Dumada təmsil olunmuş ən müxalifətçi siyasi qurum kadetlər partiyası idi. Onlar fəal seçkiqabağı təşviqat aparmaq və əhalinin əksər təbəqələrinin mənafeyini mövcud şəraitdə çox dolğun əks etdirən platformalarını geniş təbliğ etmək hesabına seçkilərdə qalib gəlmişdilər. Onlar "Rusiyanın birliyinə və bölünməzliyinə yalnız tərəfdar olduqlarını söyləmir, həm də ona nail olmaq yollarını hər vasitə ilə asanlaşdırmağa çalışırdılar. Hökuməti buna güclə nail olmaqda təqsirləndirən kadetlər bildirirdilər ki, "süngülər və güllələrlə Rusiyanın birliyinə nail olmaq olmaz" və "hər bir tabe xalqın adət-ənənələri, dili və dininə" hörmət bəyan edilməlidir.
Azərbaycanlı deputatlar imperiyanın müsəlman ucqarlarının 36 deputatını birləşdirən Müsəlman parlament fraksiyasına daxil oldular. O, öz sayına görə, dumada Ukrayna qrupu, Polyak polosu və b.dan böyük, ən iri fraksiyalardan biri idi. Ə.Topçubaşov kadetlər fraksiyasının bürosuna daxil oldu. Fraksiya kadetlər partiyası ilə birgə hərəkət etmək barədə qərar qəbul etdi. Ə.Topçubaşov bu barədə P.N.Milyukova məlumat verdi. Kadet partiyası komitəsinin iclasında bu təklif qəbul edildi və qərara alındı ki, fraksiyanın; nümayəndəsinə dərhal kadetlərin fraksiya komitəsinə daxil olmaq və Kadet partiyası MK-na seçilmək hüququ verilsin.
Fraksiyanın bir neçə iclası oldu. Birinci iclasda qərara alındı Dumaya təqdim olunan bütün qanun layihələri və sorğular haqqında ətraflı məruzələr dinlənilsin. Lakin qarşıya qoyulmuş vəzifələrdən heç biri yerinə yetirilmədi. Fraksiyanın bütün məsələləri baxılmamış, onun özü, tərkibi və vəzifələri haqqında Ə.Topçubaşovu Dumanın 14 iyul tarixli iclasına olan məlumatı da dinlənilməmiş qaldı, çünki həmin vaxtadək Duma artıq buraxılmışdı. Rusiya imperiyası qanunlarında müsəlmanlara aid məhdudiyyətlərin müyyənləşdirilməsi üzrə deputatlardan Axtyamov, Alkin və Topçubaşov tərəfindən başlanmış iş də başa çatdırılmadı.