Seçilmiş əsərləri



Yüklə 2,34 Mb.
Pdf görüntüsü
səhifə6/33
tarix31.01.2017
ölçüsü2,34 Mb.
#7080
1   2   3   4   5   6   7   8   9   ...   33

PYESLƏR
 
 

 
83
 
POÇT  ŞÖBƏSINDƏ XƏYAL 
 
(Yeddi şəkil və epiloqdan ibarət tragikomediya)
 
 
 
 
 
 
İŞTİRAK EDƏNLƏR 
 
Ədilə. 
Kişi.  
Züleyxa. 
Gülzar. 
Yoldaş Tək. 
Baba. 
Xəlil. 
Qoca Professor. 
Skripkaçı. 
Qarı. 
Diktor. 
 
Bakı şəhəri, iyulun əvvəlləri. 
 
 
 
 
 
 

 
84
BİRİNCİ ŞƏKİL 
 
Ədiləgilin evi. Səhər tezdəndir. Ədilə əynində pijama səhər idmanı edir. Radio son xəbərləri verir.  
Qarı səhnənin sağ küncündə köhnə kürsünün üstündə oturub yun corab toxuyur.  
Radionun səsi ilə Qarının danışığı arasında bir təzad var, fəqət onlar bir-birilərinə mane olmurlar. 
 
Qarı  (corab toxuya-toxuya elə bil öz-özü ilə danışır). Mənim dörd oğlum var: biri qışda 
anadan olub, biri yazda olub, biri yayda, biri də payızda. Bu corabı böyük oğluma toxuyuram. Ən 
yaxşı  oğlumdur. Özü də od kimidir. Elə istiqanlı, elə  işıqlıdır ki... (Yenə  də gözünü corabdan 
çəkməyərək toxuyur.) 
D i k  t o r. Idman xəbərləri. Bu günlərdə bakılı usta Məmmədov yüz metr məsafəni on tam, 
onda iki saniyəyə qət edərək yeni respublika rekordu əldə etmişdir. 
Ə d i l ə (idman hərəkətləri edə-edə). Malades.
 
D i k t o r. Dünən basketbol üzrə ölkə birinciliyi yarışında «Dinamo» komandası öz 
meydançasında «Spartak» komandasını  qəbul etmişdir. Maraqlı keçən bu gərgin oyun 114:103 
hesabı ilə meydança sahiblərinin xeyrinə qurtarmışdır. Bu qələbə  təsadüfi deyil. Ölkənin  ən 
hündürboylu idmançılarından olan Məlikməmmədovun hündürlüyü 218 santimetrdir. 
Ə d i l ə (idman hərəkətləri edə-edə). Boya bax ha-a-a... (Əlini qaldırıb altdan yuxarı baxır.) 
Lap paltara şalbandır ki... Məlikməmmədovdan soruşmaq lazımdır görək yuxarılarda nə var, nə 
yox?  (Çarpayıya tərəf gedib məhrəbasını götürür.) Kifayətdir. Kəm-kəm buxur, həmişə buxur. 
(Telefon zəng çalır.) Ədilə qaça-qaça gedib radionu söndürür və dəstəyi götürür.) Alo. 
K i ş i  s ə s i. Salam, Ada. Səsindən o saat tanıdım səni. 
Ə d i l ə (səsi tanıyır). A-a... Privet. 
K i ş i  səsi. Sən də məni tanıdın? Görünür, bu üç il bizi yadlaşdırmayıb. Necəsən? 
Ə d i l ə. Bala-bala. 
K i ş i  s ə s i (gülür). Ay səni, Ada... Təbrik edirəm, ərə getmisən. 
Ə d i l ə. Mersi. 
K i ş i  s ə s i (gülür). Həmişəki Ada... Mən də həmişəlik gəlmişəm daha... 
Ə d i l ə. Gözlərim aydın. 
K i ş i  s ə s i (gülür). Heç soruşmursan sənin telefonunu haradan öyrənmişəm?.. Eybi yox, 
görüşəndə danışaram. Nə vaxt görüşək? 
Ə d i l ə. Qulağının dalını görəndə. 
K i ş i  s ə s i. Oho, bu təzə notdur. 
Ə d i l ə. Privet. (Dəstəyi asmaq istəyir.) 
K i ş i  s ə s i. Ada, Ada, sən mənə heç nə demək istəmirsən? 
Ə d i l ə. Istəyirəm: idi k çertu. (Dəstəyi asır.) 
 
Radionu yandırıb məhrəbanı yelləyə-yelləyə səhnədən çıxır. 
 
D i k t o r. Indi isə oyun havalarına qulaq asın. «Vağzalı». Qarmonda çalır Teyyub Teyyub 
oğlu. 
 
Oyun havası çalınır. Səhnənin arxasından, yəqin ki,  
mətbəxdən  Xəlilin səsi gəlir. 
 
X ə l i l (səhnə arxasından). Mamoçka, durmusan yuxudan? Nə tez belə? Necəsən, canım? Nə 
istəyirsən alıb gətirmişəm səninçün bazardan. 
Ə d i l ə (səhnə arxasından). Sabahın xeyir. 
X ə l i l (səhnə arxasından). Ay əleyküməssalam. Qoy bir səni maç eləyim. 
 

 
85
Kiçik pauza. 
 
Ə d i l ə (səhnə arxasından). Bəsdir daha. 
X ə l i l (səhnə arxasından). Ax, sənin canını yeyim. Şəkər kimisən. 
Ə d i l ə (səhnə arxasından). Bəsdir dedim... 
X ə l i l (səhnə arxasından). Baş üstə, mamoçka, bəsdir deyirsən, baş üstə. Farslar deyib: kəm-
kəm buxur, həmişə buxur. 
Ə d i l ə  (məhrəba ilə üzünü qurulaya-qurulaya səhnəyə daxil olur). Yenə gör neçə  dəstə 
şüyüd almısan. 
X ə l i l (səhnə arxasından). Vitamin S-dir də, mamoçka, başdan-ayağa vitamin S-dir. Vitamin 
S-nin də, bilirsən də, hər şeyə xeyri var. O məsələyə də yaman xeyri var, mamoçka, yaman. Səlim 
deyirdi, sənə deməmişəm bəyəm? 
Ə d i l ə  (çit  şirmanın arxasına keçərək paltarını  dəyişə-dəyişə).  O məsələ barədə üzüqara 
deyilsən onsuz da... 
X ə l i l (ağzında şüyüd yeyə-yeyə səhnəyə daxil olur). Ay sənə qurban olum, mamoçka. Qoy 
hələ məzuniyyətə çıxıb kurorta gedək, dincəlim bir az... Onda görəcəksən ki, Xəlil necə xoruzdur. 
D i k t o r. «Qaytağı». Klarnetdə çalır Şəmsi Imanov.  
X ə l i l. Hər şeyi yerbəyer elədim mətbəxdə. Pomidor yaman bahadır: kilosu bir manat altmış 
qəpiyə. Dünən Səlim deyirdi ki, bir manat əlli qəpiyə alıb kilosunu.  
Ə d i l ə (şirmanın arxasından). Almadın? 
X  ə l i l. Aldım, mamoçka, yarım kilo aldım səninçün. Mən bir dənə yeyəcəyəm. Farslar 
deyib: kəm-kəm buxur, həmişə buxur. 
Ə d i l ə (şirmanın arxasından çıxır, geyinib). Mən getdim, Xəliluşka. 
X ə l i l (təəccüblə). Hara? 
Ə d i l ə. Işə də, necə hara? 
X  ə l i l (şalvarının «pistonçik»indən Nuh-Nəbidənqalma bir saat çıxarıb baxır).  Hələ bir 
saatdan çox qalıb ki, işin başlanmağına. 
Ə d i l ə. Elə ancaq çataram. 
X ə l i l. Niyə, ancaq çatarsan, mamoçka, on iki dəqiqəlik yoldur ki... 
Ə d i l ə. Bu yol bezikdirib məni. 
X ə l i l (başa düşmür). Necə yəni bezikdirib? 
D i k t o r. Yenə Şəmsi Imanovun ifasında «Xançobanı» oyun havasına qulaq asın. 
Ə d i l ə. Eyni küçə, eyni səki, eyni binalar; eyni tinlər, eyni tanış sifətlər: hər gün, hər gün... 
Bu gün dövrə burub başqa küçələrlə gedəcəm işə. 
 
Kiçik pauza. 
X ə l i l. Yetmiş bir dənə lotereyamız var, mamoçka, ürəyimə damıb ki, maşın udacayıq. Onda 
hər şey düzələr. Səlim deyir ki... 
Ə d i l ə (onun sözünü yarımçıq kəsib, əlini yelləyir). Mən nə hayda, sən nə hayda... 
 
Kiçik pauza. 
 
X  ə l i l. Mən deyirdim tez durmusan bu gün, oturub söhbət edərdik bir az... Heç sənə 
deməmişəm, dünən Səlim mənim üstümdə mühasibə ağzından çıxanı dedi. Sənə demişdim də, zalım 
oğlu mənim məzuniyyət pulumdan on iki manat çıxmaq istəyirdi... Hələ  məzuniyyətimin vaxtı 
gəlməyib, indidən. 
Ə d i l ə (təngimiş). Sən Səlimin canı qurtar bu söhbətləri... 
 
Kiçik pauza. 

 
86
 
Yaxşı, mən getdim. 
X ə l i l. Çörək yemisən heç olmasa? 
Ə d i l ə (yəqin ki, yalandan). Yemişəm, əlbəttə. Sən də bir şey düzəlt özünə, otur yaxşıca ye, 
sonra get işinə. 
X ə l i l. Əvvəlcə səni ötürəcəyəm. 
Ə d i l ə. Yox, Xəliluşka, sən otur çörəyini ye. 
X ə l i l. Qoy ötürüm səni, canım-ciyərim. 
Ə d i l ə (əsəbi, özünü saxlaya bilmir). Axı, dedim ki, bezikmişəm bu eynilikdən. Axı, səni hər 
gün nə  qədər görmək olar? (Kiçik pauzadan sonra özünü ələ alaraq) Incimə e-e. (Gedib Xəlilin 
üzündən öpür.) Kəm-kəm buxur, həmişə buxur. (Gedir.) 
 
Pauza.  
 
Xəlil gedib radionu söndürür. Qarı isə elə hey toxuyur. 
 
 
İKİNCİ ŞƏKİL 
 
Poçt şöbəsi. Günorta. Qızğın iş gedir: işçilərdən kimi sifariş qəbul edir, kimi işıqpulu alır, kimi abunə yazır, 
kimi möhür vurur, kimi sayğacda hesablayır və s.  
Işçilər sıra ilə elə oturublar ki, səhnədə həm onlar görünür, həm də poçt şöbəsinə girib-çıxan adamlar. 
Ə d i l ə üstündə «Dovostrebovaniya» yazılmış  şüşənin arxasında oturub. «Dovostrebovaniya» sözlərinin 
yuxarısında pəncərənin nömrəsi yazılıb: ¹3. 
Ədilənin pəncərəsi qarşısında heç kim yoxdur. O, balaca bir kağız parçasını bürmələyərək mürəkkəbə batırır 
və pəncərədəki «3»ün qarşısına «1» əlavə edir; olur ¹ 13. 
Işçilər arasında var-gəl edən Yoldaş Tək Ədiləyə yaxınlaşır. Dayanıb pəncərənin üstündəki 13-ə baxır. 
 
Y o l d a ş  T ə k. Axı, belə olmaz, yoldaş Ədilə. Axı, adama neçə dəfə deyərlər? 
Ə d i l ə. Nə olub, Yoldaş Tək? 
Y o l d a ş  T ə k (barmağı ilə 13-ü göstərir). Yenə bu nədir belə? 
Ə d i l ə. On üç. 
Y o l d a ş  T ə k. Görürəm. Soruşuram ki, bu nə biabırçılıqdır yenə? Mənim bütün dediklərim 
özüm üçün qalır. Hər dəfə mən deyirəm, amma siz yenə də «üçün» qabağına «bir» yazırsınız. 
Ə d i l ə. Taleyimizin rəmzidir də Yoldaş Tək... 
Yoldaş  Tək  (barmağı ilə «1»i pozur). Olmaz. Yaramaz belə sözlər və belə  hərəkətlər. 
Yaramaz. Ictimai yerdə, özü də mənim idarəmdə bu cür bədbin əhvali-ruhiyyə yaratmaq olmaz. Siz 
nə fikirdəsiniz? Mənim rəhbərlik etdiyim müəssisədə  bədbinlik? Bir də bu hərəkət təkrar olunsa, 
töhmət verəcəyəm. 
Ə d i l ə. Şiddətli?  
Y o l d a ş  T ə k. Bəli, lap şiddətli. Bilmirəm bu hərəkətinizi dəfələrlə təkrar etməklə siz nə 
fikirdəsiniz. Birdən yuxarılardan bir yoldaş girdi içəri, onda necə olsun? 
Ə d i l ə. Məlikməmmədovu deyirsiniz? 
Y o l d a ş  T ə k. Məlikməmmədov kimdir? 
Ə d i l ə (gülümsəyir). Heç... 
Y o l d a ş  T ə k (bir az tərəddüdlə). Yuxarıların adamıdır? 
Ə d i l ə. Lap yuxarıların. (Əli ilə göstərir.) Bax, bundan da yuxarı. 
Y o l d a ş  T ə k (nisbətən yumşaq). Lap yuxarıların? Sizinlə tanışdır? 
Ə d i l ə. Bəli. Bu gün səhər tanış olmuşuq. 
 
Y o l d a ş  T ə k tərəddüd içindədir, yenə nə isə soruşmaq istəyir,  

 
87
amma soruşmur. 
Y o l d a ş  T ə k (qolunu qaldırıb saata baxır). Baba! 
 
Baba yuxarı tərəfdəki pəncərələrdən birinin qarşısında əyləşib.  
Yoldaş Təkin səsini eşidən kimi ayağa sıçrayır. 
 
B a b a. Bəli, Yoldaş Tək! 
Y o l d a ş  T ə k. Fasilənin vaxtıdır. 
B a b a. Bu saat, Yoldaş Tək! 
 
Baba gəlib qapının ağzında dayanaraq içəri adam buraxmır. 
 
Baba (içəri girmək istəyənlərə). Fasilədir, yoldaşlar. Olmaz, yoldaşlar, fasilədir... 
 
Y o l d a ş  T ə k yuxarı başa keçib mizin arxasında əyləşir. Eynəyini taxıb qəzetlərə baxır. Poçt şöbəsi yavaş-
yavaş boşalır. Işçilərdən kimi bir-biri ilə söhbət edir, kimi evdən gətirdiyi naharı çıxarıb yeməyə başlayır və s. 
Ədilə dirsəklərini qarşısındakı mizə söykəyərək gözlərini naməlum nöqtəyə zilləyib. Gözləri yol çəkir. Sonra 
yenə barmağı ilə «3»ün qarşısında «1» yazır. Yenə gözlərini naməlum nöqtəyə zilləyir. Züleyxa ilə Gülzar içəri 
gəlirlər. 
 
B a b a. Olmaz. 
G ü l z a r. A-a-a... Bizi tanımadınız, Baba müəllim? Salaməleyküm. 
B a b a. Olmaz. 
Züleyxa (Ədiləyə). Ada, bu tipə de bizi buraxsın içəri. 
Ə d i l ə (fikrindən ayrılaraq ayağa qalxır). Baba, bu olmadı ki... (Bərkdən) 
Yoldaş Tək, Yol... 
Baba(tələsik). Yaxşı, yaxşı. Keçin. 
 
Züleyxa ilə Gülzar içəri girib Ədilənin yanına gəlirlər. 
 
Züleyxa və Gülzar(birdən). Privet! 
Ə d i l ə (yanındakı kürsüləri irəli çəkir). Oturun. 
 
Qızlar otururlar. Sonra Baba da qapıları bağlayıb öz yerinə gedir. 
 
Z ü l e y x a. Oy, Ada, bir krinplin paltolar gəlib univermağa, bir krinplin paltolar gəlib... 
Qırmızısı da var, balotnusu da, mışinnı rəngi də... 
Ə d i l ə. Eh, neynirəm krinplini... 
G ü l z a r. Sən lap bir cür olmusan ha, axır vaxtlar... Neynirəm onu, neynirəm bunu, neynirəm 
kinonu, neynirəm gəzməyi... 
 
Ədilə çiyinlərini çəkir. 
 
Z ü l e y x a. Pulum olsaydı, bir dənə balotnusunu alardım özümə. Yadına gəlir neçəyə idi biri 
əldə? Allah bir Xəlil kimisini də yetirsəydi mənimçün... 
Ə d i l ə. Xəlillə işin olmasın demişəm... 
Z ü l e y x a. Pis söz demirəm ki... 
Gülzar. Eh, bayaq Zülya ilə gedirdik. Adili gördük. 
Z ü l e y x a. Hə, Ada, bilirsən necə yaraşıqlı olub? Bir predstavitelni vidi var ki, gəl görəsən. 
Gülzar(əli ilə göstərir).  Bax, bu boyda bir oğlu var, yanında gedirdi. Dayanıb salamlaşdı. 
Soruşdu ki, nə var, nə yox? Dedim ki, hər şey əvvəlki kimi əladır. Ürəyimdə dedim ki, yalançının 
atasına lənət. Sənə də salam göndərdi, Ada. 

 
88
Z ü l e y x a. Guya ki, böyük iş olub: salam göndərdi. Bizimlə  gəzirdilər, kompaniyalarda 
laqqırtı vururdular, bizimlə tans eləməkdən ötrü bir-birilərinin üstünə  bıçaq çəkirdilər, bizimlə 
küçədə gedəndə özlərini başqalarına göstərib öyünürdülər... 
G ü l z a r. Yəni ki, biz də bir kişiyik... 
Z ü l e y x a. Hə, fors edirdilər, sonra da evlənmək vaxtı  gələn kimi, gedib «ev qızı» tapıb 
alırdılar. Papa qızı... Guya ki, bununla hər şey düzəldi... 
Gülzar (lap qızışıb). Camaat «stilyaqa» deyib bizi bir tərəfə atırdı, yəni ki, sizə bir qoz, day 
demirdilər ki, biz də adamıq... 
Z ü l e y x a. Biz də ki, naivni uşaq... 
Ə d i l ə. Bəsdirin siz Allah, yenə başlayıb ürəyimizi qısmayın görək, onsuz da bu gün 
səhərdən ürəyim qısılır. 
Z ü l e y x a. Düz deyir, əşşi... Pust oni idut k çertvoy materi. Görəsən, Fira mənə borc pul 
verməz? 
G ü l z a r. Fira indi adama salam verir ki, borc da verə? 
 
Yoldaş Tək yerindən qalxıb bayır qapısına yaxınlaşır. Fikirli-fikirli çölə baxır. Baba da öz yerindən qalxıb ona 
yaxınlaşır. 
B a b a. Görürsünüz də, hava necə pisdir, Yoldaş Tək? 
Y o l d a ş  T ə k  (fikrindən ayrılaraq hirslə Babaya baxır). Hava da çox gözəldir, həyat da 
çox gözəldir, insanlar da çox gözəldir, bircə nadürüst adam varsa, o da sənsən. 
 
Baba mısmırığını sallayıb gedir. 
 
Gülzar(Yoldaş Təkə işarə ilə). Ada, deyəsən, yenə də çuvakın ovqatı təlxdir.. 
Z ü l e y x a. Nə olub ona? 
Ə d i l ə. Yəqin arvadı yenə evdə kefinə soğan doğrayıb... Istəyirsiniz sizi yenə də tanış edim? 
G ü l z a r. Adamla neçə dəfə tanış olarlar? Indiyəcən üç dəfə tanış eləmisən bizi. 
Z ü l e y x a. Eybi yoxdur, dilxoşluqdur də. Hə, yenə tanış elə bizi, Ada, çağır onu bura. 
Ə d i l ə (Yoldaş Təkə müraciətlə). Yoldaş Tək, Zulyayla Gülya düz bir ildir ki, məni dəng 
ediblər ki, niyə onları sizinlə tanış etmirəm. (Yoldaş Tək qulaqardına vurub küçəyə çıxmaq istəyir.) 
Sizinləyəm e, Yoldaş Tək, hara gedirsiniz? Xahiş edirəm, rəfiqələrimlə tanış olasınız. 
 
Yoldaş Tək istər-istəməz onlara yaxınlaşır, həm də deyəsən bu qızların yanında özünü bir az naqolay hiss edir. 
 
Züleyxa(cəld ayağa qalxıb ona əl uzadır). Zulya. (Yenə oturur.) 
Yoldaş Tək(istər-istəməz Züleyxaya əl verir). Yoldaş Tək. 
 
Gülzar da oturur. Yoldaş Tək ayaq üstədir. 
 
Z ü l e y x a. Sizin nə maraqlı adınız var, lap ictimai mahiyyət kəsb edir: Yoldaş Tək. Çox 
maraqlı... 
G ü l z a r. Və simvolikdir. 
Ə d i l ə. Elə deyil, Zulya, Yoldaş  Təkin adı Yoldaş deyil. Alməmməddir, atasının adı da 
Gülməmməddir; təxəllüsü də Tək. 
Z ü l e y x a. Yəni ki, bir dənə. 
Y o l d a ş  T ə k  (eyni ciddiyyətlə). Bəli. 
G ü l z a r. Necə ki, Əliağa Vahid. 
Y o l d a ş  T ə k. Bəli. 
G ü l z a r. Yoldaş  Tək, siz mənə yaman tanış  gəlirsiniz. Deyəsən, mən sizi harada isə 
görmüşəm. 

 
89
Y o l d a ş  T ə k. Ola bilər. 
Z ü l e y x a. Mən də sizi haradansa tanıyıram... 
Y o l d a ş  T ə k. Ola bilər. 
Ə d i l ə. Dörd il bundan əvvəl 8 Mart bayramı münasibətilə Yoldaş Təkin qəzetdə şəkli çıxıb. 
Həyat yoldaşı üçün hədiyyə alanda çəkiblər. Yəqin onu görmüsünüz. 
G ü l z a r. Yox, onda mən lap balaca uşaq idim ki, Ada, yadımda qalmazdı... 
Züleyxa (Yoldaş Təkə müraciətlə). Siz vaxtilə kino artisti olmamısınız? 
 Ə d i l ə. Yox a-a-a... Yoldaş  Tək qocaman rabitə  işçisidir. Nazir özü şəxsən Yoldaş  Təki 
tanıyır, bir dəfə də adını çəkib məruzə edəndə. 
Gülzar(nəsə xatırlayırmış kimi). A-a-a... Mən bildim sizi harada görmüşəm. 
Y o l d a ş    T  ə k  (qızları yamsılayaraq). A-a-a... Hər  şey gözəldir, hər  şey  əladır, təkcə 
məlum deyil ki, kim-kimi dolayır.  
Ə d i l ə (əlini ağzına tutub gülür). A-a-a... Yoldaş Tək, sizdə yumor hissi də varmış ki... 
Y o l d a ş  T ə k  (son dərəcə ciddi). Kifayətdir, yoldaşlar! (Yəqin ki, qızlardan uzaqlaşmaq 
xətrinə Babanı səsləyir.) Baba! Ay uşaq, Baba! 
Baba (yerindən sıçrayaraq). Bəli, Yoldaş Tək, bəli buyurun! 
Y o l d a ş  T ə k. Haradasan? 
B a b a. Mən elə buradayam, yoldaş Tək! Nə buyurursunuz?  
Y o l d a ş  T ə k  (buyurmağa söz tapmır). Sən orada... Sən orada şeyi zad elə. 
B a b a. Baş üstə, Yoldaş Tək! (Yenə öz yerində oturur.) 
 
Y o l d a ş  T ə k  Ədiləgilin yanından uzaqlaşır. 
 
Ə d i l ə. Görürsünüz də, camaat necə əmrlər verir: şeyi zad elə. Hər şey belədir... 
Z ü l e y x a. Əcəb də o saat başa düşürlər bu əmrləri: «Şeyi zad elə», «Baş üstə, yoldaş 
filankəs». 
G ü l z a r. Əntiqə oğlanlardır. 
Z ü l e y x a. Nə çox belə əntiqə oğlanlar, belə əntiqə qızlar. Ona görə də, anam yazıq neyləsin, 
düz deyir: qalmışıq aralıqda. 
G ü l z a r. Mürdəşir belə əntiqə oğlanların üzünü yusun.  
Ə d i l ə. Yavaş de, Baba eşidər. 
G ü l z a r. Eşitsin də, neyləyim? 
Ə d i l ə. Necə neyləyim? Baba mürdəşirdir. 
G ü l z a r. Nə?  
Ə d i l ə. Mürdəşirdi Baba. 
Z ü l e y x a. Necə yəni mürdəşirdi Baba? 
Ə d i l ə. Mürdəşirdi də. Vaxt tapan kimi qaçıb məsciddə ölüyuyana kömək eləyir. 
Gülzar(vahimə ilə). Vay, mama! 
Z ü l e y x a. Niyə? 
Ə d i l ə. Necə niyə? Pul qazanır də. 
G ü l z a r. Vay... Ada, belə adamla bir yerdə necə işləyirsən? 
Ə d i l ə. Adam kimi. 
G ü l z a r. Qorxmursan? 
Ə d i l ə. Nədən qorxacağam? 
Gülzar(Züleyxaya). Mən sənə deyirəm ki, bu əvvəlki Ada deyil. 
Ə d i l ə. Ona görə ki, Babadan qorxmuram? Babanın nəyindən qorxmalıyam? On il bundan 
qabaq olsaydı, qorxardım. Çünki dünyadan xəbərim yox idi, kef eləyirdik özümüzçün, gəzirdik, 
oynayırdıq, oxuyurduq... 
Z ü l e y x a. Day demirdik ki, ətdən olan divara etibar yoxdur. 

 
90
Ə d i l ə. Elə bilirsiniz ki, burada işləyənlərin hamısı Yoldaş  Təki dolaya bilər? Işçilər tük 
salırlar Yoldaş Tək adı gələndə. Bilirsiniz necə qorxurlar ondan? Sən dünyanın işinə bax ki, bu da 
mənə yaltaqlanır... 
G ü l z a r. A-a-a... Nə münasibətlə sənə yaltaqlanır bu? 
Ə d i l ə. Bir-iki ildən sonra pensiyaya çıxacaq. Indidən mənə yaltaqlanır ki, o vaxt Xəlil 
bunun pensiya işinə kömək etsin. Hərdənbir məndən soruşur ki, (Yoldaş  Təki yamsılayır.)  Ictimai 
Təminat Nazirliyində nə var, nə yox, yoldaş Ədilə?..  
G ü l z a r. Yazıq... 
 
Kiçik pauza. 
 
Ə d i l ə. Elə biz də yazığıq... 
G ü l z a r. Day demə... 
Z ü l e y x a. Nə olub e, sizə? 
Y o l d a ş  T ə k  (oturduğu yerdən). Baba! 
Baba(yerindən sıçrayaraq). Bəli, Yoldaş Tək! 
Y o l d a ş  T ə k. Fasilə bitdi. 
B a b a. Bu dəqiqə, Yoldaş Tək. 
 
Baba gəlib qapını açır. 
 
G ü l z a r. Yaxşı, Ada, biz getdik. 
Ə d i l ə. Yaxşı, privet. 
G ü l z a r. Hə, yadımdan çıxmışdı, dokumentləri yenə instituta verdim axı... Qiyabi. Ya 
qismət. 
Ə d i l ə (zarafatla). Allah kərimdir. 
Z ü l e y x a. Biri ah çəkir ki, çoxlu borcum var. Deyirlər: – «Allah kərimdir». Deyir ki, dərd 
burasındadır Kərimə də borcluyam. (Ayağa qalxır.) Sağ ol, Ada. Krinplin palto alsam, axşam gətirib 
evdə sənə göstərəcəyəm. 
Ə d i l ə. Yaxşı. 
 
Qızlar gedirlər. Yenə iş başlayır. Gəlib-gedən çoxalır. Ə d i l ə bütün işlərini elə bil ki, mexaniki surətdə görür; 
fikirli və dalğındır. Yoldaş Tək öz yerindən qalxıb ona yaxınlaşır. Tərəddüd içindədir. 
 
Y o l d a ş  T ə k. Deyirsiniz ki, bu gün səhər tanış olmusunuz? 
Ə d i l ə (fikrindən ayrılaraq). Nə? 
Y o l d a ş  T ə k. Deyirəm ki, bu gün səhər tanış olmusunuz? 
Ə d i l ə. Kimi deyirsiniz, Yoldaş Tək? 
Y o l d a ş  T ə k. Yoldaş Məlikməmmədovu deyirəm də... 
Ə d i l ə. Hə-ə... 
Y o l d a ş  T ə k. Deyirsiniz ki, lap yuxarıların adamıdır? 
Ə d i l ə (köks ötürərək). Lap... 
Kiçik pauza. 
 
Y o l d a ş  T ə k  (mehriban danışmağa çalışır, amma bu çox süni görünür). Bu gün səhərdən 
gözümə kefsiz dəyirsiniz, yoldaş Ədilə, bir hadisə baş verməyib ki? 
Ə d i l ə (biganəliklə). Qayınatam vəfat edib, Yoldaş Tək.  
Y o l d a ş  T ə k  (eynəyini düzəldərək çox ciddi). Yəni lap rəsmi surətdə vəfat edib? 
Ə d i l ə (eyni biganəliklə). Yox, rəsmi surətdə yox... 

 
91
Y o l d a ş    T  ə k  (özünü saxlaya bilməyərək – çox da Ədilə bu gün səhər yoldaş 
Məlikməmmədovla tanış olub). Bura evdən də pisdir! Siz öz analarınızdan betərsiniz, oğlanlarımız 
bizdən betər olan kimi... (Uzaqlaşır.) 
 
Iş öz qaydası ilə davam edir. Ə d i l ə əvvəlki kimi mexaniki olaraq ona müraciət edənləri yola salır. Boş 
vaxtlarında isə yenə gözlərini naməlum nöqtəyə zilləyir, elə bil kimi isə gözləyir... 
  
  
 
ÜÇÜNCÜ ŞƏKİL 
 
Fasilədən bir az keçib. 
 
     Qara  frak  geymiş bir oğlan  əlində skripka, heç kimə  və heç nəyə fikir vermədən səhnəyə daxil olub, cəld 
addımlarla  Ədiləyə yaxınlaşır.  Ədilənin başı üzərində dayanıb skripkanı qaldırır və çalmağa başlayır. 
Tamaşaçıdan başqa onu heç kim görmür – nə Ə d i l ə özü, nə yuxarı başda öz yerində oturub sayğacla hesab 
aparan Yoldaş  Tək, nə «posılka»ların üstünə surğucla möhür vuran Baba, nə  də digər pəncərələrin qarşısında 
oturub öz işlərini görən başqa işçilər; aydın məsələdir ki, dəqiqədəbir poçt şöbəsinə girib-çıxan adamlar da onu 
görmür. Ədilənin gözləri yol çəkir, elə bil bu saat kim isə gəlib düz onün qarşısında dayanacaq və bu «kim isə» 
qeyri-adiliklər təcəssümçüsü olacaq. Ağ köynəkli, qara kostyum və qara qalstuklu bir Kişi elə bil boşluqdan 
gəlirmiş kimi, poçt şöbəsinin bayır qapısından içəri girib Ədiləyə yaxınlaşaraq üzbəüz dayanır. Tamaşaçıdan və  
Ədilədən başqa heç kim bu gəlişə etina etmir, çünki heç kim onu görmür. 
 
K i ş i. Salam. 
Ə d i l ə (bir uşaq məftunluğu ilə). Salam... 
K i ş i. Mənə məktub var? 
Ə d i l ə. Sizə?.. Bu saat baxım (böyük bir cəhdlə «Dovostrebovaniya» məktubları araşdırır, 
sonra məyus-məyus) Yox, sizə məktub yoxdur... 
 
Kiçik pauza.  
 
Skripkaçı yenə çalır.  
 
K i ş i. Yaxşı baxın, xahiş edirəm. 
 
Ə d i l ə  yenə böyük canfəşanlıqla məktubları bir-bir araşdırır. 
 
Ə d i l ə (son dərəcə məyus). Yox, yoxdur... 
Kişi(fikirli). Deməli belə... 
Ə d i l ə  (kiçik tərəddüddən sonra). Siz məktub gözləyirsiniz. Bu məktub sizin üçün çox 
vacibdir, elə deyilmi? 
K i ş i. Elədir. 
Ə d i l ə. Siz bu məktubu almalısınız. Mütləq almalısınız. (Yavaş-yavaş artan bir həyəcanla) 
Siz bu məktubu məndən almalısınız. Bu məktub gələcək.  
Kişi(fikirli). Gəlməlidir. Bilmirəm niyə gecikir... 
Ə d i l ə. Siz darıxmayın. Siz bu məktubu almaq üçün hər gün gələcəksiniz... Hər gün gəlib 
məndən istəyəcəksiniz bu məktubu, hər gün. Elə deyilmi?  
K i ş i. Elədir. 
Ə d i l ə. Mən bilirəm ki, bu məktub sizin üçün çox vacibdir. Amma bu məktub geciksə də sizə 
heç nə olmayacaq, siz acıqlanmayacaqsınız, məyus olmayacaqsınız, mənimlə danışacaqsınız, söhbət 
edəcəksiniz. 
 

 
92
Pauza. 
 
Siz indi də heç hara getməyəcəksiniz... Biz... biz ən yaxın adamlar olacağıq.  (Daha da 
həyəcanlı.) Biz... biz... biz ən doğma adamlar olacağıq. (Təşvişlə) Elə deyilmi? 
Kişi(gülümsəyərək). Elədir. 
 
Yavaş-yavaş ətrafda işıq sönməyə başlayır. Qara frak geymiş Skripkaçı da skripkasını boynundan ayırıb asta 
addımlarla səhnədən çıxır. Işıq yalnız Ədilənin və Kişinin üzərinə düşür, ətraf görünməzdir. 
Ə d i l ə. Mən sizə  hər  şeyi danışacağam. Heç kimə danışmadıqlarımı, heç kimə demək 
istəmədiklərimi sizə deyəcəyəm.  (Öz yerindən qalxıb Kişiyə yaxınlaşır.)  Mən sizdən heç nə 
gizlətməyəcəyəm. Siz də  mənə qulaq asacaqsınız. Siz də  mənimlə söhbət edəcəksiniz. Biz bir-
birimizə inanacağıq. Biz bir-birimizin sirdaşı olacağıq, elə sirdaş ki, indiyəcən heç kimlə bu cür 
sirdaş olmamışıq. Biz sizinlə gəzməyə çıxacağıq. Biz sizinlə dağları gəzəcəyik, gül-çiçək dərəcəyik, 
yağışa düşəcəyik. Siz mənim yanımda oturub dumanlı dağlara baxacaqsınız. Siz deyəcəksiniz: 
 
Dağlar dumana qaldı, 
Otu sarala qaldı. 
Soyuq bulaq, göy çəmən – 
O da marala qaldı. 
 
Siz deyəcəksiniz, elə deyilmi? 
K i ş i. Elədir. (Kiçik pauzadan sonra) Dağlar dumana qaldı. 
Ə d i l ə. Otu sarala qaldı... 
K i ş i. Soyuq bulaq, göy çəmən... 
Ə d i l ə. O da marala qaldı... 
 
Pauza. 
 
Mənim bütün hisslərim sizin yanınızda çılpaq olacaq. Mən bu çılpaqlıqdan utanmayacağam, 
çünki siz mənim  ən doğma adamımsınız. Mən heç vaxt, heç kimə deyə bilmədiklərimi, sizə 
deyəcəyəm. Axı, mən heç kimə heç nə deyə bilmirəm... Çünki daha heç kim məni başa düşə 
bilməz... Çünki adamlar mənim üçün yaddır... Çünki daha mən də onlara qarşı biganəyəm... 
K i ş i. Mən bunları bilirəm... 
Ə d i l ə. Bilirsiniz? Əlbəttə, əlbəttə, siz bilirsiniz. (Kişinin əlindən tutur.) Siz hər şeyi 
bilirsiniz. Siz bütün suallara cavab verəcəksiniz. Siz suallardan qorxmursunuz. Bu suallar gecənin 
zülmətində yatağınızda uzanarkən sizi didib-dağıtmır, yuxunuzu qaçırtmır. Siz rahat... və azad... 
sərbəst yatırsınız. Siz xoş yuxular görürsünüz, amma bu yuxular sizin yeganə pənahınız deyil... Siz 
yuxuda gülümsəyirsiniz, amma bu yuxulu gülüşlər sizin üçün yeganə xoşbəxtlik anları deyil. 
Cürbəcür suallar sizi məşhər ayağına çəkmir... Siz düşünmürsünüz ki, nə vaxta qədər bu cür davam 
edəcək? Siz bunu düşünmürsünüz, çünki siz güclüsünüz, çünki siz müdriksiniz, çünki siz 
cəsursunuz... Rıtsarsınız siz... Sizin həyatınız bu sualları doğurmur. Sizin həyatınız bu suallar üçün 
əsas vermir. Çünki siz qeyri-adisiniz... (Kişinin əlindən çəkərək səhnənin ortasına gəlir, uzaqlara 
baxır.) Biz sizinlə səyahətlərə çıxacağıq, gəmi ilə üzəcəyik, təyyarə ilə uçacağıq. Biz sizinlə meşəyə 
gedəcəyik, ocaq çatacağıq. Axşamlar alaçıqda oturub yağış damcılarının tıqqatıqqına qulaq 
asacağıq, bu meşə isə qalacaq, bu yağış isə qalacaq. Yaddan çıxaracağıq. Hər şeyi yaddan 
çıxaracağıq; həyatın qulağımızın dibindən ötüb-keçməsini də, qayğılarımızı da, mənasızlıqları da, 
pis adamları da, kütbeyinləri də, yazıqları da, xoşbəxt yaşayanları da. Biz ancaq öz aləmimizdə 
olacağıq: siz, mən, bir də ki, meşə... bir də ki, meşənin qaranlığı... bir də ki, meşədəki ağaclar... bir 
də ki, bizim balaca alaçığımız... bir də ki, yağış damcılarının tıqqatıqı... bir də ki, tetra quşlarının 
uzaqdan gələn qurultusu... Bizdən bir az aralı dağ çayı axacaq. Çayın qıjıltısını eşidəcəyik. Sonra 

 
93
qurbağalar səs-küy salacaq. Sonra sükut çökəcək, xoflu bir sükut. Meşənin bu xoflu sükutu bizim 
ürəyimizi uçundurmayacaq, yox, bu xof bizə səadət gətirəcək. Biz zirvədə olacağıq. Biz bütün 
daxilimizlə bu səadətin içində itib-batacağıq, başımızı itirəcəyik bu səadətdən. Təkcə bu səadətin 
içində olacağıq, ən xırda xatirələri belə unudacağıq. Azad olacağıq, tamam azad. Dünyanın ən azad, 
dünyanın ən sərbəst adamları olacağıq. Heç nə bizi narahat etməyəcək, heç nə bizi sıxmayacaq, heç 
nə barədə fikirləşib ürəyimizi qısmayacağıq. Səhər tezdən durub dağ çayında çiməcəyik. Bülbüllər 
oxuyacaq: «Gül, gül, gül. Açıl, açıl, açıl». Sonra yarğan boyu gəzəcəyik. Hər tərəfimiz sarı çiçəklər 
açmış yonca olacaq, ağ çobanyastığı olacaq, gövdələrini mamır basmış palıd ağacları olacaq. 
Çiçəklənmiş böyürtkən, itburnu kolları olacaq. Biz isə qoca bir palıd gövdəsinə söykənib dağın 
döşündəki sarı biçənəyə baxacağıq və sevinəcəyik... Biz sevinəcəyik, elə deyilmi? 
K i ş i. Elədir. Biz tez-tez görüşəcəyik və tez-tez də sevinəcəyik. 
Ə d i l ə. Doğrudan? Siz düz deyirsiniz? Əlbəttə, düz deyirsiniz. Əlbəttə, doğru deyirsiniz. Bir 
də belə yersiz suallar vermərəm. Biz tez-tez görüşəcəyik, lap tez-tez. Çünki başqa cür mümkün 
deyil. (Yenə get-gedə həyəcanlanır.) Daha bu cür mümkün deyil, başa düşürsüzmü? Mümkün deyil. 
Mən daha bu cür yaşaya bilmərəm. Insan nə qədər özünü aldadar? Bu qədər mənasızlıq olarmı? Bu 
qədər eynilik olarmı? Niyə  həyat mənim üçün bu qədər boş keçir? Adam nə  qədər xəyala dalar? 
Adam nə  qədər öz-özü ilə danışar? Nə vaxta qədər yalnız öz xəyalında, xəyalən qurduğu aləmdə 
xoşbəxt olar? Axı, nə vaxta qədər eyni bir sual mənim qulaqlarımı deşəcək: « – Nə olsun?» – Nə 
vaxta nədər? Axı, artıq buna tab gətirmək mümkün deyil. Mümkün deyil, bilirsinizmi? 
K i ş i. Bilirəm. 
Ə d i l ə. Bilirsiniz, əlbəttə, bilirsiniz. Siz hər şeyi bilirsiniz. 
K i ş i. Biz sizinlə çox söhbət edəcəyik. Mən məktub alana qədər sizinlə görüşəcəyik. 
Ə d i l ə. Siz məktubu alana qədər? Sonra biz daha görüşməyəcəyik? Tələsməyin o məktubu 
almağa, xahiş edirəm, tələsməyin. Bəlkə sabah gəldi? Yox, siz məktubu alandan sonra da biz bir-
birimizlə görüşəcəyik, çünki həmin məktubda xoş xəbər olacaq, mən indidən duyuram. 
K i ş i. Yox, həmin məktub gələndən sonra daha biz bir-birimizə lazım olmayacağıq. Bizim 
görüşməyimizə, söhbətimizə artıq ehtiyac olmayacaq, çünki o məktub gələcək. 
Ə d i l ə. Mən bunu istəmirəm. Istəmirəm bunu. 
K i ş i. Hər şey yaxşı olacaq, siz ki, bunu indidən duyursunuz... (Əlini Ədilənin əlindən çəkir.) 
Yaxşı olacaq hər şey... 
Ə d i l ə. Siz bunu tamaşaçılar üçün xəbərdarlıq kimi deyirsiniz, ya doğrudan da belə olacaq? 
K i ş i. Doğrudan da. 
Ə d i l ə. Siz gedirsiniz? 
K i ş i. Mən yenə gələcəyəm. 
 
Işıq yavaş-yavaş yanmağa başlayır. Ə d i l ə öz yerində oturub.  
Işıq tamam yandıqda artıq Kişi yoxdur; o gedib. Ədilənin  
pəncərəsinin qarşısında gözünə eynək taxmış, əlində əsa olan  
Qoca Professor dayanıb. 
 
Qoca Professor(sol  əlində tutduğu məktuba baxaraq). Ay xanım, ay gözəl, ay qəşəng, axı, 
neçənci dəfədir dedim ki, mənim familyam Əliquluzadədir, siz yenə də nə məktub vermisiniz mənə? 
Bu məktub ki, (höccələyə-höccələyə oxuyur) Qəm-bər-qu-lu-za-də-yə-dir. Ay balam, mənim 
Qəmbərquluzadə ilə  nə  işim var? Axı, mən  Əliquluzadəyəm, bayaq Martirosyan, indi də 
Qəmbərquluzadə... 
Ə d i l ə (elə bil yuxudan ayılır). Nə deyirsiniz? Ah, bağışlayın, üzr istəyirəm, bağışlayın. Nə 
oldu sizin familiyanız? 

 
94
Qoca Professor(heyrətlə Ədiləyə baxaraq). Pardon, pardon! Bu oldu gözgörəsi adam dolamaq. 
Professor Əliquluzadəni dolamaq olmaz. Mən buna dözə bilmərəm. Pardon! Hanı sizin müdiriniz? 
Müdirinizi çağırın! 
 
 
 
Yüklə 2,34 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin