Sizsiz (roman-xatirə) Həyatım ağrıyır (povest-xatirə)



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə43/49
tarix24.01.2017
ölçüsü3,02 Mb.
#6264
1   ...   39   40   41   42   43   44   45   46   ...   49

*** 

Bu ya digər bir xadimin müvəqqəti populyarlığı da ancaq bir 

saatlıq xəlifəlikdir. Xalq indi bircə  şeyə inanır – 

hakimiyyətdəkilərin, ya hakimiyyətə can atanların bütün 

qəşəng sözləri, şirin vədləri, andları və əhdləri – yalnız fırıldaq, 

fənd və yalandır. Hər  şey yalnız o zaman düzələ bilər ki, 

insanlar sözlərə inansın, bunun isə yeganə yolu sözün əmələ tuş 


 642 

gəlməsidir. Bu bir. İkinci  şərt də sözlərin az olması, qıt 

olmasıdır, xəsiscəsinə deyilməsidir. Yoxsa yaman çoxdurlar 

onlar. Onlar – yəni sözlər. Biz söz axınında batıb çabalayırıq və 

dünya qurusunun altıda birini təşkil edən ölkəni də bu söz 

burulğanında batırmağa hazırıq.  



*** 

İtaət etmək ki, minlərə, milyonlara hökmranlıq edə biləsən. 

İtaət etmək? Kimə, nəyə? Pula? Vəzifəyə? Hakim- mütləqə? 

Bunun  əhəmiyyəti yoxdur. Vacib olan prinsipdir,  itaət et ki, 

məqamı gələndə sənə də itaət etsinlər.  

*** 

Milli müstəqillik və azadlıq yaxın anlayışlar olsa da, fərqli 

mövhumlardır. Tutalım, Tirananın tiranı Ənvər Xoca dövründə 

Albaniya tamamilə müstəqil idi, hətta ifrat dərəcədə müstəqil 

və tək-tənha idi, lovğalanıb heç kəsi saymırdı – nə SSRİ-ni, nə 

Çini, nə ABŞ-ı. Bu cəhətdən başqa kiçik bir dövlətdən – 

məsələn, Monqolustandan fərqli idi. Axı Monqolustan 

haqqında deyirdilər ki, o asılı ölkə deyil, o mənada ki, ondan 

heç nə asılı deyil. Bu baxımdan Albaniya tamamilə müstəqil 

idi, fəqət azad ölkə deyildi. Bunu başqa müstəqil – totalitar 

ölkələr haqqında da demək olar. Şimali Koreya da belə 

məmləkətdir. Allah bizi bu sayaq "müstəqillikdən" qorusun. 

Mən Şimali Koreyada olmuşam və nə dediyimi bilirəm.  

*** 

Ölkənin və  cəmiyyətin dirçəlişi din deyil, mədəniyyət 

vasitəsiylə baş tutmalıdır. Çünki dinin bütün müsbət 

cəhətlərinə – insanları  mənən saflaşdırmasına, nəyəsə inam 

aşılamasına baxmayaraq, çox vədə o, insanları da, xalqları da 

birləşdirməkdən daha çox ayırır. Çoxmillətli ölkədə müxtəlif 

dinlərə və hətta dini təriqətlərə tapınan insanları da, xalqları da 

qarşı-qarşıya qoya bilər. Mədəniyyət isə universaldır, hər hansı 

dar  əqidə  qəlibinə tabe deyil. Mədəniyyət xalqları bir-birinə 

tanıdır və bu yolla yaxınlaşdırır. Unutmayaq ki, bir xalq 

haqqında yanlış təsəvvürlər çox vaxt o xalqa əməlli-başlı bələd 


 643 

olmamaqdan yaranır. Başqa xalqın tarixini, adətlərini, psixoloji 

xüsusiyyətlərini,  ənənələrini, mahnılarını  və zarafatlarını, 

mətbəxlərini və yas, toy-bayram mərasimlərini bilməməkdən 

doğulur yad, yabançı, ogey, sonra da düşmən münasibət.  

Bəs biz – keçmiş sovet xalqları deyilən millətlər 70 il birgə 

yaşamağımız nəticəsində bir-birimiz haqqında nə bilirdik? 

Moskvada daha çox masqaradı xatırladan incəsənət dekadaları, 

yazıçıların kef səfərləri – yeyib-içmə məclisləri, yaxud da milli 

ədəbi klassiklərin yubileyləri. O yubileylər ki, gələn qonaqlar 

yubilyarın adını  əməlli başlı  tələffüz edə bilmədikləri halda 

(hələ yaradıcılığıyla tanış olmadıqlarını demirəm), onun 

barəsində kürsüdən odlu-alovlu nitqlər irad edirdilər, – bütün 

bunlar idi bizi bir-birimizə tanıdan, yaxınlaşdıran? Əsla.  

Yenidənqurma başlananda bu yöndə addımlar atmaq hələ 

gec deyildi (indi artıq gecdir). Sovet İttifaqının dağılacağı artıq 

sezilən bir zamanda Leninqradda bir ədəbi müşavirədə  mən 

təklif etdim ki, siyasi cəhətdən ayrılsaq da, mədəni məkanı 

qoruyub saxlayaq və bu məqsədlə Moskvada keçmiş SSRİ 

xalqlarının tarixini, mədəniyyətini öyrənən və öyrədən (yəni 

həm ali məktəb, həm elmi-tədqiqat institutu funksiyalarını 

yerinə yetirən) bir universitet açılsın. Təklif maraqla qarşılandı, 

amma elə təklif olaraq da qaldı.  

XIX Ümumittifaq Partiya Konfransında üzvu seçildiyim 

komissiyaya SSRİ-nin o vaxtkı Baş naziri N.İ.Rıjkov rəhbərlik 

edirdi. Mən təklif etdim ki, müttəfiq respublikaların 

paytaxtlarında bir-birlərinin daimi nümayəndəlikləri açılsın. 

Komissiya üzvləri bunu qeyri-real ideya saydılar və  Rıjkov 

nəzakətlə dedi ki, bu məsələ müttəfiq respublikaların öz 

səlahiyyətlərinə aiddir, ehtiyac olsa, bunu özləri həll 

etməlidirlər. Mən indi də belə hesab edirəm ki, o vaxt üçün  

mənim təklifim  əhəmiyyətsiz deyildi. O zaman Ermənistanda 

hələ 200 min Azərbaycanlı yaşayırdı ki, sonralar hamısını 

qovub bu ərazidən çıxardılar. Azərbaycanda da Dağlıq 

Qarabağdan başqa yerlərdə  də ermənilər yaşayırdı. Bakıda və 


 644 

İrəvanda Azəraycanın və Ermənistanın daimi nümayəndəlikləri 

olsaydı, bir çox insanların  ən azı  bəzi problemləri bəlkə  də 

daha uğurlu həll edilərdi.  Əgər bu nümayəndəliklər səmərəli 

işləsəydi, bəlkə  də bir çox faciələrin qarşısı alınardı. Heç 

olmasa lazımı vaxtda lazımı məlumatlar verə bilər, xəbərdarlıq 

edə bilərdilər. Daimi kontaktlar üçün bir kanal olardı. Əfsus ki, 

bütün bunların əvəzinə qanlı faciələr baş verdi.  

Qırmızı Sovet evində yüzlərlə böyük-kiçik millət bir təhər 

başını girləyirdi. İndi bu qırmızı evi sarı boyamağa, dəlixanaya 

çevirməyə çalışırlar ki, ağlını qaçırmış adamlar bir-birini atəşə 

tutsun. Klassikin sözlərini yada salmağın məqamı gəlməyibmi: 

Əlvida, silah.  

Əlvida qəddarlıq, nifrət, zülm. Salam mənəvi zənginlik, 

salam məhəbbət, salam mədəniyyət. Və yenə  də başqa bir 

yazıçının kitabı yada düşür: Salam, kədər. Olsun. Mədəniyyət

mənəvi zənginlik, duyğuların çeşidləri olan yerdə  kədər də 

olacaq. Bramsın simfoniyasını dinlərkən duyduğumuz kədər, 

faciəvi xəbərləri aldığımız zaman duyğumuz sarsıntılardan min 

pay yaxşıdır.  



*** 

Müdaxilə modelləri: Qanuni hökumət devrilir, müdaxilə 

edən xarici ölkənin öz ərazisində yaratdığı oyuncaq hökümət 

ona hamilik edən ölkəyə müraciət edib yardım istəyir və bu 

işğalçı dövlət də guya bu "hökumətin" xahişinə  əməl edərək 

başqa ölkəyə soxulur. Sovet Rusiyası bu modeli ilk dəfə 1920-

ci ilin aprelində Azərbaycanda, daha sonra Ermənistanda, 

Gürcüstanda, çox sonralar Pribaltika ölkələrində, daha da 

sonralar Macarstanda (1956), Çexoslovakiyada (1968) və 

Əfqanıstanda həyata keçirdi. Beləliklə, Azərbaycan ilk sınaq 

meydanı oldu. Müdaxilə üçün başqa bir bəhanə. Guya ki, başqa 

ölkənin ərazisində yaşayan milli azlığın bu azlıqla eyni millət 

olan daha güclü dövlət tərəfindən müdafiə etmək bəhanəsi. 

Faşist Almaniyasının Sudet almanlarını müdafiə  bəhanəsiylə 

Çexoslovakiyaya soxulması. Bizim günlərdə Ermənistanın 


 645 

guya ki, Dağlıq Qarabağ ermənilərini müdafiə  məqsədilə 

Azərbaycana təcavüzü.  

*** 

Bizim Rusiya demokratlarına qoşulmamağımızın, yaxud 

onlardan uzaqlaşmağımızın səbəbi onlara inamımızı 

itirməyimizdəndir. Qısa bir müddət  ərzində aydın oldu ki, rus 

demokratları ancaq Rusiya üçün demokratiya arzulayırmışlar. 

Onlar, necə deyərlər, "demokratik İmperiya" yaratmaq, yaxud 

"Demokratik sifətli imperiyanı" qoruyub saxlamaq niyyətində 

imişlər. Görəndə ki, həmin bu imperiyanın təbəələri olan başqa 

xalqlar da demokratiyanı milli müstəqillik kimi düşünürlər (ya 

demokratiya onlara belə düşünməyə imkan verir) və bu da 

"Minillik dövlətin" dağılmasına gətirib çıxaracaq – onda bütün 

bu demokratlar – Qovoruxinlər, Mixalkovlar, Rutskoylar, Yuri 

Vlasovlar demokrat olduqlarını unutdular.  

Onların tezisi budur – dədə-babalarımın yaratdıqları dövləti 

itirdik. Dədə-babalarınız özgələrin torpaqlarını talan, qarət 

edirdilərsə  və bu qarətlər, talanlar əsasında qurublarsa "öz 

dövlətinizi", gec-tez tarixi borcları qaytarmaq məqamı  gəlir. 

Əgər özgə malına tamah salmağın yeganə  əsası güc sayılırsa, 

gün gəlir, səndən də güclüsü meydana çıxır və  səninlə  sənin 

daha zəiflə  rəftar etdiyin sayaq rəftar edir. Sənə isə elə 

donquldanmaq qalır: "Raseya gibnet". Darmadağın edilmiş  və 

talan olunmuş Almaniya, atom bombardmanından maddi və 

mənəvi cəhətdən ağır zədələnmiş Yaponiya məhv olmaları 

haqqında qara-qışqırıq salmadan, panikaya qapılmadan, tarixi 

talelərindən küsüb incimədən, hamıya nifrət püskürmədən, 

hətta qaliblərinə belə  qısqanc yanaşmadan addım-addım öz 

həyatlarını qurdular və  qısa müddətdən sonra bugünkü 

rifahlarına nail oldular. Burada isə yalnız vay-şivən: – "Ay 

aman, qoymayın, minillik imperiya əldən getdi".  

İspaniyada sahib olduğu  şəhəri tərk etməli olan ərəb 

sərkərdəsi  şəhərin yüksək yerindən itirdiyi məskənə baxıb 

ağlayırmış. Anası deyib: kişi kimi qoruya bilmədiyin  şəhər 



 646 

üçün arvad kimi ağlama.  

Tarixdə bütün imperiyalar gec-tez dağılır. Şişir-şişir, sonra, 

görürsən, bir günün içində üfürülmüş  şar kimi partladı getdi. 

Minillik dövlət haqqında xülyalar Gələcəyə yönəlmiş olsa da 

(məsələn, alman nasistlərinin minillik Reyx arzusu), keçmişə 

üz tutsa da (nəyimiz vardı və nəyi itirdik), real olaraq heç bir 

konkret səmərə vermir.  



*** 

Qərb demokratiyalarını söyə-söyə rus patriotları, elə  İslam 

təməlçiləri kimi, öz ölkələrinin repressiv rejimlərindən 

canlarını qurtarmaq üçün yenə  də dönə-dönə  lənətlədikləri 

demokratik ölkələrdə  sığınacaq tapırlar. Deməli, bu "mənfur" 

demokratiya elə də pis şey deyilmiş ki, bütün təqib olunanları, 

qovulanları, həyatları  təhlükəyə  məruz qalanları xilas edir, 

bəsləyir, əvəzində isə tənələr qazanır. Elə sığınacaq verdikləri 

Zinovyev kimi nankorların, Limonov kimi ağlı kəmlərin və nə 

yazıq ki, Soljenitsin kimi həqiqətən böyük və  qəhrəman bir 

mücahidin tənələrini…  

*** 

Yazıçı tayfasının böyük qismi, özlərini patriot adlandıranlar 

Yevtuşenkonun  şöhrətinə  qısqanaraq ona bəslədikləri nifrət 

naminə bütün sevimli vətənlərini qana bələməyə hazırdırlar.  



*** 

Stalinin bir cəlbedici cəhəti də  ən qəliz məsələləri adi 

adamlarçün sadələşdirməsi, bəsitləşdirməsidir. Dünyanın  ən 

mürəkkəb problemlərini ancaq yaxşı-pis, dost-düşmən, ağ-qara 

kimi dəyərləndirmək insanı  ağır mühakimələrdən və  ağrılı 

düşüncələrdən xilas edir. Amma bu gün mənəvi daltoniklər 

ondan mütəəssir olublar ki, həyatın "ağ-qara" Stalin kinosunu 

dünyanın əlvan, min rəngli "filmləri" əvəz edib. Rəngləri ayıra 

bilməyənlər üçün bu da bir problem deyilmi?  

*** 

İnqilab və mədəniyyət vaxtilə Azərbaycanda jurnal adı olsa da, 

heç cür bir-biriylə uyuşmur. Mədəniyyət ardıcıllıq, davamiyyət, 


 647 

varislik deməkdir. Ənənələr nə qədər təzələnsə də, mədəniyyətin 

təməlini onlar təşkil edir. İnqilab isə ardıcıllığın tamamilə tar-mar 

edilməsidir. Çox vaxt elə dağıtmaq naminə dağıtmaqdır. Təbiidir

bu dağıtma əməlinə də ziyalıları boğmaqla başlayır. Çox vaxt da 

elə ziyalıların öz əliylə.  



*** 

İlk dəfə çox gözəl, cazibəli və ağıllı qadına rast gələrkən az 

sonra agah oluruq ki, bütün bu üstün cəhətlərini bizdən qabaq 

duyanlar və yetərincə istifadə edənlər olub. Bəzən ağıllı 

jurnalistə, yazıçıya, alimə rast gələndən sonra təəssüflə 

öyrənirik ki, onun da bu cəhətlərini bizdən qabaq Xüsusi 

xidmətlər nəzərə alıb və istifadə ediblər. Onlar axı belə  şikarı 

əldən verməzlər. Necə ki, şorgöz kişi cazibəli qadından yan 

keçməz.  

*** 

Mən  şərqli kimi duymaq və  qərbli kimi düşünmək 

istəyirəm… Əlbəttə, bu fərq də şərtidir. Şərqli kimi düşünmək 

də eyni cür dərindən düşünmək deməkdir. Amma burda 

düşüncələrin aramlı axarı, tələsgənliyə yol verməyən müdrik 

arxayınlıq var. Qərb düşüncəsi daha mütəhərrikdir, daha 

dinamik və praktikdir. O biri tərəfdən çılğın  şərqli 

ehtiraslarından danışarkən Qərbin də  qızğın duyğularını 

unutmamalıyıq – Şekspirdən Felliniyə  qədər  ən böyük 

sənətkarların  əsərlərində ifadə olunmuş düyğu zənginliyini 

yaddan çıxarmamalıyıq.  

*** 

Abuladze. "Tövbə" filmi. Meyiti qəbirdən çıxarıb atırlar. 

Yəni bu Stalin-Beriya kabusunun tarixin rəmzi zibilliyinə 

atılmasıdır. Amma onu düşünmürük ki, torpağa basdırılmamış 

meyit çürüyəcək, üfunəti və mikroblarıyla  ətrafı  zəhərləyəcək 

və beləliklə, yeni bir ictimai epidemiyaya səbəb olacaq.  



*** 

Sistem dağıldı, biz onun dağıntıları  və çöküntüləri altında 

qalmaqdan qorxuruq. Onun çürüməsindən də qorxuruq ki, 


 648 

hansısa xəstəliyə yoluxarıq.  



*** 

Özlərinə alibi axtarırlar: "Kommunist partiyasının üzvü 

olsam da, onun ideyalarını və siyasətini bəyənmirdim"-deyirlər. 

Başqa daha tutarlı alibi: "Mən heç partiyanın üzvü də 

olmamışam". Əvvəla, gəlin baxaq görək niyə olmamısan, bəlkə 

can atmısan, qəbul etməyiblər (Bir çoxları KQB çuğulluğuna 

can atdıqları və istəklərinə nail olmadıqları kimi).  

Amma istəyirsən partiyanın üzvü ol, istəyirsən olma – sovet 

sisteminə  mənsub olmağının alibisi yoxdur. Sistem 

ideologiyadan daha geniş anlayışdır və  bəzən heç onunla tam 

üst-üstə  də düşmür. Sistem – həm də  həyat tərzidir, düşüncə 

tərzidir, davranış qaydalarıdır, yaşamaq, salamat qalmaq, başını 

girləmək mexanizmidir. Bütün bunlar artıq insanın genetik 

mahiyyətinə sirayət edir və bu cəhətləri kənara atmaq partiya 

biletini atmaqdan daha çətindir. Sərhəd – kommunistlər və 

bitərəflər arasında, hətta ideoloji cəhətdən fərqli baxışlar 

arasında deyil. Sərhəd xətti çox əski anlayışlara uyğun olaraq 

çəkilib: sərhəd – namus, ləyaqət,  şərəf, vicdan və bunların 

olmaması arasında çəkilib.  

*** 

Rusiyada  əsrlər boyu ağılla güc arasında dava gedir. Rus 

xalqı acı bir gerçəklik kimi, bir qədər də kinayəylə bu davanın 

mahiyyətini belə ifadə edir: TGüc varsa ağıl cərək deyilU. Güc 

– hakimiyyət deməkdir. Qorxunc İvanın opriçniklərindən 

Stalinin yejovçularına və Brejnevin tanklarına qədər repressiv 

aparatı olan hakimiyyət deməkdir. Ağıl – rus mənəviyyatının 

intellektual qiyamıdır – Protopop Avakumdan Lev Tolstoya 

qədər. Güc – mütləqiyyətə müti olan sifətsiz (ya hamısı eyni 

sifətli) kütlədir. Ağıl – tək-tüklərin üsyanıdır – Çaadayevdən 

Saxarov da daxil olmaqla Brejnev dövrünün dissidentlərinə 

qədər.  


Gücə qarşı sənətin üsyanı - Platonov, Bulqakov, Axmatova, 

Zoşşenko, Pasternak, Soljenitsin, Brodski… siyahını davam 



 649 

etdirmək də olar.  

Amma güc – yalnız hakimiyyət problemi deyil. Qiyam da 

ağlın yox, cilovsuz gücün törəməsi ola bilər. Puşkin tarixə 

nəzər salaraq belə "mənasız və  qəddar rus qiyamının" 

dəhşətindən XIX əsrdə yazmışdı, amma onun peyğəmbərliyi 

XX əsrdə daha böyük ölçüdə təsdiq olundu.  

Güc və  ağıl – bu ziddiyyət,  əlbəttə, ancaq Rusiyanın 

problemi deyil – kütlə  və ziyalılar, kommunistlər və 

demokratlar ziddiyyəti bir çox ölkələrə xasdır. Demokratik 

dəyərlər və despotik rejimlər, faşist tipli millətçilik və 

ümumbəşəri humanist ideallar arasınla gedən savaş – təkcə 

ideyalar qarşıdurması deyil, həm də  Ağılla Gücün davasıdır. 

Ağıl Güc ola bilər, Güc heç vaxt Ağıl ola bilməz. Güc 

müvəqqəti zəfərlər qazana bilər: Hitler, Stalin, Mao…. Amma 

son nəticədə Sokratdan Saxarova qədər ağıl üstün olduğunu 

sübut edir.  

Nəyə görə demokratik nəşrlərdə Liqaçova, Polozkova, 

Qorbaçova (hələ Lenini demirəm) həsr olunmuş iti yazılar, 

karikaturalar, atmacalar yer alır, amma rəsmi informasiya 

vasitələri eyni səviyyədə, məsələn, Yeltsini lağa qoya bilmir. 

(Bü sözlər yazılan vaxt, doğrudan da, belə idi – çox sonraların 

qeydi). Qələmin, dilin iti olmaması ilk növbədə  ağlın 

yetməzliyilə bağlıdır. Bu sarıdan yəhudilər çox zaman məhz 

həmin üstünlüklərinə görə  zəfər çalırlar. Amma yəhudilərin 

intellektual terrorunu da unutmaq olmaz.   

Heç kəsə sirr deyil ki, Kütləvi  İnformasiya Vasitələrində 

(özü də  tək Rusiyada yox, bir çox ölkələrdə) aparıcı qüvvə 

yəhudilərdir. Və o da var ki, yəhudilik  əsasən yəhudilərdən 

ibarət olsa da, yalnız yəhudilər demək deyil.  

Yəhudilik – həm də düşüncə  və davranış  tərzidir, yəhudi 

olsan da, olmasan da məhz bu sayaq düşünə  və davrana 

bilərsən. Bu anlamda yəhudilik dünyaya qlobal baxış, konkret 

bir ölkəni deyil (İsrailə  nə  qədər bağlı olsalar, ona xidmət 

etsələr, onu qorusalar da), bütün dünyanı  vətən saymaq, 


 650 

yaşadıqları 

hər məmləkətin mədəniyyətini, dilini 

mənimsəməklə  bərabər, öz milli xüsusiyyətini də mühafizə 

etmək və lazım gələndə birləşə bilməkdir. Küll halında 

yəhudilik planetimizin bəlkə  də  ən qüdrətli superdövlətidir. 

Doğrudur, spesifik xüsusiyyətləri olan və konkret çoğrafi 

məkanı olmayan superdövlətdir. (Xəritədəki cılız  İsrail bu 

superdövlətin bir elementidir, amma əlbəttə ki, onun 

nüfuzunun, imkanlarının mində birinə  də malik deyil). Bu 

superdövlət böyük intellektual sərvətə sahibdir – qüdrəti də 

əsasən bundadır – zəngin pul-para, Kütləvi  İnformasiya 

Vasitələrinə  nəzarət, sənət, elm uğurları – bu əsas qüdrətin – 

intellektual zənginliyin törəmələridir. Lazım gələndə gücə  də 

istinad edir, hətta terror, daha doğrusu, antiterror 

əməliyyatlarına da əl atırlar. (Eyxmanın tutulması, Olimpiada 

dəhşətlərinə görə qisas alınması, Nayrobi reydi və s.) Amma bu 

fiziki antiterror aksiyalarından daha vacib intellektual üsullarla 

mübarizə aparmaqdır. Bu üsullar yəhudi vəkillərinin (sözün 

hərfi və  məcazi mənasında) bəlağətində, KİV-dəki 

müdafiəçilərinin iti qələmlərində, satira, yumor, kinayə, 

sarkazm və ironiyayla qəlibləşmiş mifləri, avtoritetləri, bütöv 

quruluşları, rejimləri, məmləkətləri xəcil edib dağıtmaq 

bacarığındadır.  



*** 

Mənzil məsələsi.  Əgər səkkiz-doqquz nəfərlik ailə 18 

kvadrat metrlik otağa sığışıbsa, sənin arvadınla birlikdə ikiniz 

yaşadığınız dörd otaqlı mənzildə kitabların çoxluğu ucbatından 

darısqallıqdan  şikayətlənməyə haqqın yoxdur. Ümumiyyətlə

insanların elementar həyati və məişət tələbatını ödəyə bilməyən 

cəmiyyətdə mənəvi dəyərlərdən danışmaq çətindir.  

*** 

Məhəbbət sivilizasiyanın törətdiyi duyğudur, ona görə  də 

canlı məxluq üçün, o cümlədən insan üçün şəhvət daha qədim, 

daha təbii və daha üzvi bir hissdir. Deyirlər ki, şəhvət heyvani 

tələbatdır. Yəni doğrudanmı, insanlar heyvanlardan daha 


 651 

xoşbəxtdir? Əlbəttə, heyvanların da duyğuları var – ağrı, qorxu 

hiss edirlər, kiməsə bağlanırlar və bu bağ  qırılanda xiffət 

edirlər. Amma heyvanların tərəddüdləri olmur, təəssüfləri, 

tövbələri, peşmançılıqları, illüziyaları, xəyal qırıqlığı olmur. 

Xatirələrini, qəribsəmələrini, ümidlərini və  xəyallarını sözlə, 

musiqiylə (bəs bülbül, cəh-cəh vuran başqa quşlar? – Öz-

özümə etiraz qeydim), rənglərlə ifadə etmək niyyəti, bu yöndə 

acı və əbəs istəkləri onları incitmir. Sənətkar heyvanlar yoxdur 

(Heyvan sənətkarlar olsa da). Amma yəqin bu fikir də 

mübahisə doğura bilər. Quşların yuvalarını  bəzəməsi, 

qarışqaların lağım-qurğuları – rasional memarlığını  nəzərdən 

qaçırmayaq. Tovuz quşunun öz əlvan lələkli quyruq-

qanadlarını yelpazə kimi açıb qürrələnməsi estetik duyumun 

bəlirtisi deyilmi?  

*** 

Hər bir insanın dünyaduyumunda qəribə bir məqam var. 

Şüurlu, ya qeyri-şüurlu surətdə, istər-istəməz hər insan 

doğulduğu yeri (daha doğrusu, daimi, ya davamlı yaşadığı yeri) 

kainatın olmasa da, yer kürəsinin mərkəzi kimi qavrayır. 

Kosmik planda kürreyi-ərzin nə yuxarısı var, nə aşağısı. Yalnız 

qlobuslarda və  xəritələrdə planetin təpəsi və alt tərəfi var və 

bununla bağlı da Şimala və  Cənuba,  Şərqə  və  Qərbə ayrılır. 

Bax bu qlobus-xəritə qavrayışında da insan özünün daimi 

məkanını dünyanın mərkəzi sayır, bütün istiqamətləri və 

məsafələri fikrində bu nöqtədən ölçür və müəyyənləşdirir. Mən 

də, necə deyərlər, belə "özmərkəzçilik" duyumuna malik 

olduğum üçün vətənimi, yaşadığım  şəhəri elə bir nöqtə kimi 

qavrayıram ki, bütün qalan torpaq-lar bu yerdən ölçülür. Bu 

qavrayışın bir məqamı da var – öz vətənini məkanda ada kimi 

duyursan. (Zamanla bağlı da belə duyum var – yaşadığım vaxt 

– mənə qədər olanlar və məndən sonra olacaqlar dəryasında bir 

adadır). 

Bu duyumlarla Azərbaycanı qavrayanda vətənimin onu 

əhatə edən və  bəzi hallarda ona düşmən kəsilən qüvvələrin 



 652 

episentrində yerləşdiyini dərk edirəm. Bütün azimutlardan, 

bütün yönlərdən, istiqamətlərdən Azərbaycan hansı 

təhlükələrlə üzləşə bilər? Cənubdan aqressiv təməlçilik ki, dini 

birlik adıyla bütün milli xüsusiyyətləri inkar edir və eyni 

zamanda bir hakim millətin hökmranlığı naminə bütün başqa 

millətlərin öz dilində yaşamaq hüququnu tanımır.  Şimaldan 

eyni ambisiyalı  və aqressiv təmənnalar. Bu təmənnalar 

Jirinovski variantında başqa xalqların, ümmiyyətlə, 

mövcüdluğunu inkar edir, kommunist-internasionalist 

versiyasında isə başqa xalqları guya ki, tamamilə başqa tərzli 

Birliyə çağırır. Amma bu birlik də vahid bir Mərkəzə 

bağlanmalıdır və məhz bu Mərkəz hansı xalq üçün nəyin yaxşı, 

nəyin pis, nəyin xeyir, nəyin zərər olduğunu 

müəyyənləşdirəcək. Təbii ki, milli dillərin aqibəti də Allah 

umuduna qalacaq. Yenə o əski Sovet himninin məntiqi (Bu 

sözlər yazılandan çox sonra əski sovet himni daimi himn 

müəllifi Mixalkovun özünün cüzi söz dəyişiklikləri ilə yenidən 

Rusiyanın himni oldu –  sonrakı illərin qeydi).  

Himnin sözlərini xatırlayın: "Soyuz neruşimıy respublik 

svobodnıx splotila naveki velikaya Rus". Yəni azad 

respublikaların sarsılmaz ittifaqını  əbədi olaraq böyük Rusiya 

yaratdı.  Əgər respublikalar və xalqlar, doğrudan da, 

azaddırlarsa, onda niyə onları  məhz bir xalq – qoy lap böyük 

xalq olsun – birləşdirməlidir. Və bu elə "azadlıqdır" ki, nəinki 

heç bir seçimə, nə vaxtsa seçim olacağına da yol vermir, axı bir 

ilə, beş ilə yox, "əbədi birləşiblər" və bu ittifaq da 

"sarsılmazdır".  

Əslində bu əbədi sarsılmazlıq da puç imiş – elə həmin Sovet 

İttifaqının Çinlə "Moskva-Pekin" mahnısında ifadə olunmuş 

əbədi dostluq xülyası kimi. Umimiyyətlə, ömrün müəyyən 

illərinin içində yaşaya-yaşaya  əbədiyyətdən necə  dəm vurmaq 

olar? Ritorika və demoqogiya doğma bacılardır.  

Şimal belə, Cənub da belə.  Şərqdə  Xəzər neft yataqlarına 

Türkmənbaşı iddiaları, Qərbdə erməni təcavüzü. Nə qalır? 


 653 

Uzaq Qərb – yəni Avropa, Amerika? Bəli, bu gün Qərb və 

qərbçilik istiqaməti bütün başqa yönlərdən daha məqbul 

görünür. Amma – bü gün… Sabah necə olacaq?  Tutalım ABŞ 

siyasi stratejimizin yeganə real qarantı olanda bizi nə gözləyir? 

Kim bilir… 

Axı Ərəstu və Şekspirin, Don Kixotun və Yanuş Korçakın, 

Alber Şveytserin və Con Braunun, Vivaldi və Baxın, Ekzüperi 

və Martin Lüter Kinqin, Qərb dünyasından başqa zirək 

işbazların, "sabun operalarının", Hollivud "atdı-tutdu" 

filmlərinin, bitib-tükənməyən serialların bütün milli 

xüsusiyyətləri silib atan kosmopolitik erzas – "mədəniyyət" 

dünyası da var. Ən optimal Qərb yönlü inkişafımızda belə 

bizim milli mədəniyyətimiz məhvəmi məhkumdur? Son iki 

əsrdə mənimsədiyimiz sənət növləri – nəsr, dramaturgiya, teatr, 

simfonik musiqi, balet, monumental heykəltaraşlıq, dəzgah 

boyakarlığı, kino daha bizə  gərək olmayacaqmı? Hər  şeyi 

təzədən başlamaq lazım gələcək – həvəskar teatr dərnəkləri, 

tamaşaları, ayrı-ayrı savadlı xeyriyyəçilərin, mesenatların 

umuduna qalmış  sənət. Sənət,  ədəbiyyat olmayacaqsa, bu 

səxavət-kanlarının özlərini kim və necə savadlandıracaq? Kitab 

nəşri kimin öhdəsində qalacaq? Ya ümumiyyətlə, kitaba 

ehtiyac olmayacaq?  Heç kəs kitab oxumayacaq?  

Qərb yönlü inkişaf bu nəticələrə  gətirib çıxaracaqsa , çox 

heyf. Çörçilin dediyi kimi, demokratiyanın min qüsuru var, 

amma bəşəriyyət hələ ki, demokratiyadan yaxşı bir üsul-idarə 

tapmayıb. Qərb demokratiyasının da mənim gözümdə 

üstünlüyü ondadır ki, bu demokratiyanı  bəyənməyənlər, o 

demokratiyaya ağız büzənlər bərkə düşəndə, öz 

məmləkətlərində  təqiblərə, həbslərə, zorakılığa məruz qalanda 

bəyənmədikləri Qərb ölkələrində  sığınacaq axtarır və tapırlar. 

Ayətulla Xomneyidən Limonova qədər.  



Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin