SƏRHƏdsiz söz səRVƏtimiz



Yüklə 69.16 Kb.

tarix26.07.2017
ölçüsü69.16 Kb.

SƏRHƏDSIZ SÖZ 

SƏRVƏTIMIZ 

 

Mehmet RIHTIM 

QARABAĞLI MİR HƏMZƏ 

NİGARİ 

 

Canan diləyən dağdağai-cana düşərmi? 



Can istəyən əndişeyi-canana düşərmi? 

Girdik rəhi-sevdaya cünunuz, bizə namus 

Lazım deyil, ey dil ki bu iş şana düşərmi? 

 

deyərək Haqqa olan hədsiz eşqini, Onun yolunda pərvasız sərgərdan halını ifadə edən Qarabağlı Mir 



Həmzə Nigari, aşiqanə şeirləri ilə təsəvvüf ədəbiyyatının önəmli bir şairi, könüllər sultanı, böyük bir 

sufi şəxsiyyətdir. Azərbaycanda Qarabağ xanlığının Bərgüşad mahalının Cicimli kəndində, 1805-ci ildə 

dünyaya gəlmişdir. Atası Mir Paşa adı ilə tanınan Mir Rüknəddin əfəndi, anası isə Qızxanımdır. Həmzə 

əfəndinin Həzrəti Zəhranın övladlarından olan ulu babaları hicrətin birinci və ikinci əsrlərində 

sülalələri və həmvətənləri ilə birlikdə uzaq bir ölkədə gizlənmək və yaşamaq məcburiyyətində 

qalmışlar. Həmin əsrdə Qafqazın Qarabağ vilayətinə köçərək burada bir kəndə yerləşmişlər. "Cicimli" 

adlanan bu kənd ulu seyidlərin gözəl və müqəddəs bir məskəni olmuşdur. 

Həmzə əfəndi uşaqlığını Cicimlidə keçirmişdir. Sadə bir həyat sürən bu kənddə tay-tuş və yaşıdları 

kimi o da silah, barıt, qurşun, saçma kimi odlu silahlara həvəs göstərər, bunlarla məşğul olarmış. 15 


yaşına qədər molla yanına göndərilmişsə də getməkdən imtina etmişdir. Axırda anasının 

danlaqlarından zara gəlib, kənddən qaçaraq o zamanın məşhur müdərrislərindən Qaraqaş kəndindəki 

Mahmud əfəndinin yanına gedərək, orada təhsilə başlamışdır. Qaraqaşda təhsil aldığı zaman 

Nurəddin əfəndi adlı bir şəxslə zövcəsi Nigar xanım onun hər cür ehtiyacını qarşılamış, təhsili üçün 

lazım olan yardımı bu xanımdan görmüşdür. Kəsbi-feyz etməsində bu qadının dəstəyini təqdir edərək 

“Nigari” təxəllüsünü götürmüş və divanında bu addan istifadə etmişdir. 

Qaraqaşdan ayrıldıqdan sonra Şəkinin Dəhnə kəndinə gedərək Şikəst Abdullah əfəndinin dərslərində 

iştirak etmişdir. Burada “Mutavvəl”ə qədər dərs almış, ancaq verdiyi bir suala müəllimdən qaneedici 

cavab almadığına görə buranı tərk edərək 1250-51-ci illərdə Hicri Osmanlı tərəfinə keçmişdir.  

Azərbaycandan çıxaraq öncə o vaxtlar Sivasda yaşayan Kürdəmirli Şeyx İsmayıl Şirvaninin (1782-1848) 

yanına gəlmişdir. Bir rəvayətə görə isə; böyük cəddi Hz. Əli (r.a.) məna aləmində İsmayıl Siracəddin 

Şirvani həzrətlərinin yanına getməsini, onun etibarlı yardımlarına can verməsini əmr etdiyindən, 

dərhal Qarabağdan yola düşüb o zatın himayə qanadlarının altına sığınmışdır.  

Həmzə əfəndinin “Hər nəfəsi Məsih nəfəsinə bənzər, hər nəzəri nəziri-kimya” dediyi müəllimi və 

mürşidi İsmayıl Siracəddin Şirvani o zamana qədər cismən görmədiyi sadiq ziyarətçisinin təmiz 

sülalədən olduğunu kəramət gözü ilə kəşf etmiş, yanındakıları bu vəziyyətdən hali etmişdir. Həmzə 

əfəndi 20 ildən artıq mürşidinin hüzurundan və xidmətindən ayrılmamış, təhsilinə burada davam 

edərək, istər şəriət elmlərində icazətnaməsini, istərsə də təriqət irfanında xilafətnaməsini Şeyx 

İsmayıl əfəndidən almışdır.  

 

Rəf oldı pərdə kəşf oldı hayil 



Öpdün kim dərgah-ı Şah İsmayil 

Dövləti-Xaliddən geydin həmayil 

Ey dili-çakər, ey qulamı-Hindi 

 

Həmzə Nigarinin Qarabağa dönüşü 



Həmzə əfəndi, mürşidi İsmayıl əfəndi Sivasda olduğu 1834-cü ilə qədər onun yanında qalaraq, 

Sivasdan Amasiyaya birlikdə qayıtmış və Gümüşlü Saracxanə mədrəsələrində çilə çəkmişdir. Onun 

mürşidinin yanında ikən göstərdiyi hörmət, diqqət və etina hüdudsuz olmuşdur.  

Burada təsəvvüfi tərbiyəsini tamamlayıb 1834-cü ildə həccə getmiş və qayıtdıqdan bir müddət sonra 

mürşidi tərəfindən verilən əmrlə Qarabağa dönmüşdür. 

Hicri 1256-57-ci (miladi 1840-1841) illərdə o təkrar Cicimliyə qayıtmış, burada müəllimlik etməklə 

bütün Qarabağ mahalında şöhrət tapmışdır. Daha sonra Salvartı yaylasında Araz çayı kənarında 

yerləşən Mollaməhərrəmli kəndindən Allahverdi əfəndinin qızı Əminə xanımla evlənmiş və ondan 

Siracəddin adlı oğlu dünyaya gəlmişdir. Nigarinin divanında adını çəkdiyi Fəxrəddin Ağabalinin şairin 

həyatına dair mənqibələri ehtiva edən “Hümayi-Ərş” adlı əsərində onun öz doğma kəndinə qayıtması 



və buradan Bərgüşad mahalının (indiki Qubadlı rayonu) Mirlər kəndinə köçməsindən bəhs edərək 

deyir: 


“Doğum yeri olan Cicimliyə gider-gitmez təcəlliyatı-fitriyyəsində məknuz bir mevhibəyi-Sübhaniyyə 

olan bu zatın şöhrəti həmən bulunduğu çevrədə yayılmış və hər tərəfdən elm və irfan təhsili üçün bir 

çox kimsə koşuşub gəlmişlərdir. Cicimlidə və Bərgüşadda Mirlər köyündə tədris və tərbiyə vəzifəsi ilə 

iştiğal etmişlərdir. Cicimlidə kışın Həkəri irmağının kənarında Sarı Aşıq namındakı məczubi-ilahinin 

məzarı civarında inşa edilən mədrəsələrdə tədrisatda bulunmuş və Bərgüşadda da Mirlər köyündə 

Bərgüşad irmağının kənarındakı xüsusi hücrəsində elm və irfan dağıtmışlardır...  

Qarabağda evlənib övlad və əyal sahibi olan Mir Nigari, üzərinə düşən elm öyrətmək vəzifəsini də 

haqqınca yerinə yetirərək ətraf xalqın elm və irfanından faydalanması üçün bütün zamanını sərf 

etmişdir. Hər kəsi elm və irfana təşviq edir və həvəsləndirir, islamiyyətin əmr etdiyi qaydaları 

öyrədirdi. Bu sırada eyni əmək və məfkurə uğrunda özünü fəda etmiş pirdaşı Ağdaşlı Ahməd əfəndi ilə 

Şuşada Xan bağı adlanan yerdə Qarabağ xanı Xasay xanın imarətində bir məclisdə olmuşdu. Bu 

məclisdə kəsif bir islam millətinin mövcud olduğu bir mühitin xristian bir hökumətin idarəsi altında 

qalmasının düzgün olmadığı məsələsi ətrafında bir sıra düşüncələr formalaşmışdır. Müzakirə 

əsnasında “Ey iman edənlər! Yəhudiləri və xristiaları özünüzə dost tutmayın” ayəsinin məna və 

məzmununa uyğun hərəkət edilməsinin fərz olduğu barədə ortaq bir fikrə gəlmişlər. Bundan sonra 

necə hərəkət ediləcəyi müzakirə edilərək yazılı bir qərar əsasında hərəkət etmək barədə razılıq əldə 

olunmuşdur. Bu qərara görə, Osmanlı hökuməti ilə Rus hökuməti arasında hər hansısa səbəbdən 

meydana gələcək ixtilaf səbəbilə iki dövlət arasında düşmənçilik doğuracaq bir hal baş verərsə, 

Osmanlı ordusunun hücumunun ardınca Qarabağda Şeyx Hacı Həmzə əfəndi, Şəkidə Əhməd əfəndi, 

Dağıstanda Xasay xanın dərhal fəaliyyətə keçərək ani və ümumi üsyan meydana gətirmək barədə 

sözləşdiklərini açıqlayan bir məktubun o zamankı Qars mütəsərrifinə göndərilməsi qərarlaşdırılmış. 

Bundan sonra qərarın surətini açıqlayan məktub bu iki irfan günəşi tərəfindən möhürləndikdən sonra 

Xasay xan da qondarma bir adla imza çəkmiş və məktub iki zata təslim edilərək Qarsa doğru yola 

çıxarılmışdır. Həmzə və Əhməd əfəndi də məclis dağıldıqdan sonra öz yerlərinə qayıtmışlar.  

Bu sırada hadisəni gizlicə dinləyən Xasay xanın xain xidmətçisinin məsələni rus hökumətinə xəbər 

verməsi ilə bu iki zatın rus hökuməti tərəfindən təsbit edilməsi ləngiməmiş, təqib edilərək ələ 

keçirilmişlər və üzərlərindəki məktub tapıldıqdan sonra saxlanılmışlar. İşgəncə göstərilməsinə və 

dindirilmələrinə baxmayaraq islamiyətə yaraşan bir igidliklə həqiqəti qəti şəkildə inkar etmişlər. 

Hadisədən xəbərdar olan Xasay xan dərhal iki cəsur adamını yola çıxararaq gecəyarısı birini Cicimliyə, 

birini də Ağdaşa göndərmişdir. Cicimliyə yetişən, məsələnin əhəmiyyətini layiqincə təsvir etmiş və 

Şeyx Hacı Həmzə əfəndi bir neçə müridi ilə o gecə piyada qaçaraq 12 saat müddətində Araz çayından 

İran sərhəddinə keçmişdir. Digər zat isə vaxtında çatmadığından Əhməd əfəndi tutulmuş və qandal 

vurularaq Sibirə sürgün edilmişdir. 

Həmzə əfəndi, Araz çayını keçdikdən sonra Culfa, Təbriz, Xoy, Salmas, Rumiyəyə vararaq Bəyazid yolu 

ilə Ərzuruma gəlmiş və təhlükəsizliyə qovuşmuşdur. 

Təbrizə gəldiyi vaxt İran hökuməti tərəfindən qaldığı yer mühasirəyə alınmış, lakin tutulub Rusiyaya 

təslim edildiyi əsnada Təbriz valisinə xitabən yasavullardan biri vasitəsilə göndərdiyi məktub 

sayəsində qurtulmuşdur. 



Hicri 1267-ci (miladi 1850-51) ilin sonlarında Ərzuruma gələrək burada yerləşən Həmzə əfəndi, dörd 

ilə yaxın müddət burada yaşamışdır. 1271-ci (miladi 1854-55) ildə isə İstanbula gələrək Fatihdə Hırkai-

Şərif məhəlləsində məskunlaşmışdır. İstanbulda olduğu müddətdə bir çox zat intisab etmişdir. Bir 

dəfə Mustafa Raşit Paşa ziyarət edərək ehtiyacının təmininə cəhd etmiş və Əmir Buxari dərgahı 

postnişinliyini təklif etmiş, ancaq o, qəbul etməmişdir. 

Seyid Nigari 1275-ci (miladi 1858-1859) ildə Ərzuruma gələrək nəqşibəndiliyi pirlərindən öyrəndiyi 

şəkildə insanlar arasında yaymaqla onları hidayətə istiqamətləndirməyə çalışır. Bu illərdə vətənində 

qoyduğu zövcəsi Əminə və oğlu Siracəddini də yanına gətirir. Lakin özü kimi şair olan oğlu Siracəddin 

çox gənc - 20 yaşında ikən xəstələnib vəfat edir. Onun ölümü Şeyxin həyatında dərin və ağrılı bir iz 

buraxır.  

Hicri 1283-cü (miladi 1866-1867) ilə qədər Ərzurumda yaşayır, sonra yaxın dostları ilə birlikdə 

Amasyaya gedərək Merzifona yerləşir və burada da 1301-ci (miladi 1866-1867) ilə qədər Şeyxi İsmayıl 

Şirvaninin yerinə uzun müddət irfan dərslərilə yanaşı, kəlam və məntiq, eləcə də Sədi Şirazi oxudur.  

Seyid Nigarinin təsəvvüfi fəaliyyəti nəticəsində ətrafına çoxsaylı tərəfdarlar toplanmaqla yanaşı, 

şöhrəti geniş yayılmış və sevənləri, ehtiram göstərənləri artmışdır. Bundan narahat olanlar onun 

dövlət üçün təhlükə olacağından qorxuya düşərək, iftira məktubu ilə hökumətə şikayət etmişlər. 

Nəticədə, əvvəlcə Samsuna, sonra da Xarputa sürgün edilmişdir.  

Hicri 1303-cü (miladi 1885-86) ilin Qurban bayramında Mir Həmzə əfəndinin yanına bayramlaşmağa 

gəlmiş vali Hacı Həsən Paşa ilə cərəyan edən söhbət əsnasında “vaxtının yaxınlaşdığına işarə edərək 

vəfat etdikdə cənazəsinin Amasiyaya göndərilməsini, orada oğlu ilə bir məkanda yatmaq istədiyini və 

ondan bu lütfü əsirgəməmələrini” rica və vəsiyyət etmişdir.  

Vali Paşa bu vəsiyyət üzərinə:  

- Əfəndim, Allah ömrünüzü uzun etsin. İnşallah hələ çox uzun illər yaşayacaqsınız. Allah göstərməsin, 

belə bir halla qarşılaşdığımızda buradaca nurlu qəbriniz üzərində gözəl bir türbə bina etdirərik, 

demişdir. Həzrət israr edərək: 

“Bu yaxınlarda Xudanın dərgahına yollanacağımı hiss edirəm. O zaman nəşimin Amasiyaya 

göndərilməsi lütfünü sizdən gözləyirəm. Bu hərəkətiniz Allaha qatında da məqbul olar” deyə qarşılıq 

vermişdir. Vali cavabında: “Əfəndim, təkrar edirəm, Allah qorusun. Əfəndimizin qəlbinin saflığına tam 

etimadım olduğundan ərz edim ki, belə bir halda havalar isti, Amasiya isə on, on iki günlük bir 

məsafədə yerləşdiyindən mübarək nəşiniz yollarda narahat olar” deyir. Cavabdan valinin nə demək 

istədiyini başa düşən bu arif pir “Səksən ildir bu vücud Allah demişdir. Ondan başqasını zikr etməmiş, 

ondan qeyrisii görməmişdir. Səkkiz gün içərisində çürüyüb iylənəcəksə, qoy olsun” demiş. Bu 

izahatdan mütəəssir olan o dəyərli vali Paşa həzrətləri onu demək istəmədiyini söyləyərək üzrxahlıq 

etmişdir.  

İndiki türbəsinin olduğu yerdə dəfn edilmişdir. Dəfn edilməzdən əvvəl hökumət xəbər tutaraq 

jandarma komandanı, məclisi-idarədən bir nümayəndə, bələdiyyə həkimi gəlmiş və tabutun qapağını 

açaraq, cəsəddə dəyişmə əlamətlərinin olub-olmadığını tədqiq etmişlər. Heç bir dəyişiklik olmadığıı 

görən nümayəndələr cəsədin mumyalanmasından şübhələnərək sinəsini, bağrını açmışlar və buna 

dair də heç bir əlamət tapmadıqda təəccüb içində qalmışlar. Həmzə Nigari həzrətləri 1885-ci ildə 


(Məhərrəm ayının 13-ü, bazar ertesi günü (29 iyul) axşamtərəfi vəfat etmiş, cənazəsi vəsiyyətinə 

əsasən at arabası ilə Xarputdan Amasyaya aparılmışdır.  

Həmzə əfəndinin müridi, Qazaxlı Hacı Mahmud əfəndinin səyilə Qarabağ, Qazax və Borçalıdakı 

müridlərdən toplanan ianə ilə türbəsi, türbənin yanında da bir məscid inşa edilmişdir. Bu məscid 

Amasiyada indi də “Şirvanlı camisi” adı ilə tanınır. 

Onun Türkiyəyə hicrətindən sonra xüsusən Hacı Mahmud əfəndinin fəaliyyətləri nəticəsində 

Qafqazdan on minlərcə insan köç edərək Amasiya və ətrafına yerləşmişlər. 

 

Şair Nigari 



Mürşidi İsmayıl Şirvani onun üçün belə söyləmişdir: “Mir Həmzə ilahi eşqlə məhvi-vücud olmuşdur. 

Onun mürşidi eşqdir.” 

Türk ədəbiyyat tarixçisi İskəndər Pala Nigarinin divanının Türkiyədəki nəşrinin ön sözündə yazır: “Mir 

Həmzə Nigari adlı lüğətdə bir söz olsaydı, qarşısında mütləq “eşq” yazılardı. 88 illik ömrünü bir tək 

eşqə, bir Tək eşqinə sərf etmiş bu könül dərinliyi olan şeyx heç şübhə yoxdur ki, XIX əsr türk təsəvvüf 

mühit və ədəbiyyatının da öndə gələn isimlərindəndir. Həyatının çoxunu keçirdiyi Şərqi Anadolu və 

Şimali Azərbaycanda hələ də analar övladlarına onun eşq şeirlərindən laylalar söyləyirlər” 

Mir Həmzə Nigari əfəndi önəmli bir şairdir. Şeirlərində daha çox təsəvvüfi mövzuları işləmişdir. XIX 

əsrdən sonra Azərbaycan ədəbiyyatında həm əruz, həm xalq şeiri nəzm şəkilləri ilə təsəvvüfi şeir 

yazan divan sahibi bir şairdir. Şeirlərində ilahi eşq mövzusunu böyük bir səmimiyyət və ustalıqla 

işləmişdir.  

Həmzə Nigarinin Mühyiddin ibn Ərəbinin “Fütuhatı-Məkkiyyə” adlı əsərinə yazdığı “Tavzihat”, türkcə 

və farsca Divanı, bundan əlavə “Nigarnamə” və “Saqinamə” adlı əsərləri vardır. Mahir bir divan şairi 

olan Həmzə əfəndinin aşiqanə şeirlərinin yer aldığı türkcə Divanı 1908-ci ildə Tiflisdə və 1883-cü ildə 

İstanbulda çap olunmuşdur. Farsca divanı da İstanbulda 1911-ci ildə nəşr edilmişdir.  

Onun şeirləri Amasiya ətrafında, Şərqi Anadoluda, Azərbaycanda - Borçalı, Qazax və Qarabağ türkləri 

tərəfindən əzbərlənmiş, illərcə cəzm adı verilən zikr məclislərində xüsusi bir muğam üstə, mistik bir 

həyəcan və mənəvi zövqlə oxunmuşdur.  

Şeirlərində adətən Allah eşqi, Hz. Peyğəmbər sevgisi və Əhli-beyt məhəbbəti işlənmişdir. Nigarinin 

özünəməxsus, fərdi bir təsəvvüfi yolu vardır. Nəqşibəndiyyə təriqətinin Xalidiyyə qoluna mənsub 

sünni məzhəbli bir şeyx olmasına baxmayaraq yolunun və üsulunun məlami-ələvi bir nəşvəyə sahib 

olması ilə diqqəti cəlb edir. Bir şeirində bu halını belə ifadə edir: 

 

Halqai-rindanın çalaram nayin 



Giriftaram eşqin çəkərəm yayin 

Tanımazam məzhəb bilməzəm ayin 



Kəlisayı-eşqin Məsihasıyam 

 

Zahiri Məlami batını bi-kin 



Peymanəsi məmlu badəsi rəngin 

Sahnı-meyxanədə səccadə nişin 

Zümrəyi-rindanın müqtədasıyam 

 

Türkiyədə və Azərbaycanda Nigarinin şeirlərindəki tərənnümləri eyni duyğu və coşğunluqda ifadə edə 



bilən bir çox könül insanı yetişmişdir. Sovet hökumətinin təzyiqlərinə və Nigariyə qarşı aparılan ardıcıl 

propaqandalara baxmayaraq onun sevgisi qəlblərdən silinə bilməmişdir. Bu dövrdə gizlicə yaşadılan 

Nigari sevgisi Azərbaycanın şimal-qərb bölgələrində bu gün də davam etməkdədir.  

Həmzə Nigarinin Türkiyə, Azərbaycan, Gürcüstan və Dağıstanda çoxlu sevəni və davamçısı olmuşdur. 

Onun davamçılarından bəziləri bunlardır: Oğlu Siracəddin əfəndi, Hacı Mahmud əfəndi Aslanbəyli, 

Cəfər Təyyar Paşa, Ömər Kaşifi Dağıstani, Ərzurumlu Mehmet Zakir əfəndi, Ərzurumlu Hoca Hafız 

Osman Siraci, Mir Seyid Həsən Hüsnü əfəndi əd-Dağıstani, Ağarahim Ağa Dilbazi, Şahnigar xanım 

Rəncur, Qazi Osman əfəndi, Hacı Zəkəriyyə əfəndi, Sədi Qarabaği, Hafız Mehmet Kaşif Dağıstani, 

Trabzonlu Osman Nəfi, Dağıstanlı Rəcəb Xabəri, Hacı Tayyib əfəndi, Hacı Mustafa əfəndi, Postlu Hacı 

Mahmud əfəndi, Amasiyalı Payasizadə Hacı Haqqı əfəndi. 

İsmayıl Şirvaninin müridlərindən Xas Məhəmməd Şirvani Dağıstanın Yaraq kəndində mürşidlik etmiş, 

daha sonra Molla Məhəmməd Yaraqlı Kürdəmirə, İsmayıl Şirvaninin yanına gəlmiş, İsmayıl Şirvani onu 

Dağıstanda bu təlimin yayılması vəzifəsini tapşırmışdır.  

O təriqəti yaymağa başlayaraq ətrafına hər tərəfdən müridlər toplayaraq daha sonra Cəmaləddin əl-

Qumuğiyə xilafətnamə vermişdir. İmam Qazi Məhəmmədə və imam Şamilə təriqətin yollarını öyrədir. 

Seyid Cəmaləddin Qazi Məhəmmədə icazətnamə verərkən “təriqəti Gimri sakini Şamilə ver və onu 

mənim yanıma gətir” deyə buyurmuşdur 

…Qazi Məhəmmədin “Qazavat” haqqındakı ideyasını dərinləşdirən Şamil Həmzət bəyin ölümündən 

sonra imam seçilmiş və o vaxtdan dağlıların Çar Rusiyasına qarşı azadlıq mübarizəsinə başçılıq 

etmişdir. 

Nəqşibəndi təriqətinin mürşidlərindən olan Seyid Nigari də bu mübarizəyə laqeyd qala bilməzdi. Seyid 

Nigari və onun davamçıları rus işğalçılarına qarşı mübarizə aparan müridizm hərəkatına dəstək 

verdikləri üçün Çar hökuməti tərəfindən təqiblərlə üzləşmişlər.  

 

Nigarinin şeirlərində Qarabağ 



Nigari, “vətən sevgisi imandandır” fərmanı ilə hərəkət edərək, ayrı düşdüyü cənnət vətəni Azərbaycan 

və Qarabağa olan həsrətini və bağlılığını şeirlərində işləmişdir.  



 

Əzm eylə diyarı-Şirvanı 

Qət eylə rəhi-Azərbaycanı 

Bir yer deyəm ismidir Qarabağ 

Cənnət yeri abı şir ü qaymağ  

 

“Şairin Qarabağa olan məhəbbət etirafını oxuduqda insanın gözləri istər-istəməz dolur, “Mənim o 



diyarın uşaq-böyük, qadın-kişi, cavan-qoca - bütün əhalisinə və onların mənə olan məhəbbətinin 

dərəcəsini yalnız Mövla bilir" deyən Seyyid Nigari hətta ölümündən sonra da Qarabağ camaatını 

fikirləşir, onların arzularını yerinə yetirməyi, Allah dərgahında onlara şəfaətçi olmağı düşünürdü. 

Maraqlıdır ki, Qarabağ camaatı da heç zaman Nigarini unutmamış, hətta sovet rejimi dövründə 

təriqət ədəbiyyatı adı altında bir çox şairlərimzin yaradıcılığının təbliğinə qadağa qoyulduğu 

zamanlarda da Nigarinin şeirləri Qarabağ xanəndələrinin, sadə xalqın dilində əzbər olmuşdur”. 

 

Nə əcəb dövlət imiş seyri-şikari-Qarabağ, 



Nə gözəl nemət imiş söhbəti-yari Qarabağ! 

Rəşki-mişk-ənbər imiş buyi-ğubari-Qarabağ, 

Abi-heyvan imiş ənhari-pünari-Qarabağ. 

Kövsərü Tuba imiş çayi-çinari-Qarabağ. 

Aləmi-cənnət imiş dari-diyari-Qarabağ. 

Imdi bildim nə imiş vəsfi-həzari-Qarabağ, 

Yeridir kim çəkərəm ah və zari-Qarabağ. 

Dağlayıbdur bəni bir laləüzari-Qarabağ, 

Yandırıbdur bəni bir nari-nigari-Qarabağ. 

 

Şeyx Mir Həmzə Nigari öz doğma vətəni Qarabağın başına gələcək fəlakətləri görürmüş kimi “Mövla 



verə ömrü bir zamanı, islam ilə bir də görək anı” deyərək Qarabağın əsarətini xəbər vermişdir. Ancaq 

onun burada bir müjdəsi də diqqət çəkir. Nigari, “Qarabağ elinin gül gəzintisinin mənqibələri” 

sərlövhəli şeirində Qarabağı belə vəsf edir: 

 

Bir mevzii-xoş fərah-fəzadır. 



Dünyaya behişt disəm səzadır. 

Cənnət gibi hər mahallidir bağ 

Hər bir tərəfindən bağ u ırmağ 

 

Hər canibi səbz, hər tərəfi bağ 



Anın içün ismidir Qarabağ 

Seyrangahı-xoş, naziri-dil-şad 

Şiraz deyil naziri-Bağdad 

Mövla verə ömrü bir zamanı  

Islam ilə bir də görək anı 

 

Öp xakini fəth et kəlamı 



Toprağına bizdən et səlamı 

Zira ki qədimi darımızdır 

Sər-mənzili-Şah Nigarımızdır 

 

Nigari Qarabağın ruslar tərəfindən işğalından sonra yazdığı şeirində bu faciəli hadisənin sinəsinə 



sancılan xəncər kimi onu iztiraba qərq etdiyini ifadə edir. Bununla yanaşı, sanki o, Qarabağın zaman 

yetişin XX əsrin sonlarında ermənilər tərəfindən işğal edilib talan ediləcəyini hiss etmiş kimi bugünki 

insanların əhval-ruhiyyəsini misralarında əks etdirmişdir: 

 

Sinəmə çəkilən qara dağımdır 



Qara bağrım qanlı Qarabağımdır 

 

Qan əkər, odlar tökər Mir-Nigari məgər 



Yad qılıbdır yenə Qarabağ torpağını  

* * * 


Gözlərimdən hər dəm qan-yaş dökülür 

Sərvtək qamətim yay tək bükülür. 



Sinəmə çal-çarpaz dağlar çəkilir 

Yadıma düşəndə Çilgəz yaylağı 

* * * 

Ey Nigari, ömrün erişdi payə 



Salmadı başıma ol sərvi sayə 

Can qurban eylərəm peyki-Səbayə 

Xəbər versə bir gün ol Qarabağdan.  

 

Şeirlərindən:  



 

AH MİNƏL-EŞQ 

 

Ah, ki bir yar yaxıbdur bəni, 



Arizi gülzar yaxıbdur bəni. 

Ləbləri gülnar yaxıbdur bəni, 

Şöleyi-didar yaxıbdur bəni 

Atəşi-dildar yaxıbdur bəni. 

Ah minəl-eşqi və halatihi, 

Əhraqa qalbi bihəraratihi.  

 

Odlara saldı bəni yar, ey mədəd!  



Düşdü cigərgahimə nar, ey mədəd! 

Aldı diləfkarımı zar, ey mədəd! 

Yaxdı bəni nari-nigar, ey mədəd! 

Eylədi eşq atəşi kar, ey mədəd! 

Qalmadı canımda qərar, ey mədəd! 

Ah minəl-eşqi və halatihi, 



Əhraqa qalbi bihəraratihi.  

 

Cilveyi-eşq aşiqi ki lal edər,  



Gəh səri-Tur üzrə şirin qal edər. 

Həlqeyi-əfradə ki idxal edər, 

Gah səri-həlqeyi abdal edər, 

Gah meyi-zövq ilə xoşhal edər 

Gah salur ayaqlarə xalxal edər. 

Ah minəl-eşqi və halatihi, 

Əhraqa qalbi bihəraratihi.  

 

Bəxşi-Xuda, rəşki-Məsihadır eşq, 



Mayeyi-möcüzeyi-Musadır eşq. 

Ləfzi degil, mə’niyi-zibadır eşq 

Özgə degil, sayeyi-Mövladır eşq. 

Məxfi degil şəmsi-hüveydadır eşq 

Leyk bilinməz nə müəmmadır eşq! 

Ah minəl-eşqi və halatihi, 

Əhraqa qalbi bihəraratihi.  

 

Aləmi-sövdadə, ey ərbabi-ar, 



Küfr ilə imana təfavütmü var? 

Aşiqə birdir kərəmü cövri-yar 

Gülşəni-vəhdətdə ki birdir həzar 

Eşq ilə olmuş cigərim laləzar 

Eşq ilədir cümlə sərəncami-kar 

Ah minəl-eşqi və halatihi, 



Əhraqa qalbi bihəraratihi.  

 

Ədəbiyyat: 



 

1. Akpınar Yavuz. Azeri Edebiyatı araştırmaları, Dergah. İst. 1994. 

2. Altunbaş K. Divan-ı Seyyid Nigari, I-II, Samsun, 2004. 

3. Akabali Fahreddin. Humay-ı Arş. (Həmzə Nigarinin nəşr edilməmiş əlyazma bioqrafiyası) 

4. Ahmet Özer. Alvarlı Efe Hazretleri, Nil yayınları, İzmir 1991. 

5. Cahangir Tariyel. Mir Sədi ağa, Bakı, 2001. 

6. H.Öksüz, H.Muhammed Lutfi. Hayatı, Şahsiyeti ve Eserleri, s. 21, İst. 2006.  

7. İskender Pala. Önsöz (Mir Hamza Nigari, Divan-ı Seyyid Nigari -Azmi Bilgin), İstanbul, 2003 

8. Mustafa Kara. Dervişin Hayatı Sufinin Kelamı, Dergah yay. İstanbul, 2005. 

9. M. Cəlil, F. Xəlilli. Mövlana İsmayıl Siracəddin Şirvani, Bakı, 2003. 

10. Nigari Seyyid Hamza, Divan-ı Türki, İstanbul, 1883. 

11. Mir Hamza Nigari, Divan-ı Seyyid Nigari (Azmi Bilgin), İstanbul, 2003. 

12. Mir Həmzə Seyid Nigari. Divan, (haz. Nəzakət Məmmədova), Elm və Təhsil, Bakı, 2010 

 

 







Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə