RƏsul rza seçİLMİŞ



Yüklə 9.66 Kb.

səhifə4/13
tarix03.07.2017
ölçüsü9.66 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   13

KEFLİ İSKƏNDƏR
Kimi dərdindən içir,
kimi kefindən.
Kimi təzə paltardan qorxur,
kimi kəfəndən.
İskəndəri soruşdunuz məndən?
İskəndər içərdi,
Ləqəbi də "Kefli İskəndər"di
Gecə-gündüz düşündürürdü onu,
diri ölülərin dərdi.
Yoxsa, o da bir poçt məmuru olar,
nə dərdlənər, nə içərdi.
Ömrü ölülər içində
sakit, səssiz keçərdi.
Qınamayın İskəndəri!
Yaman olur anlamaq dərdi.
1960
İSKƏNDƏR, ÇATSKİ,
ÇAYLD HAROLD
Təhlil vərəqlərində
Faizlər normaya yaxın.
Kefim duru.
Maqnitofondan axıb gəlir
ölməz fuqası Baxın.
Zəng çaldım İskəndərə.
Dedim: - Gəl!
Bu axşam bir fincan qəhvə içək.
Bənd olma,
yağış oldu, qar oldu.
Özün gəl,
həm də çağır, gəlsin,
Çatskini, Haroldu.
Əvvəlcə, İskəndər gəldi;
yanında Nazlı,

__________________Milli Kitabxana_________________
Çatski bir az sonra.
Lap axırda Çayld Harold.
Üzürü bu oldu:
- Yol uzaq!
Əsrin o tayı,
Dənizin o tayı.
Otağım, sanki,
dəyirmi masalı klub oldu.
Çatski danışdı;
ağıldan başına nə bəlalar gəlib.
Harold maraqlı macəralarım
açdı, tökdü.
İskəndər dinmədi,
baxdı Nazlıya.
Çıxartdı qoltuq cibindən
"Göygöl" markalı konyak şüşəsini.
Nazlı tutdu əlini onun,
Dedi: - Bəsdir, içmə, dadaş!
Vallah, deyəcəyəm atama!
Və aldı İskəndərin əlindən
konyak şüşəsini. İskəndər dedi:
- Mənim Nazlı bacım,
istəyirsən, sındır, at!
Amma,
şüşələri sındırmaqla
sağalmaz insan dərdi.
Bu gecə qonağım üçlərdi.
Ağlın bəlasını çəkmiş,
əsrin cəfasını çəkmiş,
ölülər aləminin yasını çəkmiş
üçlər...
Açdım pərdəsini pəncərəmin,
işıq nəhri kimi

__________________Milli Kitabxana_________________
dalğalanıb axırdı küçələr.
Səssiz, sakit çıxıb getdi,
Harold, Çatski, İskəndər.
Otaqda mən qaldım,
Nazlı qaldı,
bir də kiçik qızım.
Nazlı sabah
tarixdən imtahan verəcək.
Ona yaxşı bir hədiyyə alam, gərək.
İBLİSLƏ SÖHBƏT
Gecənin bir aləmi.
Yarıqaranlıq otaq.
Açdım gözlərimi.
Gördüm kimsə dayanıb
pəncərə qabağında.
Kölgəsindən tanıdım onu;
İblisdi.
Gözlərimi sildim:
"Bəlkə, yuxudur" - dedim.
Boğuq qəhqəhə səsi gəldi.
İnandım, özüdür;
bu da onun kölgəsi;
bu da onun tükürpərdən səsi.
"Gərək gəlməyəydin! - dedim.
Gəlmisən, gəlmisən!
Mətləbini de!"
Kölgə qızardı, qızardı...
Elə bil, indicə
ətrafı yandıracaqdı.
Otağım da, sanki, daraldı,
bir qəbirə döndü.
Kölgə təklifsiz oturdu,
yatağıma yaxın.
Dedi: - Nə görmüsən yaşamaqda?
Dedim: - İnsan yaşamaq üçün doğulur.

__________________Milli Kitabxana_________________
Güldü İblis.
Qəhqəhəsi titrətdi
Pəncərənin şüşəsini.
Dedi: - Allah kəssin,
insanların bu standart
damşmaq peşəsini!
Dedinı: - Allah niyə?
Sən ki ona düşmənsən!
Dedi: - Bu Hötenin uydurması,
Cavidin böhtanı,
Lermontovun yalanıdır.
İblis, ancaq
yalançı mələklərin düşmənidir.
Mətləbə qayıdaq, - dedi.
Dedim: - Səninlə mənim nə alverim!
Nahaq əsəbiləşirsən, - dedi, -
nahaq.
Mən İblis,
sən insan.
Gəl, anlaşaq!
- Necə?
- Bax, bu gecə
tanıdığın adamlardan
bir neçəsini sənə tanıdım.
Biri bax, bu, - dedi.
Baxdım, tanıdım.
- Necədir səninlə arası? - dedi.
- Çox yaxşı.
"Dost" deyir,
"qardaş" deyir mənə.
- Onda qulaq as! - dedi, -
sənsiz dediklərinə!
Dinlədim.
İlk cümləsindən
heyrətə gəldim.
Boğazıma qurğuşun kimi
tıxandı nəfəs.

__________________Milli Kitabxana_________________
-
Kəs! Dedim, kəs!
Bu, sənin hiyləndir!
Güldü İblis.
- Yox! - dedi,
- bu, mən biləndir.
İndi bildin sən də.
Tanıyarsan adamını bundan sonra
duz-çörək kəsəndə.
Bu da tanışdır sənə?
Eləmi?
Baxdım, dinlədim.
Elə bil, başıma çevirdilər aləmi.
Qulağımı tıxadım.
Yumdum gözümü...
Ayıldım.
Qan-tər içində gördüm özümü.
Gecəlik çırağın zəif işığında
divara düşmüşdü
kürsü üstündəki pencəyimin kölgəsi.
Nəfəsimi dərdim.
Dedim, nə yaxşı ki,
yuxuda otağım olmuşdu
İblisin fənalıqlar ölkəsi.
Yox deyil dünyada
namərd dost,
kəmfürsət adam.
İblis olsa da, olmasa da,
ayıqlıqda, yuxuda,
onlara yadam.
Qəlbimdə, əllərimdə
dost sözünün, dost əlinin
hərarəti var.
Yalan deyir İblis.
Məhəbbətə, etibara
dəyər insanlar.
1961

__________________Milli Kitabxana_________________
DƏLİDƏN DOĞRU XƏBƏR
Dəliyə bax, dəliyə!
Baharlanıb çöl, bayır
Dəliyə bax, dəliyə!
Xalq gülür, o ağlayır.
Dəli sınıq budağı
bağlayır dəsmalıyla.
Deyir: - Pöhrə balamı
incitməyin, insanlar!
Dəliyə gülür onlar.
Dəli yazıq neyləsin,
ağlamağa haqqı var.
1962
NƏNƏMUÇ
Balaca bir cücü var,
"nənəmuç" deyirlər adına.
Üstü qara-qırmızı, xal-xal.
Ovcuma alardım onu
"nənəm uç, uç!" - deyə.
Qanadlarını açıb-yumardı,
ovcumu gəzə-gəzə.
Birdən qalxardı havaya.
Baxardım arxasınca nə qədər,
ey... gözdən itənə qədər.
Sola uçsa, yaxşı deyil,
Sağa uçsa səadət gətirər.
Nə qədər çalışdımsa,
bu zalımın cücüsü,
nə bir dəfə sola uçdu,
nə sağa;
elə həmişə düz, qabağa.
Neyləyə bilərdim;
dünya böyük,
mən uşaq.

__________________Milli Kitabxana_________________
Sonralar anladım ancaq.
Anladım ki, səadət nədir.
O başqasının qanadında deyil,
öz əlindədir.
yanvar, 1962
YERSİZ MƏZƏMMƏT
Onun əynində qalın palto,
başında tüklü papaq,
ayağında keçədən çəkmə,
əlində yun əlcək var.
Mən də
sadalasan bunları,
cümlənin axırı "yox"la qurtarar.
Hava şaxtalı.
Qar tökür iynə-iynə.
O, heyrətlə baxır
əllərimin göyərdiyinə.
Və deyir:
- Şaxta yaxşı şeydir,
adama ləzzət verir.
Nahaq yerə sən
qışı sevmirsən!
1958
AÇIM, YA BAĞLAYIM
Pəncərəni açsam
bol-bol hava gələr.
Bəlkə, bir az üşüyərəm.
Pəncərəm örtüləndə
bir otaq havam qalar,
başım ağrıyar,
töyşüyərəm.

__________________Milli Kitabxana_________________
Neyləyim?
Deyirsən: "Hərdən aç,
Hərdən ört pəncərəni".
Onu mən də bilirəm;
avam sanma məni.
Son suala cavab ver, kişisən!
Tövşüsəm yaxşıdır, üşüsəm?
yanvar, 1962
QOY ÇƏKİM
"Papiros çəkmə!"
"Çəkmə!" -
dedi neçə həkim.
Nazimə dedi.
Səmədə dedi.
Müşfiqə dedi...
daha neçəsinə...
"Ürəyə zərərdir.
Qan damarlarına zərərdir.
Bir söz:
tütün tüstüsü,
tütün tozu,
tütün özü
insana zəhərdir.
Çəkmə!" - dedi neçə həkim
mənə de.
"Elə-belə,
vaxtaşırı,
məzə üçün,
tüstüsünü sinənə çəkməsən də,
çəkmə!" - dedi neçə həkim.
Çəkməyim?!
Bəs neyləyim, qardaş?
Neyləyim, əzizim?
Gözlərimi yumub,

__________________Milli Kitabxana_________________
qulaqlarımı tıxayımmı,
bu insanxanada?
Hardadır dünyada,
o tənhalıq?
Aparım xırdalanmış ömrümün
mis pul -
günlərini, ayını.
Görməsin, eşitməsin qəlbim
insan dərdini,
günlərin harayını.
Olsa da, belə bir tənhalıq,
gedərəmmi,
öz əlimlə boğmayıb
pasportsuz kədərimi!
1968
TƏSADÜFİ RƏQƏMLƏR
VƏ İNSAN SƏSİ
Rəqəmlər düzülüb yan-yana.
İkiylə başlayanı var,
üçlə başlayanı var;
hələ beşi, yeddini demirəm.
Barmağımı qoydum
iki rəqəmli dəliyə.
Çəkdim hərləci.
Bir səs
"Allo", - dedi.
Dedim: - Allo,
mən sizi təbrik edirəm.
Dedi: - Sağ olun, ancaq...
Dedim: - Münasibətini bilmək istəyirsiniz,
elədirmi?
Baxın, nə yaxşı gün çıxıb,
hava necə ilıqdır.
Göydəki topa-topa bulud
ağappaq, tərtəmiz,

__________________Milli Kitabxana_________________
süd köpüyü kimi;
elə bil, sülh bayrağıdır.
Bu münasibətlər kifayət deyilmi?
O başda bir gümüş çağlayam
axdı dəstəyə.
Bu başda dəstəkdən
doldu qulağıma:
- Sağ olun,
öpürəm sizi, bir qardaş kimi.
- Sağ ol.
Asdım dəstəyi...
Heç olmazsa, bir günün səadəti üçün,
Bu ülfət, bu mehribanlıq bəs deyilmi?
1962
ETÜD
Hələ axşam düşməyib,
üfüqlərdə şəfəqlər
hələ gözləyir.
Axşamın yumşaq nəfəsi
sürünür yarpaqlarda.
Günəş getmək istəmir.
Bəlkə bilir:
Getsə, gələcək insan qəlbinə
qaranlıq kədəri.
Yavaş-yavaş
əriyir gündüzün rəngi.
Qurd qoyundan seçilməz olur.
(Belə deyib ərənlər)
Saatın əqrəbləri
bir-birinin üstündən
yubanmır keçir, gedir.
Ömür ölümə əsir -
Həyat: "Yubanım", - deyir,
Ölüm yaman tələsir.

__________________Milli Kitabxana_________________
Əqrəblər hey hərlənir.
Bu hərləniş, kim bilir,
nə zaman sona yetər.
Dünyamızda nə vardır
Belə bir intizardan,
belə möhnətdən betər?
Bir ümid var, bir inam;
Yaşayır hər gün insan.
mart, 1980
İKİNCİ ETÜD
Bu nə səsdir?
Yarpaqlardan
damcı-damcı süzülür,
Döyünür ürək kimi.
Gah, elə bil, pıçıltıya bükülür.
Narın-narın yağışdır,
ya küsülü nəfəsdir,
axır, əriyir gedir,
sükut olub üzülür.
Gah nazik sap kimidir,
qırılır.
Gah, qaranlıqda itir,
gah sükuta düzülür.
Gah elə bil söz deyir.
Birdən şütüyür, keçir.
Gah dayanır,
sanki, sükutu içir.
Nə səsdir?
Küləkdir, ya
mehriban nəfəsdir?
Ürək dilli tanışdır?
Anladım,
Könül adlı qəfəsdir.
mart, 1980

__________________Milli Kitabxana_________________
MİNİATÜRLƏR
Gündüzümüzü Günəş verdi,
gecəmi sən.
Soruşursan: -
Necəsən?!
Yarpaqlar töküləndə
baxdım çılpaq budaqlara.
Küləyi kim gətirdi
bu çöllərə,
bu dağlara!
Quru oduna yandı,
yandı yaş.
Bəs deyilmi,
zamandaş,
dünyadaş?!
"Dilim-ağzım qurusun!
İraq olsun!" -
deyirdim,
acı təşbeh qorxusu
ürəyimə çökəndə.
İndi
dilim quruyur,
indi ağzım quruyur;
nigaran dünyamızın
qayğısını çəkəndə.
Ağlaya-ağlaya gəldik dünyaya,
ömrün acısını hələ duymadan.
Gülə-gülə gedək, yaxşı olmazmı,
acısı, şirini bol bu dünyadan.
Ay getdi, gələr yenə,
Gün çıxar səhər yenə.
Necə dözmək olar, bəs,
Əbədi həsrətinə.
1959-1974

__________________Milli Kitabxana_________________
DAŞLAR NƏ DEYİRDİ
Dənizdən sahilə,
sahildən dənizə
sürüyür neçə yüz min ildir
dalğalar daşları.
Şırhaşır yoxuşa,
şırhaşır enişə,
yuxarı, aşağı.
Elə bil, sahildən dənizə
dənizdən sahilə daş axır,
Tinləri sürtülür, sürtülür
daşların.
Hap hamar, sığallı.
Baxıram, elə bil,
liberal adamdır.
Ancaq
rəngi ağ,
göy, yaşıl...
Doğrusu, bu sığal, bu hamar
daşlara yaraşır.
Zaman da insanı
aşağı, yuxarı çəkərək
haphamar eləyir.
Nə yazıq,
ən kiçik,
ən hamar bir daşın ömrünə
min insan ömrü də
bərabər deyildir.
Bəlkə də, təbiət - o qoca müəllim -
haqlıdır.
Dənizlər min illər boyunca
aşağı, yuxarı sürüyüb
sığallı, cilalı eləyir daşları.
Yəqin ki, bir şeyə yaramaz
adamın hər yandan hamarı.
Daşlara nə var ki, yüz əyil, yüz düzəl.

__________________Milli Kitabxana_________________
Sürtülüb, kiçilib,
haphamar olurlar.
İnsan ki daş deyil,
İnsanın canı var.
HƏYAT NOVELLASI
Mənə deyirlər
bagda yaşa;
sakit, həyəcansız.
Orda hava təmizdir, dəniz yaxın.
Şəhər yorur adamı.
Şəhərlə bağlı deyil işin, axı!
Bağda göyərçin də saxlamaq olar,
quzu da.
Gələn, gedən də az olar.
Yoluna düşər yazı-pozular.
İstəsən, ağac dibi götür,
istəsən, qapı, pəncərə rənglə,
istəsən, gül ək!
Necə?
Mən?
Şəhərdən ayrılım?
Bağda qalım?
Mən ha?
Maraqlı fikirdir,
Bir götür-qoy eləyəm, gərək.
1962
XÜLYALAR YOLUNDA
Görəsən, Xəzərin neçə yaşı var?
Görəsən, nə zaman
qalxıb, qabarıb
Şubanı dağı?
Görəsən, Abşeronun altında

__________________Milli Kitabxana_________________
neftdən qabaq nə olub?
Görəsən, kim yandırıb
birinci ocağı,
Bayıl sahilində?
Ulduzlara baxıram.
Dünən də vardılar,
bu gün də olacaqlar,
Sabah da olacaq...
Görəsən, Xəzər nə qədər yaşayacaq...
Görəsən, Şubanı dağı
nə zaman çökəcək?
Görəsən, Abşeron altındakı
neft qurtaranda,
yerində nə qalacaq?
Görəsən, kim yandıracaq,
yeni çıraqları Xəzər sahilində?
Görəsən, kim deyəcək,
yeni nəğməni,
nə dilində?
yanvar, 1962

__________________Milli Kitabxana_________________
Ölümdən güclülər
ÖLÜMDƏN GÜCLÜLƏR
Qəhrəmanlıqla həlak olmuş dəniz
neftçilərinin xatirəsinə
Kimi bura "Yeddi gəmi adası", deyir,
kimi, "Neft daşları".
Mən ad qoymalı olsaydım, əgər,
bura ad verərdim:
"Dənizdə nəğmələr".
İşiniz nəğmə kimi
qanadlı, gözəl, həyəcanlı,
nəğmə kimi sərt,
doğumu çətindir.
Nəğmə kimi həvəs dolu, canlı,
nəğmə kimi sarsılmaz, mətindir.
Neçə kərə gecələr uzandı,
elə bil, yollar bağlandı səhərə.
Çəkilmədiniz iş başından.
Geri durmadınız
həyatın sərt, amansız savaşından.
Buruqlara verdiniz
əllərinizin hərarətini,
qəlbinizin məhəbbətini.
İlk dəfə siz
yaydınız mavi səhraya
şülək-şülək polad yolları!
Ada-ada buruqları.
Dalğalar hiddətləndi,
hərəsinin kürəyində ağ yalı -
sıçrayıb qalxdılar
başaçıq, ayaqyalın,

__________________Milli Kitabxana_________________
- Bura bizimdir! - deyə.
Kimin nə həddi var gələ,
bu maviliyə!
Uğuldadılar uğum-uğum.
Dənizi böldülər buğum-buğum.
Siz çəkilmədiniz.
Qorxu bilmədiniz,
Buz dağları gəldi
nərildəyə-nərildəyə:
- Bura bizimdir,
bizim! – deyə.
Bir addım belə durmadınız geri.
Ayaqlarınızın altında çökdü suya
buz dağları,
parçalandı fırtına nəriltiləri,
Acizliyinə peşman kimi,
ölümünü gözünə almış düşmən kimi,
fırtına qalxdı yeni qüvvətlə.
Külək əsdi, nə əsdi,
Dalğaların zəlzələsi yolları kəsdi.
Fırtına coşdu
qışqıra-qışqıra,
ulaya-ulaya:
- Bura bizimdir,
bizim! - deyə.
Siz əzminizdən qalmadınız.
İşinizi sürətdən,
qolunuzu qüvvətdən,
qəlbinizi məhəbbətdən salmadınız.
Günlərlə sürdü,
insanla təbiətin mübarizəsi.
Üfüqlərə nəğmə-nəğmə yayıldı,
qalib insan səsi.
Fırtınalar yatdı.
Yoruldu dəniz.
Qırıldı inadı.
Yeni polad yollarla yazıldı
mavi səhralara
dənizi fəth edənlərin adı.

__________________Milli Kitabxana_________________
Siz,
sabah yenidən doğacaq ulduzlar kimi
töküldünüz dənizə -
hansı fırtınadır,
qüdrəti tay ola
sizin iradənizə?!
1961
BİR DOSTUN XATİRƏSİ
Ağa Nemətullaya
Adını Ağa qoydular.
Səndə ağalıqdan nə vardı?
Nə ocaqda köz,
nə bucaqda un çuvalı...
yamaq-yamaq arxalığın
göz muncuqlu, dualı.
Böyüdün...
Gözlərin intizar.
Könlün qubar.
Əllərin qabar.
Dərdinlə, möhnətinlə
qalxdın həyat yolunu,
addım-addım, pillə-pillə.
Bu gün səndən yadigar
neçə boylu buruq var.
Maili qazılanı da,
düz qazılanı da.
Maraqlı tarixi,
üstü mazut dəftərlərdə
Adınla başlayanı da,
adınla qurtaram da,
əlinlə yazılanı da...
Mən bilirəm;
Dastana layiqsən,
Lakin dastanlarımız tünlükdür,

__________________Milli Kitabxana_________________
Eyzən, ideal həkim,
ağlı gözündə qız,
bir də yarım dahi bəstəkar.
Eləsi var, ömrü beşgünlükdür,
Bəzisinin uzun yaşamağa
Haqqı var.
Söhbətim onda deyil,
ürəyimdə yuvalanıb nisgil,
Baxışların yadıma düşür;
Ağıllı, etibarlı,
Yadıma düşür duzlu
zarafatın.
Gözlərimdə canlanır
sadə insan həyatın,
Gözlərinin mehriban gülüşü
yadımdadır.
Saçlarının seyrək gümüşü
yadımdadır.
Yadımdadır Moldaviyaya
səfərimiz,
Dilindən düşmürdü
iş, buruq, dəniz...
Kişinyovdan telefon elədik,
Mən Bakıya, evə,
Sən Bayıla, iş yerinə.
Bir əfsanə dinləyən kimi,
Heyran-heyran qulaq asdım
Sənin sorğularına,
sənin dediklərinə.
- 56 necədir?
On doqquzdan nə xəbər?
On dəqiqə qurtardı,
Telefonu kəsdilər.
Dedin: - Hə, allo, Bakı!
Allo! Allo! Uşaqlar!
Vaxt qurtardı!
Cavab ala bilmədin.
Gülümsəyib: - İnşallah
Buruqlar sağ-salamatdır, - dedin.

__________________Milli Kitabxana_________________
Qaşlarının düyümünü,
elə bil, kimsə açdı.
Qırışdı gözlərinin kənarı,
Dodaqların da qaçdı.
Dedin: - Şair, sən soruş, barı!
Soruş, uşaqları.
İndi nə təbəssümün,
nə gülüşün var.
Gözlərim göynəyir.
Ürəyimə qısılıb arzular,
İstəyirəm qalxam
hündür bir dağ başına,
bağıram, səsim gəldikcə.
Elə ki, eşitsin hamı.
- Dostlar, bir dostum ölüb;
Ağa Nemətulladır adı.
Adamların ən yaxşısındandı!
Haray çəkəm:
- Dostlar, bir dostum ölüb;
Nə evimə gələrdi.
Nə evinə gedərdim.
Ev nədir, aləm nədir,
indi ürəyimə sığmır dərdi.
1959
QƏHRƏMANIN ÖLÜMÜ
Bəsti Bağırovaya
Öldü qəhrəman!
Nə alay bayrağı saldılar üstünə,
nə yaylım atəşi açıldı toplardan.
Susdu torpaq!
Yoluna illərlə kölgə salmış ağaclar
susdu.
Aratı faraş qoyulmuş şumlar,
yaxın yamaclar susdu.

__________________Milli Kitabxana_________________
O, silah qəhrəmanı deyildi.
O, zəhmət ordusuna məxsusdu.
Axşam yatdı, səhər durmadı.
Çox yatmaqla arası yox idi.
Ömrünün ilk yarısındakı
acı günlərdən başqa,
yarası yox idi.
Eldən-elə, ölkədən-ölkəyə gəzdi adı.
Dolu, qaynar bir həyat yaşadı.
İndi uzanıb sakit,
nə qaşında düyün,
nə dodaqlarında bir iztirab qırışığı.
Lampasını dünən
özü söndürdüyü otağın küncündə
gecənin boyat qalığı;
çöldə, pəncərə qabağında
səhər Günəşinin gur işığı.
Hər şey yerində:
zərfi açılmış məktublar da,
bir neçə yerdən
qələmlə cızılmış qəzetlər də,
dəstəyi ağ baş darağı da,
qələmyonan cib bıçağı da.
Masa siyirtmələrində
məktublar yığın-yığın.
(Gündə neçə saat oxuyasan, gərək,
cavab yazasan, gərək.
Bu işi də var qəhrəmanlığın)
Uzaqdan gələni var.
Yaxından gələni var.
Hər məktubda bir insan məhəbbəti,
bir insan marağı,
bir insan ümidi.
Çoxlarına o, ana, bacı idi,
qardaş kimi idi.
Hələ neçə məktub yoldadır,
cavabsız qalacaq.
Mən "bədbinlik bizə yaddır" deyə,
yaza bilərdim: - Yox!

__________________Milli Kitabxana_________________
Onlar yeni-yeni bəstilərdən
cavab alacaq.
Ancaq, necə deyim.
Bəsti-Bəsti idi!
Sürəyya - Sürəyya!
Adları yazmaq olsa da bir sıraya,
hər insan təkrar edilməz bir fərddir.
Nə bir-birinin eyni,
nə surəti, nə əvəzidir.
Bu, şərtdir.
Bəlkə insanın bir məziyyəti də bundadır.
Çörək – çörəkdir, su - su.
Ancaq min ağızda min cürə dadır.
Öldü qəhrəman!
Bəlkə, Ayın qızıl orağı
əyiləndə üfüqə gecə yarı
Ürək deyilən möcüzənin dərinlərində
qırıldı bir kiçik qan damarı.
Həkimlər adı bir latın kəlməsiylə yazdılar
qeyri-adi bir ömür kitabının
müəllifsiz son sətrini.
Bir də qonşusu qarı,
gözlərini balağıyla silə-silə dedi:
- Çox istəyirdi rəhmətlik mənim xətrimi...
Sonra da titrəyərək səsi,
yavaşdan, lap yavaşdan əlavə etdi:
- İndi istəməsin.
Öldü qəhrəman!
Nə alay bayrağı saldılar tabutuna,
nə yaylım atəşi xəbər verdi dəfnini.
Üstündə - göylərin
üfüqdən-üfüqə açılmış mavi bayrağı.
Altında - tər tökdüyü,
bala kimi əzizlədiyi Vətən torpağı.
Öldü sakit, alnıaçıq, üzüağ!
Bir xəfif yel, bəlkə,
dərdli insan ahı kimi,
əydi çılpaq ağacları,
çubuq-çubuq, budaq-budaq.

__________________Milli Kitabxana_________________
Apardı bu xəbəri yaysın,
ürək-ürək, dodaq-dodaq.
Öldü qəhrəman!
Bir an yubanmayıb, keçib gedən
iş günü,
həyat günü,
mübarizə günlərinin birində.
Pencəyinin yaxasında qoşa qızıl ulduzu...
Öldü xalq qəhrəmanı, Vətən qızı.
Öldü,
bir ağac illərlə bar verib
bir yazqabağı quruyan kimi,
Gur sulu bir bulaq
axıb-axıb quruyan kimi,
Öldü,
yanıb-yanıb
sönən bir ocaq kimi.
Calaq vurub,
çörək kəsib
birdən sınan bıçaq kimi.
Kim tanımırdı onu?
Əlləri miyanadan kiçik,
işi böyükdən böyük idi.
Boyu miyanadan alçaq,
özü qoçaqdan qoçaq.
Ayrıldı bizdən,
qəhrəman qızı yurdumuzun.
Bir müdrik kəşfiyyatçısı
zəhmət ordumuzun.
Xırda balışlar üstünə qoyuldu
medalları, ordenləri, ulduzları.
Sıra-sıra düzüldülər
tarlada doğmalaşdığı
oğulları, qızları.
Yaşlı gözlər, sanki,
tabutunun arxasınca ağır gedən
karvan-karvan - göy ulduzu idi.
Ö özü göydən enməmişdi.
Göylərə güvənməmişdi.

__________________Milli Kitabxana_________________
O bu yerin, bu torpağın qızı idi.
Saxlayın tabutu, el yolunda!
Saxlayın, bir qədər!
Əysin başını insanlar.
Əyilsin dağlardan enən kölgələr.
Sükut yayılsın,
üfuqdən-üfuqə uzanan torpağa.
Bu torpağın hər çimində
onun əllərinin qoxusu var.
Hər dan yeri qızartısında
onun ən şirin vaxtı qırılan
yuxusu var.
İndi sakit soyuq
o əllərin hərarətini,
indi qapalı
o gözlərin işığını,
bir uşaq tabutuna yerləşən
o bəstə boyunun yaraşığını
verdi ki, o,
insanlar arasında
qoca-cavan, yaxşı-yaman, deyə,
bölüm olmasın.
Ayrılıq olmasın, ölüm olmasın.
Danışanda, sakit idi,
çalışanda, deyirdin
od kimi közərir.
Doğulduğu yer - Gəncəbasar.
Səfikürd kəndi.
Milliyyəti - azəri
Ancaq yeri genişdi.
O, bir kəndə, bir obaya bəndlənməmişdi.
İftixarla adını çəkə-çəkə,
ona "qızım" deyərdi, xalq.
"Qəhrəmanım" deyirdi,
böyük bir ölkə.
Peredelkino, 2 mart 1962

__________________Milli Kitabxana_________________
Aydındır şeir dili

1   2   3   4   5   6   7   8   9   ...   13


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə