Milli Kitabxana
227
YENİ HƏYAT
Bir pərdəli pyes
İŞTİRAK EDƏNLƏR
U s t a İ m a n - 50 yaşında bir papaqçı.
S ə l i m ə - onun arvadı, firqəçi.
A l l a h q u l u - onun oğlu, komsomol.
S ə k i n ə - onun qızı, pionerka,
N a z l ı - onun bacısı qızı.
M ə h ə m m ə d R ə h i m - Nazlının əri, Usta İmanın dükan şəriki.
A x u n d R ə h m ə t u l l a h - molla.
H a c ı İ s m a y ı l - tacir.
Səhnə Usta İmanın qonaq otağını göstərir. Otaq səliqə ilə bəzənmiş. Sağ tərəfdə
Allahqulu Lenin guşəsi düzəltmiş, divardan Lenin və başqa rəhbərlərin şəkilləri asılmış.
Masa üstə kitablar, qlobus, insan qafası və qeyri tədris ləvazimatı. Sol tərəfdə Səkinə öz
masasını pioner tərzilə bəzəmiş. Nazlı otağı səliqəyə salarkən Usta İman daxil olur.
U s t a İ m a n. Ay qız Nazlı, Səlimə evdədirmi?
N a z l ı. Xeyr, dayı can, evdə heç kəs yoxdur.
U s t a İ m a n. Qırılmışlar hara getmişlər?
N a z l ı. Səlimə Jenotdela iclasa getmiş.
U s t a İ m a n. Nəmən? Cinatdel?
N a z l ı. Belə, o urus kilsəsinin qabağında bir böyük ev var ha, ora jenotdel
deyirlər. Orada arvadları oxudurlar. Onlara tamaşa göstərirlər. Klubları da var.
U s t a İ m a n. Demək, Səlimə Cinatdel olmuş?
N a z l ı. Bəli.
U s t a İ m a n. Mənim bu mürtəd oğlum Allahqulu özü komsomol olduğu bəs
deyil idi, arvadı da yoldan çıxarıb cinatdel elədi.
N a z l ı. Bəli, dayı can, yoxsa Səlimə elə yerləri haradan tanırdı?
U s t a İ m a n. İndi ehtiyatlı olmalı. Yoxsa kafir qızı məni tutdurar.
N a z l ı. Doğru deyirsən, dayı. O günü mənə deyirdi ki, bir də hünəri var mənə
bir çırtma vursun o saat həbsə saldırram.
Milli Kitabxana
228
U s t a İ m a n. Gözəl şəriəti bu dinsiz bolşeviklər gör nə günə saldılar? Ərin
arvada ixtiyarı yoxdur, uşağa ixtiyarı yoxdur, bəs bu külbaşın nəyə ixtiyarı var?
N a z l ı. Dayı, mən istəyirdim sənə deyəm, amma qorxdum. İndi ki iş açıldı
qoy o birisini də deyim.
U s t a İ m a n. Daha nə var?
N a z l ı. Allahqulu Səkinəni o küçələrdə "curavəy-curavəy" oxuyan uşaqların
dəstəsinə yazdırıbdır.
U s t a İ m a n. Nə? O baldırları açıq, əllərində dəyənək küçələri dolaşan, qarğa
kimi qağıldaşanların dəstəsinə?
N a z l ı. Bəli, bəli onlara piyanerkə deyirlər.
U s t a İ m a n. Vay sənin zatına lənət, a belə oğul. A kişilər, az qalmışam mən
də dindən çıxam. Əgər allah var niyə bu şəhəri alt-üst etmir? Əstəğfürulla. Lənət
şeytana. (Hirsli gəzinir.)
N a z l ı. Ay dayı, sən allah, sakit ol. Hər şeyi ürəyinə salma.
U s t a İ m a n. Axı mən necə sakit olum? Görmürsənmi bu dinsiz oğlu mənim
başıma nə həngamə getirib? Arvad - cinatdel, oğul komsomol, qız pənirkə. Niyə
partlayıb gəbərmirsən, Usta İman?
Allahqulu qoltuğunda kitab daxil olur, masa dalında oturub kitabın vərəqlərini kəsir.
U s t a İ m a n. A bidin oğlu bidin...
A l l a h q u l u. Kaş dediyin sözlər doğru olaydı.
U s t a İ m a n. Bəs doğru deyil?
A l l a h q u l u. Xeyr, doğru olsaydı mən elə ata ilə fəxr edərdim.
U s t a İ m a n. Adə, sərsəm olmusan nədi? Hansı ata ilə fəxr edərdin?
A l l a h q u l u. Sən deyən bidin ata ilə.
U s t a İ m a n. Səsini kəs, mürtəd oğlu mürtəd.
A l l a h q u l u. Elə atanı da şadlıq ilə qəbul edərdim.
U s t a İ m a n. Hansı atanı?
A l l a h q u l u. Mürtəd atanı.
U s t a İ m a n. A biiman oğlu biiman, sən mənim ürəyimi partladacaqsan.
A l l a h q u l u. Doğrudur, mən sən İmanın oğluyam, ancaq əfsus ki, "bi"siz.
U s t a İ m a n. A qız, Nazlı, tez ol su ver içim. Yoxsa, doğrudanda, bu bidin,
biməzhəb mənim bağrımı çatladacaqdır.