SariköYNƏKLƏ valehin nağili



Yüklə 5.01 Kb.

səhifə1/18
tarix04.07.2017
ölçüsü5.01 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   18

                           
  
SARIKÖYNƏKLƏ
 
VALEHİN NAĞILI
            
I HİSSƏ
 
BİRİNCİ NAĞIL
 
VALEHLƏ SARIKÖYNƏYİN TOYA HAZIRLAŞMALARI VƏ BAŞQA ƏHVALATLAR
 
ALDI  VALEH:
 
Yenə də maşınları hörgü daşları ilə doldurub, qarlı-buzlu dağ yolu ilə tikməkdə olduğumuz 
qəsəbəyə yönəldik. Həmişə olduğu kimi, bu dəfə də mən qabaqda gedirdim. Hamı mənimlə 
ayaqlaşmalı idi. Mən isə, eniş-yoxuş, dərə-təpə bilməyib uçurdum. Bunun üçün yoldaşlarımdan 
məni danlayanlar da olurdu. Gombul Eldar; «Ə, zalım oğlu, - deyirdi, - sənin eşqin vurubdur 
başına, dərə-təpə deməyib, hey qaçırsan, bir az yavaş sürsənə. Görmürsən yer-yurd şüşə kimi buz 
bağlayıb? Maşın sürüşür axı». 
Mən də cavabında xəz papağımın dalını qaldırıb oxuyurdum: 
 
Cilvələnib nə qarşımda durubsan, 
Anam sənə qurban, ay Sarıköynək, 
Mələksən, çıxıbsan cənnət bağından, 
Heç kəs olmaz sənə tay, Sarıköynək.
 
 
Sarıköynək nişanlım idi. Ancaq, bu mahnını ona mən qoşmamışdım. Aşıq Ələsgər qoşmuşdu. 
Deyəcəksiniz, bu dəli olubdu, nədi? Aşıq Ələsgər haçandı bu dünyadan köçüb. Heylə olmağına 
heylədi. Ancaq mənim nişanlımın babası Aşıq Hüseyn cavanlığında Ələsgərin şagirdi imiş. Bir 
toyda sarıköynəkli bir gözəl görüblər. Aşıq Hüseyn fikir verib görür ki, ustadı bu maral yerişli, 
mina gərdənli gəlinə hayıl-mayıl olub. Aşıq Hüseyn nağıl eləyirmiş ki, ustad elə həmin toyda o 
gözəlin şəninə bədahətən bu mahnını qoşub sazla oxudu. Sonra Aşıq Hüseyn də ustadının 
xatirəsinə nəvəsinin adını qoyub Sarıköynək. 
İndi yoldaşlarım məni məzəmmət eləsələr də, ixtiyarım özümdə deyildi. Daş karxanasından 
qayıtdıqda qanadlanıb uçmaq istəyirdim. Nişanlım Sanköynək qaldırıcı kranda işləyirdi. Mən isə 
şofer idim. Biz yaxındakı dəmir mədəninin işçiləri üçün qəsəbə tikirdik. Mən qəsəbəyə tərəf 
şığıdıqca, elə bil, qaldırıcı kranın başındakı Sarıköynəyin evciyi də ayaq tutub mənə tərəf gəlirdi. 
Biz qar basmış palıdların, yolun üstünə əyilmiş qayaların altından bir-birimizin ardınca qıjıltı ilə 
çıxıb, dərələrə səs sala-sala qəsəbəyə tez yetməyə can atırdıq. Tək mən yox, hamımız... Qəsəbəni 
tez tikib qurtarmaq lazım idi! Mədəndə qızğın iş gedirdi. Ancaq hamımız - lap mühəndislərimiz, 
rəislərimiz də, mənzil sarıdan korluq çəkirdik. Sarıköynəklə mənim dərdim lap böyük idi... Neçə 
vaxt idi ki, toyumuzu eləmək üçün ev gözləyirdik.
 
Biz alt tərəfı sarp qayalıq olan dolayı hərlənib qənşərə çıxanda, qaldırıcı kranın başında, balaca 
evciyin artırmasında dayanmış Sarıköynək biz gələn yollara baxırdı. Biz yaxınlaşdıqca, mən 
onun xəz papağı altından qaralan gözlərini aydın görürdüm. Hər görünüşü mənim üçün bir təzə 
aləm idi. Elə bil ki, biz bəzən dəniz kimi dərin göyün ənginliyində, bəzən rəngbərəng buludların 
üzərində, bəzən qar basmış meşələrin adama ləzzət verən səssizliyində bir-birimizi yenicə 
görürdük, bir-birimizə yenicə bənd olurduq! Düz on il idi ki, bir-birimizi beləcə istəyirdik. 
Əvvəllər elə bil ki, bacı-qardaş idik. Ancaq yaşa dolduqca, yəni on dörd-on beş yaşa çatdıqca, elə 
bil, bu istək, bu məhəbbət də təkcə şəklini deyil, ruhunu, fərəhini də dəyişirdi.
 
Dörd dolu maşın bir-birinin ardınca qaldırıcı kranın yanına çatıb dayandı. Mən kabinədən 
sıçrayıb düşdüm. Qaldırıcı kranın başında balaca evciyin artırmasında dayanan Sarıköynəyə 
altdan-yuxarı baxaraq, əlimi havada yelləyib qışqırdım:
 
- Salyut, göylər kraliçası! Sarıköynək gülümsədi.
 
Cavan fəhlələr daşları maşınlardan boşaldıb qaldırıcı kranın zənbilini doldurdular. Yuxarıda 
Sarıkoynək maşını işə saldı. Kran daşı qaldırıb hörgünün qabağındakı artırmaya boşaltdı və 
təkrar yerə qayıtdı. Cavan yoldaşlarımın hamısı mənə şad gorünürdü. Mənə elə gəlirdi ki, məhz 
Sarıköynəyin qaldırıcı kranda işləməyi hamının zəhmətini yüngülləşdirir, hamıya fərəh verir...
 
Artıq iş vaxtı qurtardığından daha daş gətirməyə getmədik. Sarıköynək düşüb, əlində balaca 
çantası, yanımıza gəldi. Onun üzü soyuqdan çəhrayı olmuşdu... İkimiz də yeməkxanaya getdik. 
Xəz papaqlarımızı, neylon kürklərimizi çıxarıb asdıq, əl-üzümüzü yuyub pəncərənin qabağındakı 

stulda oturduq. Sarıköynək çantasından bir qutu «Zolotoye runo» siqareti çıxarıb mənə verdi. Bu 
mənim çox xoşladığım siqaret idi. Soruşdum:
 
- Hardandı? 
Dedi: 
- Mağazaya gəlmişdi, tənəffusdə almışam. Dedim: 
- Çox alaydın də. Dedi: 
- Almışam. Dedim: 
- Neçə qutu?  
Dedi:  
-On... 
- Çox sağ ol! 
Sonra qalxıb iki qab qovurma, pendir-çörək, limonad gətirdim. İkimiz də bərk acmışdıq. 
Möhkəm yeyəndən sonra qalxıb kürklərimizi, papaqlarımızı geyərək yeməkxanadan çıxdıq. 
Sarıköynək dedi: 
- Kinoya bilet götürmüşəm. Təzə film gəlib. 
- Neçənci seansa? 
- Birinciyə. Başlanmağına hələ iki saat var. Mən evə gedib qayıtsam gec olmaz ki? 
- Gec olar... 
Qəsəbədə işləməyə gələndə qızların yataqxanasında yer olmadığından Sarıköynək bir kilometr 
aralıdakı kənddə - Güllübəyim xalanın evində qalırdı. Mən isə, qəsəbədə oğlanların 
yataqxanasında olurdum.» Burada qış bərk keçirdi. Noyabrdan başlanmış ta maya qədər hər yer 
qarla örtülü olurdu. İşdən sonra əylənmək üçün qəsəbədə, hələlik, klub yox idi, amma biz 
özümüzə görüş yeri tapmışdıq. 
Mən dedim: 
- Gedək Əmir qayasına. Sarıköynək dedi: -Gedək... 
Mağazadan yarım kilo şabalıd alıb getdik Əmir qayasına. 
Qəsəbədən yeddi-səkkiz yüz metr qərbə sarı, meşə ilə örtülü dağın döşündən sıldırım bir qaya 
tağ kimi xeyli qabağa çıxdığından onun altına yağış-qar düşmürdü. Belə deyirlər ki, bir yay bu 
yerlərə gəzməyə gəlmiş professor Əmir müəllim həmin bu qayanın altında dostları ilə məclis 
qurduğu üçün buranın adı qalıb Əmir qayası... 
Mən də qaya altının yan tərəflərini, bir az da qabağını daşla hördüyümdən otaq kimi olmuşdu. 
Əmir qayasından otuz beş-qırx metr aşağı, meşəli dərə ilə balaca dağ çayı axırdı. 
Həmişə olduğu kimi, bu dəfə də, Əmir qayasındakı evciyimizə daxil olanda, bir-birimizə elə 
baxdıq ki, elə bil, tamam ayrı bir aləmə gəlib çıxmışdıq. Payızda yerə döşədiyimiz otlardan, 
solub qurumuş dağ çiçəklərindən sərt ətir qoxusu gəlirdi. Mağaranın bir tərəfinə yığdığımız 
odunlardan ocaq qaladım. Vələs, palıd ağacları od tutub alovlandı. Belə soyuq günlərdə burada 
ocaq qalamaq bizə ləzzət verirdi. Biz quru otun üstündə yanaşı oturaraq, ətirli meşə odunlarının 
çırthaçırtla yanmasına tamaşa edir, soyuqdan donmuş əllərimizi alova tutaraq qızışırdıq. 
Sonra Sarıköynək əlini çiynimə qoydu. Mən iki gündən bəri təraş eləmədiyim üzümü onun əlinə 
sürtdüm. O, diksinərək qollarını boynuma dolayıb məni dalbadal öpdü. Mən də eyni coşğunluqla 
ona sarıldım və quru otun üstünə yıxıldıq. Bayırda hava qaraldıqca, biz də elə bil ki, bütün xarici 
aləmdən ayrılırdıq. Bir-birimizdən və ocağın istisindən başqa heç nə hiss etmirdik. Bu yiyəsiz 
mağarada ulu babalarımızın yandırdığı ocağın işığmda, istisində keçirdiyimiz anlar bizim üçün 
bir əbədiyyət idi. Adəmlə Həvva əbədiyyəti kimi. Ancaq Habillə Qabilin dünyaya gəlmələrinə 
hələ çox var idi. Bir dəfə Adəm həmin mağarada, ocağın qırağında əliuzunluq eləmək istədikdə, 
Həvva onun qolları arasından sivişib çıxaraq acıqlanıb: 
- Bax, belə eləsən, bir də məni görməzsən! - demişdi. Ata-anamız yoxdu, amma biz də qayda-
qanunla evlənməliyik. 
Mən də and içib söz vermişdim. Mənim nişanlım gəlinlik tacını müqəddəs hesab edirdi. Mənim 
nişanlım belə qız idi... 
İkimizin də ata-anamız çoxdan rəhmətə getmişdi. İkimiz də uşaq evində böyümüşdük. 
Sarıköynək on səkkiz yaşını bitirmək üzrəydi. Mən isə, on doqquzun içindəydim. Heç kimimiz 

olmadığından biz özümüz nişanlanmışdıq. Mən yüz otuz manat verərək bir qızıl nişan üzüyü alıb 
Sarıköynəyin barmağına taxmışdım. O da mənə bir neylon köynək, on iki əl yaylığı, üç cüt 
naxışlı corab, iki qalstuk almışdı... 
Sonra biz ocağın közündən qabağa çəkib şabalıdlan tökdük üstünə. Partapart başladı... 
Sarıköynək qovrulmuş şabalıdlardan birini götürüb qabıqdan çıxartdı. Birini də mən götürdüm. 
Vaxtilə yaşıl yarpaqları arasında quşlar oxuyan vələs, palıd ağacları indi ocağımızda alovlanıb 
çırthaçırtla yanırdı. Bayırda hava tamam qaralmışdı. Aşağıda, qaranhq dərədə balaca dağ çayı 
ahənglə şırıldayırdı. 
- Bu gün Camal müəllim kranın yanına gəlmişdi. Soruşdu ki, toya hazırlaşırsınız, ya yox? Mən 
utanıb dinmədim. Dedi, siz tədarükünüzdə olun, beşinci mərtəbədəki iki kəllayı otaq sizinkidir. 
Sonra da yavaşca soruşdu: «Bir az puldan-zaddan geri qoymusunuz?» 
 - Nə dedin? 
 - Dedim, təki ev olsun, hər şey düzələr... 
- Camal müəllim sözübütöv adamdır. 
Sarıköynək sevinclə dedi: 
-  Kəllayı otaqlar qiyamət olacaq. Pəncərəsinin ikisi üzü bəri, meşəyə baxır, ikisi də düz 
Murovdağa. Heyf deyil beşinci mərtəbə... 
- Sən göyərçinsən də, hündürdən boylanmağa öyrənmisən, - deyə çırtma ilə onun qəşəng 
burnunun ucuna vurdum. O, acıqlanaraq şappıltı ilə əlimin üstünə çəkdi. 
- Yüz dəfə demişəm, elə eləmə.  
Mən qəhqəhə ilə gülərək: 
- Axı, neyləyim, - dedim, - burnuyun ucu altdan elə dikəlib ki, elə bil adama meydan oxuyur. 
(Onun qəşəng burnunun ucu, doğrudan da, bir az dik idi.) 
0, təbəssümünü gizləyərək: 
- Qoy olsun, - dedi, - sənə borcu qalmayıb.  
Onu özümə tərəf çəkərək öpdüm. Sonra: 
- Bilirsən, ay Sarıköynək, - dedim, - evimiz barədə çox danışmaq istəmirəm, qorxuram gözə 
gələ. 
0, əlinin dalı ilə yavaşca ağzıma vuraraq: 
- Bax, - dedi, - bu ağzını həmişə xeyirliyə aç. 
Biz mövhumatçı deyildik. Ancaq təzə binadakı bu ev məsələsi yadımıza düşəndə, qorxumu 
deyim, şübhəmi deyim, nə isə, anlaşılmaz bir təşviş hiss edirdim. Ancaq yox, Camal müəllim 
sözübütöv adamdır. Dedi, qurtardı. O, tikintinin rəisi idi. Özü də siz deyən yaşlı adam deyildi. 
Cəmi iyirmi səkkiz yaşı vardı. Amma biz cavanlar hamımız ona «Camal müəllim» deyirdik. 
Sarıköynək iri qol saatını ocağın işığına tutub: 
- Dur gedək, - dedi. - Kinonun başlanmağına iyirmi dəqiqə qalıb. Qovrulmuş şabahdların 
qalanını da ciblərimizə yığıb «qış sarayımızdan» çıxdıq. Yoldaşlarımız zarafatla buranı «Valehlə 
Sarıköynəyin qış sarayı» adlandırırdılar. Hava sakit idi. Seyrək qar yağırdı. Biz əl-ələ verərək, 
ətrafda kimsənin olmamasına baxmayaraq, nə üçünsə, pıçıltı ilə danışıb, gülüşə-gülüşə gəldik 
çıxdıq qəsəbəyə... 
Film çox bekara şey idi. Belə ki, bir kolxoz sədrinin xüsusiyyətçilik eləyib fermanın döllük 
buğasını qonşu kolxoza verməməsi, bunun üstündə müsbət qəhrəmanların onu uzun-uzadı tənqid 
etməsi və sairə göstərilirdi. Hamımız əsnəməyə, deyinməyə başladıq. 
Zeynal: 
- Ə, durun əkilək, - dedi, - cöngədən də kino olar?  
Gombul Eldar da əlavə etdi: 
-Hayıf o əlli qəpikdən... 
- Biz qalxıb gurultu ilə zaldan çıxdıq. Qar yavaş-yavaş yağırdı. Mən soruşdum: 
- Gəzək, yoxsa? 
- Yox, - deyə Sarıköynək cavab verdi. - Gecdir, mən gedim, Güllübəyim xala tezdən durur. 
- Yaxşı, gedək. 
- Daha sən getmə. 

O qaranlıqda üzümə baxdı: 
- Soyuqdur. 
-  Yox, gedəcəyəm, - dedim. - Bu qaranlıqda səni tək buraxacam?! 
- Nə olacaq? 
- Yenə də... 
- Axı, tutaq ki, bir şey oldu, sən neyləyəcəksən? 
- Necə neyləyəcəyəm? Kişi-zad döyülük? - deyə bozardım. 
-  Bah!.. Bah!.. Kişi! - deyə o, fərəhlə gülüb qoluma girdi. -Gedək, kişi! Mənim kişim! 
- Ə, Valeh, gəlin gedək aşxanaya! - deyə Gombul Eldar arxadan qışqırdı. 
- Siz gedin, - dedim, - mən Sarıköynəyi ötürüb qayıdıram. 
 Zeynal dedi: 
- Sanköynək, xudahafız!  
Sərvər dedi: 
- Sarişka, xudahafız! 
- Xudahafız, - deyə Sarıköynək geriyə dönərək cavab verdi. Meşə  ilə kəndə gedən cığırı qar 
örtmüşdü. Ancaq biz bu yerlərə yaxşı bələd idik. Biz bir-birimizin fıkrindən keçənləri həmişə 
bilmək istəyirdik. Ona görə sükut içində yeriyən Sarıköynəyə dedim: 
- Bu soyuqda niyə ağzına su alıb susursan? 
-   Bilirsən  nə   fıkirləşirəm?   Deyirəm,   təzə  evə  köçəndə, Güllübəyim xala da gəlib həmişəlik 
bizimlə olsun, üzümüz-gözümüz öyrəşib. Bir də... doğrusu, onu tək qoyub getmək mənə ağır 
gəlir. 
- O bizimlə olar? 
- Məncə, olar... 
Sarıköynək bir qədər susub, ağacların arasından hərdən-hərdən görünən kənd işıqlarma baxaraq 
əlavə etdi: 
- Gül kimi təmiz-tarıq, ağayana arvaddı. Özü də bizi o qədər çox istəyir ki... 
Mən dedim: 
- Güllübəyim xala ilə olmaq toy-bayramdır. Ancaq qorxuram oğluna görə razı olmasın. 
- Sarıköynək hərarətlə cavab verdi: 
- Oğlu beş ildir onu atıb gedib. İldə-əyyamda ya bir kağız yazır, ya da yazmır. 
- Hər halda, sən onun özü ilə danışsan yaxşı olar. 
- Nə olar, danışaq... 
- Ancaq razılıq versə, qiyamət olar. 
Biz meşədən çıxıb kəndə girdik. Güllübəyim xalanın evi dağın döşündə iki gözdən ibarət balaca, 
kürsülü bir bina İdi. Hər otağın ancaq qabaq tərəfə baxan balaca bir pəncərəsi vardı. Güllübəyim 
xala bu otaqlardan birinə taxıl, ayın-oyun yığıb, o birində də olurdu. 
Dəhlizə çıxıb qapını yavaşca döydük. Güllübəyim xala qapını açıb, məni Sarıköynəklə görəndə, 
həmişəki kimi, məzəli bir əda ilə: 
- A... yeznəmiz, sən xoş gəlmisən, beş gəlmisən! - dedi. - Girin 
içəri.
 
Elektrik çırağı ilə işıqlanmış otağa girib papaqlarımızı, kürklərimizi qapının yanına vurulmuş 
asılqandan asandan sonra mən boğazlı çəkmələrimi də çıxardıb, buxarının qabağına salınmış 
xalının üstündə oturdum. Güllübəyim xalanın evində stul var idi, ancaq mən yerdə, yumşaq 
xalının üstündə oturmağı xoşlayırdım. Bilirdim ki, igid babalarırmz həmişə qarü qış gecələrində 
buxarının qabağında belə oturmuşlar. Onu da bilirdim ki, indi lap uzaq kəndlərimizdə də yerdə 
oturanlara çox az-az rast gəlmək olar. Mən o igid babaların indi bizə bir nağıl kimi görünən 
həyatlarından, heç olmazsa, bir nişanə qalmasını istəyirdim. Ona görə Güllübəyim xalanın əmisi 
Fərhad kişinin ürgəsini çılpaq minib üzü enişə çapanda, ya da tez-tez qəsəbəmizə gələn səyyar 
tirdə nişananın düz ortasına dalbadal beş güllə vuranda ürəyim dağa dönürdü. Düzünü deyim ki, 
ancaq belə vaxtlarda mən özümü o igid babaların törəməsi hesab edirdim. Bizdən iki-üç yaş 
böyük olan Sərvər də mənə etiraz eləyib deyirdi: 
- Hər dövrün öz igidliyi var... 
Acığı tutanda hindtoyuğu kimi qızanb pırpızlanan Dəbbə Zeynal isə mənim fıkrimə şərik olurdu. 

- Ə, axı, şofer nə igidlik göstərəcək? 
Buxarıda baş-başa çatılmış yarmaça odunlar çartıltı ilə yanırdı. Güllübəyim xalanın həmişə par-
par parıldayan ağ samovarı başında güllü çaynik buxarının qabağında dızıldayırdı. Sarıköynək 
divara bitişik qoyulmuş stolun üstündəki balaca güzgünün qabağında dayanıb başını darayırdı. 
Bədənini kip tutan yun köynək ona elə yaraşırdı ki... O biri otaqdan iri güllü məcməyidə stəkan-
nəlbəki gətirən Güllübəyim xala Sarıköynəyə baxıb:
                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                 
 
-Bəh... bəh!.. -dedi. -Bu mahalda gəlinimizə tay hanı?!. 
Sarıköynək cəld geri çevrilib məcməyini onun əlindən alaraq, samovarın böyründə dizləri üstə 
oturub bizə çay süzdü. Güllübəyim xala təmiz, ağ süfrə gətirib mənim qabağıma saldı. Mən 
dedim: 
- Bu soyuq qış gecəsində buxarının qabağında, xalı üstündə oturub çay içməyin ayrı ləzzəti var. 
Güllübəyim xala da üstünü götürdü: 
- Çayı da Sarıköynək kimi cüvənəzən... 
- Day demə, - deyə mən həsrətlə başımı yırğaladım. Güllübəyim xala bərkdən gülüb Sarıköynəyə 
dedi: 
-  Görürsən, yeznənin ürəyindən xəbər verdim. Darıxmayın, bu gün-sabah eviniz hazır olacaq. 
İçini qəşəng-qəşəng bəzəyəcəksiniz... Sizə toy eləyəcəyik... Güllübəyim də bir doyunca süzəcək. 
Sarıköynək də əlavə elədi: 
- Güllübəyim xala da gedib o təzə evdə bizimlə olacaq! Arvad bunu zarafat hesab eləyib güldü: 
- Sarıköynəklə söz qoymuşuq, o təzə binadakı evimiz hazır olanda, səni də köçürüb aparacağıq. 
0 dedi: 
- Ay sənin saqqalın ağarsın, bəs, Güllübəyim xalanız bu evi-eşiyi neyləsin? 
- Buranı da verərsən bir adama. Arvadın üzü birdən-birə ciddiləşdi: 
- Heylə şey olar ki, mən dədə-baba yurdunu kor qoyum?! 
O, dərindən nəfəs alaraq, qalxıb süfrəyə təzə sac çörəyi, motal pendiri, qatıq qoyub dedi: 
- Yeyin, uşaqlar. 
Güllübəyim xala deyib-gülən, zarafatcıl bir arvad olsa da, nə rəhmətə gedən əri barədə, nə də 
əsgərlikdən gələndən sonra Aşqabadda qalan oğlu Cavanşir barədə danışmazdı. Deyilənə görə, 
Cavanşir Aşqabadda varlı bir adamın qızı ilə evlənib. Özü də yaxşı işdədir. Ancaq neyləsin ki, 
anasını itirib-axtarmır, heç olmasa, tez-tez məktub da yazmır, Güllübəyim xala da deyirdi ki, 
neyləyək yazmır, yazmır. Təki canı sağ olsun. Mənim borcum pərvazlandırmaq idi. 
Fikirləşirdim ki, əgər, mənim belə bir anam olsaydı, gündə on dəfə başına dolanardım. Sən bir 
dünyanın işinə bax! 
İki stəkan çay içəndən sonra qalxdım. 
- Day mən gedim, gecdi. 
Həmişə olduğu kimi, indi də Güllübəyim xala nə qədər üz vurdu ki, getmə, mən qalmadım. 
Kürkümü geyəndə, Güllübəyim xala mənə baxaraq: 
- Tfu... Tfu... - dedi, - maşallah, yeznəmiz qiyamət oğlandı. 
Sarıköynək bərkdən güldü. Sarıköynək bilirdi ki, mən qadın tayfasının oğlanların qədd-qamətini, 
gözəlliyini tərifləməyini xoşlamıram. Güllübəyim xala əlavə elədi: 
- Heç qızımız da ondan əskik deyil.  
Mən: 
- Gecəniz xeyrə qalsın, - deyib cəld çıxdım.  
Sarıköynək də ardımca həyət qapısına çıxıb: 
Ehtiyath ol, Valeh, - dedi. (Neçə gün bundan əvvəl bizim meşələrdə canavar sürüsü 
görünmüşdü.) Onun belə qayğısı həmişə ürəyimi həm kövrəldirdi, hənı də mənə olmazın bir 
cəsarət gətirirdi. 
Mən dedim: 
-Heç nə olmaz, yeri içəri, soyuqdu... 
0, pəncəsi üstünə qalxaraq, məni öpüb qaçdı içəri. Bərk qaranlıq idi. Mən belə gecələrdə 
yanımda gəzdirdiyim, başqa vaxtlarda isə, maşınımın daxılında saxladığım balaca, əyri xəncəri 
xatırladım. Çox qədimdən qalmış bu xəncər mənə atamdan, bütün ev-eşiyimizdən yadigar idi. 

Keçən yay qohum-əqrəbamızdan kimin qalıb-qalmadığını bilmək üçün iki günlüyə kəndimizə 
getmişdim. Atamın bir cavanlıq dostundan başqa ayrı bir yaxın adamımıza rast gəlmədim. O 
məni evinə apardı, sonra həmin xəncəri mənə verib dedi: 
- Biz sən yaşda olanda bunu mənə atan bağışlamışdı. Mən də hər ikimizdən yadigar kimi sənə 
verirəm. İstəyirəm hər vaxt bu xəncərə baxanda yadına düşsün ki, sənin atan çox mərd igid idi. 
Atamın yadigarı olan bu balaca xəncər yanımda olandan sonra bir sürü ac canavar da mənə heç 
nə eləyə bilməzdi. 
İndi qaranlıq meşə ilə gedə-gedə onu da fikirləşirdim ki, yəqin atamın öz mərdliyini, igidliyini 
göstərməsi üçün fürsət düşürmüş. Tutaq ki, gündə lap iyirmi maşın daş daşıyım, bu da bir igidlik 
oldu?! 
Sonra ürəyimdə deyirdim: «Nə olaydı, bu saat üstümə ac bir canavar düşəydi, görəydilər ki, bu 
balaca xəncərlə onun nəfəsini necə kəsirəm». Mən qəsdən qar basmış meşənin lap qalın yeri ilə 
gedirdim. Sonra nəşə ilə oxudum: 
 
Bu dərənin uzunu, 
Oğlan, qaytar quzunu. 
Get dədəmə çoban ol, 
Bəlkə verə qızını.
 
 
- Səsim qaranlıq meşənin sükutunu pozdu. Lap yaxında gecəquşu «qanadları ilə budaqlara 
toxunub qan üzümə səpələdi. Bir az aralıda nə isə kol-kosun içindən xışıltı ilə qaçıb uzaqlaşdı. 
 
Get dədəmə çoban ol, 
Bəlkə verə qızını...
 
 
Mən bu qədim mahnının sözlərinə ürəyimdə gülümsədim. Yataqxanada (dörd nəfər şofer bir 
otaqda olurduq) Sərvərlə domino oynayan Zeynal, yəqin uduzduğu üçün, qızarıb görtərək bir 
cığallıq salmışdı ki, gəl görəsən. Eldar radioda çaılınan caz musiqisinə qulaq asırdı. Zeynal ona 
qışqırdı: 
- Ə, Eldar, sən ananın canı o daram-durumu kəs, qoy oyunumuzu oynayaq. 
Sərvər gülümsəyib: 
- Ey, - deyə Zeynalı hədələdi, - anasına sataşma! 
Eldarın kənddə özü kimi kök, bir dul anası var idi ki, yeriyəndə yer tərpənirdi. Sovxozun adlı-
sanlı sağıcılarından idi. Tez-tez tikintiyə gəlib, bizə şorqoğalı, əyirdək gətirərdi. Sərvər də Eldara 
sataşıb deyərdi: 
- Ə, bu ananı ver mənə, olum sənin dədən! 
Sonra mən, Zeynal, Sərvər ağız-ağıza verib oxuyurduq. 
 
Sən dul, mən dul, 
Gəl alım, maralım...
 
 
Mən kürkümü, uzunboğaz çəkmələrimi çıxarandan sonra otağın havasını dəyişmək üçün 
pəncərəni açdım. Eldar gözünü radiodan çəkib qışqırdı: 
- Ə, Valeh, mən ölüm, gələn kimi bu pəncərəni taybatay açıb bizi dondurma. 
Zeynal mənə göz vurdu ki, örtmə. 
Səhər biz duranda qar az qala yarım metr qalxmışdı. Camal müəllim ayaqlarında içi keçə 
uzunboğaz, əynində kürk, başinda xəz papaq cəld addımlarla siqaretini tüstülədə-tüstülədə 
yanımıza gəlib: 
- Uşaqlar, - dedi, - işiniz şuluqdu, deyəsən, qar bizi daşsız qoyacaq. 
Mən nəşə ilə dedim: 
- Bu saat gedirəm daşa! 
-  Sən necə bilirsən? - deyə Camal müəllim bizim ağsaqqalımız olan Sərvərdən soruşdu. 
Sərvər də təmkinlə cavab verdi ki, getmək olar. 
Camal müəllim siqaretini tüstülədərək o biri şoferlərə baxdı. 

Zeynal qızarıb hindxoruzu kimi pırpızlanaraq: 
-  Nəyə baxırsan, əşi? (Biz həmişə iyirmi səkkiz yaşlı Camal müəllimlə elə danışırdıq ki, elə bil, 
onun altmış yaşı var.) - dedi. - Biz onlardan əksik oğlan deyilik ki?  
Camal müəllim: 
- Düzü, uşaqlar, - dedi, - qorxuram. Qar yolu-izi elə örtüb ki, ürək eləmirəm sizə deyim, gedin. 
Sərvər dedi: 
- Ürək elə, əşi! Qabağa mən düşəcəm. Eldar dərhal dedi: 
- Səni qabağa buraxmaq olmaz! 
Amma Sərvər gülümsəyib başqa cür dedi: 
- Sən nişanlı oğlansan, amma mənə nə var? Nə nişanlım var, nə də gözü yolda qalanım! Demək, 
qabağa mən düşməliyəm!.. 
Camal müəllim soruşdu: 
- Bəs, yolu necə tapacaqsan? Mən dedim: -Oğul kimi! 
Sərvər dedi: 
- Əşi, sən yeri çay iç, qızış. Narahat olma! Biz buranın hər qarışına bələdik. 
Camal müəllim bu tərəflərin adamı deyildi. Tikintiyə gəldiyi beş-altı ay idi. 
Zeynal dedi: 
- Bizi dəyirmanın boğazından ölü salsan, ayağından diri çıxarıq, Sonra dizəcən qara bata-bata 
qaraja tərəf qaçdı.  
Camal müəllim arxadan qışqırdı: 
- Uşaqlar, ehtiyatlı olun! 
Hər kəs öz maşınının kabinəsinə qalxıb, motoru işə saldı. Mən birinci tərpənib qabağa keçmək 
istəyəndə, Sərvər arxadan qışqırdı: 
- Yekə oğlansan, böyüyün sözünə bax! Dedim ki, qabağa mən düşəcəm! 
0, qıjıltı ilə sürüb keçdi qabağa. Mən də bərkdən dedim: 
-Day neyləyək, ağsaqqalsan da!.. 
Sərvər çox ehtiyatla, yavaş-yavaş irəliləyir, biz də onun dalınca ara saxlaya-saxlaya gedirdik. 
Qəzetdə oxumuşdum ki, bir qız xalının üstü ilə yalın ayaqla yeriyəndə onun altına qoyulmuş 
şəklin rənglərini olduğu kimi deyir. İndi bizim bu Sərvər də, elə bil, yarım metr qalınlığında 
qarın altını görürdü. Zarafat deyil, yolun o tərəf-bu tərəfındə çala-çuxurlar, yarğanlar var idi. 
Amma indi onların hamısı qarla elə örtülmüşdü ki, elə bil, hər yer dümdüz idi. Kişinin qabağa 
düşməyə haqqı varmış. Yəqin ki, mən bu qədər sərrast gedə bilməzdim... 
Biz alt tərəfı uçurum olan qorxulu döngəni hərlənib karxanaya çatanda Zeynal maşından yerə 
tullanaraq, «ura!» deyib qulaqlı papağını göyə tulladı. Biz də «ura!», deyib qışqırdıq. 
- Ə, uşaqlar, kimdə siqaret var? - deyə Sərvər soruşdu. 
Siqaret qutusunu çıxarıb verdim. Sərvər bir papiros götürüb qutunu mənə qaytaranda: 
- Qoy cibinə, - dedim, - mənimki var. Sarıköynək o gün düz on qutu almışdı. 
Sərvər də qutunu cibinə qoyub, siqareti yandıraraq ləzzətlə çəkdi. 
Karxana işçiləri maşınlarımızı doldurub qurtaran kimi geri qayıtdıq. Artıq yolu tapmışdıq. İndi 
bizim qabağımızda durmaq olmazdı. Biz öz izimizlə qarlı yoxuşları sürətlə enib-çıxaraq 
irəliləyirdik. 
Qəsəbəyə çatanda Camal müəllim təzə tikilən evin yanında var-gəl edirdi. Sərvər maşından 
düşüb: 
- Nə var, əşi, dedi. - Yoxsa, nigaran qalmışdın?!  
Camal müəllim soruşdu: 
- Qabağa kim düşmüşdü?  
Sərvər dedi: 
-Mən! 
Camal müəllim ona dedi: 
- Çox sağ ol ki, camaatı sağ-salamat aparıb gətirmisən. 
Mən fıkirləşdim: «Demək belə çıxır ki, Sərvər igidlik eləyib?» 

Sarıköynək yuxarıda, üstünü qar basmış balaca «evciyində» dayanıb üzüaşağı bizə baxırdı. Əlimi 
yuxarı qaldırıb qışqırdım: «Salyut, Sarıköynək!» O gülümsəyib daşla dolu «zənbili» yuxarı 
qaldırdı. 
Sonra biz daha üç dəfə daş karxanasına gedib qayıtdıq. Karxananın müdiri tez-tez tikintiyə gəlib 
deyirdi ki, əl-ayaq eləyin, uşaqlar, işçilər sizin tikib qurtaracağınız evləri gözləyirlər! 
Biz də vacib adamlar olduğumuzu hiss eləyib öz əməyimizlə qürrələnirdik. 
Səhər Camal müəllim şoferləri kabinetinə çağırıb dedi: 
- Uşaqlar, stansiyaya tikinti materialı gəlib. Öna görə də, yarınız daş gətirməyə getməlisiniz, 
yarınız da stansiyaya! Bilmirəm necə eləyək, görürsünüz qar yenə də yolu örtüb. Stansiyanın 
yolu da yaman qorxulu yerlərdən keçir. Tikintinin işini də dayandırmaq olmaz, 
Sərvər dedi: 
- Uşaqların bir-ikisini götürüb stansiyaya mən gedərəm. Mən də dərhal əlavə elədim: 
- Qalanları ilə də daş karxanasına mən gedərəm. Hamı başa düşdü ki, qabağa Sərvərlə mən 
düşəcəyik.  
Camal müəllim bir neçə saniyə mənə baxıb dedi: 
- Ancaq, Valeh, gərək ehtiyatlı olasan. Sən maşını bərk sürürsən. 
Dedim: 
- Vaxta ki dalımca adamlar gələcək, məlum məsələdir ki, gərək ehtiyatlı olam. 
Camal müəllim alındığımı hiss eləyib gülümsədi: 
- Gərək tək özün olanda da ehtiyatlı sürəsən. Dinmədim. Biz altı nəfər şofer iki dəstəyə ayrıldıq. 
Birinci dəfə idi ki, Sarıköynəyin mən sarıdan qorxu keçirdiyini gördüm. Biz maşına qalxanda o, 
həyəcanla dedi: 
- Valeh, ehtiyatlı ol! 
- Qorxma! Yeri, qalx yuvana. Sarıköynəyin yeri göylərdir! - deyə zarafatla cavab verib 
dəstəmizlə yola düşdüm. 
İndi qar elə tökürdü ki, on metr qabağı görmək olmurdu. İki nəfər gənc yoldaşım mənə inanıb 
ardımca gəlirdi. Həyatımda ilk dəfə idi ki, bu qədər ciddi məsuliyyət hiss edirdim. 
Birdən hayandasa ayrı qorxu da çökdü canıma: «Mənə bir şey olsa, Sarıköynəyin halı necə 
olar?» 
Elə həmin dəqiqə də özümü dünyanın ən sərvaxt adamı kimi hiss elədim! 
Mən də Sərvər kimi üstünü, yan-yörəsini qar örtmüş yolu fəhmlə, ətrafdakı qayaları, ağacları 
vərə-vurdla təyin eləyirdim. Bir-iki yerdə maşının bir tərəfı çalaya düşdüsə də, mən cəld 
tərpənərək onu aşmağa qoymadım. 
Yoldaşlarım da oranı salamat keçdilər. Biz gəlib karxanaya çatdıqda siqaret yandırıb çəkdim. 
Zeynal əlini kürəyimə vuraraq: 
- Afərin sənə! - dedi. Eldar rahat nəfəs alıb dedi: 
- Siz ölməyəsiniz, Valeh qabağa düşəndə mən dedim, day bizim işimiz bitdi. 
0 gün biz Sərvərlə bəhsə girib üç dəfə gedib qayıtdıq. Beləliklə də, qoymadıq tikintidə iş 
dayansın. 
Səhəri istirahət günü idi. Eldar, Zeynalı götürüb öz kəndlərinə qonaq apardı. Sərvər dedi: 
-  Mən də səninlə Sarıköynəyi Əmir qayasında kababa qonaq eləyərəm. 
Dedim: 
- Yox, mən qonaq eləyəcəyəm!  
Sərvər ciddi şəkildə dedi: 
- Yekə oğlansan, böyüyün sözünə baxarlar. Siz toya hazırlaşırsınız. Sizə pul yığmaq lazımdır! 
Mən qonaq eləyəcəyəm. 
Qərəz, nə təfavütü var ey, ya mən, ya da Sərvər... Üç kilo şabalıd, ət, pendir, çörək, iki şüşə də 
qırmızı «Şəmkir» şərabı alıb getdik Əmir qayasına. 
Sərvər mənim də, Sarıköynəyin də yaxın dostu idi. Bizim Sərvərdən ayrı sirrimiz yox idi. Özü də 
bizə görə, yəni, biz şoferlərə görə, Sərvər alim idi, politexnik institutunda qiyabi oxuyurdu. 
Rayon mərkəzindəki kitabxanadan da həmişə cürbəcür kitablar gətirib oxuyar, məzmununu bizə 
danışardı... 

Sərvərlə mən Əmir qayasının altında, yəni, Sarıköynəklə mənim «qış sarayımızda» ocaq çatdıq. 
Sarıköynək, yayda zoğal ağacının budaqlarından düzəltdiyimiz şişləri azca alova tutub 
«dezinfeksiya» eləyəndən sonra silib təmizlədi - çantasından ağ süfrə çıxarıb qurumuş otların 
üstünə sərdi, pendir-çörək qoydu. Sərvər əti doğrayıb duzladı, sonra da şişlərə çəkdi. Mən də 
həmişə burada qoyduğumuz saxsı cürdəyi yaxındakı qayanın altından çıxan bulaqdan doldurub 
gətirdim. Sərvər ocaqda cızıldayan şişləri çevirdi. Mən də şərab şüşələrinin ağzını açdım. Sonra 
Sərvər qızarmış şişləri gətirib Sarıköynəyin qoyduğu boşqaba çəkərək: 
-  Ağalar və xanımlar! - dedi. - Rica edirəm, buyurasınız süfrə başına. 
Mən də cavab verdim: 
- Uşaq olma, ağalarda elə kabab, belə sehrli kaha nə gəzir? 
* Doğrudan da, adama gəlirdi ki, neçə əsr yola salmış bu Əmir qayası qəribə bir maraqla bizə 
baxırdı. Elə bil ki, dünyanın bütün sirləri onda gizlənmişdi. Sərvər Sarıköynəyin çantasında 
gətirdiyi iki qədəhi şərabla doldurub: 
- Əvvəl siz buyurun, - dedi, - qədəhimiz iki dənədir.  
Sarıköynək dedi: 
- Özün bilirsən ki, mən içən deyiləm. 
Sarıköynək içkini xoşlamırdı. Ona görə də, biz də daha üz vurmadıq. 
Sərvər qədəhini qaldırıb dedi: 
- Sizi bir-birinizdən ayrı xəyalıma gətirə bilmirəm. Ona görə də, ikinizin də sağlığına birdən 
qaldırıram. 
Qədəhimi onun qədəhinə vurub: 
- Sağ ol, qoca! - dedim. 
Təzə qoyun ətinin kababı, dədə-baba ocağının istisi, dərə ilə axan çayın şırıltısı bizə ləzzət 
verirdi. Vaxtilə gəlib bu Əmir qayasının altında kabab bişirib kef çəkən adamlar onun 
divarlarında adlarını yazıb getmişdilər. 
Mən dedim; 
- Uşaqlar, elə bil, biz hansı zamandasa bu kahada yaşamışıq, hətta belə bir ortalıq ocağının 
üstündə ət də bişirib yemişik. 
Sarıköynək bərkdən güldü: 
-  Bir az da içsən deyəcəksən ki, ulu babalarımızla da burada söhbət eləmişik. 
- Vallah, bəzən bu meşələrə, qayalara baxanda, mənə elə gəlir ki, hansı vaxtdasa onları, 
doğrudan da, görmüşəm. 
Sonra gözlərini dərənin o tayında ucalan meşəli dağa zilləyib siqaret çəkən Sərvərdən soruşdum: 
- Nə fıkirləşirsən, qoca? 
- Onu fikirləşirəm İci, bu dağlarda yaşayan o igid babaların ömürləri həmişə xarici istilaçılarla 
vuruşlarda, qılınc-qalxan davalarında keçib. Bir rahat gün görməyiblər, amma heç bir zaman da 
düşmənə boyun əyməyiblər. 
Sonra üçümüz də ağız-ağıza verib, qaçaq Nəbi haqqındakı qədim mahnını oxuduq: 
 
Gün gəlibdir günortanın yerinə, 
Həcər xanım qalxıb atın belinə. 
Əşrəfi-mirvari düzüb telinə, 
Qoy sənə desinlər: ay qaçaq Nəbi, 
Arvadı özünən ay qoçaq Nəbi...
 
 
Sonra Sərvər dedi: 
- Ev alan kimi evlənin. Biz ailə həyatı görməmişik, ancaq, yəqin ki, ailə gözəl şeydir. 
Mən təsdiq etdim: 
- Əlbəttə, ona nə söz ola bilər. Ancaq, bəs, sən nə vaxt tərpənəcəksən? 
-Görək də... 
Sarıköynək də zarafatyana Sərvərdən soruşdu: 
- Politexnik əhvalatı nə oldu? 

- Baş tutmadı. Qız dedi, gərək şoferliyi buraxıb Bakıda oxuyasan. Dedim, qiyabi oxuyuram da. 
Dedi, şoferliyi burax. Dedim, bəs, əmimin bir sürü uşağına kim kömək eləsin. Dedi, özün 
bilərsən. Dedim, necə yəni özün bilərsən? Dedi, mən deyən kimi eləməsən, bizimki tutmaz. 
Dedim, neynək, xudahafiz. Dedi, xoş gəldin. 
Sarıköynək soruşdu: 
- Bununla da qurtardı? 
- Qurtardı.  
Mən dedim: 
- Sağ ol, Sərvər! Lap kişi kimi hərəkət eləmisən! 
Söhbət mədən müdirinin keçən yay politexnik institutundan bizim qəsəbəyə - tikinti işlərində 
təcrübəyə gələn bacısı qızı haqqında gedirdi. Lap ilk gündən oğlanı özünə bağladı. Hər gün işdən 
sonra meşədə görüşürdülər. Sərvəri yataqxanada tapmaq olmurdu. Qız gedəndən sonra Sərvər də 
onun dalınca Bakıya getdi. Ancaq heç iki gün çəkmədi ki, çox bikef qayıtdı. 
Bayırda hava qaralırdı. Ocağın alovu da öləziyirdi. 
Sarıköynək dedi: 
- Yaxşı, uşaqlar, gecdir, gedək. 
Sonra qədəhləri, boşqabı salfetə bükdü. Süfrəni götürüb bayırda çırpdı. Şeyləri çantaya qoydu. 
Biz kahadan çıxıb dizəcəri qara bata-bata getdik. Sarıköynək ikimizin arasında gedirdi. 
Sarıköynək bilirdi ki, mən qızla qol-qola tutub getməyi xoşlamıram. Ona görə də mənim qoluma 
girmirdi. 
Sərvər qəsəbənin yanan işıqlarına baxaraq dedi: 
- Gərək sizə bir toy eləyək ki!..  
Mən güldüm: 
- İnşallah! 
Sərvərlə Sarıköynək güldü. Mən zarafat eləmirdim. Mənasını bir o qədər də bilmədiyim bu 
sözdə, nə isə, bir ümid, bir fərəh hiss edirdim. 0 da qəribə idi ki, həmişə evlənməyimiz barədə 
fikirləşəndə mənə elə gəlirdi ki, evlilik həyatına çatmaq üçün Sarıköynəklə mən kosmos sürətilə 
Aya, ulduzlara gedən məsafə qədər bir yol keçməliyik. Özü də o həyat mənə bir nağıl kimi 
görünürdü. 
Sarıköynək mənə yanakı baxaraq soruşdu: 
- Nə fikrə getdin? 
- Hesablayıram görüm toyumuz üçün nə qədər şərab lazımdır. ... Güllübəyim xalanın evinə 
çatanda Sarıköynək təklif elədi: 
- Gəlin adama bir stəkan çay için.  
Sərvər dedi: 
- Şərabdan sonra nə çay, gecən xeyrə qalsın. 
- Xeyrə qarşı, - deyə Sarıköynək yarıqaranlıqda şəvə kimi parıldayan gözləri ilə gülümsəyib 
mənə baxdı. 
Mən dedim: 
- Gir həyətə, qapını bağla. 
0, dinməz həyətə girib köhnə taxta qapını bağladı. Sərvərlə mən qəsəbəyə tərəf yönəldik. Bir 
qədər sükut içində gedəndən sonra Sərvər dedi: 
- Sarıköynək yaxşı qızdır. 
Sarıköynək haqqında elə deməyi, səsinin ahəngi məndə oğlana qarşı anlaşılmaz bir riqqət 
doğurdu. Soruşdum: 
- Nəyə görə birdən belə dedin? 
- Politexnik yadıma düşdü. 
(Biz «politexnik»  dedikdə,  Sərvərə bənd olmuş həmin qızı nəzərdə tuturduq.) Dedim: 
- Heç adamın ağlına gəlməzdi ki, o səndən ayrıla bilər. Hara gedirdin, düşürdü dalına. Gecənin 
yarısınacan meşədən buraxmırdı səni. 
-  Qoy cəhənnəm olsun. Bayaq Sanköynəyin yanında demədim. Həşəri qancığın biri idi. Adamı 
qucaqlamaqdan başqa ayrı şey bilmirdi... 

Bu sözlər ayrı bir qız, ya qadın haqqında olsaydı, mən bərk gülərdim, ancaq indi gülmədim. 
Siqaret çıxarıb birini Sərvərə verdim, birini də özüm damağıma qoyub alışqanla yandırdım. 
Ağacların budaqlarını yumşaq qar örtmüşdü. Hər tərəf sükut içindəydi. 
Sərvər siqaretini qaranlıqda közərdib dərindən nəfəs aldı: 
- Bilirsən, Valeh, - dedi - arvada havayı yerə yoldaş demirlər. Ona görə sənin evləndiyin qız da 
gərək insan adam ola. Yoxsa, dünya doludur arvadla. 
- Başa düşürəm. 
Sonra ürəyimdə əlavə etdim: «0 barədə Sarıköynəyə söz yoxdur». Bu sozləri ona görə bərkdən 
demədim ki, arvadını, nişanlısını tərifləyən kişiləri xoşlamıram. Buna bir əskiklik kimi baxıram. 
Sərvər dedi: 
- Biz yetimliklə böyümüş oğlanlarıq. Ailə üzü görməmişik. Bizim arvadımız bizim üçün gərək 
həm də ana, bacı ola. Hər dərdimizə şərik ola. Yoxsa, o qancıq kimi... adamla qucaqlaşanda yüz 
dəfə deyir, ölürəm səndən ötrü. Amma deyəndə ki, bəs, müharibədən şikəst qayıtmış əmimin 
uşaqlarına kim kömək eləsin? Deyir, özün bilərsən! 
- Yaddan çıxar getsin. 
- Əlbəttə! Yoxsa ki, ölürdüm ondan ötrü. Hamınız görürdünüz ki, burada o mənim dalımca 
düşürdü. Gecə-gündüz əl çəkmirdi. 
- Hələ desən kabinədə oturub səninlə daş-qum daşımağa da gedirdi. 
- Amma şəhərdə deyir, xoş gəldin... 
- Eybi yoxdur, sən də cavabın vermisən, qurtarıb... 
- Əlbəttə. 
... Səhər biz dörd şofer - yəni, Sərvər, Zeynal, Eldar və mən aşxanada təzə çay içib qurtarmışdıq 
ki, Sarıköynək içəri girib: 
- Salam, uşaqlar! - dedi. 
Saçlarının xəz papağı  altından çıxan qıvrımlarının,  kürkünə səpələnmiş qar ağ çiçək ləçəklərinə 
bənzəyirdi. Təzəcə yuyulmuş üzü soyuqdan çəhrayıya çalırdı. O, heybəsindən təmiz ağ dəsmala 
bükülmüş dörd kartof bükməsi çıxarıb dedi: 
- İsti-isti yeyin. 
Hərəmiz birini götürdük. Sərvər soruşdu: 
- Özün bişirmisən? Sarıköynək başı ilə təsdiq etdi. Sərvər: 
- Yaman ləzzətlidir, - dedi. Eldar da əlavə etdi: 
- Bundan düz beşini ötürərdim. 
Gülüşdük. Sonra qalxıb tikintiyə getdik. Yenə iki dəstəyə bölünüb yolumuza davam etdik. 
Sariköynək yoldaşlarımı bu qorxulu yollarda salamat aparıb gətirməyimlə fəxr edirdi. Bu barədə 
özümə heç bir söz demirdi, mən bunu hiss eləyirdim. Bir dəfə o, zarafatla dedi: 
- Valeh, sizin o çətin aşırımı endiyinizi hər dəfə qaldırıcı kranın yuxarısından görəndə, Xristofor 
Kolumbun Amerikanı kəşf eləyib qayıtmağı yadıma düşür. 
Mən də dedim: 
-  O qarlı aşırıın başına qalxıb sənin evciyini göyün üzündə görəndə, elə bilirəm daşla dolu 
maşının bu dəqiqə yerdən üzülüb qıjıltı ilə düz sənin yanına qalxacaq. 
O gecə, doğrudan da, buna bənzər bir yuxu gördüm. Ancaq Sarıköynəyin yanına qalxan 
«samosval» deyil, mən özüm idim. Görürdüm ki, qollarımı yana açıb, qanad kimi tərpədərək, 
buludların altından baxıb gülümsəyən Sarıköynəyin yanına qalxmaq istəyirəm. Ancaq nə qədər 
uçuramsa, ona çata bilməyib düşürəm. Görürəm, Sarıköynək də hey mənə baxıb gülümsəyir. 
Mən isə, təkrar-təkrar göyə qalxıb yenə də ona çata bilməyərək düşürəm yerə. Qoca arvadlardan 
eşitmişdim ki, yuxunu gərək tərsinə yozasan. Demək, əgər, mən yuxuda Sarıköynəyə çata 
bilmədimsə, həyatda çatacam. Yəni, biz bir-birimizə qovuşacayıq! Əlbəttə, biz yuxuya-fılana 
inanan deyildik. Ancaq indi özümü inandırmaq istəyirdim ki, bu həqiqətən də belə olacaq! Sonra 
da öz-özümə deyirdim: «Kim bilir, bəlkə yuxularda bir hikmət var?!» 
Sərvərin Sanköynək haqqında həmişə səmimi danışığı mənim bu oğlana olan məhəbbətimi birə 
on artırırdı. Əslinə baxsan tikintidə, Güllübəyim xalagilin kəndində Sarıköynəyi istəməyən, 

ondan xoşu gəlməyən yox idi. Camal müəllim deyirdi: «Sarıköynək tikintinin sevincidir. Səhər-
səhər Sarıköynəyin qaldırıcı krana qalxdığını görəndə, adama şair kimi ilham gəlir». 
Əlbəttə, tikintidə başqa qızlar, qadınlar da vardı. Ancaq düzünü deyim ki, onların heç biri 
adamlara Sarıköynək qədər yapışmırdı. Sarıköynək də tikintidə hamını özünə doğma hesab 
eləyirdi. Mən heç vaxt eşitməmişdim ki, Sarıköynək tikintidə adamların biri haqqında narazılıq 
eləsin. Bir dəfə o mənə dedi: 
- Valeh, mən istəyirəm ki, hamı səni mənim kimi istəsin. Zarafatla soruşdum: 
- Yəni, deyirsən, qızlar da məni çox istəsin?  
0 da gülüb cavab verdi: 
- Qızlar, onsuz da, səni çox istəyirlər... 
Yaz bu il tez, özü də isti gəldi. Dağları örtmüş qarlar, buzlar selə-suya dönüb gurultu ilə dərələrə 
töküldü. Meşələr, bağlar çiçəklədi. Yaz Sarıköynəklə mənə təzə sevinc gətirdi. Bizə mənzil 
veriləcək bina hazır olmaqdaydı. Söz qoymuşduq ki, bu yaz ev alan kimi toyumuzu eləyək. 
Tikintiyə əlavə dörd maşın da verdilər. Camal müəllim Sərvəri də, məni də briqadir təyin 
etmişdi. İndi beş maşına Sərvər, beşinə də mən başçılıq edirdim. Eldarla Zeynal da mənim 
dəstəmdəydilər. Yağışlar, sellər nəinki bizə mane ola bilmirdi, hələ deyəsən, onların 
bərəkətindən bir dəfə qonşuluğumuzdakı fermada bizə saz bir erkək də bağışladılar. 
Maşınlarımızı daşla doldurub geri qayıdırdıq. Günəşli bir gün idi, havanın istiliyi adama ləzzət 
verirdi. Maşınları çayrı kənarında saxlayaraq, düşüb sahildə üst-başımızın tozunu çırpdıq. Əl-
üzümüzü yuduq. Sonra mən siqaret yandırdım. 
Bir az aşağıda iki cavan çoban böyük bir quzu sürüsünü bir sahildən o biri sahilə keçirirdi. Çay 
çox enli idi. Quzular da tənbəl-tənbəl hərəkət etdiklərindən çayı ləng keçirdilər. Bir də gördük ki, 
elə bil, çayın sürəti artdı. Suyun üzü ilə ağ köpük, kol-kos gəlməyə başladı. 
Zeynal dedi; 
- Çay bu saat daşacaq. 
Yuxarılardakı dağlar qapqara duman içində idi. Demək, ora yağırdı. Çobanlar əl-ayağa düşüb, 
hələ suyun içində olan sürünü o taya haylayırdılar. Ancaq körpə quzular onların çığır-bağırını 
veclərinə almırdı. Çayın suyu isə getdikcə qalxırdı. 
- Ay qırılmış, ayaq götürsənə! - deyə çobanlardan biri qışqırdı. Quzular isə, elə bil, onların 
həyəcanlı səslerini eşitmirdi. 
Çox çəkmədi ki, şiddətli yağış başladı. Çayın suyu sürətlə qalxdı. Mən yoldaşlarıma bərkdən 
dedim: 
- Ay uşaqlar, yüyürün kömək eləyək! Bu saat sel o heyvanları aparacaq! 
Yüyürüb hərəmiz bir tərəfdən bu körpə yaz quzularını o biri sahilə tərəf qovmağa başladıq. 
-  Ay gözünüzə dönüm, haylaym! - deyə çobanlardan biri bizə tərəf qışqırdı. 
Biz haray-həşirlə heyvanları o taya qovduqca sel də güclənirdi. Zeynalla mən suyun içi ilə 
yüyürüb sürünün alt tərəfıni kəsərək selin götürüb getdiyi quzuları tutub sahilə atırdıq. Bir neçə 
dəqiqədən sonra sürünün hamısını sağ-salamat o biri sahilə çıxarıb geri dönəndə artıq 
ayaqlarımız yerdən üzüldü. Yəni, biz üzməyə başladıq. Ancaq sel o qədər bərk tüğyan eləyirdi 
ki, mən gördüm o biri sahilə çıxa bilməyəcəyik. Ona görə də: 
- Ə, uşaqlar, - deyə qışqırdım, - palıda tərəf! 
Biz çayın ortasındakı nəhəng ağaca güclə çataraq ona dırmaşdıq. İndi biz Jül Venin qəhrəmanları 
kimi, getdikcə qalxıb yayılan suyun ortasında, şiddətlə yağan yağışın altında belə tufanlara çox 
dözmüş qoca palıdın budaqları arasında qalmışdıq. Biz bir-birimizlə zarafatlaşır, gözlərimizi 
yumub üzümüzə çırpılan yaz yağışından ləzzət alırdıq: «Kaş Sarıköynək qaldırıcı kranın 
başındakı evciyindən bizi görəydi...» 
Zeynal da, mən də, Eldar da, hətta, bizim dəstəyə təzə qoşulmuş iki cavan şofer də bu tufanın 
içində özümüzü əsl cəsurlar kimi hiss edirdik. Zeynal ağacın budağından yapışaraq yağışın 
altında qımıldanmadan dayanmış Eldara baxıb bərkdən güldü: 
- Siz ölməyəsiniz, - dedi, -Eldar lap Napaleon kimi dayanıb. İndi soyuqdan tir-tir titrəyirdik. Mən 
dedim: 
- Ə uşaqlar, hərəkət eləyin ki, bizi soyuq tutmasın! 

Biz gah budaqlardan sallanaraq yellənir, gah da «keçi soyurduq». Yağış eyni şiddətlə bir saat 
davam elədi. Sonra göyü çulğamış buludlar, birdən peyda olduqları kimi, birdən də tərpənib 
getdi. İndi üstündə oturduğumuz palıdın yaş yarpaqları yaz günəşinin təzə işığı içində zümrüd 
kimi sayrışırdı. Yağış üzüaşağı sovuşub getdi. Çayın o tayındakı yaşıl yamaca səpələnərək, 
iştaha ilə otlayan quzuların yanında ocaq qalayıb, üst-başlarını qurudan həmin cavan 
çobanlardan biri bizə tərəf bərkdən səsləndi: 
- Əmioğlu, siz haradansınız? Mən də bərkdən cavab verdim: 
- Dəmir mədəni tikintisindən! Sonra yoldaşlarıma dedim: 
- Suyun azalmasını gözləsək, gecəyə düşərik, birdən yağış yenə başlar, işimiz fırıq olar. Mən 
getdim. Əgər, sahilə salamat çıxsam, siz də üzüb gələrsiniz! 
- Ə, biz səndən əskik oğlan döyülük, - deyə Zeynal da şappıltı ilə  suya tullanıb, tez-tez üzərək 
mənə çatdı. 
 Qabaqda Zeynalla mən, ardımızca da o biri yoldaşlarımız sahilə çıxdıq. Beş-on dəqiqənin içində 
odun gətirib iri bir ocaq qaladıq. Pencəklərimizi, köynəklərimizi oda tutub qurutduq. Mən: 
«Gedək, uşaqlar!» deyib düşdüm qabağa. Yuxarılardan qeyzlə gələn gur sellər asfaltın altındakı 
borulara sığmayıb yolu tuturdu. Ancaq əsl dəsgah qabaqdaymış. Biz uzun yoxuşu qalxıb, o biri 
üzə aşanda, gördük ki, yolun təxminən yüz metrlik bir hissəsi qalıb suyun altında. Sel üst 
tərəfdəki dağdan iri-iri qayaları uçurub salıb yolun ortasına. Haradansa gələn başqa bir yük 
maşını da bizə çatıb dayandı. Mən maşından düşərək, başlarını kabinələrdən çıxaran 
yoldaşlarıma baxıb: 
- Neynəyək, uşaqlar? - deyə soruşdum. Heç kəs dinmədi. Bir az fıkirləşəndən sonra: 
- Yaxşı, - dedim, - geri qayıdaq. 
- Geriyə qayıdıb neyləyəcəyik? - deyə Zeynal soruşdu. 
Sol tərəfdə, on beş-iyirmi kilometr aralıdakı meşəli dağı göstərib dedim: 
- O dağın dalından keçən kəsə bir yol tanıyıram. Təzə gələn şofer də mənim sözümü təsdiq 
eləyib dedi: 
- Doğrudur, oradan bir torpaq yol keçir. 
Maşınları çətinliklə döndərərək, geri qayıdıb, bir müddət gedəndən sonra həmin torpaq yola 
çıxdıq. Yer palçıq olduğundan təkərlər tez-tez sürüşürdü. Bir azdan torpaq yol sağa burulub 
dərənin kənarı ilə gedəndə başımı kabinədən çıxarıb geriyə qışqırdım: 
- Diqqətli olun, uşaqlar! 
Bilirdim ki, belə qorxulu yerlərdə hamı diqqətli olacaqdır. Ancaq özümdə duyduğum məsuliyyət 
hissinin təsiri altında yoldaşlarım üçün əlimdən gələn hər şeyi etməli idim. Nəhayət, dərənin 
kənarından çıxıb düzənliyə düşdük. Bir qədər gedəndən sonra gəlib balaca, ancaq çox dərin olan 
bir dağ çayına çataraq dayandıq. Çayın üstündə köhnə, ensiz bir körpü vardı, üstündə isə malqara 
rəddindən başqa heç bir təkər-filan izi görünmürdü. Biz düşüb körpünün altını, üstünü diqqətlə 
nəzərdən keçirdik. Körpü o qədər dar idi ki, olsa-olsa, bir maşın zorla keçə bilərdi. Özünün də 
kənarlarında cağı yox idi. Yoldaşlarıma dedim: 
- Siz hələ dayanın! 
Maşına qalxıb yavaş-yavaş körpünün üstünə sürməyə başladım. Mən bu risqə kor-koranə 
getmirdim. Fikirləşirdim ki, maşının ağırlığına körpünün davam gətirə biləcəyinə doxsan doqquz 
faiz etibar etmək olar. Mən qədim körpü salanların çox təcrübəli ustalar olduğunu Camal 
müəllimdən eşitmişdim. Demək, ən mühüm təhlükə maşının bu dar, palçıqlı körpüdə sürüşə 
biləcəyi ehtimalı idi ki, bu da sürücüdən böyük diqqət, cəldlik tələb edirdi. Əlimdə sükanın o 
yan-bu yana necə tez-tez qaçmaq istədiyini hiss edərək, ondan möhkəm yapışıb yavaş-yavaş 
irəliləyirdim. Nəhayət, maşının dal təkərləri körpüdən üzülən kimi, uşaqlar «Afərin» deyə 
arxadan qışqırdılar. Maşını bir az aralıda saxlayaraq, düşüb təzə gələn şoferə dedim:
 
- Yəqin ki
,
 bizdən təcrübəli şofersən?  
O, başını bulayaraq:
 
- Yox, qardaş.
 
- Doğru deyirsən?
 
O mənə ciddi nəzər salıb cavab verdi:
 

Əlbəttə, doğru deyirəm, mənim dörd uşağım var, sənin kimi tək canım deyil ki...
 
- Nə bilirsən mənim tək canımdır? - deyə bərkdən güldüm.
 
- Görmürəm, saqqalm hələ indi çıxır.
 
Sonra irəliləyib onun maşmının kabinəsinə qalxdım.
 
- Demək, igidlik göstərmək istəyirsən?- deyə o mənə acıqlandı. Zarafatyana dedim:
 
- Yox, əşi, istəyirəm yolda qalmayaq. Özün nişanlı olmamısan?! Sarıköynək indi yəqin bərk 
narahatdır. Fikirləşir ki, görəsən, niyə bunlar bir belə gecikdilər...
 
Kişinin üzündəki acıq birdən-birə mülayim, utancaq bir ifadəyə çevrildi. O mənə baxmadan 
yavaş səslə:
 
- Yaxşı, - dedi, - düş aşağı, özüm keçərəm.
 
- Canım üçün olmaz! - deyib maşını işə saldım. Uşaqlar gülüşdülər. Təzə şofer dedi: -Düş!.. Düş 
aşağı!..
 
Ancaq mən ona fıkir verməyib maşını körpüyə sürərək yavaş-yavaş keçməyə başladım. Şofer 
əlacsız qalıb dinmədi. «Samosval»ın nəriltisi daha əsəblərimə toxunmurdu. İndi özümü tamamilə 
sakit, arxayın hiss edirdim. Mən körpünü keçərək maşını öz maşınımın yanında qoyub, geri 
qayıtdım. İndi növbədə olan Zeynala dedim:
 
- Düş, mən keçirdim.
 
O, qulaqlarının dibinə qədər qızararaq:
 
- Yoldan o yana dur! - dedi. - Səndən əskik oğlan deyiləm ki... Onun hirslənməyi həmişə məzəli 
olurdu. Dediyim kimi, boyun-boğazı hindtoyuğunku kimi qızanrdı. Mən qəhqəhə ilə gülərək:
 
- Yaxşı, - deyə kənara çəkildim. - Buyur görək. Zeynal da eyni diqqətlə körpünü keçdi.
 
Yaşlı kişilər demişkən, görünür ki, rəhmətlik analarımızm xeyir-duaları üstümüzdə imiş. Hamı 
körpünü keçəndən sonra gedib öz maşınıma qalxdım. Biz yolumuza davam edərək gün batanda 
gəlib qəsəbəyə çatdıq. 
İşin çoxdan qurtarmasına baxmayaraq, Camal müəllim də, bizim iş icraçısı da, Sarıköynək də 
tikintinin yanında idilər. Mən bugünkü macəramızı danışıb qurtaranda, Camal müəllim, həmişə 
bir məsələdən çox razı qaldığı zaman elədiyi kimi, dərindən nəfəs alaraq, siqaret çıxarıb 
yandırdı. Mən böyrümdə dayanmış Sarıköynəyə baxdım: 
- Yəqin sən də narahat olmusan? 
- Yox, - deyə o cavab verdi. - Ürəyim arxayın idi. Sonra pıçıltı ilə əlavə etdi: 
-Bilirdim ki, sənə heç nə olmaz! 
Qəribədir, bütün o təhlükəli anlarda mənə də elə gəlirdi... Yoldaşlarım   söhbətin   ardını   
gözləməyib özlərini  verdilər yeməkxanaya. Mən Sarıköynəkdən soruşdum: 
- Nahar eləmisən? 
- Yox, - dedi, - səni gözləyirdim. Bizə gedəcəyik. Güllübəyim xala deyib Valehi də gətir. 
Etiraz eləmədim. Güllübəyim xala həmişə yaxşı bir şey bişirəndə məni də çağırardı. Bir də ki, 
doğrusu, bugünkü əziyyətdən, soyuqdan sonra, heç olmasa, bir-iki saat Sarıköynəklə isti otaqda 
oturub söhbət eləmək mənim üçün hər şeydən artıq idi. Biz Camal müəllimlə xudahafızləşib, iti 
addımlarla kəndə tərəf yönəldik, hava qaralmışdı. Sarıköynək əlini mənim yaxamdan içəri 
salaraq: 
- Oy, - dedi, - kürkünün içi də nəmdir. 
- Eybi yoxdur, - deyə zarafatla cavab verdim, - kompresdir. Sonra onun əlcəkdən çıxmış əlinin 
köynəyimin altında sinəmə toxunduğunu hiss etdikdə, elə bil, bədənimdən elektrik cərəyanı 
keçdi. 0, yavaş səslə dedi: 
- Köynəyin qurudur. 
Sarıköynək əlini qoltuğumun altına aparanda, qolumu böyrümə bərk-bərk qısaraq, əlini geri 
çəkməyə qoymadnn. O, pəncələri üstə qalxıb çənəmdən öpdü. 
... Güllübəyim xalanın evi, həmişəki kimi, isti və rahat idi. Buxarı yanırdı. Balaca samovar 
dızıldayırdı. Buxarının qabağında, sacayağınm üstündə ağzı örtülü, ağ qalaylı mis qazan vardı. 
Sanköynək mənə dedi: 
- Kürkünü, pencəyini soyun ver bura, ayaqqabılarını da çıxar. Mən  soyunub buxarının   
qabağına   salınmış   qırmızı   zolaqlı döşəkçənin üstündə əyləşdim. Sarı qotazlı iri mütəkkəyə 

söykənəndə özümü lap xoşbəxt hiss elədim. Bugünkü əziyyətlərdən sonra bu istirahətin misli 
yox idi. Sarıköynək, canım yaxşı qızsın deyə, jaketini gətirib çiynimə saldı. Ayaqlarımı yumaq 
üçün qara aftafanı doldurub buxarıdakı odun kənarına qoydu. 
- Lazım deyil, - dedim. - Onsuz da bu gün sel-su bizi o ki var çimizdirib. 
Sarıköynək etirazıma əhəmiyyət verməyərək, qədim mis ləyəni gətirib özü corablarımı çıxartdı. 
Güllübəyim xala dedi: 
- Qoy yusun, dədə-baba adətimizdir. Dincələrsən, çoxlu çay içib tərləyərsən. 
- Axı, mənə nə olub? - Təəccüblə soruşdum. 
Sarıköynək qəhqəhə ilə gülərək, aftafada isinmiş suyu gətirib ayaqlarımın üstünə tökdü. 
Güllübəyim xala dedi: 
- Soyuqdəymən olsa, canından çıxar. 
Mən ilıq suyun içində nişanlımın ayaqlarımı ovuşdurmasından dərin bir mehribanlıq duyaraq; 
-  Eh, ay Güllübəyim xala, - dedim, - bizə soyuq dəyməz. Öyrəşmişik. 
Sonra fıkirləşdim ki, öz yeni mənzilimizdə bizim üçün nə qədər xoş keçəcək. Sarıköynək mənə 
nə qədər qayğı göstərəcək! Ah, qadın qayğısı nə gözəl şeymiş!.. 
                                                                                                                                                                                                                                 
ALDI   SARIKÖYNƏK:
 
Onun qəşəng, təmiz ayaqlarını ilıq suyun içində ovduqca özümü elə xoşbəxt, elə fərəhli hiss 
edirdim ki, ta bilmirəm nə deyim. Fikirləşirdim ki, bax, bu cavan, qoçaq oğlan mənim 
nişanlımdır, canım-ciyərimdir. Təzə evimizdə mən pərvanə olub onun başına dolanacağam, hər 
gün işdən sonra onun üçün hamam qızdıracam. Hər gün təmiz corab, təmiz tuman-köynək 
qoyacam. Onun iş paltarı da həmişə ütülü, səliqəli olacaq, yorğan-döşəyimiz həmişə gül kimi 
təravətli, təmiz olacaq. Yastıqlarımız, döşəkağılarımız qar kimi ağ olacaq. Valehin ətirdən xoşu 
gəlir, mən də hər gecə keçmiş şahzadə xanımlar kimi yatağımıza ətir səpəcəyəm. O bu gün 
yaman əziyyət çəkib. Aprel ayı olsa da, buralar hələ soyuqdur. Zarafat deyil, bu qiyamətdə neçə 
saat suyun içində qalıblar. Valehin yoldaşları da yaxşı oğlanlardır. Vaxt gələr, onlar da ev alarlar. 
Deyirlər, Camal müəllim hamımızın barəsində mədən müdiri ilə danışıb. 
Valehin ayaqları necə qəşəng, necə cavandır. Bu mənim əzizimin, ən doğma, ən yaxın adamımın 
ayaqlarıdır. Qurban olum, Valeh! 
 
ALDI   VALEH:
 
Sonra Sarıköynək çamadanından təmiz məhrəba çıxararaq ayaqlarımı sildi. Gətirib süfrə saldı. 
Biz Güllübəyim xalanın bişirdiyi kələm dolmasını yeyəndən sonra oradan-buradan xeyli söhbət 
elədik. Gecə keçirdi. Getmək lazım idi. Ancaq, doğrusu, heç durmaq istəmirdim. Axır ki, naəlac 
qalxıb dedim: 
- Yaxşı, mən gedim. 
Sarıköynək bir mənə, bir də Güllübəyim xalaya baxdı. Güllübəyim xala hal əhli idi. 
- Bura bax, yeznə, - dedi, - bu gecə səni buraxdı yoxdu. Nə olub bəyəm, bura ev doyül?! 
Qalacaqsan, vəssalam. 
Özümü ağır tutaraq dedim: 
- Yaxşı, siz deyən olsun. 
Öz çaıpayıları evin yuxarı başındaydı. Sarıköynək mənə buxarının qabağında, qırmızı güllü 
xalçanın üstündə yer saldı. Güllübəyim xala odun gətirib buxarıya qoydu. Sonra işığı 
söndürdülər, Bədənimdə elə yorğunluq vardı ki, məni dərhal yuxu apardı. 
 



  1   2   3   4   5   6   7   8   9   ...   18


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə