Seçilmiş əsərləri



Yüklə 2,94 Mb.
Pdf görüntüsü
səhifə49/147
tarix30.12.2021
ölçüsü2,94 Mb.
#22211
1   ...   45   46   47   48   49   50   51   52   ...   147
Mart, 1990. 

 

 

 

 


 

292


AYDINLIQ GECƏLƏR 

 

Anara  

 

O sərin yay gecəsi göyün üzündə o ayla bərabər o qədər ulduz var idi və o 



ulduzlar dörd tərəfdən də qocanın başının üstünü elə bürümüşdü ki, həmin çoxluğun, 

küllün, həmin uzaqlığın,  əlçatmaz, ünyetməzliyin müqabilində öz həyatı bütün 

camaatın  Şərəfbəxş adlandırdığı  Şeyx Mustafa üçün çox qısa, bir göz qırpımlıq 

göründü və doğrudan da, kainat ki, bu qədər böyük idi, bu qədər əlçatmaz idi, o yay 

gecəsi göyün üzündə sayrışan ulduzların işıltısında o qədər bir əbədilik (uzaq 

əbədilik) var idi, bunun müqabilində  Şeyx Mustafa Şərəfbəxş  həzrətlərinin bu 

dünyada sürdüyü doxsan illik ömür nə idi? Heç nə, kəpənək ömrü. 

O yay gecəsi həyətdəki böyük armud ağacının altında Şeyx cənablarının bədəni 

torpaqdan nəm çəkməsin deyə,  əvvəlcə keçə salınmışdı, keçənin üstündən  Şeyxin 

yaşı  qədər sahibinə xidmət etmiş, amma, az qala, bu yüz ildə bircə ilməsi də 

pozulmamış, bircə naxışı da solmamış Təbriz gəbəsi salınmışdı, gəbənin üstünə də 

döşəkçə qoyulmuşdu, dirsəklənmək üçün hər iki tərəfdən, bir də ki, o qoca armud 

ağacının gövdəsinə söykənə bilmək üçün arxadan mütəkkələr düzülmüşdü və Şeyx 

Mustafa  Şərəfbəxş, həmişəki kimi, o döşəkçədə bardaşqurma oturmuşdu, kəhrəba 

təsbehinin hər biri bir zoğal boyda olan daşlarını çevirə-çevirə başının üstündəki o 

külli ulduzlara baxır və dodaqaltı gulumsəyirdi və  hərgah o anlarda Şeyx 

həzrətlərindən nə üçün beləcə gülümsədiyini soruşsaydın, çox güman ki, bunun 

səbəbini deyə bilməzdi – o təbəssümdə o ağappaq saqqala, ağappaq saçlara 

uyuşmayan bir uşaq, hətta, bir körpə heyrəti var idi. 

... Amma o bir günlük ömrü o kəpənəyə kifayət edir... 

Şeyx Mustafa Şərəfbəxş yay gecələri, yazın, payızın havası  məqbul gecələri o 

armud ağacının altında oturub gözlərini göyə zilləyəndə, yaxud əlində çevirdiyi 

təsbehinə baxa-baxa fikrə dalanda, elə bil ki, həyət-bacadakı qurd-quş da donub 

qalırdı, hərdən yüngülcə meh əsdikcə yarpaqları xışıldayan ağaclar da səsini kəsirdi 

və o cürə anlarda evdəki oğul-uşaq, qız-gəlin heç vaxt həyətə çökmüş o sükutu 

pozmağa, o sükuta bir xələl toxundurmağa cəsarət etməzdi – o anlarda Şeyx 

həzrətlərinə nə çay gətirə bilərdilər, nə meyvə, nə də bir başqa şey. 

... Amma o bir günlük ömrü kəpənəyə kifayət edir... 

Həyətin yuxarı başındakı ikimərtəbəli imarətdən gələn səsə, elə bil ki, ilkin 

olaraq, o qoca armud ağacı təəccüb etdi, ayın, o külli ulduzların işığında işıldayan 

təzə yarpaqları yüngülcə  xışıldadı, sonra Şeyx Mustafa Şərəfbəxş gözlərini o 

ulduzlardan çəkib evə  tərəf baxdı  və yer üzündə yaşanmış o doxsan ilin acısının, 

ağrısının şövqünü söndürə bilmədiyi səsiylə: 

 – Kimdi? Qoyun gəlsin, – dedi. 

Və o adam birinci dəfə o həyətə ayaq basdı, iti və  sərt addımlarla  Şeyx 

həzrətlərinin hüzuruna yeridi, amma o zaman ki, ay işığında  Şərəfbəxşi yaxından 

gördü, qocanın yüngülcə  işıldayan göy gözlərinin dərinliyini duydu, o aydınlıq 

gecədə ağappaq ağaran saqqalının, saçlarının arxasındakı doxsan ilin vahiməsini hiss 

etdi, o adamın qətiliyi birdən-birə tamam yox oldu, ürəyi tez-tez vurmağa başladı və 

şaşırdı ki, bu gecə vaxtı  nə  cəsarətlə  Şərəfbəxşin hüzuruna buyurub, amma ən 

qəribəsi də bu oldu ki, o adamı özünə qaytaran da elə  həmin baxışlar, həmin 

dərinlik, həmin ağlıq oldu və o adam onu yüksək hüzura gətirən əvvəlki həyəcanla: 




 

293


 – Ya Şərəfbəxş! – dedi. – Günah işləməkdən özümü güclə saxladım! Əlim qana 

batacaqdı, xəncəri yerə atıb, sənin hüzuruna qaçdım. Mən qonşuma, yeri düşəndə

yaxşılıqdan başqa heç nə etməmişəm. Amma o, mənə pislik edir. Neyləyim mən, ya 

Şərəfbəxş? Xisləti xanəbərəndazdı*, mən nə edim? 

Şeyx Mustafa Şərəfbəxş diqqətlə o adamın gözlərinin içinə baxdı  və o dəm o 

adama elə  gəldi ki, Şeyx həzrətləri onun gözlərinin içindən arxanı da görür, yəni 

Şeyx həzrətlərinin baxışı onun gözlərinin içindən başını dəlib o tərəfə keçir və yəqin 

elə bu hissə görə Şərəfbəxşin dediyi sözlər cismani bir yazı kimi o adamın beyninə 

həkk olundu. 

Şeyx Mustafa Şərəfbəxş dedi: 

 – Get, o qonşuya yaxşılıq elə. 

Və o adam başa düşdü ki, indicə bu həyətdən çıxacaq və bundan sonra həmin 

xanəbərəndaza əlindən gələn yaxşılığı edəcək; fürsət axtaracaq ki, o xanəbərəndaza 

yaxşılıq eləsin. 

Və  həmin aylı-ulduzlu yay gecəsi də sona yetdi, sonra yay da tamam bitdi, 

günlər keçdi, payız sarısı o həyəti bürüdü və  hər dəfə  də axşam düşüb gecənin 

qaranlığı bu ətrafa yayılmağa başlayanda o qoca armudun altına yığılmış xəzəl təkcə 

keçib getmiş o yazın, yayın yox, bu yer üzündə yaşanmış uzun-uzun illərin həmin 

yay gecəsindəki o ulduzlar qədər bir uzaqlıqda qaldığından və  Əvvəldən başlayıb 

doxsan ildən sonra Axıra yetişməkdə olan bir ömür yolunun əslində gedər-gəlməz 

yolu olmasından xəbər verirdi, Axır yaxınlaşdıqca Əvvəl uzaqlaşırdı, amma qəribə 

idi, o mülayim payız gecəsi, payızın sapsarı  rəngi gecənin içində  əriyib görünməz 

olmuş o həyətdə, adda-budda yarpaqları (sarısı qaranlıqda  əriyib itmiş yarpaqları) 

çılpaq budaqlarının arasından süzülüb gələn ay işığında qaralan o qoca armud 

ağacının altında, qalın döşəklərin üstündə oturub, əyninə kürk salmış  və gözlərini 

qarşısında yanan manqalın qıpqırmızı  qızarmış közlərinə dikmiş  Şeyx Mustafa 

Şərəfbəxş o uzaq Əvvəli bu köz qızartısı kimi aydın görürdü, o uzaq (və  əbədi!) 

Əvvəlin bütün görümləri – hətta iki-üç yaşlı uşaqlıq çağları belə bütün dəqiqliyi ilə 

gözlərinin qabağından keçirdi, amma o doğma, mehriban görümlər  Şərəfbəxşin 

ürəyinə ilıqlıq, hərarət gətirmirdi,  əksinə, uzun-uzun illərin ayrılığına (əbədi 

ayrılığına!) bürünmüş o görümlərdə bir payız sazağı, payız sarısı var idi, çünki o 

görümlər Axıra çataçatda olan o uzun ömür yolunun get-gedə qalınlaşan bir lay kimi 

yaratdığı soyuq və qalın şüşənin arxasında idi. 

Və yenə  də  həyətdəki xəzəl sükutunun qəfildən pozulmasına, elə bil ki, ilkin 

təəccüb edən o qoca armud ağacı oldu, daha doğrusu, o anlarda xəfif bir meh ötdü 

və xəzəlin qurumaqda olan üz qatındakı ən yüngül yarpaqlar o xəfif mehin səmtiylə 

kiçicik yerini dəyişib, lap yavaşdan xışıldadı  və  Şeyx Mustafa Şərəfbəxş gözlərini 

manqalın qızarmış gözündən çəkib, əvvəlcə o quru və yüngül yarpaqlara baxdı – bu 

xəzəl də,  əlbəttə, Axır idi, amma Axırın beləcə yüngüllüyü o payız gecəsi birdən-

birə yenə də kəpənəyi Şərəfbəxşin yadına saldı... 

... Amma o bir günlük ömrü kəpənəyə kifayət edir...  

... Sonra evə tərəf baxdı və kimliyini duydusa da... 

... Kimdi? – soruşdu və: – Qoyun gəlsin, – dedi. 



 

294


O adamın həmin həyətə ilk dəfə ayaq basdığı o yay gecəsindən sonrakı müddət 

ərzində özünün özü ilə mübarizə aparması, özünün özünü məcbur etməsi, özünün 

özünə qalib gəlməsi indi o qoca armud ağacı, o xəzəl kimi aşkar bir həqiqət idi və 

bunu o adamın baxışı deyirdi, yerişi, duruşu söyləyirdi və yenə də Şeyx həzrətlərinin 

hüzurunda dayandığı zaman o adamın gözləri  Şərəfbəxşin  əllərinə sataşdı: hər iki 

əlini dizlərinin üstünə qoymuşdu, uzun kəhrəba təsbehi sol biləyindən asılı qalmışdı 

və manqalda qızaran közün işığında qırışları oxunan o əllərlə – o uzun, quru 

barmaqlarla, ləkələr düşmüş  və boşalmış  dəri ilə  həmin həyəti başına götürmüş 

xəzəl, elə bil ki, bir-birini tamamlayırdı, amma bu ilk baxışda belə idi və o adam 

ocağın istisində  qızınan o əllərin özünün istisini hiss etdi və başa düşdü ki, onu 

həmin sazaq payız gecəsi ahənrüba kimi çəkib o həyətə, o hüzura gətirən elə həmin 

istilikdi. 

O adam: 

 –  Ya  Şərəfbəxş! – dedi. – Mən  əlimdən gələn yaxşılığı  əsirgəmirəm. Imkan 

düşəndə  də, düşməyəndə  də o qonşuya yaxşılıq edirəm. Amma bunun əvəzində o 

yenə də mənə pislik edir. O qədər pislik edir ki, mən günaha batmaqdan qorxuram. 

Xisləti, ya Şərəfbəxş, xisləti xanəbərəndazdı. Mənə bir yol göstər! Nə eləyim mən? 

Şeyx Mustafa Şərəfbəxş kiçik maşanı götürüb manqaldakı közü yerbəyer elədi 

(və o adam o əllərin hərəkətindən diksindi, elə bil ki, o əllər həmişə eləcə diz 

üstündə donub qalmalı imiş...), araya sükut çökdü və həmin kiçik sükut o adam üçün 

az qala bir fəsil çəkdi; sonra Şərəfbəxş göy gözlərini manqaldan ayırmadan: 

 – Get, – dedi, – o qonşuya yenə yaxşılıq elə. 

Həmin payız gecəsi o adam üçün gündüzün gün işığı kimi aydın idi ki, əgər 

Şərəfbəxş belə deyirdisə, deməli, belə olmalıdı, düzdü, bu – o adamı  sıxırdı, ona 

əzab verirdi, amma, bir halda ki, həqiqət axtarırdı,  ədalət axtarırdı, günah 

işləməkdən qorxurdu, deməli,  Şərəfbəxşin dediyini eləməli idi, çünki Şərəfbəxşin 

dili ilə həqiqətin, ədalətin danışdığına o adamın zərrə qədər də şübhəsi yox idi. 

Və o payız da keçdi, soyuq bir qış  gəldi o həyətin xəzəli qalın qarın altında 

qaldı, o uzun qış günlərinin birində  də hava müsaidə etmədi ki, Şərəfbəxş  həyətə 

çıxsın, bütün fəsil boyu evdə oturub, yalnız pəncərə  şüşəsinin arxasından dünyaya 

tamaşa eləyə bildi, o qoca armud ağacının çılpaq budaqları qarda, çovğunda üşüyə-

üşüyə, nəhayət, yenə yaza çıxdı, yüz il əvvəl olduğu kimi, o budaqlar yenə təzə-tər 

çiçəklədi, yarpaqladı, o çiçəklər yavaş-yavaş bəhərə çevrilməyə başladı, yay gəldi və 

o yay gecələrindən birində  Şeyx Mustafa Şərəfbəxş  həzrətləri yenə  də o armud 

ağacının altında oturub, belini mütəkkənin üstündən ağacın yoğun gövdəsinə 

söykəmişdi və ötüb keçmiş doxsan bir ilin mane ola bilmədiyi bir uşaq marağı ilə 

göyə baxırdı və tərtəmiz göy üzü yenə də ulduzlarla dolu idi və Şeyxin o təbəssümü 

yenə dodaqlarında idi, o təbəssümdə yenə  də bir heyrət  əlaməti var idi, eyni 

zamanda, o heyrətlə bərabər, bir vəcd də var idi, hətta o təbəssümdə bir minnətdarlıq 

da oxumaq mümkün idi: qoca kimə minnətdər idi? Nəyə minnətdar idi? O aya, 

ulduzlara? O aydınlıq yay gecəsinə? O ağaclara, gül-çiçəyə? Nəyə? Kimə? Nə üçün? 

... Amma o bir günlük ömrü kəpənəyə kifayət edir... 

Və bu dəfə ilkin olaraq qoca özü başını çevirib evə tərəf baxdı (gəlişi heç bir səs 

eşitmədən duydu) və gələnin kim olduğunu soruşmadan: 

 – Buraxın, gəlsin, – dedi. 



 

295


O adamın addımlarında bir zindan ağırlığı var idi və o ay işığındaca o adamın 

üzülmüş, yorğun sifətinə nəzər salmaq kifayət idi ki, həmin zindan ağırlığının onun 

bütün içinə yığıldığını başa düşəsən: o adamın cod və qıvrım saçına, qalın saqqalına 

düşmüş  dən keçən yaydan bu yaya qədər bütün sifətinə, başına yayılmış, qaranı 

tamam üstələmişdi və o adamın iri, kobud və döyənəkli əlləri nə qədər qətiyyətdən, 

gücdən, bacarıqdan xəbər verirdisə, saçının, saqqalının bu ağlığı, gözlərinin 

yorğunluğu bir əlacsızlıqdan, hətta yazıqlıqdan deyirdi. 

Şeyx həzrətləri ilk görüşlərində olduğu kimi, bu dəfə də hüzurunda dayanmış o 

adamın gözlərinin içinə baxdı və yenə də o adama elə gəldi ki, Şərəfbəxşin nəzərləri 

onun beynini dəlib arxa tərəfi də görür, amma o adam daha şaşırmadı, əksinə, elə bil 

ki, bütün bu müddət  ərzində var gücünü toplayıb içində cilovladığı kin-küdurət, 

dünyanın  ədalətsiz işlərinə qarşı  qəzəb, Allahsız  əməllərə etiraz qocanın hər  şeyi 

dəlib keçən o nəzərlərindən sonra, birdən-birə  təlatümə  gəldi, dəli bir ehtirasla 

püskürdü və o adam günün altında yanıb-qaralmış cod dərili boğazının  şişmiş 

damarları ilə axıb gələn çılğınlığı boğmağa çalışa-çalışa və nəfəsi darala-darala: 

 – Mən bıkdım daha, ya Şərəfbəxş! – dedi. – Mən bıkdım! Mən yoruldum! Mən 

daha dözə bilmirəm! Mən daha özümü saxlaya bilmirəm! Mən o qonşuya yaxşılıq 

elədim! Yaxşılıq dalınca yaxşılıq elədim! Amma o yenə də pislik edir! Pislik dalınca 

pislik edir! Mən daha yoruldum! Bitdi artıq hər şey! 

Və o adamın sözlərindən sonra o həyətə elə bir sükut çökdü ki, o qoca armud 

ağacı, elə bil, aydınlıq gecədə yox, o sükutun içində, o sükuta bürünüb donub 

qalmışdı və bircə yarpağını belə tərpətməyə ehtiyat edirdi. O adam üçün isə, həmin 

sükutun arxasında bütün içində qaynayan, əlbəyaxa olan, buraxılmaq, azad olmaq 

istəyən hisslər aləmi dayanmışdı  və o hisslər aləminin o qədər cilovsuz olması, 

baxımsızlığı o adamın özünün də ürəyini döyündürürdü. Həmin ürək döyüntüsü o 

sükut içində aydınca eşidilməyə başladı və elə bil ki, fəlakətdən xəbər verdi. 

Şeyx Mustafa Şərəfbəxş göy gözlərini o adamın gözlərindən çəkdi, əvvəlcə, elə 

bil, hara baxacağını bilmədi, cürbəcür ölçülü hamar çay daşlarından səliqə ilə 

hörülmüş hasar boyunca ağacları bir-bir nəzərdən keçirdi, sonra yenə o adamın 

gözlərinin içinə baxdı  və keçən yaydan bu tərəfə o bir ilin də  təsir edə bilmədiyi 

şövqlü və mülayim səsi ilə: 

 –  Necə olur ki, – soruşdu, – qonşun pislik eləməkdən yorulmur, amma sən 

yaxşılıq eləməkdən yorulursan? 

O qoca armud ağacı indicə büründüyü o sükutu özündən kənara atdı, əsib gələn 

yüngül meh o bağçadan ötdükcə ağacın yarpaqları da yüngülcə xışıldadı. 

Və ömrü boyu (bütün ömrü boyu! Axıra qədər!) yaxşılıq eləməyə  məhkum 

olmuş o adam ağır addımlarla həyətdən çıxdı. 

Göyün üzü isə bir il əvvəlki kimi, get-gedə, elə bil, daha da təmizlənirdi, 

şəffaflaşırdı, ulduzlar daha da artırdı, sayrışırdı  və  Şeyx Mustafa Şərəfbəxş bu 

dünyada doxsan bir il keçib gəldiyi ömür yolundan o uzaq ulduzlara baxa-baxa yenə 

ləçəyə qonan, sünbüldən sünbülə uçan və ömrü cəmi bircə gün olan kəpənəyi yadına 

saldı... 

 

 20 fevral 1992. 



  

 

 




 

296



Yüklə 2,94 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin