RƏsul rza seçİLMİŞ



Yüklə 1.26 Mb.
Pdf просмотр
səhifə2/13
tarix03.07.2017
ölçüsü1.26 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   13

KÖVRƏK BUDAQ
Adi budaqdır,
gövdədən qalxıb,
kövrək.
Üstü körpə yarpaq.
Qönçə-qönçə çiçək.
Adi yarpaq,
nə öyünür,
"hamıdan yaxşıyam", - deyə
nə baxtına küsənir,
"başqalarına oxşayam", - deyə.
Adi budaqdır,
adi budaq.
Qaba əl dəysə,
sərt küləkdən əyilsə,
sınacaq.
Əyri bitməyəcək, yox,
ancaq sınıq yeri itməyəcək.
gövdədə qalacaq yarası,
görünəcək yeri.
Görünəcək yeri -
qışın çılpaqlığında
çılpaq yarası,
yazın yarpaqlığında
çiçək arası,
yarpaq arası.
Qoruna bilsə küləkdən,
qaba əllərin ucuz hünərindən,
faraş qışın,
suvar yazın
şaxtalı günlərindən,
bar verəcək.
Üstü dolu
yarpaq-yarpaq,
çiçək-çiçək.

__________________Milli Kitabxana_________________
Sərt küləklər əyməsə,
yaman əllər dəyməsə,
bərkiməmiş sınmasa.
Tonqalında bir avara,
kabab təpişdirib,
araqdan qızınmasa,
Kövrək budaq
torpaqdan su əməcək.
Günəşdən işıq.
Sevinəcək,
sevindirəcək
çiçək-çiçək, pöhrə-pöhrə,
yarpaq-yarpaq kövrək budaq.
Gəlin, gəlin, insanlar,
körpə budaqları
göz bəbəyimiz kimi,
dinc əməyimiz kimi,
bircə ürəyimiz kimi
qoruyaq!
1969-1970
İŞIQ VƏ KÖLGƏ
Günəş doğanda
çiçəkli, daşlı,
sulu, ağaclı bir aləm
kölgəmizə sığır.
Günəş qalxanda zenitə,
az qalır
bir ovuc içində
kölgəmiz də itə.
İlkindi çağı
böyüyür, uzanır,
qaplayır bir aləm torpağı
kölgə.

__________________Milli Kitabxana_________________
1974
GÜN BATANDA
Gün batanda
üfüqlərə qəm dağılır.
Elə bil ki, dünyamızdan
nəsə bir şey əkilir.
Hər kəsdən artıq bu itkini
insan duyur,
insan bilir.
1971

__________________Milli Kitabxana_________________
Yuxuma gəlmiş Ezop
EZOP
Bilmirəm,
yaşayıb, yaşamayıb
belə bir adam;
kölə-filosof.
Düzü düzünə deyə bilmədiyini
çevirib eyhamlar dilinə,
belə əlac axtarıb
ürək dərdinə,
könül nisgilinə.
Necə olur olsun;
ya varmış, ya yox;
Ezop gedib,
dili qalıb,
dünyanın min bir müşkülü qalıb.
Bəzən qorxudan işlənir
bu dil,
bəzən qəzəbdən.
Siz necə, bilmirəm,
Allah rəhmət eləsin,
mən ki yerdən göyə
razıyam Ezopdan.
Bursa, 1968
YUXUMA GƏLMİŞDİ EZOP
Yorğundum;
fikirdən, qayğıdan.
Qayğılarım özümünkü də,
Özgələrinki də.
İncik təki də,

__________________Milli Kitabxana_________________
yanğı, ağrı təki də.
Özgə qayğısı deyəndə,
insan övladlarının
bu günü, sabahilə
nigaranlıq,
uzun, üzüntülü.
Təsəlli gilə-gilə.
Huş apardı məni
fikir dolaşığında.
Ezopu gördüm
insan qarışığında.
Başını qaldırdı
ağır-ağır.
Gözlərində əsrlərin
insan kədərini gördüm.
Baxdım, baxdım,
hıçqırıb hönkürdüm.
Ezop sığalladı başımı,
qara qabar əllərilə
sildi göz yaşımı.
- Ağlama! - dedi, -
İnsan oğlu!
Sən ki mən görənləri
görməmisən.
Öz əlinlə, boğazına
dar kəndiri
hörməmisən.
Sən ki mən çəkəni
çəkməmisən,
heyvan yerinə cütə qoşulub,
ağalara əkin
əkməmisən.
Nə qollarında zəncir görürəm,
nə alnında qul damğası,
özünsən indi
taleyinin ağası.
Dedim: - Müdrik kölə!
İnsan taleyi - çaylar

__________________Milli Kitabxana_________________
bir qaynaqdan baş alıb,
tökülür bir gölə.
Mən nəçiyəm?
Mən nəyəm?
Bəlkə, neçə-neçələrə
göz dağıyam, şöləyəm;
fikri dustaq olanlara,
dili yasaq olanlara!
Ezop süzdü məni,
diqqətlə, uzun-uzun;
qalın dumanları arxasından
əsr-əsr yolumuzun.
"Yenə də varmı dünyada
ağalar, qullar?" - dedi.
"Var, - dedim, -
Neçə xalq, neçə cəsur insan
azadlıq yollarında
vuruşurlar", - dedim.
Ezop örtdü əllərilə üzünü.
Ezop birdən ağladı.
Ezop yaman ağladı.
Ezop elə ağladı ki,
əsim-əsim əsdi dağlar.
Bu qorxunc hönkürtüdən
susdu bütün dünyada
köhnə, yeni yaraqlar.
Tez yuxudan ayıldım.
Kaş ki, ayılmasaydım.
Göyçay, 19 oktyabr 1977
BAĞBANIN QƏFLƏTİ
Hər il,
hər ay.
Hər gün o deyirdi.
Dedikləri haqdı.

__________________Milli Kitabxana_________________
Bağı, yaxşı bağdı.
Armudlar şirin –
bahar yuxusu kimi.
Almalar yekə -
ilk məhəbbət etirafının
qorxusu kimi.
Gilas dənələri,
üzüm gilələri,
qabarıq şüşə altında
damcı-damcı göz yaşı.
Güllər ətir bükülü,
ipək naxışı.
Otlar göyçək,
Çiçəklər yaxşı.
Ağaclar boy-buxunlu,
qollu-budaqlı.
Bəli, o, qürurunda,
tərifində,
sevincində
haqlı idi, haqlı.
Bağban dostum, ancaq
bilmirdi ki, dünyada
tək deyil bu bağ.
1960
QARANQUŞ VƏ SƏRÇƏ
(Yersiz gəldi, yerli qaç)
Qaranquş qondu eyvanın
düyün-düyün pərdəsinə:
-
Cik-cik!
Bahar gəlib, biz də gəlmişik.
Baxdı, bir yuva gördü.
- Cik-cik!

__________________Milli Kitabxana_________________
Kim var orda, çıxsın!
Biz gəlmişik.
Sərçə yuvadan çıxartdı başını:
- Kimdir qonaq?
Buyursun qapıda dayanmasın!
Qaranquş hövsələsiz qışqırır.
-
Ey, qulaq asın!
-
Biz qonaq deyilik.
-
Kimdir orda, yubanmasın!
-
Cik-cik!
Biz bu yuvanı bəyənmişik.
Sərçə əvvəl qulağına inanmadı.
- Bəlkə pis eşitdim, - dedi, -
Bəlkə mətləbi qanmadım.
Yenə səs gəldi:
- Cik-cik! Sən çıx get!
Biz gəlmişik!
Onda sərçə atılıb qabağa,
Başladı quş dilində danışmağa!
- Görürəm sən böyüksən.
Kefin də tək ulduzun dibindədir.
Bəlkə də möhürlü mənzil kağızı
qanadının altında,
frakın döş cibindədir.
Ancaq xəbərin varmı,
həmişə bahar olmur.
Budaqlar yaşıl,
çiçəklər qatar-qatar olmur.
Hava ilıq olmur həmişə.
Gündüz göylər buludsuz,
gecələr süd aydınlıq olmur həmişə.
Mən də baharı sevirəm, ancaq
bahar dalınca qaçmamışam
Burda qalmışam
yayı da, payızı da.
Dimdiyimlə düzəlib

__________________Milli Kitabxana_________________
bu kiçik yuva da,
bu saman suvağı da.
Mən dözmüşəm bu yerin
istisinə, soyuğuna.
Dözmüşəm dən yoxuna, su yoxuna.
İndi hara,
kimin qapısına gedim?
Susdu sərçə...
fikirli-fikirli
əlavə etdi:
- Mən sözümü dedim.
Bilmirəm, qaranquş utandımı, susdumu.
Yoxsa çəkilib bir tərəfə
sərçənin dən ardınca
yuvadan getməsini pusdumu.
Ancaq sərçənin sözləri
xoşuma gəldi mənim.
İnsan dili bilsəydi,
bir nəğmə də öyrədərdim ona:
"Könlümün sevgili məhbubu mənim
Vətənimdir, vətənimdir, vətənim..."
fevral-mart, 1962
BAĞLARI QUM BASIR
Xəbərin varmı, qardaş!
Bağları
qum basır!
Xəzri əsdikcə gəlir.
gündüz günorta gəlir,
şər qarışanda gəlir;
dayanmır,
gecə gəlir.
Bir an içində olur,
təklifsiz qonaq kimi,
ev-eşiyə, eyvana,

__________________Milli Kitabxana_________________
meynəliyə qonması.
Xəbərin varmı, qardaş,
bağları
qum basır!
Tək-tək gəlsə nə var ki...
Kim ona baş qoşar ki...
Dalğa-dalğa gəlir qum!
Yayılır hər tərəfə,
payız çiskini kimi.
Elə bil ki, buluddan
yağa-yağa gəlir qum!
- Xəbərin var? - deyirəm, -
Əlbəttə, var xəbərin.
Bəs hardadır, hardadır
əllərin,
sənin güclü əllərin?!
Qoyma, qoyma bağları
qum basa!
Kimdən umsun köməyi,
meynələr,
səndən kömək ummasa?!
Bakı, dekabr, 1966
QOCA TİMSAH
Udur xırda balıqları
qoca timsah,
yekə timsah.
Göz yaşları axır, axır.
Deyir: - Sülhü qoruyuram bu sularda.
Quyruğuna humanizm nişanını
özü taxır,
qoca timsah.
- Aman! - deyir,
fəryad edir,
xırda balıq sürüləri:
"İstəmirik!

__________________Milli Kitabxana_________________
Artıq olsun mərhəmətin!
Rəyimizcə deyil sənin
bu niyyətin".
Qoca timsah eşitməyir,
Eşidirsə, anlamayır,
anlayırsa, bəyənməyir
bu fəryadı.
Deyir: - Nə var,
nə haraydır,
yenə salıb bu xırdalar?
Bilmirlər ki,
təhlükəli zamanlardır.
Yollarında dikdir də var,
çuxur da var.
Mənim qarnım,
azadlığın görülməmiş cənnətidir.
Cip-cip, cip-cip, xırdalarım!
Tez ol!
Bir-bir qarnıma gir.
Hamı baxır, hamı görür,
qoca timsah, yekə timsah
udur xırda balıqları.
Udduqca da
gözlərindən bol yaş axır.
Humanistdir timsah, axı!
ANA QAZ
Qazın yeddi balası vardı,
Qonaq gəldi,
ev yiyəsi birini kəsdi,
Dedi: - Altısı qalır, bəsdir!
Gecə bala qaz,
boynunda qan-qırmızı lenta,
girdi ana qazın yuxusuna.
Dəli bir külək əsdi,
bir bala düşdü su quyusuna.

__________________Milli Kitabxana_________________
Beşi qaldı.
Səhər ikisini
qonşu satın aldı.
Qonşunun arvadı dedi:
- İti bıçaq götür, a kişi,
yazığı incitmə, çığırtma.
Ocağı gur qaladı.
Günortaya hazır oldu çığırtma.
Ev sahibi bala qazın
birini də kəsdi.
Dedi: - İkisi qalır, bəsdir.
İkidən birini tülkü apardı,
qaldı biri.
Onu da it boğdu diri-diri...
Günlər keçdi.
Hava dəyişdi.
Qaz yenə yumurtladı.    .
Bir, iki, beş.
Ev sahibi gözlədi
ana qaz kürt düşsün, deyə.
Qaz bir gün sındırdı yumurtaları,
içdi ağını da, sarısını da,
yandırdı-yaxdı
ev sahibini də, qarısını da.
Dedilər: - Mərdimazar, yaramaz!
Nankor qaz, nanəcib qaz!
Yaxşı ki, adam dili bilmirdi qaz,
yoxsa ki, soruşardı:
- Niyə nankor,
yaramaz?
Balaları yox olandan bəri,
gecələr tez-tez
qaz yuxudan ayılırdı,

__________________Milli Kitabxana_________________
baxırdı o yan-bu yana.
Bəlkə balasından biri qalıb,
Bəlkə quyuya düşən diri qalıb.
Kim bilir, bəlkə
adam dili bilsəydi,
ömrü boyu ağı deyərdi:
"Cücələr, ay cücələr,
Cücələr, ay cücələr!.."
BALIQLARIN NƏĞMƏSİ
Kim eşidib balıqların səsini?
Heç kim!
Onda qulaq asın:
"Külək əsdi, tufan qopdu.
Biz qaçırıq sahillərdən uzağa,
Suyun dərin qatlarında qalırıq.
Külək əsdi.
Qara bulud üfüqlərə sürüşdü.
Günəş doğdu.
Şəfəq sulara düşdü.
Nur incilər səpələndi
yorğun gəzən ləpələrin döşünə.
Biz gedirik,
parıl-parıl parıldayan
inciləri udmağa.
Sevincimiz dənizlərə sığmayır.
Göy sularda nur incilər..."
Nədən sular qıpqırmızı qan oldu?
Balıqçı, ah, balıqçı!
Döndü əyri bir qarmağa nur muncuq.
Nəğmə qaldı yarımçıq.
Nəğmə qaldı yarımçıq.
Buzovna, 1958

__________________Milli Kitabxana_________________
MƏSTAN PİŞİYİM
Mənim məstan pişiyim, yenə çıxıb dizimə,
O yaşıl gözlərini zilləmisən üzümə.
Nə var, baxışındakı o dilsiz sual nədir?
Hansı kədər, hansı dərd ürəyini göynədir?
Yoxsa pişikliyindən, məstanım, narazısan?
Yoxsa elə bilirsən, dərdsiz yaşayır insan?
Yox, əzizim, aldanma, insan olmaq çətindir.
Yetmiş ayıb tapan var, bircə hərəkətində,
Yağlı-yavan, nə düşdü, yeyirsən iştahla sən.
Nə diabet eşidib, nə min yara bilirsən,
Sənin gündüzün gündüz, gecən adi gecədir.
Nə soruşan var, sənin qan təzyiqin neçədir?
Nə nihilist deyən var, nə də ki, kosmopolit.
Bir düşmənin var, o da qonşudakı Buldoq it.
Nə toyda yad edirlər səni, nə də ki, yasda,
nə də qanın qaralır, uzun, tünlük iclasda.
"Konsolidasiya" sözü bilmirsən nə deməkdir.
Ya şirin bir vədədir, ya da yağlı kötəkdir.
Nə anket doldurursan, uzunu yeddi qarış.
Nə tənqid olunursan, əsəri qurtarmamış.
Niyə baxıb üzümə mıy-mıy miyoldayırsan?
Yoxsa ki, süd gölündə, deyirsən, üzür insan?
Yox, əzizim, aldanma, insan olmaq çətindir.
Bəlkə də, ən münasib pişiklik qismətindir.
Ancaq məndən soruşsan, çətin olsa da, inan,
İnsan olmaq yaxşıdır, adi, xeyirli insan!
1956
SƏRÇƏ TOYU
Səhərdən
cik-cik səs tökülür
eyvana.
Hoppana-hoppana
sərçələr gəzir.
Hər yan olub toyxana.

__________________Milli Kitabxana_________________
Budaqlar toyxanadır,
ağac dibi toyxana.
Toyxana olub
Kirəmitli damların üstü,
çarhovuzun başı.
qaçışırlar,
çimişirlər,
toylu-büsatlı sərçələr
yaxşı-yaxşı.
Qanadları - boz yelpinc,
gözləri mərcilər.
Haylı-haraylı sərçələr.
Nə aşıqları var,
nə züy tutanları.
Ancaq
tullanmaqda, oynamaqda,
beş xal geri qoyarlar
balaca aranqutanları.
Oynayırlar sərçə kimi.
Səkirlər sərçə kimi.
Heç kəsə bənzətmirlər özlərini.
Yaşayırlar, sərçə kimi.
Sərçəlikdir
içimləri,
yeyimlərinin hər çəkimi.
Sevinin, sərçələrim, sevinin!
Mübarək olsun toyunuz!
Kəsməyin nəğmənizi;
bataqlıqdan üstünüzə
fınxırsa da neçə donuz.
1969

__________________Milli Kitabxana_________________
DALĞALARDA QALAN ÖRDƏK
Dedim: - Atma, uzaqdır,
külək də Xəzri deyil,
dalğalar sahilə çıxara onu.
Atdı.
Bir gurultu.
Xəfif bir tüstü.
Ördək çırpındı.
Dedim: - Silkinib
qalxar indi.
Qalxa bilmədi.
Çevrildi arxası üstə
Qaldı ağara-ağara.
Bir an elə gəldi ki, mənə
sularda ağaran ördək deyil,
ağ köynəkli uşaqdır,
yellənir göy beşikdə.
Bir el düşdü çiynimə,
dəmir parçası kimi
ayrıldım xəyaldan.
Səs zəy vurulmuş su kimi
duruldu.
Söz oldu,
cümlə oldu:
- Ey xəyalpərvər!
Yeni dəstə gəlir,
Patron ver!
Axşam qucaqlayıb
sahili,
dənizə qara örtük atıb.
Qayıdıram ovdan.
Çantam güclə bağlanmışdır,
Patrondaşım boş,
Ürəyim dolu.
Düşündürür məni,
mənasız atılmış tüfəng.
Düşündürür məni,

__________________Milli Kitabxana_________________
dəstə ördəklər çimişən yerdə
tənha, tək qalan ördək.
Buzovna, yazbaşı, 1960
DÜRƏK
Nə bəd gündü bu;
it marıq vermir,
quş yoxa çıxıb.
Vurduğumuz bir qaratoyuq,
o da düşdü kola.
"Ha gözünə dönüm", - dedim,
"Ha bərəkallah", - dedim,
it tərpənmədi yerindən
gün əyilib.
İnnabı don geyib buludlar.
Əliboş dönürəm geri.
Nə bəd gündü bu;
nə ovum qanlı oldu,
nə işim sahmanlı.
Yorğun dönürəm geri.
Bir qocaya rast gəldim;
çöməltmə oturmuşdu
doqqaz qabağında.
Demə, görmədim
xalis bir asari-ətiqə.
Dayandım, dərdim nəfəsimi.
Qoca zillədi qırpımsız gözünü
böyrümdən sallanmış çantama.
Ayaqlarıma baxdı,
tüfəngimə baxdı,
bir də
quyruğunu dik tutub,
qürurla dayanmış itə.
Gözləri qıyıldı qocanın,
dodağı qaçdı.

__________________Milli Kitabxana_________________
Dedi: - Ovun qanlı!
Dedim: - Ovum hanı,
qanlı da ola.
Dedi: - Belə iti olan ovçu
Gərək bir sərçəyə də qane ola.
Ov hardan olsun,
ağbatı xeyir!
İtin yarı tuladır,
yarı köpək.
Nə iy götürəcək,
nə hənirtiyə hürəcəkdir.
Bir söz, oğul,
itin dürəkdir.
Kim xeyir görüb dürəkdən?
Dedi və güldü ürəkdən.
Davam etdim yoluma.
Böyrümdə boş çantam,
sinəmdə dolu ürəyim,
yanımda da məni rüsvay edən
dürəyim.
avqust, 1960
NAMƏRDLİK
Onun dörd əl-ayağı var,
bunun dörd təkəri.
Onun qarnında
gövşəkdən horraya dönmüş
bir çəngə ot,
bunun qazanında
altmış litr
yüksək oktanlı benzin.
Dörd təkər üstündə
iki nəfər.
Axtarırlar küdrüdə,
dördayaqlının izini.
Biri sürücü,
biri tüfəngli.

__________________Milli Kitabxana_________________
Ovçu demirəm,
ovçu təkərə güvənməz.
Ovçusan, buyur,
piyada gəz!
Yat bərəsində:
gözlə, gözlərin yorulunca.
İzlə, ayaqların
yorğunluqla
qurğuşun kimi dolunca.
İstiyə döz!
Soyuğa döz!
Nə isə...
Mətləbdən uzaq düşdü söz.
Sürdülər iki diferli "Qaz"ı,
Sürdülər belədən-belə,
Köndələninə, çəpinə.
Birdən bir təkə göründü -
arxasında bir sürü.
Təkə boylandı, boylandı.
Birdən qopdu yerindən
qumbara partlayışı,
narıncı alov saçan kimi.
Onun arxasınca sürü keçdi,
göydə quyruqlu ulduz uçan kimi.
Şığıdı maşın -
nəhəng bir ley.
Təkərlər hərləndi,
50-60.
Ayaqlar açıldı, büküldü,
Toz qopdu.
Torpaq töküldü.
Təkərlər yedi yeri,
70-80.
Ayaqlar yerə dəydi, qalxdı.
Təkərlər coşdu.
Əqrəb sürüşdü, sürüşdü,
85-90.
İndi ayır ayaqlarını,

__________________Milli Kitabxana_________________
fəlakət kimi gələn
bu təkərlərdən, qoçaqsan!
Sürət əqrəbi haqladı yüzü.
Bir vəhşi ehtiras,
bir can harayı,
bir də hər saniyə daralan
küdrü düzü...
Təkələr... ayaqlar...
Təkərlər... ayaqlar...
Təkə... təkər...
Sürüdən ayrıldı biri.
Get-gedə azaldı sürəti.
Tüfəngli rahatladı yerini.
Tüfəngi aldı üzünə.
Sürücü maşını yöndəmə saldı.
Ceyran yavaşıdı.
Yavaşıdı maşın.
Birdən çəpəki kəsdilər
yolunu ceyranın...
Tətiyi çəkdi tüfəngli,
yıxıldı ceyran.
Asqırıb dayandı maşın.
Ceyran qırıq qolunun üstünə
qoyub başını, uzanmışdı.
Böyrü qalxıb-enirdi,
körük kimi.
Tüfəngli
sol əliylə papağını
itələyib qaşlarının üstünə
yaxınlaşdı ovuna.
Ceyran tərpənmədi.
Məlul-məlul baxdı ona,
ceyranın qara gözləri
ikiqat böyümüşdü.
Bu qara gözlərdən
iki damcı düşdü.
Ceyranın üzündən,
tüklərin üstündən

__________________Milli Kitabxana_________________
sürüşdü,
düşdü quru torpağa.
Sanki, göz yaşıyla
az suvarılmışdı bu torpaq.
Bəlkə deyirsiniz,
ceyran ağlamaz.
Yox, ağlayar.
Daş da, ağac da ağlayar.
Hər göz yaşına bir səbəb var.
Söhbət onda deyil.
Ceyran ağlasa da, ağlamasa da,
namərdlik, namərdlikdir.
Belə ovçuluğa nə var,
saatda yüz gedən maşınla
nənəm də ceyran vurar.
Ağlasa da, ağlamasa da ceyran,
əllərimi biləkdən kəsərəm,
yarama duz tökərəm,
belə ovçuluq eləsəm,
bircə kərə.
1960
QƏHRƏMAN TURAC
Bu nədir?
Ayrıldım yoldaşlardan.
Ayaq saxladım.
Qızılquş dönür, dönür, şığıyır;
dimdiyi boş, caynağı boş qalxır,
gərir qanadlarını yenə.
Süzür, süzür...
Birdən çaxır ildırım kimi,
buludlarda iz buraxır.
Hər yan qaratikan topası.
Yönəldim quş şığıyan səmtə.
Bir də nə gördüm
Bir turac.
Balalarını yığıb

__________________Milli Kitabxana_________________
qanadının altına,
qısılıb kol topasına.
Dedim: - Əlvida, bugünkü ov!
Dostlar, hələlik.
Siz gedin,
ovlayın, quşlayın!
Mən burda,
ana turacın yanında qalıram.
Özümü verdim kölgəyə,
oturdum bir palıd kötüyü üstündə.
Gözlədim, görüm,
axırı necə olacaq
bu duelin.
Günəşin şəfəqləri
üfüqdə çəkilhaçəkildi.
Qızılquş bir də şığıdı,
gözlədim, qalxmadı.
Yəqin ki, parçalayır turacı.
Qalxıb yüyürdüm.
Nə gördüm:
Qızılquş qanlı bayraq kimi
sancılıb kol qələminə;
qanadları titrəyir,
üflənən şam şöləsi kimi.
Turac da kol topasında
hərəkətsiz qalıb.
Qanadları sərilib yerə.
Balalar yanında yoxdur,
yəqin ki, dağılıblar kolluğa;
qızılquş budağa sancılıb ölüb,
turac da mübarizənin
gərginliyindən.
Balalar salamat qalıb.
Xəbərsiz olublar
qanlı faciədən.
Görəsən, bilirlərmi,
hardadır su,

__________________Milli Kitabxana_________________
hardadır dən?
Bilirlərmi, harda sığınacaq
yer var.
Bəlkə də bir gün,
onlar da
balalarını,
qızılquşdan qorumalı oldular.
Buzovna, avqust, 1960
YUVA VƏ ANA QUŞ
Bir qoca qovaq budağı.
Yuvada sarı dimdikli,
kiçik dünya balası.
Ağzını açıb, yumur;
gah dolu, gah boş.
Yumşaq tüklü qanadları
hələ uçmağa hazır deyil.
Yeməyini anasının
dimdiyindən alır.
Dadını, duzunu bilmədən.
Ən böyük dünyası
çör-çöp yuvası,
Nə uçmaq fərəhi var,
nə nəğmə həvəsi.
Yumurtadan gəlmə yeknəsəq,
körpəcə səsi var -
"cik-cik".
Bir aydın günəşli səhər,
ley şığıdı yuvaya.
Ana qayıtdı tez-tez
qanad çala-çala.
Yuvanı boş gördü.
Atdı yerə dimdiyindəki
balaca qurdu.

__________________Milli Kitabxana_________________
Qurd süründü
otlar arasında
yavaş-yavaş.
Ana quş bir də baxdı
qovaq budağına.
Ona elə gəldi ki,
boş qara yuva deyil,
xəfif yeldən yellənən,
balasız quşun
qara daş kimi qəlbidir.
Quş qəlbinin göynəyi,
Səsli fəryadı varmı?
İki damcı düşdü sarı yarpağa.
Quşlar da ağlayarmı?
1980, 27 feval-15 mart
QATİL
Bir şumal pöhrəni
bir vurğuda qələm elədi
və qürurla dcdi:
- Ovxarını gördünmü baltanın!
Mən dedim:
- İtidir baltan...
Barı, ölü barmaqları kimi,
o quru budaqlardan utan!
1960
KÖÇƏRİ QUŞLAR
Düzülüb qatar-qatar,
göyə qanadlandılar
durnalar.
Reaktiv təyyarə kimi sürünün düzümü.
Qabaqda dəstəbəyi.
Arxada durna nəfərlərinin

__________________Milli Kitabxana_________________
doxsanımı, yüzümü?
Sağda, solda
buludların qızıl zehli ətəyi.
Qalxdıqca qatar,
buludlar endi yavaş-yavaş.
Çaylar nazilib
dolaşıq göy sapa döndü.
Dağlar irili-xırdalı
qabar kimi göründü.
Göydən yarpaq-yarpaq töküldü
qaqqıltı səsi.
Qatardan ayrıldı
durnalardan bir dənəsi.
Ləngidi, geri qaldı.
Qatar yolundan qalmadı.
Ancaq bir neçə an
qatarın bir durnalıq yeri
boş qaldı.
Elə bil, bir bağ göy muncuğun
bir buğumu boşaldı.
Yer qalxdı,
bulud ucaldı;
durna endikcə aşağı.
Külək sürtdü özünü onun döşünə.
Durna endi, endi,
düşdü sarı kövşənə.
Nə ovçu vurmuşdu onu,
nə qanadı qırılmışdı.
Durna uçmaqdan, köçməkdən
yorulmuşdu.
Başını qoydu
yorğun qanadının üstünə,
həsrətlə baxdı
quş qardaşlarının
gözdən itən qatarına.
Ona elə gəldi ki,
Üstündə uzandığı
sarı kövşən deyil,

__________________Milli Kitabxana_________________
qaynar səhraların qumudur.
Ona elə gəldi ki,
Göyə baş qaldırmış qələmələr,
yaşıl boyanmış fil xortumudur.
Ona elə gəldi ki, uçur,
Günəşdir kürəyini yandıran.
Bəlkə də, ilk dəfə
ovçuya həsrət çəkdi.
Bəlkə də, düşündü,
belə sakit bitəcəksə,
uzun ömür nəyə gərəkdir?
Hanı səhra?
Hanı bulud?
Hanı dəniz?
Durna yumdu gözlərini.
Öldü sakit, səssiz.
Üzü qürbətə uzaqlaşdı,
üfüqdən aşdı
qaqqıltılı qatar.
Qürbətdə qaldı tək durna.
Qaldı biganə səfərin qəzasına,
yolların uğuruna.
Hava sakit, ətraf səssiz.
Elə bil, nəğməli qanadlılar
heç yoxmuşlar.
Harda qalsa,
qürbətdə qalmırmı?!
Hara uçsa,
qürbətə uçmurmu,
köçəri quşlar?!
1962

Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9   ...   13


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə