SÜlh göYƏRÇİNLƏRİ



Yüklə 167.87 Kb.
tarix12.05.2017
ölçüsü167.87 Kb.

AZƏRBAYCANIN SİLAHLI QÜVVƏLƏRİNİN MÖHKƏMLƏNDİRİLMƏSİ

YEREVANIN QUZĞUN LƏLƏKLİ “SÜLH GÖYƏRÇİNLƏRİ”NƏ CAVABDIR

Bakı, 8 yanvar (AzərTAc). Dünya birliyinin xarici müdaxilə, zorakı separatizm, etnik təmizləmələr, dövlətlərin qəbul edilmiş sərhədlərinin birtərəfli qaydada dəyişdirilməsi, ağır hərbi cinayətlər və bəşəriyyətə qarşı cinayətlər törədilməsi praktikasını məqbul hesab etmədiyi və pislədiyi bir vaxtda erməni siyasi və ekspert elitası Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin bir hissəsini indiyədək işğal altında saxlamaq üçün ümidsiz cəhdlər göstərməkdə davam edir.

Aşkar təcavüzün nəticələrinin beynəlxalq səviyyədə legitimləşməsinə və oyuncaq rejimin “dövlət” kimi tanınmasına nail ola, qəsbkarlığa “xalqın öz müqəddəratını təyin etməsi” formasını verə bilməyən, müstəqil Azərbaycan Respublikasının keçmiş Azərbaycan SSR-in sərhədlərinin dünya praktikasında qəbul edilmiş uti possidetis juris prinsipi əsasında hüquqi varisliyinin dünyanın bütün ölkələri, aparıcı beynəlxalq təşkilatları və ən nüfuzlu alimlər tərəfindən dəfələrlə təsdiq olunması ilə qarşılaşan erməni siyasətbazları məğlubiyyətə uğradıqlarına və beynəlxalq hüquq normalarına riayət etməyə məcbur olduqlarına görə, danışıqların uzadılması və mövcud status quo post bellum vəziyyətinin dondurulması yolunu seçmişlər. Bu, ötən il Yerevanın Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması üzrə çərçivə sazişinin çoxdan razılaşdırılmış bəndlərinə bilərəkdən yenidən qayıtmasında (bu nəinki Bakını, həm də vasitəçiləri təəccübləndirmişdir), yeni ildə isə xarici müdaxilənin və zorakı separatizmin vəkillərinin işğalın daha da möhkəmləndirilməsi və münaqişənin beynəlxalq hüquq çərçivəsində həlli əvəzinə dondurulması lüzumuna dair dəfələrlə darmadağın edilmiş dəlillərlə dolu “təzə” məqalələrinin mətbuatda görünməsi ilə ifadə olunmuşdur.

Viktor Yakubyanın Regnum informasiya agentliyinin saytında yerləşdirilmiş məqaləsi buna sübutdur. Müəllif həmin məqalədə açıq-aydın etiraf edir ki, Ermənistanın danışıqlarda məqsədi beynəlxalq ictimaiyyət tərəfindən tanınmış a prioriyə, başqa sözlə, Azərbaycanın ərazi bütövlüyünün və özünün bütün ərazisində suverenliyinin bərpasına yol verməməkdir. Məsələn, Dağlıq Qarabağ regionunun Azərbaycana diplomatik yolla qaytarılmasının uğursuzluğuna dair mümkün ssenarini nəzərdən keçirən müəllif özündən dırnaqarası “bu elə belədir” sözlərini əlavə edir və bununla da faktik olaraq özünü və saxta sülhsevərliyini ifşa edir, başqa bir ssenari irəli sürür, daha doğrusu, qarşı tərəfi elə həmin məqsədə digər müstəvidə nail olmağa təhrik edir.

Yakubyan özü də bilmədən, faktik olaraq, danışıqların uzadılmaması və işğal olunmuş ərazilərin hərbi yolla azad edilə biləcəyinə dair Bakının dəfələrlə etdiyi xəbərdarlığa bəraət qazandırır. Əgər münaqişənin 1992-1994-cü illərdəki hərbi mərhələsinin nəticələrini labüd kimi götürsək, onda Azərbaycanın danışıqlarda iştirakının mahiyyəti prinsipcə heçə enir. Azərbaycanın danışıqlarda iştirakı faktı onun mövcud on the qround vəziyyəti tanımamasından xəbər verir. Azərbaycan diplomatiyasının məqsədi beynəlxalq hüquq normalarının icrasına sülh yolu ilə nail olmaqdır. Əgər Yakubyan açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünün diplomatik yolla bərpasının yolverilməzliyini bəyan edirsə, onda bu danışıqların mənası nədir? Görüşüb havaların necə keçməsi barədə söhbət etmək? Sərhədlərin diplomatik yolla bərpasını istisna edən Yerevan öz ekspertlərinin dili ilə Bakını BMT nizamnaməsinin 51-ci maddəsinə müraciət etməyə fəal sürətdə təhrik kedir. Odur ki, kimin “quzğun”, kimin “sülh göyərçini” olması sual altındadır.

Dünənki təcavüzkarların və bugünkü “pasifistlərin” Azərbaycanın “militarist ritorikası”ndan dönə-dönə danışması boş yerdən yaranmamışdır (“baxın uşaqlar, göydən müharibə təhlükəsi düşdü”), bu, ən yüksək səviyyədə muxtariyyat və beynəlxalq təhlükəsizlik təminatı, beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədlərin pozulmaması şərti ilə sülh və iqtisadi inkişaf barədə min dəfələrlə edilən təkliflərdən sonra meydana gəlmişdir. Məgər Yerevanın təklif olunanı (hələlik) götürməkdən min dəfələrlə imtina etməsindən sonra başqa xəbərdarlıqların edilməsi təəccüblüdür?! Yakubyan əmindir: “Azərbaycan Dağlıq Qarabağ üzərində nəzarəti müharibəsiz heç zaman ələ ala bilməyəcəkdir”. Bu sözlərdən sonra Bakının bəyanatlarına təəccüblənməyə lüzum vardırmı? Əlbəttə, yox. Məqalənin müəllifi belə bəyanatları “danışıqların pozulması” kimi qələmə verir. Göründüyü kimi, ermənilərin “sülhsevər” ekspertləri faktik olaraq öz opponentlərinə işarə edirlər ki, onların prinsipcə müharibədən başqa yolu yoxdur. Doğrudan da, bu, “sülhsevərliyin” maraqlı təzahürüdür.

Bütün bunlara baxmayaraq, biz Yakubyan kimi bədbin əhval-ruhiyyədə deyilik. Azərbaycanın ərazi bütövlüyünün və Dağlıq Qarabağ regionu üzərində suverenliyinin beynəlxalq hüquq çərçivəsində tam bərpası mütləqdir. Məhz buna görə də Azərbaycan danışıqlarda fəal iştirakını davam etdirir, diplomatların və həmsədrlərin rəyinə görə, ötən il bu istiqamətdə çoxdan gözlənilən müsbət meyillər və dinamika müşahidə olunmuşdur. Diplomatik səylərin tam uğurlu olması üçün isə hələlik bir şey - Ermənistan rəhbəriyinin konstruktiv mövqeyi çatışmır. Yeri gəlmişkən, buna təkcə Azərbaycan diplomatları deyil, həm də şəxsi söhbətlərdə vasitəçilər də işarə edirlər. İndi bizə təkcə erməni cəmiyyətinin, nəhayət, mövcud reallıqları dərk edən, “miatsum” ideyasının mənasızlığını başa düşən, öz qonşuları ilə sivil münasibətlərə əsaslanan dövlət siyasəti yeridən lideri ortaya çıxarmasını gözləmək qalır. Helsinki aktı çərçivəsində xalqların öz müqəddəratını təyin etməsi və ərazi bütövlüyü prinsipinin uyğunlaşdırılmasını nəzərdə tutan Madrid prinsipləri belə münaşibətlər üçün yol açır. Yakubyanın təəssüf ki, labüd hesab etdiyi xoşagəlməz mərhələyə (bu mərhələ ümumiyyətlə başlanacaqmı) nə vaxt keçiləcəyi erməni cəmiyyətində bu yolu əsas götürən liderin yetişməsindən asılıdır. Ona görə də erməni elitası bu mənfurluğun baş verməməsi üçün və hər iki xalqın mənafeyi naminə mövcud vəziyyəti əsaslı surətdə dərk etməlidir. Bu, Yakubyanın özünə də aiddir.

Müəllifin tarixi faktlara və daha sonra məsələnin hüquqi mahiyyətinə müraciəti ayrıca şərh tələb edir. Məsələn, o yazır ki, “Dağlıq Qarabağ Azərbaycan SSR-in tərkibində yalnız ona görə olmuşdur ki, Azərbaycan SSR-in özü SSRİ-nin tərkibində idi”. Belə çıxır ki, əgər SSRİ olmasaydı, Dağlıq Qarabağ da Azərbaycanın tərkib hissəsi olmazdı. Bu bəyanatı sadəcə faktlara bələd olmamağın ayağına yazaq. Əvvəla xatırladaq ki, əgər Rusiya imperiyası və SSRİ olmasaydı, bu gün Qafqazda heç bir Ermənistan, dünyada isə erməni dövlətçiliyi olmazdı. Daha sonra qeyd edək ki, əvvəla, Dağlıq Qarabağ regionu 1920-ci ilin aprel ayında sovet hakimiyyəti qurulanadək Azərbaycanın tərkibində idi və SSRİ dağılandan sonra da dünya ictimaiyyəti tərəfindən Azərbaycan Respublikasının tərkib hissəsi kimi tanınmışdır. İkincisi, sovet hakimiyyətinə qədər “Dağlıq Qarabağ” termini, ümumiyyətlə, yox idi. Yalnız Qarabağ var idi və hətta 1828-ci ildə imzalanmış Türkmənçay müqaviləsinin (səh.15) şərtlərinə görə İran ermənilərinin Cənubi Qafqaza köçürülməsindən və təqribən sonrakı 90 il ərzində 1,3 milyon erməninin Rusiyanın Cənubi Qafqazda yeni yaradılmış quberniyalarına mühacirətindən sonra da burada azərbaycanlı əhali əksəriyyət təşkil edirdi. Bir vaxtlar vahid Qarabağ xanlığı Rusiyaya birləşdirildikdən sonra bu regionun dağlıq rayonlarında demoqrafiq dəyişikliklər başlandı və həmin rayonlarda ermənilərin sayı 1917-ci ildə qismən çoxaldı (ancaq ermənilərin iddia etdiyi kimi 90 faiz təşkil etmirdi). Qarabağın dağlıq hissəsinin ayrıca şərti inzibati ərazi vahidi kimi ayrılması Qarabağın Azərbaycanın tərkibində saxlanılması, onun yuxarı hissəsində erməni əhalisi üçün muxtariyyət yaradılması qərarına gəlindiyi ildə baş vermişdir. Ümumilikdə isə Qarabağda ermənilər heç vaxt əksəriyyət təşkil etməmişlər. Buna görə də erməni tərəfinin sovet hakimiyyətinin ilk illərində guya “Qarabağda ermənilərin əhalinin 90 faizini təşkil etməsi” iddiasını irəli sürməsi ya statistikaya bələd olmamaq, ya da onu bilərəkdən təhrif etməkdir.

Dünyada dövlətlərarası ərazi münaqişələrinin (buna Ermənistan-Azərbaycan münaqişəsi də aiddir) həllinin elmi-tarixi deyil, beynəlxalq-hüquqi müstəvidə axtarılması ilə əlaqədar tam razılığa nail olunsa da, bu, erməni istorioqrafiyasına regionun tarixini təhrif etməyə heç bir əsas vermir. Antik dövrdə və erkən orta əsrlərdə Qarabağ eramızdan əvvəl IV əsrdən VIII əsrə qədər Qafqaz Albaniyası kimi tanınan dövlətin (bax: Tadeusz Swietochowski. Russia and Azerbaijan: A Borderland in Transition. New York, Columbia University Press, 1995, p.1) tərkibinə daxil idi və burada əsasən müasir azərbaycanlıların əcdadlarından biri olan albanlar, habelə digər qafqazdilli və farsdilli tayfalar yaşayırdılar. 313-cü ildə xristianlıq Qafqaz Albaniyasının dövlət dini elan edilmişdir, lakin şərqi əyalətlərdə əhali ənənəvi dinə inanclarını saxlayırdılar. Qafqaz Albaniyasının Arsax-Orxisten kimi tanınan, heç də ucqar qərb əyaləti olmayan dağlıq ərazisi hind-Avropa mənsubiyyətli olmayan qarqarlar, utilər, hunlar, xəzərlər, basillər yaşayırdılar. Ərəblərin VIII əsrdə istilası nəticəsində İslam Azərbaycanda əsas dinə çevrildi, albanların böyük əksəriyyəti islamlaşdı və oğuzların təsiri ilə türk dilinə keçdi (bu da müasir Azərbaycan xalqının formalaşmasının əsasını qoydu, Arsax albanları isə öz dinlərini, bir neçə əsr ərzində isə öz alban identikliklərini qoruyub saxladılar. Erməni istorioqrafiyasının daha çox siyasiləşmiş hissəsi bir müddət, ümumiyyətlə, erkən orta əsrlərdə Qafqaz Albaniyasının mövcud olduğunu inkar edirdi. lakin onlar təkzibolunmaz sübutlar qarşısında qalaraq hiyləyə əl atdılar – dövləti şərqə “köçürdülər” və onun qərb sərhədini Kür çayına kimi “müəyyənləşdirdilər”. Yeri gəlmişkən, Arsaxın və elə Sünikin də Qafqaz Albaniyasının tərkibinə daxil olması faktı siyasi təsirlərə məruz qalmayan erməni alimləri (məsələn, prof. Ronald Suni, İosif Orbeli bunu qətiyyətlə, XIX əsr yazıçısı Raffi isə dolayısı etiraf edirlər) tərəfindən etiraf edilmişdir. Bizans imperiyasının təsiri ilə Cənubi Qafqazda alban kilsəsi diofizitizm ehkamlarını qəbul edirdi. Bizansın təsirinin qarşısını almaq məqsədi ilə Xilafət birdəfəlik qərarla alban kilsəsini monofizit erməni kilsəsinə tabe etdirdi. Halbuki Alban kilsəsi, faktik olaraq, 1836-cı ildə Rusiya hakimiyyəti tərəfindən ləğv olunana qədər müstəqil təsisat kimi fəaliyyət göstərmişdir. XI-XIV əsrlərdə Arsax Səcidilər, Salarilər, Şəddadilər, Atabəylər, Cəlairilər oğuz (Azərbaycan) dövlətlərinin tərkibinə daxil idi və Qarabağ adlanırdı.



Erməni tarixçisi İ.Orbelinin fikrincə, Albaniyanın tərkibinə daxil olan Xaçen knyazlığının dirçəlişi və çiçəklənməsi XII-XIII əsrlərə (bax: İosif Orbeli. “Həsən Cəlal – Xaçen knyazıdır”. Seçilmiş əsərləri, Yerevan, 1993, səh. 146) təsadüf edir. Mihranidlər alban sülaləsindən olan Həsən Cəlalın (1215-1261) hakimiyyəti dövründə Albaniyanın dirçəlişi başlanmış və Gəncəsar monastrı ucaldılmışdır. Qədim yazıda deyildiyi kimi, bu, “mənim alban xalqım” üçün “Albaniyanın baş kilsəsi” olmuşdur. XV əsrdə Qarabağ daha iki oğuz (Azərbaycan) dövlətinin (Qaraqoyunlu, sonra isə Ağqoyunlu) tərkibinə daxil olmuşdur. Həsən Cəlalın nəsli Qaraqoyunlu hökmdarı Cahanşahdan “məlik” titulu almış, sonralar bu nəslin siyasi hakimiyyət dövrü başa çatmış və onlar öz xalqının mənəvi liderləri, Alban aftokefal apostol kilsəsi ləğv edilənə qədər onun patriarx-katalikosu olmuşlar. Alban knyazları ermənilərin “işxan”, “ter” və digər titullarından fərqli olaraq, “məlik” titulu daşıyırdılar. Qarabağ məliklərinin heç birinin soyadı erməni nəsillərinə aid deyildir, alban köklərinə malikdir. XVI əsrdən başlayaraq Qarabağ Səfəvilər dövlətinin tərkibinə daxil olmuşdur. XVI-XIX əsrlərdə isə vilayətə Qacarlar oğuz nəslindən olan Ziyadoğlu soyadı hakimlik etmişdir. XVIII əsrin ortalarında Azərbaycanın ərazisində xanlıqlar meydana gəldi. Qarabağ və İrəvan xanlıqları da belə yarandı. Qarabağ xanlığında müsəlman türklər (azərbaycanlılar) və alban-xristianlar yaşayırdılar. Xristian albanlar üçün qonşu erməni kilsəsinin güclü təsiri qarşısında özünəməxsusluğunu və identikliyini qoruyub saxlamaq çətinləşirdi. Rusiyanın rəsmi mənbələrinin məlumatına görə, 1810-cu ildə Qarabağ xanlığında 9500 müsəlman türk (azərbaycanlı) və cəmi 2500 “erməni” yaşayırdı. Onların sırasında erməni dilini qəbul etmiş albanlar və bu diyarda tədricən məskunlaşan ermənilər (haylar) vardı (bax: Qafqaz arxeoqrafiya komissiyasının topladığı sənədlər. Qafqaz canişini baş idarəsinin arxivi, IV cild. Komissiyanın sədri dos. A.D.Berjenin redaktəsi ilə nəşr edilmişdir (Tiflis: Qafqaz canişini baş idarəsinin mətbəəsi, 1870), Sənəd № 37, səh. 38-39) Gürcüstan çarı II İrakli 1769-cu ildə öz arayışında məhz onlardan bəhs edirdi. Əslində məlikliklərin uydurma “erməni” əhalisi xristian-monofizit albanlardan ibarət idi, onları monofizit etiqadlarına görə səhvən erməni adlandırırlar. V.Veliçko bununla əlaqədar yazırdı: “Qarabağın (Albaniya və ya Aqvaniya) erməni-qriqorian etiqadına malik, lakin dağ və türk tayfalarından əmələ gələn, səhvən erməni adlandırılan sakinləri istisna təşkil edirlər (....)” (Bax: Vasili Veliçko. Qafqaz. Rus işi və tayfalararası məsələlər. Bakı, Elm, 1990, səh.154). Erməni müəllifi B.İşxanyanın bununla əlaqədar yazdığına görə, “Dağlıq Qarabağda yaşayan ermənilərin bir hissəsi qədim albanların nəslindən olan yerli əhalidir (...), digər hissəsi isə Türkiyədən və İrandan qaçqınlardır. Azərbaycan torpaqları onlara təqiblərdən və zülmlərdən qurtulmaq üçün sığınacaq olmuşdur (bax: sit. İqrar Əliyev. Dağlıq Qarabağ: Tarix. Faktlar. Hadisələr. Bakı, Elm, 1989, səh. 73-74).

1823-cü ilin məlumatlarından görünür ki, Qarabağ xanlığında bir Şuşa şəhəri və 600-ə yaxın kənd (onlardan 450-si türk kəndi və 150-yə yaxını isə indi artıq “erməni” kəndləri adlanan alban kəndləri idi) vardı, burada 90 minə yaxın insan yaşayırdı, o cümlədən Şuşa şəhərində təqribən 1048 Azərbaycan ailəsi və 474 erməni ailəsi, kəndlərdə isə müvafiq olaraq 12902 və 433120 ailə vardı, (Bax:Həqiqi Dövlət müşaviri Mogilevskinin və polkovnik Yermolovun 1823-cü ildə tərtib etdikləri Qarabağ əyalətinin təsviri. Tiflis, 1866). 1805-ci il mayın 14-də Kürək çayı yaxınlığında Azərbaycan xanı İbrahim Xəlil ilə Rusiya imperatorunun nümayəndəsi, general Sisiyanov Qarabağ xanlığının Rusiyanın hakimiyyəti altına keçməsi barədə Müqavilə imzaladılar. Həmin sənəd Qarabağın tarixən Azərbaycana məxsus olmasının tutarlı sübutudur. Müqavilənin 2-ci maddəsinə uyğun olaraq, Rusiya çarı Şuşanın və Qarabağın xanı İbrahim xanın “bu torpaqlarının bütövlüyünün və hüquqlarının qorunacağına özünün imperator zəmanətini vermişdir” (bax: Qarabağ xanı və Rusiya imperiyası arasında Xanlığın Rusiya hakimiyyəti altına keçməsi barədə Müqavilə, 14 may 1805-ci il. http: //azeri.ru/az/karabakh/412/). Araz çayının şimalındakı Azərbaycan xanlıqlarının Rusiyaya birləşdirilməsindən sonra ermənilərin İrandan, sonra isə Osmanlı imperiyasından Rusiyanın yeni ərazilərinə, xüsusən də keçmiş Qarabağ, Naxçıvan və İrəvan xanlıqlarına mütəşəkkil surətdə köçürülməsinə başlandı. Bu köçürülmə həm müasirlərimiz, həm də tədqiqatçılar tərəfindən ətraflı təsvir olunmuşdur və heç cür təkzib edilə bilməz. Nəhayət, Qarabağın və Zəngəzurun Azərbaycan Xalq Cümhuriyyətinin tərkibinə daxil olduğu dövr barədə ölkəmizin BMT-dəki daimi nümayəndəsinin BMT-nin baş katibinə məktubunda bütün istinad mənbələri göstərilməklə təsvir olunmuşdur (bax: Azərbaycanın Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsinin baş katibə 2009-cu il 30 sentyabr tarixli məktubu, səh.5-11. http://www.usazeris.org/integrity/Letter_A-64-475_Rus.pdf )

Qarabağın Azərbaycanın tərkibinə guya yalnız SSRİ dövründə və SSRİ sayəsində daxil edilməsi barədə Yakubyanın iddiası tarixi gerçəklikdən uzaqlaşmaq deməkdir. Bu məsələni siyasətdən uzaq alimlərin ixtiyarına buraxaq. Həm də Ermənistan-Azərbaycan münaqişəsi elmi-tarixi deyil, beynəlxalq-hüquqi müstəvidə həll edilir. Yalnız bir şey təəccüblüdür. Yakubyanın iddiasına görə, əgər sovet hakimiyyəti illərində Qarabağ yalnız “Moskvanın güc potensialı” sayəsində Azərbaycan SSR-in tərkibində qalmışdısa, bəs onda hansı bir qüvvə bu regionu iki min ildən artıq müddətdə əvvəlcə albanların, sonra isə türk hakimlərinin tabeliyinə verirdi və necə oldu ki, hətta İran ermənilərinin posttürkmənçay köçürülməsindən sonra da “erməni” Qarabağında azərbaycanlılar sayca çox idi (daha dəqiq, qalmışdı).

Birinci respublika illərindən danışan Yakubyan guya AXC-nin ... Batumiyə iddialarından yazır. Şübhə etmirik ki, Yakubyan Azərbaycanın bu Qara dəniz limanına iddiasını hətta dolayısı yolla sübuta yetirən bir dənə də olsun inandırıcı mənbəyə istinad edə bilməz. Bu, yakubyanların heç nəyə əsaslanmayan uydurmalarıdır. Digər bir məsələ daha vacibdir. Uzaq Xəzər sahillərini ələ keçirmək məqsədini qarşılarına 1918-ci ilin yaz və yayında Bakı, Quba, Şamaxı, Salyan və Xaçmazın azərbaycanlı, ləzgi, tat və yəhudi əhalisinə qarşı əsl soyqırımı törətmiş daşnaklar qoymuşdular. Həmin dövrlərin kütləvi məzarlıqları bu gün də aşkar edilməkdədir. Kimin daha çox iddialı olduğu buradan aydın görünür.

Bir qədər irəli gedərək əlavə edək ki, Yakubyanın belə uydurmaları çoxdur. O, iddia edir ki, guya Heydər Əliyev “dəfələrlə və açıq şəkildə qeyd etmişdir ki, Azərbaycan Dağlıq Qarabağı itirmişdir”. Müəllifin belə uydurmalarını hər hansı mənbəyə istinad etməklə sübuta yetirə biləcəyinə çox böyük şübhəmiz vardır. Bu yerdə Yakubyana Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın ötənilki “Artıq vermişik!” sözlərini xatırlatmaq pis olmazdı. (http://news.am/ru/news/2735.html).

Yakubyanın fikrincə, Bakı “Heç vaxt başqa dini və mədəni etnoslara malik bütöv regionları öz ətrafında birləşdirə bilməyəcəkdir”... Onun fikrincə, bunu “Azərbaycan siyasətçilərinin hər gün eşidilən şovinist bəyanatları” “sübut edir. Müəllif həm də Ermənistan rəsmilərinin dilindən milli azlıqların ünvanına belə bəyanatların eşidilməməsinə işarə edir. Burada müəyyən həqiqət vardır, çünki bir vaxtlar çoxmillətli Ermənistanda, sadəcə olaraq, bu gün milli azlıqlar yoxdur! Ancaq yezidi kürdlər və assiriyalılar barədə həmişəki statistik məlumatlar bizə lazım deyildir. Bu, əvvəlki Ermənistanla müqayisədə çox cüzidir. Yeri gəlmişkən, görünür, müasir Azərbaycanın və onun paytaxtının çoxmillətli tərkibə malik olması faktını tolerantlığın və imperiya mədəniyyətinin “yoxluğu” ilə izah etmək olar. Bu “paradoks” deyəsən Yakubyanın diqqətindən yayınmışdır.

Yakubyanın mövzunu siyasi-hüquqi müstəviyə keçirməsinin özü də saxtalaşdırmalar və yanlış şərhlərlə müşayiət edilir. Keçmiş DQMV-nin müstəqilliyinin birtərəfli qaydada elan olunmasına dair referendumdan bəhs edən müəllif yazır ki, səsvermə Sovet İttifaqının rəsmi süqutuna bir neçə gün qalmış, həm də “beynəlxalq” müşahidəçilərin nəzarəti altında keçirilmişdir. Lakin T.Musayevin haqlı olaraq bildirdiyi kimi, “Dağlıq Qarabağ Respublikasının müstəqilliyi haqqında referendumun nəticələrinə dair aktın” altında soyadları yazılan həmin müşahidəçilərin (cəmi 23 nəfər) siyahısına baxanda məlum olur ki, onların hamısı keçmiş SSRİ respublikalarındandır (əsasən, Rusiyadan). İttifaq dövləti hələ öz fəaliyyətini dayandırmadığı halda müşahidəçilərin hansı şəkildə beynəlxalq müşahidəçilər hesab edilməsinə dair suala yəqin ki, yalnız bu dəlilləri gətirən müəlliflər – Ermənistanın rəsmi şəxsləri cavab verə bilərlər (bax: Tofiq Musayev, “Dağlıq Qarabağ münaqişəsi: hüquqi xarakterli bəzi əsas elementlərin təhlili”, http://vugar-seidov.blogspot.com/2010/01/1991.html; İlqar Məmmədov, Tofiq Musayev, “Ermənistan-Azərbaycan münaqişəsi: tarix, hüquq, vasitəçilik”, ikinci nəşr Bakı, 2008, səh.70, http://www.usazeris.org/integrity/kniga.pdf).

Lakin məsələ bu kiçik “uyğunsuzluqlarda” da deyildir. Son bir neçə ildə keçmiş DQMV-nin yerində “respublika” yaradılmasının və onun müstəqilliyinin elan olunmasının “hüquqi qüsursuzluğu” barədə tezislər tez-tez eşidilir. Maraqlı haldır ki, 1990-cı il aprelin 3-də qəbul edilmiş “Müttəfiq respublikanın SSRİ-dən çıxması ilə əlaqədar məsələlərin həlli qaydası haqqında” SSRİ Qanunu hüquqi baza qismində götürülür. Bu məsələnin dəqiq və ittifaq qanunu nəzərə alınmaqla öyrənilməsi göstərir ki, həm “DQR”in elan olunması, həm də hüquqi nəticələr verməyən bədnam “müstəqillik haqqında referendum” qeyri-qanunidir. Belə ki, bu addımların təşəbbüskarlarının özləri dəfələrlə ilk növbədə SSRİ Qanununu pozmuşlar. Tarixçi İlqar Məmmədovun və beynəlxalq məsələlər üzrə hüquqşünas Tofiq Musayevin birgə tədqiqatı ilə müfəssəl ekspert təhlili aparılmışdır (bax: İlqar Məmmədov, Tofiq Musayev, gös. əsər, http://www.usazeris.org/integrity/kniga.pdf).

Xatırladaq ki, 1990-cı il aprelin 3-də qəbul edilmiş “Müttəfiq respublikanın SSRİ-dən çıxması ilə əlaqədar məsələlərin həlli qaydası haqqında” SSRİ Qanununa (bundan sonra qısaca SSRİ Qanunu) müvafiq olaraq müttəfiq respublika SSRİ tərkibindən öz ərazisində ümumrespublika referendumu keçirmək yolu ilə çıxa bilər. Referendumun müttəfiq respublikanın SSRİ-dən çıxmasına dair məsələ qaldırıldıqdan sonra altı aydan tez və doqquz aydan gec olmayaraq keçirilməsi nəzərdə tutulurdu. Bununla əlaqədar, SSRİ Qanununun 3-cü maddəsində deyilir: “Tərkibində muxtar respublikalar, muxtar vilayətlər və muxtar mahallar olan müttəfiq respublikada referendum hər bir muxtariyyət üzrə ayrılıqda keçirilir. Muxtar respublikaların və muxtar qurumların xalqları SSR İttifaqında və ya SSRİ-nin tərkibindən çıxmaq istəyən müttəfiq respublikanın tərkibində qalmaq, habelə özünün hüquqi dövlət statusu barədə məsələ qaldırmaq haqqında müstəqil qərar qəbul etmək hüququnu özündə saxlayır. Ərazisində milli qrupların yığcam yaşadığı və həmin yerin əhalisinin əksəriyyətini təşkil etdiyi müttəfiq respublikada referendumun nəticələrinin müəyyənləşdirilməsi zamanı həmin yerlərdə səsvermənin nəticələri ayrıca hesablanır”.

SSRİ-nin mövcudluğunun son ilyarımında baş verən hadisələrin xronologiyasını xatırladaq. Bu məsələnin təhlilində bunun çox böyük əhəmiyyəti vardır.

1990-cı il:

Aprelin 3-ü. “Müttəfiq respublikanın SSRİ-dən çıxması ilə əlaqədar məsələlərin həlli qaydası haqqında” SSRİ Qanununun qəbul edilməsi.

1991-ci il:

Martın 17-si. SSRİ-nin taleyi ilə əlaqədar referendum. Azərbaycan SSR-in vətəndaşları SSRİ-nin qorunub saxlanılmasına və respublikanın onun tərkibində qalmasına səs vermişlər. Ermənistan SSR ümumittifaq referendumunu boykot etmişdir.

Avqustun 30-u. Azərbaycan SSR Ali Soveti tərəfindən “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin elan olunması haqqında” Bəyannamənin qəbul edilməsi.

Sentyabrın 2-si. Azərbaycan SSR DQMV-də qondarma “Dağlıq Qarabağ Respublikası”nın elan edilməsi.

Sentyabrın 6-7-si. SSRİ Xalq Deputatlarının növbədənkənar qurultayı.

Oktyabrın 18-i. Azərbaycan Respublikasının Ali Soveti tərəfindən “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edilməsi.

Noyabrın 26-sı. Azərbaycan SSR Ali Soveti tərəfindən DQMV-nin ləğv edilməsi.

Dekabrın 10-u. Keçmiş DQMV ərazisində “DQR-nin müstəqilliyi məsələsinə dair referendum”un keçirilməsi.

Dekabrın 26-sı. SSRİ-nin süqutu və bütün ittifaq qanunlarının qüvvədən düşməsi.

Göründüyü kimi, SSRİ Qanunu 1990-cı il aprelin 3-dən 1991-ci il dekabrın 26-dək ittifaq dövlətinin bütün ərazisində qüvvədə olmuşdur. Müttəfiq respublikaların və muxtar qurumların qanunazidd surətdə SSRİ tərkibindən çıxması və yaxud öz statusunu dəyişməsi ilə əlaqədar bütün hərəkətləri hüquqi qüvvəyə malik deyildi və etibarsız sayılırdı. Bu, “Müttəfiq respublikanın SSRİ-dən çıxması ilə əlaqədar məsələlərin həlli qaydası haqqında” SSRİ Qanununun qüvvəyə minməsi haqqında” SSRİ Ali Sovetinin 1990-cı il 3 aprel tarixli Qərarında birbaşa göstərilmişdir. Həmin Qərarın 2-ci bəndinə uyğun olaraq “…müttəfiq respublikanın SSRİ-i tərkibindən çıxması haqqında məsələnin qoyuluşu ilə əlaqədar olan vəMüttəfiq respublikanın SSRİ-dən çıxması ilə əlaqədar məsələlərin həlli qaydası haqqında” SSRİ Qanununa zidd olan, istər bu qanun qüvvəyə minənə qədər, istərsə də onun qüvvəyə minməsindən sonra görülmüş hər hansı tədbirlər həm SSR İttifaqı, eləcə də müttəfiq respublikalar üçün heç bir hüquqi nəticə doğurmur”.

Avqustun 30-da “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunması haqqında” Bəyannamənin qəbul edilməsi, 3 gün sonra DQMV-də “Dağlıq Qarabağ Respublikasının” elan edilməsi və müstəqillik haqqında referendumun dekabrın 10-na təyin olunması mövcud ittifaq qanunvericiliyinə əsaslanmayan, qiyamdan sonrakı günlərdə emosiyalar və eyforiya dalğasında atılan addımlar idi. Bəyannamənin qəbul edilməsi SSRİ Qanununa zidd idi, heç bir hüquqi qüvvəsi yox idi və deməli, DQMV-nin gələcək statusunu müstəqil surətdə müəyyənləşdirilməsi prosedurunun başlanması üçün hüquqi əsas ola bilməzdi.

T.Musayev haqlı olaraq yazır: “… əgər 1990-cı il 3 aprel tarixli Qanunun hər bir bəndinə və mahiyyətinə riayət etsək onda adı çəkilən Bəyannamənin qəbul olunması DQMV üçün özünün dövlət-hüquqi statusu haqqında məsələnin qanuna uyğun surətdə qaldırılması üçün hüquqi əsas yaratmır” (bax: T.Musayev, “Ermənistanın Azərbaycana ərazi iddiaları nümunəsində münaqişələrin nizamlanmasının hüquqi çərçivələri”, Azərbaycan Respublikası XIN-in “Diplomatiya aləmi” jurnalı, №1, 2002, http://www.karabakh-doc.azerall.info/ru/law/law041.htm).

Bundan əlavə, Bəyannamənin qəbul olunması Azərbaycanın dövlət müstəqilliyinin son hüquqi sənədi deyildi və yalnız uzun sürən prosesə yol açırdı, ittifaq qanunvericiliyinə görə, bu proses ümumrespublika səsverməsinin keçirilməsi ilə nəticələnməli idi. Məlum olduğu kimi, 1991-ci il martın 17-də keçirilmiş referendum zamanı, yəni 1990-cı il Qanunu qüvvəyə mindikdən sonra Azərbaycan SSR-in vətəndaşları respublikanın SSRİ tərkibində qalmasına səs vermişlər. SSRİ Qanununun 10-cu maddəsinə uyğun olaraq, ittifaqdan çıxma barədə məsələ üzrə yeni referendum əvvəlki referendumun keçirildiyi vaxtdan 10 il, yəni 2001-ci il martın 17-dən tez olmayaraq keçirilə bilərdi. Yenə də əgər Qanunun hər bəndinə və ruhuna əsasən, mart (1991) referendumundan sonra növbəti 10 il ərzində və yaxud SSRİ Qanunu qüvvədən düşənədək Azərbaycan ittifaq dövlətinin tərkibindən çıxması barədə məsələ qaldıra bilməzdi və avqustun 30-da qəbul olunmuş Bəyannamənin hüquqi əsası olmazdı, ilk növbədə isə Dağlıq Qarabağ Muxtar Vilayətinin özünün gələcək statusu barədə məsələni müstəqil müəyyənləşdirilməsi üçün hüquqi yol aça bilməzdi.

Azərbaycan Respublikasının Ali Soveti noyabrın 26-da öz muxtariyyətindən dəfələrlə sui-istifadə etmiş, respublika və ittifaq qanunvericiliyini pozmuş DQMV-ni milli ərazi vahidi kimi ləğv etdi. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin “Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında” 1923-cü il 7 iyul tarixli Dekretinin və Azərbaycan SSRİ-nin “Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında” 1981-ci il 16 iyun tarixli Qanunu da qüvvədən düşmüş hesab edildi. (Yakubyan Azərbaycan parlamentinin bu qərarının SSRİ Konstitusiyasına zidd olduğuna görə SSRİ Konstitusiya Məhkəməsi tərəfindən ləğv edilməsindən yazır. Əslində bu qərar barədə bizə heç nə məlum deyildir. Konkret hansı sənədə istinad edildiyi barədə məlumat verənə minnətdar olarıq.) SSRİ-nin mövcudluğunun son dəqiqəsinə qədər Dağlıq Qarabağ sovet qanunvericiliyinə uyğun olaraq, Bakıda və Xankəndidə qəbul olunmuş bəyannamələrdən, müstəqillik haqqında bəyanatlardan və dekabrın 10-da keçirilmiş, etibarsız sayılan referendumdan asılı olmayaraq Azərbaycanın tərkib hissəsi kimi qalmaqda davam edirdi.

T.Musayevin digər məqaləsində göstərdiyi belə bir gülməli fakt diqqəti özünə çəkir: “…Dağlıq Qarabağ respublikasının” elan edilməsi “Müttəfiq respublikanın SSRİ-dən çıxması ilə əlaqədar məsələlərin həlli qaydası haqqında” 1990-cı il 3 aprel tarixli SSRİ Qanununa əsaslanırdı. Lakin əgər erməni tərəfinin məntiqinə riayət olunsa və Ermənistan SSR-in və Dağlıq Qarabağın 1989-cu il dekabrın 1-də birləşməsi ilə razılaşsaq, onda 1991-ci il sentyabrın 2-də “DQR”in elan olunması və həmin ərazidə referendumun keçirilməsi nəticələrinə görə, Dağlıq Qarabağ artıq Ermənistandan ayrılmış hesab edilə bilər. Erməni tərəfinin boş dəlilləri açıq-aşkar şübhə doğurmur. Əks halda rəsmi Yerevan etiraf etməlidir ki, Ermənistan tərəfinin 1991-ci il 2 sentyabr tarixinə qədər etdiyi hərəkətlər qeyri-qanuni idi və həmin tarixə qədər Dağlıq Qarabağ Azərbaycan Respublikasının bir hissəsi kimi qalmaqda davam edirdi” (T.Musayev, “Dağlıq Qarabağ münaqişəsi: hüquqi xarakterli bəzi əsas elementlərin təhlili”, “İrs” jurnalı, 2006).

Bununla yanaşı bir sıra başqa maraqlı faktlar diqqət çəkir. Ləğv edilmiş DQMV ərazisində referendum hələ SSRİ-nin “yaşadığı”, ittifaq qanunlarının qüvvədə olduğu vaxtda keçirilmişdirsə, deməli bu səsvermənin nəticələri ona görə etibarsız sayılmalı idi ki, SSRİ Qanununun digər müddəaları ilə yanaşı, həmçinin qanunun 6-cı maddəsi də pozulmuşdur. Həmin maddədə müttəfiq respublikaların ali sovetləri və muxtariyyətlərin xalq deputatları sovetləri referendumun nəticələrini birgə nəzərdən keçirməli və yekun sənədi SSRİ Ali Sovetinə təqdim etməlidirlər. Ləğv edilmiş DQMV-də özünü qeyri-qanuni şəkildə müstəqil elan edən “DQR”-də heç olmasa formallığa uyğun olaraq və Qanunun müddəalarına riayət edərək, səsvermənin nəticələrini Qanunun tələb etdiyi kimi, Azərbaycan parlamentinə təqdim etməyi, nəticələrin birgə müzakirəsini (heç olmasa telekörpü vasitəsilə) lazım bilməmişlər. Bunun özü Dağlıq Qarabağın Azərbaycandan ayrılmasına dair özbaşına qəbul edilmiş qərarın etibarsız olduğunu bir daha sübuta yetirir. Referendumun təşəbbüsçüləri Qanunun 3-cü maddəsinin tələb etdiyi kimi, Azərbaycan icmasının yığcam yaşadığı yerlərdə (azərbaycanlıların əksəriyyət təşkil etdiyi Şuşa rayonu) ayrıca səsvermə təşkil etməmişlər. Aydındır ki, keçmiş DQMV-də yaşayan azərbaycanlılar qeyri-qanuni keçirilmiş referendumun əleyhinə çıxmışlar. Lakin təşkilatçılar tərəfindən Qanunun maddələrinə heç olmasa texniki cəhətdən riayət olunması görüntüsü verən hətta formal cəhd belə göstərilməmişdir. Həmçinin əlavə edək ki, hətta azərbaycanlıların hamısı həmin referendumda iştirak etsəydilər belə, bu səsvermənin heç bir hüquqi nəticələri olmayacaqdı.

SSRİ Qanununun daha bir pozuntusu səsvermənin keçirilməsi tarixi ilə bağlıdır. 2-ci maddəyə uyğun olaraq referendum müttəfiq respublikanın SSRİ-dən çıxması barədə məsələ qaldırılmasına dair qərar qəbul edilməsindən 6 ay tez və 9 ay gec keçirilə bilməzdi. Hətta Azərbaycan Respublikası Ali Sovetinin 30 avqust tarixli Bəyannaməsinin respublikanın SSRİ-dən çıxmasına dair məsələni (yuxarıda qeyd edildiyi kimi, baxmayaraq ki, 10-cu maddəyə uyğun olaraq Azərbaycan növbəti 10 ildə prinsipcə belə məsələ qaldıra bilməzdi) qanuni hesab etsəydi belə, respublikanın bütün ərazisində və yaxud onun ərazisinin bir hissəsində səsvermə yalnız 1992-ci ilin mart-may aylarında keçirilə bilərdi. Səsvermənin dekabrın 10-da keçirilməsi ittifaq qanununun növbəti dəfə pozulması idi və onu hər hansı hüquqi qüvvədən məhrum edirdi.

SSRİ Qanununun 3-cü maddəsində muxtariyyətdə ümumrespublika səsverməsinə qədər (belə səsvermə keçirilmədən) referendum keçirilməsinin mümkünlüyü barədə bir söz belə yoxdur. SSRİ Qanunu qüvvəyə minənə qədər muxtariyyətlərin (hətta MSSR) SSRİ-nin və müttəfiq respublikanın tərkibindən çıxmaq hüququ yox idi. Çünki muxtar qurumlar beynəlxalq hüququn subyektləri hesab edilmirdi. 1990-cı ildə SSRİ Qanununun qəbul edilməsi nəticəsində müxtəlif səviyyəli muxtar qurumlar tərkibinə daxil olduğu müttəfiq respublikaya münasibətdə öz statusunu dəyişmək hüququ əldə etmişdir. Lakin bu da ciddi şəkildə, müəyyən hallarda - əgər müttəfiq respublika SSRİ-dən çıxmaq barədə qərar qəbul edirsə və ümumrespublika referendumunda bu qərarın lehinə səs verilirsə, bütün hallarda SSRİ Qanununa uyğun surətdə hərəkət etməlidir. Bu mütləq şərtə əməl etmədən muxtariyyətlər müttəfiq respublikaya münasibətdə öz statuslarını müstəqil şəkildə dəyişdirmək proseduruna başlaya bilməzlər, onlar SSRİ Qanununun müddəalarına riayət olunmasını gözləməlidirlər. Azərbaycan Respublikası Ali Sovetinin təkcə bir Bəyannaməsinə istinad etməklə DQMV öz səlahiyyətlərini aşmış, etibarsız sayılmış referendum keçirməklə SSRİ Qanununun maddələrini dəfələrlə pozmuşdur.

Yaddan çıxarmaq lazım deyildir ki, Azərbaycan sakinləri ümumrespublika referendumunda nəzəri cəhətdən həmin ilin mart ayında olduğu kimi, respublikanın ittifaq dövlətindən çıxması əleyhinə də səs verə bilərdilər. Ümumrespublika referendumunun mənfi nəticələri zamanı muxtariyyət sakinlərinin öz statusunun dəyişməsi barədə rəyləri nəzərə alınmazdı və belə səsvermə yekununda status kvo saxlanardı. Əgər Azərbaycan SSR İttifaq dövlətindən çıxmaqla əlaqədar SSRİ Qanununa ciddi əməl edərək, mürəkkəb prosedurun bütün mərhələlərindən keçsəydi, ümumrespublika referendumunda əhali müstəqilliyə səs verərdi, onda DQMV-nin özünün gələcək statusunun muxtariyyət üzrə ayrılıqda səsvermənin nəticələrinin hesablanması əsasında müstəqil şəkildə müəyyənləşdirməsinə dair prosedura başlaması üçün hüquqi müstəvi olardı. Məlum olduğu kimi, bu, baş vermədi.

DQMV-nin hərəkətləri qeyri-qanuni və SSRİ Qanununa zidd idi. Bu hərəkətlər vaxtından tez idi, heç bir tərəf üçün hüquqi nəticələri olmayan Bəyannaməyə əsaslanırdı və çoxsaylı qanun pozuntuları ilə müşayiət edilirdi. Beləliklə, SSRİ Ali Sovetinin 1990-cı il 3 aprel tarixli Qərarına görə, DQMV-nin 1991-ci il sentyabrın 2-də “Dağlıq Qarabağ respublikasının” yaradıldığını elan etməsinin və 10 dekabr referendumunun nəticələrinin heç bir hüquqi qüvvəsi yox idi və Dağlıq Qarabağ SSRİ-nin süqutuna qədər və süqutdan sonra da Azərbaycanın de-yure tərkib hissəsi olaraq qalmaqda davam edirdi. DQMV-nin hərəkətlərinin “Beynəlxalq hüquq normalarına” uyğunluğu barədə heç danışmağa da dəyməz – öz tarixi müddətində Dağlıq Qarabağ bir dəqiqə belə beynəlxalq hüququn subyekti olmamışdır. Nə keçmişdə, nə indi və nə də gələcəkdə!

Tarix sübut etmişdir ki, SSRİ Qanunundan heç bir müttəfiq respublika tam həcmdə istifadə etməmişdir. Onların tərkibinə daxil olan muxtariyyətlər barədə heç danışmağa da dəyməz. Baxmayaraq ki, mövcud olduğu son aylarda İttifaq “parçalanıb dağılırdı” və respublikalar de-fakto müstəqil siyasətlərini yeridirdilər, ittifaq qanunları qüvvədə olduğuna görə onlar formal surətdə müttəfiq respublikalar (müstəqillikləri 1991-ci il sentyabrın 6-da SSRİ xalq deputatlarının növbədənkənar Qurultayı tərəfindən tanınmış üç Baltikyanı respublikadan başqa) hesab olunurdu. SSRİ-nin sərhədləri çərçivəsində qalan 12 respublika (tərkiblərindəki muxtariyyətlərlə birlikdə) 1991-ci il dekabrın 26-da SSRİ süqut etdikdən, ittifaq qanunları, o cümlədən 1990-cı il 3 aprel tarixli SSRİ Qanunu qüvvəsini itirdikdən sonra de-yure müstəqil oldular. Onlar məhz bu şəkildə, yəni keçmiş sovet respublikalarının sərhədləri çərçivəsində dünya ictimaiyyəti tərəfindən tanınmışdır. BMT-nin insan hüquqlarının müdafiəsi üzrə alt komissiyasının üzvü A.Eyde (Asbjırn Eide) demişdir: “... BMT çərçivəsində belə bir geniş konsensus əldə olunmuşdur ki, keçmiş SSRİ-nin müttəfiq respublikaları, habelə keçmiş Yuqoslaviya respublikalarının sərhədləri etnik məskunlaşma əsasında deyil, əvvəllər federasiyanın müttəfiq respublikaları sərhədlərində olduğu kimi, yeni sərhədlər uti possidetis juris prinsipi əsasında müəyyənləşdirilməlidir (bax: T.Musayevin məqaləsində 16-cı istinad: A.Eide. Territorial integrity of States, minority protection and guarantees for autonomy arrangements: approaches and roles of the United Nations. Local self – government, territorial intergrity and protection of minorities. – Council of Yeurope Publishing, 1996. – r.282., http://www.karabakh-doc.azerall.info/ru/law/law041.htm )

Nəhayət, yeni dövlət münasibətləri sistemi yaradılması üçün keçid dövrü elan etmiş SSRİ Xalq Deputatlarının növbədənkənar Qurultayı (6-7 sentyabr 1991-ci il) barədə bir neçə kəlmə əlavə etmək maraqlı olardı. Qurultay Müstəqil Dövlətlər Birliyi haqqında Müqavilənin hazırlanmasının və imzalanmasının sürətləndirilməsinə dair qərar qəbul etdi. Qərarda qeyd olunur ki, bu zaman yeni Birlik tərkibinə daxil olan dövlətlərin müstəqilliyi və ərazi bütövlüyü prinsiplərinə əsaslanmalıdır. Qərarda müttəfiq respublikaların beynəlxalq hüquq subyektləri kimi tanınması və BMT-nin üzvlü olması məsələsinin nəzərdən keçirilməsinə dair səylərinin Qurultay tərəfindən dəstəklənməsi öz əksini tapmışdır. Qərarda muxtariyyətlər barədə bir kəlmə də deyilmir və onlar əslində müttəfiq respublikaların tərkib hissəsi hesab olunmaqda davam edirlər. Qurultay qeyd etmişdir ki, yeni Birliyə daxil olmaqdan imtina edən respublikaların müstəqillik əldə etmələri üçün onlar ayrılma ilə bağlı bütün kompleks məsələlərin həlli məqsədi ilə SSRİ ilə danışıqlar aparmalı, habelə nüvə silahının yayılmaması barədə Müqaviləyə, ATƏT-in Yekun Aktına və digər mühüm beynəlxalq müqavilələrə və sazişlərə ləngimədən qoşulmalıdırlar. Qurultayda SSRİ Dövlət Şurasının 1991-ci il 6 sentyabr tarixli qərarına əsasən Latviya, Litva və Estoniyanın müstəqilliyinin tanınması təsdiq olunmuşdur. Eyni zamanda, qeyd etmək vacibdir ki, əgər ittifaq rəhbərliyi 1990-cı ildə Baltikyanı respublikaların SSRİ tərkibindən 1990-cı il 3 aprel tarixli SSRİ Qanununa uyğun surətdə çıxması ilə əlaqədar kompleks məsələlərin həllinin vacib olduğunu iddia edirdisə, onda SSRİ Dövlət Şurasının adı çəkilən qərarına uyğun olaraq bu məqsədə SSRİ-nin dövlət nümayəndə heyətlərinin hər bir müttəfiq respublika ilə danışıqlar aparılması yolu ilə nail olunması mümkün idi. Həmin məsələlərlə bağlı muxtariyyətlərlə danışıqlara dair yenə də SSRİ Dövlət Şurasının qərarlarında heç nə deyilmir.

Bir sıra hüquqşünaslar hesab edirlər ki, SSRİ Xalq Deputatlarının sentyabrın 5-6-da keçirilmiş növbədənkənar Qurultayının qərarları 1990-cı il 3 aprel tarixli SSRİ Qanununu təkcə aktuallıqdan deyil, həm də hüquqi qüvvədən məhrum etmişdir. Yuxarıda göstərildiyi kimi, yeni Birliyin tərkibinə daxil olmaq istəməyən respublikalar bütün lazımi məsələləri həmin Qanun çərçivəsində deyil, danışıqlar vasitəsilə nizamlamalıdırlar. Bundan irəli gələrək, bir çoxları SSRİ Qanununun qüvvədə olduğu son günün SSRİ-nin süqut etdiyi dekabrın 26-sı deyil, sentyabrın 6-sı olduğunu hesab edirlər. Lakin hər iki halda Azərbaycanın qəbul etdiyi 30 avqust tarixli Bəyannamə və həmin sənəd əsasında sentyabrın 2-də “DQR”-in elan edilməsi Qanunun qüvvədə olduğu günlərdə baş vermişdir və deməli hüquqi qüvvəyə malik deyildir.

Azərbaycan Respublikasının Ali Soveti tərəfindən “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” 18 oktyabr tarixli Konstitusiya Aktının qəbul olunması bir sıra hüquqşünasların rəyinə görə, məhz 1990-cı il 3 aprel tarixli SSRİ Qanununun fəaliyyətinə son qoyan SSRİ Xalq Deputatlarının növbədənkənar Qurultayının qərarlarına istinad edir. Həmin anda DQMV Azərbaycanın de-yure tərkib hissəsi olaraq qalmaqda idi və onun Konstitusiya yolu ilə ləğvinə bir aydan bir qədər çox vaxt qalırdı. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin sənədləşdirilməsinin yekun nöqtəsi SSRİ-nin mövcudluğunun rəsmi dayandırılmasından sonra qoyulmuşdur: 1991-ci il dekabrın 29-da Azərbaycan ərazisində referendum keçirildi və onun nəticələrinə görə “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ümumxalq səsverməsi ilə dəstəkləndi.

Beləliklə, DQMV-də birtərəfli qaydada “Dağlıq Qarabağ Respublikasının” elan edilməsi, habelə ləğv edilmiş muxtariyyətin ərazisində qeyri-qanuni şəkildə “referendum” keçirilməsi hüquqi qüvvəyə malik olmadığı və ittifaq qanunvericiliyinə uyğun gəlmədiyi üçün etibarsız hesab edildi. Bu hərəkətlərin qeyri-qanuniliyi Avropa Şurası tərəfindən də təsdiq edildi. Parlament Assambleyasının məruzəçisi birmənalı şəkildə bildirmişdir: “Azərbaycanın sərhədləri dünya ictimaiyyəti tərəfindən 1991-ci ildən müstəqil dövlət kimi qəbul edildiyi andan tanınmışdır, onun ərazisinə Dağlıq Qarabağ regionu da daxildir” (Bax: ...Explanatory memorandum by the Rapporteur, para 5, http://assembly.coe.int/Main.asp?link=/Documents/WorkingDocs/Doc04/EDOC10364.htm).



Yerevan tərəfindən qaynaqlanan və birbaşa qızışdırılan Dağlıq Qarabağda erməni separatizminin “hüquqi qüsursuzluğu” belədir. Maraqlıdır ki, “DQR”-in elan edilməsinin SSRİ Qanununun müddəalarına uyğunluğu mövzusunda erməni tərəfi ilə aparılan müzakirələrdə opponentlərimizdən biri ciddi dəlillər gətirə bilmədiyinə görə “orijinal” üsula əl atmış və bildirmişdir ki, həmin aktın hüquqi qüvvəsi ona görə yoxdur ki, Azərbaycan SSR Ali Sovetinin Bəyannaməsinin qeyri-qanuniliyi “onların sırf şəxsi işi və sırf milli problemidir”, “Dağlıq Qarabağın Bakının siyasi oyunlarına heç bir aidiyyəti yoxdur” və “Bakıya hüquqi savad öyrətməməlidir”. Əgər “Bakının şəxsi uğursuzluğunu Dağlıq Qarabağa ekstrapolyasiya etmək mümkün deyilsə, onda “DQR”-in hüquqi qüvvəsi olmayan Bəyannamə əsasında elan edilməsi də qeyri-qanuni hesab olunmamalıdır (Bax: http://www.1news.az/analytics/20090612094903929.html). Gülməlidir, elə deyilmi? Opponentləri populyar səviyyədə başa salmaq lazım gəlmişdir ki, əgər iki naqil parçasını birləşdirsək, bu zaman “B” sahəsində elektrik cərəyanı “A” sahəsindən keçdikdən sonra yaranacaqdır. Ümidvarıq ki, gələcəkdə erməni tərəfinin nümayəndələrinin dilindən ittifaq qanunvericiliyinə istinadları daha az eşidəcəyik, çünki SSRİ Qanunu əslində onların dəlilləri əleyhinə işləyir.

Yeri gəlmişkən, bu, erməni tərəfinin irəli sürdüyü dəlillərin yalnız faydasız olan, həm də onların əleyhinə işləməsinə dair ilk hadisə deyildir. Məsələn, götürək elə “AXC-nin sərhədləri çərçivəsində həmin respublikanın hüquqi varisliyi haqqında Bəyannamə qəbul edildikdən sonra Azərbaycanın Dağlıq Qarabağa iddialarının əsassızlığı” barədə tezisi. Ermənilərin fikrincə, Azərbaycan bununla guya sovet irsindən imtina etmiş və tərkibinə nəinki Dağlıq Qarabağın və hətta bugünkü Azərbaycanın bir sıra digər rayonlarının daxil olmadığı AXC-nin sərhədlərini tanımışdır. Bu tezisin diqqətlə öyrənilməsi zamanı aşkar olur ki, həmin tezis erməni ərazi iddialarına xidmət etmir, əksinə, Ermənistanın özünü pis vəziyyətdə qoyur. Birincisi, belə bir fikir irəli sürmək gülüncdür ki, istər sovet və yaxud başqa qurum olsun, varislikdən belə sadəcə imtina etmək mümkündür. İrs hüquqi deyil, mədəni-tarixi anlayışdır və onu parlament divarları arasında nizamlamaq mümkün deyildir. Aydındır ki, erməni ekspertlərinin bu fikirləri adi fırıldaqçılıqdır, olmayanın Azərbaycana aid edilməsinə dair cəhddir, gələcəkdə istifadə edilmək üçün bəhanədir. İkincisi, bunun əksini götürərək sovet irsindən imtina olunması mümkünlüyünə dair tezislə razılaşsaq da, Zəngəzur və Göyçənin şərq sahili kimi, Qarabağ da Azərbaycanın ərazisi olmaqda qalır, o, AXC-nin tərkibinə daxil idi və İ.Məmmədovun və T.Musayevin kitabında, habelə Azərbaycanın BMT yanında daimi nümayəndəsi səfir A.Mehdiyevin BMT baş katibinə ünvanladığı geniş məktubda (Bax, yuxarıda) sadalanan çoxsaylı sənədlər də buna sübutdur. Təsəvvür etmək çətindir ki, Azərbaycan SSR Ali Soveti bilərək ki, Qarabağ “AXC-nin tərkibinə daxil olmamışdır” ilk respublikanın sərhədlərinə istinad etsin və könüllü surətdə öz ərazisini azaltsın. Buna görə də erməni tərəfinin nəzərdən keçirdiyi dəlilinin uğursuzluqla düzülmüş məntiqi vəzifəsinin məhsulu, səndələyən formulunun nəticəsi olduğuna şübhə yoxdur. Heç də təəccüblü deyildir ki, erməni tərəfinin bu dəlili ciddi qəbul edilmir. Üçüncüsü, əgər bu dəlili Ermənistanın özünə şamil etsək müstəqillik haqqında Bəyannamənin preambulasında 1918-1920-ci illər respublikasına istinad edilməsi nəzərə alınsa, Ermənistanın bugünkü ərazisi dəfələrlə az olmalıdır (!), çünki sovetləşdirməyə qədər Ermənistanın sonuncu sərhədləri 1920-ci il dekabrın 2-də daşnak hökuməti tərəfindən imzalanmış alçaldıcı Aleksandropol müqaviləsi ilə müəyyənləşmişdir və bunun əsasında Ermənistan Sevr müqaviləsinin ləğv olunmasını tanımış, Qars və Sürməlidən imtina etmiş, Naxçıvan, Şahtaxtı və Şərura olan iddialarından əl çəkmiş və onun yeni ərazisi bugünkü Ermənistanın ərazisinin təqribən yarısına qədər azalmışdır. Bir fakta diqqət yetirmək lazımdır ki, Zəngəzur və Qarabağ Ermənistanın tərkibinə daxil olmadığına görə, onların müqavilədə adı çəkilmirdi və çəkilə də bilməzdi. Təsəvvür etmək çətindir ki, dağıdılmış Ermənistandan “keçən” Kazım Qarabəkir həmin vilayətlər Ermənistanın tərkibində olsaydı, onları elə Ermənistanın tərkibində saxlayaydı.

Maraqlıdır ki, Ermənistan politoloqları öz simalarını saxlamaq məqsədi ilə biabırçı Aleksandropol müqaviləsini etibarsız sənəd kimi qələmə verirlər və öz dəlillərini onunla əsaslandırırlar ki, müqavilə daşnaklar Yerevanı sovet hakimiyyətinə təhvil verdikdən bir neçə saat sonra Aleksandropolda imzalanmışdır. Onların fikrincə, müqavilə öz hakimiyyətini itirmiş qeyri-legitim hökumət tərəfindən imzalandığına görə, hüquqi qüvvəyə malik ola bilməzdi. Tutalım belədir. Lakin maraqlı fakt budur ki, Ermənistanın 1921-ci ildə Qars müqaviləsini imzalaması məsələsinə gəldikdə, artıq sovet Ermənistanı hökuməti qeyri-legitim adlandırılır, yeganə legitim isə devrilmiş daşnak hökuməti hesab edilir. Sevr müqaviləsinin altındakı imzalardan həm daşnakların, həm də sovet Ermənistanının imtina etməsi barədə isə erməni politoloqları susmağa üstünlük verirlər. Başqa bir fakt əlamətdardır – daşnakların Aleksandropol müqaviləsini imzaladığı və Yerevanda hakimiyyətin süqut etdiyi gün N.Nərimanovun başçılığı ilə Azərbaycan İnqilab Komitəsi ermənilərin öz müstəqilliklərini itirmələrindən çəkdikləri acını “şirinləşdirmək” və bolşeviklərin hüsn-rəğbətini qazanmaq məqsədi ilə bəyannamə qəbul etdi. Həmin bəyannaməyə görə, Bakı Zəngəzuru artıq sovet Ermənistanına verir və vəd edir ki, Qarabağ ermənilərinə öz müqəddəratını təyin etməyə imkan yaradacaq. Belə bir haqlı sual doğur: erməni politoloqlarının dedikləri kimi, əgər həmin ərazilər Ermənistan Respublikasının tərkibinə daxil idisə, Zəngəzurun Ermənistana və Qarabağ ermənilərinə öz müqəddəratını təyin etməsi hüququnun verilməsi nəyə lazım idi.

Beləliklə, müstəqillik haqqında Bəyannamənin qəbul edildiyi anda sovet irsindən avtomatik surətdə imtina olunması tezisi erməni opponentlərə əlavə dəlillər verməklə, həm də onların öz əleyhinə işləyir.

Yakubyanın “Dağlıq Qarabağ heç vaxt Azərbaycanın ərazisi hesab edilməmiş və edilməyəcəkdir... “sözlərinə gəldikdə qeyd etmək istərdik ki, bizi erməni siyasətçisinin şəxsi fikri deyil, hər şeydən əvvəl beynəlxalq ictimaiyyətin və nüfuzlu beynəlxalq təşkilatların rəyi maraqlandırır. Buna misal olaraq, ABŞ Dövlət Departamentinin Azərbaycan üzrə illik hesabatına istinad edək. Həmin hesabatda Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsi kimi qeyd edilmiş, erməni separatçıları isə öz adları ilə adlandırılmışlar. (http://www.state.gov/g/drl/rls/hrrpt/2008/eur/119068.htm ) , Ermənistan üzrə məruzədə açıq mətnlə deyilmişdir ki, “Ermənistan Azərbaycan ərazilərini – Dağlıq Qarabağı və onun ətrafındakı yeddi rayonu işğal altında saxlamaqda davam edir”

(http://www.state.gov/g/drl/rls/hrrpt/2006/78799.htm).. Belə sənədlər çoxdur, onların hamısından sitat gətirmək isə xeyli vaxt aparar.

Nəhayət, Yakubyanın məqaləsindəki sonuncu abzas barədə bir neçə söz. Məqalənin həmin hissəsində müəllif Azərbaycan tərəfinin AES-ə raket-aviasiya zərbələri endirəcəyini və regionu radiaktiv zəhərlənməyə məruz qoyacağı barədə hədələrində ittiham edir. Maraqlıdır ki, bu zaman o, bir dəfə də xatırlatmır ki, bu fikir Azərbaycan KİV-lərində xoruz lələkli erməni quzğunlarının boru kəmərlərinə və Səngəçal neft terminalına zərbələr endirəcəyi barədə dəfələrlə səslənmiş hədələrinə qarşı cavab kimi meydana gəlmişdir. Səbəbin və nəticənin yerlərinin dəyişdirilməsi, günahın başqasının üzərinə qoyulmasına dair növbəti riyakar cəhdlər aydın görünür. Xatırladaq ki, ermənilərin neft dollarlarının axın mənbəyinə dair energetika infrastrukturu və “DQR-in təhlükəsizliyinə hədələr” barədə dəlillərinə Azərbaycan tərəfi soyuqdan donan işğalçılar üçün istilik mənbəyi kimi AES barədə dəlillə cavab vermişdir. Kimsə, hətta ümumiyyətlə neft quyularını Azərbaycan dövlətinin məzar tonqalına çevirmək barədə hədələr səsləndirmişdir. Bir Yerevan təlxəyi isə bildirmişdir ki, hərbi əməliyyatlar başlandığı halda Azərbaycan öz neftini hətta plastik qablarda belə ixrac edə bilməyəcəkdir. Azərbaycan jurnalistləri buna adekvat cavab olaraq qeyd etmişlər ki, bu halda həmin təlxəyin sidik kisəsindən və yoğun bağırsağından neft qabı kimi istifadə etmək lazım gələcəkdir. Fikrimizcə, hər bir ağılsız hədəyə mütləq adekvat cavab (yaxşı olar ki, yalnız sözlə) verilməlidir. AES-in xatırlanması Azərbaycanın zəngin karbohidrogen yataqlarına görə narahat olan və onları məhv etməklə hədələyənlərə cavabdır. Hədələməyin və hədə eşitməyin.

Münaqişənin həlli yolunu axtarmaq əvəzinə Yakubyan işğal olunmuş əraziləri möhkəmləndirməyi təklif edir. Nə olar, qoy möhkəmləndirsinlər. Azərbaycan da nə etdiyini bilir və müvafiq tədbirlər görür. Erməni tərəfinin ağıllanacağına ümid bəsləməklə danışıqları davam etdirir. İşğal olunmuş ərazilərin gələcəkdə genişləndirilməsinə dair Yakubyanın çağırışına isə elə onun sözləri ilə cavab veririk: “gəlin uşaqlar, sizi gözləyirik”.

Vüqar Seyidov



AzərTAc-ın xüsusi müxbiri

Berlin
Каталог: store -> News -> Politics
News -> FƏLSƏFƏ doktoru hazirliğI ÜZRƏ Ə y a n I Ş Ö b ə y ə
store -> Zayidov azərbaycana qarşI
Politics -> AZƏrbaycan respublikasinin miLLİ MƏCLİSİNƏ seçKİLƏR
News -> “AZƏrbaycan respublikasinin 2010-cu IL döVLƏt büDCƏSİ haqqinda” azərbaycan respublikasinin qanununda dəYİŞİKLİKLƏr ediLMƏSİ barəDƏ” azərbaycan respublikasi
News -> Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 17 sentyabr tarixli 328 nömrəli Fərmanı ilə təsdiq edilmişdir
Politics -> MÜASİr azərbaycan miLLİ İdeyanin təCƏSSÜMÜ KİMİ
News -> AZƏrbaycan respublikasi regionlarinin 2009-2013-CÜ İLLƏRDƏ sosial-iQTİsadi İNKİŞafi
News -> AZƏrbaycan respublikasinda bəLƏDİYYƏLƏRİn biRLƏŞMƏSİ yolu iLƏ yeni BƏLƏDİYYƏLƏRİn yaradilmasi haqqinda azərbaycan respublikasinin qanunu


Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə