ON DOQQUZUNCU ŞƏKİL
Yenə yarıqaranlıq səhnədə o binanın,
o həyətin konturları, işıq düşəndən-düşənə
də pıçı-pıçı sahiblərinin siluetləri görünür.
Qadın(pıçıltı ilə). Milyonçu imiş!..
Birinci qız (pıçıltı ilə). Ah, Fransa!..
Ikinci qız (pıçıltı ilə). Əhməd bəy!..
Kişi(pıçıltı ilə). Hər yerdə söhbət ondan gedir!..
165
O ğ l a n (pıçıltı ilə). Iki «Boinq»!..
Qadın (pıçıltı ilə). Deyirlər hələ birini də alıb bağışlayacaq!..
Birinci qız (pıçıltı ilə). Özünün də şəxsi təyyarəsi var!..
Ikinci qız (pıçıltı ilə). Ah!..
Kişi (pıçıltı ilə). Bakıda öz hesabına aeroport da tikdirmək istəyir!..
Oğlan (pıçıltı ilə). Yaşayanda da belə yaşayasan!..
İ ş ı q s ö n ü r.
İYİRMİNCİ ŞƏKİL
Həyət. Əhməd bəy, Isgəndərzadə, Əsədulla,
Vera Nikolayevna, Süpürgəçi kişi.
Səhnə qaranlıqdır. Yalnız səhnənin dərinliyində həyəti
süpürən Süpürgəçi kişi görünür.
Işıq üz-üzə gələn Əhməd bəylə Isgəndərzadənin üzərinə düşür.
Ə h m ə d b ə y. Bonjur, müsyö...
I s g ə n d ə r z a d ə (xüsusi bir nəzakətlə). Salam yoldaş... e-e-e... bağışlayın, cənab Əhməd
bəy!.. Salam!.. E-e-e... Bizim xanımla birlikdə sizdən xahiş edirik ki, bu gün axşam bizim evə təşrif
buyurasınız!.. Sizin kimi bir yoldaşla... bağışlayın... cənabla bir süfrədə oturmaq bizim üçün böyük
şərəfdir!.. Zati-alinizin bizim günəşli respublikamıza o cür hədiyyəsindən sonra, sizə hörmət etmək
bizim hər birimizin vətəndaşlıq borcudür!.. Tak!
Ə h m ə d b ə y. Mersi boku, müsyö!.. (Özünü göstərir.) Onun vaktı yok!
I s g ə n d ə r z a d ə. Əlbəttə! Siz çox məşğulsunuz... Lakin rica edirəm vaxt tapasınız... Artıq
mən də insanlara sinfi münasibətimi tamam dəyişmişəm! Onda sabah axşam necə olar?
Ə s ə d u l l a (səhnə arxasından). Çox pis olar!.. Çox pis!.. (Təngnəfəs özünü yetirir.) Alə,
SEKA-nı bağladılar, indi də bizi hərifləmək istəyirsən? (Əhməd bəyə) SEKA-nı bağladılar! Biz
qalib gəldik! (Isgəndərzadəyə) Sabah bizim işimiz var! Sabah biz operaya gedəcəyik! (Əhməd bəyin
qoluna girir.) Elə döyül?
Ə h m ə d b ə y. Yok! (Özünü göstərir.) O artıq Azərbaycan operaları hamısı baxdı!..
Süpürgəçi kişi nigaran nəzərlərlə elə hey onlara tərəf boylanır.
Ə s ə d u l l a. Alə, operaya bir dəfə baxmağnan nolacaq? Operaya gərək çox baxasan! Eh,
sənnən hələ o qədər operaya baxacıyıq ki!.. SEKA-nı da bağladılar! Day plan yox, iclas yox!..
Opera!..
Ə h m ə d b ə y. Yok, müsyö! O revuar, müsyö!..
Ə s ə d u l l a. Nə?
Əhməd bəy (özünü göstərir). O getdi! (Qolunu Əsədullanın əlindən çəkir.)
V e r a N i k o l a y e v n a (səhnə arxasından). Müsyö Axmed bek!.. Müsyö Axmed bek!..
(Tələsik səhnəyə daxil olur.) Ax, Axmed bek!.. Man çok tanxa!..
Ə s ə d u l l a (Isgəndərzadəyə). A kişi, sən, guya, savadlısan, bu arvad nə deyir belə?
Ə h m ə d b ə y (tələsik). O getdi!.. O revuar, müsyö!.. O revuar, madumazel!.. (Cəld
addımlarla uzaqlaşır.)
Əsədulla, Isgəndərzadə, Vera N i k o l a y e v n a bir-birinə mane ola-ola onun ardınca getmək, onu qaytarmaq
istəyirlər, amma işıq sönür. Əhməd bəy isə iti addımlarla Süpürgəçi kişinin yanından ötür. S ü p ü r g ə ç i k i ş i
yenə də böyük ehtiramla ona baş əyir, amma bu dəfə daha yol göstərmir, əksinə, Əhməd bəyin qarşısını kəsir.
166
S ü p ü r g ə ç i k i ş i (həyəcanla). Salam!..
Ə h m ə d b ə y. Bonjur...
S ü p ü r g ə ç i k i ş i (əlindəki süpürgə ilə bayaq Əsədullagilin dayandığı yeri göstərir).
Onların hər şeyi var! Hər şeyi!.. Yeməyi, içməyi, ordeni, hər şeyi! Maşınları!.. Ancaq mənim heç
nəyim yoxdu! Axı, mən də bu xalqın oğluyam!..
Əhməd bəy(özünü göstərir). O nə etmək?..
S ü p ü r g ə ç i k i ş i (həyəcanla). Deməyə də utanıram...
Ə h m ə d b ə y. Utanmaq yok! Demək lazım!
Süpürgəçi kişi. Mənim bir xalam var!.. Cavan adamdı, ancaq duldu... Biz də... Biz də bu
xalqın övladlarıyıq də!... Siz də bizə gün ağlıyın!..
Pauza.
Ə h m ə d b ə y (qışqırır). Bu insanlara na oldu?! Na oldu bunlara?! Adyo!.. Adyo!.. Adyo!..
(Qaçıb səhnədən çıxır.)
İ ş ı q s ö n ü r.
İYİRMİ BİRİNCİ ŞƏKİL
Pıçı-pıçı, Mehdiqulu bəy.
Yarıqaranlıq səhnədə həmişəki kimi binanın, həyətin konturları və bir-bir işıq düşdükcə pıç-pıçı sahiblərinin
siluetləri görünür.
M e h d i q u l u b ə y (səhnə arxasından). Əhməd bəy!.. Əhməd bəy!..
Qadın(pıçıltı ilə). «Adyo» nə deməkdi?..
Birinci qız (pıçıltı ilə). «Adyo»?..
Ikinci qız(pıçıltı ilə). «Adyo»?..
Oğlan(pıçıltı ilə). «Əlvida» deməkdi!..
Kişi(pıçıltı ilə). «Adyo» «əlvida» deməkdi?.
Q a d ı n (pıçıltı ilə). Əlvida?
Birinci qız (pıçıltı ilə). Əlvida!
Ikinci qız(pıçıltı ilə) Qaçdı!..
M e h d i q u l u b ə y (səhnəyə daxil olur.) Əhməd bəy!.. Əhməd bəy!.. (Əhməd bəyi çağıra-
çağıra səhnə boyu pıçı-pıçı sahiblərinin arasından keçir və birdən-birə
Süpürgəçi kişinin
kölgəsi ilə
üz-üzə gəlir.)
Pauza.
K i ş i (pıçıltı ilə). Əhməd bəy bu həyətdən getdi?
M e h d i q u l u b ə y (bərkdən). Bilmirəm!.. Təki məmləkətdən baş götürüb getməsin!.. (Iti
addımlarla uzaqlaşır.) Əhməd bəy... Əhməd bəy!..
Işıq sönür.
29 dekabr 1992.
Bakı.
167
MƏN SƏNIN DAYINAM...
(On üç şəkildən ibarət komediya)
Teatr. –
Özünə gülür.
168
İŞTİRAK EDƏNLƏR
D i r e k t o r.
Ə h m ə d Dayı –
gənc artist.
S i l v a n a
– aktrisa, naməlum yaşda.
B a ş r e j i s s o r.
A r t i s t.
G ə n c a k t r i s a – ingilis dilini öyrənir, ABŞ-a getmək və Mehdiqulu bəyin sayəsində əvvəlcə Hollivudu,
sonra da Brodveyi fəth etmək istəyir və inanır ki, mütləq belə də olacaq; hər halda, belə
olmalıdır!
M ü ə l l i f.
Katib
– atəşin bir arzusunu ürəyində gizlətməyə məcburdur.
Teatrın yaradıcı heyəti:
Birinci artist.
Ikinci artist.
Assistent.
Birinci aktrisa.
Ikinci aktrisa.
Xorun üzvləri:
Hamlet, Hacı Qara, Ofelya,
Tartüf, Kral Lir, Karl Moor,
Dərviş Məstəli Şah, Medeya,
Vladimir Iliç Lenin, Hertruda,
Sergey Mironoviç Kirov,
Skapen, Maqbet, Jorj Danden və b.
Məkan – Bakı şəhəri.
Zaman – 1993-cü ilin aprel ayı.
169
BİRİNCİ ŞƏKİL
Xor
Xorun üzvləri müxtəlif tanış qrimdə və geyimdə səs-küylə bir göz qırpımında səhnəyə səpələnir: Hamlet,
Hacı Qara, Karl Moor, Otello, Tartüf, Ofelya, Kral Lir, Dərviş Məstəli Şah, Vladimir Iliç Lenin, Şeyx Nəsrullah,
Medeya, Jorj Danden, Sergey Mironoviç Kirov, Hertruda, Kefli Isgəndər, Skapen, Koroğlu, Dezdemona və b.
Xorun sözləri bütün tamaşa boyu dialoq şəklində söylənir, misal üçün, iki misra Hacı Qara, üç misra Vladimir
Iliç Lenin və s.
Nəqarəti isə, təbii ki, bütün xor üzvləri bir ağızdan deyir.
Nəqərat.
Teatr!.. Teatr!..
Teatr!.. Teatr!..
– Hamı yatıbdı,
Tək bizik oyaq!..
– Bu gün yolçuyuq,
Sabahsa qonaq...
Dünən qarıydıq,
Bu günsə gəlin!..
– Haydı, mərəkə,
Görməyə gəlin!..
– Dünən can alan
Bu gün can satır!..
Nəqərat.
Teatr!.. Teatr!..
Teatr!.. Teatr!..
– Şeyx Əhmədin lotu şefi
Şeyx Nəsrullah gəlib cuşa,
Isgəndərin sağlığına
Buz qədəhi çəkir başa!
– Nazlı gülür nazlı-nazlı.
– Hamı içir, içməyən bir
Kefli Isgəndərmidir?!
– Diabetdir, olmaz ona...
– Bax o yana, bax bu yana!..
Nəqərat.
Tamaşadır, tamaşa,
Yaşa, teatr, yaşa!
Min yaşa, min bir yaşa!..
– Mən kim, sən kim, o kimdir?
– Dəlilər – ağıllıdır,
Ağıllı başdan kəmdir!..
– Dünən lotu
Bu gün qorxaq!..
Bu gün ulu,
Sabah alçaq!..
– Dünən yava,
Bu gün fağır!..
– Bu gün aqil,
Sabah dılğır!..
Heç soğulmaz
Belə dəhnə
– Həyat – səhnə!..
Nəqərat.
Tamaşadır, tamaşa!..
170
Yaşa, teatr, yaşa!..
Min yaşa, min bir yaşa!..
– Üst qatda yaşayanın
Mən nə deyim aşına!..
– Hertruda vannadan
Su axıdır, odur, bax,
Kral Lirin başına!..
– O yaşmana-yaşmana
Gələn Almazdır elə...
– Aşiq olub, bu sən öl,
Məşədi Ibad kələ!
– Tartüf Hacı Qarayla
Hesab verir bu barda!..
– Hamlet ərizə yazıb
Baksovetdən ev umur,
Deyir qalmışam darda!..
Nəqərat.
Teatr!.. Teatr!..
Teatr!.. Teatr!..
Işıq sönür.
İKİNCİ ŞƏKİL
Teatrın səhnəsi və səhnə arxası Artist (Otello), S i l v a n a (Dezdemona), Baş rejissor, Əhməd, Gənc aktrisa,
Katibə və digər əhli-teatr.
Bizim səhnə iki yerə bölünüb: yarısı teatr səhnəsidir, sol tərəfdəki qalan yarısı isə səhnə arxasıdır. «Otello»
tamaşası gedir və biz yalnız tamaşanı görürük, tamaşaçıların isə səsini, reaksiyalarını eşidirik. Səhnə arxasında
fəhlələr, teatr işçiləridir.
O t e l l o. Sus daha, danışma boş yerə, nahaq.
D e z d e m o n a. Susuram. Nə olub, bir söylə ancaq...
B a ş r e j i s s o r (səhnə arxasından tamaşaya baxa-baxa). Yenə əlini qaldırır də! Əlli ildi
ona deyirəm ki, bu yerdə əlini qaldırma!
Əhməd (səhnə arxasından tamaşaya baxa-baxa Baş rejissora). Əlli il?
B a ş r e j i s s o r (hirsli). Bir az da artıq!
Ə h m ə d. Üzünə deyərsiz?
Baş rejissor (barmağı ilə Əhmədi hədələyir). Bura bax a-a-a.
O t e l l o.
Dünyada mənimçün əziz, yeganə
Dəsmalı yadigar vermişdim sənə.
Sənsə Kassioya vermisən onu...
D e z d e m o n a.
Vallah, bu düz deyil!
Gənc aktrisa (səhnə arxasından tamaşaya baxa-baxa). Oy!.. Bunu belə deyərlər?! (Rola
girərək.) «Vallah bu düz deyil». Bax, belə!
Dezdemona.
Tez Kassionu çağırtdır...
171
(Yavaşdan səhnə arxasına çımxırır.) Səs salmayın orda!
Qoy gəlsin, soruş özündən...
O t e l l o. Füsunkar məleykə...
Gənc aktrisa. Yaman füsunkardı!..
Ə h m ə d. O-o-o!..
O t e l l o.
Həya eylə sən,
Utan
əməlindən, fikirləş barı,
Qırmısan, pozmusan əhdi, ilqarı.
Sən artıq öz ölüm yatağındasan,
Əcəlin amansız qucağındasan!..
D e z d e m o n a.
Məni öldürməzsən yəqin ki, hələ...
Gənc aktrisa. Vay!.. Gör necə deyir e!.. «Məni öldürməzsən yəqin ki, hələ...» Bax, belə! Mən
oynamalıyam Dezdemonanı! Mən! Mən!
D e z d e m o n a (yavaşdan səhnə arxasına çımxırır). Yenə bazar açmısız orda?!
O t e l l o.
Indi öləcəksən, bitib məsələ,
Odur
ki,
havayı uzatma bunu...
B a ş r e j i s s o r. Özü uzadır! Özü! Dinamika yoxdur!
Ə h m ə d. Çünki dinamit yoxdur!
B a ş r e j i s s o r. Nə? Nə dinamit?
Ə h m ə d. Dinamit də! Bu teatrı partlatmaq üçün! Əvəzinə yenisini yaratmaq üçün!
B a ş r e j i s s o r. Bura bax! Sən özünü harda hesab edirsən?
Ə h m ə d. Teatrda!
B a ş r e j i s s o r. Mitinqlər vaxtı qurtardı! Sovet hökuməti deyil daha! Indi biz müstəqil
demokratiyamızı qururuq!
Ə h m ə d. Indi də direktorumuzun sözlərini təkrar edirsiz? Bəs nə vaxt öz sözünüzü
deyəcəksiz?
Baş rejissor (səhnəni göstərir). Ode mənim sözüm, bax!
Əhməd (gözləri ilə səhnəni axtararaq). Hanı, orda siz yoxsuz!.. Orda yazıq Şekspirdi, başına
da turp əkirlər!..
O t e l l o.
Artıq etiraf eylə suçunu.
And içib suçunu atma boynundan,
Bil ki, xəbərdaram hər oyunundan.
Qərarım qətidir, çalışma əbəs,
Heç nə qərarımı dəyişə bilməz.
Baş rejissor. Temp! Temp!
O t e l l o.
Qəlbim fəryad edib çəksə də nalə
Mütləq ölməlisən...
D e z d e m o n a.
Allah, rəhm elə...
Gənc aktrisa. Oy!.. Bu yeri heç belə deyərlər?.. «Allah, rəhm elə...» Bax, belə! Mən! Mən!
Mən oynamalıyam Dezdemonanı! Şekspir mənim üçün yazıb bu rolu!
Əhməd. Eybi yox, burda vermirlər, Ingiltərədə oynayarsan...
172
Gənc aktrisa. Oynayacağam! Ingiltərədə də oynayacağam! Amerikada da! Sən də mənim
paxıllığımı çəkirsən!
Bütün bu mükalimələr zamanı səhnədə tamaşa davam edir, amma
biz Otello ilə Dezdemonanın yalnız hərəkətlərini görür,
səslərini isə eşitmirik.
Ə h m ə d. Mən?
Gənc aktrisa. Bəli, sən!
Ə h m ə d. Bəyəm mən də Dezdemonanı oynamaq istəyirəm?
Gənc aktrisa. Yox. Sən Otellonu oynamaq istəyirsən, amma sənə də rol vermirlər, çünki sənin
də dayın yoxdu!
Ə h m ə d. Nə bilirsən yoxdu?
G ə n c a k t r i s a. Olsaydı verərdilər. Sənin dayın yoxdu, vermirlər. Mənə də Dezdemonanı
vermirlər, çünki Silvanadan qorxurlar!
Dezdemona.
Sərvərim, mürvətin çatsın hayıma,
Qov məni, ancaq ki, ömrümə qıyma.
O t e l l o.
Öl, fahişə!
Gənc aktrisa. Bax, belə!
K a t i b ə (tələsik səhnə arxasına daxil olur). Iclas! Iclas!
Baş rejissor. Nə iclas?
K a t i b ə. Direktor iclas çağırır. Tamaşa qurtaran kimi, təcili iclasdı!
Baş rejissor (yavaşdan). Sənət əldən gedir, bu partokrat isə iclas çağırır!
D e z d e m o n a. (Yavaşdan səhnə arxasına tərəf çımxırır). Dəlixanadır, vallah, dəlixanadır!
Sabah sən öldür məni...
(Yavaşdan səhnə arxasına tərəf) Səsə bax e!..
Möhlət ver yaşayım tək bu gecəni.
G ə n c a k t r i s a (iki əlilə də sifətini qapayır). Oy, mama!..
K a t i b ə. Nə oy mama? Kişi iclas çağırır!
O t e l l o.
Mənə qarşı durmaq?!
B a ş r e j i s s o r. Alə, belə yox! Belə yox! Bura sənət məbədidir!
Əhməd. Bura sənət mətbəxidir!
Baş rejissor. Bəsdir!
K a t i b ə. Iclas!
O t e l l o.
Beləsə, heyhat...
Dezdemona.
Izin ver yaşayım yarımca saat...
173
K a t i b ə (Dezdemonanın sözlərini özü bildiyi tərzdə yavaşdan təkrar edərək). «Izin ver...
yaşayım... yarımca... saat...» (Özünə gələrək bərkdən.) Iclas!
O t e l l o.
Yox, olmaz, dəyişməz heç nə qərarı...
K a t i b ə (səhnədə oynayan artistlərə işarə edərək). Tez olun! Tez qurtarın! Iclasdı!
Dezdemona.
Bircə dəfə dua eləyim barı...
K a t i b ə (xəyal aləmində). «Bircə dəfə... dua.. eləyim barı...» (Özünə gələrək.) Tez olun!
Qurtarın! Iclas!
O t e l l o.
Yox, olmaz, bu gecdir.
Dezdemonanı boğur.
Gənc aktrisa. Yazıq Dezdemonanın canı qurtardı!..
Tamaşa oynanılan səhnənin pərdəsi salınır. Tamaşaçıların alqışı.
Silvana (Dezdemonanı oynayan aktrisa qalxıb səhnə arxasına keçərək). Bura teatr deyil,
dəlixanadı! Bilmirsən, əsəri oynayasan, yoxsa bura qulaq asasan?! Şikayət eləyəcəyəm! Şikayət
eləyəcəyəm!
Tamaşaçıların alqışı.
Qaldırın pərdəni!
K a t i b ə. Iclasdı!
Silvana (hirslə). Qaldırın, dedim, pərdəni! (Səhnə arxasına gəlmiş Otello rolunu ifa edən
Artistə.) Əlimdən tut, məni qabağa çək!
Səhnənin pərdəsi qalxır. Silvana ilə Artist əl-ələ verib gülümsəyərək səhnənin qarşısına çıxır, təzim edirlər.
K a t i b ə. Salın də, pərdəni! Kişi iclas çağırıb!
Tamaşa səhnəsinin pərdəsi salınır. Silvana ilə Artist səhnə arxasına qayıdır.
Silvana (hirs-həyəcanla). Prezidentə yazacağam! Birbaş Prezidentə!
Ə h m ə d (kinayə ilə). Özü də sizi yaxşı tanıyır.
S i l v a n a (onun sözlərindəki kinayənin fərqinə varmadan). Bəli! Azərbaycanda məni
tanımayan yoxdu. (Acıqla Gənc aktrisaya nəzər salaraq.) Bəzilərindən fərqli olaraq!..
Tamaşaçıların adda-budda alqışı eşidilir.
Qaldırın pərdəni!
K a t i b ə. Iclasdı!
S i l v a n a (amiranə). Qaldırın pərdəni! (Artistə) Əlimdən tut apar! Qaldırın pərdəni!
174
Tamaşa səhnəsinin pərdəsi yenidən qalxır. Silvana ilə Artist
əl-ələ səhnənin qabağına gedərək gülümsəyə-gülümsəyə təzim edirlər.
Katibə(yavaşdan). Bunun qışqırmağına bax, kaftar!.. (Bərkdən) Iclasa! Bütün yaradıcı heyət
iclasa!
İ ş ı q s ö n ü r.
ÜÇÜNCÜ ŞƏKİL
Qəbul otağı. Direktorun və Baş rejissorun kabinetləri. Katibə. Direktor. Baş rejissor, Əhməd, Silvana, Artist,
Gənc aktrisa, Müəllif və teatrın digər yaradıcı heyəti.
Səhnənin ortasında Katibənin əyləşdiyi qəbul otağı, sağ tərəfdə Direktorun kabineti, solda isə Baş rejissorun
kabinetidir.
Biz hər üç otaqda cərəyan edən hadisələri görürük.
Direktor kabinetdə yazı mizinin arxasında əyləşib.
Əhli-teatr bir-bir qəbul otağından keçib kabinetə daxil olur, orda-burda oturur. Katibə qəbul otağında öz
mizinin arxasında əyləşib telefonla danışır.
Katibə (telefon dəstəyinə). Ne mojet bıt?!
Ə h m ə d (qəbul otağına girərək). Nə?
K a t i b ə. Sənnən deyiləm. Keç içəri. (Telefon dəstəyinə.) Sənnən deyiləm...
S i l v a n a (Dezdemonanın qrimində və qiyafəsində deyinə-deyinə qəbul otağına girir).
Dünyanın hansı teatrında görünüb bu, hə? Tamaşa qurtarmamış iclas! Totalitar rejim xəstəliyi!
K a t i b ə (kabinetə keçən Silvananın arxasınca). Totalitar rejim. Totalitar rejim.. O rejim sənə
elədiyi yaxşılığı kimə eləyib, ay kaftar? (Telefon dəstəyinə) Yox, sənnən deyiləm...
A r t i s t (Otello qrimində və qiyafəsində qəbul otağına daxil olaraq).
Yox, Yaqo, soyumaz bu qəzəb, bu kin!
Soyuq dalğaları Qara dənizin
Axır Dardanelə, axır hər zaman,
Iclas atamızı yandırır yaman!
(Heç kimə fikir vermədən məğrur addımlarla Direktorun kabinetinə keçir.)
K a t i b ə. Dezdemonası elə olanın, Otellosu da belə olar də!.. (Telefon dəstəyinə.) Yox, ay
qız, yox...
Baş rejissor qəbul otağına girib cibindən çıxardığı açarla öz kabinetinin qapısını açır.
(Bərkdən) Iclasdı! Iclasa!
Baş rejissor. Bu saat. «Hamlet»in bir yeri var, qoy ora baxım, bu saat. (Öz kabinetinə keçir.)
Direktor. Tez eləyin... Tez eləyin, yoldaşlar... E-e-e... Bağışlayın, cənablar! Əyləşin...
Əhli-teatr Direktorun kabinetində yerbəyer olur.
(Ayaq üstə dayanmış Əhmədə) Sən də əyləş!
Əhməd (Silvanaya tərəf işarə edir). Yox, qoyun burada senator Brabansionun gözəl qızı gənc
Dezdemona əyləşsin!..
S i l v a n a (hiddətlə). Bu xuliqanlıqdır? (Direktora) Siz isə belə biabırçılığa dözürsüz!
Direktor(yavaşdan). Darıxmayın, az qalıb...
Ə h m ə d. Mən nə dedim ki?
175
Baş rejissor qapının ağzında dayanıb qəbul otağı tərəfə qulaq asır, sonra cəld addımlarla yazı mizinə yaxınlaşıb
tələsik mizin dolabından araq şüşəsi, qədəh çıxarır, arağı süzüb diqqətlə qədəhə baxır, sonra qədəhin başını təzədən
düzəldir və birnəfəsə içir.
D i r e k t o r. Tak, tovarişi!.. E-e-e... Bağışlayın... Cənablar! Çox vacib bir məsələdən ötrü
təcili iclas çağırmağı lazım bildik!..
Əhməd (istehza ilə). Deyəsən bizim teatrın işləri düzələcək! Problemlər həll olunacaq!
Direktor (kinayə ilə). Teatrı bilmirəm, amma sənin problemlərin deyəsən həll olunacaq!
Gənc aktrisa Yoxsa Otellonu verirlər ona?
A r t i s t. Necə?!.
Gənc aktrisa. Bəs mən?
S i l v a n a (kinayə ilə Gənc aktrisaya tərəf). Ba-a-a!.. Sən bir Dezdemona iddiasına bax!..
Yazıq Şekspir!..
Katibə (telefon dəstəyinə). Vay-vay-vay!.. Lap elə dedi?
Baş rejissor araq şüşəsini, qədəhi yerinə qoyub iti addımlarla qəbul otağına çıxır.
B a ş r e j i s s o r. Başlayıb?
K a t i b ə. Çoxdan!..
Baş rejissor Direktorun kabinetinə girir.
Ə h m ə d (Baş rejissora tərəf işarə edərək kinayə ilə). Indi day bu iclasın işindən arxayın
olmaq olar!..
B a ş r e j i s s o r (barmağı ilə hədələyir). Bura bax, ey!..
Direktor. Tak, yol... E-e-e... Xanımlar və bəylər! Bilirsiz ki, biz demokratik bir cəmiyyət
qurmağa başlamışıq. Totalitar rejim artıq geridə qalmışdır! Mən həmişə demokratiyanın tərəfdarı
olmuşam!
Artist (yavaşdan). Xüsusən Sekada işləyəndə...
Birinci artist (yavaşdan). Day demə.
Birinci a k t r i s a (yavaşdan). Məni görəndə həmişə svidaniya verirdi.
Direktor. Nə deyirsiz?
A r t i s t. Heç. Sizinlə deyilik.
Əgər qulaq assam düzgün olarmı?
Hersoq bu işlərdən razı qalarmı?
D i r e k t o r. Ona görə bu gün də qərarı tək çıxarmıram. Qərarı birlikdə çıxarmalıyıq. Ümumi
müzakirədən sonra. Demokratik cəmiyyətdə yalnız və yalnız kollegial işləmək lazımdı. Belədir
məsələ...
K a t i b ə (telefon dəstəyinə). O-o-o!..
Əhməd (yavaşdan Gənc aktrisaya). Söylə, Dezdemona, nədir diləyin?
Gənc aktrisa (xəyallar aləmində).
Mən Mavrı sevdim ki, çəkib dərd, bəla,
Hər yerdə, hər zaman qalım onunla.
Bütün aləm bilir artıq bu işi...
(Özünə gələrək) Bəsdir!
Direktor. Müstəqil respublikamızın maliyyə vəziyyəti çox ağırdır. Bayaq Sekadan da zəng... e-
e-e... bağışlayın, Prezident aparatından da zəng eləmişdilər... Büdcə tükənib. Istiqlal uğrunda
mübarizə apardığımız bir vaxtda, əlbəttə, bu, təbiidir.
Artist (yavaşdan). Böyük istiqlal mübarizəsi!
176
Ikinci artist (yavaşdan). Büdcə təəssübkeşi!..
Birinci aktrisa (yavaşdan). Tiqant!..
Direktor (onlara tərəf). Nə deyirsiz orda?
A r t i s t. Heç... Sizinlə deyilik...
Cənablar, ağırdır vəhşi adətim,
Dəyişib davada öz təbiətim...
D i r e k t o r. Uzun sözün, qısası, Smetamız Maliyyə Nazirliyindən yenə keçmədi. Maaş
fondunu azaltmaq lazımdı... Yenə bir nəfəri ixtisar etmək lazımdı...
Pauza.
Yaradıcı kollektivdən.
Pauza.
A r t i s t.
Kassio, növbədə intizam ara,
Ciddi nəzarət et qarovullara...
Katibə ( telefon dəstəyinə). Bir dəqiqə dayan... ( Dəstəyi mizin üstünə qoyur və Direktorun
kabinetinin örtülü qapısına yaxınlaşaraq əyilib açar deşiyindən baxır.)
Direktor. Buyurun! Fikrinizi söyləyin! (Bir-bir iclas iştirakçılarına baxır və əhli-teatr da bir-
bir gözünü ondan yayındırır.) Biz demokratik cəmiyyətə kollegial getməliyik! Hə? Bir nəfər ixtisar
olunmalıdı!
Pauza.
Fikrinizi deyin.
Katibə ( açar deşiyindən baxa-baxa). O-o-o!.. ( Tələsik gedib mizin üstündəki dəstəyi götürür.)
Bir az gözlə Vacib adam gəldi. Yox. Prezident aparatından! Gözlə! ( Dəstəyi yenidən mizin üstünə
qoyub qapıya yaxınlaşır və əyilib açar deşiyindən baxır.)
D i r e k t o r. Eşidirəm sizi!
Baş rejissor( yavaşdan). Birinci ixtisar olunası adam elə sən özünsən!
Pauza.
K a t i b ə. Diliniz belə girər e, qarnınıza!
Pauza.
Direktor. Kollegial! Ancaq kollegial!.. Bayaq Sekadan... e-e-e... Prezident aparatından zəng
eləyəndə də elə belə dedim! Biz demokratik cəmiyyətə kollegial gedirik! Buyurun!
Silvana ( qəfil bir ehtirasla). Xanımlar və bəylər! Biz, bax, bu adamdan teatrı xilas etməliyik!
( Barmağı ilə Əhmədi göstərir.) Istiqlalımız bizim üçün əzizdir! Biz bu cürə adamlara maaş verə-
verə respublikamızın büdcəsinə zərbə vura bilmərik! Biz belə adamlara maaş verə-verə
düşmənlərimizin dəyirmanına su tökürük! Imperiya təzədən baş qaldırmaq istəyir, biz buna imkan
verə bilmərik!
K a t i b ə. Əhməd getdi!..
S i l v a n a. Mən demişəm, yenə deyəcəyəm! Onunla heç vaxt səhnəyə çıxmayacağam! O
Otello iddiasındadı!
177
A r t i s t. Otello ilə zarafat eləmək olmaz!..
Silvana. Vulqar bir tipdi!.. Mənim haqqımda deyib ki... Deyib ki...
G ə n c a k t r i s a ( tələsik). Deyib ki, Dezdemona nənəm yaşındadı!
S i l v a n a ( başını tutur). Ah!..
( Əhmədə) Hayıf, mən demokratam! Yoxsa...
Yaradıcı kollektiv sevincini gizlədə bilmir ki,
ixtisar qorxusu onların başının üstündən ötdü.
Birinci artist. Ay-yay-yay!..
Ikinci a k t r i s a. Çox kobuddu!.. Çox!..
A s s i s t e n t. Sənətin qədrini bilmək lazımdı!
Birinci a k t r i s a. Sənətdə gərək ciddi olasan!..
Ikinci artist. Axı, belə olmaz!..
Birinci a r t i s t. Lyubov Orlova yetmiş yaşında on beş yaşında qız rolunu oynayırdı!..
Silvana ( hirslə). Nə demək istəyirsən?
Birinci artist ( qorxmuş). Yox... Onu deyirəm də, Əhmədi, danışığını bilmir!..
D i r e k t o r. Sakit olun, yoldaşlar!.. E-e-e... Bağışlayın, cənablar!..
Baş rejissor. Orasını da deyim ki, mənə çatan siqnallara görə o (Barmağı ilə Əhmədi göstərir.)
tez-tez restoranlara gedir... Sənət ilə araq tutmaz!
Birinci aktrisa. Düzdür! ( Sonra üzünü yanaşı oturduğu Baş rejissordan kənar çəkir.) Püf!..
Əhməd. Qulaq asın! Bir dəqiqə mənə qulaq asın! Həzərat! Axı, mən nə istəyirəm?! Mən
istəyirəm ki, teatrımız əsl teatr olsun! Əsl sənət ocağı olsun!
Ikinci aktrisa ( yavaşdan). Düz deyir də!..
Assistent ( yavaşdan). Nə olsun düz deyir?..
Direktor. Bəsdir! Baxma ki, mən demokratam! Bu lap ağ oldu!
Əhməd. Niyə ağ olur? Mən istəyirəm ki, bu teatrda işgüzar, səmimi bir direktor olsun!
Baş rejissor ( qeyri-iradi). Düzdür!
Direktor. Nə?
Baş rejissor ( səhvini düzəltməyə çalışaraq). E-e-e... Düzdür də, bu adam ( Əhmədi göstərir.)
teatrı tərk etməlidir!
Əhməd. Mən istəyirəm ki, yaradıcı bir baş rejissorumuz olsun. Hər gecə qolun-qanadın
sındıra-sındıra «Otello» göstəririk!
Artist ( coşaraq). Ar olsun bu adama! Ar olsun!
Əhməd. Mən istəyirəm ki, zəngin repertuarımız olsun! Istedadsız adamlar sənət iddiası ilə
bura doluşmasın! Bura siyasət alverindən kənar olsun!
Artist ( yenidən coşaraq). Biz meydanda boğazımızı yırtıb qışqıra-qışqıra qırmızı imperiyaya
qarşı mübarizə aparanda sən haradaydın?!
Əhməd. Mən istəyirəm ki, Dezdemonanı...
Silvana ( onun sözünü kəsərək qışqırır). Ona söz verməyin!
Artist. Ar olsun!
Ə h m ə d. Birinin adamı var! Birinin adı var! Birinin sırtıqlığından qorxursuz! O biri
demaqoqdu, qorxursuz!
Direktor. Kifayətdir! Demokratiya anarxiya demək deyil! Biz bu təhqirlərə dözə bilmərik!
Katibə ( açar deşiyindən baxa-baxa). Əhməd batdı, Aşqabad batan kimi!
Gənc aktrisa. O məni də qəbul etmir! Deyir ki, Amerikaya getsən də, səndən Dezdemona
olmayacaq, deyir orda da acından öləcəksən!
Silvana ( yavaşdan). Onu düz deyir!..
178
Direktor. Əslində o demokratiyanı da qəbul etmir!
Birinci artist. Yox, canım!.. Neujeli?
Direktor. Inandırıram sizi!
Artist. Bütün məsələ ondadır ki, bu adam (Əhmədi göstərir.) öz xalqının taleyini düşünmür!
Biz gecələri meydanda keçirəndə, o bizə yaxın düşmürdü! Hələ mən bunun Otello iddiasını
demirəm!..
Direktor. Aydındır, yoldaşlar... E-e-e... Bağışlayın!.. Aydındır, cənablar!
Əhməd. Bir dəqiqə mənə qulaq asın!
S i l v a n a. Ona söz vermək olmaz!
Direktor. Aydındır!
Baş rejissor. Sənət ilə restoran bir yerdə tutmaz! Ya araq, ya sənət! Səhnə asketizm tələb edir!
Artist. Xalqı sevmək lazımdı! Xalqa sadiq olmaq lazımdı!..
B a ş r e j i s s o r. Mənəvi təmizlik! Budur məsələ!
Direktor. Səsə qoyuram! Kim Əhmədin ixtisar olunmasına tərəfdardı, əlini qaldırsın.
Əhməd. Mənim adamım yoxdu, ona görə! Yetim görmüsüz məni!
Direktor. Səs verin!
Hamı, hətta qapının arxasında əyilib açar
deşiyindən baxan Katibə də əlini qaldırır.
Yekdilliklə! (Əhmədə) Doğma respublikamızın maliyyə çətinlikləri ilə əlaqədar siz ixtisara
düşürsünüz! Inanırıq ki, başqa bir yerdə özünüzə iş tapacaqsınız!..
Əhməd. Bəs... Bəs mənim dayıma nə cavab verəcəksiniz?
Müəllif əlində portfel qəbul otağına daxil
olur və təəccüblə qarşısında əyilib açar
deşiyindən baxan Katibəyə nəzər salır.
Direktor. Kimə?
Əhməd. Mənim dayıma!
Direktor (bir az narahat). Nə dayı? Kimdi sənin dayın?
Əhməd. Mənim dayım mənim dayımdı də! Ona nə cavab verəcəksiz? Kimsəsiz görmüsüz
məni?!
Müəllif eləcə qarşısında əyilmiş Katibəyə baxır.
Silvana. Xox!.. Bunun dayısından qorxduq!
D i r e k t o r. Bizi dayıyla-zadla qorxutma! Indi daha totalitar rejim deyil! Indi biz demokratik
cəmiyyət qururuq! Gedə bilərsiz!
Ə h m ə d. Mənim dayım...
K a t i b ə (hələ də Müəllifin qabağında əyilib açar deşiyindən baxa-baxa). Dayın olsaydı səni
kim ixtisar eləyərdi, ay bədbəxt!..
Direktor. Iclasımız bağlı elan olunur!
Katibə tələsik belini qaldırıb mizinə tərəf
getmək istəyəndə Müəlliflə üz-üzə gəlir.
Katibə (səksənərək). Oy!.. Siz neynirsiz mənim dalımda? Hə? Mənim nişanlım var!
M ü ə l l i f. Mən... mən yeni əsərim barədə düşünürdüm...
K a t i b ə. Bəs dalımda niyə dayanmısız? Hə? Niyə gəlmisiz bu vaxt?
Müəllif. Baş rejissor mənə yaradıcılıq görüşü təyin edib.
179
K a t i b ə ( mizin üstündəki telefon dəstəyini götürərək). Hə, alo!.. Heç, əşşi... Əhmədi ixtisar
elədilər... ( Acıqlı.) Əlbəttə, Əhmədi!.. Yox bir, məni! Burda yetənə yetirdi, yetməyənə daş atırdı.
Teatrı qaldırmaq istəyirdi... ( Gülür.) Indi getsin vağzalda meşok qaldırsın!
A r t i s t ( ayağa qalxaraq heç kimə məhəl qoymadan).
Ona inanıram varlığım kimi...
Sənə tapşırıram mən sevgilimi,
Sədaqətli Yaqo...
Gedir.
Ə h m ə d. Mənim dayım bu işi belə qoymayacaq!
Gənc aktrisa. Dayına bizdən atəşin salam!
Ə h m ə d. Mənim dayım...
D i r e k t o r. Get-get, əzizim, get, dayın sənə başqa iş tapsın!..
Ə h m ə d. Yaxşı...
Leytenant, Montano daha bəsdir, bəs!
Dayanın, cənablar, qan tutub sizi?
Qəbul otağından çıxır.
Katibə. Nə?
Əhməd. Yoxsa unutdunuz vəzifənizi?
Katibə ( telefon dəstəyinə). Deyəsən, bu yazığın başı xarab olub...
Əhməd. Qoy dayım gəlsin bura, onda görərik kimin başı xarab olub?!
Katibə. Ay yazıq! Sənin elə dayın olsaydı, indi heç ixtisara düşərdin, hə?
Əhməd. Görərsiz də!
General danışır sizinlə axı,
Ayıbdır, qılıncı salın aşağı!..
Gedir.
Direktor ( açıq qapıdan onun ardınca baxa-baxa). Bu nə səfehləyirdi belə? Nə general?
Baş rejissor. O demirdi.
Direktor ( təəccüblə). O demirdi? Bəs kim deyirdi?
Baş rejissor. Şekspir! Yaqonun sözləriydi! ( Qəbul otağına çıxıb səhərdən bəri əlində portfel
orada dayanmış Müəllifi görür.) O-o-o!. Əziz dost!.. Gəlmisən?!
Direktor. Yaqo? Vallah, teatr ki, teatr!..
Xorun üzvləri bir göz qırpımında səhnəyə səpələnirlər.
Nəqərat.
Teatr!.. Teatr!..
Teatr!.. Teatr!..
- Bir üzü gülər,
Bir üzü ağlar!
- Sevinc, qəzəbi
Vulkan tək çağlar!
- Min bir üzü var,
Bax, o maskanın!
- Səbri daşanda,
Onu da atır!
180
N ə q ə r a t.
Teatr!.. Teatr!..
Teatr!.. Teatr!..
- Riqoletto donosbaz,
Antoni lağlağıdır!
- Karmen tində dayanır,
Maqbet cüvəllağıdır!
- Kleopatra gül satır,
Həmzə imarət yapır!
Nəqərat.
Teatr!.. Teatr!..
Teatr!.. Teatr!..
- Müsyö Jordan, Məstəli Şah
Qucaqlaşıb, məst olub, bax!
- Lenin, Kaplan - aşiq-məşuq,
Öpüşürlər sabah-sabah!..
- Kefli Marks ləngər vurub
Engelsə təpik atır!..
- Stalinin kefi yoxdu,
Üzüquylu düşüb yatır!..
Nəqərat.
Məsxərədir, məsxərə!
Tamaşadır, tamaşa!
Yaşa, teatr, yaşa!..
Min yaşa, min bir yaşa!
İ ş ı q s ö n ü r.
Dostları ilə paylaş: |