Serebro-vaskulyar xəstəliklər



Yüklə 18,04 Kb.
tarix02.01.2022
ölçüsü18,04 Kb.
#2169

Serebro-vaskulyar xəstəliklər

Serebro-vaskulyar (beyin-damar) xəstəlik baş beyni qanla təmin edən arterial damarlarda baş verən patologiyalar nəticəsində baş beynin qan dövranın pozğunluğu və bu pozğunluqlarla əlaqədar meydana çıxan müvafiq morfoloji və funksional dəyişikliklərə deyilir. Beyin qan damarlarının patologiyalarına isə əsas etibarilə beyin arteriyalarının aterosklerozu və hipertoniya xəstəliyi zamanı beyin arteriolların hialinozu aiddirlər. Bu xəstəliklərin çox böyük epidemioloji, klinik, morfoloji və tanatoloji əhəmiyyətlərini nəzərə alaraq onların ürək formalarının ürəyin işemik xəstəlikləri adlandırıldığı kimi, 1977-ci ildə Ümumdünya Səhiyyə Təşkilatının qərarı ilə elə bu səbəblərdən da anoloji olaraq bu xəstəliklərin beyin (serebral) formaları serebro-vaskulyar xəstəlik adlandırılmışdır. Epidemioloji və tanatogenetik göstəricilərinə görə ən geniş yayılmış xəstəliklərdən hesab olunur. Belə ki, bütün ölüm hallarının 10 %-i məhz serebro-vaskulyar xəstəliklərin payına düşür.

Xroniki serebro-vaskulyar xəstəliklər baş beyin maddəsinin xroniki hipoksiyası nəticəsində inkişaf edir və baş beyin hüceyrələrinin, xüsusilə də beyin qabığı neyronlarının distrofik və atrofik dəyişikliklərindən ibarətdir.

Kəskin serebro-vaskulyar xəstəliklər isə beyin qan dövranın kəskin şəkildə pozulmalarından ibarətdir. Klinikada isə bu xəstəliklər beləcə də, yəni “Beyin qan dövranın kəskin pozğunluğu” adlanır. Lakin tibbi praktikada əsas klinik əhəmiyyət kəskin serebro-vaskulyar xəstəliklərə verildiyi üçün adətən bu xəstəliklərin kəskin və xroniki qruplara bölünməsi təcrübəsindən istifadə edilmir. Ona görə də serebro-vaskulyar xəstəlik dedikdə adətən bu xəstəliklərin kəskin formaları nəzərdə tutulur. İstər patoloji-anatomik praktikada, istərsə də klinikada beyin qan dövranın kəskin pozğunluqları, yəni kəskin serebro-vaskulyar xəstəliklər insult (latınca: in-sultare; - “zərbə”) adlanır.

Bu növ patologiyalara əvvəllər, hətta son illərə qədər yalnız 2 xəstəlik: baş beyin infarktı (baş beynin işemik infarktı) və baş beyinə qansızma (baş beynin hemorragik insultu) aid edilirdi. Lakin son illər beyin qan dövranının istər işemik xarakterli, istərsə də hemorragik xarakterli kəskin pozğunluqları içərisində ayrı-ayrı patoloji vəziyyət və sindromlar, hətta nozoloji vahidlər də ayırd edilmişlər. Bu ayrı-ayrı patologiyalar bu və ya digər dərəcədə bir-birindən klinik və morfoli, patogenetik və proqnostik xüsusiyyətləri ilə fərqlənirlər.

Digər tərəfdən istər işemik, istərsə də hemorragik xarakterli kəskin pozğunluqların hər ikisinin insult adlandırılması qəbul olunmuşdur.



Kəskin serebro-vaskulyar xəstəliklərin baş verməsinin bilavasitə səbəbləri aşağıdakılardır.

  1. Beyin damarlarının, xüsusilə də arteriolların və kiçik kalibrli arteriyaların uzun müddətli spazmı

  2. Beyin damarlarında tromboz

  3. Beyin damarlarının, həmçinin daxili yuxu və onurğa arteriyalarının (preserebral arteriyalar) trombemboliyası (mitral qapaqlarda revmatik endokardit, aortal qapaqlarda septiki endokardit, miokardın transmural və ya subendokardial infarktları və s.

  4. Hialinozla əlaqədar elastikliyini itirmiş beyin arteriollarının hipertonik kriz zamanı cırılması

Hal-hazırda kəskin serebro-vaskulyar xəstəliklərin aşağıdakı qrupları və növləri ayırd edilir.

  1. Baş beynin işemik insultu

  1. İşemik infarkt

  2. Hemorragik infarkt

  3. Qarışıq infarkt

  1. Baş beynin hemorragik insultu

  1. Hematoma

  2. Hemorragik hopma

  3. Subaraxnoidal qansızma

  1. Baş beynin hipertonik (hemorragik) insultönü dəyişiklikləri

  1. Hipertenzion ensefalopatiya (tranzitor işemiya)

  2. Lakunar dəyişikliklər

  3. Subkortikal leykoensefalopatiya

Kəskin serebro-vaskulyar xəstəliklərin çox geniş yayılmış növü olan hemorragik insultlarla travmatik mənşəli qansızmaları, o cümlədən də patoloji subaraxnoidal qansızmalarla travmatik subaraxnoidal qansızmalar arasındakı diferensial fərqli xüsusiyyətlər və onların xarakter morfoloji cəhətləri göstərilir. O da qeyd edilməlidir ki, bu diferensial xüsusiyyətlər hər bir şəxsə və hadisəyə individual yanaşma nöqteyi-nəzərindən şərti və nisbi qəbul olunmalıdır.

  1. Kəllə beyin travmaları zamanı qansızma adətən birinci növbədə baş beynin yumşaq qişasında, sonra isə, daha ağır hallarda beyin maddəsində baş verir. Hemorragik insultlar zamanı isə əksinə, qansızma ilk növbədə beyin maddəsində, xüsusilə də qabıqaltı nüvələr nahiyəsində bə beyincikdə olur, daha ağır hallarda isə baş beynin yumşaq qişasına da yayılır.

  2. Travma zamanı baş beynə qansızmadan başqa adətən qansızmaya müvafiq nahiyədə başın tüklü hissəsində dəridə və dərialtı toxumada qançır, kəllə sümüklərində sınıqlar, baş beynin yumşaq qişasında zədələnmələr olur. Hipertoniya xəstəliyi zamanı isə bu dəyişikliklər olmur, baş beynə qansızmadan başqa hipertoniya xəstəliyi üçün xarakter makroskopik və mikroskopik dəyişikliklər müəyyənləşdirilir (ürəyin hipertrofiyası, arteriolların, o cümlədən də baş beyin arteriollarının hialinozu və sklerozu və s.), hipertonik krizin xarakter morfoloji dəyişiklikləri qeyd edilə bilir.

  3. Travmatik subaraxnoidal qansızmalar ləkəşəkilli və ya məhdud-diffuz şəkildə məhdud xarakterli olurlar. Çünki mexaniki travmalar zamanı adətən kiçik və orta kalibrli damarlar zədələnir. Kəllə əsası sümüklərində sınıq olmazsa beyin əsasının patologiyasız iri arterial damarları cırıla bilməz. Patologiyalar zamanı isə adətən iri və ya orta kalibrli damarlar partladığı üçün subaraxnoidal qansızmalar da diffuz xarakterli olurlar.

  4. Travmatik subaraxnoidal qansızmalar zamanı ayaqcıqlararası sisternalar çox nadir hallarda qanla dolur. Patologiya mənşəli subaraxnoidal qansızmalar zamanı isə, xüsusilə də beyin əsasındakı arterial damarların anevrizmalarının partlaması zamanı çox əksər hallarda ayaqcıqlararası sisternalar qanla dolmuş olur.

  5. Baş beyin qanaxmalarının mənşəyinin xarakterini aydınlaşdırarkən şəxsin yaşının, onda serebro-vaskulyar xəstəliklərin və ya digər damar patologiyaların olması haqqında tibbi sənədlərin və anamnestik məlumatların, hadisənin baş vermə şəraitinin öyrənilməsi və s. bu kimi məlumatların əldə edilməsi də mühüm əhəmiyyət kəsb edə bilər.

Bütün bunlarla yanaşı istisna etmək olmaz ki, ölümə səbəb ola biləcək baş beyin qanaxmaları patologiya (serebro-vaskulyar xəstəlik) ilə travmanın bu və ya digər dərəcədə qarşılıqlı rolu və müştərək əhəmiyyəti nəticəsində də inkişaf edə bilər. Digər tərəfdən onu da istisna etmək olmaz ki, hemorragik insult travmatik mənşəli baş beyin qanaxmasından bir neçə gün sonra ikincili olaraq da inkişaf edə bilər və ölümə gətirib çıxara bilər.
Yüklə 18,04 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin