Sərxoş verici içkilər haramdır



Yüklə 17.19 Kb.
tarix04.06.2017
ölçüsü17.19 Kb.
Sərxoş verici içkilər haramdır

Allah Təala Qurani Kərimdə buyurur: “- Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız!” (əl-Maidə (Süfrə) surəsi, 90). Buxari Səhihində “Kitabu-l-əşribədə (İçəcəklər kitabı)” bu ayəni içkinin haramlığı haqqında gələn hədislərə bir hazırlıq və müqəddimə olmaq üçün zikr etmişdir. Bu ayə sərxoşluq verən içkilərin qadağası və haram edilməsi haqqında üçüncü və son olaraq enən ayədir. Bunlardan birincisi Quranın Nisa surəsinin 43-cü ayəsidir: “- Ey iman gətirənlər! Sərxoş ikən nə dediyinizi anlamayana qədər və cunub (murdar) olduğunuz zaman - yol ötən müsafirlər müstəsnadır - qüsl edənədək namaza (namaz qılınan yerə) yaxınlaşmayın. Xəstələndikdə və ya səfərdə olduqda, sizlərdən biri ayaq yolundan gəldikdə, yaxud qadınlara toxunmuş (yaxınlıq etmiş) olduqda (qüsl və dəstəmaz üçün) su tapmadığınız zaman pak bir torpaqla təyəmmüm edin, (ovuclarınızı) üzünüzə və əllərinizə sürtün! Şübhəsiz ki, Allah əfv edəndir, bağışlayandır!” İkincisi isə Quranın əl-Bəqərə (İnək) surəsinin 219-220-ci ayələridir: “- (Ya Rəsulum!) Səndən içki və qumar (meysir) haqqında sual edənlərə söylə: “Onlarda həm böyük günah, həm də insanlar üçün mənfəət (dünya mənfəəti) vardır. Lakin günahları mənfəətlərindən daha böyükdür”! (Allah yolunda) nəyi paylamalı olduqlarını soruşanlara isə de: “Ehtiyacınızdan artıq qalanını (möhtaclara paylayın)!” Allah sizə Öz ayələrini bu cür bildirir ki, bəlkə, fikirləşəsiniz. Dünya və axirət (işləri) barəsində. (Ya Rəsulum!) Səndən yetimlər haqqında sual edənlərə söylə: “Onlar üçün (onların malını qorumaq və güzəranlarını) yaxşılaşdırmaq xeyirlidir (nəcib əməldir). Əgər onlarla birlikdə yaşayırsınızsa, onlar sizin qardaşlarınızdır”. Allah islah (yaxşılıq) edənləri də, fəsad salanları da tanıyır. Əgər Allah istəsəydi, sizi, əlbəttə, əziyyətə salardı. Həqiqətən, Allah yenilməz qüvvət, hikmət sahibidir!”.

Buxari bu ayəni dəlil gətirdikdən sonra aşağıdakı hədisləri rəvayət etmişdir:


  1. ...Bizə Malik, Nafidən, o da Abdullah bin Ömərdən xəbər verdi ki; Allahın rəsulu (s.ə.s) belə buyurdu: “Kim dünyada şərab içsə, sonra bu günahından tövbə etməsə, o adam axirətdə Cənnət şərabından məhrum olacaq”.

  2. ...Əz-Zühri belə demişdir; mənə Səid bin Müsəyyəb xəbər verdi ki, özü Əbu Hüreyrədən eşitmişdir: Peyğəmbərə isra etdirildiyi gecə (meraca çıxdığı gecə) iliyada (Beytu-l Məqdisdə) biri şərab, digəri də süd dolu olan iki qədəh gətirildi. Peyğəmbər (s.ə.s) onlara baxdı, sonra süd qədəhini aldı. Cəbrayıl (ə.s) ona belə dedi: “Səni fitrətə yönəldən Allaha həmd olsun! Əgər sən şərabı götürmüş olsaydın, ümmətin zəlalətdə olardı”.

  3. ...Ənəs belə demişdir: Mən peyğəmbərdən bir hədis eşitdim ki, onu sizə məndən başqa heç kim deməyəcək. Belə buyurdu: “Cəhalətin yayılması, zinanın yayılması, şərabın içilməsi, kişilərin sayı azalıb, qadınların çoxalması – o dərəcədə ki, əlli qadının yalnız bir baxanı, sahibi olması qiyamət əlamətlərindəndir”.

  4. ...İbn Şihab belə demişdir: Mən Əbu Sələmə bin Əbdurrahman ilə İbnul Müsəyyəbdən eşitdim, belə deyirdilər: Əbu Hüreyrə (r.a) belə dedi: Peyğəmbər belə buyurdu: “Zina edən adam zina etdiyi vaxt (tam və kamil) mömin olduğu halda zina etməz. İçki içən də içdiyi vaxtda kamil bir mömin olaraq içməz. Oğurluq edən də oğurlayarkən kamil bir mömin olaraq oğurluq etməz”.

1-ci bab. Üzümdən düzəldilən şərab. Bu babda olan hədislər:

5. ...Bizə Malik bin Muğvəl Nafidən rəvayət etdi ki, İbn Ömər (r.a): “Allaha and olsun ki, xamr (şərab) haram edildi, halbuki Mədinədə ondan heç nə yox idi” demişdir.

6. ...Ənəs (r.a) belə demişdir: Xəmr (şərab) bizlərə haram edildi. Haram edilən vaxt biz üzümlərdən düzəldilən şərabı – Mədinədə demək istəyir – çox az tapardıq. Bizim şərabımızın çoxu (yəni əsli) yetişməmiş xurma idi.

7. ...Bizə Əmir əş-Şəbi rəvayət etdi ki, İbn Ömər belə demişdir: Ömər (r.a) peyğəmbərin (s.ə.s) minbəri üstündə ayağa qalxdı və belə dedi: “Amma bad (sonra): Xamr (şərab) haram edildi. Bu isə bu gün beş şeydən düzəldilir: üzümdən, xurmadan, baldan, buğdadan, arpadan. Xamr ağılı və şüuru örtüb qarışdıran içkidir”.

2-ci bab. Xamrın (şərabın) haramlığı endi, xamr isə xurmadan düzəldilirdi.

8. ...Ənəs bin Malik (r.a) belə dedi: Mən Əbu Ubeydəyə, Əbu Talhaya, Übeyy bin Kəbə, “zəhv” deyilən, xurmadan düzəldilən “Fadih” içkisi paylayırdım. Bu toplantıya kimsə gəldi və dedi: “Xəmr haram qılınmışdır”. Bunu eşidən ögey atam Əbu Təlha mənə: “- Ya Ənəs! Qalx, bu şərabları tök!” dedi. Məndə şərabları tökdüm.

9. ...Bizə Mötəmir xəbər verdi ki, atası Süleyman bin Tərhan əl-Bəsri belə demişdir: Mən Ənəsdən eşitdim, belə dedi: Mən bir eyş-işrət məclisində qalxıb əmilərimə fadih deyilən içki verirdim. Mən onların ən kiçiyi idim. Bu vaxt “Şərab haram edildi” sözü deyildi. Bundan sonra o məclisdə olanlar: - Şərabları tök! - dedilər. Biz də şərabları tökdük. Süleyman bin Tərhan dedi ki, mən Ənəsdən: -Onların şərabları nə idi? – deyə soruşdum. Ənəs: - Yaş xurma və xurma içkisi idi – dedi. Əbu Bəkr bin Ənəs: - Onların xəmri bu idi – dedi, Ənəs oğlunun bu sözünü rədd etmədi. Süleyman belə dedi: - Mənə dostlarımdan biri xəbər verdi ki, o Ənəsdən bu sözü eşitmişdir: Fadih o gün onların xəmri idi.

3-cü bab. Baldan düzəldilən xamr (şərab), o biiti deyilən içkidir.

10. ...Məan bin İsa, mən Malik bin Ənəsə “əl-fiqəə” (deyilən, quru üzümdən düzəldilən şirə) içkisinin hökmünü soruşdum. İmam Malik: “Sərxoşluq vermədiyi vaxt zərəri yoxdur” dedi. İbn Dəravərdi də belə dedi: Biz “əl-fuqaa” içkisinin içilib içilməyəcəyini soruşduq, alimlər: “Sərxoşluq vermirsə zərər yoxdur” dedilər.

11. ...Aişə (r.a) belə demişdir: Peyğəmbərdən (s.ə.s) biti içkisinin hökmü soruşuldu. O: “Sərxoşluq verən hər içki haramdır” buyurdu.

12. ...əz-Zühri belə demişdir: Mənə Əbu Sələmə bin Əbdurrəhman xəbər verdi ki, Aişə (r.a) belə demişdir: Peyğəmbərdən (s.ə.s) biti içkisinin hökmü soruşulmuşdu ki, - o biti içkisi baldan düzəldilən nəbiz olub bunu Yəmən əhalisi içirdi – Peyğəmbər (s.ə.s): “Sərxoşluq verən hər içki haramdır” cavabını verdi. Yenə əz-Zühri belə demişdir: Mənə Ənəs bin Malik xəbər verdi ki, Peyğəmbər (s.ə.s): “Dibba və müzəffət deyilən qablarda şirə qurmayın” buyurmuşdu.

4-cü bab. Xəmr ağlı örtən içkidir.



Cami-ul-əhadis kitabında İçəcəklər fəslində Baldan düzəldilən şərab başlığı ilə başlayan babda 389-cu hədis belədir: Abdullah bin Yusif bizə rəvayət edərək dedi ki, Malik bizə İbn Şihab əz-Zühridən, o da Əbu Sələmə bin Abdurrahmandan, o da Aişədən (r.a) bunu rəvayət etdi: Peyğəmbərdən (s.ə.s) bal şərabının hökmü soruşuldu. Buyurdu ki: Sərxoş edən hər içki haramdır. (Buxari, Müslim və digərləri) (Cəmiul Əhadis, İçəcəklər fəsli, Baldan düzəldilən şərab babı).

Allah rəsulu (s.ə.s) “Sərxoş edən hər içki haramdır” ifadəsi ilə alkaqollu içkilərlə bağlı ümumi və açıq hökmü vermişdir. Bu mövzuyla bağlı olaraq Peyğəmbərdən gələn rəvayətlər o dərəcədə açıq və güclüdür ki, sərxoş edici maddələrin haramlığı nöqtəsində ən kiçik şübhəyə yer qoymamaqdadır. İmam Əhmədin ifadəsiylə “Sərxoş edən hər içki haramdır” hədisi iyirmi səhabə tərəfindən fərqli kanallarla rəvayət edilmişdir. Abdullah bin Mübarək “Sərxoş edən hər içki haramdır” hədisinin hökmünü mütləq olaraq götürmüş, yalnız içilən şey olmasa da sərxoş edən hər şeyin haram olduğu nəticəsinə gəlmişdir. Beləliklə nəşə, kanapilə, eroin vəs tipli uyuşdurucu maddələr də bunun hökmünə girir.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə