RƏsul rza seçİLMİŞ



Yüklə 9.66 Kb.

səhifə3/13
tarix03.07.2017
ölçüsü9.66 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   13

QORXU
Deyirlər qoca fillər
ölüm günlərinin yaxınlaşdığını
bilirlər.
Bir neçə gün qabaq
başlarını salıb aşağı

__________________Milli Kitabxana_________________
nə sənə, nə mənə,
xortumları yellənə-yellənə
çəkilirlər meşənin tənhalığına.
Uzanıb sakit, gözləyirlər ölümü.
Son vaxtlar
qoca fil olmaq qorxusu
yaman sıxır könlümü.
1961
GÖY AT
Göy atın sorağını eşitməyən var ola?
Yel qopa, tufan gələ, çovğun düşə, qar ola,
Göy atın dırnağından qığılcımlar qopardı.
Göy at kimi aparsa, deyərdin, yel apardı.
Yol gedəndə bilməzdi, yoxuşdu bu, enişdi,
Ömründə bir dəfə də Göy at büdrəməmişdi.
Qıratın nişanları onda tamam cəm idi –
Sinə meydan, göz alma, sağrısı əynəm idi,
Quyruğu top qara saç, xırda qulaqları dik.
Alın geniş, bel nazik, ayaq səkil, baş kiçik,
Kişnəyəndə, deyərdin yer əsdi, göy kişnədi,
Ağız-ağıza verdi, yeddi ərdoy kişnədi.
Ömründə bircə gün o, ayaq büküb yatmadı,
Göy atı dərd qocaltdı, ömür-gün qocaltmadı.
Darvazadan girəndə sədrin göy "Pobeda"sı
Ürəklərdən çəkildi Göy atın da sevdası,
Nə tərini soyudan, nə tumar verən oldu.
Nə Göy atı yəhərli, yüyənli görən oldu.
Arpasını kəsdilər, göy ot bəs elər deyə.
Səllimi buraxdılar, kənddə səs elər deyə.
Tərliyi ayaq altı, tövləsi qaraj oldu.
Elə gün oldu, Göy at susuz qaldı, ac oldu,
Arabaya qoşdular, mala da çəkdi Göy at.
Çölə peyin daşıdı, şumladı, əkdi Göy at...

__________________Milli Kitabxana_________________
Hərdən suya, oduna Göy atla gedirdilər.
Bir gün oldu, kolxoza yük maşını verdilər.
Göy at lap düşdü gözdən, arıqladı, üzüldü,
Yal-quyruq seyrəklədi, alma gözlər büzüldü.
Bir gün baytar gözucu baxdı Göy ata sarı.
Dedi: - Ət hazırlığı tez başlayaydı, barı.
Göy atın nə dəftəri, nə də qələmi vardı,
Olsa da, əli yoxdu, Göy at necə yazardı?
Amma yaza bilsəydi, nələr yazmazdı Göy at.
Hamısı da fəlsəfə, ömür, ölüm və həyat.
"Pobeda" doxsan gedir, qaz verəndə yüz gedir.
İstəsən, gecə gedir, istəsən, gündüz gedir.
Göy at canlı Göy atdı, necə etsin, neyləsin?
Öz əlacsız dərdini hara, kimə söyləsin?
Bir dolumda üç tonu qaldırır yük maşını,
Gurultusu titrədir yolların dağ-daşını.
Göy atın nazik beli, zərif ayaqları var.
Necə girsin bu bəhsə maşınlarla göy atlar?
Göy at nə vurhavurda, nə də döyüşdə öldü,
Nə yarğandan sıçradı, qayadan uçdu, öldü.
Göy atın son günləri qəmli keçdi həyatda.
Göy atı öldürdülər myasokombinatda.
Ağzınızı büzməyin, deməyin ki, bu nədir?
Deməyin, şairə bax, maşın əleyhinədir –
Maşın ustuflu kəsdi Göy atımın başını,
Şair necə bəyənməz belə kamil maşını.
Həyatın qanunudur, getməlilər, gedəcək.
İndi maşın dövrüdür, Göy at anlasın gərək!
Nə eybi var, Göy atdan bir nəm-nişan qalmasa,
Zato, hər yanda boldur at ətindən kolbasa!
1957

__________________Milli Kitabxana_________________
Pəncərəmə düşən işıq
ALDANIŞ
Bir ömürlük hicran var Günəşlə aramızda.
O məni görür, mən onu.
Nə yazıq ki, dəyişmir yolunu,
dərd anlamazlar kimi.
Aramızda hicran var bir ömürlük.
Bənövşə göylərdə buludlar bölük-bölük.
Sarı Günəş oxşadıqca qaşları
kölgələr uzanır ayaqlarıma.
Kölgələr - mehriban köpək;
dırmanırlar qucağıma titrəyərək.
Günəş uzaqlaşır,
Kölgələr boy atır.
Göydə son aydınlıq sönür.
Kölgələr qucaqlaşır,
dərin bir axşam olur.
Hər tərəfdən bürüyür məni axşam.
Hər yer qara.
Qara bir toz səpilmiş boşluqlara.
Axşamla üz-üzə dururam.
Gözlərinə baxaraq ondan soruram:
- Axşam neçin gecikdin, neçin?
Aradığın uzaqlaşdı - qanlı qanad
göyərçin.
Axşam, yazıq axşam, yazıq axşam!
Məndən də təkmisən ki,
bir kölgən belə yoxdur?
O dinməyir, o susur.
Axşam susur Ay doğana kimi.
Ay sulardan boylanır,
qırıq qanad sona kimi.

__________________Milli Kitabxana_________________
Ay çıxarır kölgələri
qaranlığın bağrından.
Baxıram sarı yarpağa.
Düşünürəm uzun-uzun.
Demək, Aya ümidi varmış
bu qara yolsuzun.
Əllərim boşluğa uzanır.
Bağrım od tutub yanır.
Bağırıram, səsim gəldikcə:
- Axşam! Axşam! Axşam!
Mən də bu yalnızlığı boğmaq eşqilə
sərxoşam.
Ağlayır axşam mənə,
Ay mənə gülür...
Ayılıram...
Pəncərəmdən
lalə Günəş tökülür.
Moskva, 2 oktyabr 1936
PƏNCƏRƏMƏ DÜŞƏN İŞIQ
Qaranlıqdır otağım.
Sevirəm hərdən
qaranlıq otaqda tənha qalıb
düşünməyi.
Birdən pəncərəmdə yandı-söndü
bir işıq.
Bəlkə,
bir avtomobil fanarının
işığıydı bu.
Avtomobildə adamlar vardı,
bəlkə.
Xoşbəxt adamlar,
kədərli adamlar,
ümidli, həsrətli adamlar.
Bəlkə, onlar toya gedirdilər,
bəlkə işə, gecə növbəsinə.

__________________Milli Kitabxana_________________
Bəlkə, bu maşın
bir qarış yeri əzilmədən,
əyləci salamat,
sükanı salamat,
başa vuracaq iki yüz min
kilometri.
Bəlkə, tini burulanda indi,
toqquşacaq başqa bir maşınla
bu maşın.
Gedər-gəlməz bir yol var, deyirlər,
arasında gözlə qaşın.
Bəlkə bu,
təcili yardım maşınıdır;
bir ömrü, beş ömrü xilas etməyə gedir.
Şəfəq bir an parladı;
sarı sabun parçası kimi
sürüşdü, düşdü pəncərəmdən.
Qaranlıq uddu onu,
zil qara bir pişik
sarı bir pərvanəni udan kimi.
Otaq qaranlıq, sükuta bürünmüşəm,
soyuqda qara yapıncıya bürünən
yolçu kimi.
Ancaq pəncərəni görürəm,
ovcumun içi kimi.
Düşünürəm:
bir işıq yandı-söndü pəncərəmdə.
Bəlkə şimşək çaxdı uzaqda.
O qədər uzaqda ki, səsi belə gəlmədi.
Bəlkə ildırım düşdü.
Bəlkə bu ildırım
yüzillik bir çinarı yarı böldü.
Bəlkə bu çinarda,
hələ palçığı qurumamış yuvada
bir ana qaranquş öldü.

__________________Milli Kitabxana_________________
Bəlkə, işıqlandırdı bu şimşək
yolunu itirmiş bir yolçunun
kompasını.
Bəlkə, bir leysanla suladı
susuzluqdan yarpaqları sallanmış
moruq topasını.
Otağım zülmətə girdi;
enişə gedən qatar
işıqsız zülmətə girən kimi.
Mən yumdum gözlərimi,
qaranlıq görən kimi
Azmı keçdi, çoxmu,
bilmirəm
Qamçıladı yenə işıq
göz qapaqlarımı.
Pəncərəmdə axdı, keçdi
sarı bir duman.
Bəlkə, bir meteoritdi bu,
qızıl nöqtə ilə yazıldı
ömrünün sonu.
Bəlkə, küçədə qarovulçu qoca
yandırdı papirosunu.
Bəlkə qocanın bu son papirosu,
son kibriti idi.
Çəkdi kibriti, yandırdı
yan cibində əzik-üzük olmuş
son papirosu.
Bəlkə, bu papiros,
başı yeni açılmış qutunun
ilk papirosu idi.
Oğlunun qocaya ilk hədiyyəsi.
Qoca papirosu yandırıb
son qullabı vurana qədər
neçə insan doğuldu dünyada,
neçəsi öldü.
Doğulanlar
hamısı yaxşı adam olacaqmı?
Ölənlər

__________________Milli Kitabxana_________________
hamısı ölməli adamlardımı?
Yəqin ki, yox.
Doğulanların
əziyyəti, sevinci
Ölənlərin
Kədəri, həsrəti,
dünyaya nə artırdı?
Dünyadan nə apardı?
Otağım qaranlıqdır.
Sükut yatır.
Pəncərəm batıb qaranlığa
hələ nigarançılıq dadır.
Şəfəq pusqudadır.
Düşünürəm,
Pəncərəmdə yeni bir işıq
yanıb-sönsə,
şüşələr qızıl rəngə bürünsə,
Bu işıq
yolu bayrama, yardıma, ya qəzaya gedən
bir maşın olsun.
Bu işıq
bir qocanın ilk, ya son papirosu
olsun.
Bir şimşək olsun,
yaxın, ya uzaq.
Nəfəsindən qaralsa da,
bir çinar, bir qovaq belə.
Ancaq,
atom işığından
alışmasın dünya.
Alışmasın,
içi insan nəfəsli
otağım kimi,
on kiçik bir otaq belə.
Buzovna, avqust, 1960

__________________Milli Kitabxana_________________
ƏKS ETMİŞ İŞIQ
İşıq düşüb otağıma,
Elə bil ki, masamın kənarından
ağ kətan məhrəba sallanıb;
yarısı masada, yarısı yerdə
Nə bir kölgə var düşə üstünə,
nə bir külək var onu səyridə.
Sevinclə qalxıb yerimdən
əlimə alıram
ağ şüləyin bir parçasını.
Bir sazaq giziltisi duyuram
beynimdə.
Elə bil, bir ölü əlidir,
ovcuma aldığım.
Nə hərarəti var,
nə şəfəqlərin gümüşü.
Balıq kimi
ovcumdan sürüşüb düşür.
Kim bilir, neçə müddət belə
donub qalmışıq,
mən və
pəncərəmdən əks etmiş işıq!
fevral, 1962
DÜNYALAR
İki böyük dünya var,
içi günəşlərlə, planetlərlə dolu.
Bir dünya var, kainatın bir hissəsi,
irili-xırdalı məmləkətlərlə dolu.
Bir dünya var,
mənim dünyam, sənin dünyan.
Ümidli, sevincli, kədərli,
arzularla dolu,
sınaqlardan keçir yolu.
Bir dünya da var könlümüzdə,

__________________Milli Kitabxana_________________
Məhəbbət, şəfqət dolu.
Bəzən acılarla, acıqlarla bulanır,
nigaran ümidlə yanır.
Böyük dünyanı dəyişməkdən
hələ acizdir insan.
Saysız ulduzlar,
nəhayətsiz fəza,
insan iradəsinə tabe deyil.
Bu gün Aya getdik,
sabah Veneraya getsək belə.
İkinci dünyanı
dəyişməyə qadirdir insan,
yaxa qurtara-qurtara
acılardan, acıqlardan.
1962
XOŞ QAYITDIN
Y.Qaqarinə
İlk dəfə göylərin qapısını açıb
xoş qayıtdm ana torpağa!
Günəş arxanda qaldı
heyrətlə baxa-baxa.
Heyrətlə baxmasın, neyləsin, Günəş,
milyard işıq ili boyunca
görmüşdü məgər,
insan hökmünə baş əyə göylər?
Köhnə tanış, qoca Günəş!
Şəfəq əllərini döşünə qoy,
salamla bizi!
Kainata yol açmış
sovetlər ölkəmizi.
Qəlbim fərəhlə, sinəm qürurla doludur.
Kosmosun ilk insan yolçusu
Torpağın, Yerin oğludur!
Kommunizmə açılan bir səhərin oğludur!

__________________Milli Kitabxana_________________
Əziz vətəndaşım, əsrdaşım,
xoş qayıtdın doğma elə.
Sıxıram mərd əlini
İnsan adına layiq
Bütün insanların məhəbbətiylə.
12 aprel 1962
MƏHRƏM OĞRU
Bir it qonşu həyətə
tutub ağzını,
ucadan hürdü.
O biri it darvazaya yüyürdü.
Bir ağız yenə hürdü iki it.
Sonra biri kəsdi səsini.
Qadın qaranlığa dedi:
"Darvazanı bərkit!"
Susdu hər iki it.
Tamam kəsildi səs.
- Yandırımmı çırağı?
- Yox, istəməz.
Qaranlıqda tapdı dodaq dodağı.
Üçüncü xoruz banı
qadın açdı,
yenə bağladı darvazanı.
İt hürmədi.
Yerindən qalxmadı.
Darvazaya yüyürmədi.
Bilməsə də neçin gəlir
o, buraya,
anladı ki,
hürmək lazım deyil
evə məhrəm oğruya.
1958

__________________Milli Kitabxana_________________
DİVAR DAŞI
Ev böyük.
Divarlar hündür.
Gah Günəş oxşayır,
gah şaxta döyür səni,
divar daşı!
Bu, sənin qismətin,
bu, sənin ömründür.
Ev boyük,
geniş pəncərəli, qapılı.
Düşünürəm, sən,
bu böyük binanın bir hissəsisən.
Sən o binanı
bir qarış ucaltmısan.
Sən onun min-min ton ağırlığından
bir hissəsinə dayaqsan.
Sən onu küləkdən, yağışdan
qızmar yaydan, şaxtalı qışdan,
boyuna görə,
gücünə görə, qoruyacaqsan.
Divar daşı!
Sən tək olanda, bir parça daşsan.
Böyük saray olursan,
milyonlaşsan.
Etinasız baxmasın sənə
divarlarında sükuta dalıb,
qarış-qarış yüksəltdiyin
binada yaşayanlar...
Səndə bu binanın taleyindən
bir parça var.
1959

__________________Milli Kitabxana_________________
DO-RE-Mİ
Do-re-mi-fa-sol-lya-si-do...
Yarımlar, dörddəbirlər.
Major, minor.
Bəm, ya zil.
Bunlardır ən şad,
ən ümidsiz nəğmələrin anası.
Bunlardan doğub
Baxın ölməz fuqası,
Bethovenin müdrik simfoniyası,
Çaykovskinin sehrli operası,
Üzeyirin qaynar Koroğlusu,
unudulmaz "Sənsiz"i,
muğamatın şirin xalları,
əzəmətli melodisi.
Bunlardan yaranıb,
həməsr dostlarımın
əsərləri,
neçə nəğməsi.
Bunlardan yara alıb,
adını çəkməyə arım gələn,
bəzi bəstəkar vəsiqəli
qoçaqların
dəmir qutuya tökülmüş
saxsı qırıqları kimi səslənən
mis-qu-səsi.
Və bəzi ətalət qidası havaların
yataq lirikası.
Mən nota bələd deyiləm.
Əllini keçsə də yaşım,
nə polifoniya, nə harmoniyadan
çıxır başım.
Ancaq bilirəm, onsuz da,
xalların uyarı,
səslərin çaları,
pərdələrin düzümü sonsuzdur.

__________________Milli Kitabxana_________________
Tellərin ağı, sarısı,
dillərin bütünü, yarısı,
hər avazın yolu, ahəngi,
hər bəstənin rəngi var.
Simlərin titrəyişi
dalğa-dalğa axıb gedir;
yeyini var, ləngi var.
Do-re-mi-ni öyrənmək
mümkündür, çətin olsa da.
Musiqidə də vacibdir savad.
Ancaq...
Səslərin şerini duya biləsən, gərək.
Hər xalda çırpınsın canlı ürək.
Bakı, yanvar, 1964
KİBERNETİKA
Deyirlər, hər gün artır
möcüzələri elmin.
Ağıllı maşınlar yaranır;
düyməsini basırsan
belə maşın müəllimin.
Əmr edirsən: - Düşün!
Düşünür maşın.
Pis də olmur şeirləri,
tərcüməsi maşın yoldaşın.
İşləyir, düşünür,
soyuğa, istiyə baxmır.
Deyirəm, görəsən,
bu ağıllı, gözəl maşınlar içində
bədxah maşınlar da olacaqmı?
Olacaqsa, əgər
bu zəhmət, bu ümid nəyə dəyər?!
fevral, 1962

__________________Milli Kitabxana_________________
NƏ BİLİM?
- "a" kvadrat üstə gəl, "b" kvadrat, çıx yeddi,
neçə saat sərf edib on bir fəhlə bu işə?
- Mən nə bilim, a qızım!
De görüm bir, "a" nədir?
Zavodun maşınları təzədir, ya köhnədir?
Yerkom necə işləyir?
Qırmızı guşə varmı?
Natiqlərin çıxışı,
hərəsi üç saata
qurtarır, ya qurtarmır?
"a" üstə gəl, "b", yaxşı:
Bəs o ikilər nədir?
"b" üstünə gəlməyi istəyir,
ya istəmir?
Birdən xətrinə dəydi "b"-nin ki,
"a" qabaqdır.
Yerləri dəyişəcək,
ya belə qalacaqdır?
Sözün qısası, qızım,
bilmirəm, keç suçumdan.
Beş məktəb dəyişmişəm,
bu "a", "b"-nin ucundan
Bilsəm də sevinc nədir,
ümid, iltifat nədir,
Anlaya bilmirəm ki, "a", "b" kvadrat nədir.
Ancaq ki, bu yaşımda,
ömrümə haram qatıb
öyrənərdim cəbri də,
bəlkə həndəsəni də,
bəlkə razı salardım cavabımla
səni də.
Bilərdim "a" kvadrat, "b" kvadrat nə şeydir.
Əgər onlar ömrümü arzumca dəyişsəydi.

__________________Milli Kitabxana_________________
VAY O GÜNDƏN
Köhnə bir dərs kitabı tapdım;
köhnə qovluqdan.
Əlifbası köhnə,
cildi köhnə,
səhifələri sapsarı.
Varaqladım kədərli-kədərli.
Elə bil, əbədi ayrıldığım bir dostun
məktublarını oxuyurdum.
Fokusu düzəlməmiş kino kadrlar kimi,
gözlərimdən keçdi
gənclik günləri.
Keçdi kadraşırı, nizamsız.
Bir səhifədə ilişdi diqqətim
bir neçə sətrə.
Başlığında "fəlakət" sözü.
Oxudum şeri:
"Vay o gündən,
Kar deyə: - Şıqqıltı gəlir,
Kor deyə: - Bir qaraltı var.
Çolaq deya: - Durun qaçaq!
Lal bir nəğmə oxuya".
Şerin sonunda tarix də,
müəllifin imzası da yox idi.
Düşündüm, nə fərqi var.
Fərz edək, belə imiş
tarix, imza!
Min doqquz yüz filan il...
Resul Rza.
1963

__________________Milli Kitabxana_________________
Dözüm
Dözüm
Bir fincan su içdim,
bir fincan da doldurub
qoydum yanıma.
Su olmasa,
nə faydası,
sən ha de:
-
Səbr elə! Yanma!
avqust, 1961
UYDURMA
Tanışım dedi:
- İnsan xatirəsində
ən acı iz qoyub gedir
təşkil edilmiş sevinc,
təşkil edilmiş kədər.
Yüz yaşında da
cavan qalar insan,
mandatla
qəlbinə girməsələr.
1969
DEYİRSƏN
Yaşıl-yaşıl yarpaqlar
saralacaq, - deyirsən.
-
İşıq dolu gündüzlər
qaralacaq deyirsən.
-
Üfüqlərin çənbəri

__________________Milli Kitabxana_________________
daralacaq, - deyirsən.
Olsun!
Olsun, neyləyək.
Olanlar olsun gərək.
Qəfil ölüm olmasın.
Qara zülüm olmasın.
Darısqallığa düşən
fikir, könül olmasın.
1976
İKİBUYNUZLU İSKƏNDƏR,
SİRLİ TÜTƏK, DOLU ÜRƏK HAQQINDA
Deyirlər, çox qədimdə bir gün
sirrini quyuya deyib dəllək,
sirrini deyib ki, partlamasın
sinəsində ürək.
Bir qarğı göyərib, qalxıb quyudan.
Bu qarğını kəsib
tütək qayınb çoban.
Hamı bilir, danışmaz qarğı;
quru ola, yaş ola.
Ancaq, bu qarğı danışıb.
Səslənib tütək.
Deyib: "Buynuzu var, İskəndərin".
Beləliklə, böyük sərkərdənin
sirri faş olub.
Nə buynuzlu adam görmüşəm,
nə danışan tütək.
Bəs neyləyək,
dolu olanda ürək?!
Bilmirəm, İskəndərin
buynuzu vardı, yoxdu.
Ancaq, Yer üzündə
cavabı müşkül suallar
indi də var,
onda da çoxdu.

__________________Milli Kitabxana_________________
Yaxşı olmazmı,
onları deyək biz,
İskəndərsiz.
Çobansız.
Quyusuz.
Tütəksiz.
1962
ACLIQ
Bəzən gözlərim ac olur;
Sünbüllü torpaq
sırğa çiçəkli budaq,
kölgəli bulaq,
dumanlı dağ
görmək istəyirəm!
Bəzən qulaqlarım ac olur;
Dalğa uğultusu,
göy gurultusu,
quş nəğməsi,
insan səsi
eşitmək istəyirəm.
Ancaq, bilirəm,
bir aclıq da var!
Bütün bunları unutdurar!
Düşündükcə utandırır məni açığı;
gözlərimin, qulaqlarımın aclığı.
1959
SIĞORTA
Açmısan sığorta dəftərini,
düzmüsən sualları yan-yana.
Deyirsən: - Gələcəyi təmin edir.
Həm etibarlı, həm xeyirlidir, yazılsana!

__________________Milli Kitabxana_________________
Yazılım, sozüm yox,
ancaq,
əvvəlcə, bir neçə suala cavab ver.
De, görüm: - Böhtandan, qaradan,
yalandan, riyadan,
nahaq sözün acısından,
adamın nacinsindən
sığorta edə bilərsənmi?
Yox, əgər
bu və bunun kimi
ömrümüzü gödəldən
şeylərdən sığorta mümkün deyilsə,
onda, nahaq zəhmət çəkmə.
Dəftərini bük.
Qələmi yaxana sanc!
Məndən sənə nə qazanc!
Mən ölümdən sığorta istəmirəm.
Yox, bu deyil məqsədim.
Şair yaxşı deyib:
"Ölüm də həyat qədər qədimdir, qədim".
1958
DÖRDÜMÜZÜN SÖHBƏTİ
Sığınmışıq qəlbimə:
Ümid,
Şübhə,
Kədər
və mən.
Xeyli keçib gecədən.
Yağış yağır,
külək əsir.
Ümid deyir:
- Yağış kəsəcək,
külək kəsəcək.
Qaranlıq əriyib
sabah olacaq.

__________________Milli Kitabxana_________________
Günəş doğacaq,
qızıl telləri saçaq-saçaq.
Şübhə deyir:
-
Haçaq?
Haçaq
yağış qara çevrilə bilər,
külək tufana dönə bilər,
gecə uzana bilər?
Kədər deyir:
-
Yağış qurusa da,
səhər olsa da,
külək kəssə də,
nə təsəlli var,
nə son var
içimdəki yetim səsə.
Ümid deyir...
Şübhə yeyir...
Şübhə deyir...
Kədər yeyir...
Mən dinləyirəm:
Ümidi,
Şübhəni,
Kədəri.
Gözləyirəm səhəri.
Doğsun Günəş
qızıl telləri saçaq-saçaq.
Soruşmuram: "Haçaq?"
Danış, ümid!
Danış!
Köhnə tanış!
Moskva, iyul, 1960

__________________Milli Kitabxana_________________
İnsan
İNSAN
Səslər kəsildi.
Fikirlər dolaşdı.
Qurğuşun asıldı kirpiklərdən.
- Aç qapını!
- Buyur!
- Mən ölüməm, gəlmişəm!
"Xoş gəldin" desəm,
bir az gülməli çıxar.
Gəlmisən, apar!
Adı, atasının adı,
yaşı, ünvanı budur...
-
Gedək, dur!
Sükut çökdü araya,
uzun, dərin bir sükut,
bir saniyə tamam...
Qalxdı ayağa
dedi: - Gedək.
Demədi: "Yanılmısan,
Mən deyiləm
sən axtardığın adam".
SAATIM - QƏLBİM
Saatımla ürəyimin
ahəngi birdir;
bir dəqiqədə 60.
Saatımı mən qururam,
vaxt üstündə.

__________________Milli Kitabxana_________________
Ürəyimi həyat qurur,
qəm üstündə.
Qayğı.
ümid,
nigaranlıq,
baxt üstündə.
Saatım dayananda,
qulağını bururam,
yenə çıq-çıq işləyir
ürəyimin sükutunu gizləyərək.
Tez, ya gec,
Bilirəm ki, gələcək,
saatımla ürəyimin ayrılığı.
Nə qədər ki, vurur ürək
Saatımı öz vaxtında quram, gərək.
27 avqust 1976, 17 may 1977
***
Saatımı bərk qursam,
sına bilər.
Nə qəm, onu təmir etmək olar,
Bəd başında yenisini alaram.
Ürəyimi sındırmayın,
Təmiri mümkün deyil.
Yenisini almaq olmaz.
Tələsməyin, tələsməyin,
Bir gün özü sınacaq,
Dayanacaqdır, vallah...
Bəlkə, bu gün...
bu axşam...
Bəlkə, sabah.
17 may l977

__________________Milli Kitabxana_________________
QƏRİBƏ ARZULAR
Axır günlər
məni düşündürür yaman,
Danəndə Bəhlul,
bir də
"Min bir gecə"nin
dolaşıq yollarındakı qara qul.
Bir də Kefli İskəndər.
Bəli, Kefli İskəndər.
Bir də Afrikanın qumlarında
göz-göz yara kimi açılmış faciələr.
Bir də azadlıq, koloniya,
"qüvvət", "ədalət" kimi sözlər.
Bir də Madriddə korridada
al-qanına boyanmış
matadorlar, öküzlər.
Hər şeydən artıq
düşündürür məni,
Danəndə Bəhlul.
Yox, Kefli İskəndər,
bir də kölgə kimi
məndən ayrılmayan bu kədər.
İşıqsız yaşasam,
kölgədən qurtararam.
İşıqda kölgəm var,
mən də varam.
Ah, Bəhlul Danəndə!
Bəhlul Danəndə!
Nə təb qaldı,
nə tavan məndə.
Götür, İskəndərə zəng elə,
Bəhlul Danəndə!
İçkini siz gətirin,
yeməyə bir şey tapılar məndə.
Bağdad, 1959

__________________Milli Kitabxana_________________

1   2   3   4   5   6   7   8   9   ...   13


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə