XII BAŞLIQ
{Epigenlə, bədənin sağlamlığı ilə bağlı danışıq}
Bir gün Sokrat, gənc olsa da, çox cılız bədən quruluşu olan, arxadaşı Epigenə üz tutub dedi:
-Sən necə də gücsüz görünürsən, ay Epigen!
-Sözün düzü, mən güclü olmağı ummuram da, Sokrat, - Epigen dedi.
-Düz eləmirsən, sənə ən azından Olimpiya yarışlarına qatılanlar kimi güclü olmaq gərəkdir. Yoxsa birdən, indi afinalıların yeri gəldi, gəlmədi tutaşdıqları ölüm-dirim savaşlarına düşsən, neynərsən? İndi çoxları, gücsüz olduqlarından yağı ilə savaşlarda ölüb gedirlər, gücsüz olduğuna görə döyüşdən qaçıb, öz adlarını batıranlar da az deyil; eləsi də var, gücsüz olsa da, ölümdən qurtulur, ancaq tutuqlanıb, qalan bütün ömrünü qul olaraq yaşayır, sonra da görürsən, özünü qul olmaqdan qurtarmaq üçün elə axça ödəməli olur, varı-yoxu əlindən çıxır, qalan ömrünü yoxsuluqla, ağrı-acılarla yaşamalı olur; bir çoxları da öz gücsüzlüyünə görə gözüqıpıq olur, qorxaq olduqları üçün, yurddaşları da onları saya salmırlar.
Sən yəni doğrudanmı, gücsüz olduğuna görə üzləşə biləcəyin bu qara günləri qulaq ardına vurub, düşə biləcəyin belə yamanlıqlara dözə biləcəyini düşünürsən? Məncə, belə alçalmağı boynuna götürməkdənsə, yaxşısı, bədənini sağlam, güclü edəcək əməklərə qatlaşmaqdır.
Yoxsa elə düşünürsən, gücsüz olmaq sağlam olmaq deməkdir, olmaya elə sanırsan, bədənini çalışdırmadan da sağlam olmaq olar? Bunu da deyim, güclü adamla gücsüz adamların ömürləri də biri-birinə oxşamaz. Bədənləri sağlam, güclü olanlar yağılarla savaşdan sağ çıxırlar, savaşın bütün ağrı-acılarına dözə bilirlər; belələri arxadaşlarına da yardımçı olurlar, yurdu üçün də yararlı işlər görüb, ad-san qazanır, hamının gözündə ucalırlar, ömürlərinin yaşlı çağlarını da dinc yaşayırlar, desən, öz uşaqlarının dolanışıqları üçün də nəsə qoyub gedirlər.
Afina dövləti xalqa, savaşda işə yarayacaq döyüş bacarıqlarını öyrətməyin qayğısına qalmır, ancaq bu o demək deyil, hamı bu işə barmaqarası baxmalıdır: yox, tərsinə, hamı da bu döyüş bacarıqlarına yiyələnməyə çalışmalıdır. Buna da arxayın ola bilərsən, bədənini ağırlıqlara dözməyə alışdıranda, nə Olimpiya yarışlarında, nə də ayrı durumlarda başıaşağı olarsan. İnsan bütün gördüyü işlərdə, bədənindən yararlanmadan keçinə bilmir; eləcə də ağır əməklərə qatlaşmaqla başa gələn işlərdə bədənin sağlamlığı bir az da artıq işə yarayır. Birbaşa əl əməyinə bağlı olmayan işlərdə, elə götürək yaradıcılığı, bədənin sağlamlığından çox nəsnələr asılı olur, -bunu kim bilmir?- yaradıcı adamların böyük yanlışları, çox vaxt sağlamlıqlarının pozulmasına görə olur. Bundan başqa, unutqanlıq, sarsıntılar, qanı qaralıq, dəlilik kimi düşkünlüklər, çoxunda, bədənin sağlam omamasından törəyir, belələri isə, bildiyin kimi, az-çox bildiklərini də unudurlar. Ancaq kimin bədəni sağlamdırsa, belə çatışmazlıqlardan qorxusu yoxdur; yaşamda qazanılan uğurların bir ucu da sağlamlığa, güclü bədənə bağlıdır. Sağlam, güclü olub, belə üstünlüklər qazanmaq olursa, bunu eləməmək saçmalıq sayılmazmı?
Sonuncu sözüm: yan-yörənin sənin gücsüz, cılız bədəninə baxıb irişməsi yaxşıdır, yoxsa bədənini çalışdırmaqla gücləndirmək, gözəlləşdirmək, sonra da, vurğunluqla sənə dikilən baxışları görmək? Sağlamlığına başısoyuq yanaşmaqla bunu ömründə görə bilməzsən: bu öz-özünə yaranan üstünlük deyildir.
Dostları ilə paylaş: |