Dini şüur və etiqad
İctimai şüur ictimai həyatın bu və ya digər tərəflərini əks etdirən müxtəlif baxışların, ideya və nəzəriyyələrin, hisslərin, əhval-ruhiyyələrin, bədii və dini obrazların məcmusudur. Onun daşıyıcısı müəyyən tarixi dövrdə fəaliyyət göstərən böyük insan qruplarıdır.
İctimai şüur təbiətin və sosial reallığın hadisələrini cəmiyyətin yaratdığı təbii və süni dildə, mənəvi mədəniyyət nailiyyətlərində sosial qrupların, xalqın və bütövlükdə bəşəriyyətin yaratdığı sosial normalarda və baxışlarda əks etdirir. Onun məzmunu həm də insanların özü haqqındakı ideyalarda və hisslərdə, təsəvvürlərdə ifadə olunur.
İctimai şüur son dərəcə mürəkkəbdir. O, çoxsaylı müxtəlif elementləri əhatə edir. Bunlar ictimai ideyalar və nəzəriyyələr, siyasi və hüquqi baxışlar, əxlaqi, estetik, dini, fəlsəfi fikirlər və sairdir. İctimai şüura həm də sosial hisslər, əhval-ruhiyyə ,müxtəlif sosial qrupların xisləti, ənənələri, psixoloji xüsusiyyətləri, millət və xalqların psixiki tərzinin özünəməxsusluqları daxildir.
Marksist fəlsəfə uzun müddət varlıq ilə ictimai şüurun münasibətini sxematikləşdirərək birmənalı şəkildə iddia edirdi ki, ictimai varlıq birincidir, ictimai şüur isə ikincidir. Bu cür yanaşma dəqiq deyildir, çünki, belə çıxır ki, əvvəl ictimai varlıq yaranmış, sonra isə ictimai şüur meydana gəlmişdir. Əslində isə ictimai şüur ictimai varlıqla birlikdə, onunla sıx vəhdətdə yaranmışdır. Məsələ bundadır ki, bütünlükdə dünyaya münasibətdə götürülən «varlıq birinci, şüur isə ikincidir» müddəası cəmiyyətdə özünü doğrultmur, çünki dünya (cansız təbiət, bitki və heyvanat aləmi) uzun müddət şüura qədər mövcud olmuşdur. Cəmiyyətdə isə ictimai varlıq yalnız insanlar, onların şüuru ilə birlikdə meydana gəlir.
Cəmiyyətin inkişafının ilk dövrlərində ictimai şüur varlığın bilavasitə təsiri altında formalaşırdı, sonralar isə bu təsir dolayısı ilə (dövlət, siyasi, hüquqi, əxlaqi, dini münasibətlər vasitəsilə) olur. İctimai şüurun ictimai varlığa fəal əks təsirinə tarixi yanaşdıqda isə başqa vəziyyət müşahidə olunur. Bu təsir əvvəllər dolayı (vasitələnmiş) olmuşdur, zaman keçdikcə isə daha çox bilavasitə xarakter kəsb edir. Bu, şüurun varlığı düzgün əks etdirmək qabiliyyətinin artmasını göstərir.
Dostları ilə paylaş: |