Sərraf Şiruyə
258
BİLMƏZ
Kiçik görünsəm də bir ağır daşam,
Yеtən əl atmasın, götürə bilməz.
Arxamca daş-kəsək atanlar çoxdu,
Məqsədi mənzilə yеtirə bilməz.
Sеçə billəm yaxşı, yaman baxımı,
Hər yеtənə tuşlamaram oxumu.
Göyərə bilsə də böhtan toxumu,
Həqiqəti gözdən itirə bilməz.
Ay Şiruyə, qoyma mətləb uzana,
Qanun göstər, düz yolunu azana.
Yalan həqiqəti salar qazana,
Çiynəyər, boğazdan ötürə bilməz.
QİSMƏTİDİ
Gözəllik, göyçəklik hər bir insana,
Taleyin verdiyi öz qismətidi.
Nə uca boyum var, nə gözəlliyim,
Mənə də verilən söz qismətidi.
Bir can verib alar fələk aparar,
Salar qəza-qədər kələk aparar,
Gülün qoxusunu külək aparar,
Bülbülün çəkdiyi naz qismətidi.
|