SƏrraf şİruyə



Yüklə 2,99 Kb.
Pdf görüntüsü
səhifə2/14
tarix05.05.2017
ölçüsü2,99 Kb.
#16928
1   2   3   4   5   6   7   8   9   ...   14

Tofiq Yusif 
 “Kredo” qəzeti, 2006-cı il 
 

             
                           
                          Susma, ürək…
 
 
15 
 
Bürüsə də gülü alaq
Qoxusuyla səs salacaq. 

Sərraf Şiruyə             
                           
                          
 
 
16 
  
GÖRÜM 
 
Aqilsənsə nadanların, 
Tənəsindən yanma görüm. 
Sərrafsansa gördüyünü, 
Duyma görüm, qanma görüm. 
 
Məna duyma hər baxışdan, 
Hər kəlmədən, hər alqışdan. 
Xəyanətkar dost-tanışdan, 
Etibarı danma görüm. 
 
Söyülməyi xoşlamasan, 
Döyülməyi xoşlamasan, 
Əyilməyi xoşlamasan, 
Şiruyətək sınma görüm. 
 
 
 
GƏTİRƏR 
 
Xoş əməlnən dolan eldə, 
Xoş əməl alqış gətirər. 
Yaman olub lənətlənmə, 
Yamanlıq qarğış gətirər. 
 
Kərəmli ol, bəxtin yarsa, 
Tale sənə vəfadarsa. 
Xarabalıq harda varsa, 
Xəbəri bayquş gətirər. 
 

             
                           
                          Susma, ürək…
 
 
17 
Yağışdan yer ballananda, 
Çəmən, çiçək allananda. 
Göy qurşağı sallananda, 
Yüz cürə naxış gətirər. 
 
Ay Şiruyə, olsan harda, 
Gur bir ocaq yandır orda. 
Dərd dediyin baharda da, 
Ömrə vaxtsız qış gətirər. 
 
 
 
BİLMƏZ 
 
Mənim könül fəlsəfəmi, 
Hər kimsənə qana bilməz. 
Heç kimsənə mənim kimi, 
Vətən, eli ana bilməz. 
 
Harayçıyam haqq səsinə, 
“Allah, Əkbər” kəlməsinə. 
Yazılmışam sinəsinə, 
Tarix məni dana bilməz. 
 
Haqq nur verib diləyimə, 
Çatıb hər an gərəyimə. 
Şiruyəyəm, ürəyimə, 
Allahsızlar qona bilməz. 
 
 

Sərraf Şiruyə             
                           
                          
 
 
18 
 
DEYİL 
 
Ağıldadı, kamaldadı, 
Ağsaqqallıq yaşda deyil. 
Amaldadı, əməldədi, 
Saflıq, paklıq başda deyil. 
 
Dünyamızı dinlər sökür, 
Könlümüzü kinlər sökür, 
Ömrümüzü günlər sökür, 
Günah düşən daşda deyil. 
 
Şiruyə, nə məzəndədi? 
Haqqı yerdən üzən nədi? 
Günah sürmə çəkəndədi, 
Sürmələnən qaşda deyil. 
 
 
 
QOÇAQLIQDI 
 
Vətən üçün zindanlarda, 
Çürümək də qoçaqlıqdı. 
Bircə addım ucalığa, 
Yerimək də qoçaqlıqdı. 
 
Mərd igid dayaqdır elə, 
Namərdləri alma dilə. 
Vüsal üçün gilə-gilə,  
Ərimək də qoçaqlıqdı. 
 

             
                           
                          Susma, ürək…
 
 
19 
İsin comərd ocağında, 
Yatma yadlar qucağında. 
Qanmazların qabağında, 
Kirimək də qoçaqlıqdı. 
 
Qaçma yalan söz dalınca, 
İnsanlığın gəz dalınca, 
Əyriləri düz dalınca, 
Sürümək də qoçaqlıqdı. 
 
Ay Şiruyə, qıy canına, 
Xilaf çıxma peymanına. 
Hər əməli öz donuna
Bürümək də qoçaqlıqdı. 
 
DEMƏLİDİ 
 
Zəhər verən zəhərini, 
Axır bir gün yeməlidi. 
Qaldıran da, endirən də, 
İnsanın öz əməlidi. 
 
Arxa, dayaq yüz də olsa, 
Arada min söz də olsa, 
Gec də olsa, tez də olsa, 
Haqq sözünü deməlidi. 
 
Ay Şiruyə, məkirli hal, 
Dağıdıbdı çox cah-calal 
Düz əməlnən, düzgün amal, 
Həqiqətin təməlidi. 
   
 
 
1969-cu il. 

Sərraf Şiruyə             
                           
                          
 
 
20 
 
DOĞRU 
 
Sönür ömür şamı, tükənir taqət,  
Günlər bizi çəkir yoxluğa doğru,  
Səvab da, günah da bizimlə gedir,  
Həmişə azlıqdan çoxluğa doğru.  
 
İgidlər seçilir sədaqətiylə,  
Gözəllər sevilir ləyaqətiylə,  
Böyüklük odur ki, öz qüdrətiylə,  
Apara milləti toxluğa doğru.  
 
Şiruyə, insansan, deyilsən bağa,  
Təhlükə görəndə girmə çanağa.  
Hünər meydanında yeri qabağa,  
Qaçmaynan geriyə, sıxlığa doğru. 
 
 
 
BU DÜNYA 
 
Bəzən sevinc verər, bəzən qəm verər, 
Qaldırar, endirər, yıxar bu dünya. 
Bəzən balasıtək sevər boyunu, 
Bəzən məngənədə sıxar bu dünya. 
 
Bəzən bir dost kimi könlünü alar, 
Bəzən ilan olub gözündən çalar. 
Gah ata mindirib, gah atdan salar, 
Kənardan yağıtək baxar bu dünya. 
 

             
                           
                          Susma, ürək…
 
 
21 
Qəsdə girsə tutar səni dilindən, 
Açar döyüş kəmərini belindən. 
Qılınc-qalxanını alıb əlindən, 
Qaytarıb başına çaxar bu dünya. 
 
Şiruyə, urvalıq deyilmiş unu, 
Bilinməz əvvəli, görünməz sonu. 
İstəsə ağ edib qırmızı donu, 
Boyuna kəfəntək taxar bu dünya. 
 
 
 
İNSAN 
 
Hamıdan, hər şeydən qoruna bilər,  
Özünü-özündən qoruyan insan,  
Düşər el gözündən, ölər ölməmiş,  
Bədliyi ortaya soruyan insan.  
 
Yaraşıq gəlibdir insan cahana,  
Aqil deyək öz-özünü qanana,  
Düşməz xəcalətə, düşməz ziyana,  
Yaxşını, yamanı arayan insan.  
 
İnsanlar üçündür şöhrət də, ad da,  
Şiruyə, nə varsa bu kainatda,  
Ölməzlik qazanar, qalar həyatda,  
Vətənə, xalqına yarayan insan. 
 
 
 
 

Sərraf Şiruyə             
                           
                          
 
 
22 
 
GÖRMÜŞƏM 
 
Arvad kölgəsinə güvənənlərin, 
Elə özünü də arvad görmüşəm. 
Ev yıxıb, qan tökən zülmkarların, 
Aqibət gününü bərbad görmüşəm. 
 
Şadlığın görmədim yoldan azanın, 
Qanun əleyhinə höküm yazanın. 
Özgəyə tor qurub, quyu qazanın, 
Dilində ah-aman, fəryad görmüşəm. 
 
Ay Sərraf Şiruyə, bəsdir töhmətin, 
Keçməz nadanlara gül nəsihətin. 
Məcnunu sayılan pak məhəbbətin, 
Neçə aşiqləri xoryad görmüşəm. 
 
 
 
ZÜLÜMDÜ 
 
Təsəllili dərdə nə var, 
Təsəllisiz dərd zülümdü. 
Mərdi mərd yıxa nə var ki, 
Toxuna namərd zülümdü. 
 
Keçə yağı əllərinə, 
Qədəm basa çöllərinə. 
Talan sala ellərinə, 
Ağlar qala yurd zülümdü. 
 

             
                           
                          Susma, ürək…
 
 
23 
Köhlən belində çul ola, 
Hakim nadan, güc pul ola
Qanmaz insana qul ola, 
Vallahi, comərd zülümdü. 
 
Qanan susa zillətiylə, 
Qanmaz gülə hiddətiylə. 
Ana bala həsrətiylə – 
Qopara fəryad, zülümdü. 
 
Qanmayıb gülməyə nə var, 
Göz yaşı silməyə nə var, 
Şərəfli ölməyə nə var, 
Şiruyə, pis ad, zülümdü. 
2011-ci il. 
 
BİLMƏYİB 
 
Mənəm, mənəm deyib baş aparanlar, 
Axıradək baş apara bilməyib. 
Xəzinə toplayıb, ləl axtaranlar, 
O dünyaya daş apara bilməyib. 
 
Dünya oyuncaqdı naşı gözündə, 
Olur ağılsızın başı gözündə, 
Şahların quruyub yaşı gözündə, 
Gözlərində yaş apara bilməyib. 
 
Ay Şiruyə, xanimanlar yıxanlar, 
Ürəklər sındırıb, könül yaxanlar, 
Torbasına altun, sərvət yığanlar,  
Torbasını boş apara bilməyib. 

Sərraf Şiruyə             
                           
                          
 
 
24 
 
VAR 
 
Bu dünya, bu həyat belə qurulub,  
Sevinc də var, şadlıq da var, dərd də var,  
Hamıya bəd gözlə baxmaq günahdı,  
Namərd də var, nadan da var, mərd də var.  
 
Səhər, axşam, gündüz, gecə, ağ, qara,  
Təzad, hikmət, fikri çəkir gör hara?  
Nəzər salsaq məhəbbətə, ilqara,  
Dönəndə var, dönməz də var, sərt də var.  
 
Gəlimlidi, gedimlidi bu dünya,  
Ümidlidi, inamlıdı bu dünya, 
Vallah minbir oyunludu bu dünya,  
Gəl, Şiruyə, şahmat da var, nərd də var.  
 
 
 
GÜLMÜŞƏM 
 
İş başında mənəm-mənəm deyənə, 
İşdən düşüb, yıxılanda gülmüşəm. 
Hünər oxu hədəfindən yayınıb, 
Sağa, sola çaxılanda gülmüşəm. 
 
Gülməmişəm qaralığa, ağlığa, 
Xəstəliyə, kasıblığa, darlığa. 
Niyə gülüm həqiqətə, varlığa? 
Töhmət üzə yaxılanda gülmüşəm. 
 

             
                           
                          Susma, ürək…
 
 
25 
Kim nə deyir halal zəhmət, bol vara, 
Xoş zamandı, hamı geysin zərxara. 
Dünənin əməli çıxıb aşkara, 
Bu gün başa qaxılanda gülmüşəm. 
 
Gör necədi Şiruyənin kamalı, 
Şöhrətidi, saf vicdanı, amalı. 
Haramlığın, əyriliyin medalı, 
Qəfil döşə taxılanda gülmüşəm. 
 
 
 
OĞLUYUQ 
 
Oddan, közdən törənmişik, 
Söngüməyən od oğluyuq. 
Tarixlərə həkk olunan, 
Min şöhrətli ad oğluyuq. 
 
Bir torpaqdan ələnmişik, 
Bir nənnidə bələnmişik. 
Tək Adəmdən törənmişik, 
Kim deyir ki, yad oğluyuq? 
 
Ay Şiruyə, gəzmə gendən, 
Kömək umsa kimsə səndən. 
Əlacsıza əzəl gündən, 
Əl tutan imdad oğluyuq. 
 
 
 
 

Sərraf Şiruyə             
                           
                          
 
 
26 
 
OLUNCA MƏN 
 
Demirəm yanmışam xalqın oduna, 
Od alıb, alışıb kül olunca mən. 
Özümü vətənə oğul saymaram, 
Ellərin dilində el olunca mən. 
 
Eşqin yollarında olmasa cəfam, 
Sınanmaz ilqarım, bilinməz vəfam. 
Demərəm bülluram, demərəm safam, 
Zərgər körüyündə ləl olunca mən. 
 
Şiruyə, şeirin ustadaları var: 
Nizami, Fizuli verməz ixtiyar. 
Nə şair demərəm, nə də sənətkar, 
Sənətdə Rüstəmi Zal olunca mən. 
 
 
 
BİLMƏZ 
 
Vətəni öz qanı, canı bilməyən, 
Vətənin yükünü daşıya bilməz. 
Vətən istəyəni kəsərli xəncər, 
Mərdin ürəyindən qaşıya bilməz. 
 
Nə gözəl söyləyib görün dədələr: 
“Şah olsa gədədi, yenə gədələr”. 
Sərvətə əyilməz əsilzadələr, 
Yaltaq əyilməsə yaşaya bilməz. 
 

             
                           
                          Susma, ürək…
 
 
27 
Bir insan ağıldan, kamaldan kəmsə, 
Qusacaq, dünyanı nə qədər əmsə. 
Dostluq duyğusuyla yaşayan kimsə, 
Dostun əzabından korşuya bilməz. 
 
Şiruyə, hikmətdi dünyanın işi, 
Fələyə batmayıb bir kəsin dişi. 
Bedasıl arvada calaşan kişi, 
Özü boşanmasa, boşuya bilməz. 
 
 
 
BU DÜNYA 
 
Hər gələn insana bir qonaq evi
Bir beşikdi, bir nənnidi bu dünya. 
Çap atını sağa, sola o ki var, 
Çox uzundu, çox ennidi bu dünya. 
 
Çoxlarına qismət etdi qızıl tac, 
Rüstəmzalı yerə vurdu, aldı bac, 
Çulu cırıq, başı açıq, qarnı ac, 
Baxın görün nə günnüdü bu dünya. 
 
İlki, sonu, nəhayəti bilinmir, 
Məhəbbəti, sədaqəti bilinmir,  
Fikri, sirri, nə hikməti bilinmir,  
Açılmayan düyünlüdü bu dünya. 
 
 
 
 

Sərraf Şiruyə             
                           
                          
 
 
28 
 
ALIR 
 
Deyirlər adamdan Allah alanda, 
Əvvəlcə ağlını, huşunu alır. 
Sonra da bədənin şahı sayılan, 
Ağıl, kamal dolu başını alır. 
 
Şöləli şamını qəfil söndürür, 
Acı söylətdirir, acı dindirir. 
Şahların başına qapaz endirir, 
Şahlıq üzüyünün qaşını alır. 
 
Şiruyə, qəm salır yanaqlarına, 
Şeytan sözü verir dodaqlarına. 
Kar edir, səs qıymır qulaqlarına, 
Gözdən gözlərinin yaşını alır. 
 
 
 
NƏ VAR Kİ 
 
Vay o günə namərd ola düşmənin, 
Mərd düşmənlə çəkişməyə nə var ki?! 
Qanmazdan dad-aman, qanan insanla,  
Didişməyə, bərkişməyə nə var ki?! 
 
Dosta pay çıx gözlərinin yaşından, 
Pay çıxmaynan torpağından, daşından. 
Vay halına qılınc enə başından, 
Ox-kamandan ötüşməyə nə var ki?! 
 

             
                           
                          Susma, ürək…
 
 
29 
Düz ilqarın bağlanması çətindi, 
Dost-qohumun yoxlanması çətindi, 
Ömür-günün ağlanması çətindi, 
Xoşhallıqla gülüşməyə nə var ki?! 
 
Şiruyəyəm, zikrim, fikrim var gündə, 
Göz yaşlarım axır, olur car, gündə, 
Dostluq odur öpüşəsən dar gündə, 
Gen ayaqda öpüşməyə nə var ki?! 
 
 
 
XEYRİ NƏ 
 
Ağlayırsan, ağla məni sağ ikən, 
Ölən vaxtı ağlamağın xeyri nə? 
Bacarırsan könül düzəlt, könül yap, 
Ürək yıxıb, dağlamağın xeyri nə? 
 
Çox çətindi tökülənin dolmağı, 
Qabaqdadı açılanın solmağı. 
Müşküldürsə gedən şeyin qalmağı, 
Yalvarışla saxlamağın xeyri nə? 
 
Ay Şiruyə, halal süfrə, dad qazan, 
Vəfalı dost, vəfalı yar, yad qazan. 
Cavan vaxtı hünər göstər, ad qazan, 
Qoca vaxtı çağlamağın xeyri nə? 

Sərraf Şiruyə             
                           
                          
 
 
30 
 
YAZMIRAM 
 
Niyə Allahdan, arvaddan yazmırsan deyənlərə 
 
Mənim mövzum hünər, zəhmət, vətəndir
Nə arvaddan, nə Allahdan yazmıram. 
İnciyən incisin, küsən də küssün, 
Bilmədiyim gavı-mahdan yazmıram. 
 
Allah yaradıcı, qadın müqəddəs, 
Həcvə salım, lağa qoyum necə bəs? 
Şeirdi həyatdan eşitdiyim səs, 
Ələhəmdən, Bismillahdan yazmıram. 
 
Həqiqətdi Qurandakı yazılar, 
Tərsə yozur bic mollalar, qazılar. 
Şəriətə lağ etməsin tazılar, 
Baş əyirəm, Yədullahdan yazmıram. 
 
Könlümə el, obam, həm anam gözəl, 
Əhdi saf, eşqi saf o, sonam gözəl, 
Vətənim laləzar, zamanam gözəl, 
Amandan yazmıram, ahdan yazmıram. 
 
Düz havadır Şiruyənin çaldığı, 
Təmiz addı bu həyatdan aldığı. 
Hərdən-hərdən arvad evdə saldığı, 
Nə davadan, nə günahdan yazmıram. 
 
 
 

             
                           
                          Susma, ürək…
 
 
31 
 
TOXUNAR 
 
Toxunma hər yetən kimsəyə, dostum, 
Sənə el toxunar, mahal toxunar. 
Aqilin, arifin yerinə dinmə, 
Susdurar, xətrinə ahal toxunar. 
 
Şirin bir süfrəyə acılıq salma, 
Yersiz sual verib cavab da alma. 
Mənəmlik eyləmə, təkəbbür olma, 
Əl atar yaxana, cahal, toxunar. 
 
Şiruyə, sabahın düş sorağına, 
Bəzək vur vətənin xoş novrağına. 
Zaval arzulama özgə bağına, 
Sənin də bağına zaval toxunar. 
 
 
 
İNSAN 
 
Cəfakeşdi əzəlindən, 
Hər zülümə dözür insan. 
Dəmli-qəmli bu dünyada, 
Bir qonaqdı, gəzir insan. 
 
Ad-san üçün, dövlət üçün, 
Altun üçün, sərvət üçün, 
Şərəf üçün, şöhrət üçün, 
Bir-birini əzir insan. 
 

Sərraf Şiruyə             
                           
                          
 
 
32 
Bəzən qəza doğru gəlir, 
Sevincinə oğru gəlir, 
Başa, cana ağrı gəlir, 
Öz ömründən bezir insan. 
 
Ay Şiruyə, susdun niyə? 
Tamaşa et yerə, göyə. 
“Dünya mənim” deyə-deyə, 
Dünyadan əl üzür insan. 
 
 
 
DEYƏRƏM 
 
Məhəbbətlə keçən ömür, günümə, 
Sevgi üzüyünün qaşı deyərəm, 
Sevdasız ötüşən ömür, günümə, 
Həsrət gözlərimin yaşı deyərəm. 
 
Sevib sevgisinə uymayanlara, 
Ömürdən nişanə qoymayanlara. 
Könlümü anlayıb duymayanlara, 
Əlbəttə, naşıdan naşı deyərəm. 
 
Şiruyə, olmasın bağçalar gülsüz, 
Boynunu bükməsin güllər bülbülsüz, 
Bir ürək döyünsə vətənsiz, elsiz, 
Mən ona çöllərin daşı deyərəm.
 

             
                           
                          Susma, ürək…
 
 
33 
 
VAR 
 
Gərək düşünəsən dərindən dərin, 
Zirvəyə qalxmağın enməsi də var. 
Yanan bir məşəlin, odun, ocağın, 
Axırda kül olub sönməsi də var. 
 
Yüz fitnə feli var xal bildiyinin, 
Dəyib ötməsi var kal bildiyinin, 
O dilsiz, ağızsız lal bildiyinin, 
Üzə qabarması, dinməsi də var. 
 
Az şeydən başlayır işin əsası, 
Söz-sözü gətirir, qisas qisası. 
Sevincin kədəri, şadlığın yası, 
Taleyin tərsinə dönməsi də var. 
 
Axırı puçluqdu hər zərli taxtın, 
Ömrünü şöhrətə nahaqdan yaxdın. 
Tənəzzül qoynunda inləyən baxtın, 
Tərəqqi atına minməsi də var. 
 
Şiruyə, yarıdan keçibdi yaşın, 
Bu qədər havalı gəzməsin başın. 
Çox da bel bağlama, yarın, yoldaşın, 
Əhdindən, eşqindən dönməsi də var. 
 
 

Sərraf Şiruyə             
                           
                          
 
 
34 
 
HİKMƏTDİ, HİKMƏT 
 
Qanmaz ağlayarsa, fərqinə varma, 
Qanan ağlayarsa, dəhşətdi, dəhşət. 
Qanmazın gülməyi mənasız heçdi, 
Qanan qəh-qəh çəksə hikmətdi, hikmət. 
 
Çiydi çiy danışan, yaxına qoyma. 
Aqilə, arifə yox özgə ayma. 
Qanmaz baş əysə də hörmətdən sayma, 
Qananın salamı hörmətdi, hörmət. 
 
Şiruyə, haqsızı çağır düz yola, 
Bəlkə sözlərindən nəsihət ala. 
Qanmazın susmağı inanma ola, 
Qananın susmağı ismətdi, ismət. 
 
 
 
ATALAR 
 
Cahil mal, ağıllı kamal, 
Axtarar – deyib atalar. 
Əyilməyən güc, qüvvəti, 
Söz ilə əyib atalar. 
 
Kim olsa elin gərəyi
Ona veriblər ürəyi. 
Süfrələrdən duz-çörəyi, 
Düz kəsib, yeyib atalar. 
 

             
                           
                          Susma, ürək…
 
 
35 
Düz yolundan çıxanları, 
Haqqa qılınc çaxanları. 
Dosta xain baxanları, 
Daşlayıb, söyüb atalar. 
 
Dərd tapsa da ətək-ətək, 
Olmayıblar yada yedək. 
Haqq donunu Şiruyətək, 
Aşkara geyib atalar. 
 
 
 
VAR 
 
Gəlhagələ sevinməyək, 
Gəlhagəlin gedişi var. 
Bu həyatın qovhaqovu, 
Çaparı var, ötüşü var. 
 
Dünya meydan, dünya səhnə, 
Dünya təzə, dünya köhnə. 
Gəl dünyaya gərmə sinə, 
Onun sirli atışı var. 
 
Hər axşamın bir səhəri, 
Hər müşkülün bir təhəri. 
Hər gövhərin öz dəyəri, 
Şiruyə, öz satışı var. 
 

Sərraf Şiruyə             
                           
                          
 
 
36 
 
İMİŞ 
 
Bu gün bir sualdı, sabah bir sual, 
Dünya bir imtahan səhnəsi imiş. 
Neçə dost deyənlər darda yox oldu, 
Vəfadar dostların köhnəsi imiş. 
 
Çarəsi tapılar beli əyrinin, 
Tapılmaz çarəsi dili əyrinin, 
Təknəsi boş qalıb əli əyrinin, 
Bərəkət halallar təknəsi imiş. 
 
Eşitmirik amanları, ahları, 
Yad etmirik gedənləri, yoxları. 
Varlıqdan darlığa düşdü çoxları, 
Dünya qəza-qədər nehrəsi imiş. 
 
Qəlbi korlar düz deyənə kor deyir, 
Acgözlərə dövran horhahor deyir, 
Can deyənə zaman bəzən “çor” deyir, 
Bax, bu da zamanın töhvəsi imiş. 
 
Şiruyə, bir yanda qəm qatbaqatdı, 
Bir yanda toy-düyün, qurğu-büsatdı. 
Mən gülü oxşadım, gözümə batdı, 
O da qaratikan pöhrəsi imiş. 
 
 
 

             
                           
                          Susma, ürək…
 
 
37 
 
PƏRVANƏSİDİR 
 
Bu uca zirvələr, bu gеn dərələr, 
Ana təbiətin xəzinəsidir. 
Bu ayna bulaqlar, gur şəlalələr, 
İncisi, gövhəri, dürdanəsidir. 
 
Qayalar harayçı, qayalar yaraq, 
Zirvələr kеşikçi, zirvələr bayraq. 
Zərrəsin öpdüyüm bu ana torpaq, 
Babamız Qorqudun nişanəsidir. 
 
Xallı lalə boyun əyib üzbəri, 
Еşqə düşmüş ya Gülgəzdi, ya Pəri. 
Çaylar bu dağların gümüş kəməri, 
Duman bu dağların pərvanəsidir. 
15 iyul 1976-cı il, Göyçə, Daşkənd kəndi. 
 

Sərraf Şiruyə             
                           
                          
 
 
38 
Yüklə 2,99 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin