RƏsul rza seçİLMİŞ



Yüklə 9.66 Kb.

səhifə5/13
tarix03.07.2017
ölçüsü9.66 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   13

Təkliflər
İnsanlar,
ey insanlar!
Məni hərdən incidib
könlümü sındıranlar!
Axtarın bu qəlbimi,
bir caninin dolaşıq
cinayət yollarını
gəzib axtaran kimi.
Orda sizlərə qarşı
nə bir parça ədavət,
nə də kin görərsiz.
Bəlkə, tənə daşından,
büllur kimi qırılmış
ürəyimin
qızıl qan verdiyini görərsiz.
Elə günlərim oldu
el uzatdım dostlara,
əlim havada qaldı.
Bildim yaman gündəyəm.
Bitməz bu giley-güzar,
bir an ara vermədən,
oturub yüz gün deyəm.
Mən də ürəyi ət,
qan bir canlı, bir insanam.
Helə torpaq deyiləm,
qızmar oda dayanam.
Oddan, atəşdən belə,
şikayət eləməzdim,
söz yarası olmasın!

__________________Milli Kitabxana_________________
Çirkin qəlbdə bəslənib,
acı dildən süzülən
iftiranm, qeybətin
tünd qarası olmasın!
Yoldaş, qardaş, vətəndaş,
düşmə sözün toruna!
Düşmə həsəddən doğan,
qara məqsəddən doğan,
yalan sözün toruna!
Kənar durma, yan qaçına,
mərd üzünü gördüyün
dostundan, işdaşından,
cüzamlı bir xəstədən
qaçıb yan duran kimi.
Gəl, açaq qəlbimizi,
açaq, nə var görünsün,
qaranlıq bir otaqda
işıq yandıran kimi.
Özün gör!
Özün düşün!
Özün götür qərarı.
Çətin gündə
yoxla, gör,
ağır gündə bax, sına,
dostları, insanları.
Mən də adi insanam;
Nə başdan-başa tərif,
nə də cılxa nöqsanam.
1954
GİLEY
Mən hansı xanədə
tutdumsa qərar,
Hər yetən piyada
"şah! şah!" elədi.

__________________Milli Kitabxana_________________
Neyləyim ki, belə
kür taleyim var,
Məni nadanlara ürcah elədi.
1953
AYDINDIR ŞEİR DİLİ
Hər kim nə deyir, desin!
Şeir dili aydındır.
İstəyirsən sevincdən,
istəyirsən qəmdən yaz.
Elə aydındır bu dil,
nadan yüz yol oxusun –
yenə bir şey anlamaz.
1958
YENİ SÖZ
Nə əynində arxalıq görürəm,
nə başında naxışlı təsək
Geyimin müasirdir.
Qan düşüb qiyamətmi olar,
qulağın öyrənməmiş
bir söz desək?
Ağzını büzürsən.
Bu, nə sirdir?
Ay bala!
Atam oğlu,
axı, geyimin müasirdir!
1957
ƏNƏNƏ
Yollar torpaq olanda
ləpirimiz qalırdı.
Yollar beton geyindi,
ləpirimiz də qalmır

__________________Milli Kitabxana_________________
belə yollarda indi.
Neyləyək,
bir ləpirçin,
sökəkmi betonları!
Torpaq yolun çiyninə
necə yükləyək, deyin,
maşınlar tərkindəki
ağır-ağır tonları.
1962
NEYLƏYİM, AY BALA!
Eşitdim ki, yenə şerim xoşuna gəlməyib.
Neyləyim, bacıoğlu?
Neyləyim, bala?
Kimi özgə sözünü
noğul kimi udur,
kimi cırıldadır
köhnə cəhrəsini.
Mənim də bacardığım budur.
Nə qaşına sürmə çəkmişəm,
nə ənlik-kirşanlamışam
çöhrəsini.
Sətirlərim sığallı deyil,
şəkərli, ballı deyil.
Nə mey məclisinə,
ne qız albomuna yarayır onlar.
Onların başqa yeri,
ayrı gərəkliyi var.
Qafiyə axtarırsan,
yerli-yersiz.
Misralar da
həmboy olsun,
həmrəng olsun,
həm də əkiz.
Sən deyən başqa şeydir,
ay oğul:
- ...Şərbət;
hamam divarında bülbül;

__________________Milli Kitabxana_________________
dimdiyində qızılgül.
Ya bir dəstə
qırmızı çiçək.
Yanında,
oxa çəkilmiş ürək.
Sən deyən orda qalıb, bax,
o illərin
arxivə verilmiş günlərində.
Yoldan hamı keçir.
Suyu hamı içir.
Ancaq yol var, düz, geniş,
Yol var, yoxuş, eniş.
Yol var, günəşli sabaha gedir.
Yol var, ziyarətgaha gedir.
Çay var,
qurbağası ilə məşhurdur,
Çay var, suyundan alınan
qüvvətlə.
Adam var, "dərin getmiş", deyərlər.
Adam var, yad edirlər hörmətlə.
Otur yerində, bala.
Nə həsəd apar!
Nə xiffət elə!
Buna zaman deyərlər, zaman!
Nə xətir görür,
nə guzəşt bilir,
nə aman.
Nə rayon təəssübü çəkir,
nə tanış.
Saqqız kimi çeynəmə
xurcun qafiyələri.
Fikrin var,
söz danış.
Ağzını büzmə,
yüzdə birini qanmamış!
noyabr, 1961

__________________Milli Kitabxana_________________
MƏZMUN
Atalar deyib:
"İgid başı qalda gərək!"
Haqlı sözdür.
Gərək zamanın isti-soyuğu
Kişiyə dəysin.
Ancaq gərəkəzmi
qeylü-qalın özü də
bir şeyə dəysin?
1963
FANTASTİKA
Oxudum, oxudum,
Dedi: - Başa düşmədim.
Təkrar oxudum.
- Başa düşmədim! - dedi.
Gözlərimə çökdü qaranlıq.
Şübhələrim gicitkənə döndü.
Canımı dişimə tutub,
bir də soruşdum:
- Heç nə başa düşmədiniz?
- Yox! - dedi.
Dedim: - Yaxşı,
Şeri inkar etdiniz;
heç olmazsa,
kağıza qiymət qoyun,
hüsnxəti bəyənin.
Dinmədi.
Birdən qanım döndü.
Tüklərim ürpərdi.
Baxdım, nə gördüm:
Çiynində başı yox imiş,
başa düşməyənin.
iyun, 1963

__________________Milli Kitabxana_________________
QAFİYƏ
Alan və salan.
Dan və aman.
Yorulmadınmı?
Cüt olur qulaqları
insanın.
Nə olsun?
Elə buna görə gərək
bütün sətirləri
divara xalça mıxlayan kimi,
qafiyələyək?
Həm də yan-yana,
cüt-cüt.
Şaire yazığın gəlmirsə,
oxucuya yazığın gəlsin.
Qoy qulaqlan bir az...
Gözləyirsən, deyim:
- Dincəlsin!
Yox, "sakit olsun!"
Belə!
Qafiyəsiz.
Bu sözlərim
elə bilmə
hər cür qafiyəyə dairdir.
Yox!
Qafiyəyə nə gəlib,
Axtaran olsun gərək.
Qafiyəyə nə olub,
çeynəyib, gövşəməsək.
Onu yaman günə qoyan
qələmi küt şairdir.
Sözüm belələrinə dairdir.

__________________Milli Kitabxana_________________
QISA ŞEİR
(Bir yığıncaqdan sonra)
Qonorarı az olsun,
ömrü uzun.
Şair qardaşlar,
vallah,
ən doğrusu budur,
dava-dalaşlı,
həyəcanlı, təlaşlı,
şərəfli yolumuzun.
Qoy şeir
qısa olsun və dərin.
Yuxusu ərşə çəkilməsin,
haqq-hesabımızı çəkənlərin.
1958
MAHNI
Gözlərin qapqaradır,
Neyləyim?
- Vur öldür!
Qaşların ayparadır,
Neyləyim?
- Dur, öldür.
O qaşların kamanı
yamandır.
Neyləyim?
Qəlbimdəki tufanı
mən kimə söyləyim.
Boy-buxun,
aman Allah!
Rəhm elə!
Qaşların yayını
çəkmə elə!
Dodaqlar, o dodaqlar,
talandım.

__________________Milli Kitabxana_________________
Ocaqlara, odlara
qalandım.
Qarət eləyib tamam
soydular, apardılar.
Nə səbr qaldı məndə,
nə qərar...
Dişlərinin incisi
elə sakit durub ki,
nə dil bilsin sirrini,
nə də dodaq incisin.
Yanaqların
nə alma,
nə lalədir.
O baxışlar, baxışlar,
dastanlara sığmayan
nalədir.
Qafiyə var, vəzn var.
Aparın, sizin olsun
umu-küsü, ahu-zar!
Aparın sizin olsun!
Bəs mənə?
Mənə də hərdən, hərdən
qoşmabazlar əlindən,
təqlidçilər selindən,
qafiyəsiz, vəznsiz
yazmağa izin olsun.
1958
NATİQ DEDİ Kİ...
Deyirlər ki,
uzun, gödək
sətirli şeir yazanlara
məqbul deyil,
şair demək.
Deyirlər ki,
şerin sətirləri
bərabər olsun, gərək;

__________________Milli Kitabxana_________________
köhnə alaçıq çığları kimi,
Təşbehlər cunalı olsun;
sətirlər sığallı, yağlı,
qafiyələr xınalı olsun;
köhnə bir qoçunun
bığları kimi.
Deyirlər,
bir kəlmə sətir olmaz!
Sətir uzun olsun, gərək.
Hər sətir heç olmasa,
üç yarım
failatün olsun, gərək.
Sətrin boyu ilə ölçürlər,
şerin dəyərini.
Təyyarədən doğma, əziz bilirlər
cağlı araba təkərini.
Söz necə sözdür?
Sözün içindəki
soyuq güldür,
ya qızmar gözdür? -
Bunda işləri yoxdur,
bu sərrafların.
Bu nəcabət kanı,
bu elm dəryası,
bu mayası safların.
Döyüş silahından
iyirminin ikinci yarısında
hələ,
bir qılınc tanıyırlar,
bir də ox!
Nəzəriyyədə budur iddiaları;
müsbət qəhrəmanın
çayı bol olsun,
qarnı tox!
Onlar quraqlığa düşməndir.
Suya iştiyaqları var.
Onlar əsərə su hopduran kimi,
Yerə su hopdura bilməz,

__________________Milli Kitabxana_________________
heç bir cuvar.
Bunu demək istəsən,
tabunu gözünə al, sən!
Əsərdə fikir az olsa da, keçər,
söz bol olsun.
Həm də bu sözlər, gərək
onlara tanış olsun,
Kəblə Fatmanın balağı kimi.
Kitab gərək böyük olsun,
yeddi il qızdırma çəkmiş,
bir titrətməlinin dalağı kimi.
Kitabdakı nədir,
fərqi yoxdur.
Kifayətdir ki,
özü qalın,
vərəqləri çoxdur.
Şerin isə sətirləri
uzun-gödək olmasın.
Onlar deyir idealımız budur:
şerin sətirləri,
şirmayı daraq dişi kimi,
bərabər olsun.
Təşbehlər, yüsür təsbeh kimi,
sığallı olsun;
nə çağırıcı,
nə qeylü-qallı olsun.
Onlar sətrin boyuna baxır,
yağlı bir tikəyə baxan kimi.
Əgər, söz alışırsa,
əgər, söz çaxırsa,
ildırım çaxan kimi,
deyirlər:
- Bunlar ənənəyə ziddir.
Kim "bismillah" deyib
nahara qurşanmasa,
xalis yezid oğlu, yeziddir.
Bəlkə də, sözümdə ifrat var.
Özüm bilə-bilə

__________________Milli Kitabxana_________________
yazıram belə.
Qoy şerə toxunmasın
şeir anlamayanlar.
Bağıraraq:
- Budur, yeni əsrin şairi,
yeni qırmızı Füzuli.
Təqdim etməsinlər bizə
hər tutuquşunu,
hər fizulu.
Rahat qoysunlar
əziz xatirəsini
böyük ustadların.
Gizlənməsinlər arxasında
ala-çiy əzbərlənmiş adların.
Bir armud üstündədir,
deyib atalar,
ayının yüz oyunu.
Sözün var, söz danış.
Arşın alıb ölçmə
Ssətirlərin boyunu.
Sətirlər müxtəlif olur, oğlan!
Sözlər müxtəlif olur!
Sətir var ki,
vəzni,
çürük qoz kimi,
sözlərlə limhalim dolur, oğlan!
Söz var ki, bir eşidən
bir də eşitsə,
yorulur, oğlan!
Sənətin yolu nə asfaltdır,
nə cığır.
Sənətkar,
bal arısı kimi
yüz çiçək gəzir,
bir damcı bal yığır.
Deməyə layiq sözün yoxsa,
yazma!
Sən ki, kankan deyilsən,

__________________Milli Kitabxana_________________
quyu qazma!
Həm də bu qədər dərin.
Özün düşərsən,
zillətdə keçər günlərin.
Çərçisən, nədir?
Yükün elə bıçaqdır, iynədir.
Nə üçündür bu qədər iynə,
Elavə edirsən
hər sözünə,
her dediyinə?
Fikrin
düşmənlə vuruşmaqdırsa,
iynə silah deyil.
Şeir,
mətni əvvəldən məlum
dua deyil,
nikah deyil.
Çıxart, o qara eynəyi gözündən!
Müştəbeh olma özündən!
Həyata məhəbbətlə bax!
Şeir də həyatın bir parçasıdır.
Yeni yolları biz açmasaq,
kim açasıdır?
Vətəndaş,
işdaş,
yoldaş,
kim açasıdır?
Axı
bəs kim açasıdır?
1954
ŞEİR, VƏZN VƏ MƏHƏBBƏT
HAQQINDA DASTAN
Nə vəzndə yazım ki, mən məhəbbətin acı, şirin sözünü,
Yeknəsəklik yelləriylə soldurmayım alovunu, közünü.
Onaltılıq çoxotaqlı geniş, yekə bir mənzildir,
Yaxşı-yaman, nəyin varsa, yığ içinə, doldur bir-bir.

__________________Milli Kitabxana_________________
On beşlik də tutumludur, yazmağa da asandır.
Ancaq yekə vəznlərdə yazmaq xeyli nöqsandır.
Ondördlük heç bəd deyil, sevirəm bu vəzni mən
Ancaq neyləyəsən ki, yan bölürlər hərdən.
Onüçlük də ara-sıra yarayır işə,
Ancaq onu tutub durmaq olmaz həmişə.
Üç bölgülü onikilik vəzn də var
Ahəngində oynaqlıq da, hüzn də var.
Onbirlik gözəldir, onu biz, gərək
İşlədib yormayaq, seyid atı tək.
Onluq da var, bazan kasaddır.
Çünki başqa vəznlər asandır.
Doqquzu işlədən azdır, az,
Üç və üç, yenə üç yaramaz.
Səkkizlik də çox yaxşıdır.
On altının qardaşıdır
Nə deyim, yeddilikdən:
Bir dastan yaz istəsən.
Bir də var, altılıq,
həm kiçik, həm qırıq.
Beşlik vəzn var,
Bilir uşaqlar.
Dörd hecalı,
Cüt haçalı.
Üç heca,
Asanca.
Nəki,
İki
Mən,
sən
birdir.
Soruşmursunuz sərbəst hanı?
Gəlib versin,
vəzn və qafiyə meydanında
kamal imtahanını!
Burda qurtarıram vəzn söhbətini,
İndi başlayıram təsvir etməyə
bir gəncin bir qıza olan məhəbbətini.

__________________Milli Kitabxana_________________
Sevdi, sevildi
Sağlam insana məxsus
bir həvəslə.
Sevdi,
nə Fərhad,
nə Məcnun,
nə də Kərəm kimi.
Nə daş yondu,
nə zəncir taxdı,
nə də yandı,
dədə Kərəm kimi.
Sevdi qızın incə belini,
yumşaq telini,
qaydasında çəhrayı yanaqlarını,
öpüş üçün,
mayalı xəmir kimi, qabarmış
dodaqlarını.
Sevdi xırda məmələrini -
Qalxıb-yatan sinəsinin mərmərini:
Və məhəbbətin ən çılpaq sözlərinə
açıq olan
qulaqlarını.
Bənövşə nəfəsini sevdi.
Yerişini, duruşunu, səsini sevdi.
Yanmaq üçün sevmədi, yox.
Zövqü, nəşəni danmaq üçün sevmədi, yox.
Dişlərinin incisini sevdi.
Əqlini, düşüncəsini sevdi.
Söhbətini-sözünü sevdi.
Ehtiras dolu baxışını
vücudunun ipək paltara yaraşıq verən
naxışını,
şirin vədlər dolu gözü sevdi.
Sevdi, nə bildi ki,
canlı - insan bir qadını sevir.
İnsan ünsiyyətinin,
insan mehrinin,
insanı məst edən
dadını sevir.

__________________Milli Kitabxana_________________
Bəli, bir insanı, bir qadını sevir.
Deyən, ağız büzən var,
salonda.
Kimdir o, kim?
Yoldaşlar, yubanmayın,
riya xəstəliyi var onda,
Həkim çağırın, həkim!..
MAYAKOVSKİ
(Fantaziya)
Cəbhədaşlarına
"Mənim arzum budur ki,
qələm
süngüylə dursun yanaşı,
Qurultayda şeir işindən
hesabat versin Stalin!"
Bu sətirləri yazan usta əlin
necə qıydı sənə?
Heyhat...
Bəraətçin yoxdur dəlil.
Mayakovski - "qatil!"
Sən öldürdün,
şeri sıra çəkib, duran
döyüşçüdən birini.
Sən öldürdün ölkəmin şairini!
Öldürdün, buna yox ikən səndə haqq.
Bilirkən bu cinayət
ürəkləri qanadacaq.
Bu, yalan deyil,
Mayakovski,
of... "qatil!"
Söylə, Mayakovski,
o qaynar qəlbində
bu köhnə,
sarı günlərin,
sarı xəzan axşamı kimi xəstə,

__________________Milli Kitabxana_________________
bir fikri necə bəslədin?
Sənin ki, yanğını gündüzləri işıqladan
Hər sətrində
qaynayırdı acizliyə qarşı kin.
Gözlərimdə canlanır
xəyalı,
o gecə
o sakit çöhrənlə,
iti baxışlarınla,
yalnız sənə məxsus
sadəlik vüqarınla
göründün danışıq kürsüsündə.
Mən o gündən sevdim səni,
bir ustad kimi.
Səsin bu gün belə,
qulağımda çınlayır,
əyilib qırılmayan
xas polad kimi.
Sən,
köhnə şerin o sısqa
qamış belli daxmasını yıxa-yıxa,
yaradırdın yeni şerin
göydələn binasını.
Geniş addımlarla aşaraq
tarixin körpüsüz yollarını.
Bu günün qollarıyla
qucaqlamaq istəyirdin yarını.
Deyirdin:
- Kürəmiz
sevincə az yararlıdır.
Qoparaq nəşəni, gələcək günlərdən...
Mayakovski,
Mayakovski,
bəs nədən
durdun,
yollar olmadan yan?
Vurdumu yüksəliş qanadını,
imkan ildırımları?
"Bu, bir yol deyil,

__________________Milli Kitabxana_________________
örnək olmasın..." desən də,
yaxanı qurtara bilməzsən, gende.
Qəlbimiz nifrətlə doldu, bil,
öldürərkən şair Mayakovskini
Mayakovski - "qatil".
Kimdir o,
kitabları varaqlayan?
Kimdir
üzünə "De koti" ətirli
yaylıq tutub ağlayan?
"...Lyubovnaya lodka
razbilas o bıt!"
Yetər! Kiri!
Sən deyildinmi
ona kəfən biçən diri-diri?
"Şeri şerə böhtandır.
Dili yamandır.
Yazdıqları kütlədən uzaq,
Onu kimsə oxumayacaq", - deyə,
üzünü tutub yana,
acı-acı gülərdin...
"...İşə bax,
bəyənməyir Aleksandr Sergeyeviçi,
rəssam adını daşıyan şirçi?"
İndi bu nədir, ey "dost",
Tərk etmisən
köhnə qını,
Sətirlərindən arayırsan
həyatla döyüşən
duyğuların qırğınını.
İndi səsin gəlir:
"O böyuk insan
sığmadı çərçivəyə.
Həyat qırdı gəmisini..." – deyə.
"Onu öldürdülər", - deyirsən.
"Qatili oldu mühit!
O böyük şair
bolşevik qəlibinə
sığdıra bilmədi

__________________Milli Kitabxana_________________
talantını,
parça-parça doğradı,
xəncər qını..."
Sus!..
Aramızda keçmişdən qalma
casus!
Bizi inandırmaz,
bu saxta yaxınlıq...
Ey əsr-əsr dala qalmış
əsrdaş,
bu, səndə nə qılıq!
Matahını satmaqçın,
ölüm xəbəri gözləyən
tabutçu kimi,
sevinmə!
Sus!
Uğursuz!
Qəribə deyilmi bu dönüş,
ey "dost"!
Necə anladın indi,
onun düyümlü misralarını?
Necə tapdın,
o "tapmacaların" açarını?
Qəribədir, ey "dost",
çox qəribədir.
"Təmiz sənət" müridi!
Mayakovskiyə səcdə edirsən indi.
Lakin aldanma,
Vətəndaş, aldanma!
Yersiz alışma, yanma.
Aç, oxu,
o partbilet kimi,
qaldırılan kitabları!
Gör nə deyir:
"...Ey gələcəklilər!
Şeirlərimi taparkən birər-birər,
unutmayın, yalnız,
onlara köhnə,
fəqət

__________________Milli Kitabxana_________________
müdhiş bir silah kimi, yaxlaşınız..."
Get, aç köhnə kitabları,
bir də oxu!
Sevgililər müsibətindən
gözünə getməsin yuxu.
Biz də oxuduq onu,
lakin olmadıq
o yolların yorğunu.
Yolumuz ayrıldı
17-dən bəri.
Bizə yetər olmadı
köhnə rübabın telləri.
Sözümü anlama qeybət kimi,
Sevirəm Puşkini də
Fikrət kimi.
Lakin vurğun deyiləm...
Demək,
səcdə, təqlid yollarında
yorğun deyiləm!
Neçinmi sevdim Mayakovskini
mən?
Oxu, bəlkə, anladın
bu sözlərdən.
Mən tüpürdüm hüsnə xal yapışdıran
şairlərin yoluna.
Durdum yeni şerin qarovuluna.
"Tunc misralar durmuş səfə,
hazırdılar ölümə
və ölümsüz şərəfə..."
Udaraq bu günün havasını,
könlümdə böyütdüm
şerin gələcək sevdasını.
Yolumda kimsə cığır salmamış.
Mən elə bir maestroyam ki,
dindirdiyim bu telləri
kimsə çalmamış.
Nə qəm,
dar qulaqlara xoş gəlməsə
nəğməm!

__________________Milli Kitabxana_________________
Məni "candan istəyən" dostlar!
Daha bir iddiam var:
Neyləyim, acıdır dil.
"Dostlar",
bir dəfə anlayın ki,
ədəbiyyat Braziliya meşəsi deyil.
Deyirlər,
meymundan törəyib
İnsan oğlu.
Amma
nə gərək var, yenidən
meymun olmağa!
Pasportlaşma başlanmış ədəbiyyatda.
Qorxuram yaxın bir gün
məzardan qalxa Şillər.
Acı-acı süzə səni, deyə:
- Tfu, sənə şüler!..
Elə isə,
Yaşasın Mayakovski!
İzin verin,
mənə bir haqq üçün,
izin verin, deyim:
- Əlvida! Əlvida,
ey böyük şair,
əziz Volodya!
1936
TAPŞIRIQLI MƏRDİMAZAR
Mərdimazarlar müxtəlif olur,
deyək, cücülər kimi, mikroblar kimi.
İşləri də müxtəlif olur;
cibgirlik kimi, qumar kimi.
Mərdimazarın bir çeşidi de var –
tapşırıqlı mərdimazar!
Belə birisi, qalxdı kürsüyə.

__________________Milli Kitabxana_________________
Yeddi arxın suyunu
qatdı bir-birinə.
Yüz quyruq qoydu
şairin bir şerinə.
Niyə qazdan yazıb?
Qaz hara, şeir hara?
Niyə məhəl qoymur yoldaş
mal-davara?
Bir deyib,
bir rəyasət heyətinə baxırdı.
Axı, gözünü yumub atdığı
bu çaxır da
birovuz çaxırdı.
Dedi.
Doydu.
Düşdü kürsüdən.
Az qala, qovuq kimi partlayacaqdı,
adam üzünə göstərdiyi hirsindən.
O, kürsüyə tək qalxdı,
ordan tək düşdü.
Ancaq, boynuna
vəzifə götürmüşdü.
Fit verəni,
dəhmərləyəni vardı.
Bir sözlə, bizim mərdimazar
adi yox,
tapşırıqlı mərdimazardı.
fevral, 1962
"BƏZİ-BƏZİ" AZARI
"Bəzi yazıçıların
bəzi əsərlərində
bəzi nöqsanlar var ki,
bizə mane olurlar;
bəzən çox, bəzən də az.
Bəzi hallar da olur...
Görürsən ki, yazıçı...

__________________Milli Kitabxana_________________
Əlbəttə, bu yaramaz!
Bəzi yoldaşların da
bəzi çıxışlarında,
görürsən bəzən,
bəzi nöqsanlar təkrar olur".
Bu "bəzi-bəzi"ləri
eşitməkdən, doğrusu,
qulağımız yorulur,
baş-beynimiz yorulur.
Soruşarsınız, niyə,
"Bəzi" deyirəm mən də?
Adlarını çəkmirəm
belə bəziçilərin
bir-bir, yeri gələndə?
Bu bəzi-bəziçilər
bir deyil, iki deyil...
Onlar builki deyil,
Onlar bildirki deyil.
Mənim bəzi deməkdə,
əlbəttə, məqsədim var...
Qoy ibrət dərsi alsın,
bir, ya iki nəfər yox,
bütün bu "bəzi-bəzi"
dərdinə tutulanlar!
1954
ŞERİN GÜCÜ
Əlimdə təzə qəzet...
Başlıqlar -
irili-xırdalı
səpələnib hər yana.
Qərar, məqalə, xəbər.
Neçə zavod, neçə kolxoz qabaqcıl.
Dala qalanlar da var.

__________________Milli Kitabxana_________________
Ürəkaçan sözlər çox,
tək-tək yalanlar da var.
Fotolar orda-burda,
Fotolarda adamlar.
Maşın, gübrə, ximzəhər.
Kök, cins inəklər.
Faizlər cərgə-cərgə.
Sıfırla qurtaranı var.
Sıfırla başlayanı var.
Bir küncdə
ayıbalası kərpic kimi yığılıb
şeir sütunu.
Hər yandan hamar.
İş nə hamarlıqdadır,
nə kələ-kötürlükdə.
Nə sığallı sözlərdə,
nə atmacalardakı kürlükdə.
Qafiyələr düzülüb:
canı - can yerində,
qanı - qan yerində.
Növbətçi milis kimi dayanıb
qoca Loğman yerində.
Nimdaş təşbehlər
düzülüb yan-yana.
Xüsusi yer ayrılıb
sərvboylu,
püstə dodaqlı canana.
Əvvəl, göz gəzdirdim ötəri.
Sonra dedim:
- Yaxşı-yaxşı oxuyaq, görək, nə var.
"...Bəxtim gülzarına..."
Bu nə dızıltıdır belə.
Pəncərə şüşəsində
vurnuxur tək bir çibin.
Bükdüm qəzeti.
Milçəkqıran düzəltdim.
Yaxınlaşdım yavaşca,
barmağımın ucunda.

__________________Milli Kitabxana_________________
Dedim elə vurum ki,
lap yerində qalsın.
Birdən boşaldı əlim,
Qoy yaşasın, nə olar,
Nə dəyişər,
dünyadan getsə,
bir mərdimazar.
Milçək qaldı yerində.
Mən də gəlib oturdum
masamın arxasında.
Açdım qəzeti.
Başladım yavaş-yavaş
oxumağa şeri.
Tıp!
Bu nədir belə?
Ey vah fələk!
Pəncərə şüşəsindən
ölü düşdü milçək.
1965

1   2   3   4   5   6   7   8   9   ...   13


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə