29. “Kitabi - Dədə Qorqud”da Oğuz elinin siyasi sistemi Oğuz eli oğuznamələrdə bir etnik və siyasi birlik kimi təqdim olunur. Bu etnosiyasi birlik iki hərbi-inzibati bölgəyə ayrılır: İç Oğuz və Taş Oğuz. Etnosiyasi sistemin İç Oğuz-Taş Oğuz şəkli yalnız “Kitab” da işlənir. Rəşidəddin mətnində isə bu bölgü Bozoq-Üçoq şəklində əks olunur. Məlum olduğu kimi, bu adlar “Kitab” dakı XII boyda da özünə yer tapır. Bundan başqa, sözügedən hərbi-inzibati bölgü sağ-sol şəklində də ifadə olunur. Səbəbsiz deyil ki, Oğuz elinin bəyləri “sağ bəglər” və “sol bəglər” şəklində təsnif olunur. Burada Sağ, Bozoq və İç Oğuz hərbi-inzibati bölgünün bir, Sol, Üçoq, Taş Oğuz isə bu bölgünün başqa qanadının ifadə şəkilləridir. “Toy” və “dərnək” adı alan məclislər, eləcə də hərbi yürüşlər zamanı Sağ, Bozoq və ya İç Oğuzu təmsil edən bəylər xanın sağ, Sol, Ücoq, Taş Oğuz bəyləri xanın sol yanında yer tuturdular. İç Oğuz və Taş Oğuzdan ibarət olan Oğuz elinin başında Bayandır xan dayanır. İç Oğuzun başında Salır boyundan olan Qazan xan, Taş Oğuzun başında onun dayısı Alp Aruz dayanır. Dastanlarda Taş Oğuz İç Oğuza tabe vəziyyətdədir. Ona görə də Qazan xan bütün bəylərin başında dayanır və bu səbəbdən də bəylərbəyi adı ilə təqdim olunur.
30. “Kitabi-Dədə Qorqud” dastanlarında Oğuz elinin əxlaqi dəyərləri və davranış normaları Oğuz ərənləri namus və şərəf naminə yaşayır. Bu anlayışlar fərddən tutmuş bütövlükdə elə qədər müxtəlif qatları əhatə edir. Oğuz bəyi onun şəxsiyyətinə ünvanlanan kiçik bir aşağılamanı belə qəbul etmir. Düşmən əsarətində olan ailənin, qardaşın, övladın, atanın qurtarılması namus borcu sayılır. Belə hallara biganə olan oğuz baş qaldırıb el içində gəzə bilməz. Qan intiqamını yerdə qoymamaq da bu qəbildəndir. Bəzi hallarda oğuz alpı elin yardımına ehtiyac duymur. Bəkil oğlu Əmən, Uşun Qoca oğlu Səgrək məhz belə hərəkət edir. Oğuz alpı hətta onun icazəsi olmadan hər hansı bir şəxsin ona yardım etməsini qəbul etmir. Belə hallarda o, öz havadarından hesab istəyir. Qanturalı ilə sevgilisi Selcan xatun arasında qarşıdurma bu səbəbdən baş verir. Məlum olur ki, oğuz alpı öz qələbəsinə kimsəni ortaq qoşmağı sevmir. Ona görə də izn olmadan kiməsə yardım etmək böyük cəsarət tələb edir. Qəflət Qoca oğlu Şir Şəmsəddin belə alplardandır. Bu səbəbdən o, “varıban dəstursuzca Bayandur xanın yağısın basan” ünvanı daşıyır. Bununla yanaşı, “Ərəm, bəgən” deyərək öyünmək, ərlik göstərmək Oğuz elində ayıb sayılır.
Oğuz ərəni ailənin namusunu üstün tutduğu kimi, elin namusunu da o şəkildə üstün tutur: Uruz atasının namusunu qorumaq üçün ölümə getməyə hazırdır; Qazan əsirlikdən azad olmaq üçün düşmənin “Oğuz elini pislə, bizi təriflə” kimi təklifini rədd edir.
Qorxağın, hiylə edənin, yoldaşı darda qoyanın, düşmən qarşısında baş əyənin Oğuz elində yeri yoxdur. El töhməti ən ağır cəzadır. Ona görə də oğuz ərənləri onlar haqqında hər hansı xoş olmayan bir xəbərin eldə hallanmasından ehtiyat edirlər.
Oğuznamələrdə ana və qadın əziz tutulur. Qazan xan düşmən əsarətində olan ailə üzvləri içərisində təkcə anasını istəyir. Qadın öz sevgilisinə, ərinə sadiqdir. Banuçiçək on altı il öz sevgilisinin yolunu gözləyir. Dəli Domrulun xatını isə ərinin canı əvəzinə öz canını Əzrayıla təklif edir. Qadının bu hərəkəti Tanrını belə riqqətə gətirir. Ən nəhayət, oğuz xanımları at minib qurşaq tutan, silah götürüb düşmən üzərinə gedən cəngavər qadınlardır.
Oğuzlardan bəziləri iç-dış oğuz fərqi ilə ailə qurur. Fərqli soydan birinin qızı ilə evlənir. Bəziləri isə qohumları ilə.
Düşmən ölkələrə aqınçı hücumları çıxmaq şərti ilə oğuzların düşman ölkəyə yürüşü haqqa söykənir və intiqam məqsədi daşıyır. Meydan döyüşü ənənəvi türk hərb nizamına uyğun şəkildə baş verir. Ordu iki rükət namaz qılır. Ardınca təklif gözləmədən düşmənin üzərinə yürüyürlər.