Ağac və kol bitkilərinin cücərti və toxmacarlarının bir-ikiillik inkişafı dövründə öyrənillməsi
böyük praktik əhəmiyyət kəsb edir. Bir çox ağac və kol bitkiləri qələmlə olduğu kimi toxumla da
çoxaldılır. Toxumla çoxaldılma zamanı toxumların yığılma vaxtı, saxlanma şəraiti, səpinin vaxtında
və düzgün aparılması və s. kimi faktorlar cücərtilərin əmələ gəlməsinə təsir edir. Daha sonra isə
cücərtilərin düzgün təyini və onların sonrakı inkişafı səpinin effekivliyini və bu bitkilərdən
meşəsalmada, şəhərin yaşıllaşdırılmasında istifadəni əvvəlcədən müəyyən etməyə imkan verir [4].
Cücərtilər toxum rüşeymindən fərqli olaraq kök sistemi və yarpaqları ilə fəaliyyət göstərən
müstəqil bitkilərdir.Toxmacarlar ilk yarpaqları, əsas və əlavə kökləri vasitəsilə qidalanaraq,
yarpaqların formasına, həmçinin gövdə və köklərin xüsusiyyətlərinə görə yaşlı bitkilərdən kəskin
fərqlənirlər [4].
Uyğun şərait (su, hava, istilik, bəzən işıq, bəzi sükunət dövründən sonra) olduqda toxumlar
cücərməyə başlayır. Bu zaman əvvəlcə əsas kökə başlanğıc verən rüşeym kökcüyü inkişaf edir,
daha sonra hipokotil və ləpəaltı dirsək uzanır, nəhayət əsas gövdəyə və epikotilə başlanğıc verən
tumurcuq böyüməyə başlayır. Cücərmənin bu ardıcıllığı bioloji cəhətdən tənzimlənir. Beləliklə,
cücərti kök vasitəsilə torpağa birləşir, bitkini su mineral maddələrlə təmin edir. Hipokotilin inkişafı
ilə cücərtinin ilk assimiləedici orqanı olan ləpəaltı dirsəyi işıq üzü görür, bundan sonra yuxarı
tumurcuq uzanır və cavan bitkinin yerüstü gövdəsinin böyümə və formalaşmasını təmin edir [4].
İ.Q. Serebyakovun qeyd etdiyinə görə, cücərtidən bitki orqanizmin sərbəst həyat yolu
başlayır ki, bu da sonra yeni toxumların əmələ gəlməsinə qədər davam edir [4].