İnsan hüquqlarının müdafiəsi
İnsan hüquqlarının müdafiəsi ideyası özü-özlüyündə dövlətdaxili hüququn məhsuludur. Bu ideyanın məğzi ondan ibarətdir ki, istənilən fərd məhz insan varlığı olduğuna görə doğulduğu andan müəyyən ayrılmaz hüquqlara malikdir və dövlət bərabər əsasda, heç bir ayrı-seçkilik olmadan bu hüquqları qanunvericilikdə və praktikada təmin etməlidir. Göstərilən ideyanın hüquqi normada öz ifadəsini tapması (yəni pozitivləşməsi) dövlətdaxili hüquq sistemlərinə çoxdan məlumdur. Müasir beynəlxalq hüququ səciyyələndirən məqamlardan biri kimi biz dərsliyin I fəslində göstərmişdik ki, insan hüquqları ideyası İkinci Dünya müharibəsindən sonra beynəlxalq səviyyəyə çıxmış və dövlətlərin müvafiq öhdəlikləri şəklində təsbit olunmuşdur. Əsas etibarilə, suveren və müstəqil dövlətlər arasında münasibətləri tənzimləmək missiyasını yerinə yetirən beynəlxalq hüquqda fərdlərin əsas hüquq və azadlıqlarını nizamlayan norma və prinsiplərin inkişaf etməsi çox böyük əhəmiyyət kəsb edir. Bu norma və prinsiplərin məcmusu beynəlxalq insan hüquqları hüququnu (intemational human rights law) təşkil edir.
Beynəlxalq hüququn bu sahəsi ədəbiyyatda müxtəlif cür adlandırılır: «insan hüquqlarının beynəlxalq müdafiəsi», «beynəlxalq hüquqda insan hüquqları»,
«beynəlxalq insan hüquqları hüququ)), «beynəlxalq humanitar hüquq» və s. Bundan sonrakı mövzuda biz görəcəyik ki, beynəlxalq humanitar hüquq beynəlxalq hüququn digər bir müstəqil sahəsidir və müharibə adət və qanunlarını əhatə edir. Beynəlxalq hüquq elmində, demək olar ki, hamılıqla qəbul olunmuş bu termini genişləndirmək və onunla insan hüquqlarını da əhatə etmək və ya onu yalnız insan hüquqlarına aid etmək, zənnimizcə, doğru deyildir və bu ideya qətiyyən mövcud beynəlxalq sənədlərə və praktikaya söykənmir. İlk iki termin isə formal-hüquqi baxımdan qəbul edilə bilməz. Əgər biz beynəlxalq münasibətlərin deyil, beynəlxalq hüququn sahələrindən danışırıqsa, onda müvafiq normalar
məcmusunu «hüquq» adlandırmalıyıq: məsələn, beynəlxalq dəniz hüququ, beynəlxalq müqavilələr hüququ, diplomatiya hüququ, beynəlxalq cinayət hüququ və s. (yeri gəlmişkən, bəzi dərsliklərdə bu günə kimi «beynəlxalq cinayət hüququ» əvəzinə «cinayətkarlıqla beynəlxalq mübarizə» ifadəsi işlədilir).
İnsan hüquqlarının beynəlxalq-hüquqi müstəviyə çıxmasından danışarkən bir məqamı xüsusilə vurğulamaq lazımdır: heç bir mövcud beynəlxalq müqavilə bilavasitə fərdlərə hüquq və azadlıqlar vermir. İnsan hüquqları sahəsindəki müqavilələrdə işlədilən «hər kəsin... hüququ vardır» konstruksiyası birbaşa fərdlərə deyil, dövlətlərə ünvanlanmışdır. Dövlət müqavilənin iştirakçısı olan digər dövlətlər qarşısında öz üzərinə öhdəlik götürür ki, müəyyən hüquq və azadlıqları yurisdiksiyası çərçivəsində hər bir şəxsə təmin etsin. Belə bir sual ortaya çıxa bilər: əgər hər bir dövlətdə əsas insan hüquqları təsbit olunursa, onda beynəlxalq-hüquqi tənzimləməyə nə ehtiyac vardır? Beynəlxalq hüququn bu sahədə rolu aşağıdakılardan ibarətdir: a) insan hüquqlarının təbii xarakter daşımasını və dövlətin qanunvericiliyindən kənarda və ondan asılı olmayaraq mövcud olmasını bəyan etmək; b) insan hüquqlarının müdafiəsi məsələsinin dövlətin daxili işi olmadığını bəyan etmək; c) dövlətlər üçün ümumi standartlar müəyyən etmək (əsas insan hüquq və azadlıqlarının «kataloqunu» müəyyən etmək); ç) dövlətlərin insan hüquqları sahəsindəki öhdəliklərini necə yerinə yetirmələri üzərində nəzarət mexanizmləri müəyyən etmək.
Beləliklə, insan hüquqlarının müdafiəsi sahəsində ümumi standartlar müəyyənləşdirən və bu standartların dövlətlər tərəfindən yerinə yetirilməsinə nəzarət məqsədilə xüsusi mexanizmiər müəyyən edən normaların məcmusuna beynəlxalq insan hüquqları hüququ deyilir.
Dostları ilə paylaş: |