Seksual meyl pozğunluqları mövzusunun müzakirəsinin
əhəmiyyəti
Şahin Böyükağa oğlu Əlibəyli
The importance of discussing the theme of sexual desire
disorders
Shahin Boyukaga oglu Alibeyli
Важность обсуждения темы расстройств сексуального
влечения
Шахин Боюкага оглы Алибейли
Seksoloji pozğunluqlar həm seksual disfunksiya, həm də
parafiliyalar şəklində meydana çıxa bilir. Buna görə seksual meylin
təkcə kəmiyyətcə pozğunluqları haqqında deyil, eyni zamanda onun
keyfiyyətcə normadan kənara çıxması barəsində dürüst elmi
məlumatların verilməsi lazım gəlir.
Seksual həyatın bir çox aspektlərinin gizlədilməsi və onların
üstündən sükutla keçilməsi arzu olunmayan nəticələrə gətirib çıxarır.
Ancaq bəzi məsələlər var ki, bədbəxt hadisələrin baş verməməsi və
xoşagəlməz əlamətlərin büruzə olunmaması üçün müvafiq
qabaqlayıcı tədbirlər görülməsindən ötrü onların məhz vaxtında aşkar
edilməsi zəruridir.
Bir çoxları fikirləşə bilər ki, əgər insan özü psixi və fiziki
cəhətdən tamamilə normaldırsa, sağlamlığına heç bir şübhə etmirsə,
onun seksual meyl pozğunluqları və cinsi cinayətlər haqqında
bilgilərə ehtiyacı yoxdur. Hətta bəzilərinin qənaətinə görə, hər hansı
qeyri-adi seksual meyl forması barəsində məlumat verilməsi «ideya»
kimi çıxış edərək bunu həyatda təkrarlamaq fikrini formalaşdıra,
necə deyərlər, dəlinin yadına daş salırmış kimi effekt doğura bilər.
Ancaq seksual meyl pozğunluqları və cinsi cinayətlər haqqında elmi
məlumatların, mötəbər bilgilərin əldə edilməsi bir neçə cəhətdən artıq
zərurətə çevrilmişdir.
Birincisi, elektrotexnika və rabitə vasitələri sahəsində
misilsiz nailiyyətlər əldə edilməsi nəticəsində insanların informasiya
əldə etməsi imkanları hədsiz dərəcədə artmışdır. Lap ucqar kəndlərdə
yüksək sürətli internetdən istifadə etməyin mümkün olduğu bir
zəmanədə müəyyən seksual pozğunluq formasını insanlardan gizli
saxlamağın məntiqsizliyi qəbul edilməlidir. Nəzərə almaq lazımdır
ki, araşdırıcı, yaradıcı insanlar üçün faydalı internet resursları olduğu
kimi, cəmiyyəti əxlaqsızlığa sürükləyən, özbaşınalığa çağıran,
intisamsızlığa səsləyən, hətta bəzən təxribatçı xarakter daşıyan və
çox ziyanlı olan məlumatların kütləvi şəkildə yayıldığını, uydurma
xarakterli zərərli materialların geniş vüsət tapdığını, aşağı
dünyagörüşünə malik savadsız şəxslərin lüzumsuz və azdırıcı
fikirlərilə dolu forumların, müasir kompüter proqramlarının geniş
imkanları hesabına montaj edilməklə ərsəyə gətirilən və əslində
çaşdırıcı məqsəd güdən fotoqrafiyaların, çirkabla dolu olan və məkrli
olduğu dərhal sezilən neçə-neçə pornosaytın misli görünməmiş
dərəcədə geniş bir miqyasda təsir etdiyini heç bir vəchlə inkar etmək
olmaz. Hətta sağlam düşüncəli və düzgün əqidəli adamlara onların
xətərsiz ötüşmədiyi göz qabağındadır. Bunların hamısından baş
çıxarmaq, necə deyərlər, doğrunu yalandan ayıra bilmək üçün elmi
məlumatlara ehtiyac durmadan artır.
İkincisi, normal cinsi həyat sürən insan bu və yaxud digər
seksual kənarlanması olan şəxslə toqquşduqda, üzbəüz gəldikdə,
yaxud onu öz tələbatını qeyri-adi şəkildə ödəməyə çalışdığı vaxtda
yaxaladıqda baş verənləri düzgün qiymətləndirmək və mövcud
vəziyyətdən rahatlıqla çıxmaq üçün məlumatlılıq çox kara gəlir. Bir
tərəfdən parafiliyalı insanın hərəkətinə düzgün olmayan, yersiz və
nəzakətsiz şəkildə kəskin reaksiya verməklə onu özünüöldürmə
həddinə qədər gətirmək olar. Digər tərəfdən ictimai yerdə təsadüfən
parafiliyalı adamın seksual ehtirasının qurbanı və yaxud şahidi olan
şəxsin taktika baxımından namünasib gedişi arzu olunmayan
nəticələrə gətirib çıxara bilər. Belə hallarda seksual pozğunluğu olan
adamın qəzəbinə tuş gəlmək, onun zorakı hərəkətlərinə məruz
qalmaq (zorlanmaq), hətta daha faciəli situasiyalarda olmaq (çox
ciddi bədən xəsarəti almaq, öldürülmək və sairə) tamamilə
mümkündür.
Üçüncüsü, yaxın bir adamın, qohumun, qonşunun, dostun,
tanışın, bir yerdə çalışdığı kollektiv üzvünün hər hansı seksual meyl
pozğunluğundan əziyyət çəkdiyinə əmin olduqda, yaxud «müəyyən
məsələdən» söz düşəndə onun biganə qalmadığından şübhələndikdə,
beləsinə vaxtında dəstək olmaq, düzgün və səmərəli kömək edə
bilmək üçün heç olmasa istiqamət verməkdən ötrü yenə elmi
səviyyədə məlumatlar lazım gəlir.
Dördüncüsü, seksual meylin normal məcradan çıxması
barəsində səhih məlumat əldə edilməsi hər bir insana ayrılıqda
seksual-erotik aktivliyini sağlam şəkildə mülahizə etməyə, «incə
sahə» hadisələrinə qətiyyətlə yanaşmağa, özünün intim həyatdakı
davranışına düzgün qiymət verməyə yardım edə bilər.
Beşincisi, seksual meyl pozğunluqları probleminin doğru
başa düşülməsi insana partnyoruna münasibətində daha ədalətli
mövqe tutmaqda çox kömək edə bilər. Deyək ki, ər-arvaddan birini
«adi» seksual əlaqə qane etmir, onda həmin şəxs yavaş-yavaş
əqidəsində möhkəmlənməkdə olan «marağını» artıq gizlətmək
istəmir, «Kamasutra»nın təqdim etdiyi pozaları bircə-bircə sınaqdan
keçirməyə başlayır, istədiyini tapmağa çalışır. Qarşı tərəf onun «nə
itirdiyini» başa düşə bilmir, əldə edə bilmədiyini durmadan
«axtarmasını» gördükdə rahatlığı köklü şəkildə pozulur, onun normal
səviyyədə cərəyan etmiş cinsi aktdan niyə həzz ala bilməməsinə
ancaq təəccüblənir və canının qorxusundan tez bu «manyakın»
əlindən xilas olmaq üçün yollar axtarır. Bəzən tərəflərdən birinin
yataqda sadəcə «taktikanı» dəyişmək təklifi digərinə çox dəhşətli bir
hal kimi görünür. Cinsi aktı «ünvansız» səmtə meyl etdirmə istəyi
partnyoru tərəfindən heç cür başa düşülmür. Üstəlik, belə partnyor
dərhal ondan aralanmağa, qəlbini didib-dağıdan bu kabusdan tezliklə
uzaqlaşmağa qərar verir. Çaşqın vəziyyətdə yaxşı düşünə
bilmədiyindən özünü itirmək həddinə çatan adam gələcəyini
təsəvvürünə gətirməkdə aciz ola, bundan sonra necə hərəkət etməyi
və nələr törətməyi sadəcə bacarmaya bilər. Boşanmaq üçün
məhkəməyə müraciət etmək, həyat yoldaşını götürüb «müalicə»
üçün psixiatrın, seksoloqun qəbuluna getmək, məsləhətləşmək üçün
psixoloqun və yaxud başqa bir mütəxəssisin yanına yollanmaq,
partnyorunun yaxınlarını xəbərdar edib bununla bağlı müzakirələr
aparmaq, bəlkə hələ tələsməyib gələcəkdə «dil tapa biləcəyinə» ümid
etmək – bütün bunlar həll edilməmiş olaraq qalır və konkret cavab
gözləyir. Çarəsiz vəziyyətə düşdüyünü zənn edən insan karıxaraq
bəzən falçı, cadugər kimi vicdansızların toruna düşür. Oxşar mənzərə
yeni ailə quran hər bir gəncin başına gələ bilər. Halbuki seksual meyl
kənarlanmaları barəsində düzgün təsəvvürə malik olan insanın
soyuqqanlı davranmaqla çox qısa zaman ərzində məsələyə aydınlıq
gətirməsi, lazımi tədbirlər görməsi, vəziyyətin kifayət qədər ciddi
olduğu hallarda heç olmasa itkisiz ötüşməsi və partnyorunun tibbi-
psixoloji yardım almasına şərait yaratmaqla savab bir iş görməsi
mümkündür.
Altıncısı, seksual sahədə istənilən qeyri-adi hadisənin
respublikamızda rast gəlinə bilməsi istisna edilmir. Azərbaycan
dünyanın bir hissəsidir, buna görə də ölkəmiz planetdə baş verən
hadisələrdən kənarda qala bilməz. Son illərdə sürətlə inkişaf edən
Azərbaycanın dünyaya inteqrasiyası bu baxımdan diqqətli olmağın
zəruriliyini bir daha artırır. Xeyli sayda vətəndaşımız müxtəlif xarici
ölkələrə səyahət edir, dünyanın əksər yerlərindən ölkəmizə turistlər
gəlir. Şübhəsiz ki, əlaqələrin genişlənməsi fonunda bəzi məkrli
qüvvələrin fəallaşaraq lazımsız adət və ənənələrini xalqımıza sırımaq
istəməsi mümkündür. Müdrik xalqımız milli-mənəvi dəyərlərimizi,
əxlaqi keyfiyyətlərimizi nə qədər qorumağa çalışsa da, ayrı-ayrı
insanların xain qüvvələrə qoşulması, vətənə dönük çıxması istisna
edilmir. Xüsusən seksual sahədə inqilab etmək istəyənlər canfəşanlıq
göstərirlər. Respublikamızda irimiqyaslı beynəlxalq tədbirlərin
keçirildiyi ərəfədə belə yaramaz insanların daha artıq dərəcədə
aktivləşməsinin dəfələrlə şahidi olmuşuq. Müvafiq dövlət orqanları
tərəfindən vaxtında lazımi tədbirlərin görülməsi, həmçinin
vətənpərvər insanların iradə nümayiş etdirməsi sayəsində qara
qüvvələrin öz planlarını həyata keçirməsi mümkün olmamışdır.
İnsanları seksual sahədə özbaşınalığa çağıranlarla, əxlaqsızlığa
sürükləyənlərlə mübarizədə ən güclü silahlardan biri elmi
məlumatlara istinad edən maariflənmənin təşkil edilməsidir.
Nəhayət, yeddincisi, müəyyən bir seksual kənarlanmanın
yaranmasının qabağını almaqdan ötrü uşaqları tərbiyə edən zaman bu
sahədə müvafiq bilgilərdən istifadə olunması zəruridir. Açıq-saçıq
səhnələrin geniş yer aldığı, bir çox hallarda qeyri-normal meyl
formalarının sanki təbliğ edildiyi «müasir» serialları azyaşlıların da
izləyə bildiyi bir vaxtda onların suallarını cavabsız qoymaq
istəməyən valideynin səhv izahat verməsi həyatın ağuşuna təzə-təzə
atılmaqda olan şəxsiyyətin psixoseksual inkişafına sadəcə sarsıdıcı
zərbə endirə bilər.
Təxminən 25–30 il bundan əvvəl cəmiyyətdə əxlaqsızlığın
geniş yayılması haqqında nəinki yazmaq, hətta bərkdən danışmaq
belə qəbahət sayılırdı. Böyük imperiyanın yürütdüyü siyasətin
təsirinin labüd nəticəsi olaraq belə bir istiqamət götürülmüşdü ki,
bizə nəyi deyirdilərsə dərhal buna inanmalı və təkrar etməli idik,
daha onun əleyhinə çıxmağa, fikir və münasibətimizi bildirməyə,
iradımızı bəyan etməyə, təklifimizi çatdırmağa sadəcə haqqımız yox
idi, sanki hər şey əlimizdən alınmışdı. Yüksək kürsülərdən beyinlərə
amiranə şəkildə yeridilirdi ki, bizim cəmiyyətdə ələyrilik, oğurluq,
quldurluq, özbaşınalıq, vəzifədən sui istifadə etmə, yalançılıq,
xəyanət, fahişəlik, narkomaniya, homoseksualizm, zoofiliya və başqa
heç bir neqativ hal ola bilməz. Bunlar yalnız kapitalizm cəmiyyətinə,
burjua ölkələrinin vətəndaşlarına xas olan eybəcər hallardır,
mütərəqqi düşüncəli insanların belə yaramaz hərəkətlər etməyə
sadəcə ehtiyacı yoxdur. Heç kim deyə bilməzdi ki, yalan pərdəsi
altında cəmiyyətdə bütün neqativ hallar gizlincə inkişaf edəcək,
danılmaz faktlar kimi ortaya qoyulacaqdır. «Bizdə seks yoxdur» –
deyənlər çox keçmədən başa düşdülər ki, insanları uçuruma aparan
pozğun həyat tərzi artıq genişlənmiş və ölçüsü günbəgün artmışdır.
Hər hansı bir şeyin inzibati tədbirlərlə qadağan olunması
məsələnin doğru həlli yolu deyildir, çünki belə qadağa müəyyən
müddət keçdikdən sonra həmişə əks effektə səbəb olur, vəziyyətin
kifayət qədər gərginləşməsinə gətirib çıxarır. Uzun müddət seks
mövzusunun məhz qapalı olması, müzakirəyə şıxarılmaması
ucbatından qadağa götürüldükdən sonrakı dövrdə anlaşılmaz
vəziyyət yaranmışdı. Hər şeydən öncə aşağı keyfiyyətli bulvar
məhsullar yığını sel kimi ortaya tökülməyə başladı. Cildi və səhifələri
çılpaq şəkillərlə bəzədilmiş qəzet və jurnallarda seksual həyat daha
maraqla qarşılanan bir mövzuya çevrilmişdi. Hətta maddi cəhətdən
varlanmağı hər şeydən üstün tutan bəzi vicdansız müəlliflər
informasiya qıtlığından məkrli şəkildə istifadə edərək keyfiyyətsiz
kitablar nəşr etdirməklə insanlara sırımağa başlamışdılar. Həqiqətdə
insanların düzgün elmi məlumatlara malik kitablara ehtiyacı vardır.
Seksoloji məlumatların azlığı çoxlu problem yaradır. Axı,
cinsi həyatla bağlı məhdud məlumata malik insanlar bir sıra hallarda
çətinliklərlə üzləşirlər.
İstifadə olunmuş mənbələr
1. Əlibəyli Şahin Böyükağa oğlu. Seksual meylin keyfiyyət
pozğunluqlarının fenomenologiyası və təsnifatı [Mətn]. Bakı,
«Gənclik» nəşriyyatı, 2005, 530 səh.
2. Еникеева Диля Дэрдовна. Сексуальная патология
(серия «Беседа с доктором») [Текст]. В двух книгах, вторая
книга, Москва, издательство «Бином», 1997, 192 стр.
3. Кон Игорь Семѐнович. Введение в сексологию
[Текст]. Монография. Учебное пособие. Москва, издательство
«Медицина», 1988, 320 стр.
4. Кон Игорь Семѐнович. Введение в сексологию
[Текст]. Монография. Учебное пособие. Издание второе,
дополненное / Рецензент: профессор Георгий Степанович
Васильченко. Москва, издательство «Медицина», 1989, 336 стр.
Dostları ilə paylaş: |