RƏsul rza seçİLMİŞ



Yüklə 1.26 Mb.
Pdf просмотр
səhifə6/13
tarix03.07.2017
ölçüsü1.26 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   13

BELƏLƏRİ DƏ VAR
Bir tənqidçi dünən gördüm mağazada
Yetmiş dənə qələm alıb,
Pul vermişdi qırx bağlama kağıza da.
Gördüm yaman acıqlanıb.
Alnında tər muncuqlanıb.
Hey güc vurur,
əlləşirdi;
yük ağırdı.
Qələmlər də yekə şələ odun kimi
gördüm, çiynini ağrıdır.
Dedim:
- Dostum, nə zəhmətdir!
Nə zillət, nə əziyyətdir.
Dedi:

__________________Milli Kitabxana_________________
- İndi ağırdır bu.
Yazılanda yüngülləşər.
Gərək, yazam.
Aydın ola xeyirlə şər.
Dedim:
- Dostum, heç olmazsa,
söylə, kimdir qurbanlığın?
Dedi:
- Çoxdan tullamışam
mən daşını yamanlığın.
Zənn etmə ki, indi,
ancaq söz deyərəm üzə görə.
- Bu ehtiyat kiminçündür?
Bilirsən, de bizə, görək!
Mən düşündüm, dedim: - A dost,
yəqin tarix yazacaqsan.
Dedi:
- Yox, səhv eləyirsən.
Çoxalmışdır tarix yazan.
İndi ki sən tapammadın,
qoy mən deyim mərd-mərdana.
İstəyirəm tənqid yazam
başladığın o dastana.
Dedim:
- Dostum, axı mənim
dastanım ki bitməmişdir.
Dedi:
- Olsun, nə fərqi var,
guya ki, bu çətin işdir.
Mən yazaram başdan-başa
nə fikrim var, nə sözüm var.
Sən də ki, öz işində ol,
dastanını yazıb qurtar!
Məqaləmdə səhv olarsa,
bundan nə qəm!
Bilir aləm.
Boynum vardır, mən də varam.
Bir məqalə yazıb yenə,

__________________Milli Kitabxana_________________
bütün səhvi başdan-başa,
öz boynuma m’n alaram.
Dedim:
- Dostum, bu alverdən, söylə,
sənə qalan nədir?
Dedi:
- Şöhrət,
yaxşı, ya pis.
Qalan şeylər əfsanədir!
1950
TƏNQİD NƏCİB SƏNƏTDİR
(Açıq məktub)
Əvvəlcə tanış olaq!
Baxaq bir neyimiz var:
sakit, təmkinlə, səssiz.
Bir götür-qoy eləyək.
Görək şair nə şeydir,
anlayaq tənqid nədir.
Bolkə, bu iki sətri,
siz monə irad rutub,
deyərsiniz: - Şair - şey?
tənqidçi – nə?
Məlumdur,
bu dildə yazan özü,
nə yuvanın quşudur,
necə nüsxə, nə tumdur.
Rica edirəm,
bir az tələsməyin,
səbr edin!
Mən bir balaca çəkim
cilovunu Peqasın.
Siz də, dartın bir qədər
yüyənini tənqidin.
Bir mənə qulaq asın!
Mən sizin şəklinizi

__________________Milli Kitabxana_________________
tünd-qara bir qələmlə çəkmirəm.
Yox, çünki siz,
hamınız bir biçimli,
bir yeyim, bir içimli
adamlar deyilsiniz.
Tənqidçi var, görəndə
hörmətlə qarşılayıb,
xəstə olsam da, belə,
gərək ayağa duram.
Eləsi var,
rəhmətlik Sabir demiş,
fikrini qan-qan görüb,
qorxuram.
Tənqid, yarınmaq deyil.
Tənqid, barınmaq deyil.
Tənqid, yeddi oxuyub,
birini qanmaq deyil.
Tənqid, nəcib sənətdir.
Nə hökm, nə minnətdir.
Tənqidi tənqid etsəm,
bir az dərinə getsəm,
arzum budur sözümü
götürməsin özünə,
sənəti, şeri sevən,
fikri açıq, qəlbi gen,
qeyrətli, mərd, xeyirxah
tənqidçi yoldaşlarım.
Bir səngərdə bizimlə,
böyük sənət uğrunda,
döyüşən vaxtdaşlarım.
Tənqid var ki, nə qədər
ağır, amansız olsa,
o qədər xeyri çoxdur.
Sığallı, səksəkəli,
sətirləri ləkəli,
yüz eyhamlı, kölgəli
tənqidin həm şairə,
həm də onu yazana

__________________Milli Kitabxana_________________
vallah, bir xeyri yoxdur.
Tənqid də iş növüdür.
Bu nə zordur, nə də güc.
Nə gərəkdir tənqidə
zəhər, duz, iynə, ülgüc?!
İstəyirsən sözünü
kükrəyən alovla yaz,
istəyirsən buzla yaz.
Bircə şərti unutma!
Nə yazsan, namusla yaz!
Nərgiz asfaltı deşib,
yaşıl bir alov çıxıb.
Şair yazıb.
Tənqidçi
Heyrət edib, karıxıb.
Nərgiz asfaltı deşsin?!
Heç belə də şey olar?
Bir balaca düşünüb,
verib yekə bir qərar.
"Quru asfalt altından
nərgiz göyərməz!" - deyib.
Sonra da uzun-uzun
sənətkara dərs deyib.
Deyirlər, hər oxuyan
Molla Pənah olmayır.
Bir əlavəm var mənim,
bu doğru fikrə dair.
Vaqiflərin özü də
Həyatda cürbəcürdür.
Biri yazır, yaradır,
Biri baxıb köçürdür.
Biri xalqın, Vətənin
şanı, iftixarıdır-.
Biri avamlığıyla
Həməsrini xar edir.
Deməyin, tənqidçiyə
mən qara damğa vurdum.
Sərin su axtarıram,

__________________Milli Kitabxana_________________
susayanda bir udum.
Nə cinəm, nə şeytanam,
mən də adi insanam.
Yazdığım şeirlərin
yaxşısı var, pisi var.
Sənət istehsalatdır,
qazancı, itkisi var.
Sözümdən inciməyin,
çünki özünə görə,
yeri var hər əməyin.
Mən şerimi oxuyum,
siz köhnə sitatları,
"Sevgili" vaxtdaşlarım,
Təzkirə doktorları!
Filan-filan əsrdə,
filan cüngün
mötəbər elm kandidatları.
Təzkirə, cüng deyəndə,
zənn etməyin mən elmin
əleyhinə gedirəm.
Yox, yox, tövbə,
Mən ancaq
deyirəm, təzkirə də,
cüng də lazımdır bizə.
Lakin köhnə vərəqlər
hörmətlə yad edilib,
kölgə salmasın, gərək,
müasir üstümüzə.
Sənət də neçə növdür,
ciddisi, mizahı var.
İnsan canlı məxluqdur,
sevinci var, ahı var.
Tənqidçi qaşqabaqla
oxuyur bu sözləri.
Birdən, çil toyuğunu
tülkü aparmış xəsis
qarı kimi qışqırır:
"Ay aman, hay qoymayın!

__________________Milli Kitabxana_________________
Xalqa böhtan atdılar".
Mən belə hay-küylərə
çoxdandır öyrəşmişəm.
Ancaq qışqırma, yoldaş!
Bəlkə ürəyi xəstə,
əsəbi xəstələr var.
Belə gurultu salma!
Birdən qorxar uşaqlar.
Əvvəlcədən gəlin, biz
bir məsələni qəti
aramızda sözləşək.
Dediyimizə qəsdən
nə bir irad axtaraq,
nə də ürəyimizdə
qalsın bir şübhə, bir şəkk.
Nə desək, gəlin, deyək,
təmiz ürək dililə.
Nə üzgörənlik olsun
arada, nə də hiylə.
Yaxşıya yaxşı deyək,
pisə pis, aydın, açıq.
Nə qərəz, kin işlədək,
nə lağlağı, nə acıq.
Nə mən yazdıqlarımı
nənəm üçün yazıram,
nə də siz elminizi
boğçaya bükürsünüz.
Qüsurum, günahımçın
mən cavaba hazıram.
Əyriyə əyri deyək,
düzə, gəlin, deyək düz.
Yenilikdən qaçmayın.
Hər dəfə,
yeni sözü gələndə,
tər-tələsik,
iki dırnaq açmayın.
Çünki hər dəqiqəniz

__________________Milli Kitabxana_________________
əvvəlkinə bənzəmir.
Bədəndə hüceyrəniz
belə dəyişir hər an.
İndi savadlı olmaq,
çox şey bilmək, deməkdir.
Bayaqdan savad üçün,
bəlkə yetərdi "Bustan".
Bir şeyi, sən bilmirsən,
Niyə, gərək, pis olsun?
Niyə şair deyənlər
şübhəli olmalıdır,
sənin bütün dediyin,
gərək, şübhəsiz olsun?
Mən demirəm, yenilik
yaxşılıqla əkizdir.
Sən də hökm vermə ki,
nə yenidirsə, pisdir.
Daş daş üstə qoymasaq,
ucalarmı binalar?
Torpaq daxmada bir də,
indi yaşamaq olar?
Təyyarəmiz var ikən
arabaya minəkmi?
Traktoru olanlar
torpağı xışla əkmir!
Deyirsiniz araba
hələ bizə gərəkdir.
Bəlkə... ancaq ki, bizim
söhbətimiz dünən yox,
bu gündür, gələcəkdir.
Gələcək - yenilikdir,
öyrənişdir, bilikdir.
Qurduğumuz bu dünya
yenilərdən yenidir.
İnsan ölü deyilsə,
yeniliyə meyl edir.
Bəlkə, bu insan sözü
sizə mücərrəd gəlir.

__________________Milli Kitabxana_________________
İnsan deyəndə, ancaq
gözünüzün önünə
xəbis, bədniyyət gəlir.
Yox, mən dediyim insan
xəbislikdən uzaqdır.
O insandır ki, bu gün
sökür, qurur, yüksəldir.
Yer üzündə ən böyük
səadət dünyasını
zəhmətilə yaradır,
mütləq yaradacaqdır!
Hərdənbir açıq-aydın
mən sizdən gileylənir,
yeri gələndə,
bir az sancıramsa,
nə olar?
Mənim də bədənimdə
sizin küt iynənizdən
göynək yaralarım var.
Bir də gördün, bir nəfər
bozbaşı duzsuz olub,
papirosu ucuz olub,
ya da diş ağrısından
bütün gecə yatmayıb,
ev əhlindən kimsəni
qıymayıb, oyatmayıb,
səhər tezdən,
qələmi götürüb tər-tələsik
"Babam mənə kor dedi,
"rast gələni" vur, dedi" –
deyib, düşüb üstümə.
Bəlkə də, kor deməkdə,
qoca haqlıdır, ancaq
şerin təqsiri nədir,
söylə, acıqlı "qoçaq"?!
Demək ki, bu maddədə
birdir vəziyyətimiz.
Qarşılıqlı dəyibdir

__________________Milli Kitabxana_________________
sizin mənə,
mənim də sizə
əziyyətimiz.
Madam ki, iş belədir,
bu nə haydır, nə küydür?
Əliniz hey işləyir,
diliniz hey üyüdür.
Qələm-qüləm bolsa da,
kağız ucuz olsa da,
axı, yer qalmamışdır
səbr adlı kasada.
İnandırıram sizi:
Mən dilini bilirəm
həm arfanın, həm sazın.
Ancaq bir tələbim var:
hər nə yazmış olsanız,
öz adınızdan yazın.
Xalq, oxucu adından
yazmayın: Filan, filan!
Sənət idman deyil ki,
qazansın çox tullanan...
1959
İZAH
Hər biçilən taxıl deyil;
sünbülü var, samanı var.
Hər tənqidçi paxıl deyil;
yaxşısı var, yamanı var...
1958
KARVANIMIZ GEDƏCƏK
Nə qumlarda dəvə ləpirləri...
Nə havada zınqırov səsləri...
Köçümüz indi
rezinli təkərləri
saniyədə yüz dəfə hərlənən

__________________Milli Kitabxana_________________
maşınların üstündədir.
Yolumuzda maneə olsa,
fit veririk,
qulaqları cingildəyir.
Üfüqdə Günəş
alov yallı bir kürən.
- Bəs bu səslər nədir?
- Alabaşlardır hürən.
- Hürsünlər!
İllərlə onlar hürə-hürə
keçib-getdisə zınqırovlu karvanlar;
sürəti saatda yüzdən artıq
maşınlara nə var.
Nə qəm!
Nə qədər hürür
hürsün, alabaşlar!
1957

__________________Milli Kitabxana_________________
Damğa
ÇEŞİD-ÇEŞİD İNSANLAR
İnsan var ki,
dedikləri həqiqətdir.
Acı olsa sözü, yenə
qədir bilən insanlara bir nemətdir.
İnsan var ki,
cır arı tək sancır;
demir, bu da candır,
bu da ətdir.
İnsan var ki,
çullu dovşan nədir,
öküz belə sığar gen ağzına!
Nə özünə rəhmi gəlir,
nə də rəsmi dövlət kitabxanasına...
Bildiyindən yazsa, yazsın,
cəhənnəmə!
Nə eybi var?
Ancaq yazır, yazdığının
Hər cümləsi - qətnamə,
Hər kəlməsi - rəsmi qərar!
Əlindəki qələm deyil,
sanki, milis ağacıdır!
Belə getmə, yol bağlıdır!
Belə getmə, yol haçadır.
Heç olmazsa, işıqforun
qırmızısı, sarısı var,
yaşılı var.
Qırmızıda dayanırsan.
Sarı yandı -
gözləyirsən, bir anlığa yubanırsan.
Yaşıl yandı - yol açılır...

__________________Milli Kitabxana_________________
Bu zalımın "hə"si yoxdur.
Qəzəbindən dil tutulur.
Nə fikrinə işıq düşür,
nə yazmağa qol açılır.
O hər şeydən xəbərdardır:
Musiqini əzbər bilir,
Rəssam işi... Paho!
Onun ən mükəmməl bildiyidir
Memarlıq... Eh...
Alabaşın hinini o,
özü tikir.
Şeir - burda əllamədi, bilicidir.
Nəsr - ona aydın-açıq əl içidir.
Səhnə - əşşi, buna nə var!
O yaşayan məhəllədə
düzülübdür cərgə-cərgə afişalar...
Bəs, qüsuru onun nədir?
Niyə varı bir qayçıdır, bir iynədir?
Eləsinə yeri vardır, desək, bəli,
İnsan var ki, simüzər nəsib olmuş,
İnsan var ki, tünd bibər nəsib olmuş,
İnsan var ki, nə çarıqdır, nə də köşə,
İnsan var ki, tut qıçından, at dalına;
ağzı hara düşə, düşə!
1958
DAMĞA
(Rüşvətxor Binamusoviçə açıq məktub)
Saçları ya şəvə kimi qapqara,
ya yumurta sarısı,
ya tünd qəhvəyi,
məxməri pivə kimi.
Qəlbini arayıb axtarsan,
dibə kimi,
bu fıkirləri taparsan, ancaq.
Neyləyək alaq!

__________________Milli Kitabxana_________________
Kimdən alaq?
Necə alaq?
Gündüz alaq?
Gecə alaq?
Ucdantutma hamıdan,
yoxsa seçə-seçə alaq?
Pul var, pul alaq!
Yoxdu, imarət, pendir, yağ,
Xalça, palaz, keçə alaq!
Lap bəd başı,
fərə alaq,
beçə alaq.
Necə olur olsun,
necə yaşayır yaşasın xalq,
biz alaq, alaq!
Geliri iştahasından az olsa,
ovqatı təlx olur.
Deyinir... deyinir...
Tutasan yaxasından, deyəsən:
- Yəni, sən də kişisən?!
Arvadın özgə puluna geyinir.
Yatdığın yorğan-döşək,
yediyin xörək,
qızının başındakı örpək,
mənzilindəki limon ağacı,
içi büllur dolu servant,
dörd bir yana düzdüyün
qayırma çiçək,
qapı pəncərələrdəki pərdə-ipək,
hamısı rüşvət pulunadır.
Sən də kişi qoymusan adını!
Rüşvət alıb saxlayırsan arvadını.
Bəlkə, eşidib bunu,
Rüşvətxor Binamusoviç deyər:
"Bəs mənim pulum yoxdur, məgər?
Bəs mənim maaşım?"
- Yum kalafa ağzını!
Dayan!

__________________Milli Kitabxana_________________
Haray salma!
O xidmət yerini də
rüşvətlə almısan.
Gəlininin yumşaq başmağı,
qardaşının iki çeşmə otağı,
hamısı rüşvətə gəlib başa.
Oğlunun kostyumu,
ayaqqabısı,
qol saatı,
cib bıçağı,
bacının qızıl zəncir qolbağı,
hamısı rüşvətə düzəlib.
Gözümə soxma,
birgünlük kef məclisinə
bəs eləməz maaşım.
Hələlik girləsən başını,
hələlik saxlasan da,
yeznənin adına yazdırdığın
təzə "Volqa" maşını,
belə getməz.
Tez-gec verərlər,
suyunun aşını.
Yəni, sən də kişisən!
Gözünə girsin, o maaş!
Bilirsənmi ən layiq adın
nədir, sənin?!
Aşın müqəyyəd qafiyəsi!
Anladınmı?!
Qulaq as!
Dara-bara salma!
Sus!
Rüşvət puluna külfət saxlayan
dəyyus!
İndi get, al rüşvətini,
ala bilirsən.
Bu adla adamlar içində qal,
qala bilirsən.
1962

__________________Milli Kitabxana_________________
RÜŞVƏTXORLAR MƏRSİYƏSİ
"Ax, necə kef çəkməli əyyam idi.
Ondaki övladi-vətən xam idi..."
Rüşvət alırdıq azı - az, çoxu - çox.
Puldu, qızıldı, ya da şey, fərqi yox.
Əmr eləyirdik cibi tox, qarnı tox.
İndi nədir? Qoyma-haray, qorxhaqorx,
Xalqa ağır gün, bizə bayram idi,
"Ax, necə kef çəkməli əyyam idi".
Gör necə bir döndü bu bəxtin üzü,
Əyrini düz, əyri yazırdıq düzü.
Ruzi axırdı gecəsi, gündüzü.
Əllini bir, ayrı yığırdıq yüzü.
Sandığa pullar necə dam-dam idi,
"Ax, necə kef çəkməli əyyam idi".
Hansı lağım qaldı ki, biz oymadıq?
Hansı soğan qaldı ki, biz soymadıq?
Çarşı, bazar, budka, dükan qoymadıq,
Aldıq, alınca usanıb doymadıq.
Süfrə dolu gündə nahar, şam idi,
"Ax, necə kef çəkməli əyyam idi".
Biz kişiyik, məclisimiz şəndi, bil!
Bizdə vəfa, bizdə səxa gendi, bil!
Vardı bir az qorxusu hərçəndi, bil,
Yeddi verən on verənə zam idi "
Ax, necə kef çəkməli əyyam idi".
Hazır olurdu nə müfəttiş desək.
Gözdən itirdi balaca kiş desək.
Tez düzəldirdi nə sayaq iş desək,
Yeddi desək, altı desək, beş desək.
Barmağımız arifə eyham idi,
"Ax, necə kef çəkməli əyyam idi".

__________________Milli Kitabxana_________________
Müştəri bol, işləri bol, alğı bol,
Ölkədə bunca yox idi kontrol.
Yaxşı girinc etdi bizi komsomol,
İndi, yedin, qusmağa tez hazır ol!
Bir soruşan yox, bu, nə encam idi,
Hər şeyimiz, hər zadımız tam idi,
"Ax, necə kef çəkməli əyyam idi".
fevral, 1964
SUAL-CAVAB
(Sabir sağ olsaydı)
Köhnətas kəndinə gəlmiş qadın müxbirin
Qeyrətkeşovla söhbəti
- Söyləyin kəndinizin indiki halı necədir?
- Köhnə ispalkom olan vaxt necəydi, eləcədir,
- Yeni məktəb açılıbmı? Çəkilibmi yeni yol?
- Yazışırlar iki nazir, bu xüsusda bol-bol.
- Vaxtlı-vaxtında gəlirmi də qəzet, məcmuə?
- Keçən il nəşr olunanlar yetişibdir bu cümə.
- Söylə, təmir edilibdirmi qiraətxana?
- Daşıyıblar, nəyi vardısa, hərə bir yanə.
- Necədir radionuzun son xəbəri, konserti?
- Mənə qalmışdı məgər kənd-kəsəyin hər dərdi?!
- Kəm-kəsir işləri tənqid eyləyirsizmi, barı?
- Bəzimiz eyləyirik, leyk boğazdan yuxarı.
- Alağa, pambığa kolxozda gedirmi kişilər?
- Nə dedin? Ağzına alma bu sözü, şər qızı, şər!
Necə bir, söylə, dilin gəldi, soruşdun bunu sən.
Qızyetər, Ağca, Tamamla işə çıxsın Gülhəsən?
Ölmüşük biz ki gedib arvad işindən yapışaq?
- Qadın azadlığı!
- Hə!.. Sübhə kimi, gəl, danışaq.
1962

__________________Milli Kitabxana_________________
ORA İKƏN MÖVÜC OLMUŞLAR
(Sabir sağ olsaydı)
Ay haray, bir neçə şair, neçə nasir kimilər
Aldılar əllərinə yepyekə jurnalımızı.
Neyləyək, harda yazaq? Harda gəlirdən barmaq?
Düşünən varmı görən bir bizim əhvalımızı?
Ev dolu, cib dolu, portfel doludur, çanta dolu.
Hey yazır, hey yazırıq; harda sataq malımızı?
Hələ bax sən bu münəqqidlərə, hazır dayanıb
Zəhrə döndərmək üçün gündə bizim balımızı.
Körpəyik biz böyüyək naz ilə, nemətlə gərək.
Çox da gendən baxan hər kəs görəcək çalımızı.
Bizi çox danlamayın, çap eləyin hər nə verək.
Saf-çürük eyləməyin dəymişi, ya kalımızı.
Gərçi az şey bilirik, hər şeyə quyruq qoyuruq.
Köhnə simlərdə əvvəldən vururuq xalımızı.
İşləmək, zəhmətə qatlaşmağa meyl etməmişik,
Neşədə, zövqdə biz görmüşük iqbalımızı.
QORXURAM
(Sabir sağ olsaydı)
Taksi maşınla çıxıram yollara,
şoferi lülxan görürəm, qorxmuram.
Gah zooparkda gəzirəm səllimi,
hər cürə heyvan görürəm, qorxmuram.
Bağlı, dəmir çaxçaxın ardında çox
mürgülü aslan görürəm, qorxmuram.
Modaya vurğun bala meymunları,
az qala, üryan görürəm, qorxmuram.
Tənqidə düşmüş neçə gənc şairi,
"qanına qəltan" görürəm, qorxmuram.

__________________Milli Kitabxana_________________
Gah bitirib iclası, dərhal, yenə
bir yeni elan görürəm, qorxmuram.
Bağda, ya plyajda papaq - yan gəzən
təptəzə xuliqan görürəm, qorxmuram.
Şanısı, əncirləri səf-səf duran
bağları viran görürəm, qorxmuram.
Dəstəsi yüz-yüz qaçışan küdrüdə,
tək bala ceyran görürəm, qorxmuram.
Sözləri əzbər, quru natiqləri kürsüyə
qalxan görürəm, qorxmuram.
Böylə şücaətlə, sözün doğrusu,
neyləyim...
Qoy olanı söyləyim:
Yerlipərəstlikdə hünər göstərən
arxah nadan görürəm, qorxuram.
Bisəbəb qorxmuram, vəchi var –
Fikrini qan-qan görürəm, qorxuram.
Dəyməsələr onlara, mikrob kimi
günbəgün artan görürəm, qorxuram.
Qorxuram, qorxuram, qorxuram...
1962

Bir vətəndaş oğlunun
adını "və" qoydular.
Demirəm, qərəzlə, ya
sevə-sevə qoydular.
Qoydular,
çünki adı uzun siyahılarda
"Və"dən sonra gələrdi.

__________________Milli Kitabxana_________________
Yamanca günə saldı
Onu bu "və" - "və" dərdi.
İllər boyu çalışdı,
bir yerini dəyişsin;
"Və"dən qabağa düşsün.
Mümkün olmadı, ancaq.
Könlündə arzu yandı,
dilində vədə yandı.
Onun adından qabaq, həmişə
"Və" dayandı.
Toyda, bayramda, yasda,
söhbətdə, ya iclasda
həmişə dedilər ki,
filankəs, filankəs və...
Ancaq bu "və"dən sonra
onun adı çəkildi.
Qovruldu, pörşələndi,
Yanıq Kərəmə döndü.
Gözlərinin yuxusu,
xörəklərinin
tamam duzu, dadı çəkildi.
Gecələr yuxusunda qırdı
bütün "və"ləri.
Axırda "və" var deyə,
məhv etdi dəvələri.
Kitab keçsə əlinə
bütün "və"ləri pozdu.
Vətən sözünü gördü -
baxıb çox yerə yozdu.
Dedi:
Canım qurbandır ana yurda, Vətənə,
ancaq Vətən sözünün
ikinci yarısı düzü,
daha xoş gəlir mənə.
Ömrü boyu gözlədi siyahıda adının
yeri dəyişər haçan.
Əvvəldən necə "və"di,
"Və" də qaldı axıracan.

__________________Milli Kitabxana_________________
Anlamadı ki,
“Və”dən qabağa keçmək üçün
arzu kifayət deyil.
Sinədə od gərəkdir,
ürəkdə bir fil gücü.
1968
QONŞU PAXIL OLMASA,
BAĞ ÇƏPƏRİ NEYLƏYİR
Paxıl curbəcürdür,
Kimini qonşusunun canı sağlam
olduğu,
kimini qonşusunun xəstəliyi çürüdür.
Xəstəliyi deyəndə,
can yandığından deyil,
başqa səbəbdən doğur bu nisgil.
Paxıl baxıb deyinir:
- Bəxtəvərin evinə
nə tez-tez həkim gəlir!
İynə vuran, qan alan,
sığalçı, küpə salan,
daha, daha kim gəlir...
Dava-dərman görürsən,
Hey daşınır, hey axır,-
deyə sızlayır paxıl.
Kimi anadangəlmə,
görürsən, paxıl olur.
Kimisinin ürəyi,
get-gedə paxır olur.
Kimisinin qəlbinə,
paxıllıq qurdu, gördün
mururla daxil olur.
Kimisi də görürsən,
qəflətən paxıl olur;
dostuna baxır, olur,
Kimi bekarçılıqdan,
qüssədən paxıl olur.

__________________Milli Kitabxana_________________
Kimisi avam olur,
kütbeyin, cahil olur,
Kimi əlli-ayaqlı,
hay-haray, paxıl olur.
Əlindən gəlməyəndə,
qonşusuna göz qoyur,
Təklikdə bacarmasa,
dəstə yığır,
söz qoyur.
Necə, nə sayaq olsa,
müxtəlif paxılların,
bir ümumi rəngi var.
Ürək xırdalığından,
darısqal qılığından,
köhnə qurdlar dağından,
paxıl olur paxıllar.
Qapqara çeşmək taxıb
bu işıqlı dünyaya
yana-yana baxırlar,
paxıllar.
Oğru, rüşvətxor kimi
paxıllıq da pis addır.
Görünür, paxılların
bazarı
çox kasaddır,
Adam var paxıllığı özgəsindən
borc alır.
Görünür, paxıllığın ölümünə az qalır,
paxıllıq da qocalır.
Qonşu paxıl olsa da,
çəpər çəkməyək bağa,
Xeyirxah insanların,
gücü çatar
bağları
onlardan qorumağa.
dekabr, 1962

__________________Milli Kitabxana_________________

Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9   ...   13


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə