SüNİ İntellektli Pİlotsuz uçUŞ aparatlarinin iNKİŞaf aspektləRi


PUA sistemlərinin müasir texnologiyalar əsasında inkişafı



Yüklə 273,71 Kb.
səhifə4/6
tarix03.03.2022
ölçüsü273,71 Kb.
#53334
növüXülasə
1   2   3   4   5   6
PUA SUNİ İNTELLEKT 30082021

PUA sistemlərinin müasir texnologiyalar əsasında inkişafı

Hərbi təyinatlı Sİ kompleks və sistemlərinin yaradılması ən mühüm texnologiyaların özəyinin əsaslı işlənməsini tələb edir. Bu zaman hərbi təyinatlı Sİ obyekti bir biri ilə funksional əlaqəli elementlər toplusu kimi təqdim edilə bilər. Məsələn, PUA üçün bu aşağıdakı elementlər ola bilər:



  1. Baza (əsas) daşıyıcısı – PUA-nın istənilən konfiqurasiyalı korpusu və ya şassisi.

  2. Faydalı yükün sökülən modullar şəklində olan, asılan (quraşdırılan) xüsusi avadanlıqları.

  3. Hazırlıq zamanı və texniki istismar prosesində istifadə edilən təminat və xidmət vasitələri

PUA-nın funksional təyinatından asılı olaraq aşağıdakı xüsusi avadanlıqlar quraşdırıla bilər: [13]:

  • kəşfiyyat və müşahidə vasitələri;

  • silah vasitələri;

  • naviqasiya qurğuları;

  • xüsusi texnoloji avadanlıqlar;

  • telekommunikasiya vasitələri;

  • proqram təminatlı xüsusi hesablama qurğuları;

  • radioelektron mübarizə (REM) vasitələri;

  • qoruyucu vasitələr.

Bundan başqa, PUA komplekslərinin işə hazırlanması və texniki istismar prosesində təminat və xidmət məsələlərini həll etmək üçün aşağıdakı vasitələrdən istifadə edilir:

  • informasiyanın işlənməsi, nəzarət və idarəetmə dispetçer məntəqəsi;

  • çatdırma, daşıma və işəsalma (buraxma) vasitələri;

  • yanacaqdoldurma vasitələri;

  • mütəxəssis hazırlığı vasitələri;

  • rəhbəredici sənədlər komplekti;

  • ehtiyat hissələr dəsti.

PUA texnologiyalarını “əsas” və “köməkçi” texnologiyalara bölmək olar. Belə ki, “əsas” texnologiyalar birbaşa hərbi təyinatlı PUA-lar, “köməkçi” texnologiyalar isə geniş nomenklaturalı uçuş aparatları nümunələri üçün yaradılır.

Əsas texnologiyalara aşağıdakıları aid etmək olar [4]:

  • informasiyanın alınması və işlənməsi, vəziyyətin qiymətləndirilməsi və hərəkətin planlaşdırılması sistemi;

  • silahın avtomatik tuşlanması və idarə edilməsi;

  • hərəkətin məsafədən və avtonom idarə edilməsi;

  • hədəfin avtomatik tanınması, vəziyyətin (şəraitin) və dinamik səhnələrin təhlili;

  • süni intellekt;

  • insan-maşın interfeysi;

  • qrup idarəetməsinin intellektual sistemi.

Köməkçi texnologiyalara aiddir:

  • avtomatik idarəetmə;

  • yeni perspektiv konstruksiyaların yaradılması və fəaliyyəti;

  • energetika;

  • yeni materiallar və maddələrin yaradılması və tətbiqi;

  • geoinformasiya və dəqiq qlobal mövqeləndirmə;

  • perspektiv datçik sistemlərinin və onların elemntlərinin yaradılması;

  • optik və optik-elektron vasitələrin yaradılması

Yuxarıda göstərilənlərdən başqa, aşağıdakı müasir texnologiyaların da işlənməsi PUA sistemlərinin inkişafı üçün vacibdir [14]:

  • PUA-ların gövdələri üçün onların görünməzliyini artıran ultrayüngül, ifratmohkəm, elastik materialların hazırlanması zamanı tətbiq edilən transgen biopolimerlərin yaradılması texnologiyası;

  • PUA-ların elektron sistemlərində istifadə edilən karbon nanoborucuqların hazırlanması texnologiyası;

  • mikroelektron və mikromexanik elementləri özündə birləşdirən mikro-elektromexanik sistemlərin yaradılması texnologiyası;

  • hidrogen mühərriklərin hazaırlanması texnologiyası;

  • xarici təsir altında müəyyən funsiyaları yerinə yetirən “intellektual materiallar” texnologiyası. Məsələn, Tədqiqat və elmi proqramlar İdarəsi DARPA tərəfindən PUA-lar uçun uçuş rejimindən asılı olaraq qanad dəyişməsi konsepsiyası işlənilmişdir. Bu, PUA-nın manevr qabiliyyətini xeyli artırır.

  • böyük həcmli məlumatın saxlanması qurğusunun işlənməsi üçün maqnit nanohissəciklərinin alınması texnologiyası. Bu texnologiya 10-20 nm ölçülü nanohissəciklərdən istifadə etməklə 1 sm2-də 400 Gbit həcmli informasiyanı saxlamağa imkan verir.

Göstərilən texnologiyaların əldə edilməsi müasir PUA-ların lazımi avtonomluğunun və süni intellektinin təmin edilməsində əsas məsələlərdəndir.
Müasir PUA-ların döyüş imkanları

Vətən müharibəsinin və bir sıra lokal silahlı münaqişələrin təhlili göstərir ki, pilotlu aviasiyanın tətbiqi mümkün olmadıqda və ya məqsədəuyğun olmadıqda (düşmənin hava hücumundan müdafiə vasitələrinin güclü əkstəsiri, döyüş əməliyyatı rayonunda radiasiya, kimyəvi və bakterioloji silahlardan istifadə olunduğu halda, eləcə də düşmənin uzun müddət ərzində müşahidəsinə ehtiyac olduqda və s.) müxtəlif xarakterli tapşırıqların həlli üçün PUA komplekslərindən istifadə nəzərdə tutulur.

Müasir PUA kompleksləri aşağıdakı tapşırıqları yerinə yetirməlidirlər:



  1. Kəşfiyyat tapşırıqları:

  • hava kəşfiyyatının aparılması;

  • artilleriya atəşinin yönləndirilməsi;

  • yüksəkdəqiqlikli silahlara hədəfgöstərmənin (hədəfin işıqlandırılması) həyata keçirilməsi;

  • endirilmiş zərbələrin nəticələrinin qiymətləndirilməsi;

  • verilmiş ərazinin (rayonun) uzunmüddətli müşahidəsi (hava patrulu);

  • ərazinin çirkləndirilməsinin (radiasiya, kimyəvi və bakterioloji) miqyasının yerinin müəyyənləşdirilməsi;

  1. Qırıcı və zərbə tapşırıqları:

  • Yerüstü, suüstü və hava hədəflərinin vurulması;

  1. Xüsusi tapşırıqlar:

  • düşmənin atış və təminedici vasitələrinə qarşı radioelektron əkstəsir;

  • PUA-dan saxta aviasiya hədəfi qismində istifadə etməklə hava şəraitinin mürəkkəbləşdirilməsi;

  • döyüşü idarəetmə komandalarının və məlumatın retranslyasiyası.

Vətən müharibəsi və bir sıra lokal silahlı münaqişələrdə PUA-ların tətbiqi təcrübəsi göstərir ki, düşmən haqqında tam, operativ və düzgün məlumatın əldə edilməsi döyüş əməliyyatlarının uğurlu aparılmasının vacib şərtlərindəndir. Bu baxımdan PUA-ların inkişafının prioritet istiqaməti onların bazasında kəşfiyyat və kəşfiyyat-zərbə komplekslərinin yaradılmasıdır.

Yaradılan və yaradılması planlaşdırılan müxtəlif növ və təyinatlı PUA kompleksləri yüksək dərəcədə unifikasiya olunan pilotsuz vasitələrin vahid sistemini təşkil etməlidir. Burada komplekslərin istehsalı prosesləri, qoşunlarda istismarı və onlara xidmətin, eləcə də şəxsi heyətin öyrədilməsinin unifikasiyası nəzərədə tutulmalıdır. Bu sistem həm də komplekslərin və onların müxtəlif variantlarının mərhələlər üzrə işlənməsi və qoşunlarda tətbiqini, eləcə də funksional imkanlarının artırılması üçün modernləşdirilməsi ilə uzun fəaliyyət dövrünü nəzərdə tutmalıdır.

Hazırda 30-dan çox dövlətdə PUA-ların 250-dən çox növü istehsal edilir. Onların 80 növü dünyanın 55 ordusunda silahlanmaya qəbul edilmişdir. Bu sahədə ABŞ, İzrail və Çin irəlidə gedirlər. [6].

Perspektiv PUA-lara taktiki-texniki xüsusiyyətləri taktiki aviasiyaya yaxın olan xüsusi zərbə və çoxməqsədli PUA-lar aid edilir. Eyni zamanda uzaq məsafələrdə yerləşən hava hədəflərinə zərbələrin endirilməsi üçün tapşırıqların yerinə yetirilməsi hüdudlarına yüksəkdəqiqli silah vasitələrinin çatdırılmasına da böyük diqqət verilir [15,16].

Göstərilən tapşırıqların icrası üçün ABŞ Hərbi Hava Qüvvələrində (HHQ) tank əleyhinə idarəolunan raketlərlə təchiz edilmiş çoxməqsədli “MQ-1 Predator” və onun təkmilləşdirilmiş variant “MQ-9 Reaper” pilotsuz uçuş aparatları tətbiq edilir. Bu PUA-lar İraq və Əfqanıstanda uğurla sınaqlardan keçirilmişdir.

“MQ-1 Predator” PUA nisbətən ucuz olması (təqribən 3.4.mln. dollar), bort avadanlıqlarının işinin yüksək etibarlılığı və uçuş sürətinin nisbətən az ilə fərqlənir. Lakin hazırda silahlanmaya şturm əməliyyatlarını həyata keçirməyə qadir yeni növ PUA – “Reaper” qəbul edilmişdir. Belə ki, ABŞ “Əl-Kaida” və talıblərə qarşı döyüş əməliyyatları aparmaq üçün 2007-ci ildən Əfqanıstan və İraqda “Reaper” PUA-larının ilk zərbə eskadrilyalarını yerləşdirmişdir [17].



Konfiqurasiyasından asılı olaraq dəyəri 30 mln civarında dəyişən “MQ-9 Reaper” PUA-nın uzunluğu 11 metrdir və 1,5 t silah-sursat (4 raket və 2 ədəd 250 kq-lıq bomba) daşımaq imkanına malikdir. Xarici nəşrlərin məlumatına görə, PUA-nın aşağıdakı xüsusiyyətləri vardır: maksimal uçuş kütləsi – təqribən 5 t; maksimal uçuş sürəti – 480 km/s; uçuş uzaqlığı - təqribən 5800 km; uçuş hündürlüyü – 15 km-ə qədər; havada tapşırığı icra müddəti - təqribən 1 sutka (tam yüklə - təqribən 14 saat). “Reaper” PUA-nın bort aparatları aşağı sürətlərdə (təqribən 130 km/s) dəqiqədə 25 km2, böyük sürətlərdə isə (460 km/s-dan çox) 60 km2 ərazini 1 m dəqiqliklə skanlamaq qabiliyyətinə malikdir. PUA-nın radiolokasiya stansiyası (RLS) axtarış reyimində 40 km məsafədən 300*170 m ölçülü lokal yer səthinin şəklini 10 sm dəqiqliklə çəkir [15,17 ].

Beləliklə, “Repear” zərbə endirmək xüsusiyyətləri olan hava kəşfiyyatı aparatı yox, geniş aviakəşfiyyat imkanları olan PUA-şturmovikdir. Bu PUA tam döyüş ləvazimatları ilə verilmiş ərazi üzərində 14 saata qədər hədəfi axtarma rejimində (barrajirovat) fəaliyyət göstərə bilər. Əfqanıstan və İraqda istifadə edilən PUA-ların idarə edilməsi 10 min km məsafədən – Nevada ştatında yerləşən xüsusi mərkəzdən həyata keçirilir. Virtual iştirak sistemindən istifadə edən operatorun peyk rabitəsindən istifadə edərək PUA-nın uçuşunu idarə etmək və hədəflərə zərbə endirmək imkanları vardır [17].



Repear” PUA-nın döyüş tətbiqinin təhlili göstərmişdir ki, kəşfiyyatın əhəmiyyətli dərəcədə hündürlükdə aparılması və hədəflərin aşkar edilməsinin yüksək uzaqlığı, eləcə də akustik və optik diapazonlarda aşağı demaskalayıcı əlamətləri ona düşmənin fəaliyyətini aşkar etmək üçün verilmiş ərazidə gizlicə kəşfiyyat aparmaq imkanları verir. Bir aparatdan istifadə etməklə obyektin müşahidəsi lazım gəldikdə 12-14 saatdan çox davam edə bilər. Müqayisə üçün qeyd etmək lazımdır ki, analoji tapşırığın taktiki aviasiya tərəfindən icrası üçün ən azı 6 aviauçuşun həyata keçirilməsi tələb olunur. [18].

ABŞ istehsalı olan digər PUA-nın – RQ-4 “Global Hawk” strateji kəşfiyyat PUA-sının xüsusiyyətlərini təhlil edək. Döyüş tapşırıqlarını ilk dəfə 2006-cı ildə yerinə yetirən bu PUA 2004-cü ildə ABŞ Hərbi Dəniz Qüvvələrində (HDQ) silahlanmaya qəbul edilmişdir. “Global Hawk” normal aerodinamik sxem üzrə hazırlanmışdır. PUA-nın qanadları və V-şəkilli quyruğu kompozisiyon materiallardan, fyuzelajı isə alüminium ərintilərindən hazırlanmışdır. PUA-nın uzunluğu 13,3 m, qanadların açılış eni – 35 m, uçuş çəkisi təqribən 15 t-dur. PUA 18 km hündürlükdə 30 saat ərzində kəşfiyyat aparmaq imkanına malikdir [17].

“Global Hawk” HİSAR (Hughes İntegrated Surveillance&Reconnaissance) müşahidə və kəşfiyyat sistemi ilə təchiz edilmişdir. Bu sistem radiolokasiya, optika və infraqırmızı kəşfiyyat altsistemlərini ehtiva edir. Hər üç altsistem eyni vaxtda işləyə bilər və onların məlumatları PUA-nın vahid hesablayıcı kompleksi tərəfindən işlənilir. PUA-nın radiolokatoru istənilən hava şəraitində ərazinin radiolokasiya təsvirini 1 m dəqiqliklə almağı təmin edir. Bir sutka ərzində 200 km məsafədə 138 km2 ərazinin təsviri əldə edilə bilər. Nöqtə rejimində 2*2 km ölçülü sahənin çəkilişi aparılır və 24 saat ərzində 0,3 m dəqiqliklə 1900 şəkil alına bilər. “Global Hawk” genişzolaqlı peyk rabitə kanalına və birbaşa görmə zonası hüdudlarında rabitə kanalına malikdir.

Radiolokasiya kəşfiyyatı altsistemi aşağıdakıları təmin edir:


  • 100 km radiuslu ərazinin skanlənməsi və hərərkət edən hədəflərin aşkar edilməsi;

  • SAR/MTİ kombinəedilmiş rejimin tətbiqi. Bu rejim eni 37 km, uzunluğu 20-110 km olan zolağı 6m dəqiqliklə müşahidə etməyə imkan verir;

  • 10 km ərazi üçün 1,8 m dəqiqliklə detallı çəkiliş rejiminin tətbiqi.

PUA-nın RLS-i yerüstü hərəkət edən obyektləri aşkar etmək və onlar haqqında məlumatı (koordinatlar və sürət) mətn şəklində ötürmək imkanına malikdir. Hughes kompaniyasının istehsalı olan elektron-optik rəqəmsal kamera yüksək dəqiqlikli şəkillər almağı təmin edir. RLS-dən, optik və infraqırmızı sensordan alınan şəkillər PUA-nın bortunda işlənir və ayrı ayrı kadrlar şəklində yerüstü stansiyaya ötürülür. İşlənmiş məlumatlar yerə 50 MBit/san sürətlə birbaşa görüntülü UKV kanalı ilə və ya peyk kanalı ilə verilə bilər. Yerüstü stansiya kadrlardan şəkilləri yığır və onları sonrakı istifadə üçün hazırlayır.

“Global Hawk” PUA kompleksinin dəyəri 140 mln ABŞ dollarına qədər qiymətləndirilir. PUA-nın 1 saatlıq uçuş xərci 31 min dollardır.



2015-ci ilədək G”lobal Hawk” PUA-nın 4 modifikasiyası işlənilmiş və silahlanmaya qəbul edilmişdir.

Son 25 il ərzində ABŞ HHQ tərəfindən ən müxtəlif zərbə və kəşfiyyat komplekslərinin, rabitə və retranslyasiya pilotsuz sistemləri, eləcə də PUA əsasında saxta hədəflərin yaradılması üzrə böyük proqram həyata keçirilir. Şəbəkə şəklində birləşmiş ucuz mini-PUA-lar yeni sürü intellekti prinsipləri əsasında kütləvi silaha çevriləcəkdir.

Belə mini-PUA-lara “Wasp” pilotsuz uçuş aparatını aid etmək olar. Aparat düşmən ərazisi üzərində müşahidə, hədəfgöstərmə, atəşin yönləndirilməsi və nəticələrinin qiymətləndirilməsi üçün təyin edilmişdir. “Wasp” PUA real zaman rejimində məlumat toplayıb onu operatora ötürən iki kiçik (miniatür) kamera ili təchiz edilmişdir. “Wasp”-ın çəkisi 200 qram, qanadlarının açılış eni 33 sm-dir. Aparat uçuş zamanı günəş batareyalarından doldurulan akkumulyator tərəfindən qidalandırılan elektromotorla işləyir. “Wasp III” modifikasiyasının qanadlarının açılış eni 73,5 sm, çəkisi 454 qramdır. “Wasp III” modifikasiyası bortunda irəli və yanlara istiqamətlənmiş rəngli elektroptik kameralar, eləcə də optik və infraqırmızı sensorlar modulunu daşıyır. Aparat operatordan 5 km qədər fəaliyyət uzaqlığına və 45 dəqiqə maksimal havadaolma müddətinə malikdir [17].

Yuxarıda qeyd edildiyi kimi bəzi digər ölkələr də ABŞ-dan geri qalmaq istəmirlər. Belə ki, 55 ölkənin silahlanmasında 80-dan çox PUA növləri vardır. Hazırda 32 ölkə silah bazarına 250-dən çox müxtəlif PUA modellərini təklif edir [19].



PUA-ların yaradılması və tətbiqi sahəsində liderlərdən biri də İsrail hesab edilir. 2006-cı il Livan müharibəsi PUA-ların tətbiqi miqyasına görə tarixdə ilk müharibə olmuşdur. Belə ki, İsrailin “Hermes” PUA-ları 2500-dən çox döyüş uçuşu həyata keçirmişdir. Onlar kəşfiyyat, eləcə də düşmənin canlı qüvvəsinin aşkar və məhv edilməsi üçün istifadə edilmişdir.

2020-ci ildə 44 günlük Vətən müharibəsində ermənilərə qarşı istifadə edilərək onları özü ilə birgə məhv edən kiçik “Harop” PUA-ları da İsraildə istehsal edilir (Şәkil 1). “Harop” PUA kamikadze kateqoriyalı drondur – hədəfin, əsasən radarların yaydığı radiodalğaların mənbəyi istiqamətində hərəkət edir və həmin hədəfə çırpılaraq onu məhv edir. Döyüş başlığı və ya yükü daşıyan digər PUA-lardan fərqli olaraq, bu dronun özü bütövlükdə faydalı yük (döyüş başlığı) sayılır. “Harop” PUA avtonom olaraq özünün radar siqnallarını qəbul edən sensorları vasitəsilə hədəfi tapır və məhv edir, yaxud da yerüstü idarəetmə mərkəzindən idarə olunur. Əgər hədəf aşkarlanmazsa, PUA özü avtomatik olaraq bazaya qayıdır. PUA-nın layihələndirilməsi zamanı onun düşmən radarında görünmə ehtimalının aşağı olması məqsədilə ölçüsünün kiçik olması nəzərdə tutulub. Bu cür kiçik dronlar düşmənin əsas HHM sistemləri üçün demək olar ki görünməz olduqlarına görə (kiçik effektiv əksetdirmə səthi olduğuna görə) onlardan asanlıqla yayınırlar. Bu baxımdan “Harop” PUA-ları, bir qayda olaraq, döyüşdə ön sıralarda yer tutur. Beləliklə, düşmənin radiolokasiya stansiyalarını, HHM sistemlərini yararsız vəziyyətə saldıqdan sonra qarşı tərəfdən vurulmaq riski azalır və digər uçuş vasitələri düşmən ərazisində əməliyyatlara başlayırlar [20].




Şәkil 1. “Harop” pilotsuz uçuş aparatı


Maksimal uçuş məsafəsi 1000 km olan “Harop”un havada qalma müddəti 6 saata qədərdir. Uzunluğu 2,5 metr, qanad ölçüsü 3 metr, çəkisi 135 kq, döyüş başlığı 23 kq olan “Harop” 185 kilometr/saat sürətlə hərəkət imkanlarına malikdir [21]. “Harop” uçuş aparatı yerüstü baza və dənizdən buraxıla bilməklə yanaşı, lazım olarsa, havadan buraxılmaq üçün də modifikasiya edilə bilər. Bu PUA-lar 2016-cı il aprel ayında “4 günlük müharibə” zamanı Azərbaycan tərəfindən ilk dəfə hərbi əməliyyatlarda istifadə olunmuşdur. Bu hadisə ilk dəfə olaraq “gəzən sursatdan” istifadə kimi dünya hərb tarixinə düşmüşdür. 2016-cı il “4 günlük müharibə” döyüşlərində “Harop”la endirilən bütün zərbələr uğurlu alınmışdır. HHM qüvvələri nisbətən iri hədəflərə - döyüş təyyarələrinə və ballistik raketlərə qarşı hesablandığına görə, bu cür kiçik hədəflərə qarşı preventiv tədbirlər görməkdə çətinlik çəkmişdir. 

Azərbaycan 2013-cü ildən başlayaraq İsraillə birgə “Orbiter-2M” və “Aerostar” tipli PUA-lar istehsal etməyə başlamışdır. Sonrakı dövrlərdə Azərbaycan həmçinin “Orbitr-4” və “Orbitr-3” müşahidə-kəşfiyyat xarakterli pilotsuz uçuş aparatları da istehsal etmişdir. Bu PUA-lar düşmənin dərinliklərində tapşırığın müstəqil icrası, günün istənilən vaxtında düşmənin optik-elektron (HD-LİTE xüsusi faydalı yük) və radioelektron kəşfiyyatının aparılması, daxili təhlükəsizliyin təşkil olunması, artilleriya atəşlərinin koordinasiya edilməsi, habelə döyüş zamanı düşmənə vurulan zərbənin nəticələrinin qiymətləndirilməsi üçün nəzərdə tutulmuşdur [22].

Azərbaycanda istehsal olunan başqa bir PUA - Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi “Zərbə” dronları (şәk. 2) müasir kəşfiyyat element bazasına və taktiki məhvedici hücum sisteminə malikdir. Qurğuda xüsusi izləmə mini optik kamerası yerləşdirilmişdir. Aparat xüsusi elektron mühafizə sisteminə malik olmaqla, elektron maneə vasitələrinə qarşı dayanıqlıdır. Peyk GPS əlaqəsi itən zaman aparat avtonom rejimdə döyüş tapşırığını yerinə yetirmək, sutkanın istənilən vaxtı, istənilən hava şəraitində düşməni izləmək və ona zərbə endirmək imkanlarına malikdir. PUA partladıcı gücə malik döyüş başlığı ilə müxtəlif texnikaya, eləcə də qəlpəli fuqas başlıq ilə canlı qüvvəyə qarşı effektivdir. Aparat xüsusi avadanlıqlarla təchiz edilmiş yüksək keçid qabiliyyətinə malik “K1-Zərbə” - xüsusi zirehli maşına quraşdırılıb və istənilən zaman düşmənə sarsıdıcı zərbə endirə bilər. “Zərbə” PUA-larından 2016-cı il aprel döyüşlərində istifadə edilmişdir. 2020-ci ilin oktyabrından bu PUA-ların “İtiqovan” adı altında kütləvi istehsalına başlanılmışdır (şәk. 3) [23].

Şək.2. “Zərbə” pilotsuz uçuş aparatı Şək.3. “İtiqovan” pilotsuz uçuş aparatı

44 günlük Vətən müharibəsi və son illər Suriyada baş verən silahlı toqquşmalarda geniş istifadə edilən Türkiyə istehsalı olan PUA-lar dünyanın aparıcı ölkələrinin ordularının, eləcə də elmi tədqiqat və analitik mərkəzlərinin diqqətini bu silahlara cəmləmişdir. Bir çox ölkələr Türkiyə istehsalı olan “Bayraktar TB2” PUA-larının dərhal alınması və silahlanmaya qəbul edilməsi barədə artıq qərar qəbul etmişdir.

Türkiyənin “Baykar” şirkəti “Bayraktar TB2” PUA-ları ilə bərabər “Mini”, “DİHA”, “Malazgirt” PUA-ları da istehsal edir. “Mini”, “DİHA”, “Malazgirt” PUA-ları müşahidə və kəşfiyyat məqsədləri üçün istifadə olunur. Bu PUA-lar yüksək ayırdetmə qabiliyyətinə malik kameralarla təchiz edilmiş, yüksək keyfiyyətli görmə (şəkilçəkmə) və rəqəmsal məlumatötürmə xüsusiyyətlərinə malikdir.

Türkiyədə istehsal olunan PUA-ların ən müasiri olan “Bayraktar TB2” zərbə dronudur. İstehsalçısı "Baykar Makina" şirkətinin texnoloji imkanları sayəsində kompleksin bütün detalları yerli və milli marka adı altında istehsal olunur. PUA kompleksi "Bayraktar TB2" platformasından, yerüstü idarəetmə stansiyasından, məlumat terminalından, uzaqdangörmə terminalından, aerodrom avadanlıqlarına və generatora malik qoşqu vasitəsindən ibarətdir. Taktiki sinfə aid zərbə tipli "Bayraktar TB2" PUA-sı kəşfiyyat və müşahidə missiyaları üçün orta hündürlükdə uzunmüddətli uçuş üçün təsnif edilən sinfə aiddir. Üç ədəd avionika sistemi və sensor füzyon arxitekturası ilə tam avtonom taksi, qalxma, enmə və normal kreyser uçuşu qabiliyyətinə malikdir. 27 min 30 fut yüksəkliyə qalxmaqla havada 27 saat 3 dəqiqə qalaraq zaman və hündürlük baxımından iki əsas rekordu birdən əldə etmişdir.

Şәkil 3. Bayraktar TB2 pilotsuz uçuş aparatı


Uzunluğu 6 m, kütləsi 650 kq olan "Bayraktar TB2" 250 km/saat sürətlə qalxa bilir. 8 min metrdən yüksəkliyə qalxa bilən PUA idarəetmə məntəqəsindən 150 kilometrə qədər radiusda idarə olunur. Dronun 55 kq-lıq faydalı yükü 4 ədəd lazerlə idarəolunan raketlərdir. Kəşfiyyat, fasiləsiz havadan müşahidə və s. kəşfiyyat tapşırıqlarını uğurla yerinə yetirən PUA-ya Türkiyənin "Roketsan" şirkətinin MAM-L və MAM-C milli və smart döyüş sursatları inteqrasiya edilib. "Bayraktar TB2" zərbə PUA-sı, bortuna quraşdırılan lazer nişangahı ilə hədəfləri yüksək dəqiqliklə nişan alaraq, daşıdığı dörd ağıllı raketlə hədəfi məhv edə bilir. "Bayraktar TB2" hədəfə yaxın ərazilərə zərər verməmək üçün sürətli "gör və məhv et" funksiyasına malikdir. Kompleksin bu xüsusiyyəti mülki əhalinin təhlükəsizliyinin prioritet təşkil etməsinə imkan verir. PUA-nın real zamanda müşahidə və video arxivləmə (BGAM) sistemi yüksək ayırdetmə qabiliyyətli canlı görüntüləri eyni vaxtda çox sayda istifadəçi tərəfindən izlənilməsinə imkan verir. BGAM, istifadəçilərə şəbəkə və ya mobil tətbiqi istifadə etməklə planşetdə canlı görüntüləri etibarlı şəkildə izləməyə imkan verir. Bütün canlı görüntülər BGAM sistemi tərəfindən 30 dəqiqəlik qovluqlarda avtomatik olaraq arxivlənir [24].

PUA-nın çəni 300 litr yanacaq tutumuna malikdir. "Bayraktar TB2" idarəetmə radiusundan çıxdıqdan sonra tam avtonom rejimə keçir və PUA-nın avtopilot sistemi uçuşa nəzarət edir. Qeyd etmək lazımdır ki, PUA 3 ehtiyat avtopilot sisteminə malikdir. Avtopilotlar tam avtonom rejimdə qalxma və enmə əməliyyatları, eləcə də əvvəldən müəyyən edilən marşrut üzrə daxili naviqasiya sistemindən istifadə edərək uçuşlar həyata keçirə bilir. "Baykar"ın hazırladığı mobil yerüstü idarəetmə stansiyası bazadan uzaqda yerləşən ərazilərdə "Bayraktar TB2" platformasının idarə edilməsini təmin edir. "Bayraktar TB2" uçuş aparatı NATO-nun ACE III standartına uyğun qorunma səviyyəsindədir [ 25].

Türkiyənin “Baykar” şirkəti “Bayraktar TB2” PUA-larının növbəti nəsli olan “Akınçı” PUA-larının istehsalına başlamışdır. Belə ki, daha qabaqcıl texnologiyalar əsasında hazırlanmış “Akınçı” pilotsuz uçuş aparatı sınaqlardan uğurla keçərək 2021-ci ildə Türkiyədə silahlanmaya qəbul edilmişdir.


Yüklə 273,71 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin