Milli Kitabxana
200
S ə f i b ə y. Siz demək istəmirsiniz, mən deyirəm. Orada siz, bizim nəslimizin
düşməni, quldurbaşı Əlimərdanın oğlu Çingiz ilə görüşmüşsünüz, belədirmi?
Z ö h r ə x a n ı m. Elədir.
S ə f i b ə y. Bəs nə üçün bunu demək istəmirdiniz?
Z ö h r ə x a n ı m. Çünki bu yolda tökülən qanı daha kifayət bilirəm. Ataların
ədavətinin övladlarına keçməyini artıq bilirəm.
Ş a h b a z b ə y. Mənim övladlarımın heç birində qeyrət, namus olmadığını da
mən bilirəm.
Z ö h r ə x a n ı m. Ata, qeyrət, namus gözləyən şəxs, gərək bu ədavətin
binasını qoymayaydı.
Ş a h b a z b ə y. Səsini kəs, Həcərin qızı.
S ə f i b ə y. Dayı, doğru deyirsən, bunların heç birində qeyrət, namus yoxdur.
Əmiləri İlyas bəyin qatili Əlimərdanın oğlu ilə dostluq edirlər.
Ş a h b a z b ə y. Bunların belə olmağına yenə də Həcər baisdir.
S ə f i b ə y. Zöhrə, bu səfər ikinizin də təqsirinizdən keçirəm. Bir də Çingiz ilə
mülağat etsəniz, məni əfv edəsiniz, onda sizin ilə başqa cür rəftar edəcəyəm, çünki
qulluq qohum-əqrəba tanımaz. Zöhrə, onu bil ki, Çingiz hökumətin ziddinə işləyir,
mən onu həbs edəcəyəm.
Ş a h b a z b ə y. Sən Gəncədə neçə gün qalacaqsan?
S ə f i b ə y. Üç-dörd gündən artıq qala bilmərəm. Dayı, vaxt keçir, gedək.
Ş a h b a z b ə y. Səfa, Səfa!
S ə f a (daxil olur.) Nə buyurursan, ağa?
Ş a h b a z b ə y. Çamadanı götür faytona qoy. (Səfa götürüb aparır.) Səfi
halımı görürsən, ata bir yerə gedəndə evini oğluna tapşırar. O da olmasa arvadına,
qızına. Həcər xanım məni görmək istəmir. Oğul elə, qız belə. Bunlar hamısı dua
edirlər ki, mən bu müalicədən şəfa tapıb salamat qayıtmayam.
Z ö h r ə x a n ı m. Ata, sənin azarının xasiyyəti elədir ki, hamını özünə
düşmən hesab edirsən. Xeyr, biz istəyirik ki, sən Gəncədən bu azardan sağalıb
salamat gələsən, biz də rahat olaq.
S ə f i b ə y. Dayı qızı doğru deyir, sən əsəbi məcazsan. İnşallah Gəncədən
sağalıb gələrsən, bu qara fikirlər də başından çıxıb gedər.
Ş a h b a z b ə y. Yenə ümidim sən qızımadır. Xudahafiz. (Onu öpür.)
Milli Kitabxana
201
S ə f i b ə y. Dayıqızı, xudahafiz.
Z ö h r ə x a n ı m. Xudahafiz, yaxşı yol.
Şahbaz bəy və Səfi bəy gedirlər.
Z ö h r ə x a n ı m (yalnız). Ah... Çingiz, sevgilim, nə üçün mənə qulaq
asmadın. Nə üçün məni də, özünü də bəlaya saldın. A... h... səni tutacaqlar, sənə
min əziyyət verəcəklər, zindana salacaqlar... Yox, yox, qoymaram, səni cəlladların
əlindən alaram... Ya sənlə bir yerdə həbsxanaya gedərəm... Sənsiz mənə dirilik
yoxdur.
H ə c ə r x a n ı m ( daxil olur.) Zöhrə, Səfi bəy səni niyə çağırmışdı?
Z ö h r ə x a n ı m. Səfi bəy məndən silist edirdi.
H ə c ə r x a n ı m. Nə barədə?
Z ö h r ə x a n ı m. Bizim Çingizlə görüşməyimiz ona məlum olmuşdur.
H ə c ə r x a n ı m. Nə deyirsən, onu haradan bilmiş?
Z ö h r ə x a n ı m. Bilmirəm, o barədə bir söz demədi. Çingizi həbs etmək
istəyir.
H ə c ə r x a n ı m. Nə səbəbə?
Z ö h r ə x a n ı m. Səfi bəyin deməyinə görə guya Çingiz hökumət əleyhinə
işləyir. Amma mən buna inanmıram. Bu hiylə ilə onu tələf etmək istəyir.
H ə c ə r x a n ı m. Ah, bu nə pis xəbər. Tezliklə Çingizə xəbər verib qaçırmaq
lazımdır.
Z ö h r ə x a n ı m. Mən də o fikirdəyəm, ancaq nə yol ilə.
H ə c ə r x a n ı m. Əhvalatı Qəmərə yaz, o da Çingizi qaçırsın.
Z ö h r ə x a n ı m. Xeyr, məktubla xəbər vermək qorxuludur, başqa yol
aramalı.
H ə c ə r x a n ı m. Başqa nə yol var. Onda gərək birimiz gedək. O da
qorxuludur.
Z ö h r ə x a n ı m. Qorxulu olsa da məktubdan bu yaxşıdır. O səfərki kimi
Züleyxa xalama qonaq getmək bəhanəsi ilə dönüb məlum etmək lazımdır.
H ə c ə r x a n ı m. İndicə atan yola düşdü. Bizdə onun dalınca getsək şübhəyə
düşərlər.
Z ö h r ə x a n ı m. Doğru deyirsən. Ona görə sən evdə qal, mən Şəmsi ilə
sabah gedərəm.
|