Sizsiz (roman-xatirə) Həyatım ağrıyır (povest-xatirə)



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə20/49
tarix24.01.2017
ölçüsü3,02 Mb.
#6264
1   ...   16   17   18   19   20   21   22   23   ...   49

*** 

Təbiət elə bil bu dağı Bakıya keşik çəkmək üçün yaradıb. 

Buradan Bakının hər səmti, hər tərəfi görünür, soyub, sorub 

taladığımız gözəllər gözəli Xəzərin genişliyi açılır. Duman 

təbiətin insanlardan incikliyidir. Duman çəkilir, hava açılır və 

biz yaxın-uzaq Xəzər adalarını da görürük. Böyük Zirəni – 

Nargini görürük. Bu adalarda 20-ci illərdən bəri nə  qədər 

günahsızlar güllələnib. Lüt soyundurur, güllələyir, ayaqlarına 

daş bağlayıb dənizə atırmışlar. 

Toğrul Nərimanbəyovun keçən il tamamladığı  dəhşətli bir 

tablosu var – dənizin içi və dənizin dibinə doğru gedən ayağına 

daş bağlanmış, sinəsi güllələrlə deşilmiş meyitlər. 

Güllələnmişlər, qurbanlar, şəhidlər...  Şəhidlərin  şahidləri – 

Xəzər adaları. Xəzər adalarından, dənizin mavi səthindən 

yüngül bir şeh qalxır, xəfif bir nəsim  əsir – Şəhidlər dağına 

çatır, təzə qurbanların qəbirlərini ussufluca sığallayır. Dəniz 

yelinin yanıqlı ahı anaların göynəkli oxşamalarına, ağılarına 

qarışır. 



Analar deyir ağı:  

Bizə kim qıydı axı? 

Gör neçə dağ çəkibdi 

 362 

Xalqa şəhidlər dağı... 

Ağrılarım mənə də şer yazdırdı. Yox, yox, şair-filan olmaq 

fikrində deyiləm. Həm də  qırxında, daha doğrusu,  əlli 

neçəsində öyrənənin harda çalacağı haqqında el məsəlini də 

unutmamışam. Amma ən çətin dəqiqələrdə, heç bir şey 

yazmağa həvəsim olmayanda, əlim qələm tutmayanda, ayrı-

ayrı sözlər bir-birinə qoşulub, bir-birinə yoldaş olub, hayan 

olub, dost-dostu tapan kimi sözlər də cütləşib, üçləşib, 

qafiyələnib, bayatı biçiminə giriblər. Müxtəlif günlərin, 

saatların ovqatlarından doğulan mənzum parçaları bu yazıma 

səpələdim. Ümidsizliyim də bu "çağırılmamış bayatılar" – 

dadır, ümidim də... 



Na qismətdir, nə də qədər, 

Yoldaş olub mənə kədər. 

Gümanım var, bir gün səhər 

Sevinc gələr, kədər gedər... 

* * * 

Şəhidlər dağı... Bu gün bu dağdan yalnız Bakı  və  Xəzər 

deyil, bütün Azərbaycan görünür – o taylı, bu taylı. Bu gün 

bura Azərbaycanın ən yüksək dağı, ən uca zirvəsidir.  Bu dağın 

zirvəsindən  keçmişimizi  də görürük, gələcəyimizi də. 

Tariximizin rəmzidir  Şəhidlər dağı – min bir əzab-əziyyətli, 

məşəqqətli, keşməkeşli tariximizin. İgidliyin, qeyrətin, qürurun 

rəmzidir Şəhidlər dağı. İtkilərimizin,  müsibətimizin rəmzidir – 

yalnız bir ayın, bir neçə günün deyil, illərin, əsrlərin dərd-qəmi, 

ağrısı, matəmi çöküb bu dağa – duman, çiskin çökən kimi, çən 

düşən kimi. 

Şəhid qəbirlərinin üstü götürülüb. Məzarlar səliqə-sahmana 

salınıb. Bu nəcib işdə əməyi olanların hamısı sağ olsun. Amma 

Şəhidlər dağının tariximizin, azadlıq mübarizəmizin möhtəşəm 

abidəsi kimi əbədiləşməsi üçün hələ çox işlər görmək gərəkdir. 

Götürülmüş heykəlin yerində, onun özül daşının yanında iki 

şümal sütunun da ucaldığını  xəyalən təsəvvür edirəm. Bu üç 

sütunun üstündə üç od – üç məşəl yanır – həm Bakımızın 



 363 

məşhur gerbi kimi, həm Odlar yurdunun rəmzi kimi, həm də 

Şəhidlər qəbiristanlığının əbədi alovu kimi. 

Üç məşəlin, üç dilim alovun altında yerləşən muzey də 

tamam başqa cür qurulur. Bura Şəhidlər muzeyidir. Burda qara 

Yanvar günlərinin tükürpədici  əşyayi-dəlilləri də nümayiş 

etdirilir – tank tırtılları altında xıncım-xıncım əzilmiş maşın – 

bədbəxt alimlərin avtomaşını, gülləbaran olunmuş təcili yardım 

karetası da, güllələrdən dəlik-deşik pəncərə  şüşələri, çopur-

çopur divarların maketi, məktəbli qızın çantası, qanlı pal-paltar 

da, acıdan-acı fotolar, adların qəmli siyahısı, sənədlər də. 

Amma  bu muzey yalnız Qanlı Yanvar  abidəsi deyil. 18-ci 

ilin mart qurbanlarına  həsr  olunmuş  guşə də var  burda,  20-ci 

ildə boğulmuş cümhuriyyətin faciəvi tarixi də  əks olunub. 

Vətəndən uzaqlarda "Azərbaycan, Azərbaycan" sözləriylə can 

verən Məmməd  Əmin Rəsulzadə, daşnak güllələrinə  hədəf 

olmuş  Fətəli xan Xoylu, Həsən bəy Ağayev, Behbud xan 

Cavanşir, namərdcəsinə öldürülən Nəsib bəy Yusifbəyli, 

Azərbaycanın ilk səhiyyə naziri, Xəzər adasında güllələnmiş 

Xudadat bəy Rəfibəyli – uzun illərin ayrılığından, həsrətindən 

sonra bu muzeydə görüşüb qovuşurlar. 

Xiyabani də burdadır, Pişəvəri də... 

Hüseyn Cavid də, Əhməd Cavad da, Mikayıl Müşfiq də, 37-

ci ilin və başqa illərin neçə–neçə qurbanları, gedər-gəlməzdən 

qayıtmayanları da. 

Qətl günü üzünü tərtəmiz təraş edib, ağ köynək geyinən, 

səliqəylə qalstuk bağlayıb edam yerinə qalxan Firudin İbrahimi 

də, Savakın sularda boğduğu Səməd Behrəngi də...  şəhid 

qadınlarımız Mədinə xanım Qiyasbəyli də, Gülarə Göylü qızı 

da, Mərziyə Üsküyü də... Kürd qəhrəmanı  Məhəmməd Qazi 

də... Bu muzeydə xalqların formal, rəsmi, boğazdan yuxarı 

dostluğu yox, halal qardaşlığı, həqiqi həmrəyliyi, tale birliyi 

əks olunmalıdır. 90-cı ilin Yanvar faciəsi haqqında mərkəzi 

mətbuatda ilk həqiqətləri söyləyən rus rejissoru Stanislav 

Qovoruxinin yazısı da bu muzeydə yer tapmalıdır, qazax 


 364 

dostumuz Oljasın təyyarə bileti də – Bakının ağır günündə onu 

bura yetirən təyyarənin bileti... Tiflisin 89-cu il 9 Aprel faciəsi 

də  əks olunmalıdır bu muzeydə, Ermənistan zəlzələsindən 

sonra yardıma tələsən, hava qəzasında həlak olan və  qəzaya 

uğradıqları yerdə nankorluqla unudulanların xatirəsi də... 

Ayrıca bir lövhədə – Qobustan daşları kimi əbədi bir daşın 

üstündə – kənd, çay, dağ, meşə, bulaq adları yazılmalıdır – 

Ermənistandan qovulmuş Azərilərin – yurd yerləri, qədim 

dədə-baba məskənlərinin adları. Axı bu adlar da repressiyaya 

məruz qalmış adlardır. 

Muzeydə  hər saatdan bir həzin musiqi səslənir – Üzeyir 

bəyin ölməz "Şəbi-hicran" xoru, Böyük Füzulinin sözləri elə 

bil məxsusi Şəhidlər dağı üçün yazılıb: 



Şəbi-hicran yanar canım, 

Tökər qan çeşmi-giryanım. 

Oyadar xəlqi əfğanım, 

Qara bəxtim oyanmazmı? 

Bu muzeydə bir guşə  də var. Dairəvi salondur. Ortada, 

döşəmədə mis bir dairə – qalxan kimi. Ətrafında dairəvi 

divarlar. Divarların üzərində böyük sənətkarlarımızın sözləri. 

Nəsimidən, Xətaidən, Vaqifdən, Vidadidən, Hadinin: 

Dağa dersən eşidər, sonra verər əks-səda, 

Daşa dönmüşlərə əks eyləmədi fəryadım –  

beytinəcən, Sabirin:  



Ey dərbədər gəzib ürəyi qan olan çocuq, 

Ey ehtişami-milləti talan olan çocuq – 

misralarına qədər. 



TBu gün Kərbəla meydanı Azərbaycandakı  vətənpərvərlik 

meydanıdır. Yekə bir millətin dili, namusu, hüququ, vətəni 

təhlükədədir. Axıtmalı qanımız, ehsan etməli pulumuz varsa – 

gözümüzün qabağında ürəklər parçalayan Azərbaycan 

matəmgahı durur" (Mirzə Cəlil). Bu sarsıdıcı sözlərdən çağdaş 

şairlərimizin, yazıçılarımızın təsirli kəlamlarınacan – bütün 

mətnləri dairəvi divarlarda həkk etmək olar, mərkəzdə, mis 


 365 

dairənin üstündə isə, məncə, ikicə  sətir yazılmalıdır. Bu 

sətirlərin müəllifi – gənc  şəhid  şair dahilərin, uluların,  

böyüklərin məclisində    mərkəz yeri öz halal qanıyla, taleyilə, 

qismətiylə qazanıb! Onun sətirlərinin saf həqiqəti qarşısında 

baş əyməliyik: 



Həyat üçün doğulmuşduq, 

Vətən üçün ölməliyik.  

***   

Şəhidlər dağı, ürəklərə dağdan ağır dağ  çəkən  Şəhidlər 

dağı... Xalqın matəmi, hüznü, dərdi. Xalqın mütilik, köləlik, 

əsarət üzərində qələbəsi... 

Şəhərin aşağı  məhəllələrindən, dəniz sahilindən başımızı 

qaldırıb yuxarı baxacayıq – çətin anlarımızda ucalardan uca 

tanrıya üz tutacayıq. Bir də  Şəhidlər dağına, onun əbədi 

məşəllərinə tapınacayıq... 

…Və bu saflaşma, təmizləşmə, müqəddəsləşmə anlarında 

qəlblərimizə  kədərlə  bərabər ümid, işıq, həyat duyğuları da 

dolacaq...  

 

Yanvar,1991 

 


 366 

 

 



AYDIN SURƏTİ 

 

Parlaq, munis, unudulmaz insanlar – Dilarə  Əliyeva və 



Aydın Məmmədovun faciəli ölüm xəbəri məni Türkiyədə, əski 

Səlcuq şəhəri Bursada yaxaladı. 

Mən "yaşıl Bursa", "gözəl Bursa", "qədim Bursa" da yaza 

bilərdim. Niyə kağıza qeyri-ixtiyari məhz bu sözlər – "Səlcuq 

şəhəri"  düşdü? Assosiasiyaların – anımların, yada salmaların 

öz qanunları var və Səlcuqların da burda xatırlanması təsadüfi 

deyil. 

Bir neçə il bundan qabaq Leninqradda (onda hələ Leninqrad 



idi)  Azərbaycan günlərinin iştirakçıları sırasında Aydınla mən 

də vardıq. Sözləşib məşhur alim-türkoloq L.N.Qumilyovgilə 

getdik. Aydın onunla tanış idi, xahiş etdim ki, məni də tanış 

etsin. Kommunal mənzildə yaşayan bu böyük alimin gənc 

azərbaycanlı həmkarına xüsusi  bir hörmətlə yanaşdığını görür, 

qürurlanırdım. Qumilyov türk xalqlarının tarixindən, öz 

keşməkeşli taleyindən, həbs düşərgəsində Oljas Süleymenovun 

atasıyla bir barakda, üst-üstə taxçalarda yatmağından danışırdı. 

Söhbət Azərbaycan  xalqının mənşəyindən  düşdü. Qumilyov: 

"Niyə sizin bəzi alimlər Azərbaycan xalqının soykökünü 

müəyyənləşdirmək üçün ora-bura boylanırlar? – deyə soruşdu: 

– Səlcuqların  əsl varisisiniz. Azərbaycan tarixində üç ulu 

Səlcuqun – Toğrulun, Alp-Arslanın, Məlikşahın həlledici yeri 

var. – Sonra diqqətlə Aydına və  mənə baxdı – Səlcuq 

mənşəyiniz hər birinizin zahiri görkəmində belə əks olunub, – 

deyə əlavə etdi.  

Əlbəttə, zahiri görkəmdən daha vacib daxili dünyanın 

quruluşu, mənəviyyatın yönü, ruhun  gözəlliyidir. Və Aydının 

Səlcuq ruhuna sədaqəti, türk mənəviyyatına, xalqımızın həqiqi 

mənşəyi, kökləri və tarixiylə bağlı sahələrə marağı bununla 

əlaqədardır. Aydın  əsl alim idi. Ciddi dilçi-alim kimi 


 367 

Azərbaycan dilinə aid araşdırmalar aparmaq, iltisaqi şumer 

diliylə iltisaqi türk dilləri arasında müəyyən bağları axtarmaq, 

tələsik səthi nəticələr yox, inandırıcı  dəlillər tapmaq istəyirdi. 

Bu barədə  dəfələrlə etdiyimiz söhbətlər zamanı "ayrı-ayrı 

sözlərin bənzərliyinə, oxşarlığına uymaq olmaz, – deyirdi – 

"Xalq etimologiyası" deyilən məsələ  təhlükəli və sürüşkən 

sahədir. Başı çıxanın da, çıxmayanın da zahiri əlamətlərə görə 

qəti hökmlər verməsi gülüncdür. Həqiqi elmi etimologiyanı 

"ehtimalogiya" ilə  əvəz etmək olmaz". Şumer dilinə    ciddi 

marağı, bu sahədə  tədqiqatları onu görkəmli qazax şairi Oljas 

Süleymenovla yaxınlaşdıran, məhrəmləşdirən, doğmalaşdıran 

ümdə cəhətlərdən idi. 

Səksəninci illərdə bir neçə  gənc dilçi-alimimiz, yəqin ki, 

ədəbi tənqid sahəsində müəyyən kasadlıq, xüsusən də, cavan 

nəsil tənqidçilərinin az olması  səbəbindən,  əzm və  həvəslə 

ədəbiyyatımızın bu cəbhəsində  fəaliyyət göstərməyə başladı. 

Aydın da onlardan biri, həm də  ən dərin mühakimələrə,  ən 

dəqiq təhlilə qadir olanlarından idi. İstər öz ədəbi nəsli, istərsə 

də daha yaşlı  nəsillərin nümayəndələri haqqında yazıları, o 

cümlədən mənim haqqımda yazdığı  məqalə o dövrki 

tənqidimizin yeni, daha müasir səviyyəsini müəyyənləşdirirdi. 

1987-ci il "Ulduz" jurnalının 6-cı nömrəsində Aydınla mənim 

dialoqumuz çıxdı.  Bu dialoqda ilk dəfə olaraq latın  əlifbası 

məsələsini qaldırmışdıq və  həmin söhbətin  əks-sədası  hətta 

Orta Asiya respublikalarında da eşidilmişdi. Mən bu söhbətdə 

bir sıra vacib məsələləri "səsimiz eşidilənədək" deyəcəyimizə 

boyun olmuşdum. Sonralar Aydın məqalələr kitabını  nəşr 

etdirdi, o kitaba həmin dialoqumuzu da saldı  və kitabı  həmin 

sözlərimlə adlandırdı: "Səsimiz eşidilənədək". 

Ay keçdi, il dolandı. O vaxt qaldırdığımız məsələlərin bir 

çoxu keçmişdə qaldı, bir sıra məsələlərdə isə  həyat bizim ən 

qabaqcıl fikirlərimizi ötüb keçdi. Yeni ictimai iqlim yarandı, 

yəni mənəvi ab-hava müəyyənləşdi, yeni siyasi şərait təsdiq və 

bərqərar oldu. Və bütün bu surəclərdə (proseslərdə) Aydın 


 368 

yalnız alim-tənqidçi, publisist kimi deyil, nüfuzlu siyasi xadim 

kimi də böyük rol oynadı. Həm də o siyasətçi kimi çox tez bir 

zamanda yetişdi, püxtələşdi, sözü gözlənilən və sözü eşidilən 

bir adam oldu. Müxalifətin bu gün geniş tanınmış, o vaxtlar isə 

siyasi meydanda hələ  ilk addımlarını  atan xadimləriylə 

Yazıçılar  İttifaqında təşkil etdiyimiz görüşlərin fəal 

iştirakçılarından biri də Aydın idi. Belə görüşlərdən birinin lent 

yazısı  məndə durur. Bu kasetdə indiki məşhur müxalifət 

liderlərinin səsləriylə  bərabər, mənimçün çox əziz olan iki 

nəfərin – faciəli aqibətə düçar olmuş Tofiq İsmayılovun və 

Aydın Məmmədovun da səsləri eşidilir. 

Aydın ayıq siyasi təfəkkürə, nadir natiqlik bəlağətinə, geniş 

elmi və ədəbi erudisiyaya malik bir şəxsiyyət idi. Odur ki, uzun 

səylərdən sonra Azərbaycan Yazıçılar  İttifaqı  nəzdində 

Tərcümə  və  Ədəbi  Əlaqələr Mərkəzini yaratmağa nail 

olduğumuz zaman buranın rəhbərliyini mən məhz Aydın 

Məmmədova təklif etdim. Aydın bu təklifi məmnuniyyətlə 

qəbul etdi. O vaxtkı qaydalar üzrə "yuxarılar" da onun 

namizədliyini təsdiq etdilər. Aydın işə  həvəslə, səriştəylə 

girişdi və  qısa müddətdə peşəkar kollektiv toplayıb, görüləsi 

işləri planlaşdırdı. Bu çətin və ciddi işlə  bərabər Aydın siyasi 

fəaliyyətindən də  kənar qalmırdı, Azərbaycan Ali Sovetinə 

deputat seçilmişdi. İstər şəxsiyyətində, istər siyasi fəaliyyətində 

ziddiyyətli cəhətlər də vardı, siyasətin "oyunlarından" və 

"fəndlərindən" də agah idi, yanıldığı  məqamlar da olurdu. 

Amma siyasi həyatımızda Aydının öz əvəzsiz yeri vardı və bu 

yeri indi də görünür. Ali Sovet sessiyalarında onun parlaq, 

ağıllı, təmkinli çıxışları xalq tərəfindən böyük rəğbətlə 

qarşılanırdı. Xalq onun sözünə inanır, etibar edirdi. 

Parlamentimizin bugünkü çarpışmalarında Aydının müdrik 

sözünə, inandırıcı məntiqinə, konstruktiv təkliflərinə daha artıq 

ehtiyac duyulur. Azərbaycan Yazıçılarının IX Qurultayı 

ərəfəsində  xəbər yayıldı ki, Aydın Tərcümə  Mərkəzindən 

getmək istəyir. Bu xəbər müəyyən dərəcədə  onun "Yol" 


 369 

qəzetinə verdiyi müsahibəsinə    əsaslanırdı.  Güman olunurdu 

ki, Aydın bütün fəaliyyətini yalnız  Ali Sovetdəki işiylə 

bağlamaq istəyir. Axı o yalnız deputat deyil, həm də Ali Sovet 

komissiyasının sədri idi. "Türkologiya" jurnalı redaktorunun da 

birinci müavini, faktiki olaraq bu jurnalı çıxaran idi. 

Qurultayda Aydın Azərbaycan Yazıçılar Birliyi idarə 

heyətinin üzvü və o vaxt keçiriləcəyi güman edilən SSRİ 

Yazıçılar Qurultayına nümayəndə seçilmişdi. 

Azərbaycan Yazıçılar Qurultayından sonra, təşkilat 

plenumumuzdan bir gün əvvəl axşam Aydın mənə evə  zəng 

elədi, bir qədər həyəcanlı səslə: 

–Anar müəllim, mən Tərcümə  Mərkəzindən getmək 

istəmirəm, – dedi, – bütün başqa vəzifələrimdən, işlərimdən əl 

çəkərəm, hətta deputatlıqdan imtina etməyə də hazıram, amma 

Tərcümə Mərkəzindən ayrılmaq istəmirəm. 

–Aydın, nə söhbət ola bilər, – dedim, – Tərcümə Mərkəzinin 

ilk müdiri sənsən, kollektivi sən toplamısan və qalıb işləmək 

istəyirsənsə, çox gözəl.  Deputatlıqdan imtina-filan da lazım 

deyil. 


Aydının bu telefon söhbətindən sonra bir qədər 

sakitləşdiyini hiss etdim, amma görünür, nədənsə nigaran idi, 

ya kimsə onu bu sarıdan nigaran salmışdı, çünki elə həmin gün 

gecəyarısına yaxın bir də  zəng elədi və yuxarıda gətirdiyim 

dialoq demək olar ki, bir də təkrar olundu. 

Səhər plenumda Aydın Məmmədov Azərbaycan Yazıçılar 

Birliyinin katibi və Tərcümə Mərkəzinin müdiri seçildi. 1991-

ci il mart ayının son günləri idi, kim bilərdi ki, Aydının ömür 

möhlətinə cəmi-cümlətanı bir aydan da az qalıb. 

Türkiyədən dönən kimi Emin Sabitoğluyla birlikdə Şəkiyə, 

Kiş  kəndinə, Aydının qəbri üstünə, sonra da ata evinə, 

valideynlərinə başsağlığı verməyə getdik. 

İnsanlar bir-birinə  bənzəmədikləri kimi, dərdi də müxtəlif 

cür çəkirlər. Dərdini içində, zahirən büruzə vermədən, mətanət 

və dözümlə  çəkənlər adamı daha artıq sarsıdır. Aydının 


 370 

atasının nurani sifətinə, anasının məsum üzünə çökmüş  kədər 

işığını heç bir vaxt unutmaram. 

Dözülməz oğul dağını, təsəllisi mümkünsüz övlad dərdini 

elə  ləyaqətlə  çəkirdilər ki, bu saatlarda Aydının hansı sağlam 

və əbədi köklərə bağlı olduğunu daha dəqiq duya bildim. 

Aydın yaşayarkən o, atası Mirsaleh kişi üçün iftixar etdiyi, 

fərəhləndiyi oğul idi, balaca bir kənddən çıxıb Bakıya getmiş, 

orada peşəyə yiyələnmiş, alim olmuş, ad-san qazanmış bir ailə 

üzvü idi. Ölümündən sonra Aydını bütün xalq – Azərbaycan 

xalqı öz oğlu, istəkli, ağıllı-kamallı balası saydığını  dərk etdi. 

Mirsaleh kişinin bizə dediyi sözlər çox adi, çox sadə, ona görə 

də çox təbii və səmimi sözlər idi: 

–Heç bilməzdim ki, Aydını bu qədər sevirlərmiş. 

Azərbaycanın hər yerindən adamlar axın-axın gəlir, məktublar, 

teleqramlar, güllər... 

Aydının məzarı başında durmuşuq. Məzarın üstü bütün 

Azərbaycandan axıb gəlmiş güllər, dəmətlər, çələnglərə  qərq 

olub. Bir tərəfdə füsunkar gözəlliyə malik olan Marxal yaylağı 

– Aydın buranı çox sevərdi. "Marxal"ın qədim türk sözü 

olduğunu da mən ilk dəfə Aydının dilindən eşitmişəm. O biri 

tərəfdə  dəli-dolu Kiş çayı, Kiş  kəndi, kiçik həyət, qəribsəmiş 

bir ev – itirdikləri oğlun dərdini səssiz-səmirsiz, içindən yana-

yana, yanıb qovrula-qovrula çəkən iki qoca ata-ana. 

Hər tərəfdə – qarlı dağlar başında, sıx ormanlıqlarda, qədim 

Şəkinin təkrarsız küçələrində, Bakının, Qarabağın, 

Azərbaycanın hər yerində 

məhəbbətlə, hörmətlə, 

minnətdarlıqla, yanğıyla anılan bir ad – Aydın Məmmədovun 

adı. Aydının butün vətən torpağımızı dolaşan ruhu. 

Yaddaşlarımızda, qəlblərimizdə, talelərimizdə yaşayan işıqlı 

surəti. 


Aydın surəti. 

 

28 mart, 1992 

 


 371 

 

 



TORPAĞI VƏTƏN  EDƏNLƏR 

 

90-cı il 20 yanvar müsibətindən sonra xalqımızın bəxtinə bir 



qara gün də çıxdı – 91-ci ilin 20 noyabrı. 

Bu nə zəmanədir,  ilahi, televiziyada səslənən klassik musiqi 

dərhal gərilmiş  əsəblərimizi bir az da tarıma çəkir, səksəkəli 

ürəklərimiz bəd xəbərin vahiməsiylə titrəyir. 20-də axşam 

televiziya ekranında alışdığımız xəbərlər proqramı  əvəzinə 

simfonik musiqi sədaları  eşidəndə ürəyimə yeni bəlanın 

qorxusu damdı. Xəstəydim, evdə yatırdım, kimdən xəbər ala 

bilərdim? Dayım oğlu milis polkovniki Akif Rəfiyevə  zəng 

elədim. Yoldaşı təşvişlə: – Akif Qarabağdadır, – dedi, – yaman 

nigaranıq. Deyirlər orda yenə atışma olub. 

Daha kimə  zəng edə bilərdim? Yəqin hər halda Tofiq 

İsmayılov bir xəbər bilər. Dəstəyi qaldırdım. Elə bil kimsə: – 

Yox, zəng eləmə, – dedi. – Yəqin hələ işdədir. Evə gec gəlir. 

10-a qədər bir şey aydınlaşmasa, zəng vurmaq olar. O vaxt evə 

gələr. 

Daha heç vaxt evə  gəlməyəcəksən, Tofiq, nə onda, nə on 



birdə, nə bu gün, nə sabah, heç vaxt mehriban ailəni xoş 

təbəssümlə sevindirməyəcəksən, həyatından artıq istədiyin 

oğlun Heydəri oğrun-oğrun süzüb fərəhlənməyəcəksən. 

Tofiq, əzizim, dostum, qardaşım. Səni üç il qabaq itirsəydik, 

yenə  də yanardım, xalqımın belə alim, ziyalı,  ağıllı-kamallı 

oğlunun itkisinə  acıyardım. 

Amma səni daha yaxşı tanıdığım bu üç il ərzində  mənə o 

qədər doğma, munis, əvəzsiz bir dost oldun ki, ən çətin 

dəqiqələrdə  çiyin-çiyinə dayanmağımıza elə alışdım ki, 

müdrik məsləhətlərinə, dəqiq siyasi təhlillərinə, adicə insani 

davranışına o qədər vərdiş etdim ki, sənin yoxluğun ən əziz, ən 

yaxın adamımın itkisi kimi ağrıdır məni. Sənin bu son illərdə 

xalqın üçün, vətənin üçün elədiyin fədakarlığı, hünərini və 


 372 

cəsarətini, dönməzliyini və  tədbirini – bilənlər bilir, amma 

bəlkə biz – sənin  deputat həmkarların bu çətin,  əzablı  və 

təhlükəli mübarizənin gözlərdən, qulaqlardan gizlin təfərrüatını 

daha artıq bilirik. Ali Sovetin, Qurultayın sessiyalarında, 

iclaslarında rəqiblərimizi məntiqinlə, natiqlik məharətinlə, 

ehtiraslı vətəndaşlıq mövqeyinlə yerində oturdan çıxışlarından 

başqa, necə deyərlər, "səhnə arxasında",  şəxsi təmasların, 

saysız-hesabsız yazılı    məktubların, sorğuların, müraciətlərin, 

ən yüksək vəzifəli adamların kabinetlərində  ləyaqətlə, səbrlə, 

təmkinlə, prinsipiallıqla apardığın danışıqlar – sənin bu torpaq, 

bu vətən uğrunda sıravi  əsgər döyüşün, bacarıqlı  sərkərdə 

əməliyyatın idi. 

Xalqımızın başına gələ biləcək neçə  bəlanın qarşısını 

vaxtında almaqda sənin misilsiz xidmətin var. Butün bu illər 

ərzində  sənin nələr çəkdiyini bilən bilir, Tofiq. Qarabağımıza 

son borcunu da verdin – onun doğma torpağında şəhid düşdün. 

Şəhidin yeri behiştdir, – deyərlər. Dostlarının, xalqının 

qəlbində  həmişə yeri behiştlik bir fədai kimi yaşayacaqsan, 

qardaşım. 

Vəli, əzizim! Ali Sovetdə sənin gördüyün qara fəhlə əməyi – 

parlaman iclaslarında, komissiyalarda fəaliyyətin, müasir, ya 

tarixi sənədləri, qərarları  və qanunları  həmişə cabəca  əlinin 

altında saxlamağın, tutarlı silah təkin istifadə etməyin – 

ədəbiyyatçı-tədqiqatçı kimi yaşadığın gənclik illərinin vərdişi 

idi, Nərimanovun ürək yanğısıyla yazdığı  və illər boyu 

gizlədilən məktublarını arxivlərdə öz əlinlə köçürdüyün, sonra 

duyuq düşməsinlər deyə köynəyinin altında bayıra çıxardığın o 

uzaq illərdən qalmışdı  sənə. Uzun illər partiya işlərində 

çalışmışdın, amma o işləri tapdalamaq yeni siyasi konükturaya 

çevriləndə keçmişinə dönük çıxmadın. Çünki konüktürçü 

deyildin,  əqidə adamı idin. Əqidə saxta olsa belə, ona inam 

süni yox, həqiqi ola bilər. Yüksək partiya vəzifələrində 

ciblərini doldurmamışdın, altına yığmamışdın, bir vaxt 

partiyanı öyməklə  sərvət qazanıb, indi partiyanı söyməklə 


 373 

şöhrət axtaranlardan deyildin. Çox yerdə işləmişdin, işsiz qalan 

vaxtların da olmuşdu, işini dəyişdiyin vaxtlar da. Qarabağda 

işini yox, dunyanı dəyişdin. 

Əzizim Vaqif! Xalq deputatlarının birinci Qurultayında – 

sənin halal yerinə  bədnam Zori Balayanı dürtüşdürmək 

istədilər. Çıxış eləməliydin. Çıxışının rus dilində səlis səslənib-

səslənməyəcəyindən və bunun da seçkiyə müəyyən təsir 

göstərəcəyindən nigaran idik hamımız. Bircə  səndən başqa. 

"Arxayın olun, – deyirdin. – Necə lazımdır, elə danışacam və 

seçiləcəm". 

Belə  də oldu. Çünki danışdıqların həqiqət idi, ədalət sənin 

tərəfində idi və sənin rəqibinə qələbə çalmağın haqq işin zəfəri 

idi. 


Ən ağır dəqiqələrdə məhz sən bizi arxayınlaşdırırdın: "Mən 

ordan gəlmişəm, işin içindəyəm, hər  şey yaxşı olacaq, – 

deyirdin. – Qarabağ sarıdan narahat olmayın. Bu çəkişmədə biz 

hökmən qalib gələcəyik!". 

Məmməd,  İsmət, Zülfü, Qurban – əziz həmvətənlərim – 

sizinlə bağlı  nə  qədər xatirələrim var, Bakıda, Moskvada, 

Şuşada, Sumqayıtda, Ağdaşda görüşdüyümüz günlər, saatlar... 

Haçansa xoş zarafatlı söhbətlər, haçansa ciddi, ağrılı fikir 

mübadiləsi... Ön atəş xəttindən gələn sorağınız – Qarabağımızı 

qorumaq və qurmaq əzminiz... Nurlu surətləriniz yaddaşım 

durduqca yaddaşımda qalacaq. 

Osman, Rafiq – uzaq gənclik illərimin tay-tuşları, duz-çörək 

kəsdiyim, xeyirdə-şərdə görüşdüyümüz, dərd-sərimizi 

bölüşdüyümüz insanlar. Bir gündə, bir neçə  dəqiqəlik 

televiziya xəbərində bu qədər dost, yoldaş, tanış itirmək nə 

dəhşətli imiş... 

İqor, eşe odin tovarih moix önıx let. Ə vospominaö tot 

dalekiy i nezabıvaemıy seminar tvorçeskoy molodeji, kotorıy tı 

s Zaurom Rustam-zade orqanizovali v Zuqulbe, i kak mı vse 

bıli molodı, i kak vsem nam toqda bılo xoroşo vmeste, i 

skolğko svetlıx nadejd bılo v naşix duşax. Kak strastno sporili 


 374 

mı o podeme kulğturı naşey rodinı Azerbaydjana. Moey i tvoey 

rodinı, İqor. Tı zdesğ rodilğsə, na gtoy zemle jil, löbil, rabotal, 

gtoy rodine s sınovney vernostö slujil i otdal svoö jiznğ za nee. 

İ pustğ pamət o tebe stanet simvolom edinstva vsex qrajdan 

Azerbaydjana, raznıx naüionalğnostey, predannıx gtoy zemle i 

sçitaöşix ee svoey rodinoy. 

Alı, gənc dostum. Ali Sovetin mətbuatsız keçən hər qapalı 

iclasından sonra tənəffüsə çıxarkən ilk gördüyüm sənin nigaran 

gözlərin, ilk eşitdiyim sənin səbrsiz sualların idi: "Nə oldu? 

Bizə toxunan bir məsələ qalxmadı ki?" 

Sən də, Fəxrəddin də, işıqçı həmkarın Arif də son saatınıza 

qədər vətəndaşlıq və peşəkarlıq borcunuzu namusla, qeyrətlə 

yerinə yetirdiniz. Sizin işinizə verilən  ən yüksək qiymət odur 

ki, vertolyotunuzu namərd gülləbaranıyla məhv edən quldurlar 

– cinayət yerində iz itirməyə çalışan canilər  kimi – sizin 

çəkdiklərinizi oğurlayıb aparıblar. Sizin əks etdirdiyiniz 

həqiqətdən necə qorxurmuşlar gör! 

Hamınızın müqəddəs ruhları qarşısında baş  əyirəm. Allah 

hamınıza rəhmət eləsin. 

Qarabağa sülh məramıyla gəlib, burdan öz yer-yurdlarına 

tabutda qayıdan hərbçilərin, mühafizə orqanları  işçilərinin, 

Rusiya və Qazaxıstan nümayəndələrinin, vertolyot 

sürücülərinin xatirələri qarşısında baş əyirəm. 

Bu günlər tez-tez yada düşən misranın həqiqəti əbədidir: 

Torpaq, əgər uğrunda ölən varsa – VƏTƏNDİR. 

 

21 noyabr, 1991 

 


 375 

 

 



Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin