcər və süni elmi konsepsiyala-
rın yaranması ilə nəticələnirdi. Sayılırdı ki, dini ədəbiyyat feodal sinfinin 
maraqlarının ifadəsidir. Bu halda dinin bəşəri və mədəni tərəfi inkar edilir-
di. Dinə ifrat mənfi münasibət, kobud ateizm marksist nəzəriyyəni və 
marksist ədəbiyyat tarixlərini yoxsullaşdırır, qədim cəmiyyətlərdəki mənə-
vi və ideoloji mübarizələri bəsitləşdirirdi. 

 
66
Ədəbiyyat sinfi mübarizə aləti elan ediləndən sonra V.Lenin mət-
buat və ədəbiyyatın partiyalılığı prinsipini nəzəriyyə kimi irəli sürmüş-
dür. Bu ədəbiyyatın və mədəniyyətin insan cəmiyyətində müstəqil funksi-
yalarını inkar edir və onlardan əzilən siniflərin, fəhlə partiyalarının siyasi 
mübarizə aləti kimi istifadə edilməsini tələb edirdi. “Rədd olsun bitərəf 
ədəbiyyat!” – bu, V.Leninin məşhur  şüarı idi. Ədəbiyyatın partiyalılığı 
barədə ifrat nəzəriyyə Sovet İttifaqında yaşamış yazıçılar arasında iki yol 
qoyurdu: ya partiyanın ideologiyasını  bədii  şəkildə  təbliğ edən  əsərlər 
yazmaq, ya da yazıçılıq iddiasından əl çəkmək. Üçüncü yol yox idi, çünki 
ədəbi və digər mətbuat işi dövlət monopoliyasında idi.  
Marksist  ədəbiyyatşünaslıqda yazıçı tendensiyası problemi geniş 
əksini tapırdı. Yaradıcılıq yazıçının dünyaya fərdi, şəxsi, subyektiv müna-
sibətinin ifadəsidir. Marksistlər inqilabçı olduqlarından bu münasibətdə 
inqilabi cəhətləri, cəmiyyətə  tənqidi münasibəti mütləqləşdirir, fərdi cə-
hətləri isə subyektivizm kimi tənqid edirdilər. Ona görə marksist 
ədəbiyyat tarixləri bir növ inqilabların, xalq üsyanlarının tarixi icmalına 
və yazıcıların bu hadisələrə münasibəti tarixinə çevrilirdi. 
Yalnız 1940-cı illərdən sonra sovet nəzəriyyə kitablarında  ədəbiy-
yatın sinfiliyi, partiyalılığı anlayışlarına  əlavə olaraq xəlqilik prinsipi də 
özünə yer tapdı.  Ədəbiyyatın xəlqiliyi prinsipi alman romantiklərindən 
rus inqilabçı xalqçılarına keçmişdi və Rusiyada populyar idi. Marksistlər 
folkloru xəlqilik nəzəriyyəsi işığında öyrənirdilər. Azərbaycanda  ədəbiy-
yatın xəlqiliyi nəzəriyyəsini akademik M.C.Cəfərov 1950-ci illərdə öz mə-
qalələrində geniş təbliğ etmiş və nəzəri cərəyan səviyyəsinə qaldırmışdır. 
Əslində marksizm romantiklərin tarixilik prinsipini və XIX əsrdə 
yaranmış Darvinin materialist təkamül nəzəriyyəsini də birləşdirirdilər. 
Ədəbi tərəqqini sosial-iqtisadi tərəqqi ilə bağlamaq təcrübəsi isə artıq 
Hegel fəlsəfəsində  də var idi, böyük filosofun janr nəzəriyyəsi də buna 
əsaslanırdı.  Metod anlayışının özü də Hegel fəlsəfəsindən götürülmə idi 
və ədəbiyyatı şərh probleminə süni surətdə tətbiq olunurdu. Lakin mark-
sist nəzəriyyə ardıcıl deyildi, dini qurumlarda olduğu kimi, ona məmurlar 
nəzarət edirdilər. F.Engelsin yunan ədəbiyyatının bu cəmiyyətin sosial 
inkişaf səviyyəsinə uyğun olmaması barədə fikirləri marksizmin əsaslarına 
zidd idi. Belə  çıxırdı ki, ədəbiyyatlar maddi tərəqqi  şərtləri olmadan da 
çiçəklənə bilirlər. 
Bütün ziddiyyətlərinə baxmayaraq marksist nəzəriyyə özünə qədər 
ədəbiyyat elmindəki sağlam cəhətləri özündə birləşdirməyə  və tamamla-
mağa çalışırdı. Marksist nəzəriyyəsindəki bu sintez və  ədəbi hadisələri 
maddi-sosial şərtlər nəzərə alınmaqla izah etmək təcrübəsi bir çox burjua 

 
67
ədiblərinin də marksizmə meylinə səbəb olmuşdur. Bur çox qərb ədəbiy-
yatçıları marksizmi freydizmə zidd görmür və onları birləşdirirdilər. 
Marksist  ədəbiyyatşünaslığın nəzəriyyəsi ilə onun SSRİ-də  tətbiqi 
arasında böyük məsafə və fərqlər vardır. İfrat inqilabçı olan V.Lenin ədəbi 
yaradıcılığı jurnalist fəaliyyəti ilə eyniləşdirərək  ədəbiyyatı partiyanın 
inqilab etmək işinin tərkib hissəsi adlandırdı. Şəxsiyyətə pərəstişin tənqid 
olunduğu 50-ci illərin ortalarına qədər bu vulqar görüşlər ədəbi təcrübədə 
üstünlük təşkil edirdi. Nəticədə SSRİ-də aparılan  ədəbi siyasət marksiz-
min  ədəbiyyat haqqında fundamental prinsiplərinə zidd və eybəcər bir 
çəkil aldı. Məsələn, ədəbiyyatdan sovet rejiminin üstünlüklərini göstərmə-
yi tələb etmək bunlardan başlıcası idi. Bu tələb də ədəbi yaradıcılığın fərdi 
təbiətini zorlayırdı. Bu prinsiplərin məcburi surətdə  tətbiq edilməsi sovet 
yazıcılarının yaradıcılıq azadlığını kobud şəkildə  məhdudlaşdırırdı. Partiyalı 
ədəbiyyat təliminə müqavimət göstərənlərə qarşı siyasi repressiyalar tətbiq 
olunurdu. Yaradıcı adamlara qarşı 1937-ci il repressiyaları marksist nəzəriy-
yəni ləkələdi, o, bəşər yaddaşında görünməmiş vəhşilik nümunəsi kimi qaldı. 
N.S.Xruşşov reformalarından sonra SSRİ-də marksist nəzəriyyənin 
vulqar dövrü bitdi. Yeni alim nəsilləri üçün ədəbiyyatın inqilabiliyi, yara-
dıcılığın ideyalılığı  və partiyalılığı haqda ehkamlar əhəmiyyətini itirdi. 
Lakin sosioloji təhlil hakim olaraq qaldı. Bu marksizmin ədəbi hadisələrin 
ictimai-iqtisadi  şərtlərlə birbaşa bağlılığı haqda köklü nəzəri müddəasın-
dan doğurdu. 
1960-cı illərdə SSRİ-də strukturalist və formalist sayılan cərəyanla-
ra liberal münasibət yarandı. Marksizm bəşərin topladığı biliklərin yekunu 
adlandırıldı və müxtəlif məktəblərdə olan sağlam, düzgün, materialist tari-
xilik prinsipinə uyğun cəhətlər mənimsənildi və akademik elmilik bərqə-
rar oldu. 1970-1980-ci illərin ədəbiyyat nəzəriyyələrində proletkultçuluq-
dan və inqilabçılıq psixologiyasından heç bir əlamət qalmamışdı. Lakin bu 
nəzəriyyədə idi. Real ədəbi siyasətdə, SSRİ Yazıcılar İttifaqının və onun 
milli filiallarının idarə olunmasında vəziyyət az dəyişdi. Marksist nəzəriy-
yə yazıçıdan həmişə cəmiyyətə və onun maraqlarına xidmət tələb edir və 
yaradıcılıq azadlığını məhdudlaşdırırdı. İnsanların şəxsi həyatı və rəyləri-
nə ədəbiyyatda və nəzəriyyədə yer yox idi. Əslində bu birpartiyalı mark-
sist rejimləri qorumaq yolu idi. Mətbuatda və yaradıcı ziyalılar arasında 
monopoliya yaratmadan birpartiyalı dövlətdə sabitlik mümkün deyildir.  
Marksizm hər cür ədəbi hadisələrin sosial, tarixi, sinfi, iqtisadi 
köklərini və  şərtlərini tarixi şəkildə izah etmək prinsipini irəli sürməklə 
vaxtı ilə Rusiya imperiyasında yaşamış xalqlarda müasir ədəbiyyat 
elminin təşəkkülünə qiymətli və  məhsuldar təsir göstərmişdir.  Əlbəttə, 
marksist  ədəbiyyatşünaslıq sosioloji məktəbin bir forması idi, yəqin  ən 

 
68
yüksək forması idi. Lakin ədəbiyyat haqda elmin hər hansı elmi metodo-
logiyaya əsaslanması ədəbi şərhin daha yüksək tarixi şəkli idi və bir çox 
xalqda müasir elmi məktəblərin formalaşması ilə nəticələnmişdir.  
Müasir Azərbaycan  ədəbiyyatşünaslığı da onlardan biridir. Məsə-
lən, Firudin bəy Köçərlinin ədəbiyyat tarixi şərq təzkirə ənənəsinin dava-
mı idi. Lakin onunla təxminən eyni dövrdə yaşayan Əli Nazim, Mustafa 
Quliyev kimi təhlilçilər müasir ədəbiyyatşünaslıq məktəbini təmsil edirdi-
lər. Bu, Azərbaycanda marksist nəzəriyyənin yayılmasının bəhrəsi idi, biz-
də ədəbiyyatşünaslıq fikrinin müasir dünya elmi prosesinə qoşulması idi. 
 
 
1.7.6. Psixoloji məktəb 
 
XIX  əsrin sonlarında sosioloji yönlü ədəbiyyatşünaslıq məktəblə-
rinin böhranı müşahidə olunmağa başlayır:  mədəni-tarixi  və  bioqrafik 
məktəblərin təhlil üsulları dövrün qabaqcıl alimlərinə məhdud görünməyə 
başlayır. Psixoloji elmlərin inkişafı ədəbi əsəri yazmaqda və qavramaqda 
fərdi, şəxsi yaşantıların əsas rolunu üzə çıxardı. Alman dilçisi, psixoloqu, 
folklorçusu Vilhelm Vunt (1832-1920) ədəbiyyatın mənşəyini izah etmək 
üçün fundamental əhəmiyyəti olan “Mif və din”, “Sənətin əsası”, “Fanta-
ziya incəsənətin əsası kimi
3
 əsərlərində yaradıcılığı və incəsənətin qavran-
ması proseslərini  şəxsi psixi proseslər kimi izah etməyə çalışdı. Eyni 
vaxtda, rus alimi, Xarkov universitetinin professoru olmuş dilçi, psixoloq, 
folklorçu və filosof Aleksandr Potebnya (1835-1891) da ədəbiyyat nəzə-
riyyəsində psixoloji məktəbin  əsası olmuş “Fikir və dil” (1862), “Ədəbi 
yaradıcılıq nəzəriyyəsinə dair mülahizələrdən”, “Slavyan xalq yaradıcılı-
ğında bəzi simvollar haqqında”
4
 kimi əsərlərində Rusiyada psixoloji mək-
təbin əsaslarını qoydu. 
Psixoloji məktəb nəzəriyyənin sonrakı inkişafı üçün köklü əhəmiy-
yət daşıyam bir cəhətə diqqət yönəltdi: qarşı tərəfin nitqini dinləyib qavra-
maq psixi proses kimi nağıla qulaq asmaqdan və ya nağılı, mifi oxumaq-
dan heç nə ilə fərqlənmir. Deməli, şifahi danışığı dinləmək, mifi dinləmək 
və şeiri dinləmək kökləri etibarı ilə eyni, oxşar proseslərdir. Bu oxşarlığın 
kökündə isə o zaman az öyrənilmiş dilin psixologiyası durur. Beləliklə 
                                                 
3
 Rus nəşrləri: Вунт В., Миф и религия, СПБ, 1913, Основы искусства, СПБ, 1910: 
Фантазия как основа искусства, М., 1914. 
4
 Потебня А.А., Мысль и язык, Харков,1926: Из лекций по теории словености, 
Харков, 1930,: О некоторых символах в славянской народной поэзии, Харков,1914. 

 
69
psixoloji məktəbdə ilk dəfə olaraq dilin, mifin, ədəbi əsərin və yaradıcı-
lığın mənşəyi problemi birləşdi. 
Psixoloji məktəb sözlə mifin ayrılmaz  əlaqəsini üzə  çıxardı  və bu 
ədəbiyyatın mənşəyini elmi şəkildə izah etməkdə irəliyə doğru addım və 
Aristotellə başlanan nəzəriyyə çərçivələrinin dağıdılması demək idi. Ənə-
nəvi nəzəriyyə ədəbiyyatın mənşəyini folklora bağlayırdı. Lakin psixoloji 
məktəbin araşdırmaları göstərdi ki, folklor mükəmməl variantında başqa 
ədəbiyyatlardan gəlmə süjetlərdir və onların yaşarılığı yazılı  ədəbi mətn 
mədəniyyətindən əvvəl yox, ondan törəmədir. 
A.Potebnyanın  əsas ideyası  ədəbiyyat və  sənətin də idrak forması 
olması barədə müddəa idi. Bu müddəa ümumi şəkildə düzgün idi və miflə 
sözü bir-birinə bağlayırdı. Lakin alimin işlətdiyi idrak sözü dəqiq deyildi, 
çünki dilin ilk yarandığı dövrdə  hələ idrak haqda söhbət gedə bilməzdi. 
Avropa rasionalistlərinə qədər idrakdan – yəni dünyanı idarə edən qanun-
ları tapmaqdan çox, dünyanı sözlə  təsvirdən, həm də yeni-yeni sözlərin 
yaranması kimi təsvirdən söhbət gedə bilərdi. Ona görə A.Potebnyanın 
ədəbiyyatın da idrak olması barədə  nəzəriyyəsi ancaq bu yaradıcılığın 
dünyanı təsvir etmək olması mənasında doğru idi. Əslində elmin fərziyyə 
olmayan sahələri də təsvirdən ibarətdir. 
A.Potebnyanın işlətdiyi “daxili obraz” termini sözün obrazlı  və 
təsviri təbiətini nəzərdə tuturdu və psixoloji məktəbin gələcəyi üçün 
fundamental  əhəmiyyətə malik idi. Çünki obrazlılıq sözün təbiətindədir, 
onun işarəviliyindədir. Lakin alim F.Sösürə  qədərki dilçiliyin Platondan 
gəlmə yanlış  məna terminini də  işlədir, sözün və obrazın mənasından 
danışırdı. Əslində sözdə və mifdə məna yoxdur, məna adamların mətn bil-
gisidir, sözlərin və obrazların mənalarını bilmək təhsil ehkamlarını bilmə-
yin nəticəsidir. İşarə olmaq cəhətdən isə sözlər və obrazlar mücərrəd işarə 
əvəzliyindən fərqlənmir.  Əlbəttə sözün, mifin, obrazın (əsərin) mənası 
haqda təsəvvürlər geniş yayılmışdı və Potebnyaya qədər də var idi. A.Po-
tebnya ilk dəfə bunların ayrılmazlığını irəli sürdü və onların fərqlərini 
məna terminindən istifadə ilə göstərməyə çalışdı. 
Mənatapma üçün əsas  əsərin özündə, mətnində yoxdur. Şərhçi 
müəyyən təhsil ehkamlarını bilən adamdır, o əsəri oxuyur və öz savad və 
yaddaşına görə (mətn bilgisinə görə) onun öz başında müəyyən qənaətlər 
yaranır. Ya da o bu qənaətləri oxuduğu resenziya, məqalə, kitabdan öyrə-
nir, götürür. Lakin bu o demək deyil ki, bunlar – mənalar oxunan mətndə 
var idi (Savadsız  ədəbiyyatçı adam belə  həmin mətni oxuyanda heç nə 
tapmır). Onlar ancaq yaddaşdakı mətni bilmə və yozma təcrübəsindən və 
şərhçinin buna iradi səy göstərməsindən yaranır və həm də oxuyanın ba-
şında, yaddaşında yaranır və mövcud olur. Mətni oxumaya qədər, və elə 

 
70
sözü eşidənə  qədər də  ədəbiyyatçının yaddaşından kənar heç bir məna 
mövcud olmur. Məna mətnə, sözə konkret başın, yaddaşın reaksiyasıdır. 
Sadəcə bu reaksiya (yəni məna yaranması) həm də sosial aktdır, çünki 
konkret baş bu cür məzmunlu reaksiya vermək qabiliyyətini sosial təcrübə 
və  təhsil sayəsində qazanır. Hər bir məna sosial təcrübə ilə qazanılan 
ehkamdır və bu məsələ gələcək fəsillərdə şərh ediləcək. 
Beləliklə, şərhçi əsəri oxuyandan sonra yazdığı və söylədiyi qənaət-
lərlə  əslində  əsərin mətnindəki mənanı yox, əsəri oxuma və qavrama 
nəticəsində başında yaranan qənaətləri bölüşür.  Əvvəlcə  şifahi, sonra isə 
yazılı mətn belə yaranmışdır, qənaətləri, fərdi başlarda yaranan informasi-
yanı ötürmək üçün yaranmışdır. Məna həmişə  fərdi qənaətləri çoxluğa 
ötürmək təşəbbüsü ilə bağlıdır, belə təşəbbüsün tarixçəsidir. 
Potebnya mifi izah etmək üçün “əvvəl dərk edilmiş” və “sonra dərk 
edilmiş” terminlərindən istifadə edir. Bİz artıq dilin ilk söz yaradıcılığı 
dövrü üçün idrak anlayışını  işlətməyin qeyri-dəqiqliyini dedik. Amma 
burada alimin daha bir dahiyanə müddəasına nəzəri cəlb etmək vacibdir. 
Alim  mifin və sözün metaforik xarakteri barədə ayrıca bəhs etmişdir. 
Bu alimin insan idrakının  əsas prinsipini doğru duyması demək idi. 
Əvvəla, söz işarəsinin özü insanın icad etdiyi ilk süni bənzətmə idi. 
İkincisi, psixi proses kimi bütün təfəkkürün bünövrəsi olan tanımanın özü 
metaforik prinsipə, bənzətmə praktikasına əsaslanır. Beş il əvvəl görülmüş 
adamı  təsadüfən görüb tanıma nədir? Belə tanıma indi görülən sifətin 
yaddaşda qalmış beş il əvvəlki sifət obrazına oxşamasıdır. İstənilən tanıma 
indiki zamanda seyr edilənin yaddaşdakı obraza bənzədilməsidir.  
Psixoloji məktəbdə metaforaya və onun tarixinə xüsusi tədqiqatlar 
həsr edilirdi. Lakin onlar dilin və  ədəbiyyatın mənşəyində metaforizmin 
rolunu tam dərk etmirdilər. Bütün insan nitqi, cümlə qurmaq qabiliyyəti 
işarə əvəzliyi ilə ifadə edilən “Bu – filandır” metaforik formulundan ya-
ranmışdır. Sonralar dildə yeni sözlər yarandıqca “filan-falandır” metaforik 
formulası yaranıb. Bütün cümlələr sadə təsvir, bənzətmədir. Mübtəda bən-
zədilən, xəbər isə bənzəyəndir. Hər bir cümlədə ikinci dərəcəli üzvlər bu 
iki əsas cümlə elementindən birinə aiddir və dilçilikdə bu yaxşı məlumdur. 
Dildə mücərrəd sözlər artandan sonra digər nitq hissələri—fellər, zərflər, 
mücərrəd isimlər, terminlər yaranmışdır. Lakin yaxşı diqqət etdikdə  ən 
mücərrəd cümlədə belə ibtidai bənzətmə, metaforik tanıma strukturunun 
qalıqlarını tapmaq olar. Bu mənada insan nitqi və mətn ( cümlə) mədəniy-
yəti tavtoloji xarakter daşıyır: a-b-dir, b-a-dır – strukturundan kənara çıx-
maq üçün insanın dil adlandırdığı alətdə imkan yoxdur. Çünki nitq struk-
turları adi bənzətmədən, metaforik identifikasiyadan yaranır. Dil bir şeyi 

 
71
bənzətməkdən, təsvir etməkdən başqa açıqlama üsulu tanımır, bunların 
hər ikisi isə eyni bir şeydir: filan-filandır metaforasıdır.  
Vilhelm Vunt da rus alimindən xəbərsiz olaraq “appersepsiya” nə-
zəriyyəsini irəli sürmüşdü: alim qavramanı, tanımanı  əvvəlcədən dərk 
olunmuş təcrübə materialı ilə bağlayırdı. Burada “dərk olunmuş” termi-
ni işlədilir, “təcrübə” termini işlədilir. Bunlar müasirləşdirmə idi. Əslində 
ibtidai insanlarda obrazlı yaddaşdan söhbət getməlidir, belə yaddaş əvvəl-
lər dəfələrlə görülmüş obrazların, əşya və heyvanların tanınmasına imkan 
verirdi. V.Vunt bu prosesi ümumi şəkildə doğru şərh edirdi. Onun ilk dəfə 
olaraq mifin və obrazın mənşəyini  əlaqəli  şəkildə izah etməyə çalışması 
özündən sonrakı elmə böyük təsir göstərdi. Rus alimindən fərqli olaraq 
V.Vunt bu problemlərə filoloji deyil, daha çox psixoloji elmə  məxsus 
terminologiya vasitəsi ilə gəlirdi. Dil, mif və poeziyanın mənşəyi məsəl-
əsini bir müstəvidə götürən alim haqlı olaraq bunları insanların kollektiv, 
sosial, birgə  fəaliyyətinin nəticələri kimi izah etməyə çalışırdı. Dilin və 
mifin mənşəyindəki sosial aspekt insanların bir-birinə informasiya ötür-
mək. bir-birinin davranışını idarə etmək təşəbbüsləri ilə bağlı idi. Bunların 
hamısı hakimiyyət və dövlət yaradıcılığı prosesinin də tərkib hissələri idi. 
A.Potebnya bu mənada haqlı idi: indiki zamanda seyr edilən obraz 
əvvəllər görülən və yaddaşa həkk edilmiş obraz vasitəsi ilə tanınır və izah 
edilir. Belə tanımanı alim mifin əlaməti, belə təsviri isə poetik metafora-
nın əlaməti sayırdı. Əslində isə bunlar müxtəlif proseslərdir. Tanıma qav-
rayış  və seyrdir, gözlə görünəni yaddaşdakı, başdakı obrazla bənzətmə, 
identifikasiya, eyniləşdirmədir. Lakin təsvir, izah şərh isə  mənşəcə nitq 
prosesidir, ikinci şəxsə müraciətdir, informasiya ötürmə prosesidir. Söz 
insanların davranışına təsir vasitəsi, qorxu yaratmaq qabiliyyəti kəsb edən-
də mif olur. Bu mənada alimin sözün obrazlı təbiəti barədə müşahidələri 
doğru və dərin idi. 
Psixoloji məktəb XX əsrdə psixologiya və psixiatriyanın coşqun 
inkişafına paralel olaraq sürətlə inkişaf etmişdir. 
 
 
1.7.7. Freydist məktəb 
 
Avstriyalı psixiatr həkim olan Ziqmund Freyd (1856-1939) XIX əs-
rin sonlarında həkimlik-psixiatriya praktikası ilə  məşğul olurdu. Onun 
əsas müştəriləri aristokrat ailələrdən olan cavan ərli qadınlar idi. Onlar 
miqren (baş  ağrısı) və  səbəbsiz  əsəbilikdən, müasir terminlə desək, nev-
rozdan  şikayətlə ona müraciət edirdilər. Belə  xəstələri müalicə edərək 
Z.Freyd öz nəzəriyyəsini daha da dərinləşdirirdi. Onun əsas kəşfi sadə və 

 
72
paradoksal bir tezisdən ibarət idi: insanın psixi və nevrotik sağlamlığında 
şüurdan qat-qat artıq rol oynayan onun şüuraltı həyatıdır. Bu nəticə yüz-
lərlə xəstənin müayinəsi əsasında sübut edilirdi. 
Şüuraltı  nədir?  Şüuraltı insan fəaliyyətinin və davranışının  əxlaqa 
və  ağıla deyil, instinktlərə bağlı olan əsaslarıdır. Freyd insan həyatında 
instinktlərin qeyri-adi dərəcədə böyük rolunu üzə çıxardı və bu amilin in-
karından doğan bütün kompleks və  xəstəlikləri təsvir etməyə çalışdı. 
Freydə qədər heyvanların şüuraltı instinktlərlə, insanların isə şüurlu olaraq 
yaşadığı haqda elmi təsəvvür var idi. Freyd sübut etdi ki, adamların da 
davranışı ən çox şüuraltı ilə bağlıdır və heyvanların davranışından prinsi-
pial şəkildə fərqlənmir. İnsanlar təbiətdə yaşayaraq milyon illər ərzində öz 
instinktlərinə  əsaslanaraq davranıblar.  Əvvəlcə etirazla qarşılanan bu 
nəticə XX əsrdə Avropada hakim psixoloji nəzəriyyəyə çevrildi və frey-
dizmə kütləvi sitayişlə nəticələndi.  
Freydin elm tarixində dahiyanə xidməti insan həyatının  ən qaranlıq 
yerinə – şüuraltıya işıq salmaq cəhdi və bununla bağlı ciddi nəzəriyyələr 
irəli sürməsi idi. Bu alimdən əvvəl və sonra heç bir psixiatr şüuraltını araş-
dırmaqda onun qədər irəliyə və dərinə gedə bilməyib. Şüura və əxlaqa əsas-
lanan davranış  və yaşayış  tərzi isə monoteizmin qələbəsindən sonra nor-
maya çevrilmişdir və onun tarixi 1500-2000 ildən artıq deyildir. Ona görə 
Freyd bu nəticəyə  gəlmişdi ki, ilk baxışda səbəbsiz görünən bir çox ruhi 
xəstəlik və problemlərin kökü insanın şüuraltı fəaliyyətinin ictimai normalar 
vasitəsi ilə və ya şəxsi iradə ilə sıxışdırılması və məhdudlaşdırılmasıdır.  
Freydin geniş araşdırdığı  şüuraltı hadisələrdən birincisi yuxu və 
fantaziyalar idi. Alim yuxunu elmi şəkildə araşdırmağa və onun məzmu-
nunda şüuraltı kompleksləri, meylləri izləməyə çalışırdı. Onun öz yuxuları 
barədə yozmaları psixiatriyada klassik dərslik kimi qəbul edilmişdir. 
Freyd yuxunu şüuraltı istəklərin, dərk edilməyən instinktiv meyllərin fan-
taziyalar formasında reallaşması kimi təqdim edirdi. Onun yuxu yozmaları 
və izahları dərinliyi və dəqiqliyi ilə heyrət doğurur. Alimin yuxu və fan-
taziya ilə bağlı araşdırmaları bütün yaradıcı adamlar arasında çox popul-
yardır, kino, teatr, bədii ədəbiyyatda geniş istifadə edilir. Alim “Sənətkar 
və tamaşaçı  həyatında hallyusinasiya və yuxuların rolu” əsrində yara-
dıcılıq prosesi barədə öz təlimini şərh edirdi. Freyd yaradıcılıq prosesinin 
şüuraltı proseslər, orada gedən mübarizələr, çox zaman dərk olunmayan 
istəklərin reallaşması, fantaziya və yuxuların bədii  əsər forması alması 
prosesi kimi şərh edirdi. Yaradıcılıq prosesi və sənətkar həyatında şüuraltı 
istəklərin və komplekslərin rolu məsələsi Freydin V.Şekspir,  İ.Höte, 
E.Hofman kimi klassiklərə həsr olunan məqalələrində əsaslandırılırdı. 

 
73
Şüurun  şüuraltıya qarşı  təzyiqini Freyd üç qismə bölürdü: birinci 
qisim adamlarda şüuraltı  sərbəstdir və  ağlın qadağalarına fikir vermədən 
insanın yaşayışını nizamlayır. Alim bunları ən normal adamlar sayırdı və 
aşağı  təbəqəyə aid insanları bu qismə  məxsus hesab edirdi. İkinci qisim 
adamlarda sərt tərbiyə nəticəsində ağıl instinktiv istəkləri əsasən nəzarət-
də saxlayır. Alim belə adamları xəstəliyə meylli sayır və kübar ailələrdəki 
kütləvi miqren və nevroz xəstəliklərinin səbəblərini belə davranış formasında 
görürdü. Üçüncü qisim insanlarda ağıl şüuraltını tamam sıxışdırır və fəaliy-
yətdə onun rolunu aradan qaldırır. Freydə görə, belə adamlar dəli olurlar. 
Yəni davranışda ağıl və tərbiyənin instinktiv və şüuraltı başlanğıca tam üstün 
gəlməsi, davranışda instinktiv başlanğıcın aradan çıxması, Freydə görə, 
insanların şüur fəaliyyətinin pozulmasının əsas səbəbləridir. Bu insanın ruhi 
xəstəliyi kimi dəliliyin Freyd tərəfindən verilmiş paradoksal nəzəriyyəsi idi.  
İnsan  şüuraltısı  əsasən üç instinktə  əsaslanır: aclıq, təhlükəsizlik 
(qorxu) və  nəsli davam etdirmə instinktləri. Bunlardan birinci ikisini in-
sanlar çox qədimlərdən bilirdilər və bunlar əvvəlcə darvinizmdə, sonra isə 
marksizmdə müxtəlif terminlər vasitəsi ilə  təsvir edilib və sosial müstə-
vidə  təzahürləri öyrənilib. Freydin ən çox inkişaf etdirdiyi ideya seksual 
instinktin insan və  cəmiyyət həyatındakı gözəgörünməz və çox zaman 
əhəmiyyət verilməyən rolu idi. 
Freydin nəzəriyyəsində  nəsil artırma instinkti seksuallıq termini ilə 
ifadə edilirdi. Alim seksuallığın insan həyatındakı bütün təzahürlərini öy-
rənmişdi. Onun uşaq seksuallığı haqqında xüsusi əsərləri vardır və bu ha-
disənin tarixini 2-3 yaşdan başlayaraq izləmişdir. Freydin paradoksal nəzə-
riyyələrindən biri körpəlik seksuallığının oğlan uşaqlarında öz analarına 
yönəlməsi və bunun insan psixikasında yaratdığı zədə və komplekslərin təs-
viri ilə bağlıdır. Körpə uşaqların anaya yönələn seksuallığına Freyd “Edip 
kompleksi” adı vermişdi və hadisəni “Dostoyevski və ata qatilliyi” kimi 
əsərlərində  şərh etmişdir. Edip yunan dramaturqu Cofoklun “Çar Edip” 
pyesinin qəhrəmanının adıdır. Kahinlər ona atasını öldürəcəyini və anası ilə 
evlənəcəyini deyirlər. Bu taledən qaçmağa çalışan Edip özü bilmədən Fiv 
çarı olan atasını öldürür və anası ilə evlənir, bu qadından bir neçə uşağı olur. 
Kralların və  sərkərdələrin öz atalarını öldürüb hakimiyyətə yiyələnməsi 
barədə tarixi faktlar çoxdur və onların bir qismi tarixi xronikalarda 
göstərilmiş,  ədəbi  əsərlərin süjeti kimi işlənmişdir. Freyd Edip kompleksi 
nəzəriyyəsini əsaslandırmaq üçün belə əsərləri tədqiqata cəlb etmişdir.  
Freyd öz nəzəriyyəsini əsaslandırmaq üçün incəsənət, ədəbiyyat və 
din tarixindən çoxlu misallar götürmüşdür. Alim “Moisey və monoteizm” 
kitabında və digər  əsərlərində  qədim mifologiyada, din tarixində, siyasi 
tarixdə tez-tez təsadüf edilən öz atasını öldürmə hallarını araşdırmış  və 

 
74
körpələrin analarına qarşı seksuallığının psixi kompleks kimi qalıqların-
dan biri sayaraq “ata qatiliyi” nəzəriyyəsini geniş şərh etmişdir. Alim qa-
dınlara qarşı seksual istəyin əksər hallarda şüuraltı ilə bağlı olduğunu və 
ağılla hesablaşmadığını əsaslandırırdı. Kişilərin qadına qarşı şüuraltı bağ-
lılığını alim libido adlandırmışdı. Adətən reallaşa bilməyən libidolardan 
çoxlu xəstəliklər və psixi anormallıqlar yaranır. Alim “ata qatilliyi” hadi-
səsinin kökünü uşaq seksuallığı dövründə oğlan uşaqlarının analarına qar-
şı libid bağlılıqla əlaqələndirirdi. Anaya yönələn libido ata ilə şüuraltı düş-
mənçilik kompleksi yaradır. Freyd oğulların atalara qarşı belə düşmənliyinin 
siyasi, dini, mədəni tarixdə sosial nəticələrini izləməyə çalışmışdır. Z.Freyd 
bunu nevrozun ağır formalarından biri sayırdı. Alim, eyni zamanda, insanlarda 
şüuraltı “həyat və ölümə meyl” arasında gedən mübarizənin  ədəbiyyatda 
təzahürünü araşdırmışdır. Ölümə meyl, ölün kompleksi Avropanın bir sıra 
böyük yazıcılarının əsərlərində bədii konsepsiya kimi istifadə olunmuşdur.  
Alim Edip kompleksindən uzaqgedən nəticələr çıxarır. Ailədə 
sonbeşik uşaqlara analar tərəfində  həddən artıq məhəbbət düşməsi ilə 
bağlı “istəkli oğul” nəzəriyyəsini irəli sürüb. Həyatdan və tarixdən gətirdi-
yi misallarla alim sübut edir ki, dünyada ən uğurlu adamlar, yaxşı karyera 
edənlər əksərən “sevimli oğul”lardır. Uşaqlıqda bollu məhəbbət payı alan 
uşaqlar ruhi cəhətdən sağlam və cəsarətli, iradəli olurlar. Freyd özü ailənin 
kiçik uşağı, anasının sevimli oğlu idi. 
Bəs uşaqlıqda kifayət qədər ana məhəbbəti görməyənlər necə olur? 
Freydə görə belə uşaqlar ruhi cəhətdən qüsurlu olurlar və müxtəlif seksual 
kompleksləri daşıyırlar. Müasir dünya kinosunda əsas süjetlər məhz bu 
komplekslərin tarixi kimi qələmə alınır və ekranlaşdırılır. Məhəbbətsiz bö-
yüyən, uşaqlıqda müxtəlif seksual təzyiqlərə məruz qalan uşaqların xəstə-
lik və komplekslərinin tarixi müasir kinoda xüsusi janra və həm də cina-
yətkarlıq nəzəriyyəsinə çevrilib. Hər bir cinayətin, Freydə görə, uşaqlıqla 
bağlı kökü vardır. Bu mənada Z.Freyd cinayətkarlığı, xüsusilə seksual 
zəmində olan cinayətkarlığı  şüuraltının uşaqlıqda zədələnməsi ilə bağlı 
psixi xəstəlik sayırdı. Qərbdə  və xüsusilə ABŞ-da bu nəzəriyyə  əsasında 
yazılmış ssenarilərin, filmlərinin sayı yüzlərlədir. Freydizmi bilmədən bu 
filmlərin mənasını anlamaq çətindir. 
Freyd insanların öz iradəsindən asılı olmayaraq konkret qadınlara 
instinktiv seksual meyl hiss etməsini dərindən araşdırmış və belə ünvanlı 
şüuraltı seksuallıq hallarını – “libido”ları  həkim kimi izləmişdir. Libido-
nun, alimə görə, müxtəlif əxlaqi və sosial səbəblərdən reallaşa bilməməyi 
çoxlu kompleks və  xəstəliklərin mənbəyi olur. Freydə görə, xəstə, ruhi 
halı pozulmuş qəddar siyasətçilərin hamısı reallaşa bilməyən libido meyil-
lərinin, çox zaman isə  təmin edilə bilməyən seksuallığın adi xəstələrdir. 

 
75
Alim bunu əsaslandırmaq üçün siyasi tarixdən çoxlu misallar tapmışdır. 
Kolumbiya yazıcısı Qabriel Markes və digər Cənubi Amerika yazıcıları 
diktatorların davranışını izah etmək üçün Freydin sıxışdırılan seksuallıq 
və bundan yaranan psixi pozuntular barədə nəzəriyyəsindən geniş istifadə 
etmişlər. Q.Markesin “Patriarxın payızı” romanı da buna misal ola bilər. 
Onun patriarxının həyatı kompleksinin – xəstəliyinin tarixçəsidir. Bu ta-
rixçə reallaşa bilməyən seksuallığın siyasətçilərin həyatında və bütünlükdə 
cəmiyyətdə təzahürünün bədii illüstrasiyasıdır. 
Freydə görə, təmin oluna bilməyən seksual enerji həm pis, həm də 
faydalı formalarda təzahür edə bilər. Aşıb-daşan seksual enerjinin digər 
insan fəaliyyəti formaları kimi sosial və fərdi həyatda özünü göstərməsinə 
Freyd “sublimasiya” adı vermişdi. Seksual enerji elmə, incəsənətə, dinə, 
siyasətə, müharibə və aqressivliyə və s. maraq formasında da təzahür edə 
bilər. Alim bunların hər birini ayrıca tədqiq etmişdir. Məsələn, Freydin bə-
dii yaradıcılıq haqqında nəzəriyyəsi seksual enerjinin yaradıcılığa çevril-
məsi, sublimasiyası tezisinə  əsaslanır. Müasir Avropanın bütün yaradıcı 
ziyalıları bu nəzəriyyəni qəbul edirlər.  Ədəbiyyatda və incəsənətdə  mə-
həbbət mövzusunun belə geniş yer tutması alim üçün mühüm arqument 
idi. O, məhəbbəti seksuallığın sublimativ təzahürü sayırdı. 
Freyd hakimiyyətin təbiətini, müharibələrin səbəblərini, fərdi və 
hərbi aqressivliyin köklərini sublimasiya nəzəriyyəsi vasitəsi ilə izah 
etməyə salışmışdır. Ona görə müasir incəsənət və  ədəbiyyatda freydizm 
təkcə müasir mövzularda deyil, həm də tarixi hadisələri təsvir edən süjet-
lərdə fəlsəfi açar kimi istifadə olunur. XX əsr ədəbiyyat və incəsənətinə, 
xüsusilə modernist cərəyanlara onun qədər təsiri olmuş ikinci bir şəxsiyyət 
göstərmək mümkün deyildir. 
Z.Freydin dostu və həmkarı olmuş isveçrəli psixoloq K.Q.Yunq da 
ədəbiyyat və incəsənətdə şüuraltı meyl və təzahürləri tədqiq etmişdir. O, 
fərddən çox xalqların və bəşəriyyətin şüuraltı simvollarını, arxetipləri aş-
karlamağa çalışmışdır. Ümumən, freydizmin tarixi çox mürəkkəbdir: cərə-
yanın tərkibində parçalanmalar olmuşdur. Digər tərəfdən isə ənənəvi mək-
təblər freydizmin yaradıcılıq təlimini sərt tənqid etmişlər. Bir sıra tədqi-
qatçılar isə freydizmi və marksizmi birləşdirməyə çalışmışlar və biz də 
bunu təbii sayırıq. Ümumən, Freyddən sonra onun nəzəriyyəsi bir sıra 
görkəmli Avropa alimləri tərəfindən davam etdirilmişdir. Xüsusilə XX 
əsrin 70-ci illərindən sonra freydist ədəbiyyatşünaslıq məktəbi coşqun 
inkişafa başlamışdır və demək olar ki, bərpa olunmuşdur. Lakin rus dilin-
də freydizmi doğru  şərh edən mənbələr demək olar ki, yoxdur. Mark-
sistlərin çoxu Freyd nəzəriyyəsini vulqar şəkildə anlayır və  şərh edirdi. 
Təəssüf ki, bu meyl ədəbiyyatşünaslıqda daha geniş yayılmışdır. 

 
76
Ədəbi izah və  şərh forması kimi freydizm ən çox jurnal və  qəzet 
tənqidində populyardır. Romanlara, film və tamaşalara yazılan resenziyalar 
adətən freydizmin konkret əsərin süjetinə tətbiqi kimi qurulur. Teatr və kino re-
jissorları, ssenaristlər arasında hətta klassik yazıcıların Freyddən əvvəl yazılmış 
əsərlərinin freydistcəsinə şərhi və səhnələşdirilməsi kütləvi hal almışdır. 
 


1   ...   4   5   6   7   8   9   10   11   ...   39


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə