Aprel, 1977.
149
BÜLBÜLÜN NAĞILI
Dan ötdü, gün doğdu və həmin gün birdən-birə bu büllur çilçırağın, bu qızıl
şamdanların, Təbriz ustalarının düzəltdiyi bu gümüş pəncərə şəbəkələrinin parıltısı
basma kağıza düşmüş sarı mürəkkəb damcısı kimi yayıldı, yayıldı və yox oldu, bu
xalıların, gəbələrin alışıb-yanan rəngləri, mütəkkələrin, döşəkcələrin üzünə çəkilmiş,
qapı-pəncərələrə tutulmuş Çin ipəyinin, hind mahudunun işıltısı, qız-gəlinin
barmaqlarını, biləklərini, bellərini, boyunlarını, qulaqlarını, oğlanların xəncərlərinin
qınını, dəstəyini bəzəyən ləl-cavahiratın şöləsi gözdən itdi, kəniz-qaravaşların gizli
bir hüznlə onunçün oxuduqları mahnıların, çaldıqları udun səsi tamam eşidilməz
oldu və hər tərəfi bir bozluq bürüdü və bu hər tərəfi bürümüş bozluq get-gedə
işıqlandı, şəffaflandı və bu işıqda o kiçik, kimsəsiz yetim uşağın solğun çöhrəsi
göründü.
Neçə gün idi ki, o kəniz-qaravaşın onunçün oxuduğu nəğmələrin nəfəsində,
çaldığı udun səsində həmin gizli hüznü vücudunun hər bir hüceyrəsi ilə hiss edirdi,
qız-gəlinin gözünün dibinə çökmüş kədəri duyurdu, oğlanların bir-birinə baxışında
sahibsiz qalmış bu cah-cəlalın üstündə gələcək əlbəyaxalar ehtirasının qığılcımlarını
sezirdi.
Neçə gün idi ki, elə bil, kimlər isə yorulmurdu, Dədə Qorqudun sözləri ilə onun
qulağına pıçıldayırdı: « – Qız-gəlinin qas-qas gülməz oldumu?; qızıl xına ağ əlinə
yaxmaz oldumu?». Bu kimsələrin pıçıltısında açıq-aşkar bir şadlıq vardı, elə bil ki,
illərin həsəd yükündən qurtulmuşdular, uzun-uzun illər boyu bu sözləri demək
yanğısı, həsrəti sona yetmişdi və indi elə bil ki, tanrılarına şükür eləyirdilər, ürəkləri
rahatlanırdı, pıçıldayırdılar, pıçıldayırdılar: – «Ağbirçəkli arvadların bıldır-bıldır
ağlayacaq, qaza bənzər qız-gəlinin gözünün yaşını tökəcək, acı dırnaq ağ üzlərə aldı-
çaldı salacaq, al yanaqlar dartılacaq, qarğı kimi qara saçlar yolunacaq, ağ
çıxarılacaq, qara donlar geyiləcək, ağ-boz atlarının quyruğu kəsiləcək, igidlərin qara
geyib, göy sarıyacaq, ev-eşiyində şivən qopacaq».
Sonra o, bu pıçıldayanların səsindəki ehtirasdan, şövqdən, hərislikdən tanıdı ki,
bunlar uzun-uzun illər boyu ölüb getmiş mal-dövlət sahibləridi, tanış-bilişlərdi və bu
açıq-aşkar hiss olunan şadlıq da onu deyirdi ki, axır ki, sənin də axırın çatdı, axır ki,
səninki də qurtardı; onların sifətini gözünün qabağına gətirə bilmədi, üzlərini
görmədi, amma hamısını tanıdı; bunların bir çoxunu o, talamışdı, bir çoxunun qızılı,
daş-qaşı, kəniz-qaravaşı, qulbeçələri sonradan onun olmuşdu, yığılmışdı, yığılmışdı,
yığılmışdı.
Neçə gündü ki, onun üçün ünüm ünlə, sözüm dinlə deyiləsi bir qüvvə, bir
pənahgah, imdad yeri yox idi, hər şey qurtarırdı, təkcə bir boşluq vardı, dibi
görünməyən bir quyu vardı və o, bütün vücudu ilə hiss edirdi ki, bu qaranlıq
quyunun dibinə uçmağına lap az qalıb, çünki xanlar xanı Bayandura da qalmamışdı
bu dünya və Dədə Qorqud boy boylamışdı, söy söyləmişdi, oğuznamə düzmüşdü və
belə demişdi: « – Onlar dəxi bu dünyaya gəlib keçdi. Karvan kimi qondu köçdü.
Əcəl aldı, yer gizlədi, fani dünya yenə qaldı. Gəlimli, gedimli dünya. Son ucu
ölümlü dünya».
Neçə gündü ki, o ölürdü, bunu hamı bilirdi və bunu o özü də bilirdi, yolüstü
qonaq idi; azar-bezar söhbəti deyildi bu, qocalıq idi, elə bil ki, son payıza qalmış
ağac idi, canının suyu qupquru qurumuşdu, şaxələri, qol-budağı qupquru qurumuşdu
və bədən də təkcə bu qupquru qurumuş ağacdan ibarət idi, bir damcı da su yox idi və
bu ağac bu saat ovulub-töküləcəkdi, bir torba ovuntu olacaqdı.
150
Və birdən-birə onun ölüm taxtını hər tərəfdən bürümüş bu sarı qızıl parıltısı, ləl-
cavahir işıltısı yox oldu, bir şəffaflıq yarandı və bu şəffaflıq içində bu təmizlik,
paklıq içində o yetim uşağın solğun çöhrəsi göründü.
O, pərqu yorğan-döşəkdə uzanıb gözlərini yummuşdu və bütün gücünü, diqqətini
toplayıb zəndlə o solğun çöhrəyə baxırdı; əlbəttə, hələ bu uşağın xəbəri yoxdu ki,
illər keçəcək və o, bir ucu Irandan, bir ucu Turandan tutmuş, dünyanın ən dövlətli
adamı olacaq, xəzinəsinin daş-qaşı çəki ilə çəkiləcək, ilxılarına şahzadələr həsəd
aparacaq, xurcunları ipək-qumaş dolu dəvə karvanları Irandan, Turandan keçib,
Məğrib səhralarını adlayıb, Əndəlisəcən ellər-obalar dolaşacaq, gəmiləri dəryalar
üzəcək, əlbəttə, hələ bu uşağın xəbəri yox idi ki, ağına-bozuna baxmadan, insaflı və
insafsız yollarla, yaltaqlıqla və hədə-qorxu ilə, ayaq öpməklə və baş kəsməklə,
yalandan gülməklə və yalandan ağlamaqla bütün ömrü boyu mal-dövlət yığacaq, öz
dünyasını hamını heyrətə gətirən və hamını da çəkindirən, ürküdən bir nağıl
dünyasına çevirəcək; əlbəttə, hələ bu uşağın xəbəri yox idi ki, uzun-uzun illər
keçəcək və o, son məqamda özü ilə beləcə üzbəüz dayanacaq.
O, gözlərini yumub zəndlə bu solğun çöhrəyə baxırdı və təəccüb edirdi ki, bu zəif
vücud o qüvvəni, o ehtirası ki, heç nəyin qabağında dayanmadı və heç nədən indi
üləmaların da hesablayıb qurtara bilmədiyi bu cah-cəlalı yaratdı; sonra o buna
təəccüb etdi ki, nə üçün birdən-birə o uşağı xatırladı; uzun-uzun illər boyu o uşaq
tamam silinib xatirədən getmişdi, çox-çox uzaqlarda – ünyetməz bir uzaqlıqda
qalmışdı və necə oldu ki, birdən-birə belə bir şəffaflıq yaratdı, birdən-birə beləcə
peyda oldu?
O, zəndlə bu solğun çöhrəyə baxdı və daha onların ikisindən başqa dünyada heç
kim yox idi; dünyada yalnız bir şəffaflıq, bir də ki, çoxdan unudulmuş paklıq,
təmizlik vardı və bu təmizlik içində o solğun çöhrə görünürdü və birdən-birə ona elə
gəldi ki, bu şəffaflıq su şəffaflığıdı və o solğun bəniz də suyun altından ona baxır;
uzun saçları suyun içində yayılmışdı, gözləri suyun içində donmuşdu; ona belə gəldi
və birdən-birə də nəfəsi qaraldı, elə bil ki, təzədən onillikləri, iyirmiillikləri geri
adlayıb yenə həmin solğun bənizli uşaq olmuşdu və suyun içində də gözləri beləcə
donub qalan indi özü idi; amma yox, heç vaxt belə ola bilməzdi, çünki Dədə Qorqud
belə söyləmişdi: « – Ölən adam dirilməz. Çıxan can geri gəlməz». Və bu zaman elə
bil ki, o özü özündən ayrılıb, öz içindən çıxıb bir hava kimi, bir yüngüllük kimi, özü
öz taxtının üstünə qondu və yuxarıdan aşağı özünə baxdı: ağappaq saçları uzanmış,
ağappaq saqqalı uzanmış, gözləri qapanmış, arıq sifətinin qansız dodaqları səyriyən
bir qoca gördü və elə bil ki, bu qocanı görüb diksindi, bu qocanın yanından, bu
qocanın gömgöy sifətindən qorxdu, bu qocanın yaşadığı uzun-uzun illərin
çoxluğundan dəhşətə gəldi və birdən-birə də elə bil ki, o yüngüllüyü, o havanı
nəyəsə pərçim etdilər, sıxdılar, çünki hər şey yox olmuşdu dünyada, təkcə bu ağ
saçlar və gömgöy sifət qalmışdı; uzun-uzun illər boyu yığılmış, əldə edilmiş var-
dövlət bir heç olmuşdu, cah-cəlal bir heçə dönmüşdü və bütün dünyada təkcə bu
qoca qalmışdı.
Yenə həmin şəffaflıq hər tərəfi bürüdü, amma o solğun uşaq çöhrəsi həmin
şəffaflıqdan əridi, yox oldu və o, bütün vücudu ilə hiss etdi ki, bu şəffaflıq içində
başqa nəsə görünməlidi; bu «nə isə» çoxdan unudulmuş bir görüm idi, amma nə idi
– bilmirdi, amma bilirdi ki, «nə isə» var və həmin «nə isə» bu şəffaflıqda
görünməlidi, illərin kirəc bağlamış qatları arasından, illərin yorğunluğu altından,
illərin tələsikliyi, vaxt çatışmazlığı altından, haqq-hesablar altından çıxmalıdı və bu
şəffaflıqda görünməlidi.
151
Sonra onun yumulmuş gözlərinin qarşısındakı şəffaflığa bir zümrüd yaşıllığı
qondu və o əvvəlcə təəccüb etdi ki, daş-qaş şöləsi bu şəffaflığa necə sirayət edə
bildi? Sonra başa düşdü ki, bu zümrüd yaşıllığı zümrüdün yaşıllığı, firuzənin
göylüyü deyil, bu o meşənin göylüyü, yaşıllığı idi, köksü gözəl dağlardakı o meşəyə
gün dəymişdi və bu şölə də o meşənin şöləsi idi.
O, həmin «nə isə»ni xatırladı və hər tərəfi bürümüş meşə yaşıllığı içində neçə-
neçə illər bundan əvvəlki sarı bülbülü gördü və sarı bülbülün nəğməsini eşitdi,
amma meşədəki yox, əvvəlki nəğməsini eşitdi, hüznlü, kədərli nəğməsini.
O bilirdi ki, bu dəm qız-gəlini başının üstündə dayanıb, oğlanları, kürəkənləri
onun taxtının ətrafına düzülüb, kəniz-qaravaşlar onun üçün nəğmə oxuyur, ud çalır,
bunu bilirdi, amma heç kimi görmür və heç nəyi eşitmirdi, gözlərinin qabağında
təkcə bu meşə yaşıllığı idi, bu meşə yaşıllığı içindəki o sarı bülbül idi və bir də o sarı
bülbülün nəğməsini eşidirdi, amma meşədəki yox, əvvəlki nəğməsini eşidirdi,
hüznlü, kədərli nəğməsini.
Onda yaz gəlmişdi və onun təzə saldırdığı bağça başdan-başa gül açmışdı,
çiçəklənmişdi və heç kim ağlına gətirmirdi ki, bu təzə bağçanın sahibi cavan tacir –
gündən-günə şöhrətlənən, gündən-günə dövlətlənən və bu şöhrət üçün, bu dövlət
üçün gecəsini gündüzə qatan, biri Həbəşistandan, biri Çindən, biri Hindistandan, biri
də Dəclə sahilindən dörd gözəllər gözəli arvadlarının yatağına belə girməyə vaxt
tapmayan cavan tacir bir vaxt ac-yalavac bir yetim idi və həmin yetim öz aclığından
ayrılmaq üçün ağlasığanı da etdi, sığmayanı da, sonra dayana bilmədi, həmişə çoxu
az gördü, doymadı, həm bəxti gətirdi bu dünyada, həm zehni itiydi, fərasətliydi,
yığdıqca yığdı, qızıl qızıl gətirdi, dünyanın ən böyük və ən təmiz almazları,
zümrüdlər, yaqutlar, firuzələr, mirvarilər saxsı küplərə dolduruldu və bu saxsı
küplərin sayını artırmaq hərisliyi dünyada onunçün hər şeyi əvəz etdi.
Elə bil ki, saxsı küplərin kölgəsi onun yumulmuş gözlərinin qarşısındakı o meşə
yaşıllığını, o sarı bülbülün işığını söndürmək istədi, amma o, bütün gücünü topladı
və həmin meşə yaşıllığına kölgə düşməyə qoymadı və yenə də dünyada heç nə və
heç kim yox idi, nə o saxsı küplər, nə o hərislik, nə aldadılıb var-dövləti əlindən
alınmış və təsbeh daşları sapa düzülən kimi, uzun-uzun illərin sayına düzülmüş
saysız-hesabsız adamların ah-fəğanları – heç nə yox idi, təkcə köksü gözəl
dağlardakı o meşəyə gün dəymişdi, bir də o bülbül idi, amma bülbül meşədəki
nəğməsini yox, əvvəlki nəğməsini ötürdü, yenə də həmin kədərlə, hüznlə ötürdü, bir
də ki, o ağsaçlı, ağsaqqallı, üzünə gömgöy bir rəng çəkilmiş qoca idi.
Onda yaz gəlmişdi və o təzə bağça başdan-başa gül açmışdı, çiçəklənmişdi və
bağçanın ortasında yeddi yerdə qızıldan tökülmüş balıqların ağzından fəvvarə vuran
ağ mərmər çarhovuz dünyanın ən zərif sərinliyini bu bağçaya gətirirdi, müşk-ənbərli
çarhovuz suyunun ətri güllərin, çiçəklərin ətrinə qarışırdı, nar ağacları, gilənar
ağacları, ərik, şaftalı, gavalı ağacları, hamısı güllüyə dönmüşdü və həmin müşk-
ənbər ətirli, güllü-çiçəkli yaz günlərinin birində bağçanın yanından bir dərviş ötdü;
bu dərvişin əlində tutduğu təbərzinin dəmir ayparasının üstünə sarı bir bülbül
qonmuşdu – dərviş sap kimi nazik dəmir zəncirlə bülbülün ayağını təbərzinin
taxtasına bağlamışdı və həmin bülbül o dəm dünyanın ən dərdli-ələmli nəğməsini
ötürdü.
152
O, ayağı narın zəncirli bu sarı bülbülə baxdı və bir kəlmə də söz deməyib dərvişin
hind qozu qabığından qayrılmış kəşkülünə bir-birinin dalınca on qızıl atdı və zənciri
qırdı, bülbülü bağçaya apardı, qızıldan böyük bir qəfəs düzəltdirdi, qəfəsi
çarhovuzun yanında ən səfalı yerdə asdırdı, bülbülü bu böyük qızıl qəfəsin içinə
saldı və hər gün bir səhər tezdən, bir də axşamçağı vaxt tapıb bu böyük qızıl qəfəsin
içindəki bülbülə tamaşa eləməyə gəldi.
Sarı bülbül o böyük qızıl qəfəsin içində, o güllü-çiçəkli səfalı bağçada, o yeddi
fəvvarəli sərinlikdə, o müşk-ənbər ətrində səhər-axşam oxumağa başladı, amma
bülbül yenə də həmişə yanıqlı ötdü və onun ötdüyü bu nəğmələr səhər-axşam
dünyanın dərdindən, qəmindən xəbər verdi, o kiçik sarı varlıq hər tərəfə o qədər
dərd, qəm səpələdi ki, elə bil bu bağçanın gülləri, çiçəkləri yayın istisindən, payızın
çiskinindən saralıb-solmadı, bülbülün bu nəğmələrindən saralıb-soldu.
O, başqa bir bülbül tapdırıb qəfəsə saldırdı ki, sarı bülbül tək qalmasın, kar
eləmədi, qəfəsi daha da böyütdürdü, genişləndirdi, kar eləmədi, axırda günlərin bir
günündə bütün işini-gücünü atıb ilxısının gözü olan göydəmir ürgəni mindi və çapıb
bağçaya girdi, qızıl qəfəsin ağzını açdı, sarı bülbülü qəfəsdən buraxdı və göydəmir
ürgəni bülbülün ardınca çapmağa başladı; tacirliyə qurşanmış bir yeniyetmə də onu
tək buraxmadı, onunla yanaşı çapdı.
Sarı bülbül dağlar aşıb, dərələr keçdi, çaylarda çimib, bulaqlardan su içdi, az
getdi, çox getdi, dərə-təpə düz getdi, axırda gəlib köksü gözəl o dağlardakı meşəyə
çatdı və meşədəki qoca bir palıd ağacının ovuğunda köhnə yuvaya girdi; sarı bülbül
o qədər uçmuşdu ki, tamam taqətsizdi, amma güclə başını qaldırıb meşəyə baxdı və
bu dəm meşəyə gün dəydi, meşənin yaşıllığı günün şüaları altında alışıb yandı, göz
qamaşdırdı və bülbül bütün gücünü toplayıb oxumağa başladı.
Köksü gözəl o dağlardakı meşədə o dəm sarı bülbül dünyanın ən cəhcəhli
nəğməsini oxudu və bu nəğmə dünyanın yaxşı-yaxşı işlərindən xəbər verdi, bu
nəğmə güldən, çiçəkdən danışdı, dünyanın gözəl meşələrindən, saf bulaqlarından,
təmiz dəryalarından söylədi; sarı bülbülün nəğməsi ürəyə sevinc gətirdi, şadlıq
gətirdi, bu nəğməyə köksü gözəl dağlar qulaq asdı, kölgəli qayalar, kəklikli çınqıllar,
işıqlı çəmənlər qulaq asdı və bu nəğməyə, bir də ki, yeniyetmə tacirlə o, qulaq asdı.
O, çaphaçapdan başdan-ayağa köpük bağlamış göydəmir ürgənin belində oturub
bu qoca palıd ağacına baxırdı, bu ağacın gövdəsindəki kiçik ovuğa baxırdı və
bülbülün nəğməsinə qulaq asırdı; o başa düşürdü ki, bu nəğmə sarı bülbülün son
nəğməsidi və o burasını da başa düşürdü ki, sarı bülbül özü də bunu hiss edir,
oxuyur, bülbül özü də bilir ki, son nəğməsidi, ötür.
Və sarı bülbülün nəfəsi kəsildi, nəğməsi sona yetdi.
Meşəyə sükut çökdü.
Köksü gözəl o dağlardakı meşəyə çökmüş sükutu yeniyetmə tacir pozdu:
– Axmaq bülbül, – dedi. – Qızıl qəfəsdə, gülün, çiçəyin içində bəslənirdin, oranı
bəyənmədin, bir ağac ovuğunu ondan üstün tutdun, axırda da ürəyin partladı, öldün.
O, gözlərini palıdın ovuğundakı yuvadan çəkib yeniyetmə tacirə baxdı və heç nə
demədi.
Sonra göydəmir ürgəni çapıb meşədən çıxdı.
Köksü gözəl o dağlardakı meşə arxada qaldı.
Sonra o meşə tamam yaddan çıxdı və o sarı bülbül də tamam unuduldu.
Günlər, aylar, illər keçdi və bu uzun-uzun illər boyu o meşə də, o bülbül də heç
vaxt yada düşmədi.
153
Indi birdən-birə o meşənin zümrüd yaşıllığı hər tərəfi bürüdü, amma bu zümrüd
yaşıllığın içində sarı bülbül meşə nəğməsini oxumadı, elə hey əvvəlki nəğməsini,
dərdli-ələmli nəğməsini oxudu.
O, gözlərini qapayıb hər tərəfi bürümüş bu meşə yaşıllığına baxırdı və çox
istəyirdi ki, bülbül bu dəm onun qulaqlarında həmin nəğməsini oxusun, dünyanın
gözəl meşələrindən, saf bulaqlarından, təmiz dəryalarından xəbər versin, dünyanın
yaxşı-yaxşı işlərindən danışsın, amma sarı bülbül onun gözləri qarşısındakı bu
yaşıllıq içində elə hey öz dərdli nəğməsini oxuyurdu və o, başa düşdü ki, bu nəğmə
əslində onun özünün köksündən qopub gələn bir nəğmədi, onun özünün son
nəğməsidi və bu son nəğmə heç cürə o meşə nəğməsinə çevrilmir.
Sonra hər tərəfi bürümüş meşə yaşıllığı yox oldu, bülbülün nəğməsi də kəsdi və
yenə də hər tərəfi bir bozluq bürüdü və bu bozluq içində, o, yenə elə bil ki,
yuxarıdan aşağı özünə baxdı, yenə ağ saçları, ağ saqqalı, gömgöy arıq sifəti gördü,
amma bu dəfə daha diksinmədi, çünki diksinməyə vaxt qalmamışdı, həmin qaranlıq
quyunun dibi onu özünə çəkirdi.
Onun saz dinləməyə, Dədə Qorqud boylarına qulaq asmağa əməlli-başlı vaxtı
olmamışdı, işlərindən macal tapmamışdı, amma bu axır məqamda da onu Dədə
Qorqudun sözləri ilə səslədilər; onu heç vaxt üzünü görmədiyi atası səslədi: « –
Oğul, oğul, ay oğul. Qarşı yatan dağın yüksəyi, oğul. Güclü belim qüvvəti, canım,
oğul. Qaranqulu gözlərimin aydını, oğul».
O yuxarıdan aşağı özünə baxdı və təkcə təəccüblənməyə macal tapdı ki, bu cür
ağsaçlı, ağsaqqallı da oğul olar? Bir də ona imkan tapdı ki, köksü gözəl o dağlardakı
meşədə yeniyetmə taciri xatırlasın və bütün gücünü – son gücünü toplayıb öz-özünə
pıçıldasın: « – Axmaq yeniyetmə». Sonra həmin qaranlıq quyunun dibinə uçdu və
hər şey bitdi.
May, 1980.
|