ŞİRİn bünyadova



Yüklə 3,55 Mb.
Pdf görüntüsü
səhifə5/20
tarix14.01.2017
ölçüsü3,55 Mb.
#5121
1   2   3   4   5   6   7   8   9   ...   20
Nəsəbə (soya) görə 
Кişilər 
Qadınlar 
1. ata 
1. ana 
2. babalar 
2. nənələr   
3. oğlu, oğlunun oğlu 
3. qızı, qızının qızı  
4. qardaşı 
4. bacısı  
5. qardaşının oğlu 
5. bacısının qızı  
6. bacısıoğlu 
6. qardaşının qızı 
7. əmi və dayı 
7. xala və bibi 

 
106 
 
Süd  qohumluğu 
8. süd ata                                               
8. süd ana 
9. Süd atasının və anasının 
ataları 
9. Süd anasının və  
süd atasının anaları 
10. süd oğlu                                           
10. süd qızı  
11. süd qardaşı 
11. süd bacısı 
12. süd qardaşının oğlu 
12. süd bacısının qızı 
13. süd bacısıoğlu     
13. süd qardaşının qızı 
14. süd əmi və dayı 
14. süd xala və bibi 
Evlilik  əqrəb alığı 
15. qayınata                                             
15. qaynana 
16. ögey oğul                                           
16. ögey qız 
17. ögey ata 
17. ögey ana 
18. kürəkən                                             
18. gəlin (56, 347) 
 
Şəriətlə müəyyən olunan kəbin haqqının orta əsrlərdə nə qədər 
olması əlimizdə olan mənbələrdən bəlli olmur. Lakin aydın məsələ-
dir  ki,  bu  haqq  ailənin  maddi  vəziyyətindən,  hansı  zümrəyə    aid 
olmasından asılı olaraq dəyişə bilərdi. 
Məlumdur ki, «nikahın həqiqi əsasını tərəflərin razılığı, onların 
bir-birinə  birləşmək  istəyinin  müvafiqliyi  təşkil  edir.  Razılıq  və  is-
tək  insanın  daxili  aləmi  ilə  bağlı  və  bilavasitə  gözə  görünməyən 
şeylər olduğu  üçün kişi ilə arvadın  birləşmək əzminə dəlalət  edən, 
bu əzmi ifadə  edən  aşkar bir  aktın olması  labüddür. Həmin  akt  öz 
ifadəsini  kəbin  kəsilməsində,  yəni  nikah  əqdi  siğəsində  (siğət  əqd 
ən-nikah) tapır. Nikah  əqdi  siğəsi  iki hissədən  – təklif (əl-icab) və 
qəbuldan (əl-qəbul) ibarətdir» (38, 92-93). Kəbinin kəsilməsi hər iki 
tərəfin şahidləri hüzurunda icra olunurdu. Təbriz şəhərinin material-
ları  əsasında  ailə  məsələləri  barədə  tədqiqat  aparan  M.Muradi  orta 
əsrlərdən  indiyədək  davam  edən  kəbinkəsmə  haqqında  maraqlı 
məlumatlar vermişdir:  «kəbinkəsmə qızla oğlan arasında bilavasitə 
icra oluna bilər, bu şərtlə ki, danışıb razılığa gəldikdən və mehriy-

 
107 
 
yənin  (yəni  kəbin  haqqının)  miqdarı  müəyyən  olunduqdan  sonra 
mollanın  və  şahidlərin  yanında  qız  oğlana  xitabən  deyir:  «təyin 
olunmuş  mehriyə  ilə  özümü  sənin  nikahına  gətirdim.»  Oğlan  razı-
lığını belə izhar edir: «Bu nikahı, təyin olunmuş mehriyə ilə özüm 
üçün  qəbul  etdim.»  Kəbinkəsmə  rəsmi  sənədlə  icra  edilir.  Bundan 
başqa qız ilə oğlanın kəbinkəsməsi təyin olunmuş vəkillər vasitəsilə 
də həyata keçirilə bilər. Belə halda vəkillər görüşədək mollanın işti-
rak etdiyi mərasimdə kəbin kəsirlər. Əvvəlcə gəlinin vəkili oğlanın 
vəkilinə deyir:  «Mən öz müvəkkilim (qızın adını çəkir) xanımı sə-
nin müvəkkilin (oğlanın adını çəkir) ağaya məlum mehriyyə ilə ni-
kah etdim» onun ardınca oğlanın vəkili deyir: «Bu nikahın öz mü-
vəkkilim  (oğlanın  adını  çəkir)  üçün  məlum  mehriyyə  ilə  qəbul  et-
dim» (37, 11-12). 
Təbriz  şəhərində  indi  də  yaşamaqda  olan  nikah  münasibətləri 
orta əsrlərdə də mövcud olmuşdur. Belə ki, «İran azərbaycanlıların-
da nikahın ikinci növü müvəqqəti nikah və yaxud mitə adlanır. Mitə 
adlanan müvəqqəti nikah daimi nikah kimi təklif və qəbula əsasla-
nır.  İran  Azərbaycanında  müvəqqəti  nikah  aşağıdakı  şərtlərlə  icra 
olunur: 1. Qadın  tərəfindən  «Mətştü» və  ya  «Ənkətü» və  ya  «Zəv-
vəctü» sözünün deyilməsi. 2. Kişi tərəfindən bu sözün qəbulu və ya 
razılığını bildirən sözün deyilməsi. 3. Bu nikah üçün nəzərdə tutul-
muş mehriyyənin nikah haqqının miqdarının razılaşdırılması. 4. Ni-
kahın müddətinin rəsmi sürətdə qeyd olunması. Siğə göstərilən şərt-
lərlə kəsildikdən sonra əgər kişi göstərilən müddətdə qadına yaxın-
laşmasa,  məhriyəsini  ödəməlidir.  Müvəqqəti  nikah  vaxtı  qadın  ha-
milə olsa, doğulan uşaq  kişinin  övladı sayılır»  (37, 12). Rusiyanın 
Azərbaycanı  işğalı  və  Sovet  hökumətinin  yeritdiyi  daxili  siyasət 
nəticəsində  Şimali  Azərbaycanda  aradan  qaldırılan  bir  sıra  adətlər 
və onlara vurulan damğalar bu ənənələrin həyat səhnəsindən tama-
milə yox olub getməsinə gətirib çıxarmışdır. Bu baxımdan da Şima-
li  Azərbaycandan  fərqli  olaraq,  İran  Azərbaycanında  hələ  də  qal-
maqda  davam  edən  adətlərin  və  icra  olunan  mərasimlərin  orta 
əsrlərin qalığı olduğunu söyləyə bilərik. 

 
108 
 
Maraqlıdır ki, Ə.Çələbizadənin verdiyi məlumatlardan da aydın 
olduğu  kimi  qıza  verilən  cehiz  məclisə  təqdim  olunur  və  molla 
verilən  əşyaları  bir-bir  siyahıya  alır.  Xüsusən  də  güzgü  ilə  lampa 
birinci  olaraq ortaya  gətirilir.  Lampanı  yanan vəziyyətdə  gətirirlər. 
Bundan əlavə,  gətirilən  əşyalar içərisində aftafa  da olur ki,  onu da 
içi su ilə dolu olaraq gətirirlər. Su aydınlığa, xoşbəxtliyə, lampanın 
yanması  da  aydınlığa  (işlərin  avand  olmasına,  getdiyi  yerdən 
yarımasına)  dəlalət  edir  (54,  47).  Orta  əsrlərdə  də  belə  nikah 
əqdlərinin  mövcudluğu  Qul  Əlinin  məlumatıyla  təsdiqlənir.  Şair 
əqd-nikah qılınmasını qeyd etmişdir (55, 83).  
Orta əsrlərdən qalan əqd məsələsi İran Azərbaycanında hələ də 
mövcuddur.  Məsələn,  Təbrizdə  «toydan  əvvəl  qızla  oğlanın  nikahı 
kəsilir  və  kəbin  kağızı  təsdiqlənir.  Buna  «əqd  oxunma»  deyilir  və 
bu  mərasim  qız  evində  keçirilir.  Kəbin  kağızı  tərtib  edildikdə  qız 
başqa  otaqda  mis  teştin  üzərində  oturdulur  və  başının  üstündəki 
parçaya  iki  tikə  qənd  sürtürlər  (qəndlərin  biri  qızı,  ikincisi  oğlanı 
təcəssüm  etdirir).  Keçmişdə  və  qismən  indi  kənd  yerlərində  kəbin 
duası oxunan zaman qızı atın yəhərinə oturdurlar. Bu adətin mənası 
olur  ki,  tezliklə  qız  atla  ər  evinə  köçsün.  Bu  adət  indi  də  qismən 
qalmaqdadır»  (37,  15-16).  Azərbaycanda  yalnız  sovet  hakimiyyəti 
qurulduqdan sonra vətəndaşların vəziyyətləri barədə qəbul olunmuş 
dekretlər şəriət qaydasıyla kəbin kəsilməsini ləğv etdi. 
Q.Paşayev  İraqın  Kərkük  əyalətindəki  toy  adətlərini  şərh  et-
mişdir. Maraq doğuran toy adətlərindən biri odur ki, toy evində oğ-
lanın  sağdışı və bəy damda durub  gəlinin  üstünə şəkər  atırlar. Mə-
nası budur ki, əgər atılan şəkərlər qızın başına dəyirsə, oğlan evdə 
hökmlu  olacaq,  dəymirdisə,  əksinə  qız  hökmlu  olacaq  (65,  370-
373). Bütün bu adətlərin təsviri onu deməyə əsas verir ki, qızbəyən-
mə,  elçilik,  kəbin  kəsilməsi  və  toy  mərasimi  eynilə  Azərbaycanda 
olduğu kimidir.  
Əsrlərin sərhəddini aşan toy adətlərimiz bölgələr üzrə müxtəlif-
liyi  ilə seçilmişdir. Toyla bağlı adətlər uzunömürlü olaraq bugünü-
müzədək  yaşamışdır.  Göyçə  mahalında  qədimlərdən  bəri  qorunub 
saxlanılan  toy  mərasiminin  özünəməxsus  çalarları  olmuşdur.  Bu 

 
109 
 
barədə  məlumatçının  söylədikləri  maraq  doğurur.  Gəlin  otağında 
qırmızı ipəkdən gərdək tikilirdi. Onun paltarı və üstünə salınan şal 
da  qırmızı  rəngdə  olurdu.  Gəlinin  gətirildiyi  atın  boğazına  qırmızı 
rəngli  şal  və  ya  kalağayı  bağlayırdılar.  Yəhərin  üstünə  də  qırmızı 
parça salınırdı. Özü də atın başını gərək oğlan uşağı çəkəydi. Gəlin 
gələndə ayağının altında qurban kəsilir, bu qurbanın üzərindən bəy-
lə gəlin addayırdı. Qurban qanından  gəlinin  alnına çəkirdilər.  «Al-
lah qəbul eyləsin» - deyirdilər. Oğlan evinə daxil olanda Quranın al-
tından keçirirdilər. Gəlin oturmurdu. Gəlinə gördüyün sənə peşkəş-
dir, nə istəyirsən götür deyilirdi. Sonra qaynana qızıl bir şey bağış-
layırdı.  Oturandan  sonra  yağ-bal  verirdilər.  Gəlin  bundan  dada  bi-
lərdi.  Maraqlı  adətdir  ki,  gəlinin  əlinə  barama  piləsi  verirdilər.  Bu 
da gəlinin pilə kimi yumşaq olması üçün edilirdi. Gəlinin qucağına 
qoyulan  uşağı  götürəndə  uşağın  yiyəsi  gəlinə  hədiyyə  verib  sonra 
uşağını ondan geri ala bilərdi. Qızın sağdışı şah bəzəyirdi. Oğlanın 
sağdışı isə ondan şahı nəmər verib alaraq toyda oynadırdı (57). Təb-
rizdə isə gəlini atla apararkən atın tərkinə oğlan uşağı oturdurdular 
ki, ilki oğlan olsun (37, 17). Göstərilənlər onu deməyə əsas verir ki, 
icra olunan mərasimlər zamanı edilən davranışlarda artıq sözə gərək 
olmurdu. Elə bu davranışların özü böyük bir məna kəsb edirdi. 
Abşeron  kəndlərində  gəlin  bəy  evinə  aparılarkən  atlı  çaparlar 
«gəlin pərdəsi»ni götürüb yarışardılar. İrəli keçən digərindən pərdə-
ni  alıb  atını  çapardı.  Bəy  evinə  kim  bu  pərdəni  tez  çatdırsa,  ona 
xələt bağışlar və atının alnına bir çiy yumurta çırpardılar (60, 18).  
Azərbaycanda orta əsrlərdə patriarxal münasibətlər mövcud idi. 
Babək birindən soruşanda ki, səni burda saxlayan nədir? O burada 
evlənmişəm-deyə cavab verir.  «Babək dedi: Haqlısan, çünki məsəl 
var, deyərlər: Birindən soruşurlar haralısan, o cavab verir ki, arva-
dım olan yerdən.»  (63, 87) Bu mövcud el məsəlinə işarədir. İndi də 
zarafatyana haralısan sualına hələ evlənməmişəm deyirlər. 
Azərbaycan  ərazisində  İslamın  yayıldığı  dövrlərdən  sonra  dər-
viş sözünə rast  gəlmək mümkündür, lakin onların toyları haqqında 
orta əsr mənbələrində məlumat yoxdur. Sufizm təriqətinin təbliği ilə 
əlaqədar olan dərvişliyin tarixi çox qədimdir. Onlar tarixdə özlərinə 

 
110 
 
məxsus  iz  buraxmışlar.  Müasir  dövrdə  «dərviş  toyları»  adlanan 
mərasimlər keçirilir. Bu heç də sufi təriqət numayəndələri olan dər-
vişlərin  müşayiətilə  icra  olunan  toy  mərasimi  demək  deyildir.  Əs-
linə qalsa, belə məclislərdə adi toyladan fərqli bir mühit nümayiş et-
dirilir.  Bu  zaman  kişi  qonaqlardan  ibarət  toyun  keçirildiyi  belə 
məclislərdə  bam-başqa  abı  hava  mövcud  olur.  Yəni  bilinən  toy 
adətlərində musiqisiz məclis keçməz, lakin dərviş toylarında musiqi 
səslənmir, çalğıçılar olmur. Bu cür toylarda adəti üzrə dindar kişilər 
özləri  iştirak  edərlər.  Özünəməxsus  şəkildə  toyu  idarə  edən  iki  və 
daha  artıq  məddah  dərviş  arasında  məclisdə  xüsusən  deyişmələr 
olur və müxtəlif söhbətlər edilir. Bütün toy mərasimlərində olduğu 
kimi  belə  toylarda  da  ilk  olaraq  yemək  təqdim  edilir.  Lakin  bu 
yeməklər  və  içkilər  şəriətlə  haram  buyrulmuş  şeylərdən  uzaq  bir 
təamlardan ibarət olur. Süfrəyə düzülən yeməklərin çeşidləri də arzu 
olunan  tərzdə  hazırlanır.  Təbrikdən  sonra  Qurandan  söz  açılaraq 
Məhəmməd peyğəmbərdən, müxtəlif hədislərdən bəhs edilir, ibrəta-
miz rəvayətlər, şerlər söylənilir və gələcək həyatla bağlı arzular dilə 
gətirilir.  Həzrət  Əli  və  digər  imamların  həyatından  mənzumələr 
avazla oxunur. Toy zamanı  yalnız ilahi  nəğmələr səsləndirilir. Ma-
ğarın  yuxarı və aşağı başında dayanan dərvişlər «Bismillah» deyə-
rək on iki imamın şəninə təriflər söyləyirlər: 
 
Tərif elədikcə, 
Oluram şad  Əlidən. 
Xeyir işlər olur 
Cümləsi icad Əlidən. 
Ey münkiri mövla! 
Bu qədər etmə ləcacət. 
Vallahi olur, 
Din evi  abad  Əlidən. 
 
Dərviş  toyunda  dini  mövzularla  bahəm,  cavanlara  ata-ana  və 
böyüklərə  hörmət  edilməsi  haqqında  nəsihətlər  də  verilir.  Bu  cür 
şeirlər  ibrətnamə  adlanır.  Mərasimdə  hədislər  danışılır,  Nizami, 

 
111 
 
Xaqani,  Füzuli,  Nəsimi  və  başqa  klassiklərin  qəzəl  və  qəsidələri 
söylənilir,  toya  gələnlərin  həyat  və  səmiyyət  barədəki  sualları 
cavablandırılır. Tamaşaçılar dərvişlərə istədiyi mövzunun bəhsini və 
ya hansısa əsəri pulla sifariş edir, sonda isə bəy tərifi olur.  
Digər  toylarda  olduğu  kimi  dərviş  toylarında  da  bəyin  sağdışı 
və soldışı olur. Bəy məclisə onların iştirakı ilə daxil olur, toya uy-
ğun şəkildə «bəy tərifi» səslənir. Bəy də öz növbəsində baş əyməklə 
iştirakçılara  öz  razılığını  bildirir.  Xalq  arasında  bəzən  belə  toylara 
«kasıb toyu» və yaxud «islam toyu» da deyirlər. Oğlan toyu ilə qız 
toyu ayrılıqda keçirilir. Oğlan toyunda kişilər iştirak etdiyi kimi qız 
toyunda da yalnız qadınlar olurlar. Dərviş kəlməsi sadəcə dini məna 
kəsb edir.  
Toy  mərasimi  barədə  məlumatlandığımız  atalar  sözləri  tarixi 
keçmişimizin  və  bugünümüzün  etnoqrafik  baxımdan  əhəmiyyətli 
canlı səhifələrini göz özündə əks etdirir, real həqiqətləri, ailə məişə-
tində uzun əsrlərdən bəri kök salan müxtəlif adət və ənənələri  işıq-
landırır.  Məsələn,  «çalğı  toy  yerinin  yaraşığıdır»,  «çalğısız  toy  ol-
maz», «toy bəzəyi xonçadır», «toyunda xəlbir ilə su daşıyım», «de-
sələr ki, göydə toy var, arvadlar nərdivan axtarar», «kasıbın toyunda 
gecə  qısa  olar»  «xeyir  iş  yerdə  qalmaz»,  «xeyir  işi  saxlamazlar» 
(64,  117-118;  251;  247).  Belə  bir  deyim  də  var  ki,  bəy  toyunda 
oynasa ucuzluq olar. Qazan dibi qaşıyanın toyunda qar yağar.  
Bütün bu deyilənlərdən belə nəticəyə gəlmək olar ki, Azərbay-
can xalqının ailə münasibətlərində ən mühüm yeri toy vasitəsilə hə-
yata keçirilən nikah tutur. Bəllidir ki, «insanların həyatında mühum 
hadisə  olan  toy  yeni  ailə  həyatının  başlanğıcını  qoyur.  Ayrı-ayrı 
ailələrin üzvləri bir ailədə birləşərək yeni həyat qururlar. Əsrlər bo-
yu yaşayıb, müasir dövrümüzdə də icra olunan toy xalqın minillik-
lərdən gələn arzu və istəklərini özündə əks etdirən, zəngin  adət  və 
ənənələri qoruyub saxlayan el şənliyidir. Hər bir xalqın tarixi inki-
şafından  asılı  olaraq  müxtəlif  toy  adətləri  mövcuddur  ki,  onlar  da 
zəngin və rəngarəngdir. Müxtəlif xalqlar arasında mövcud olan toy 
adətlərinin özündə bir sıra oxşar və fərqli cəhətlər vardır.» (5, 79)  
 

 
112 
 
 

 
113 
 
Toy  əsrlər  boyu  Azərbaycan  xalqının  yüksək  səviyyədə  qeyd 
etdiyi  təntənəli  şənlik  olub  ailənin  əsasını  təşkil  edən  və  nikahın 
rəsmiləşdirilməsini  təsdiqləyən  bir  mərasimdir.  Azərbaycanda  bu 
mərasimin özünəməxsus yeri vardır. Toy sevinc, şənlik və şadyana-
lıq gətirən bir el adəti kimi uzun əsrlər boyu yaşayır. Ailə həyatında 
nikahın bağlanmasında əxlaqi keyfiyyətlər və dəyərlər əsas götürül-
müşdür.  Xüsusən  orta  əsr  ədəbiyyatımızın  buna  dair  nümunələrlə 
zəngin  olduğunu  qeyd  edə  bilərik.  Nikah  şəxsi  həyatda  baş  verən 
dəyişiklikləri labüd edir.  
Toy  mərasimi  ənənədən  doğan  davranış  tərzi  kimi  təşkilati 
fəaliyyət mahiyyəti kəsb edir. O, bütün ayinlərin vaxtında və yerin-
də icrasını tələb edir. Hər mərhələ öz mərasimi ilə müşayiət olunur. 
Gəlin və bəyin statusunun dəyişməsi məqsədini daşıyır. Toy məra-
simi  əsas  xüsusiyyətlərini  dəyişmədən  müasir  dövrdə  modifika-
siyaya uğramışdır, yeni ünsürlər əmələ gəlmişdir. Toy mərasiminin 
inkişafı  yeni  sosial-siyasi,  iqtisadi  və  həmçinin  ideoloji  şəraitlə 
şərtlənmişdir. Tədrici olaraq daxil olan yeniliklər toy şənliyinə yeni 
rənarənglik gətirmişdir. Toy mərasimi transformasiyaya uğramışdır.  
 
 
                                              
 
 
 
 
                                
 
 
 
 
 
 
 
 

 
114 
 
HAMAM  MƏDƏNİYYƏTİ 
Xalqımızın  etnoqrafik  irsinin  hərtərəfli  öyrənilməsi  müasir  el-
min inkişafının təminatçısıdır. Etnoqrafik cəhətdən bir sıra məsələ-
lərin  kompleks  şəkildə  hələ  də  işıqlandırılmaması  isə  bu  cəhətdən 
böyük  marağa  səbəb  olur.  Belə  məsələlərdən  biri  də  cəmiyyətin 
özəyi sayılan ailə və onun məişəti ilə bağlı olub, əhalinin həyatında 
özünəməxsus yer tutan Azərbaycanda hamamlar və onların əhəmiy-
yətidir.  Sosial  mənsubiyyətinə,  daxili  plan  quruluşuna  görə  kənd 
məskənlərindən əsaslı surətdə fərqlənən orta əsr Azərbaycan şəhər-
ləri  bir  çox  tikililərə  –  məscid,  karvansara,  bazar,  o  cümlədən  ha-
mamlara  malik  idi.  Tarixi-etnoqrafik  obyekt  kimi  hamamlar  bütün 
dünya xalqlarında mövcud olmuş və tarixin müxtəlif mərhələlərində 
eyni dərəcədə əhəmiyyət kəsb etmişdir.  
Hələ  qədim  vaxtlardan  hamamlar  insanların  həyatında  mühüm 
yer tutmuş, qədim Misir və Roma həmişə öz hamam və termləri ilə 
tanınmışdır.  Qeyd  edək  ki,  bu  termlər  daxilində  çoxlu  yerləşgəyə 
malik olan müəyyən kompleks idi. Onun içərisində idman hərəkət-
ləri üçün zal da var idi. Simmetrik planlı əsas binada frigidari, tepi-
dari və kaldari (soyuq, ilıq və isti hamamlar) və onların ətrafında 2 
qrup  eynitipli  yerləşgələr  (vestibül,  soyunub-geyinmə  otaqları,  yu-
yunmaq,  massaj  və  buxarda  tərləmək  üçün  zallar)  vardı  (11,  206-
207). 
İctimai hamamlar özünəməxsus funksiya daşımaqla yanaşı (gi-
giyena, müalicə, mərasim keçirilməsi), həmçinin informasiya müba-
diləsinin gerçəkləşdiyi görüş yeri kimi də mahiyyət kəsb edirdi.  
Hamamın tarixi inkişaf mərhələləri barədə danışarkən ilk əvvəl 
ibtidai insanların yaşam tərzinə ötəri bir nəzər salaq. Məlum olduğu 
kimi, insanlar onları daim əhatə edən təbiətdən asılı olaraq öz gün-
dəlik həyatlarını sürməyə çalışmışlar. Təbiətdə mövcud olan təbii su 
mənbələrinin    yaxınlığında  məskən  salmağa  üstünlük  verən  ibtidai 
insanlar məhz burada təmizlənə biliblər.  
Zaman keçdikdən sonra daha böyük ərazilərə səpələnən insanlar 
yurd saldıqları geniş məskənlərin yaxınlığında arxlar qazaraq böyük 

 
115 
 
çayların sularından istifadə edə biliblər. Bu da onlara suların yaxın 
məsafəyə  gətirilməsini  təmin  edərək  şəraitin  daha  da  asanlaşdırıl-
masına xidmət etmişdir. İnsanlar bu vəsilə ilə nəinki təsərrüfat sahə-
lərində  suvarma  məqsədilə,  eləcə  də  yuyunmaq  və  evdə  müxtəlif 
təmizlik işləri aparmaq üçün sudan istifadə edə bilmişlər. Bölgələr-
də isə kanalizasiya sistemi yolboyu uzanan kiçik arxlar olduğundan 
evlərdə  çimmək  sonralar  sərfəli  hala  çevrilmişdir.  Bu  da  hamam-
ların əhəmiyyətinin azalmasına gətirib çıxarmışdır.   
Antik  və  orta  əsrlər  dövründə  çox  güman  ki,  insanların  birgə 
əməyi  sayəsində  hamam  kimi  vacib  ictimai  tikili  meydana  gətiril-
mişdir. Bunun üçün çox güman ki, əhali yığışıb iməcilik keçirər və 
öncədən irəli sürülmüş müəyyən layihə əsasında elliklə tikinti işlə-
rinə başlarmış. Bununla bərabər, hamamların şahların sifarişilə tikil-
məsi işində isə müəyyən məbləğ ödənilmək şərti ilə sənətkar ustalar 
iştirak  edərdilər.  Orta  əsrlərdə  şahların  özlərinə  məxsus  ayrıca  ha-
mamları  olduğu  bəllidir.  Bunu  İçərişəhərdə  yerləşən  Şirvanşahlar 
saray  kompleksinin  daxilindəki  hamam  nümunəsində  açıq-aydın 
görmək mümkündür.  
 
 
 

 
116 
 
Lakin İçərişəhər daxilində müxtəlif dövrlərdə inşa edilən ümu-
mi hamamlar da mövcud olmuşdur. Bu tipli hamamlar onu tikdirən 
şəxslərin adını daşımışdır. Məsələn, Ağa Mikayıl hamamı və s. Tək-
cə İçərişəhərdə bir neçə hamam mövcuddur. Onlardan biri də XIV 
əsrə  aid  olub,  indi  isə  yaşıl  aptekə  çevrilən  hamamdır.  Qasım  bəy 
hamamı Şirvanşah I Xəlilullah dövründə Salyan qapısı yaxınlığında 
tikilmişdir.
 
Xalq  arasında hamamın  «Şirin hamam»  adlandırılması, 
deyilənə  görə  burada  hamama  gələnlərə  çay  ilə  bərabər  şirniyyatın 
da təqdim olunması ilə bağlıdır. Bu hamamın da plan quruluşu yerli 
memarlıq ənənələrini özündə daşıyır.
 
Hamamın daxili tağlara, qüb-
bələrə və günbəzlərə bölünmüşdür. Soyunma və çimmə otaqları var. 
Onun da dam örtüyü başqa hamamlarda olduğu kimi günbəzlərdən 
ibarətdir. Suyun ötürülməsi, isitmə və qızdırma prosesi divarların içi 
və  döşəmənin  alt  hissəsində  olan  tünglər  vasitəsi  ilə  realizə  olu-
nurdu. 
Şirvanşahlara məxsus saray hamamı bütöv kompleksin ən aşağı 
hissəsində  yerləşir.  Rus  ordusunun  Azərbaycanı  işğalından  sonra 
ciddi  dağıntıya  məruz  qalmış  hamamın  üzəri  örtülmüş  və  yerində 

 
117 
 
balaca  bağ  salınmışdır.  Lakin  sonralar,  1939-cu  ildə  aparılan 
arxeoloji qazıntılar nəticəsində tarixi tikili aşkara çıxarılmışdır. Bir 
sıra otaqlardan ibarət olan bu hamam 1953-cü ildə tamamilə açıla-
raq təmizlənmiş və 1961-ci ildən etibarən qorunmağa başlanmışdır 
və indi də onun mühafizəsi davam etdirilir. Hamamın indiyədək qa-
lan divar qalıqlarına və  ümumən digər hamam  komplekslərilə mü-
qayisə əsasında onu söyləyə bilərik ki, dam örtüyü günbəzlərlə örtü-
lübmüş  və  bu  günbəzlərdəki  yarıqlardan  içəriyə  işıq  düşürmüş. 
Qışda isti, yayda sərin olması üçün onu yerin altında tikiblər. Belə 
sistem Bakı  və Abşeronun hamamları  üçün səciyyəvidir. Saray ha-
mamının  plan  quruluşuna  diqqət  yetirdikdə  onun  kvadrat  şəklində 
binadan ibarət olduğunu sezmək mümkündür. Nəzəri o da cəlb edir 
ki, burada naxışlı sütunlar həm möhkəm dayaq rolunu oynayır, həm 
də hissələrə ayırır. 
Şirvanşahların  saray  kompleksinin  bir  hissəsini  təşkil  edən 
hamam genişliyi və hündürlüyü ilə diqqəti cəlb edir. Burada yerlə-
şən geniş otaqlar onların təyinatı haqqında müəyyən fikir söyləməyə 
əsas verir. Maraqlıdır ki, hamamın yuxarı hissəsi dağılıb məhv olsa 
da, aşağı hissəsində yerləşən otaqlar müəyyən fikir söyləməyə əsas 
verir. Bir qrup otaqlar, yəni «bayır» geyinib-soyunmaq üçün nəzər-
də tutulub, «içəri» hissə isə çimmək üçün istifadə edilirmiş. Bunun-
la yanaşı, hamamda tək çimmək üçün xəlvəti guşə də olurdu. Çim-
mək  üçün  olan  hissədə  hamamı  isti  və  soyuq  su  ilə  təmin  etmək 
üçün hovuzlar qoyulurdu. İsti su saxlanan hovuzda onun qızdırılma-
sı məqsədilə  içində od yandırmaq üçün xüsusi kamera yerləşdirilir-
miş. Hamamı isti su ilə təmin etmək üçün təbiidir ki, qatılaşdırılmış 
ağ  neftdən  istifadə  edilirdi.  Qızdırılma  sisteminin  mexanizmi  belə 
idi  ki,  istilik  buxar  kanalları  vasitəsi  ilə  çimərlik  hissəsinin 
döşəməsinin  altı  ilə  gedirdi.  Beləliklə,
 
çimərlik  bölməsindən  gələn 
isti hava geyinib-soyunma otağını da isitmiş olurdu.  
 
 
 
 

 
118 
 
Belə ki, hamamın giriş hissəsində dairəvi oyuq nəzəri cəlb edir. 
Bu oyuğa ayaqqabılar qoyulurmuş. Kənar hissələrdə divar boyunca 
yerləşən  dağıdılmış  saxsı  tünglər  vasitəsilə  su  lazımi  istiqamətə 
paylanılırdı. 
 
 
 
 
  
 
 
 
 
 
 
 
 
 
 

 
119 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Hamamın  cüzi  bir  hissəsində  kaşı  bəzəyi  hifz  olunub  qala  bil-
mişdir. Burada başqa kaşı ilə bərabər, həm də mavi rəngli kaşı möv-
cuddur. Tikintidə isə mavi  kaşının XII əsrdən etibarən memarlıqda 
istifadə  olunması  tarixdən  məlumdur.  Bu  xüsusda  Azərbaycanda 
müxtəlif  formalı  bədii  kaşıların  istehsal  edildiyini  qeyd  edən 
R.Əfəndi göstərir ki, «bu növ məmulat əsas etibarı ilə memarlıq sa-
həsində  istifadə  edilmiş  və  Azərbaycanın  bir  çox  şəhərlərindəki 
məscidlərdə,  hamamlarda,  saraylarda  və  s.  yerlərdə  işlədilmişdir» 
(11, 21).  
Şirvanşahlar saray kompleksindəki hamamın daxilində bina di-
rəyi üzərində çoxdan xarab olmuş, lakin əzəli izlərini bəlli edən mil-
li ornamentlər böyük maraq doğurur. Bu onu deməyə əsas verir ki, 
şahlar tikilinin içərisindəki divar bəzəklərinə də xüsusi diqqət yetir-
mişlər. Bu da hamamın daxili interyerinin zövqlə bəzədilməsindən, 
onun  dekorativliyinə  xüsusi  diqqət  verilməsindən  söz  açır.  Məlum 
olur ki, hamam divarlarını zəngin rəsmlər bəzəyirdi. Yeri gəlmişkən 
qeyd  edək  ki,  səyyah  İ.Lerx  1733-cü  ildə  Bakıda  olarkən,  Şir-
vanşahlar saray hamamının gözəlliyi haqqında məlumat vermişdir. 

 
120 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
121 
 
Şirvanşahlar sarayında ovdan da vardır. Ovdan 1954-cü ildə şah 
hamamının  aşağı  hissəsində  arxeoloji  tədqiqat  işləri  aparılarkən 
aşkar edilmişdir. O, portal şəklində tərtib olunub, ondan su anbarına 
düşən pilləkənlər mövcuddur. Ovdanla hamam arasında əlaqənin ol-
duğu yan hissədəki vestibüldən aydın görünür. Ovdana su, kəhrizlər 
vasitəsilə  şəhərin  yuxarı  dağlıq  hissəsindəki  ərazidən  verilirdi. 
Təkcə  İçərişəhərdə  bir  neçə  hamam  mövcud  olmuşdur:  XVII-XIX 
əsrlər  Qasımbəy  hamamı,  XV  əsr  Hacı  Bani  hamamı,  1912-ci  il 
Ağa-Zeynal hamamı, Ağa Mikayıl hamamı.  
İçərişəhərdə Kiçik Qala küçəsi 16-da yerləşən digər orta əsr ha-
mamı  olan  Ağa  Mikayıl  hamamı  XVIII  əsrdə  inşa  edilmişdir.  Bu 
hamam Şamaxı sakini Hacı Ağa Mikayıl tərəfindən İçərişəhərin cə-
nub-qərb  tərəfində  tikilmişdir.  Onun  yerləşdiyi  ərazi  xalq  arasında 
Hamamçılar  məhəlləsi  adlanırdı.  Hamamın  otaqlarının  daxili  quru-
luşu öz genişliyi ilə digər hamamlardan bir qədər fərqlənir. Otaqları 
kvadrat  şəklindədir  və  onlar  dörd  mərkəzi  dayaq  üzərində  qurul-
muşdur.  Yerli  memarlıq  üslubunda  tikilmiş  hamamın  üzərində 
özünəməxsus şəkildə tüstü bacası vardır.  
Şəkildə təsvir olunan tikili bu hamamın buxar çıxan hissəsidir. 
Bu hamam hal-hazırda təmirə dayanmışdır. Onun içəri  girəcəyində 
bütün hamam komplekslərinə xas olan dəhliz yerləşir. Şəxsi müşa-
hidəmə əsasən deyə bilərəm ki, hal-hazırda yenidən təmir-bərpa iş-
ləri görülən bu hamamın orta hissəsində hər dörd küncündə halqala-
ra rast gəlmək mümkündür. Bu halqalara zəncir asılır və onun birlə-
şən tam orta hissəsinə isə otağı işıqlandırmaq üçün çıraq taxırdılar. 
Orta  əsrlərin  yadigarları  olan  belə  hamamların  yuxarı  dam  örtü-
yündə  günbəz  olurdu.  Belə  günbəzlərin  qoyulması  təbii  şəraitdən 
asılı  olaraq  yağışlı  və  qarlı  havalarda  suyun  binanın  içərisinə 
dammasına  imkan  vermir.  Təsadüfi  deyildir  ki,  «O  olmasın,  bu 
olsun» filmindəki səhnə Ağa Mikayıl hamamında lentə çəkilmişdir. 
Məlumata görə, hamamın kanalizasiya sistemi vardır. Hamamın 
divarının  qalınlığı  bir  metr  olan  sal  daşlardan  inşa  edildiyinə  görə 
onun içərisi təbii olaraq isti olur. Binanın tikintisində torpaq, saman, 
gil, yumurta sarısı və kül qatışığından istifadə olunmuşdur. Su kranı 

 
122 
 
və  içərinin  havasını  dəyişmək  üçün  ventilyasiya  sistemi  mövcud 
olub. Bundan əlavə, hamamın içərisində tikildiyi andan etibarən in-
şa edilən ayrıca kiçik istixana otağı da mövcuddur ki, o da müasir 
sauna  effekti  almaq  üçün  təbii  isti  buxarlı  yerdir.  O  iki  tərəfdə  də 
yerləşdirilib. Bununla bərabər iki pəncərə kimi böyük oyuqlar nəzə-
ri cəlb edir. Bu oyuğun içərisi su anbarıdır və təxminən 10 ton su tu-
tumu vardır. Hamamın iç tərəfində daha bir başqa otaq var ki, bu da 
qazanxanadır. Əvvəllər hamamın dəhlizində şkaflar yox idi, sonrakı 
dövrlərdən  etibarən  əlavə  olunub.  Həftənin  beş  günü  qadınlar,  iki 
gününü isə kişilər gəlirdilər. (7) Bu onu deməyə əsas verir ki,  çox 
güman  ki,  hamama  kişilər  də  qadınlar  kimi  dəyişdirəcəkləri 
paltarlarını saxlamaq üçün öz boğçaları ilə gəlirdilər.   
 
 
 
 
Hacı  Bani  hama-
mı  XV  əsrin  sonla-
rında  tikilmişdir.  Ha-
mamın sifarişçisi Ha-
cı  Qaib,  memarı  isə 
Hacı  Bani  olmuşdur. 
Ona  görə  də  hamam 
həm  Hacı  Qaib,  həm 
də Hacı Bani hamamı 
adlanır. Uzun müddət 
torpaq  altında  qalmış 
hamam  1964-cü  ildə 
burada 
arxeoloji 
qazıntılar 
zamanı 
aşkar edilmişdir.  
 
 
 

 
123 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
İçərişəhərdə   yeraltı hamam  da  vardır. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Orta əsrlərdə İçərişəhərin quruya açılan iki əsas giriş qapısı (Şa-
maxı  qapısı  və  Salyan  qapısı)  mövcud  idi.  Bu  istiqamətdə  hamam 
yerləşirdi. Şəhərə daxil olan karvanların sahibləri hamama gedər və 
yalnız bundan sonra onlara qala içərisinə daxil olmağa icazə verilir-

 
124 
 
di. Bu hamamlardan biri İçərişəhərə daxil olarkən sol tərəfdə Bakı 
xanlarının evinin yerində hələ də qalmaqdadır. Bu yeraltı hamamın 
XIVəsrin sonu–XV əsrin əvvəllərində inşa olunduğu ehtimal edilir. 
Zaman  keçdikcə  torpaq  altında  qalmış  və  rus  işğalı  zamanı 
uçurularaq yararsız hala çevrilmiş bu tikili haqqında digər mövcud 
hamamlarla oxşarlıq təşkil etdiyini söyləmək mümkündür.  
Ümumiyyətlə,  hamamlarda  «çimmə  salonunda  soyuq  və  isti 
sututarlar – «xəznələr» yerləşirdi. Suyu isitmək üçün hovuzun altın-
da tağ tavan örtüklü  «külxan» adlanan xüsusi kamera qurulur, neft 
(Abşeronda), odun, təzək və s. ilə qızdırılırdı. Çimmə salonu döşə-
mənin  altında quraşdırılmış xüsusi kanallar vasitəsilə isidilirdi. İsti 
hava  bir  tərəfdən  «külxan»a  birləşən  həmin  kanallardan  keçir  və 
tüstü  bacasından  bayıra  çıxırdı.  Soyunub-geyinmə  salonunun  orta-
sında fəvvarəli soyuq su hovuzu, çimmə salonunun ortasında isə isti 
su hovuzu olurdu.» (13, 134) H.Sarabski yazır: “Hamamın içinin də 
quruluşu  bayırınkı  kimi  olardı.  Fəqət  onların  səkiləri  yerdən  bir 
qarış  yuxarı  və  səkilərin  dövrəsində  su  yolu  olardı.  İşlənmiş  sular 
oradan axıb gedərdi. Səkilərin küncündə daşdan hovuzcuqlar olardı. 
Onlara uşaq oynamaq üçün ilıq su tökərdilər. Ortada bayırdakı kimi, 
hovuz  olmazdı.  Ancaq  tağların  birinin  altında  xəznə  olardı.  Orada 
isti  su  saxlanılardı.  Xəznənin  qabağında,  səkinin  içində  bir  hovuz 
olardı.  Ona  qülleyitin  deyərdilər.  Hovuzun  üstündə  xəznəyə  doğru 
bütöv  daş  uzadılardı.  Onun  üstü  ilə  xəznəyə  yol  idi.  Qülleyitində 
çirkab  su,  qeyri  bir  tağın  altında  həmin  xəznə  kimi  ayrılmış  yerdə 
soyuq  su  olardı.  Tağların  bir  başqasında  balaca  sövmiələr  olardı, 
bunlara  da  xəlvəti  deyərdilər.  Ağa  və  xanımların  çoxu  orada 
yuyunardı” (12, 67).  
Nizami Gəncəvi külxanın adını çəkmişdir: 
 
Əgər hamamın üstü açılsa, 
Orada heç kimin sevmədiyi külxan görünər (34, 218). 
 
Hamam  haqqında  «Qabusnamə»  əsərindəki  məlumat  bütöv-
lükdə Şərq hamamlarının quruluşu barədə müəyyən fikir söyləməyə 

 
125 
 
əsas  verir.  Əsərdə  deyilir:  «qışda  və  yayda  hamama  getdikdə  əv-
vəlcə soyuq otaqda bir az otur ki, təbiətin oranın havasına öyrənsin, 
sonra  orta  otağa  keçib  bir  qədər  də  burada  otur  ki,  o  otaqdan  da 
fayda götürmüş olasan, sonra isti otağa get, orada da bir az otur ki, 
bədənin  istiyə  alışsın.  Hamamın  istisi  sənə  təsir  edəndə  xəlvət-
xanaya gedib, orada başını yu. Gərək hamamda çox qalmayasan, öz 
üstünə çox isti və çox soyuq su tökməyəsən, ilıq  yaxşıdır. Hamam 
xəlvət olsa böyük xoşbəxtlikdir» (19,83-84). 
Yuyunmağın bir mədəniyyət olduğunu dastanlardan da görmək 
olur. Kitabi-Dədə Qorqud dastanında qısaca olaraq oğuz bəylərinin 
təmiz suda yuyunduqları qeyd olunur (9, 148). Əl Kufinin Bərdədə 
hamam  haqqında  verdiyi  məlumatda  qeyd  edilir  ki,  gələn  elçini 
hamamda  yuyundurub  fəxri  libas  geyindirirlər,  sonra  qaliyə  ilə 
doldurulmuş  bir  qab  gətirib  bədəni  onunla  ovxalayırlar  (26,  49). 
Orta əsr şairi Suli Fəqih  «İlətdilər hamamə  yudilər ani»  - deməklə 
hamamların olduğunu təsdiq etmişdir (22, 158). F.Rəşidəddin yazır 
ki,  Qazan  xan  bütün  vilayətlərin  kəndlərində  hamam  və  məscid 
tikilməsi  barədə  fərman  vermişdi  (14,  294).  İsgəndər  Münşi  şah 
Abbasın  zamanında  bir  çox  şəhərlərdə  hamamlar  salındığını  qeyd 
etmişdir  (21, 718). Müxtəlif mənbələrə əsaslanan S.Onullahi təkcə 
Təbriz  şəhərində  xeyli  hamam  olduğunu  qeyd  edərək  onların 
adlarını  çəkir:  «Ən  məşhur  hamamlardan  «Leyli  və  Məcnun», 
Gəcilbaşı, Pəsə Kuşək, Boz, Cahanşah, Mir-Mir darvazası hamam-
larını,  Dəvəçilər  məhəlləsi,  Rey  darvazası,  Xiyaban  məhəlləsi, 
Surxab məhəlləsi, Öküz bazarı hamamlarını və çoxlu saray hamamı-
nı göstərmək olar» (25, 166). 
Orta  əsr  Avropa  müəllifləri  Tomas  Benister  və  Cefri  Deketin 
məlumatlarında qeyd olunur ki, həftənin iki gününü şah (Təhmasib 
nəzərdə tutulur-Ş.B.) hamamda keçirir (17, 156). Bel isə Şamaxı şə-
hərində  hamamlar  olduğunu  qeyd  etmişdir  (17,  396).  Adam 
Olearinin  də Şamaxı  şəhəri haqqında verdiyi  məlumatlarda hamam 
haqqında xatırlatmalar vardır.  O yazır ki, burada üç hamam var, hər 
gün oraya adamlar axışır, onların ikisinə günorta qadınlar, axşamlar 
isə kişilər gəlirlər, lakin qəsrin yaxınlığında yerləşən sıx hamamına 

 
126 
 
yalnız  kişilər  gedə  bilər.  Sıx  hamamının  yaxınlığında  Sıx  Müridin 
dəfn olunduğu məscid yerləşir. Hamamdan əldə olunan gəlir də bu-
raya və bir də kasıblara sərf olunur (17, 270). Bu maraqlı məlumat-
dan  aydın  olur  ki,  hamama  gələnlər  yalnız  dini  təriqət  nümayən-
dələrindən ibarət  olmuşlar. Klavixo isə Təbriz şəhərində  «dünyada 
ola biləcək ən gözəl hamam» olduğunu qeyd edir. (17, 54)  
Hamamlar  sadəcə  təmizlənmək  məqsədi  daşımırdı,  o,  eyni  za-
manda ictimai tikili olduğundan insanların bir yerə yığışıb ünsiyyət 
saxlayacağı məkan hesab olunurdu. Qadınlar və kişilər bütöv bir gü-
nün demək olar ki, əsaslı hissəsini burada keçirirdilər. Ümumən ha-
mamlar  həftənin  müəyyən  günləri  qadınlar  üçün,  başqa  günlər  isə 
kişilər üçün açıq olurdu. Yəni istənilən vaxt hamama gəlmək müm-
kün deyildi. H.Sarabski yazır: «hamam zənənə olanda külxançını və 
ya  cumadarı  dama  çıxardıb  əlində  bir  dəmir  şeypurla  çaldırmağa 
başlardılar. Əhali başa düşərdi ki, bu gün hamam zənənədir. Hama-
mın qapısında qırmızı mərcanı fitə asardılar ki, yoldan ötən və şey-
pur  səsi  eşitməyən  kişilər  hamam  zənənə  olduğunu  bilsinlər»  (12, 
64-65). Adəti üzrə bir gün hamama həsr olunurdu. Belə ki, əvvəlcə-
dən hamam üçün tədarük görüb yığışmaq lazım gəlirdi. Yolu gedib 
qayıtmağa da müəyyən vaxt sərf olunurdu.  
Hələ XX əsrdə hamama getməzdən əvvəl evdəki hazırlıq barədə 
verilən məlumatda qeyd olunur ki, hər kəsin öz şəxsi kisəsi, daban-
daşı, qətfə və geyimi olurdu. Bundan əlavə, «sərqətfə» adlanan üzə-
rində  iri  dəhrəburnu  naxışları  olan  pambıq  parça  da  götürülürdü. 
Ondan həm boğça kimi, həm də baş bağlamaq üçün istifadə edilirdi. 
Evdən eyni zamanda içməli su, yüngülvari yemək (məsələn şirin çö-
rək  və  s.)  də  götürülürdü.  (8)  Hamamda  qadınlar  arasında  bir  kol-
lektivçilik ruhu hiss olunurdu. Bununla əlaqədar hamamda müəyyən 
qaydalar və ənənələr formalaşırdı. Belə ki, ümumi hamamlarda ye-
niyetmə  qızlar  yaşlı  qadınlara  su  gətirir,  onların  xahişləri  əsasında 
kömək  etməyi  özlərinə  borc  bilirdilər.  Hamamda  görüləsi  işlər 
ardıcıllıqla  icra  olunurdu.  Belə  vaxtlarda  oğul  anaları  qızlara  göz 
qoyurdular. Qızları oğlan anaları məhz hamamda bəyənirdilər.  

 
127 
 
Hamama gedəndə qadınlar bəzək əşyalarını, qızıllarını taxıb ge-
dirdilər. Boyunlarına «sərsəpuşka» adlandırdıqları (rusların sepoçka 
sözündən götürülüb – Ş.B.) uzun sepləri bir neçə dəfə dolayardılar. 
(4) Bu onu deməyə əsas verir ki, hamam həm də sosial vəziyyətin 
nümayiş olunduğu yer idi. Hamamın içində qadınlar qızıllarını çıxa-
rıb  xüsusi  mücrünün  içərisində  mühafizə  edərdilər.  Qeyd  edək  ki, 
«hamam  sandığı»  adlanan  xüsusi  qablarda  qadınlar  xına,  basma, 
kosmetik vasitələr gətirirdilər. Bəziləri isə bunu boğça ilə əvəz edir-
di. Bundan əlavə satıl adlanan su qabından istifadə olunurdu ki, bu 
da su yığıb tökmək üçün idi. İsti su üçün hamam tası olurdu. Aftafa-
ləyən də hamam ləvazimatları içərisində idi. Bundan əlavə sabun və 
ya  onu  əvəz  edən  gilabidən  yuyunmaq  üçün  istifadə  edirdilər. 
N.Gəncəvi  sarı  gildən  bəhs  edir.  (34,  166)  Sarı  gil  sonralar  gilabi 
adlanan  sabunu  əvəz  edən  və  hamamda  yuyunmaq  üçün  istifadə 
olunan  gildir.  Tük  tökmək  üçün  də  «vacibəd»  adlanan  gil  olurdu. 
Bir qayda olaraq hamamın içində hamı bədənini qırmızı rəngli parça 
–  fitə  ilə  örtürdü.  Hamamda  istifadə  olunan  qablardan  biri  də  satıl 
idi. Qəribədir ki, satıllar da forması ilə digər qablardan fərqlənsə də, 
üzərindəki  naxışlar  və  mövcud  yazıları  ilə  diqqəti  cəlb  etmişdir. 
Məsələn,  satılın  üzərindəki  yazıları  oxumuş  M.Nemətin  yazdıqla-
rından məlum olduğu  kimi, satıl hamam qablarından biri olmuşdur:  
 
Ya Rəbb! Hər şeydən əvvəl satılı gətir. 
Ya Rəbb! Bu cəzb edici satılı gətir.  
Təmizlik uğrunda Cəm camı ilə yarışa girə bilsin. 
Ölüm dəf olunub, arzu əlindədir. 
Əbədi zülmü dərk etməyin nəticəsi böyükdür. 
Hamama qədər tam taleyi yerinə yetirildi. 
Razılıqlı tas dolusu su çiçəyi çatdı. 
Süfrə şadlıqdan boş deyildi. 
Davamlı su ilə satıl ağzına qədər su ilə dolu idi. (33, 15) 
 
Hamamda çimib qurtarandan sonra qusul vermək lazımdır. Bu-
nun  üçün  axırıncı  dəfə  başdan  aşağı  su  tökəndə  əvvəlcə  dabanları 

 
128 
 
qaldırıb  su  tökən qabdan iki əllə  yapışıb qusul  verib bu sözləri  de-
yirlər: «Allahun məssəlli əla Məhəmmədin və Ali Məhəmməd»- de-
dikdən sonra əvvəlcə suyu başa, sonra sağ, sonra isə sol çiyinlərinə 
tökürlər.  Aybaşısı  qurtaran  qadın  hiss  qusulu  verməlidir:  «vacibə-
tən, qürbətən illallah»-dedikdən sonra o pak sayılır. Verilən  bü qu-
sullarda adamın üzü qibləyə doğru yönəlməlidir. Həftənin 5 günləri 
cümə qusulu verilir. Bundan əlavə mərhumun son nəfəsində onunla 
yaxın  təmasda  olan  (yuyulmadan  əvvəl  ona  toxunan)  adam  da  ölü 
qusulu verir. Ölü qusulu «cənabət qusulu» adlanır və çimən şəxs bu 
sözləri deyir: cənabət qusulu verirəm, vacibətən, qürbətən illallah.    
Azərbaycanın  müxtəlif  bölgələrində  hamamlar  olmuşdur.  Orta 
əsrlərdən bu günümüzə qədər gəlib çatan belə hamamların əksəriy-
yəti təmirsiz vəziyyətdə də olsa, hələ də qalmaqdadır. Yalnız sənət-
karlıq mərkəzi olan Lahıcda kanalizasiya sisteminin hələ orta əsrlər-
dən  mövcud  olması  bu  bölgədə  fərdi  evlərin  içərisində  də  hamam 
qoyulmasına imkan vermişdir. Xalq yaşayış evlərinin sahəsinə görə 
kiçik,  lakin işləkliyinə  görə mühüm hissəsi  olan hamamlar mənzil-
lərin  içərisində  inşa  edilirdi.  Çox  da  böyük  olmayan  həcmcə  kiçik 
bu  cür  hamamlar  evlərin  yataq  otağına  yaxın  hissəsində  tikilirdi. 
Burada yuyunmaq və yaxalanmaq mümkün idi. Məlumata görə  us-
talar hər səhər işə başlamazdan əvvəl bu hamamlarda mütləq qusul, 
hər namazdan öncə isə dəstəmaz almalı idilər. (23) Sonralar müasir 
ev tikililərinin formalaşmağa başlaması zamanı belə daxili hamam-
ların yerində yenilərini nisbətən geniş şəkildə tikərək istifadə etmə-
yə başladılar. Lahıcda bəzi evlərdə hamam olmasına baxmayaraq ic-
timai  tikili  olan  «Dərə  hamam»  adlı  qədim  hamam  da  var  idi.  (27, 
103) 
Arxeoloji  tədqiqatlar nəticəsində  Zəngilanın  Şərifan kəndi  əra-
zisində mövcud olan şəhər xarabalığı ərazisindən orta əsrlərə aid ha-
mam aşkar olunmuşdur. Qeyd edək ki,  «onun divarları bişmiş kər-
picdən tikilmiş və içəridən kəclə suvanmışdır. Qazıntı zamanı aşkar 
olunmuş tikinti qalığının hovuz olduğu müəyyən edilmişdir. Hər üç 
hovuz  yan-yana  tikilmişdir.  Hovuzların  tikinti  materialları  eynidir. 
Divarları daxildən və xaricdən kəclə suvanmışdır.  Hər üç hovuzun 

 
129 
 
içərisində üzərində his izi olan dairəvi çay daşı tapılmışdır. Hovuz-
lar böyük həcmli otağın içərisində inşa edilmişdir. Buradan ümumi 
otağa su yolu vardır. Görünür, bu yolla su axıdılırdı. Şübhəsiz döşə-
mənin novşəkilli olması və onun kanalizasiya tüngünə qədər davam 
etməsi  suyun  xaricə  çıxması  üçün  nəzərdə  tutulmuşdur.  Görünür, 
burada daimi sudan istifadə edilmişdir.» (31, 189) Burada iri həcmli 
çay daşlarının hovuzdakı suyu qızdırmaq məqsədilə istifadə edildiyi 
qeyd edilir. 
İctimai tikililər arasında yer alan hamamlar iki hissədən – bayır 
və  içəri  hissədən  ibarət  olurdu.  «Mərkəzi-günbəz  konstruksiya 
sistemi  orta  əsrlərdə  Azərbaycanın  daş  və  kərpicdən  tikilmiş  me-
marlıq abidələrinin timsalında sırf lokal planda bədii, həm də texni-
ki mənada çox yüksək səviyyəyə qalxmışdır. Bu konstruksiya siste-
mi Azərbaycan ərazisinin müxtəlif zonalarında təzahür edərək, döv-
rümüzə qədər çatmış məscid, hamam, türbə, zorxana və başqa tipli 
binalarda müşahidə olunur.» (28, 15) 
Hamamlar  adi  hallarda  gündəlik  təmizlənmək  xarakteri  daşı-
maqla  yanaşı,  eyni  zamanda  müəyyən  mərasimlər  zamanı  da  (bəy 
hamamı  və  gəlin  hamamı)  əhəmiyyət  kəsb  edirdi.  Bu  xalqımızın 
ümumən təmizliyə nə qədər əhəmiyyət verdiyini nümayiş etdirir.  
Üzeyir  Hacıbəyli  bəy  hamamını  belə  təsvir  edir  ki,  hamamın 
ortasında  hovuz  və  fontan  var,  üstündən  qəndil  asılıbdır.  Bir  az  o 
yanda  da  zurnaçılar  oturublar  və  bir  neçə  nəfər  camadar  əllərində 
qırmızı  fitə,  balaqları  çırmalı  dayanıblar.  (1,  125)  Məşədi 
Qəzənfərin  dililə  Üzeyir  bəy  deyir  ki,  qədim  zamanlarda  hamam-
larda  şairlər,  süxəngulər,  nağıl  deyənlər,  dərvişlər  hamısı  yığışıb 
gözəl söhbətlər edib hamam əhlini feyziyab edərlərmiş. (1, 127) Bu 
deyilənlərdən  aydın  olur  ki,  hamam  təkcə  bədən  təmizliyi  anlamı 
daşımırdı,  mənəvi  saflığı  da  təmin  edirdi.  Yəni  hamamı  müxtəlif 
sənət sahibləri olan kişilərin bir cəm halında yığışıb söhbət etdikləri 
və bu zaman da əyləndikləri mühüm yer hesab etmək olar. Hamam 
bir  növ  gərginliyin  azaldılmasına,  əsəblərin  sakitləşməsinə  səbəb 
olurdu. Bura həm də dincəlmək yeri idi. Hamamlardakı müxtəlif pe-
şə sahiblərinin bəhs etdikləri əfsanələr, rəvayətlər, nağıllar, lətifələr 

 
130 
 
və  s.  sonralar  dillərə  düşüb  xalq  yaradıcılığına  çevrilirdi.  Burada 
insanlar  ağıl  sahiblərindən  nələri  isə  öyrənir,  müəyyən  məlumatlar 
toplayırdılar.  Yeri  gəlmişkən  qeyd  edək  ki,  hamamda  müxtəlif 
işçilər – dəllək, güzgü tutan, su tökən, kisəçi, paltar saxlayan və s. 
fəaliyyət göstərirdilər. Hətta orta əsrlərdə onlardan vergi alındığı da 
mənbələrin məlumatlarıyla təsdiq olunur. Belə vergilər 1629-cu ildə 
avqust ayında I Şah Abbasın fərmanı ilə ləğv olundu. (25, 177) 
Hamamın məişətdəki  yeri özünü toy ilə bağlı mərasimlərdə də 
göstərir. Belə ki, xınayaxdı mərasimi zamanı da hamama gedirdilər. 
Bununla  yanaşı,  toy  zamanı  bəy  də  öz  yaxınları  ilə  bərabər  bəy 
hamamına gedirdi.  
Xınayaxdı mərasimi zamanı oğlan evi gəlinə hamam ləvazimatı 
gətirir.  Hamam  ləvazimatı  içərisinə  qətfə,  alt  və  üst  paltarı,  xalat, 
fitə,  kisə,  bəzək  əşyaları  qoyulurdu.  Oğlan  evinin  qadın  nüma-
yəndələri gəlin köçəcək qızı onun qohum-əqrəbası ilə birgə hamama 
aparırdılar.  Bu zaman oraya özləri  ilə müxtəlif şirniyyat  şeyləri də 
aparırdılar  və  bu  şirniyyatdan  hamamda  olanların  hamısı  dada 
bilərdilər. (2) Gəlin hamamına getmək müəyyən adətlərlə müşayiət 
olunurdu. Qızı oğlan evinin qadınları hamama aparanda qızın saçını 
bəzəyən, qaşını alan, üzünə bəzək vuran məşşatəyə pulu oğlan tərəfi 
ödəyirdi.  Gəlin  hamamı  zamanı  da  təxminən  bir-iki  saat  vaxt  sərf 
olunurdu. (3) H.Sarabski İçərişəhərdə xınayaxdı mərasiminin ertəsi 
günü hamama gedildiyini söyləyir. (12, 109)  
Azərbaycan  xalqının  zəngin  folklor  nümunələrində  gəlin 
hamamı ilə bağlı nəğmələr də yer almaqdadır. Əsrlərdən bəri qoru-
nan bu nəğmələrdən birində deyilir: 
 
Nazbalışı üzül qoy,  
Üstə bir cüt qızıl qoy 
Yarım hamama gedir, 
Hamam pulun hazır qoy (24, 293). 
 

 
131 
 
İraqın  Kərkük  vilayətində  gəlin  hamamına  gedərkən  əvvəlcə 
yaxalanar, gətirilən meyvə, şirniyyat və s.  yeyildikdən sonra qızlar 
yarışırmış kimi mahnılar oxuyardı. Məsələn,  
 
«Bu gəlin mayalıdı, 
Yük-yükə dayalıdı. 
Böylə dur, böylə otu. 
Desinlər hayalıdı» (35, 37).  
 
Toy adətlərindən biri də bəyin hamama aparılmasıdır. Azərbay-
canın orta əsr şairi Mustafa Zərir də bu məsələyə toxunmuşdur. Şair 
kəbinin  kəsildiyini  qeyd  edir  və  əlavə  edir  ki,  bəylər  gəlib  Yusif 
üçün qapıda dururlar və toyun səhəri günü onu hamama götürürlər. 
O, sonra isə bəyin  yenidən saraya  gətirildiyini vurğulayır (5, 300–
302).  Adətən  bəy  hamamı  toy  günü  olur.  Burada  isə  toyun  səhəri 
hamama  gedildiyi  təsvir  olunmuşdur.  Ola  bilsin  ki,  burada  qız 
evindəki toy nəzərdə tutulur. 
Orta əsrlərdə bəy hamamı haqqında Suli Fəqih yazır: 
 
Çünki dügün axəri oldi təmam, 
Buların eşigü buldiy hamam (22, 64). 
 
Orta əsrlərdə bəy hamamının barəsində XIII əsr dastanı «Dasta-
ni-Əhməd  Hərami»də  verilən  məlumat  da  nəzəri  cəlb  edir.  Burada 
deyilir: 
 
Divan bağlandı və cümlə cəm oldi. 
Güləfrux şah süvar oldı atına, 
Bilə sağdışı həmmam niyyətinə. 
Gəlib həmmam içində yundılar xoş, 
Çün işlər hasil oldu döndilər xoş (6, 137). 
 
Göründüyü  kimi,  burada    bəy  hamamının  təsviri  verilmişdir. 
Yuyunub pak olduqdan və bəy paltarını geyinib hazır olandan sonra 

 
132 
 
onu  müşayiət  edənlərlə  bərabər  yenidən  evə  dönürlər.  Evdə  onu 
xüsusi  çal-çağırla  qəbul  edərlər.  Hamama  gələnlərin  pulunu  bəy 
ödəyirdi. Qədim dövrlərdən gələn belə bir adət var idi ki, bəy üçün 
geyim  dəsti  hazırlanırdı.  Bəy  paltarı  mütləq  təzə  və  ilk  dəfə  məhz 
bu  mərasim  zamanı  istifadə  olunan  geyim  dəstindən  ibarət  olur. 
Qubada da qız evində tikilmiş bəylik libası hamama göndərilirdi və 
bəy  onu  geyinib  sağdışı  və  soldışı  ilə  bərabər  evinə  dönürdü  (18, 
57).  Bəy  hamamı  xüsusi  təmtəraqla  keçirilən  mərasimə  çevrilir. 
Sağdış,  soldış  və  yaxın  adamlarla  birlikdə  bəy  hamama  gedir.  Ha-
mam xərcini bəzən bəyin sağdışı ödəməli idi. Evdə bəyi xüsusi çal-
çağırla qəbul edərlər. Azərbaycanın toy mərasimində bəy hamamıy-
la bağlı nəğmələr də vardır. Məsələn,  
 
Ay bu evlər, uzun evlər,  
Göndərin hamama, göndərin, 
Oğlanı hamama göndərin.  
Ay içində olsun toylar, 
Göndərin hamama, göndərin, 
Oğlanı hamama göndərin.  
Ay yığılsın qız-gəlinlər, 
Göndərin hamama, göndərin, 
Oğlanı hamama göndərin.  
Ay oynasın bəstəboylar. 
Göndərin hamama, göndərin, 
Oğlanı hamama göndərin. (32, 119) 
 
Orta  əsrlərdə  hamamlar  xüsusi  əhəmiyyət  kəsb  etmişdir.  Hətta 
hamam səhnəsi miniatür sənəti nümunəsində də öz əksini tapmışdır. 
Məsələn,  Əmir  Xosrov  Dəhləvinin  «Beş  xəzinə»  əlyazmasından 
hamam miniatürü (1540-cı il) buna misal ola bilər. 
 

 
133 
 
 
 
Bayramlar zamanı və qonaq gələndə hamamdan istifadə xüsusi 
şərt sayılırdı. Hamamın əhəmiyyəti qadın dünyaya uşaq gətirdikdən 
sonra  da  özünü  göstərirdi.  Belə  ki,  «uşağın  doğulmasından  10  gün 
sonra zahı çimirdi.  Buna  «on hamamı» deyilirdi.» (16, 283) Doğu-
lan  uşağı  da  məhz  on  günlüyündə  çimizdirirdilər  və  bu  xalq  ara-
sında körpənin «onunu tökmək» adlanır. Şərt deyildi ki, bunun üçün 
qadın xüsusi hamama gedə, o öz evində də təmizlənə bilərdi. Lakin 
bu  təmizliyin  adının  da  hamamla  bağlanması  xalqın  ümumiyyətlə 
hamama verdiyi əhəmiyyətlə əlaqədardır. 
Hamamda  bəzən  çillə  kəsmək  ayini  də  icra  olunurdu.  Belə  ki, 
«gəlin hamamda çimib pak olandan sonra onun üstünə bir qab qırx 
açar suyu olan camdan su, bu baş tutmazdısa, başqa bir cama qırx 
xörək qaşığı xəzinə suyu yığıb çilləlinin üstünə tökülərdi. Beləliklə, 
də o, çillədən azad olardı. Çox vaxt çillə islamın müqəddəs şəhərlə-

 
134 
 
rindən  (Məkkə,  Kərbəla,  Xorasan)  gətirilmiş,  üstünə  Quran  ayələri 
yazılmış qırx açar camı ilə kəsilərdi» (20, 20). 
Hamam bir sıra xəstəliklər üçün də yardımçı vasitə sayılmışdır. 
Adicə  soyuqdəymə  zamanı  hamama  gedib  yaxşılaşmaq  olar.  Rev-
matizmli  xəstəyə  hamamın  xeyri  dəydiyi  məlumdur.  Bundan  əlavə 
təzyiqi olan adama onu aşağı salmaq üçün hamamın müəyyən qədər 
köməyi  olur.  Əsəb  sakitliyi  və  rahatlanmaq  üçün  hamam  tibbi 
əhəmiyyət  kəsb  edir.  Tərləmə  vasitəsilə  bədəndən  toksinlərin  atıl-
ması hamamın isti guşəsində mümkün olurdu. Hamamdan profilak-
tik məqsədlə istifadənin də orqanizm üçün yararlı olduğu bəllidir. 
İnsanlar daha çox evlərinə qapanıq şəkildə yaşamağı üstün tut-
mağa başlamışlar. Azərbaycanın müxtəlif ərazilərində indi də möv-
cud  olub,  fəqət  istifadə  olunmayan  hamamlar  tarixi  keçmişimizin 
yadigarları kimi qalmışdır. Lakin buna baxmayaraq az da olsa, yal-
nız kişilər üçün müasir tipli hamam məkanı mövcuddur. Bunlardan 
biri  «Bəy hamamı» adlanan hamamdır. Bu gün ekzotik Şərq inter-
yerilə  fərqlənən,  ən  yüksək  zövqlə  bəzədilən  və  müasir  tələblərə 
cavab verən «Tazəbəy» hamamı şəhərimizin qonaqlarının ən sevim-
li istirahət və sağlamlıq ocaqlarından biri sayılır. «Tazəbəy» hama-
mında  hətta  Şərq  və  Avropa  mətbəxi  ilə  bərabər  bar  da  fəaliyyət 
göstərir. 
İnsanların qədim tarixini öyrənərkən məlum olur ki, aşkar olu-
nan  qədim  tikililər  yəni  ənənəvi  hamamlar  bədənə  və  onun  təmiz-
liyinə, şəxsi gigiyenaya, yorğunluğun çıxmasına, dini ayinlərin hə-
yata  keçirilməsinə  xidmət  edirdi.  Müxtəlif  xalqlarda  hamamlar 
müxtəlif  formaya  malik  olurdu.  Belə  ki,  tikinti  materialı,  binanın 
quruluşu, adət-ənənələr və həyat tərzi burada öz sözünü deyirdi. Bu 
növ  hamam  sistemi  demək  olar  ki,  bütün  Bakı  və  Abşeron  üçün 
tipik səciyyə daşımışdır. Yeri gəlmişkən onu da əlavə edək ki, Bakı-
da  hamama  gedə  bilməyəndə  evlərin  ictimai  tikililərində  adamın 
boy səviyyəsində oyuqlar düzəldirdilər ki, bu da «suaxan» adlanırdı. 
Suaxanın üzərini içəri görünməsin deyə pərdə ilə örtürdülər. Kənar 
hissədə  üzərinə  isti  su  üçün  nəzərdə  tutulan  hamam  tası  qoyulan 
balaca rəf olurdu. Burada uşaqları da çimizdirirdilər (30, 93). Belə 

 
135 
 
suaxan  tipli  yerləşgələr  Azərbaycanın  xüsusən  kənd  yerlərində 
mövcud olurdu.  
El içində məqsədyönlü, təmənnasız şəkildə birinə yardım edən-
lərə deyirlər ki, «hamam suyu ilə özünə dost tutur». Hamamla bağlı 
xalq  arasında  belə  məzəli  məsəl  də  yayılıb  ki,  bir  kəndlinin  evinə 
qonaq  gələn  şəhərli  ondan  «hamamınız  varmı?»-deyə  soruşur. 
Hamamın nə olduğunu bilməyən kişi arvadının yanına gedib məslə-
hət istəyəndə arvadı ona belə cavab verir ki, qonaq bizi bağışlasın, 
hamamımızı bizdən xəbərsiz uşaqlar yeyib. Bu məsəl avam adamlar 
haqqında,  sualın  cavabını  bilmədən  ağzına  gələni  danışanlar 
barədədir (15, 190). Hamamla bağlı tapmacada belə deyilir: 
 
Bu yanı daş, 
O yanı daş, 
İçində qırx-əlli baş (29, 202). 
 
Beləliklə, Azərbaycan üçün günbəzli, səkkizbucaqlı salonlardan 
olan  giriş  və  çimmə  otaqları,  kiçik  yerləşgələri,  çimmə  yerində 
«xəznə»ləri,  «külxan»  adlanan  qızdırılma  kamerası  olan  hamamlar 
xarakterik idi. İnşaat mədəniyyətinin mühüm elementi olan hamam-
lar  dərinlikdə  tikilirdi  və  müxtəlif  mərasimlərə  də  xidmət  edirdi. 
Azərbaycanın  müxtəlif  ərazilərində  orta  əsrlərdə  mövcud  olub 
indiyədək  qalan  hamamlar  vardır  ki,  onlar  hal-hazırda  dövlət  tərə-
findən mühafizə olunur. Təhlillər hamam mədəniyyəti, hamamların 
məişətdəki  rolu  və  mahiyyəti  haqqında  geniş  təsəvvür  yaradır. 
Bundan  əlavə  o,  maddi  və  mənəvi  mədəniyyətdə  hamamların  yeri 
barədə  məlumatlanmağa  yardım  edir.  Eyni  zamanda  ənənəvi  xüsu-
siyyətlər  göstərilməklə  xalqın  əsrlər  boyu  sağlam  həyat  tərzinin 
müəyyən olunmasında hamamların mühüm vasitə olduğu göstərilir. 
  
 

 
136 
 
                                
Yüklə 3,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin