30-cu illarda beynalxalq vaziyyatin mürakkablaúmasi va SSRİ-nin xarici siyasati.Dünyada tüğyan edən iqtisadi böhran Almaniyada daxili vəziyyətin mürəkkəbləşməsinə, faşistlərin hakimiyyətə gəlməsinə, onların Yaponiya və İtaliya ilə birlikdə dünya ərazisini yenidən bölüşdürmək uğrunda mübarizəyə başlamasına şərait yaratı. 1933-cü il yanvarın 30- da faşistlərin rəhbəri Adolf Hitler Almaniyanın kansleri təyin olundu. Almaniya hərəkət azadlığı məqsədilə 1933-cü il oktyabrın 19-da Millətlər Cəmiyyətindən çıxdı.
“Daues planı”na görə 6 il ərzində 21 milyard marka kredit almış Almaniya bunun sayəsində hərbi iqtisadi potensialını bərpa edib gücləndirdi. Hakimiyyət başına gələn alman nasional sosialistləri faşizmin ən irticaçı və təcavüzkar forması olaraq ABŞ və İngiltərənin köməyi ilə SSRİ-yə qarşı ardıcıl mübarizəyə başladı. 1919-cu ildə yaradılmış Alman Nasional Sosialist Fəhlə Partiyasının rəhbəri Adolf Hitler 1923-cu ildə həbsxanada yazdığı “Mənim mübarizəm” (“Mayn kampf”) kitabında yazırdı: “Biz nasional-sosialistlər müharibədən əvvəl- ki xarici siyasətin istiqamətini şüurlu surətdə rədd edirik. Bu hərəkatı altı yüz il əvvəl dayan- dırılmış istiqamətdə təzələyirik. Biz Avropanın cənubuna, qərbinə almanların məlum hücu- munu dayandırır və nəzərimizi Şərqdəki torpaqlara yönəldirik. Biz, nəhayət, müharibədən
əvvəlki müstəmləkəçilik və ticarət siyasətini dayandıraraq gələcəyin ərazi siyasətinə keçirik. Lakin bu gün biz Avropada yeni torpaqlar barəsində danışırıqsa, birinci növbədə yalnız Rusiya və ona tabe olan sərhədlərdəki dövlətlər haqqında fikirləşə bilərik.” Bunun ardınca Almaniyada açıq faşist (İtalyanca dəstə, birlik deməkdir) diktaturası yaradan A.Hitler ABŞ, İngiltərə və Fransanın yardımı ilə sözdən əməli fəaliyyətə keçdi. Almaniya bir tərəfdən silahlanır, digər tərəfdən ümumi hərbi mükəlləfiyyət tətbiq etməyə hazırlaşırdı.
Almaniyanı “sakitləşdirmək” tərəfdarları Qərb ölkələrinin xarici siyasətində əsas rol oynasa da 30-cu illərdə ABŞ, İngiltərə və Fransanın siyasətində dəyişiklik baş verdi və onlar SSRİ-yə Almaniya, İtaliya və Yaponiyanın dünya ağalığına qarşı dura bilən güc kimi bax- mağa başladılar. Artıq 30-cu illərin birinci yarısında Sovet dövlətinin beynəlxalq nüfuzu xeyli möhkəmlənmişdir. Sovet xarici siyasətinin əsas məsələlərindən biri Sovet-Amerika nümasi- bətlərinin normal hala salınması idi. 16 il ərzində ABŞ hakim dairələri SSRİ-ni tanımamaq si- yasəti yeritmişdilər. 1933-cu ilin əvvəllərində ABŞ-ın prezidenti seçilmiş F.Ruzvelt SSRİ ilə diplomatik münasibətləri yaratmaq yoluna qədəm qoydu. 1933-cü il oktyabrın 10-da F.Ruz- velt SSRİ MİK-in sədri M.İ.Kalininə məktubla müraciət etdi. Oktyabrın 19-da M.İ.Kalininin cavab məktubundan sonra iki ölkə nümyəndələri arasında danışıqlar başlandı. 1933-cü il noyabrın 16-da SSRİ ilə ABŞ arasında diplomatik münasibətlər yaradıldı. Ruzvelt və Litvinov noyabrın 16-da bir-birinə göndərdikləri notalarda SSRİ-nin və ABŞ-ın hüququna hörmət et- məyi və “bir-birinin daxili işlərinə hər hansı şəkildə qarışmamağı” qarşılıqlı surətdə vəd edir- dilər.
1934-cü il sentyabın 15-də Millətlər Cəmiyyətinin üzvü olan 30 dövlət Sovet İttifaqına Millətlər Cəmiyyətinə daxil olması təklifi ilə müraciət etdilər. Sovet dövləti bu dəvəti qəbul etməyi qərara aldı, çünki belə hesab edirdi ki, Millətlər Cəmiyyəti bütün nöqsanlarına baxma- yaraq, sülh aləti kimi müəyyən rol oynaya bilər, xüsusən ona görə ki, ən təcavüzkar dövlətlər olan Yaponiya və Almaniya 1933-cü ildə Millətlər Cəmiyyətindən çıxmışdılar. Sentyabrın 18-də bu məsələyə Millətlər Cəmiyyətinin iclasında baxıldı. 39 dövlət SSRİ-nin Millətlər Cəmiyyətinə daxil olması, 3 dövlət yəni Hollandiya, Portuqaliya və İsveçrə əleyhinə səs verdi, 7 dövlət isə səsvermədə bitərəf qaldı. SSRİ-nin Millətlər Cəmiyyətinə daxil olması beynəlxalq həyatda faşist təcavüzkarlarını narahat edən çox böyük hadisəyə çevrildi.
Faşist Almaniyasının təcavüzkarlığının getdikcə artdığını nəzərə alaraq Sovet dövləti Avropada kollektiv təhlükəsizlik sistemi yaradılması uğrunda mübarizəni gücləndirdi. 1933- cü ilin axırlarında Sovet hökuməti təklif etdi ki, Mərkəzi və Şərqi Avropa ölkələri Almaniya tərəfindən edilə biləcək hücumdan birgə müdafiə haqqında məhəlli Şərq paktı imzalasınlar. Şərqi Avropa Fransanın nüfuz dairəsinə daxil olduğu üçün Fransa bu təklifə tərəfdar çıxdı, həm də Hitler Almaniyasının törətdiyi təhlükənin artdığını bu ölkədə getdikcə daha çox başa düşürdülər. SSRİ-nin təklifini Fransa Xarici İşlər naziri L.Bartu xüsusilə fəal müdafiə etdi. 1934-cü ilin yayında Sovet-Fransa danışıqlarının nəticəsi olaraq SSRİ, Polşa, Çexoslovakiya,
Almaniya, Estoniya, Latviya, Litva və Finlandiya arasında Şərq paktı bağlamaq haqqında birgə təklif hazırlandı. Bu pakt sərhədlərin qarşılıqlı təminatını və hücuma məruz qalan ölkəyə kömək göstərilməsini nəzərdə tuturdu. Eyni zamanda Fransa və SSRİ təcavüz əleyhinə qarşılıqlı yardım haqqında da pakt imzalamalı idilər ki, bununla da Fransa Şərq Paktının zamini, SSRİ isə Lokarno sazişlərinin zamini olurdu.
1934-cü il sentyabrın 8-də Almaniya rəsmi surətdə bildirdi ki, o qarşılıqlı yardım haq- qında paktın bağlanmasında iştirak etməyəcək. 1934-cü il sentyabrın 27-də Polşa hökuməti rəsmi surətdə bildirdi ki, əgər Almaniya Şərq paktında iştirak etməsə, Polşa da iştirak etməyəcək. Şərq paktının bağlanmasının fəal tərəfdarı olan Fransanın Xarici İşlər naziri L.Bartu 1934-cü ildə oktyabrın 9-da Marseldə Yuqoslaviya kralı Aleksandrla birlikdə Xorvat faşistləri tərəfindən qətlə yetirildi. Şərq paktı bağlamaq mümkün olmadığına görə SSRİ ilə Fransa öz aralarında qarşılıqlı yardım haqqında müqavilə bağlamaq qərarına gəldilər və həmin müqavilə 1935-ci il mayın 2-də Parisdə beş il müddətinə imzalandı.
Almaniya tərəfindən təhlükənin gücləndiyi bir şəraitdə Çexoslovakiya hökuməti də SSRİ ilə belə bir müqavilənin bağlanmasına hazır olduğunu bildirdi və bu müqavilə 1935-ci il mayın 16-da bağlandı. Çexoslovakiya hökumətinin təklifi ilə müqaviləyə belə bir maddə daxil edilmişdir ki, əgər SSRİ və ya Çexoslovakiya təcavüzə məruz qalarsa, ancaq Fransanın kö- məyi şərti ilə bu iki ölkə bir-birinə kömək edə bilərdi. SSRİ-Fransa müqaviləsi 1936-cı ilin fevralında təsdiq edildi.
Versal sülh müqaviləsinin şərtlərinə məhəl qoymayan Almaniya müharibəyə hazırlaş- maq məqsədilə silahlanmağa davam edirdi. 1935-ci ilin martın 9-da Almaniya hökuməti hərbi hava qüvvələri yaratmaq haqqında qərar qəbul etdi. Martın 16-da sıralarında 600 min əsgər və zabit olan 36 diviziya həcmində ümumi hərbi mükəlləfiyyət əsasında silahlı qüvvələrin bərpası haqqında qərar qəbul edildi. Almaniya quru qoşunları və hərbi aviasiya ilə bərabər həm də hərbi donanma yaratmaq məqsədilə 1935-ci ilin iyunun 18-də İngiltərə ilə hərbi dəniz sazişi imzaladı. Buna görə Almaniya İngiltərənin hərbi donanmasının 35% həcmində hərbi donanma, sualtı donanmasının 45 % həcmində sualtı donanma yaratmaq imkanı əldə etdi.
Avropada ikinci müharibə ocağı olan İtaliya Afrikada, Balkanlarda və Dünay hövzə- sində ərazilər işğal etməyə səy göstərirdi. 1935-ci il oktyabrın 3-də İtaliya Həbəşistana qarşı müharibəyə başladı və 1936-cı ilin may ayında İtaliya Həbəşistanın işğal edilməsini başa çatdırdı. 1936-cı il mart ayının 7-də Avropanın birinci müharibə ocağı Almaniya Versal mü- qaviləsinin Reyn silahsız zonası ilə əlaqədar maddələrindən imtina edərək bura 30 min nəfərlik qoşun göndərdi. Almaniyanın Versal müqaviləsini və Lokarno sazişlərini pozması 1936-cı il martın 14-də Londonda Millətlər Cəmiyyəti Şurasının iclasında müzakirə edildi, lakin ona qarşı heç bir sanksiya tətbiq edilmədi.
1936-cı ilin fevral ayında İspaniyada keçirilən parlamet seçkilərində xalq cəbhəsi qalib gəldi və hökumət sülhsevər xarici siyasət və demokratik islahatlar həyata keçirtməyə başladı. Qərb dövlətlərinin köməyi ilə 1936-cı il iyulun 18-də Xalq Cəbhəsi hökumətinə qarşı silahlı qiyam təşkil olundu, avqust ayında isə Almaniya və İtaliya birbaşa İspaniya respublikasına qarşı hərbi əməliyyatlara başladı. İtaliya İspaniyaya 200 min, Almaniya isə 50 min nəfər qoşun göndərərək strateji dəniz yollarına nəzarəti ələ keçirtmək və Fransanı mühasirəyə almaq niyyətində idilər.
SSRİ İspaniya respublikasını müdafiə etməyi, Almaniya və İtaliyanın İspaniyaya qarşı hərbi müdaxiləsinin dayandırılmasını tələb edirdi. Sovet dövləti İspaniya respulikasına 85 milyon dollar kredit verdi, orduya kömək üçün 3000 nəfər mütəxəssis göndərildi. 54 ölkədən 50 min nəfər adam könüllü olaraq İspaniya respublikası tərəfindən müharibədə iştirak etdilər. Qüvvələr nisbətən qeyri-bərabər olduğu üçün 1939-cu il martın 6-da respublika hökuməti öz fəaliyyətini dayandırdı, martın 28-də qiyamçılar Madridə daxil oldu, İspaniya F.Franko diktaturası tərəfindən idarə edilməyə başlandı.
1936-cı il oktyabr ayının 25-də Berlində Almaniya ilə İtaliya arasında “Berlin- Roma oxu” adlanan saziş imzalandı. 1936-cı il noyabr ayının 25-də Berlin şəhərində Almaniya ilə Uzaq Şərqdəki müharibə ocağı olan Yaponiya arasında 5 il müddətinə “Antikominterin paktı”
imzalandı.
SSRİ eyni zamanda Uzaq Şərqdə təhlükəsizliyini təmin etmək məqsədilə bəzi tədbirlər gördü. 1935-ci ilin mart ayında Şərqi Çin dəmir yolu 140 milyon iyenə oyuncaq Mancyoy-Qo dövlətinə satıldı. 1934-cü ilin noyabrında SSRİ ilə Monqolustan arasında qarşılıqlı yardım haqqında saziş, 1936-cı il martın 12-də 10 il müddətinə qarşılıqlı yardım haqqında protokol imzalandı.
Uzaq Şərqdəki Yaponiya qoşunları 1937-ci ilin iyulunda Çində hərbi əməliyyatlara başlayaraq 1938-ci ilin payızında onun ərazisinin çox hissəsini işğal etdi. İşğalçılara qarşı mübarizədə Çin əhalisinə kömək edən SSRİ 1937-ci il avqustun 21-də onunla hücum etməmək haqqında müqavilə bağladı. Sovet dövləti Çinə 250 milyon dollar kredit verdi. 1938-ci ilin iyulunda Yaponiya bəzi strateji yerləri işğal etmək məqsədilə Xasan gölü rayonunda SSRİ ərazisinə hücum etdi. Avqust ayında Sovet qoşunları onları məğlub edərək ölkə ərazisindən qovdu. 1939-cu ilin mayında yaponlar Xalxin-Qol rayonunda Monqolustan
ərazisinə hücum etdilər. SSRİ-nin və Monqolustanın qoşunları avqust ayının 20-dən 30-dək onları Monqolustan ərazisindən qovdular. 1939-cu il sentyabrın 15-də SSRİ ilə Yaponiya ara- sında Monqolustanda vəziyyətin dinc yolla nizama salınması barədə saziş imzalandı.
1937-ci ilin noyabr ayında İtaliya Millətlər Cəmiyyətindən çıxdı və “antikominterin paktına qoşuldu”. Bu pakta qoşulan dövlətlər kommunist beynəlmilərinin fəaliyyətinə qarşı birgə mübarizə aparmalı, SSRİ ilə bu pakta zidd olan saziş bağlamamalı idilər.
İşğalçılıq siyasətini genişləndirən faşist Almaniyası 1938-ci il martın 12-də Avstriya
ərazisinə qoşun yeritdi, martın 13-də Avstriyanın Almaniyaya birləşdirilməsi rəsmən elan edildi. Faşist Almaniyasının təcavüzünün növbəti qurbanı Çexoslovakiyanın işğalı oldu. 1938-ci ilin 29-30 sentyabrında Münhendə Almaniya, İtaliya, Fansa və İngiltərənin hökumət başçılarının iştirakı ilə konfrans keçirildi və onun qərarı ilə Çexoslovakiyanın əhalisinin əksə- riyyətinin almanlardan ibarət olan Sudet vilayəti Almaniyaya verildi. Bunun ardınca sentyab- rın 30-da Almaniya ilə İngiltərə arasında hücum etməmək haqqında bəyənnamə, dekabrda Pa- risdə Fransa ilə Almaniya arasında hücum etməmək haqqında müqavilə imzalandı. Bütün bu sövdələşmələr həm də SSRİ-yə qarşı yönəlmişdi, belə ki, ABŞ, İngiltərə və Fransa hesab edirdi ki, Almaniya Çexoslovakiyadan sonra Ukraniyaya hücum edəcək.
Lakin qərb dövlətləri tərəfindən şirnikləndirilən Almaniya 1939-cu il martın 15-də Çexoslovakiya ərazisinə qoşun yeritdi. Martın 16-da Bohemiya və Moraviya protekoratı hü- ququnda Çexoslovakiya Almaniyanın tərkibinə daxil edildi. 1939-cu il martın 22-də Alma- niya ilə Litva arasında imzalanan sazişə əsasən Litvanın Klaypeda limanı Almaniyay verildi. 1939-cu ilin aprelində İtaliya qoşunları Albaniyanı işğal etdi. Aprelin 14-də Albaniya İtaliya Krallığının tərkibinə daxil edildi. 1939-cu il aprelin 28-də Almaniya İngiltərə ilə 1935-ci ildə bağladığı hərbi dəniz sazişini və hücum etməmək haqqında Polşa ilə 1934-cü ildə imzaladığı bəyənnaməni ləğv etdi. 1939-cu il mayın 22-də Almaniya İtaliya ilə “Polad paktı” adlanan hərbi-siyasi ittifaq müqaviləsi bağladı ki, buna görə hər iki dövlətin hərtərəfli əməkdaşlığı, xarici təhlükə vaxtı hərbi yardım və s. nəzərdə tutulurdu.
Avropada hərbi-siyasi böhranın dərinləşməsi, Almaniya və İtaliyanın təcavüzkarlığının genişləməsi İngiltərə və Fransanı SSRİ ilə danışıqlar aparmağa məcbur etdi. 1939-cu il avqustun 11-də onların nümayəndələri Moskvaya gəldi, lakin nümayəndə heyətinə ikinci dərəcəli hərbçilərin daxil edilməsi, onların hərbi saziş imzalamaq səlahiyyətinin olmaması göstərdi ki, İngiltərə və Fransa SSRİ ilə hərbi ittifaq bağlamaq fikrində deyil. 1939-cu il av- qustun 15-də SSRİ qarşı tərəfə Avropada birgə əməliyyatların üç variantını təklif etdi. İngiltərə və Fransa SSRİ-nin təklif etdiyi plana münasibət bildirmədi və məlum oldu ki, müharibə təhlükəsinə qarşı mübarizədə onlar SSRİ ilə əməkdaşlıq etmək istəmirlər.
30-cu illərin sonunda beynəlxalq vəziyyətin gərginləşməsi şəraitində 1939-cu il av- qustun əvvəlində Almaniya SSRİ-yə hücum etməmək haqqında müqavilə bağlamağı təklif etdi və Sovet hökuməti avqust ayının 20-də danışıqlar aparmaq məqsədilə Almaniyanın xarici işlər naziri Ribbentropun Moskvaya səfər etməsinə razı oldu. 1939-cu il avqustun 23-də SSRİ ilə Almaniya arasında 10 il müddətinə hücum etməmək haqqında müqavilə və bundan əlavə
gizli protokol imzalandı. Protokola görə Finlandiya, Latviya, Estoniya və Bessarabviya SSRİ- nin mənafe zonasına daxil edildi, Litva ərazisinin bir hissəsi Almaniyaya verilməli idi. Polşa
ərazisi Visla, San və Narev çayları boyu SSRİ ilə Almaniya arasında bölünməli idi. 1939-cu il sentyabrın 28-də Moskvada SSRİ ilə Almaniya arasında dostluq və sərhədlər haqqında müqavilə imzalandı və Polşanın bölünməsi bir daha təsdiq edildi, Polşanın bir sıra rayonları
əvəzində Litva SSRİ-nin nüfuz dairəsinə daxil edildi.
Dostluq və sərhədlər haqqında 28 sentyabr tarixli sovet-alman müqaviləsilə Almaniya və SSRİ rəsmi müttəfiq oldu. SSRİ Almaniyanın faktiki müttəfiqi kimi hələ 1939-cu il sent- yabrın 1-də Almaniyanın Polşaya hücumundan sonra sentyabrın 17-də azadlıq yürüşü adı altında Polşanın Şərq rayonları olan Qərbi Ukrayna və Qərbi Belarusiyaya qoşun yeridərək bu torpaqları öz ərazisinə qatmışdır.
1939-cu il 23 avqust müqaviləsinin gizli protokoluna əsasən Finlandiya SSRİ-nin nüfuz dairəsinə daxil olduğu üçün Sovet tərəfi öz sərhədlərinin təhlükəsizliyi adı altında qarşı tərəflə ərazi iddiası ilə danışıqlar aparsa da nəticə əldə edə bilmədi. Odur ki, SSRİ Finlan- diyanın onun ərazisini top atəşinə tutması bəhanəsi ilə 1932-ci il hücum etməmək haqqında Sovet-Fin paktını ləğv edərək, 1939-cu il noyabrın 30-da müharibəyə başladı. Fin ordusunu darmadağın edərək xalqı mülkədar və kapitalistlərin istismarçı zülmündən azad etmək əmri alan sovet ordusunun Leninqrad cəbhəsinin qoşunları sərhəddi keçdi, təyyarələr Helsinkini bombaladı. Sovet İttifaqı siyasi manevr edərək 1921-ci ildən Moskvada Kominternin apara- tında işləyən fin kommunist partiyasının rəhbərlərindən biri Otto Vilhelmoviç Kuusinenin (1881-1964) başçılığı ilə Finlandiya “Xalq hökumətinin” yarandığını bəyan etdi, hökumət isə öz növbəsində fin xalqını Qızıl Ordunu azadlıq ordusu kimi qəbul etməyə çağırdı. Almaniya bu müharibədə Stalini açıq müdafiə etdi, Fransa və İngiltərə isə öz qəti etirazını bildirdi. Dekabrın 14-də Fransanın təklifi ilə SSRİ “təcavüzkar” ölkə kimi Millətlər Cəmiyyətindən qovuldu, Avropa Hitlerlə Stalin arasında bərabərlik işarəsi qoydu.
Canlı və hərbi texnika cəhətdən qat-qat düşməndən üstün olan Sovet qoşunları fin ordusunun ciddi müqavimətilə üzləşdi, ağır qanlı döyüşlər başladı. Finlərin ciddi müqaviməti Stalinin qısa bir vaxtda müharibəni başa çatdırmaq planını pozdu, bütün dünya şahid oldu ki, Qızıl Ordu müasir müharibə aparmaq bacarığına malik deyil. Odur ki, 1939-cu il dekabrın axırında Baş Qərargah komandanlığı müharibəyə daha yaxşı hazırlaşmaq məqsədilə hərbi
əməliyyatları dayandırdı. Fin cəbhəsində 21 diviziya ilə hərbi əməliyyatlara başlayan sovet tərəfi onların sayını 58-ə çatdıraraq üçqat üstünlük əldə etdi. Cəbhəyə əlavə ağır texnika və təyyarələr cəlb edildi. Fevralın 11-də Sovet qoşunları güclü top atəşindən sonra hücuma keçə- rək fin qoşunlarının müqavimətini qırdı. 1940-cı il martın 12-dən 13-nə keçən gecə Moskvada SSRİ ilə Finlandiya arasında sülh müqaviləsi imzalandı. Sovet İttifaqı istədiyi ərazini aldı, sərhəd 150 km Finlandiyanın içərilərinə çəkildi. Xanko adası hərbi-dəniz bazası olaraq SSRİ- yə icarəyə verildi. Finlandiyadan alınan ərazinin hesabına martın 31-də Karel-Fin Sovet So- sialist Respublikası təşkil olundu. Fin əsgəri öz vətənini müdafiə edirdi. Qızıl Ordu əsgərləri isə nə uğrunda vuruşduqlarını axıra qədər başa düşmürdülər. 1940-cı ildə rəsmi elan olundu ki, Finlandiya ilə müharibədə Qızıl Ordu 48 min nəfər əsgər və zabit itirmişdir. Bu günkü yeni məlumatlar isə 130 min nəfərin öldüyünü təsdiq edir. Fin ordusu 6 dəfə az, cəmi 23 min nəfər itirmişdir. Finlandiya Sovet İttifaqına 5572 nəfər hərbi əsir qaytarmışdır ki, onların da 350 nəfəri hərbi tribunal tərəfindən güllələnməyə, 4354 nəfəri isə dörd ildən səkkiz ilə kimi həbs cəzasına məhkum edilmişdir. 180 nəfər sovet əsgər və zabiti SSRİ-yə qayıtmaqdan imtina etmişdir. Sovet əsirliyində cəmi min nəfər fin əsgər və zabiti olmuşdur.
Fin kampaniyası göstərdi ki, sovet silahlı qüvvələri ciddi hərbi münaqişəyə hazır deyildir. Lakin buna baxmayaraq İ.V.Stalin fin müharibəsini qələbə kimi xarakterizə etdi. 6gər sovet partiya və dövlət rəhbərliyi və şəxsən İ.Stalin bu müharibədən lazımi nəticə çıxara bilsə idi, Böyük Vətən müharibəsinin başlanğıcında bir çox uğursuzluqlardan qaçmaq müm- kün olardı. O.Kuusinen “hökuməti” buraxıldı, K.Y.Voroşilovun yerinə S.K.Timoşenko yeni müdafiə naziri təyin olundu. 1939-1940-cı il hərbi münaqişəsi iki ölkə arasındakı münasi- bətləri pozdu, 1941-ci ilin iyununda Finlandiya Almaniya tərəfində yer aldı.
1939-cu il sentyabrın sonu oktyabrın əvvəlində SSRİ-nin təkidi ilə Baltikyanı respub- likalar onunla 10 il müddətinə qarşılıqlı yardım haqqında pakt imzaladı. Baltikyanı respub- likalar ərazisində sovet hərbi baza və aerodromları salındı, bura “məhdud sayda” sovet qoşun- ları yerləşdirildi. Belə bir şəraitdə Baltikyanı ölkələrdə “sol” qüvvələr, xüsusilə kommunistlər fəallaşdılar. 1940-cı il iyunun 17-də bura yeni sovet qoşun hissələri yeridildi. Baltikyanı öl- kələrin hökumətləri istefaya getməyə məcbur oldu. İyulun 14-25-də Estoniya, Latviya və Litvada qanunvericilik orqanlarına seçki “tamaşası” təşkil olundu, SSRİ-nin diktəsilə 1940-cı il 21-22 iyulda yeni “seçilən” qanunverici orqanlar Latviya, Litva və Estoniya SSR-nin yaran- dığını bəyan edərək onları SSRİ-nin tərkibinə daxil etməyi təklif etdilər. 1940-cı il avqust ayının 3-5-də SSRİ Ali Sovetinin VII sessiyası bu təklifi yerinə yetirdi. SSRİ tərəfindən Bal- tikyanı ölkələrdə Sovet hakimiyyətinin bərqərar olması mülkədar, burjuaziya və varlı kənd- lilərin əmlakının müsadirə edilməsi, müəssisələrin milliləşdirilməsi və kütləvi repressiyalarla müşayiət olunurdu. Hər üç Baltikyanı respublikadan 50 min nəfərdən artıq əhali Sibirə sürgün edilmişdir ki, onların da çoxu amansız münasibət və sərt iqlim şəraitində məhv olmuşdur.
1940-cı ilin iyununda sovet silahlı qüvvələri 1918-ci ildə Rumıniya tərəfindən Rusiya- dan alınan Bessarabiya ərazisinə daxil oldular. Bessarabiya Ukrayna SSR-dən ayrılan Sovet Moldovası ilə birlikdə Moldova SSR-ni təşkil etdi. Eyni zamanda Şimali Bukovina (Çernovits
əyaləti) sovet-alman gizli protokolunda Sovet nüfuz dairəsinə daxil edilməməsinə baxma- yaraq Ukraynanın tərkibinə ilhaq edildi, bu da Almaniyanın ciddi narazılığına səbəb oldu. Be- ləliklə, 1939-1940-cı illərdə SSRİ hələ inqilaba kimi Rusiya imperiyasının ərazisinə daxil olan torpaqları zor gücünə öz dövlətinə qatdı. Bu faktı nəzərə alan bir çox xarici və yerli tarixçilər belə hesab edir ki, SSRİ 1941-ci ildə deyil, məhz 1939-cu ildə Hitler Almaniyası tərəfində İkinci Dünya müharibəsinə daxil olmuşdur.