RƏsul rza seçİLMİŞ



Yüklə 9.66 Kb.

səhifə7/13
tarix03.07.2017
ölçüsü9.66 Kb.
1   2   3   4   5   6   7   8   9   10   ...   13

YALTAQ
İnsanlar əmək çəkir, tər tökür
Kimi ev tikir
Kimi dağ sökür.
Hərənin bir işi var, bir sənəti.
Ancaq necə gizlədim həqiqəti
Yaltaqlığı da özünə sənət eyləyən var,
Bu da bir döldür - yaltaqlar!
Elə zənn etməyin
yaltaqlıq asan işdir.
Elə söhbətdir, gülüşdür.
Yox.
Zarafatdırmı, hər gün,
nimdaş köynək kimi
üz-gözünü dəyişdir;
lazım olan vaxt şən görün,
lazım olan vaxt qaşqabaq elə,
hər gün qarşıla müdirləri
gülə-gülə,
əyilə-əyilə.
Bir xəzinədar sandığın gözündən
lazım olan xırdanı, əskinası
tapıb çıxaran kimi,
çıxart lazım olduqca
heyrəti,
nifrəti,
riqqəti, təbəssümü
könül qəfəsəsindən.
Məharətlə düz sözləri,
rəfə mal düzürsən, elə bil.
Hər sözün öz vaxtı,
öz yeri.
Yaltaq var ki, açıqdan-açığa
müdirə züy tutur,
Müdir olan yerdə
yanını yerə qoymaz;
yüz desinlər otur!

__________________Milli Kitabxana_________________
Gözlərin müdirin ağzına dikib
durur,
Əlini ovuşdurur.
Dodaqlar yaylı qapı kimi
açılır, yumulur
Dişlər, lazım gəlsə, qıcanır
qəzəblə,
lazım gəlsə, irişir.
Böyük yanında arıqlayır,
kiçik yanında şişir.
Yox, qardaşlar!
Yaltaqlıq asan deyil.
Ən çətini budur ki, birdən,
daş qayaya rast gəlir.
Onda necə!
Elə müdirə rast gəlirsən ki,
ürəyi - filiz külçə.
Nə tərif hərarətindən boşalır,
nə yarınmaq möhürü götürür.
Necə tərif desən, də,
bu qulağından alır,
o birindən ötürür.
Onda başlayır yaltağın qara günü.
Qara buludlar alır
başının üstünü.
Axı, yaltağın ayrı peşəsi yoxdur,
Olur sudan çıxmış balıq kimi,
süpürgə qabağına düşmüş qalıq kimi...
Şübhəsiz, işsiz qalar yaltaq,
biz ucuz təriflərə uymasaq.
1963
ANONİMÇİ
Qaranlıq gecələrdə
qara fikirlərini
qara qələmlə yazdı
köhnə vərəq üstünə.

__________________Milli Kitabxana_________________
Sağanaydı, yazdı sol əliylə.
Bəzi sözü qəsdən səhv yazdı,
bəzisini savad kəmliyindən.
Özünü fağır qələmə verdi,
yaz əmliyindən.
Yazdı, o yan-bu yana baxa-baxa,
yazdı, hər hənirtidən,
hər səsdən
qorxa-qorxa.
Yadına saldı söhbətləri, zarafatları;
görsün ələ gələn nə var.
Bir-bir tutuşdurdu
uydurmaları, yarımfaktları.
Hey dönə-dönə açdı, tökdü yaddaşını;
görsün, yenə nə var.
Gözləri qan çanağı
ağzı qupquru.
Barmaqları yazmaqdan qabar -
İy çəkən burun,
darı dənləyən qulaqlar.
Yazdı: "Nə mərdimazaram,
nə paxıl.
Haqsızlıq görüb yanıram, axı.
Xəttimdən bilinər necə dilxoram.
İmza qoymuram,
düzü... qorxuram.
Çünki bu adamın dayısı oğlu
bizim müdirin xalası nəvəsinə
elçi göndərəcək, deyirlər.
Yəqin ki, toy edəcək,
üç gün, üç gecə,
izdihamla, brilyant üzük nişanla.
Hələlik siz işdən çıxardın onu,
mən də gələn məktubumda
yeni beş nəfəri
ifşa edərəm, inşaallah".
Belə məktub mənim üstümə yazılmış ola,
fərqi yoxdur, yay ola, qış ola,

__________________Milli Kitabxana_________________
çıxıb küçə eyvanına bağırardım
məktubun - anonim,
özün - anonim,
sözün - anonim.
Ax, anonimçi!
Ax, anonimçi!
Sənin bacını, ananı...
Ağlar görəydim.
1963
KAFTARLI
Qoca bir vücud vardı,
gödəkboy, uzunburun.
Söz-söhbəti bu idi:
Əzin!
Qovlayın!
Vurun!
Qəribə adı vardı,
bu qocalmış kişinin.
Ad qoyanlar bilirmiş,
yəqin onun işini,
Mirzə Kaftarlı!
Bəli!
Lap məəttəl qalasıydı,
Kaftarlı!
Halbuki, o,
bir adam balasıydı.
Görənlər deyirdilər,
budur goreşən gəlir.
Yəqin ki, iy götürüb
necə də gör şən gəlir.
İşi-gücü həmişə
böhtan, qeybət, yalandı.
Köhnə-kövşən eşməkdə
mütəxəssis şeytandı.
"Filankəs çox kefi kök,
damağı çağ yaşayır.

__________________Milli Kitabxana_________________
Filankəs neçə vaxtdır
çox bidamaq yaşayır –
Onun niyyəti nədir?
Bunun illəti nədir?".
O iyləyib-cüyləyib
gərək biləydi niyə
o şaddır, bu kefsizdir.
"Əvzai-zaman" üçün
hansı yaxşı, ya pisdir.
Kaftarlı çox gor eşib,
çox su bulandırmışdı.
İllərlə köç-külfəti
belə dolandırmışdı.
Hərdən klassikləri
keçirirdi nəzərdən.
Deyirdi: "Heç kəs üçün
güzəştə getmərəm mən!
Şair bir vüsal üçün
aləmi yandırarsa,
sülhün düşmənidir o!
Vəssalam!
Aydın, qısa".
Şərini, böhtanını
Gündüz-gecə yazırdı.
Goreşənlər bilirlər
Hara, necə yazırdı.
Başqasının göz yaşı
onunçun sevinc idi.
Əlindən yaxın-uzaq
bezardı, girinc idi.
Xalq da intiqamını
ondan yaxşıca aldı.
Kaftar adı üstündə,
bir damğa kimi qaldı.
Belə Mirzə Kaftarlı
tək olsaydı, nə vardı,
harda bir mərdimazar,
harda bir quyuqazar,
harda bir bədxah, murdar

__________________Milli Kitabxana_________________
görsəniz, bilin: yəqin
Kaftar oğlu Kaftardır.
Neyləyəsən ki, hələ
beleləri də vardır.
1968
SİTATCIL
Danışanda gülür.
Susanda gülür.
Dodaqları çırmanır,
üzündən nur tökülür.
Söysən - gülür,
Öysən - gülür.
Döysən... yox.
Hələ görməmişəm döyüldüyünü.
Bəlkə dişi ağrıyanda ancaq
çatır qaşlarının düyümünü.
Bəlkə... bəlkə...
Bir rəssam istərəm
onun şəklini çəkə;
papağı həsir.
Altında da bu sözlər:
"Gülən adam".
Hüqonun yox,
müasir.
Ona deyirlər:
- Yoldaş müdir,
istirahət günü kuryer
yıxılıb, sındırıb ayağını.
O, çirməyir dodağını:
- Demək, idarədə yox.
İstirahətdə...
Aha...
Tez əl atır yeşiyə.
Uzun-gödək sitatları çıxarır,
tövşüyə-tövşüyə.
Başlayır növbəti nəsihətini:

__________________Milli Kitabxana_________________
"İctimai zəruri zəhmət,
bax, nə deməkdir...
Kapitalizmin gəlir mənbəyi
məhz izafı əməkdir".
Deyirlər ona,
- Yoldaş müdir,
dünən siz
göstəriş vermişdiniz,
hamilə qadınların
ərləri gərək
arayış gətirsinlər görək...
O gülür.
Gözləri bükülür,
Dodaqları çırmanır,
Əl atır yan yeşiyə.
Sitat, sitat, sitat
boşalır eşiyə:
"Qadın azadlığının əsas
problemləri".
"Filan alimin əsəri".
"Səhifə filan".
"Aşağıdan filan abzas".
Bütün sitatları
canına döşəməsə,
əlindən qurtarmaq olmaz.
Bir dəfə,
dayısı oğlunun üçüncü yeznəsi
ona bir şeir oxudu.
(Bunu da deyim ki,
şeirlə heç arası yox idi).
Amma yenə güldü.
Gözləri büküldü.
Çırmandı dodaqlar.
Dedi: - Rəhbərimiz yoldaş Marks da
şeir yazıb.
Yazıb Engels də,
özüm oxumuşam
İstirahət zamanı, Məngilisdə.
Sonra əl atdı yeşiyə,

__________________Milli Kitabxana_________________
içində sitatlar
şirin-şirin yuxulayan,
açarlı beşiyə.
Çevirdi vərəqləri,
Kənd... şəhr... tarix...
mədəniyyət... duz... yun...
Aha... forma... məzmun...
Təsadüfən ordaydım mən də.
Özümü saxlaya bilmədim
işi belə görəndə.
Dedim:
"Gülən adam!
Bəsdir, çeynədin-tökdün
gözəl sözlərini
hörmətli adamların.
Birusan, barı!
Bir utan, barı!
Ört qızıl-gümüş dişlərinin üstünü.
Papirosunu yan tut!
Gözümə üfürmə,
şirin sitatları,
acı tüstünü.
Gülmək yaxşıdır, ancaq
hər şeyin bir yeri,
bir vaxtı var.
Bilmək yaxşıdır, ancaq
deməyiblər, ömrün boyu
yeşikdən sitat çıxart.
Hamam pəncərəsi deyil ağız,
açasan yay-qış.
Bəsdir, az gül,
Az qımış!
O ki qaldı şeirə, sitatlara
Su gərək quyunun dibindən çıxa...
Sən hara,
şeir hara,
Hikmətli söz hara!
1960

__________________Milli Kitabxana_________________
AĞRILI SUAL
Boş söhbətdən,
min amallı həqiqətdən,
tərif, həsəd və qeybətdən
yorulmadın?
Üzə görə məhəbbətdən,
uzun tostlu ziyafətdən,
Qəliblənmiş səadətdən,
icazəli cəsarətdən
yorulmadm?
Mızı-mızı şikayətdən
kifli, duzlu bəlağətdən,
ədalətsiz ədalətdən,
Qənaətsiz qənaətdən,
Təntənəli cəhalətdən
yorulmadın?
1968
ALİCƏNABOV DEDİ
Hamı bilir ki, mənim
xeyirxahlıqdır peşəm.
Yaxşılıq eləməkdən sizə, təngə gəlmişəm.
Bilirsən, hər yamanlıq əlimdən gəlir,
həmi?
Bir-birinə qataram, istəsəm, bu aləmi.
Əl bulaşdırsam əgər
nələr etmərəm, nələr?
İndi ki, etməmişəm,
sən mənə minnətdar ol!
Xeyirxahlıq, yaxşılıq,
qardaş, bu qədər olmaz.
Mən sayım, sən qulaq as!
Yerkom seçkilərində
gizli səs verən zaman,
istəsəydim
adını poza bilərdim,

__________________Milli Kitabxana_________________
həmi?
Bu sən öl, pozmamışam.
Bax, bu bir.
Bəs xeyirxahlıq nədir?
Səndən gizli, imzasız
neçə-neçə material
yaza bilərdim,
həmi?
Bu sən öl yazmamışam.
Bu iki.
Yaxşı-yaxşı fikirləş!
Xeyirxah görmüsənmi ömründə,
mənim təki.
Qaynım şərəşur Səfər,
Dayoğlum dənəs Bəşir.
İstəsəm, öyrədərdim özüm onları bir-bir;
haray salıb hər yana,
min böhtan, min iftira
atardılar üstünə.
Qalardm yana-yana.
Su tökən də olmazdı
alovuna, tüstünə.
Eləməmişəm, həmi?
Qalxan kimi tutmuşam
dost yolunda sinəmi.
Kimin həddi var, mənə deyə ki,
bədqılıqdır.
Yamanlıq eləməmək,
özü də yaxşılıqdır.
Bu vaxtacan bir yerdə
tərif eləmisənmi,
ya məni, ya yeznəmi.
Eləməmisən, həmi?
Yaxşı, deyək ki, sənin
dilin gəlmir tərifə.
Niyə cavab vermədin
o demaqoq hərifə?
Hansı ki, srağagün

__________________Milli Kitabxana_________________
məni tənqid elədi?
Necə deyərlər,
bu fakt,
yalan deyil?
Elədir?
Yaxşı, cavab vermədin,
qəmin kəm.
Bilirsən mən nə aciz,
nə təkəm.
Yan-yörəmdə dostlarım,
Əlimdə də postlarım,
həmyerlilərim də ki,
cabaca, yerbəyerdir.
Dayanıblar, şir təki.
Salamını eşitmir,
hədiyyəni görmürük.
Deyir, dost bizi ansın bir qozla,
o da çürük.
Ha, ha, sən öl,
aşnayam səninlə.
Ver əlini.
Qızım sənə deyirəm,
qoy eşitsin gəlinim.
1959
PƏRSƏNG DAŞI
Yol kənarında
bir daş gördüm.
Maraqlandım,
Bu yer hara,
bu yekə daş hara!
Hardan gəlib düşüb bu uzaqlara!
Soruşdum:
- Kimsən?
Nəsən?
Hardan gəlib düşdün
bu daşsız yola,

__________________Milli Kitabxana_________________
bu düzənə sən?
Daş dedi:
- Mən adi daş deyiləm.
Yaxşı bax!
Pərsəng daşıyam,
pərsəng daşı.
Məni tulladı bura
karvanbaşı.
Əvvəl əzizləyib
qoymuşdu yükün bir tayına,
lap yuxarı.
Elə ki keçdik əyri-dolay,
əynəmli yolları,
götürüb atdı məni
bu yol kənarına.
Kim inanar,
insanların etibarına.
Dedim: - İnsanı məzəmmət eləmə.
Günahı yoxdur burda
sədaqətin, etibarın.
Aqibəti belə olur
və belə olacaq
hündürə qalxmaq həvəsilə
pərsəng olanların.
28 fevral 1970
MƏSLƏHƏT
Dağ döşü!
Bulağın sərin suyu.
Köhnə şərab.
Əmlik ətindən
şiş kabab.
Ye!
İç!
Yat!
Tut özünü bala, yağa!
Dodaqaltı mədhiyyə oxu

__________________Milli Kitabxana_________________
cecə arağa.
Yox, vətəndaş,
bu, bir yol deyil.
Nə kababdan ikraham,
nə şəraba düşmənəm,
nə sərin bulaq suyuna.
Ancaq həvəsim yoxdur;
ancaq istəmirəm
hər gün enəm
qarın hakimiyyətinin ətalət quyusuna.
Demə ki, sözlərin ənənəmizə ziddir?
Harda, hansı kitabda,
hansı nəğmədə, dastanda
oxumusan, eşitmisən -
milli ənənəmizin
şərab, kabab olduğunu?!
Axtar nənələrin taxcasını,
babaların qovluğunu!
Axı on gözəl ənənəmiz
nəğmə olub, düşünmək olub,
əmək olub,
sevmək, sevilmək olub.
Düşmənlə vuruşmaq olub,
yaxşılıq olub.
Pis deyil yerində
kababın burnumuzu göynədən
iyi də.
Köhnə küpün
su qatılmayan meyi də.
Ancaq kababxanaya döndərməyək
yurdu-yuvanı, ölkəni.
Namusla, ağılla yeyək
yavan tikəni.
Gəlin, birdəfəlik qol qoyaq -
yeməyə, içməyə, yüngül kefə
qul olmayaq!

__________________Milli Kitabxana_________________
ÇİBİNLƏR
Çibinlər yenə də incidir məni
Aman vermirlər ki, dincəlim bir an.
Quru nəsihətçi, tənqidçi kimi
Bərk-bərk yapışıblar mənim yaxamdan.
Neyləyim, neyləyim, dil bilmirsiniz,
özündən bədgüman şairlər kimi.
Yoxsa açıb bütün tökərdim sizə
sizdən nələr, nələr çəkmiş qəlbimi.
Axı nə yamanlıq etmişəm sizə!
Belə qoşun-qoşun axıb gəldiniz?
Bu şəkər, bu pendir, bu da ət, yeyin!
Gəzməyə də bu çöl, bu bağ, bu dəniz...
Yanımdan bircə an ayrılmırsınız,
Bu necə rəftardır, bu nə ədəbdir?
Yoxsa, mən hamıdan şirin olmuşam.
Bəlkə, məhəbbətdə bu yeni dəbdir?
Neçə nöqtə, vergül düzdünüz bu gün,
yazıldı vərəqlər üstünə dən-dən.
Gündə bir dəyişən orfoqrafiyanı
yaxşı bilirsiniz, görünür, məndən.
Hava xoş, dəniz göy, əncir, üzüm bol,
Dənizdə oğlanlar, qızlar çimirlər,
Xoşbəxtlik əlçatmaz bir xəyal deyil.
Aman bu çibinlər, ah, bu çibinlər!..
Buzovna, 1959
MIĞMIĞALAR
Məni şirin yuxudan oyatdı mığmığa.
(Cücülər də başlayıb mərdimazarlığa)
Bir alacağı yoxdur məndən;
bir damcı qandan qeyri.

__________________Milli Kitabxana_________________
Qan mənə lazımdır,
yaşamaq üçün,
qanın ona nə xeyri?
Deyirlər, o da yaşamaq istəyir.
Ona da qan lazımdır.
Axı, qan mənimkidir.
Xüsusi mülkiyyətin
Əleyhinə olsam da kökündən,
hemoqlobinlər, leykositlər
fərdi olmaya bilməz.
Zəhmətlə toplamışam onları damarlarıma.
Bu mığmığalar nə deyir, bəs!
Yaxşı, deyək, bir damcı qanla
mən nə zəngin olaram, nə yoxsul;
gəlirsən gündüz gəl apar,
açıq-aşkar,
həm də dağılmasın gözlərimin yuxusu.
İstə ədəblə, ərkanla,
sancaqsız, dızıltısız.
Bir damcı aparıb, bütün qanımı qaraltına.
Düşünürəm;
bütün dünyanın mərdimazarlarını yığalar
içində çibinlər, hünülər
və... ədəbi mığmığalar.
Söz verələr mənə.
Kürsü alçaq, ya hündür olsun,
nə ziyan.
Sözə başlayıb deyəm:
- Əya, kürühi-kifiryan!
İstəyiniz nədir?
Dızıltınız həm tanış, həm köhnədir.
Cücü mığmığalar
qaranlıq sevir, nəm sevir,
durğun hava sevir.
Ədəbi mığmığalar,
Fürsət gəzir,
girəvə axtarır.
Dava sevir.

__________________Milli Kitabxana_________________
Hələ deyək adi mığmığaya
yaşamaq üçün qan gərəkdir.
Bəs siz?
Ədəbi mığmığalar?
Axı siz özünüzü adam sayırsınız.
Niyə
həşəratı yamsılayırsınız?
1962
MƏN BAĞA YOX, AYRI BAĞA!
Qaraquşun başı ağrıyırdı yaman.
Haray çəkirdi:
- Ay, bir əlac!
Ay, bir dərman!
Bir də nə görsə yaxşıdır.
Bir çanaqlıbağa
xəndəkdən keçib,
ağır-ağır yollanır bağa.
Qanadını açıb-büküb bir neçə kərə
qaraquş qondu yaxın köbərə.
Üzünü tutub çanaqlıbağaya:
Dedi: - Bağa qardaş, amandır!
Başağrısı öldürür məni,
bir əlac elə, bir dərman de!
Bağa dərindən bir nəfəs aldı,
qalxıb yoxuşu.
Diqqətlə başdan-ayağa süzdü qaraquşu.
Sonra gülüb dodaqaltı, dedi:
"Bir çanaqlıbağa taparsan!
Amma bax, ha!
Mən bağa yox, ayrı bağa!
Vurub caynağına onu
qaldırarsan göyə.
Fikir vermə,
ha qışqıra, ha söyə.
Amma bax, ha!
Mən bağa yox, ayrı bağa!

__________________Milli Kitabxana_________________
Elə ki qalxdın lap hündürə,
ordan birbaş
bağanı tullayarsan yerə.
Sonra enib aşağı,
ürəyini parçalayıb yeyərsən.
Kəsməsə başının ağrısı
mənə min lənət deyərsən.
Ondan sonra istər yüzə,
istər minə çatsın yaşın,
ömür boyu ağrımaz başın.
Amma bax, ha!
Mən bağa yox, ayrı bağa!"
Sözlərini deyib,
bağa çəkdi başını qınına.
Hələ qürurlandı da
qaraquşa kələk gəlib,
rəqibinə tələ qurduğuna.
Qaraquş fikrə getdi.
Birdən çırpıb qanadlarını,
dedi: - Dayan görüm!
Niyə düşürəm dərəyə, dağa
Bağa, bağa, elə sən bağa.
Vurub caynağına göyə qaldırdı onu
Bəli!
Bağaları güdaza verəndə
unutma bağa olduğunu!
mart, 1960
GÖZLƏR
Çoxları dad çəkdi, şivən qopardı:
"Döndərmə yazımı xəzana, gözlər!"
Mən də qol çəkirəm onlar deyənə.
Ar olsun bu əhdi pozana, gözlər!
Biri qara dedi, biri alagöz,
Bu ceyrangöz dedi, o piyala göz,

__________________Milli Kitabxana_________________
Mənə nə iri göz, nə də bala göz,
Ruhuma xoş gəlir miyana gözlər.
Rəngini bilmədim sarıydı, bozdu,
Könül nabələddi, min yerə yozdu.
Ancaq ki, sevgimin dəjini pozdu,
Qoymadı tərpənəm bir yana gözlər.
Dərin bir dəryadır şair xəyalı.
Götürdüm boynuma şəri, babalı.
Biri alça dərir, biri gavalı,
Heç bilmirəm baxır hayana gözlər.
1939
SADƏ SƏBƏB
Yüz bir gecə
düşündüm ki, sən,
niyə məni sevmirsən?
Bəlkə burnuma görə -
yekədir.
Bəlkə, qulağıma görə -
bir tikədir.
Bəlkə, gözlərimə görə -
göydür.
Bəlkə, əllərimə görə -
kösövdür.
Bəlkə, çənəmə görə -
irəlidir.
Bəlkə, şerimə görə -
məzəlidir.
Bəs niyə, axı, niyə
qaçırsan məndən
"Yox" deyə-deyə?
Bəlkə, saçlarıma görə -
darağa yatmır.
Bəlkə, bığlarıma görə -

__________________Milli Kitabxana_________________
qulaqlarıma çatmır.
Bəlkə, boyuma görə -
uca deyil.
Bəs neçin, axı, neçin?
İnadın bica deyil.
Nəyi səbəb tutum axı,
Nəyi?
Aha, tapmışam:
mən sarımsağı sevirəm,
sən öpüşməyi.
1958
BAŞ ÜSTƏ
Bir kənd tanıyıram mən;
nə böyükdür, nə kiçik.
Belə adi kəndlərə
nə qədər rast gəlmişik!
Bir qəribə adət var,
bu kənddə çoxdan bəri.
Ondan agah eyləyəm
gərək bilməyənləri.
Bəlkə, deyəcəksiniz:
belə kənd yoxdur, əsla!
Bağışlayın, sözümü
mən deyirəm əsasla.
Mən bu kənddə olmuşam,
mən bu kəndə bələdəm.
Pis adətlər yaşayır
Bəzi yerdə, hələ də.
Hər nə istəsən istə,
burda lap daş-qaş istə,
cavabları bir budur:
- Arxayın ol, baş üstə!
İldırım vurmuş turac,
quş südündən aş istə.
Deyəcəklər: - Düzələr!

__________________Milli Kitabxana_________________
Arxayın ol, baş üstə!
De, dastan yaz qələmlə
balaca xaşxaş üstə!
Deməzlər mümkün deyil;
Deyəcəklər: - Baş üstə!
Onlardakı bu adət
bir həftə, bir gün deyil.
Mümkün olmayan şeylər,
deyək ki, mümkün deyil.
Bəs mümkün olanları?
Danışmaq istəyirəm
Bax, elə mən onları.
Kolxoz sədrini gördüm,
dedim: - Hava ayazdır,
ancaq qışa az qalıb,
elə bilmə ki, yazdır.
Bilmək olmaz, qəflətən
çovğun gələr, qar yağar.
Açıq havada qalıb
soyuqlayar mal, davar,
Damın üstünü örtdür.
Qapı-pəncərə saldır.
Demə ki, eh, nə olar,
keçinər, qaramaldır.
Cavab verdi: - Baş üstə.
Üstündən keçdi bir ay.
Gəlib gördüm bir daş da
qoymayıb heç daş üstə.
Buyur, bu da "baş üstə".
Müavinə rast gəldim,
dedim: - Yol çox xarabdır.
Yubanma, ayaq götür.
Yol briqadiri tapdır.
De ki, körpü sökülüb,
Düzəltsinlər o yeri.
Bayaq az qaldı sına
maşının təkərləri.
Yola da çınqıl tokün.

__________________Milli Kitabxana_________________
Palçıq lap dizə çıxır.
Özünüz də bu yoldan
işləyirsiniz, axı!
Cavab verdi: - Baş üstə!
Bir həftə sonra gəldim,
gördüm nə bir gedən var,
nə də təmir edən var.
Müavin qoçaq, şirin
hesabdarla deyişir
birgünlük maaş üstə,
Dedim, əcəb! "Baş üstə..."
Briqadirə rast gəldim,
Dedim: - A yoldaş Səfər,
deyəsən, yaxşı getmir
sizin sahədə işlər.
Vədlər harada qaldı?
Siz handa, plan handa?
Yox, yaxşı getmir işlər
sənin heç bir manqanda.
Yubanma, ertədən get.
Adamları təşkil et!
Hərə bilsin yerini,
sahəsini, vərini.
Sabah axırıdır ayın,
nə açılıb toplayın!
Pambığı külək tökər,
sonra da yağış döyər.
Cavab verdi: - Baş üstə.
Səhər gəldim sahəyə,
görüm işlər necədir.
Gördüm ki, hamı cəmdir.
Möhkəm, qızğın iş gedir,
süfrədə... süddaş üstə.
Bu da sizə "baş üstə!"
Belə "baş üstə"lərdən
O kənddə çox gördüm mən.
Qafiyə tapa bilsəm,
danışardım sübhəcən.
İnanmayın yan gəzib,
ortada yeyənlərə!
Hər nə desən o saat,
"baş üstə" deyənlərə!
1957

__________________Milli Kitabxana_________________
ƏRZİ-HAL
Bir neçə ildən bəri Buzovna bağlarında
əmələ gəlmiş ağcaqanadlar artır. Onlarla
mübarizə aparılmır.
Qulaq as, bir gileyim var sənə, ay Kirpi dayı!
Tüklərim biz-biz olur xatirə saldıqca yayı.
Eləyir başımıza bağı cəhənnəm üç ayı
Bu zəhər dilli, ilan gözlü, müzür ağcaqanad.
Taqəti, səbri kəsir, canı üzür ağcaqanad.
Mən deyirdim, Bakı istisə Buzovnası da var,
Xəzərin sahili, xoş gəzməli zonası da var,
Nə bilim yay gecəsində belə zurnası da var,
Yuxumu ərşə çəkib indi mənim ağcaqanad.
Canıma oldu əcəb qanlı qənim ağcaqanad.
Yel əsir, "dız..." eyləyib xeyli yavaşdan deyinir.
Elə bil, molla Tükəzbandı, obaşdan deyinir.
Oyanır çolma-çocuq, "vay, yenə başlandı", - deyir.
Gün ki batdı ürüyür mərdimazar ağcaqanad,
Elə zənn etmə ki, bir gün yol azar ağcaqanad.
Gər miçətkən qurasan üstünə dincəlmək üçün.
Elə bil, neştəri var ağ cunanı dəlmək üçün.
Nə icazə, nə də rüsxət soruşur gəlmək üçün.
Çimirə, mürgüyə də vermir aman, ağcaqanad.
Gahi sürətlə, gahi asta uçan ağcaqanad.
Rəhmi yox, insafı yox, insana düşmandı, nədi?
Dələduzdur, qoçudur, yoxsa xuliqandı, nədi?

__________________Milli Kitabxana_________________
Elə sancır ki, deyirsən, bədənim yandı, nədi!
Nə rəvadır ki, belə hökm sürə ağcaqanad?
Xalqı əncir dolu bağdan köçürə ağcaqanad?
Sən xəyal etmə ki, bircə məni bu vəhmə alır.
Gecələr hər tərəfə ağcaqanad nalə salır.
Sancıb ağlatmadığı nə iri, nə xırda qalır.
Dağılıb kəndimizin hər yerinə ağcaqanad.
Bağçaya, həm pioner lagerinə ağcaqanad.
Bir zaman Yevlaxa düşsəydi yolun birdən əgər,
Yeyəcəkdi səni min ağcaqanad sübhə qədər.
Orda tədbir töküb, gör, necə məhv eylədilər.
Kəsdilər nəslini, yox oldu tamam ağcaqanad.
İndi də burda tapıbdır bizi xam ağcaqanad.
Dərdimi mən sənə yazdım ki, tapıb çarə mənə,
Qoyma vursun həşərat hər gecə min yarə mənə.
Sən yaxınsan, telefon çək, başa sal bari, yenə
Söylə səhiyyə nəzarətliyinə: - Ay həzərat!
Qoymayın, gölməçələrdə dirilir ağcaqanad,
Nə nəzakət, nə ədəb tərzi bilir ağcaqanad.
Yekə bir lagerə bəsdir bala bir ağcaqanad.
Qoymayın, gölməçələrdə dirilir ağcaqanad!
1954

1   2   3   4   5   6   7   8   9   10   ...   13


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə