İxlas
“Qurani-Kərim”in yüz on ikinci surəsi.
Surədə: İslam dininin Tovhid (Allah-Təalanın bir olduğunu bilmək) inancı ən anlamlı şəkildə ifadə edilmişdir.
Xalis, səmimiyyət, niyyəti düzəltmək, təmizləmək, dünya malını düşünmədən ibadətlərini yalnız Allah üçün etmək.
Əməlin işinə, işinin əmələ uyğun olması. Riyakar və ikiüzlü olmamaq (bax: Maarifə Hacıyeva, Mehmet Rıhtım. A.K.Ə., s. 165).
Marağalı Əvhədi “Qurani-Kərim”ə istinad edərək ixlası aşağıdakı şəkildə şərh edir:
Riyayla Allaha tutma üzünü,
Hiyləylə araya soxma özünü.
Hiyləyə əl atsa, bu yolda hər kəs,
Taəti namazı bir çöpə dəyməz.
…İxlas yaradanı görməkdir müdam,
İş görmək, o işi görməmək tamam.
Əgər öyrənərsə taətə bədən,
İxlas salacaqdır ürəkdə məskən.
…Səndə riya olsa bircə tük qədər,
Ancaq saxtalıqdır, nə desən əgər!
(“Cami-Cəm”, s. 164-165)
Zöhd
Nəfsini cilovlamaq, nəfsini həvəslərdən qorumaq sufiliyin ümdə şərtlərindəndir.
Marağalı Əvhədi Zöhdün fəzilətini belə şərh edir:
Zöhdün o olar ki, ey tale gəzən,
Sən dünya malından üz döndərəsən.
…Vacib, hünər olan iki zöhd var,
Bunlarla dünyanı dərk etmək olar.
Hünər zöhd halaldan keçməkdir özü,
…Zahid halalı da az yesin gərək,
Çox vaxt halalı da yeməsin gərək.
Hər kəsə zöhd pərdə tutarsa əgər,
O, ilahi vəhyə məhrəm kəsilər.
(“Cami-Cəm”, s. 163-164)
Şəhadət
Şəhadət kəlməsi olan “Lailahəiləllah” Allahdan başqa Allah yoxdur ifadəsini M.Əvhədi belə şərh edir:
Allahı əvvəldən tanımasan sən,
Heç vaxt doğru çıxmaz şəhadət kəlmən.
(“Cami-Cəm”, s. 151)
Şeyx
Təsəvvüfdə sufi müəllim və liderlərinə şeyx deyilmişdir. Şeyx bəndəni Allaha, Allahı bəndəyə sevdirmək istəyən din lideridir. Şeyx şəriət elminə sahib, özü kamil, öyülən, əxlaqlı (əxlaqi-hamidə) bir mömindir (bax: Maarifə Hacıyeva, Mehmet Rıhtım. A.K.Ə., s. 277).
M.Əvhədinin şərhində şeyx:
Din elmi lazımdır şeyxə, şəriət,
Bir də ki, düz, sağlam, mətin bir hikmət.
Təmiz, müşk ətirli bir nəfəs gərək,
Quruluqdan uzaq baş, beyin, ürək.
Xatiri inamlı, tox olsun gözü,
Cəsur, qorxmaz olsun deyəndə sözü.
(“Cami-Cəm”, s. 143)
Çilə
Sufilərin 40 gün bir bucağa çəkilərək riyazətlə məşğul olması. Başqa ifadə ilə, bir dərvişin qaranlıq bir hücrədə təkbaşına 40 gün az yatmaq, az yeyib-içmək və mümkün qədər sürəkli ibadətlə məşğul olduğu müddətdir. Bu, nəfsi tərbiyənin kamilləşməsinə kömək üçün camaatdan uzaq olmaqdır. Təsəvvüfdəki çilə ömür boyu deyildir, sadəcə 40 gündür.
M.Əvhədi çiləni belə ifadə edir:
…Az olsun, çox olsun, getsən xəlvətə,
Fikrində yer vermə vara-dövlətə.
Peyğəmbər alverdən olantək uzaq,
Məskəni Hərada oldu bir bucaq.
Girdi mağaraya çıxıb şəhərdən,
Sevincə, şadlığa qovuşdu həmən.
(“Cami-Cəm”, s. 162)
Şair əsərinin din və ağıldan doğulduğu üçün bu əsəri ağıllı adamlara oxumaq qismət eləməsini, onların ürəyinə yol tapmasını, ruhunun bu əsərdən utanmaması üçün əsərinin pis gözə göstərməməsini, hər görənin onu gövhərtək qulağına taxmasını, onu Cam nəslitək şöhrətli etməsini ulu Tanrıdan arzu edir və əsərini belə bitirir:
Bu yeni qaydalı əsərə, ey Haqq!
Ki dindən, ağıldan doğulmuş ancaq.
Öz qəbul nurunu bəxş elə bir dəm,
Könlümü sevinclə sən eylə həmdəm.
…Yaxşılar oxusun, qoy onu ancaq,
Yaman töhmətindən eylə sən uzaq.
…Onun bir xətası olmuşsa, aman,
Bağışla, çünki sən bağışlayansan.
Nəzər salanına həyat bağışla,
Özün Əvhədiyə nicat bağışla.
Zikr etmək, qəlbinə, qoy adət olsun!
İşinin axırı səadət olsun!
(“Cami-Cəm”, s. 238)
OXUCUNU DÜŞÜNDÜRƏN
VƏ YAŞADAN ƏSƏRLƏR*
Bədii ədəbiyyatı həyatın güzgüsü adlandıranlar heç də yanılmırlar. Yaradıcılığını uzun illərdən bəri izlədiyim Nizami Mirzənin hekayə və povestlərində zəngin müşahidə, həyatın özündən gələn real gerçəkliklər, sərt həqiqətlər həmişə diqqətimi cəlb etmişdir. Üstəlik doğulduğu torpağın rənglərini, istiliyini, həzinliyini yazıçı ustalığı ilə bədii əsərlərində əks etdirməsi onun yaradıcılığına qeyri-adi bir səmimiyyət, kolorit gətirmişdir.
İsmayıllı rayonunun Xanagah kəndində ziyalı ailəsində doğulan, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini bitirən, hazırda “Təhsil” jurnalının baş redaktoru işləyən Nizami Mirzə çətin və maraqlı bir həyat yolu keçmişdir. Məhz bu maraqlı və çətin həyat yolu gələcək əsərləri üçün ona zəngin ədəbiyyat materialları vermişdir. Yazıçının ayrı-ayrı illərdə çap etdirdiyi “Mavi gözlər”, “Ömür yolu”, “Ayrılığın üzü dönsün”, “Qatil”, “Ömürdən ötən illər”, “Cığırdan zirvəyə” kitabları oxucular tərəfindən böyük maraqla qarşılanmışdır. “Sarıca” povesti “İlin ən yaxşı əsəri”, “Qatil” kitabı isə “İlin ən yaxşı kitabı” mükafatlarına layiq görülmüşdür. Bundan başqa Nizami Mirzənin “Ayrılığın üzü dönsün” kitabı bədii mündəricəsinə, nəfis tərtibatına, mövzu aktuallığına görə “Araz” Ali Ədəbi Media mükafatını almışdır.
Yazıçının bu uğuru ilk növbədə əsərlərindəki səmimiyyətdən, xarakter yaratmaq ustalığından irəli gəlmişdir. Onun nəsr dili Azəbaycan torpağının şəhdi-şirəsini, rəngarəngliyini elə gözəl əks etdirir ki, oxucu əsər boyu özünü sanki hadisələrin qoynunda hiss edir.
Bədii əsər ictimai məzmun kəsb edəndə cəmiyyəti səfərbər edə bilir. Bu mənada Nizami Mirzənin əsərləri, xüsusilə Qarabağ savaşı ilə bağlı hekayələri öz aktuallığı, enerjisi, bədii siqləti
ilə seçilir. Bu əsərlərdə bir çox bədii ədəbiyyatlarda rast gəldiyi-
-----------------------------
* Məqalə 1 noyabr 2013-cü ildə “Respublika” qəzetində nəşr edilmişdir.
miz çağırış, pafos əhval-ruhiyyəsi yoxdur. Yazıçı hadisələri elə canlı təsvir edir ki, oxucu özünü sanki göynər yarasına duz basılmış kimi hiss edir. Əslində Qarabağ hər birimizin qəlbində yanıq yeri kimidir, göynərtisi kəsilmək bilmir ki, bilmir.
Onun Qarabağ hadisələrindən bəhs edən “Sarıca”, “Sonuncu güllə”, “Qatil” əsərlərində doğma yurda sonsuz sevgi var.
Erməni xəyanətini, erməni namərdliyini əks etdirən bu əsərlərdə qaldırılan ictimai-siyasi problemlər, vətənpərvərlik duyğuları, milli qəhrəmanımızın yüksək vətənpərvərliyi ustalıqla qələmə alınmışdır. Xocalı soyqırımında vəhşicəsinə qətlə yetirilmiş soydaşlarımızın əziz xatirəsinə ithaf edilən irihəcmli “Sarıca” povesti isə dərin məfkurə, vətəndaş mövqeyi, vətənpərvərlik ideyası zəminində öz məzmun və ideyası ilə insanı düşündürən, onu Vətən torpağına bağlayan əsərdir. Povestin mövzusu vətənpərvərlik duyğularının silsilələnməsi, bədii emosiyaların vəhdəti baxımından çox maraqlıdır. Yazıçının qəhrəmanı – ailənin yeganə övladı olan Oqtayın yüksək vətənpərvərliyi, yurduna olan sevgisi oxucunu əsəri birnəfəsə oxumağa vadar edir.
Povestin qəhrəmanı Oqtay o zaman könüllü döyüşə gedən milli qəhrəmanlarımızın, igid əsgərlərimizin ümumiləşdirilmiş surətidir.
Əsərin başqa qəhrəmanları Azər, doktor Azad, Rəcəb kişi, Solmaz, Oqtayın ata-anası da yazıçının ustalıqla təsvir etdiyi milli düşüncəli vətəndaşlardır.
“Sarıca” povestinin əsas süjet xətti Qarabağda erməni mafiyasının, erməni quldurlarının saman altından su yeritmə siyasəti, çörəyini yediyi Azərbaycan torpağına olan xəyanətin ifşasıdır. Yazıçının böyük rəğbət və məhəbbətlə təsvir etdiyi surətlər “Sarıca” povestinin mənfi surətləri olan Suren və Akopyanla qarşılaşdırılır. Qarabağ torpağının çörəyi ilə böyümüş bu nankor ermənilərin dönüklüyü real lövhələrlə verilir.
Əsərdə diqqəti çəkən məqam erməni terrorçularının Qarabağ torpaqlarında törətdikləri vəhşilikləri, qanlı terroru yazıçının nifrətlə ifadə etməsidir. Düşünürəm ki, bu terrorun epizodlarını əks etdirən “Sarıca” povestinin qısametrajlı film kimi televiziya tamaşası yaddaşlarımızı təzələyər, gənclərimizə yüksək vətənpərvərlik hissini, döyüş ruhunu aşılayar.
“Sarıca” povestində Nizami Mirzənin ifadə etdiyi təşbeh və istiarələrin, obrazlı təfəkkür tərzinin zənginliyi fikrin aydın, dəqiq və səlis bədii ifadəsinə xidmət edir.
Nizami Mirzənin ürək ağrısı ilə yazdığı hekayələrin bir qismi XX əsrin son rübündə erməni vandalizminin tarix kitablarına yazılacaq vəhşiliklərinin qanlı salnaməsidir. Bu cəhətdən yazıçının “Sonuncu güllə” və “Qatil” hekayələri öz mövzusu ilə bir-birini tamamlayır.
Bu hekayələrdə namusu, qeyrəti hər şeydən uca tutan Azərbaycan kişisinin ümumiləşdirilmiş obrazı verilir, yazıçının xarakter yaratmaq ustalığı diqqəti cəlb edir.
“Qanlı qərənfil” hekayəsi isə XX əsrin son 10 ilində Azərbaycanın müstəqilliyini qanda boğmaq istəyən rus-erməni birləşməsinin törətdiyi 20 Yanvar hadisələrini əks etdirən soyqırım dəhşətlərini yaşayan Cavid və Bənövşə müəllimənin acı taleyini əks etdirir.
Mövzuları milli-mənəvi dəyərlərimizi ifadə edən “Açılan gözlər”, “Yanıq Kərəmi”, “Yaşıl pöhrə”, “Qönçə qızılgül” kimi hekayələr, eləcə də “Evimizə gəlin gəlir”, “İş axtarıram, ay dədə”, “Müasir ola bilmərəm, ay dədə”. “Soldış olmağın böyük bəlası” kimi satirik hekayə və novellalar ustad bir nasir qələmindən çıxmış bədii nümunələrdir.
Azərbaycanın milli-mənəvi dəyərlərinin, xalqın əsrlər boyu sınaqdan çıxmış adət-ənənələrinin bədii nümunələri olan bu hekayələrdə, əlbəttə, yaşanan həyatdakı mənfiliklərə qarşı yumorlu tənqid də vardır. Bu tənqid oxucunu ruhlandırır, onu islah obyekitnə çevirir. Xüsusən, “Evimizə gəlin gəlir”, “Soldış olmağın böyük bəlası” hekayələrində bu yumor ustalıqla qələmə alınmışdır.
Nizami Mirzə məzmunlu, maraqlı povest, novella və hekayələri ilə oxucu qəlbinə yol tapmağı bacırır. İnanırıq ki, o, oxucularını tariximizin yeni mərhələlərini əks etdirən bir-birindən maraqlı, dolğun əsərləri ilə sevindirəcəkdir.
Tanınmış yazıçımız, məşhur romanlar müəllifi Əlibala Hacızadənin 2006-cı ildə Nizami Mirzənin “Qatil” kitabına yazdığı “Ön söz”də oxuyuruq: “… İlk hekayələrilə sonralar yazdığı əsərləri müqayisə etdikdə bu qərara gəldim ki, sən ümumi zamanın, dövrün nəbzini tutmağa qadir bir qələm sahibisən və əsərlərində yaşadığımız cəmiyyətin yaxşı-pis cəhətlərini görən, adət-ənənələrimizi dərindən bilən, bunları saf-çürük edib yaxşılarını yaşatmağa, pislərini rədd etməyə çağıran, milli əxlaqımızın keşiyində duran ziyalımızsan”.
Əlibala müəllimin qələm dostu haqqında dediyi bu sözlər yazıçı əməyinə verilən yüksək qiymətdir.
Nizami Mirzənin mövzusu Vətən yanğısı, milli şüur, milli qeyrət, milli-mənəvi dəyərlərdən qaynaqlanan əsərləri gənc nəslə örnək ola biləcək keyfiyyətlərlə zəngindir. Bədii təxəyyülün, milli dəyərlərin, Azərbaycan tarixinin bir parçası olan belə əsərlərin orta məktəbin dərs kitablarına salınması, ali məktəblərin elmi-metodiki göstərişlərində təhlil edilməsi günün tələbləri ilə səsləşər, ədəbi mühitlə tez doğmalaşar.
AZƏRBAYCANIN ELM ADAMI
MİRZƏ KAZIM BƏY*
XIX yüzilliyin əvvəllərində Azərbaycanın Rusiyaya ilhaqından (1813) sonra bir çox Azərbaycan elm adamı Rusiyada fəaliyyət göstərməyə başladılar. Mirzə Cəfər Topçubaşov, Mirzə Kazım bəy, M.Abidinov kimi elm adamları Rusiyada şərqşünaslıq elminin inkişafı üçün müstəsna fəaliyyət göstərdilər. Bünövrəsi Mirzə Cəfər Topçubaşov tərəfindən qoyulan Rusiya şərqşünaslığı Mirzə Kazım bəy və qardaşı Əbdülsəttar bəy, daha sonra da Abu Turab Vəzirov, Mirzə Məhəmməd Şəfi, Sadıq bəy Cəfərov, Mirzə Abdulla Vəzirov, Mirzə Həsən Tahirov, Mirzə Abdulla Qafarov, Mirzə Cəfər Rzayev kimi alim və müəllimlər tərəfindən davam və inkişaf etdirilmişdir.
Bu elm adamları Rusiyada şərq elminin müstəsna dərəcədə təbliğatçıları olmuşlar. Rusiya şərqşünaslıq elminin inkişafında bu görkəmli elm adamlarına çox borcludur. Bunun bir örnəyi də 1846-cı ildə Rusiyada arxeologiya cəmiyyətinin qurucusu olan Mirzə Cəfər Topçubaşovun fəaliyyətidir. Rus, ingilis və şərq dillərini mükəmməl bilən yuxarıda adları çəkilən Azərbaycan elm adamları bir çox diplomat, alim, şair və elm adamlarının da müəllimi olmuş, ya da şərq dillərini öyrənməkdə onlara kömək etmişlər.
Prof. Ağababa Rzayev uzun müddət apardığı tədqiqatın nəticəsi olan “Azərbaycan şərqşünaslığı” (Bakı, 1970) adlı kitabda yazır ki, Mirzə Cəfər Topçubaşov A.S.Puşkinin poetik yaradıcılığına təsir göstərmişdir.
Rus şərqşünaslıq elmində müstəsna xidmətləri olan, bütün ömrünü Rusiyada maarifin və şərqşünaslığın inkişafına sərf edən Mirzə Kazım bəyin (1802-1870) maraqlı həyat tarixçəsi vardır.
Azərbaycanın Quba şəhərində anadan olan Mirzə Kazım bəyin atası sonralar Qubadan Dərbəndə köçmüşdür. Hələ kiçik
------------------------------------
* Məqalə 1997-ci ildə Türkiyənin “Erciyes” jurnalının sifarişi ilə dos. Şahin Koktürkellə müştərək yazılmışdır və jurnalın 1997-ci ilin oktyabr nömrəsində Türkiyə türkcəsi ilə çap edilmişdir.
yaşlarından ərəb, fars, Osmanlı türkcəsini mükəmməl öyrənən fövqəladə istedad sahibi Mirzə Kazım bəy 17 yaşında yazdığı “Ərəb dilinin qrammatikası” əsəri ilə bütün Qafqazda məşhurlaşır. 18 yaşında isə “Müamma və Mühas” adlı əsər yazır. 20 yaşından sonra isə onun həyatı Rusiya ilə bağlıdır. Tədqiqatçılar bu tarixi bağlılığı belə izah edirlər:
1822-ci ildə Mirzə Kazım bəyin atası Hacı Qasım Dərbənddən Həştərxana sürgün edilir. İki il sonra Dərbənddən Həştərxana gələn Mirzə Kazım bəy Həştərxanda şərq xalqlarının dil, tarix, adət-ənənəsini öyrənməyə başlayır. O tarixlərdə bu yerlərdə xristianlığı təbliğ etmək məqsədilə Qərbdən buralara göndərilən misyonerlərlə tanış olaraq, onlardan ingiliscə, almanca, fransızca öyrənməyə başlayır. Özü isə onlara ərəbcə, farsca, Osmanlı türkcəsi və Azərbaycanca öyrədir. Bunlardan xəbərdar olan rus hökuməti onu Sibirə sürgün etmək qərarı verir. Fəqət xəstələndiyi üçün bir müddət Kazan şəhərində yaşamalı olur.
Kazanda tanış olduğu bir rus elm adamı onun həyatında müstəsna rol oynayır. O, Mirzə Kazım bəyin istedadını görərək, dövlət idarələrinə məktublar yazıb onun Rusiyada qalıb çalışmasını təklif edir və məqsədinə nail olur.
1825-ci ildə Mirzə Kazım bəy Rusiyanın Omsk şəhərində şərq dilləri müəllimi vəzifəsində çalışır. 1826-cı ildə isə universitetdə çalışır və bir müddət sonra fəaliyyətini Peterburq Universitetində davam etdirir. Kazan Universitetinin Türk-Tatar bölümündə 23 il dərs deyən Mirzə Kazım bəy universitetin fəlsəfə fakültəsinə 2 dəfə dekan seçilir. 1849-cu ildə Kazan Universitetindən ayrıldıqdan sonra da universitetin elmi şurası onu universitetin fəxri üzvü seçir.
Mirzə Kazım bəy Kazan Universitetində işlədiyi illərdə Rusiyanın ünlü yazıçısı olan Tolstoyla tanış olur. Tədqiqatçıların yazdığına görə, Tolstoy iki il ondan türk və ərəb dillərini öyrənir.
Şeyx Şamilin müasiri olan Mirzə Kazım bəy Kazanda yaşadığı illərdə Şeyx Şamil hərəkatını araşdıraraq “Müridizm və Şamil” adlı əsərini yazır. Bu əsər Şeyx Şamil haqqında yazılan ilk əsər hesab olunur.
1849-cu ildə Kazan Universitetindən ayrılaraq Peterburq Universitetində çalışmağı qərara alan Mirzə Kazım bəy həyatını Rusiya ilə bağlayır. “Rusiyadan ayrılmaq düşüncəsində deyiləm. Mənim bütün düşüncələrim yalnız və yalnız cəmiyyət və elm qarşısında mənəvi borcumu yerinə yetirməyə yönəlmişdir” – deyir. Rus, ərəb, fars, türk, fransız, ingilis, alman dillərində rahatlıqla tədqiqat apara biləcək səviyyədə, bəzi dilləri də danışa biləcək qədər bilən ünlü politoloq Mirzə Kazım bəy həm tərcüməçi, həm tədqiqatçı, həm də müəllim olaraq tanınmışdır. Sədi Şirazinin “Gülüstan” əsərinin bir çox bölümlərini rus dilinə ilk dəfə tərcümə edən Mirzə Kazım bəy 1842-ci ildə “Quran”ı fransız dilinə tərcümə etmiş, 1850-ci ildə yazdığı “Dərbəndnamə” əsərini ingilis və rus dillərində Peterburqda nəşr etdirmişdir. Bundan başqa “Muhtasarü’l-Vikayəti Məsaili Hidayə” əsərini 1845-ci ildə Kazanda ərəbcə və rusca, 1865-ci ildə “Bab və Babilər”, “Ərəb ədəbiyyatına dair mülahizələr” əsərlərini yazmış, Uyqur türkləri haqqında bir sıra araşdırmalar aparmışdır.
Hələ 1839-cu ildə Kazan Universitetində nəşr etdirdiyi “Qrammatika-Turetsko-Tatarskoqo yazıka” (“Türk-tatar dilinin qrammatikası”) kitabı 1848-ci ildə Almaniyanın Leypsik şəhərində yayınlanmışdır.
Mükəmməl bir türk ləhcələri qrammatikası olan “Rus-tatar dilinin qrammatikası” əsərində müəllif türk dillərinin materiallarından da müqayisəli şəkildə istifadə etmişdir.
Böyük elmi-pedaqoji fəaliyyəti olan Mirzə Kazım bəyin Rusiyadakı xidmətləri rus şərqşünaslarının da diqqətindən yayınmamışdır. Professor N.Veselovski bu münasibətlə yazırdı: “Şərqin öyrənilməsi işinin əsasını bizdə avropalılar başlamamışlar. Bu məsələ indi dərin köklər salmışsa, demək, biz ilk növbədə Mirzə Kazım bəyə borcluyuq” (F.Rəhmanzadə, “Yol”, səh. 121).
“Quran”ı rus dilinə tərcümə edən görkəmli şərqşünas alim İ.Kraçkovski 1950-ci ildə Mirzə Kazım bəy haqqında “milliyyətcə azərbaycanlı olan, şərq elmləri üzrə əsaslı təlim görən Mirzə Kazım bəy üç Şərq dilini mükəmməl bildiyi üçün həmin dillərdə çox əsər yazır və beləliklə də, Qərb aləsində adının populyarlaşmasına səbəb olur” deyir (F.Rəhmanzadə, A.k.ə., səh. 121-122).
Doğrudan da, Mirzə Kazım bəy 100-dən çox əsər yazmış və bu əsərlər Avropanın müxtəlif ölkələrində yayınlanmışdır.
Şərq fəlsəfəsinə, Şərq xalqları folkloruna yaxından bələd olan Mirzə Kazım bəy Şərq folkloru ilə bağlı tədqiqatlarında folklorun yazılı ədəbiyyata təsirini də xüsusi vurğulayırdı.
1848-ci ildə Rusiyada “Severnoe obozrenie” jurnalında yayınlanan “Firdovsinin əsərlərində fars mifologiyası” adlı məqaləsində müəllif “dünya millətlərinin əsatir-əfsanə və dinlərində ümumi və bənzər yönlər” olmaqla birlikdə hər xalq üçün, onun özünəxas cəhətləri olduğu, yəni “bir xalqın mənəvi aləmi digər xalqın mənəvi dünyasını əks etdirə bilməz” qənaətinə gəlir, hər millətin tarixi və ədəbi inkişafında o millətin əfsanə, adət-ənənələrinin önəmli yeri olduğunu göstərir. Yuxarıda adı çəkilən əsərdə müəllif fars mifologiyasındakı Hürmüz və Əhriman üzərində duraraq Hürmüzü xeyirxahlıq, Əhrimanı bədxahlıq təmçilçisi kimi təqdim edir və Hürmüzün qalib gəlmə səbəbini, onun ədalətində və iradəsində görür.
Dövrünün böyük zəka sahibi, Rusiyada şərqşünaslığın patriarxı, ensiklopedik biliyə malik olan Mirzə Kazım bəyin elmi fəaliyyəti Rusiya sərhədlərini aşaraq dünyada tanınmağa başlayır. O, 1829-cu ildə Londondakı “Britaniya Krallığının Asiya Cəmiyyəti”nə üzv seçilir. Belə bir şansa sahib olmaq ilk dəfə Mirzə Kazım bəyə nəsib olmuşdur. Görkəmli şərqşünas 1835-ci ildə Rusiya Elmlər Akademiyasına, Rusiya Coğrafiya Cəmiyyətinə, 1843-cü ildə isə Kopenhagen Kral Cəmiyyətinə üzv seçilir.
Göründüyü kimi, Mirzə Kazım bəyin elmi-ədəbi fəaliyyəti öz dövründə zirvədə dayanmışdır. Bu zirvəyə yüksəlişdə Şərq ədəbiyyatı və fəlsəfəsinin, Şərq dillərinin, rus ictimai-siyasi fikrinin də böyük payı vardır.
TUFARQANLI ABBAS*
Xalq şairi Osman Sarıvəllinin Aşıq Ələsgər haqqında yazdığı “Qüdrətli aşıq, ustad sənətkar” adlı kitabında Azərbaycan aşıq məktəbləri haqqında fikri belə idi: “Müxtəlif dövrlərdə və mahallarda çalıb-çağıran aşıqlar az olmamışdır. Lakin aşıq sənəti tarixində müxtəlif dövrlərdə yaranmış əsasən iki güclü aşıq məktəbi olmuşdur. Onlardan biri Arazın o tayında yetişən və Aşıq Qurbani ilə tanınan, sonralar Abbas Tufarqanlı kimi qüdrətli sənətkarın adı ilə məşhurların aşıq məktəbi, digəri, Göyçə mahalında Aşıq Alının adı ilə tanınan, nəhayət, fövqəladə istedada malik olan Aşıq Ələsgərin simasında böyük şöhrət qazanmış Göyçə aşıq məktəbi olmuşdur (“Qüdrətli şair, ustad sənətkar”. Bakı: Gənclik, 1976, səh.10).
Arazın o tayında yaranan güclü Təbriz aşıq məktəbinin yetişdirməsi Tufarqanlı Abbas (1585-1650) XVII əsr Azərbaycan aşıq poeziyasının özünəməxsus mövqeyi, sözü olan ustad sənətkarıdır.
Onun I Şah Abbasın zamanında (1587-1628) yaşadığı, 1585-ci ildə Azərbaycanın qədim Təbriz şəhərinin yaxınlığında olan Tufarqanlı kəndində anadan olduğu, mükəmməl təhsil aldığı söylənilir. Aşığın şeirlərindən də onun Tufarqanlı olduğu anlaşılır.
Mən sənə can dedim, sən də mənə can,
Alış eşq oduna, mənim kimi yan.
Adım Aşıq Abbas, yerim Tufarqan,
Gahdan ağla, gahdan yada sal məni.
M.Mahmudbəyov 1892-ci ildə “Kaspi” qəzetində rus dilində “Abbas və Gülgəz” dastanı haqqında ilk dəfə olaraq A.Tufarqanlı haqqında məlumat verib.
----------------------------
*Məqalə 2012-ci ilin oktyabr ayında Azərbaycan Televiziyasının “Əbədi abidələr” proqramına hazırladığım “Aşıq Abbas Tufarqanlı” verilişində çıxışımda səslənmişdir.
XX əsrin əvvəllərində Hümmət Əlizadə onun 80 şeirini ortaya çıxarmışdı. 1932-ci ildə Türkiyədə onun haqqında məlumat verən Əhməd Cəfəroğlu olmuşdur.
Əhməd Cəfəroğlu aşığın doğulduğu yerin Təbriz ilə Marağa arasındakı “Dihkaraqan” kəndi olduğunu, sonralar bu kəndin adının fonetik dəyişiklik nəticəsində Dihkarqan “Deharkan”, “Divarqan” şəklinə düşməsini və nəhayət, Azərbaycan danışıq dilində “divar” sözü “tufar” şəklində tələffüz olunduğu üçün kəndin adının “Tufarqan” şəklinə düşdüyünü yazır (A.Caferoğlu. Azeri saz şairlerinden Tufarqanlı Abbas. Azerbaycan Yurd bilgisi. 1932, № 3, səh. 97).
Həmid Araslının, Məmmədhüseyn Təhmasibin, Mirzə İbrahimovun, Mirəli Seyidovun tədqiqatlarında Abbas Tufarqanlıya yer verilmişdir. 1972-ci ildə Araz Dadaşzadə Abbas Tufarqanlının 55 şeirini kitabça halında nəşr etdirmişdi.
Aşıq Abbasın şeir dünyasını araşdıran alimlər onun Gülgəzpəri adlı gözəl bir sevgilisi olduğunu, Gülgəzpərinin Aşıq Abbasın şeirlərində tərənnüm edildiyini, sonralar bu şeirlər əsasında “Abbas və Gülgəz” adlı bir məhəbbət dastanının yarandığını yazırlar.
“Aşıq Abbas”, “Qul Abbas” “Şikəstə Abbas” təxəllüsü ilə şeir söyləyən, aşıq ədəbiyyatında Tufarqanlı Abbas kimi tanınan ustad şair-aşığın qoşma, gəraylı, divani, təcnis, cığalı təcnis, ustadnamələrinin mövzusu sevgi, təbiət, əxlaqi dəyərlərlə bağlıdır.
Onun hər misrası bir ata sözü çəkisində olan ustadnamələri öz tərbiyəvi-didaktik məziyyətləri ilə seçilir.
Abbas deyər bu sözləri sərindən,
Arxı vurun, suyu gəlsin dərindən.
El bir olsa, dağ oynadar yerindən,
Söz bir olsa, zərbi kərən sındırar.
Dörd misralıq bir bənd şeirin üç misrasının hər biri bir müdrik ata sözü çəkisindədir.
Başqa bəndlərində də bu sənətkarlıq açıq-aydın görünür:
“Özündən böyüyün saxla yolunu”
“Zalım bəndə, uyma bunca qeybətə,
Qeybət edən tez düşəcək zillətə”.
“Özündən kiçiyi işə buyurma,
Sözün yerə düşər, heç miqdar olmaz”.
“Mərd ilə eylə ülfəti,
Çəkmə namərddən minnəti” –
misraları və bəndləri fikrimizə bir nümunədir.
Şeirlərində gəzdiyi yerlər: Əcəm, Dərbənd, Osman, Misir, Şam, İstanbulun adı çəkilir.
Aradım Osmanı, gəzdim Əcəmi,
Misri, İstanbulu, Şamı görmüşəm –
deyərək gəzdiyi yerlərin coğrafi xəritəsini çəkir.
Abbas Tufarqanlı şeirlərinin məziyyəti, canlı danışıq dilinin gözəlliyi, üslubu, fəlsəfi zənginliyi ilə bağlıdır.
Ay həzərat, bir zamana gəlibdi,
Yoxsul üzün sürtür var ayağına.
Varlı varın verib canın qurtarır,
Yoxsulu çəkirlər dar ayağına.
Abbas Tufarqanlının ədəbi irsi çox zəngindir. Bu zənginlik içərisində onun şeirlərinin dili ilə bərabər, bu şeirlərin fəlsəfi dərinliyi, üslubu, təcnislərindəki cinaslar mükəmməlliyi ilə seçilir.
Kitabda oxunan sina yaxşıdır,
Seyraqıb gərdəni sına yaxşıdır.
Mən dedim öpməyə sinə yaxşıdır,
Könül ha yalvarır buxağından öp.
Beytin birinci misrasındakı sina, “sin” hərfinin adı “bismillah” sözünün ixtisarıdır. İkinci misradakı cinas söz sına, “sınmaq, əyilmək, yox olmaq” mənasındadır. Üçüncü misradakı sinə gözəlin sinəsi mənasındadır.
Aşıq şeirinin sənətkarlıq baxımından, aşığın dastan repertuarını mənalandıran, məzmunlandıran Təbriz aşıq məktəbi sələflərə və xələflərə bağlı milli zəmində yaranan aşıq məktəbidir. Bu məktəbin ustadlarından aşıq Abbas Tufarqanlının milli zəmində yetişən şeirləri alıq şeirinin həm sələf, həm də xələflərinə bağlıdır. Ozan-aşıq sənətinin yetişdiyi tarixi coğrafiyada bu bağlılığı görmək mümkündür. Onun məşhur “bəyənməz” rədifli şeirinə diqqət yetirsək, milli-mənəvi dəyərlərə əsaslanan bu tərbiyəvi-didaktik şeirin Abbas Tufarqanlının özündən əvvəl yaranan poeziya üzərində köklədiyini görürük.
Ay həzərat, bir zamana gəlibdir,
Ala qarğa şux tərlanı bəyənməz.
Oğullar atanı, qızlar ananı,
Gəlinlər də qaynananı bəyənməz.
Burada aşığın etirazı milli zəminə dayanan ənənələrə məhəl qoymayan eqoizmə qarşıdır. Bu düşüncə tərzini biz XV əsrdə yaşamış Türk aşıqları Kazak Abdalın, XIX əsrdə yaşamış Aşıq Seyraninin də yaradıcılığında görürük.
Dostları ilə paylaş: |