RƏsul rza seçİLMİŞ



Yüklə 9.66 Kb.

səhifə11/13
tarix03.07.2017
ölçüsü9.66 Kb.
1   ...   5   6   7   8   9   10   11   12   13

"HƏLƏ TEZDİR" DEDİLƏR
İxtiyarsız qapanır
yorğun gözlərim...
Xəstələr evi
dərin sükut içindədir.
Gəzirəm böyük binanı
mərtəbə-mərtəbə:
Nə inilti,
nə xəstə arabasının
xırıltılı təkər səsi.
Nə telefon zəngi.
Heyrətlidir bu bina -
dünyanın bugünkü mənzərəsi.
Palatalar bomboş.
Hər yan dümağ geyinib.
Hərdən-hərdən
körpə gülüşü gəlir.
Diqqətlə dinləyirəm,
Bir gənc qadın səsi yüksəlir:
"Ay Allah, bundan üç dənə ver!
Üç dənə azdır, beş dənə ver!
Həsrətini çəkmişlərə ver!"
İkinci qadın səsi
qoşalaşır onunla:
"Dağda darılar,
sünbülü sarılar,
qoca qarılar
bu balama qurban!"
Çıxıram dünya bağına,
bu nədir?
Nə maraqlı səhnədir,

__________________Milli Kitabxana_________________
Cərrahlar meyvə ağaclarına
calaq vururlar.
Kardioloqlar diqqətlə dinləyir
torpağın nəbzini.
Dantistlər alaqları çıxarırlar
torpağın
köksündən.
Okulistlər, ellərində qabarıq
şüşə,
yoxlayırlar çiçəklərin tozunu.
Endokrinoloqlar
gübrə verir ağaclara bu gündən.
Onkoloqlar axtarırlar
hansı ağac gövdəsində şiş var.
Bir söz, burda hər kəsə
peşəsinə görə iş var.
Sınıq budaqları sarıyırlar
tibb bacıları.
Arıdırlar gül topalarını,
əldə gümüş qayçıları.
Çalışır hamı:
cavanlar, qocalar.
Pəncərədən görünür
ağ geyimli pediatorlar,
mamaçalar.
Yol başında mürgüləyir
gümrah bir qoca.
Xəstə gözləməkdən
saralıb gözünün kökü.
Gedib, gedib qayıdır,
gözlərinə mürgü.
Yolda görünür
aypara nişanlı maşın.
Bir ortaboylu qadın
ehtiyatla enir maşından.
İlkin - ana olacaq,
görünür davranışından.
Ayılıram.

__________________Milli Kitabxana_________________
Hələ iniltilər də var.
Xəstə arabasının xırçıltıları da,
su, toz dərmanlar da...
Tiyəsindən qan daman
xilas bıçaqları da...
Bir səs gəlir qulağıma:
"Helə tezdir, tez!
Nə dünya bir meyvə bağıdır,
nə arzuyla imkan əkiz".
ƏVƏZSİZ HƏDİYYƏ
Bir gün qonşum Əziz gəldi,
həkim Əziz.
Ümidli, təsəllili sözlər dedi:
"Nə var ki, səndə!
Çox adam əhvalsız olur
Bakımızın məşhur küləyi
əsəndə".
Getdi.
"Yaxın gün şadlıq məclisində
görüşərik!" - dedi.
Demə, ömründən bir neçə ay,
neçə gün, neçə saat qalıbmış
Nə ağrılı, incikli keçdi
bu qış!
Qəribədir insan taleyi, qəribə.
Kim bilir nə vaxt,
hardan dəyəcək zərbə.
Düşünürəm: özünün
günləri sayılı ikən,
bəlkə də onun inamlı
sözlərindən,
bir çimdik də olsa
qüvvət aldım mən.
Belə olur insanın
insana əvəzsiz hədiyyəsi.

__________________Milli Kitabxana_________________
Bir xoş baxışı,
bir ümidli sözü,
bir inamlı səsi.
QƏRİBƏDİR DÜNYANIN İŞİ
Bir gün Rza gəldi,
Əfqanlı Rza.
"Adaş" deyərdi mənə -
yazılarımda imzama görə.
Döşü dolu idi
fəxri nişanlarla
cürbəcür.
Danışdı teatrdan,
aktyor sənətindən,
həmpeşələrinin xidmətindən,
bir az gileyləndi:
"Qocalar gedir bir-bir" -
dedi, -
"Cavanlar hələ təcrübəsizdir
indi".
Danışdı, necə ürək sözləri
eşidib
yaxşı adamlardan.
Necə acılar görüb
nadanlardan...
Danışdı, həyəcanla,
əl-qolunu ataraq,
Dodaqlarında kövrək təbəssüm,
gözlərində maraq.
- Tez sağal! - dedi, - adaş!
Çıxaq səyahətə.
Gəncə, Göyçay, Ağdaş.
Getdi şax qamətli, dimdik.
"Görüşənə qədər", - dedi.
Görüşmədik.
Araya düşdü qara xəbər:

__________________Milli Kitabxana_________________
"Əfqanlı keçindi bu səhər".
Beş dəqiqə çəkdi
xəstəliyi.
Vida deyə bilmədi
dostlara, tanışlara.
Getdi, mən xəstə yata-yata,
o, sapsağlam dura-dura.
Qəribədir dünyanın işi.
1974
UNUTMAYIN
Mən güllü bir may səhəri doğulmuşam.
Bəlkə, getdim bir yanvar axşamı.
Tabutuma ipək salmayın!
Dəfhimə toplamayın izdihamı.
Bir ovuc torpaq üstünə qoyun başımı.
Mən o torpağı sevmişəm.
Ancaq məhəbbətim
nə sərgiyə qoyulan bir tablo olub,
nə parıltısı diqqət çəkən üzük qaşı.
Mənim sevgim sevgi idi -
sadə, yaxşı...
Mən anamın südü kimi,
atamın öyüdü kimi,
sevdim bu torpağı.
Bir ovuc torpağı əsirgəməyin məndən.
Mən ancaq onu
aparacağam,
nəsil-nəsil insanlara
çeşid-çeşid nemət verən
bu vətəndən.
Mən öləndə ağlamayın!
Mən öləndə gülməyin!
Yox, nəyə gərəkdir!
Mən, sağlığımda çox gülmüşəm.
çox ağlamışam.

__________________Milli Kitabxana_________________
Ancaq o həzin axşam,
məni yalqız qoyub
əbədi sükut evində,
qayıdanda geri,
açın, taybatay açın,
otağımda pəncərələri!
Çıraq yanmasın.
Səssiz çıxın otaqdan.
Elə çıxın ki, sükut oyanmasın
O səssiz, o qaranlıq otaqda
dincəlsin yalqızlıq, sükut.
Dincəlsin ruhum da
Ümidimi, arzumu,
sevincimi, dərdimi
görmüş otağım da.
Ölülər geri dönə bilsəydi,
mən bu otağa gələrdim.
Burda uzun bir dəqiqə
dincələrdim.
Cənnətdə işim yoxdur.
Getmərəm, dəvət etsələr belə!
Cəhənnəmi söndürüb,
bütün ölülər ora getsələr belə...
Mən xoşbəxt olardım,
tabutumu özüm apara bilsəm!
Adımı, xatirəmi
yazılı nitqlərdən,
sərin ahlardan qopara bilsəm...
Vətən torpağı genişdir, qəlbim kimi
Demirəm, Göyçayda basdırın məni,
Ancaq ki, riyakar gözlərdən uzaq,
aparın, bir çayda basdırın məni!
Tabutumu örtsün sərin sular.
Qəbrimi görüb kədərlənməsin
sevinclilər, arzulular.

__________________Milli Kitabxana_________________
Qəbrimin üstündən sular çağlasın.
İnsanlar sevinsin, gülsün
işıqlı gündüzlər.
Gecələr də mənə,
yaşıl saçlarını
sulara sallayan,
salxım söyüdlər ağlasın...
1947
* * *
Olmasın, olmasm
Könül qaranlığı.
Ömrün qəmli günləri
Damcı-damcı süzülür
Arzuma, ümidimə.
Arxada qalan illər
İncikli yollar boyu
Uzaqlaşıb qərq olur
Xatirələr gölünün
Dumanlı sükutuna.
Hər gün yaxınlaşdırır
Axır mənzilə bizi.
Sahilini göstərir,
Artıq ömür dənizi.
O sahildə nələr var,
Varmı xəbər gətirən,
Ordan geri qayıdan?
Nə yel qanadlı quş var,
Nə təyyarə, nə tren.
Ömür bir küçədir ki,
Birtərəfli hərəkət
onun sərt qanunudur.
Günlər onu hər qarış udur...
1981

__________________Milli Kitabxana_________________
* * *
Səhərlərim açılır,
könlüm açılmır nədən?
Nəfəs alıb verdikcə,
ömürdür keçib gedən.
Sarı-sarı yarpaqlar
budaqlarda titrəşir.
Onları yavaş-yavaş
Yuyur yağış - mürdəşir.
mart, 1981
* * *
Ömrün qəmli günlərindəyəm
xəstəliyin ucundan,
qocalığın üzündən.
Həkim deyir:
- yorulub ürək. Deyirəm:
- yorulmusan, ürəyim!
Keçən günlər gözümdə
bir xəyal dünyasıdır,
göynədir göyüm-göyüm.
O günlər doğmam idi,
bu günlərim ögeyim.
Günlər var çeşid-çeşid;
inciklisi bu yanda,
fərəhlisi o yanda.
Belə olurmuş demək,
ömür-günün sonunda.
31 mart 1981
Mərdəkan, xəstələr evi

__________________Milli Kitabxana_________________
ÇİNAR ÖMRÜ
Nə payızdı,
nə qışdı...
Bir çinar qurumuşdu.
Nə suyunu kəsdilər onun,
nə üstünə kölgə düşdü.
Ağac ayaq üstə qurumuşdu.
Nə yarpaqları saraldı,
saplağı sınmış kimi.
Nə xəzəli töküldü,
yuvasından uçan quş kimi.
Elə bil ki, gövdəsi üşümüşdü.
Çinar, beş yüz ildən bir az,
bircə yaz,
az
yaşadı.
Amma yaşadı ha!!
Yaşadı, puçurlaya-puçurlaya
bu gündən sabaha.
Çinarın ölüm günü
ilk pöhrəsindən,
ilk yarpağından başlamışdı.
Əsr-əsr yaşadı bu ölüm
çinarın budağında,
gövdəsində, kötüyündə.
Ayrılmadı çinardan
bir an da, bir gün də;
Çinar duymasa da onu,
Ölüm keçdi, pöhrə-pöhrə
yarpaq-yarpaq,
budaq-budaq yolunu.
Bir qış, duyan olmadı ki,
çinar artıq quruyub.
Yazbaşı gördülər ki,
budaqlar oyanmadı.
Yarpaqlar göyərmədi.
Çinar yatmışdı, nədi?!

__________________Milli Kitabxana_________________
Günlər keçdi.
Nə qotaz sarı sırğaları sallandı
çinarın,
nə kölgəsi sərildi çəmənə
naxış-naxış.
Arxada qalmışdı,
qılıncı şaxtadan - qış.
Yazbaşı gördülər ki,
Çinar quruyub, ölüb.
Bir gecə qara yeldən
budaq-budaq tökülüb.
Nə boy-buxundan gileyi vardı
çinarın,
nə ucalıqdan.
Çinar beş-on insan ömrü -
dörd yüz doxsan doqquz il
yarpaqlandı,
sırğalandı,
ağır-ağır yırğalandı,
sakit-sakit öldü
qocalıqdan.
Nə meydan kölgəsi qaldı,
nə narın, xəfif yeldən
bəstələdiyi nəğmə -
titrək pıçıltıları.
Bir acı göynək qaldı
insanların qəlbində
çinardan.
Bir də həzin xatirə qaldı.
"Neçə meydan kölgəsi vardı" -
dedilər.
"Neçə ulduz-ulduz yarpaqlayardı" -
dedilər.
"Neçə qoyun-quzu
dincələrdi altında" -
dedilər.
Neçə nəğmələr gətirərdi ona
quşlar qanadında" -

__________________Milli Kitabxana_________________
dedilər.
Çinar getdi;
könüllərdə yanğısı,
yeri qaldı.
Dodaqlarda xan çinarın
bahar nəğmələri qaldı.
Əlli olsun, yüz olsun,
neçə-neçə əsr olsun –
ömrün ilk günü,
son günü var.
Beş yüz ildən bir əskik
yaşadı çinar.
Fırtınada, qasırğada
əyilmədi.
Acizlik, qorxu nədir -
bilmədi.
Yaşadı çinar kimi;
budaqları çətir-çətir,
kölgəsi meydan-meydan.
Az da, çox da yaşasaydı,
belə yaşayacaqdı.
Kökü torpağa bağlı,
vüqarlı çinar kimi;
müdrik babalar kimi.
Getdi səssiz, haraysız,
nə yeddisi, nə qırxı oldu.
Təəssüfü, yanğısı gəzdi
dodaq-dodaq,
ağız-ağız.
Çinar getdi.
Ondan -
"Kaş bir il də yaşayaydı..." -
bir arzu qaldı.
Dibindən qaynayan
bir bulaq su qaldı.
Bir belə çinar ömrü

__________________Milli Kitabxana_________________
olsun deyirəm, ömrüm.
İllərin sayına görə yox!
Bir ömür ki,
xatirələrdə yanğısı, izi qalsın;
neçə-neçə ömürdən çox.
Bir ömür ki, kimsəyə
əziyyəti dəyməmiş olsun.
Bir ömür ki,
heç gileyə enməmiş,
heç kəsə baş əyməmiş olsun.
Bir ömür ki,
həm yoxuşu şərəfli,
həm dözümlü enişi.
Bir insan ömrü -
kişi ömrü, kişi.
iyun, 1976; oktyabr, 1977
Bakı-Göyçay

__________________Milli Kitabxana_________________
Torpaq olmuş sümüklər
BİOQRAFİK ETİRAFIM
Yetmişi haqlamışam,
(köhnə Quran cildində
yazılmışlar doğrusa...)
Nələri itirmişəm,
Nələri saxlamışam.
Vətənə məhəbbəti,
Sevgilimə ləkəsiz ülfəti, sədaqəti,
xalqıma, insanlığa
gərəkli bir xidməti.
Bugünlü dünyamıza
böyük, real inamı,
qəlbimdəki ümidi
hər yanda, hər gün, hər an
iftixarla saxladım.
Yetmiş yaşı haqladım.
Yetmişi haqlasam da,
mən yurdumla həmyaşam,
Azərbaycan oğluyam,
əsrimlə vətəndaşam.
Həmişə gələcəkli,
həmişə bugünlüyəm.
Fikir fikrə,
söz sözə,
iş işə bugünlüyəm.
İtirdiyim az deyil.
Arzumla, istəyimlə
bir səs, bir avaz deyil.

__________________Milli Kitabxana_________________
Dolu olmayan günlər,
imkan da itirmişəm.
Calaşıq axşam-səhər,
Zaman da itirmişəm.
Tək-tək dosta, tanışa
sidq-etibarım itib,
elə bil şaxta əsib;
bir ilk baharım itib.
Neçə səhvim - qüsurum,
neçə yanlışını olub.
Neçə baharım olub,
şaxtalı qışım olub.
Nə əlimdə olanı
ovcumda sıxmışam,
nə zər, daş-qaş yığmışam.
Bir mizanda görmüşəm
həyatda çoxu, azı.
Gəlirim bu olub ki,
neçə insan əlini
gözlərinə dik baxıb
hərarətla sıxmışam.
Bir sadiq ömür dostum,
şeir dilli yarım var.
Bir də doğru sözümü
şax deməyə cürətim,
haqqım, ixtiyarım var.
Mənim arxam, dayağım,
vətəndaş övladlarım
könül iftixarımdır.
Gələcəkli barımdır.
Nə köhnə bazirganam
var-dövlətli, yatırlı.
Nə ağır yüklü
qatar-qatar dəvələrim var.
Neçə qurd dilli, göyçək

__________________Milli Kitabxana_________________
yaxşı nəvələrim var.
Mənim gözümlə baxan
sözlərimə inanar.
Qardaşım yoxdur, neçə
qardaş kimilərim var.
Bəlkə belə yaxşıdır.
Məndən kiçik olsaydı,
əlimdən dad çəkərdi.
Məndən böyük olsaydı,
başımda turp əkərdi.
Bu köhnə bir məsəldir,
hansı mənhus ellərdə,
hansı ağır illərdə
yaranmışdır, kim bilir.
Bugünkü ünsiyyəti
onlar görəydi gərək,
görüb heyrətlənərək.
Üç mehriban bacının
məhəbbəti sinəmdə,
hər gün danışa bilsəm,
görsəm də, görməsəm də...
Atam vəfat edəndə
mənim beş yaşım vardı.
Beş-üç gün "ata-ata" –
deyib, yanıb göynədim.
Anamın məhəbbəti
məni aldı qoynuna.
Sanki dərdim qurtardı.
Sonra da dayım oldu
sevib saxlayan bizi,
yekə ailəmizi.
Onun tərbiyəsində
yaşa doldum, boy atdım.
Onun adından qaldı
Rəsul Rza - soyadım.
Dostlarım artıb, amma
nə qədəri azalıb.

__________________Milli Kitabxana_________________
Köhnə dostlar az qalıb.
Ana məhəbbətini,
ata məhəbbətini
sinəmdə saxlamışam
nadir yadigar kimi,
dəyişməz qərar kimi.
Neçə məktəb dəyişdim,
təngə gəldim, yoruldum.
Böyük, kiçik rütbədə,
vəzifələrdə oldum.
41 oldu könüllü
uzaq cəbhəyə getdim.
Cəbhədə gördüklərim
çox tez dəyişdi məni.
Yeni, sonsuz qüvvətlə
sevdim ana Vətəni.
Düşmənlərin amansız
qorxunc üzünü gördüm.
Öz qanına boyanmış
neçə yüzünü gördüm.
Qəlbi intiqam dolu
könüllü əsgər oldum.
Ana yurdun yolunda
qələbə, zəfər oldum.
Ürəyimdə Vətənin
aydın, xoş günlərinə
sarsılmayan bir inam.
Bir də gözləri yaşlı
həsrətli qoca anam.
Zülüm-zülüm yollarla
hər qarışı qadalı,
hər qarışı ölüm, qan.
Qafqazın dağlarından
Getdim ta Krımacan.
Bir mən deyildim gedən.
Neçə xalqın oğlunu,
Neçə xalqın qızını
çağırdı böyük Vətən.

__________________Milli Kitabxana_________________
Nə düşündüm, nə duydum,
yazdığım uzun, gödək
bu sətirlərimdədir.
Yazdım ya çox, ya da az.
Olmuşları, olanı,
saysam min gün qurtarmaz.
Əgər yetmişdən o yan
yenə yaşayar olsam
çox şeyi eləməzdim,
çox şeyi eləyərdim.
Ya az olsun, ya da çox
möhnətim, arzum, dərdim.
Yaşayıram, deməli,
Könüldən fəxr edərdim.
İllər bir-bir sovuşdu,
gəlib çatdım yetmişə
hələ də rast gəlmədim
bir kəs ki, arzusuna
doyumunca yetişə.
Mən də onlardan biri.
Ümidinə haraylı,
arzusunun əsiri.
Nə olacaqdır indi
bu yetmişimdən sonra.
Ya mən arzumu yoram,
ya arzum məni yora.
14-18 mart 1980
TORPAQ OLMUŞ SÜMÜKLƏR
(Ömür pillələri)
Gözümdə qarışıqdır
ilk günlərin biçimi,
axır günlərim kimi.
Deyirlər beş göy bahar,

__________________Milli Kitabxana_________________
beş sarıyaylıq xəzan
bəsləmiş,
böyütmüş,
qoynunda məni.
Bir gün yadımdadır:
(Ətrafı cunayıdan görən kimi,
Hərdən gözümdə canlanır).
Atam evə dönmədi.
Anamın nəm gözləri
dodaqlarımı bükdü.
O gündən şən qəlbimə
yetimlik rəngi çökdü.
Dedilər: - Gələcək.
İnandım,
Gözlədim, gəlmədi.
Təsəllilərlə aldandım.
Bəzən,
röyalarda sarılardım boynuna.
Baxardım göy gözünə.
Deyərdim: - Atacan,
Gəldinmi yenə?
O məni oxşayardı.
Saçlarımda gəzdikcə barmaqları,
sevincimdən gülərdim.
O məni oxşayardı.
Heyhat,
ayrılınca, yenə də
o acı yoxluq vardı.
Boğazımda düyümlənərdi bir daş.
Səbəbini bilmədən
ağlayardım gecələr.
Yüyürdü, keçdi günlər;
unutdum yavaş-yavaş,
çocuq könlümdə çox
bəsləmədim kədəri.

__________________Milli Kitabxana_________________
Yaxşılar, pislər deyə
iki yerə ayırdım
oyuncaq gətirənləri,
əliboş gələnləri.
On qarlıqdan keçən ömrün
bir bənövşəliyində
ala çocuq gözlərimlə gördüm
qanayan köksünü üfuqlərin.
Qəlbim sıx-sıx döyündü
yeni həyat nəğmələri gətirən
qoxusundan səhərin.
Aylar ötdü.
İllərə çatdıq.
İlləri bir-birinə çatdıq.
İllər uzandı.
Həyat yollarında qəlb
hər gün bir şey qazandı.
Acı, şirin.
Bəzən dadlı, gözəl.
Bəzən qan, irin.
İstidə tərlədim,
soyuqda üşüdüm.
Yürüdüm, düşdüm.
Qalxdım, yenə düşdüm.
Bəzən çiçək dərən əllərimi
qanatdı tikanlar.
Bəzən sevinc verdi mənə
bir qüvvət dolu şərqi,
göy, gümüşü bir səhər!
Biri sıxdı əlimi,
"Dostum" deyə.
Biri vurdu ağzıma,
"Yum" deyə.
Çox sındırdım başımı,
bu qəribə işlərin
mənasını anlayım, duyum deyə.
Yol uzun,
Ömür qısa.

__________________Milli Kitabxana_________________
Ölüm arxadan gəlir
həyatı pusa-pusa.
Gözlərimin sevinc yaşı,
boğazımı tıxayan bir hıçqırıq
hamısı yadımdadır...
Hey...
Nələr çəkmədi Rzanın başı!..
Atdığım hər addımda
sümüklər çıxdı qarşıma.
Sümüklər bəndləndi,
Sümüklər kəməndləndi.
Sümüklər buraxmadı irəli.
Uzun illər
dadlı bir röya kimi,
mən gözlədim
ömrümün baharını.
Bir gün gördüm
ağ şərid yollar boyu
dəstələri uzanan
yolçuların içi rüzgarlı
bayraqlarını.
Könlüm sabaha bağlı.
Ürək dinləmir ağlı.
Ağlım: "Öz gücünə inan", - deyir.
Qəlbim: "İgidsən,
ömrün atəşinə yan,
eşqin imtahanına
dayan", - deyir.
Eşqim nə Fərhad eşqidir,
nə Kərəm.
Hey...
eşqim, eşqim!
Canlanıb qarşımda
durarsa bir gün,
boğazına qaynar qurşun tökərəm!
Eşqim bir qıza olsaydı,
könlüm
bir gözəlin həsrətiylə yorulsaydı,

__________________Milli Kitabxana_________________
bəlkə mümkün olardı
bu eşqi, bir ləkə kimi,
benzinlə təmizləmək.
Dəniz gözlərindəki dalğadır,
eşqimin xəbərçisi.
Mənim eşqim bir çoban,
könlüm onun keçisi.
Gördünmü, "eşqim-eşqim" deyə,
çıxdım çərçivədən eşiyə.
Lakin yazanlar bilir;
misralar hücum çəkəndə başa,
çətindir düşməmək savaşa.
Mən çocuqluqdan vuruldum
şirin dilinə şerin.
Şeir zəhərdən şirin.
Şeir öpüşdən şirin.
Şeir ölümdən şirin.
Və ilk görüşdən şirin!..
İlk şerimi tapanda,
göz yaşımdan islanmış
yastığımın altından,
dandım mənimliyini;
necə danarsa bir gənc
birinci sevdiyini.
Əvvəl gündən sevmədim cəbri
və belə cəbrli şeyləri xoşlamadım.
Lakin,
sevişdiyimiz ilk gündən
şeri boşlamadım.
Qoşuldum yolçulara.
Qabağa qoşmaq,
yoxuşlar aşmaq,
o dəmir sıralarda yürümək istədim.
Dedim: - Sabah
biri olardım onların.
Heyhat!
Yenə gəldi sümüklər.
Sümüklər bəndləndi.

__________________Milli Kitabxana_________________
Sümüklər kəməndləndi.
Sümüklər
qoymadı irəli.
Sonra nələr oldu, nələr!..
Buz dağları kimi sıxdı məni
həyat adlı, ömür adlı məngənələr.
Bir gün düşdüm həvəsə.
Əllərim əsə-əsə,
ərzə yazdım komsomola.
Yığışıb dinlədilər,
soruşdular birər-birər
ulu babamdan
bu günə qədər.
Yenə gəldi sümüklər.
Sümüklər bəndləndi.
Sümüklər kəməndləndi
sümüklər qoymadı irəli.
Sümüklər sıxdı məni sıxdıqca.
Ay keçdi, il dolandı,
neçə göllər duruldu,
neçə sular bulandı.
Bir gün oldu,
əl tutuşduq, ayrıldıq
orta boylu,
məktəb adlı dostumdan.
Yola çıxdım,
açmaq üçün
baş məktəbin
əzəmətli qapısını.
Alnımı incilərlə bəzədi
yolçuluğunda bu yolun,
üzvüydümsə də komsomolun.
Ayaqlarım yorulur,
yolçularda nə qüsur?
Ölüb-doğmaq istəyənin
taleyi budur.
Gəldi sümüklər.
Sümüklər bəndləndi.

__________________Milli Kitabxana_________________
Sümüklər kəməndləndi.
Sümüklər kəsdi qabağımı.
Sümüklər bir zindan kimi
belimdə ağırlandı...
Zənn etməyin bu ağırlıqla
yol yerimək asandı.
Aylar keçdi, il dolandı.
Neçə göllər duruldu.
Neçə çaylar bulandı...
Artıq
əlimdə Leninin qızıl kitabı,
baş məktəbin pəncərələrində
beynimi almışam səfərbərliyə!
Mən dayaz bir üzgüçü,
mənalar dərində.
Gecəyarı olur,
varaq yarılanmadan.
Oxuyuram, oxuyuram,
çoxunu qanmadan.
Kirpiklərim,
küləklənən yarpaq kimi titrəyir;
cəbr qədər çətin
sözləri qarşısında Marksın.
Bəzən kəlmələr gözümdə canlanır,
anladırlar mənə həqiqəti.
Sanki o qara xətlər
beynimdə aydınlaşır
dumandan çıxan Ay kimi...
O zaman, sanıram
mən də Marksam, -
özünü şahin bilən
torağay kimi...
Gecələr uzun,
gecələr qısa.
Uzunluq gecələrə məxsus.
Lakin nə uzunluq var gecələrdə
mən yazırkən,
onlar gedir, dayanmırsa?

__________________Milli Kitabxana_________________
Aylar ötdü, il dolandı.
Neçə çaylar duruldu.
Neçə göllər bulandı.
Atıldım qucağına həyatın.
Çevirdim varaqlarını
ömür deyilən
müqəddəratın.
Her qapını açdımsa,
hər yana baxdımsa,
hər çiçəyi,
hər gülü sinəmə taxdımsa,
niyyətim xoş,
arzularım şəfəqli idi.
Əllərimin zəhməti,
beynimin gücü,
qəlbimin qüvvəti,
elimə, yurduma gərəkli idi.
Mən gördüyümdən
yeddi qat artıq,
iş görərdim;
qəlbimdə gəzdirdiyimdən
yeddi qat az olardı
qayğım, möhnətim, dərdim, -
neçə yolun başında,
neçə günün,
neçə ayın,
neçe ilin savaşında
sümüklər bəndlənməsəydi
sümüklər kəməndlənməsəydi,
sümüklər çıxmasaydı qarşıma,
amansız bir qərar kimi.
Sümüklər bağlamasaydı yollarımı;
kərpicləri ağır
çuqun divar kimi!..
Dönə-dönə varaqladılar
yaşımdan yaşlı
günlərin, illərin
sarı yarpaq kitabını...

__________________Milli Kitabxana_________________
Bəsdir, yetər!..
Nədən, neçin verməliyəm,
torpaq olmuş
sümüklərin
hesabını
1934

1   ...   5   6   7   8   9   10   11   12   13


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə