Xarici siyasət Ərəb xilafətinin tənəzzülü, xüsusən də səlcuq yürüşləri dövründən başlayaraq müsəlman şərqinin böyük bir hissəsində siyasi hakimiyyət türklərin əlinə keçmişdi. Misirdən tutmuş Hindistana və Xətaya qədər geniş bir ərazidə hökmranlıq edən müxtəlif türk sülalələri daim bir-biri ilə rəqabət halında olmuş, bu isə vaxtaşırı hərbi toqquşmalara aparıb çıxarmışdır. XVI əsrin əvvəllərində islam şərqində dörd türk xanədanı söz sahibi idi: Osmanlılar, Məmlüklər, Səfəvilər və Şeybanilər. Şah İsmayılın öz babası Uzun Həsənə məxsus olmuş məmləkəti bütünlüklə ələ keçirməsindən sonra Səfəvilər dövləti qərbdə Osmanlılar və Məmlüklər, şərqdə isə Şeybanilərlə həmsərhəd olmuşdu. Əslində gənc Səfəvi dövlətinin belə sürətlə genişlənməsi və inkişaf etməsi zəngin Azərbaycan, İran, İraq ərazilərini zəbt etməyi planlaşdıran Şeybanilər və Osmanlılar üçün arzuolunmaz bir sürpriz idi. Şah İsmayılın qonşu dövlətlərlə münasibətlərdəki mövqeyi onun babası Ağqoyunlu Uzun Həsənin xarici siyasəti ilə, demək olar ki, tam eyni idi. Uzun Həsən də şərqdəki Teymurilər və qərbdəki Osmanlılarla müharibələr aparmışdı. Sadəcə olaraq, Səfəvilər sülaləsi hakimiyyətə gəldikdən sonra qonşu dövlətlərlə münasibətlərdə bütün bu siyasi cəhətlərlə yanaşı, dini-ideoloji amil də dövriyyəyə daxil olmuşdu. İslamın sünni cərəyanının bayraqdarı olan Osmanlı və Şeybani dövlətləri rəsmi şiə məzhəbli Səfəvilər dövlətini təkcə hərbi-siyasi baxımdan deyil, ideoloji cəhətdən də özlərinə ciddi rəqib hesab edirdilər. Müasir italiyalı tarixçi A.Bauzani yazır ki, “din bu mübarizədə mühüm rol oynayırdı; özbək Şeybanilər də Səfəvilərin qərbdəki düşmənləri olan Osmanlılar kimi sünni idilər, buna baxmayaraq, bu üç qruplaşmanın hər biri türk mənşəli idi”. Eyni zamanda, Səfəvilər də geniş şiə təbliğatı aparmaqla özlərinə rəqib hesab etdikləri qonşu sünni sülalələrinin hakimiyyətini sarsıtmağa çalışır, şiə əqidəsindən onlara qarşı ideoloji silah kimi istifadə edirdilər. Seyid olduqlarını iddia edərək, hakimiyyət məsələsində “vilayət” (peyğəmbər nəslinin hökmranlıq sürməsi) prinsipini sərt şəkildə ortaya qoyan Səfəvilər özlərindən savayı islam şərqindəki digər müsəlman sülalələrinin hakimiyyətini qeyri-qanuni sayırdılar. Öz şeirlərində peyğəmbər və imamlar nəslinə mənsubluğunu qabardan Şah İsmayıl “müsəlmanəm deyənə rəhbərəm mən” misrasından da göründüyü kimi, özünü bütün islam aləminin lideri hesab edirdi. Bəzi islamşünas Qərb alimləri doğru qeyd edirlər ki, “Səfəvi xanədanı Məhəmməd peyğəmbərin yeganə legitim varisi olduğunu iddia edirdi və beləliklə də, bütün yaxşı müsəlmanların onların rəhbərliyinə tabe olmalarını tələb edirdi. Bu iddia, əlbəttə ki, bütün digər müsəlman hökmdarlarını onların düşməninə çevirmişdi”.
Tarixi faktlar göstərir ki, bu münaqişələrin başlamasında ilk addım məhz Osmanlı və Şeybani dövlətləri tərəfindən atılmışdır və həmin dövlətlərin Səfəvi ərazisinə olan işğalçılıq iddiaları müharibələrin baş verməsində mühüm rol oynamışdır. Etiraf etmək lazımdır ki, qonşu dövlətlərin işğalçılıq planlarına qarşı Şah İsmayıl heç də təkcə müdafiə olunmaq fikrində deyildi, onun özünün də geniş fatehlik planları mövcud idi. O, ata xətti (Ərdəbil şeyxləri) tərəfdən Məhəmməd peyğəmbərə, ana xətti (Ağqoyunlular) tərəfdən əfsanəvi türk hökmdarı Oğuz xana aparılıb çıxarılan şəcərəsinə əsaslanıb, sadiq türk Qızılbaş tayfalarına arxalanaraq, bütün türk-islam dünyasının birləşdiricisi rolunda çıxış etməyə çalışırdı. “Aləmara”da onun öz dilindən “Rum ölkəsi üzərinə yürüşə çıxmaq”, “Toqatdan tutmuş Üsküdaradək” bütün Anadolunu, Mərkəzi Asiyada isə “Ceyhun çayı kənarından ta Dəşt və Xətay vilayətlərinə qədər” uzanan geniş əraziləri fəth etmək kimi işğalçılıq planları açıqlanır. Hətta qeyd olunur ki, Şah İsmayıl 1510-cu ildə Mərv yaxınlığında özbək hökmdarı Şeybani xanın öldürülməsi ilə başa çatan məşhur qələbəsindən sonra Çin imperatorunun (“fəğfur-i Çin”) Xətaya (həmin ərazi türk tayfalarının vətəni olub, Şərqi Türküstan adı ilə də məşhur idi) olan iddialarına işarə edərək, onu da eyni cür cəzalandıracağını ifadə etmişdi. Şeybani xanın başını Osmanlı sultanı II Bayəzidə (Bu hadisədən bir neçə il öncə Sultan Bəyazid Şah İsmaylın düşməni olan sultan Murada Şah İsmayılla döyüşmək üçün odlu silah və çoxminlik qoşun yardımı etmişdir) göndərən Şah İsmayıl qürurla bəyan edirdi: “Əgər [Sultan Bayəzid] öz ədəb ayağını hədd ətəkləri daxilinə yığışdırmasa və özbaşınalıq atına minərək bizim diyarımıza basqın etsə, onun da başını [Şeybani xanın] başı kimi kəsəcəyəm və Hind racasının dərgahına yüz həşəmət və ayin ilə göndərəcəyəm. Əgər Hind racası da [Sultan Bayəzidin] başını görüb ədəb-ərkan saxlamasa, onun da başını bədənindən ayırıb, Çin fəğfuru üçün sovqat göndərəcəyəm. Və əgər o da dargözlük edərək Xətadan dəm vurarsa, başını bədən yükündən azad edib, Firəngdəki Portuqal padşahına yollayacağam”. “Aləmara”dan götürdüyümüz bu parça gənc Səfəvi şahının böyük iddialarını simvolizə edir. Mərv qələbəsindən sonra Səfəvi padşahı özünü “Türküstan taxtının və tacının varisi” kimi qələmə verməyə başlamışdı.
Beləliklə, yarandığı ilk dövrdən başlayaraq Azərbaycan Səfəvilər dövləti beynəlxalq münasibətlər sisteminə ciddi təsir göstərirdi. Keçmiş Ağqoyunlu məmləkətinin fəthindən sonra Şah İsmayılın hərbi-siyasi fəaliyyətində yeni bir mərhələ başlamışdı ki, bu da özündə qonşu dövlətlərin mümkün hücumlarından qorunmaq və həmin dövlətlərin ərazisi hesabına öz imperiyasının sərhədlərini genişləndirmək planlarını ehtiva edirdi.