TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 3,9 Mb.
Pdf görüntüsü
səhifə5/37
tarix26.02.2017
ölçüsü3,9 Mb.
#9663
1   2   3   4   5   6   7   8   9   ...   37

 

MEZOLĠT VƏ NEOLĠT DÖVRÜ. 

AZƏRBAYCAN SAKĠNLƏRĠ ĠSTEHSALEDĠCĠ 

TƏSƏRRÜFATIN MEYDANA ÇIXMASI DÖVRÜNDƏ 

 

GiriĢ  qeydləri.  Bütün  Paleolit  dövrü  ərzində  əhəmiyyətli  nailiyyətlərə  və 

cəmiyyətin çox böyük inkişafına baxmayaraq, insanlar istehlakçı olaraq qalır, onların 

təsərrüfatı  sırf  mənimsəmə  xüsusiyyəti  daşıyırdı.  İstehsal  bazasının  məhdudluğu, 

ovçuluq  fəaliyyətinin  ekoloji  mühitdən  bilavasitə  asılılığı,  təbii  şəraitin  dəyişməsi 

cəmiyyətin inkişafını həddindən artıq ləngidirdi. 

Paleolitdən yeni daş dövrünə (neolitə) keçid mərhələsi insan həyatında mühüm 

dəyişikliklər  dövrü  idi.  Mezolit  (yunanca  mesos  -  orta,  lithos  -  daş)  adlanan  bu 

mərhələnin  başlanğıcı  təxminən  son  buzlaşma  dövrünün  qurtarmasına  və  müasir 

geoloji  mərhələnin-holosenin  (yunanca  holos  -  bütün,  kainos  -  yeni)  bərqərar  olması 

ilə uyğun gəlir, bu dövrdə müasir ekoloji şərait yaranır. 

Mezolit  dövrü  təxminən  e.ə.  XIII-IX  minillikləri  əhatə  edir.  Bəşər  tarixində, 

onun  bütün  sonrakı  inkişafını  müəyyən  edən  bu  mühüm  mərhələ  mənimsəmə 

təsərrüfat  formasından  (ovçuluq-balıqçılıq-yığıcılıq)  istehsaledici  təsərrüfata  keçid 

olmuşdur.  Bu  dövrdə  bütün  müasir  mədəni  inkişafa  zəmin  yaranır,  cəmiyyətdə  və 

insan  həyatında  dönüş  ərəfəsi  başlanır,  istehsaledici  təsərrüfatın  əsas  sahələri  - 

əkinçilik və maldarlıq meydana gəlir. İnsanlar ovçuluq və yığıcılıqla yanaşı, əkinçilik 

və  maldarlıq  vasitəsilə  ərzaq  istehsalına  başlayır.  Demək  olar  ki,  bu  dövrdən 

başlayaraq  bəşəriyyətin  əsas  inkişaf  xəttini  təbiətin  hazır  nemətlərini  mənimsəmək 

yox,  ərzaq  istehsal  etmək  yolu  müəyyən  edir.  Dünyanın  bir  çox  rayonlarında,  o 

cümlədən  Zaqafqaziyada  neolit  dövründə  erkən  əkinçi-maldar  mədəniyyəti  əsasında 

yeni  təsərrüfat  forması  meydana  gəlir  və  inkişaf  edir.  Bu,  əslində  son  mərhələsi  bir 

çox hallarda "neolit inqilabı" kimi ifadə edilən nəhəng çevriliş idi. 

Mezolit  dövründə  baş  verən  dəyişiklikləri  çox  vaxt  Üst  Paleolitdə  ovçuluq 

təsərrüfatında  baş  vermiş  böhranla  bağlayırlar.  Güman  edirlər  ki,  mezolit  dövrünə 

qədər iqlim və landşaft kompleksində baş verən dəyişikliklər, bununla əlaqədar insan 

faktoru təsirinin güclənməsi nəticəsində təsərrüfatın bu növündə potensial imkan artıq 

tükənmişdi. 

Biz həqiqətən görürük ki, mezolit dövründə dünyanın müxtəlif yerlərində yeni 

təsərrüfat  formalarının  axtarışı  başlanır.  Açıq  sahələr  əvəzinə  insanlar  daha  çox 

meşədə  ov  etməyə  başlayırlar.  Heyvan  sürüsündə  tərkibin  dəyişməsi,  heyvanların 

sayının xeyli azalması, həm də ox və yayın icad edilməsi kollektiv ovdan meşələrdə 

fərdi ova keçmək üçün geniş imkanlar yaradır. Ox və yayın, həm də müxtəlif düzmə 

dişli  alətlərin  meydana  gəlməsi  mikrolitik  texnikanın  güclü  inkişafına  təkan  verir. 



65 

 

İqtisadiyyatın  müstəqil  sahəsi  kimi  formalaşan  balıqçılığın  dənizdə  və  ya  quruda 



aparılan  ov  və  akvafaunadan  maksimum  istifadə  ilə  intensivləşməsi  uzlaşır. 

Yığıcılığın intensivləşməsi öz növbəsində dənli bitkilərin becərilməsinə gətirib çıxarır 

və s. Bütün bunlar istehsaledici təsərrüfat formasına keçid üçün imkanlar yaradır. 

Mezolit  dövründə  bir  çox  yerlərdə,  o  cümlədən  Azərbaycanda  balıqçılıqda 

qayıqlardan  istifadə  olunmağa  başlanır.  Qobustan  qaya  rəsmlərindəki  çoxlu  qayıq 

şəkilləri bunu aydın göstərir. 

Mezolit  dövrü  insan  kollektivlərinin  miqrasiyası  dövrüdür.  Bu  köçmə  ilə 

əlaqədar mədəni yeniliklər tezliklə oykumenanın müxtəlif ərazilərinə yayılır. 

Tamamilə  şübhəsizdir  ki,  bütün  regionlarda  istehsaledici  təsərrüfatın 

yaranması  və  inkişafı  eyni  cür  olmamışdır.  Bəzi  yerlərdə  əkinçilik,  digərlərində 

maldarlıq  və  maldarlıq  məhsullarının  istehsalı  üstün  olmuş,  üçüncülərdə  isə  bu  iki 

təsərrüfat  sahəsi  bərabər  inkişaf  etmişdir.  Yəqinliklə  demək  olar  ki,  istehsaledici 

iqtisadiyyatın  mənşəyi  əkinçilik  və  maldarlıqdan  əvvəl  mövcud  olmuş  təsərrüfatın 

kompleks  xarakteri  ilə  əlaqədar  olmuşdur.  Həmin  vaxt  ibtidai  kollektivin  ərzaqla 

təchizatı  ovçuluq  və  xüsusən  yığıcılıqdan  əldə  edilən  məhsulla  təmin  olunurdu. 

Beləliklə, istehsaledici iqtisadiyyatın mənbəyi mənimsəmə təsərrüfatından başlanır. 

İnsan  kollektivləri  minilliklər  ərzində  bitki  və  heyvanat  aləmi  haqqında 

müntəzəm  olaraq  bilik  toplamış,  bitki  və  heyvanların  həyat  tsikli  ilə  tanış  olmuş, 

orada  gedən  prosesləri  müşahidə  etmişdi.  Bütün  bunlar  əkinçilik  və  maldarlığın 

yaranmasında lazımi hazırlığı təmin etmişdir. 

Zaqros ərazisində, Kaspinin cənubunda Azərbaycana qovuşan qurşaqda, eləcə 

də  Qobustanda  yabanı  bitkilər,  o  cümlədən  buğda  arpa  bitirdi,  ev  heyvanlarının 

əcdadları  otlayırdı.  Belə  şərait  isə  yeni  təsərrüfat  formasına  keçmə  prosesini 

sürətləndirirdi. 

XI-X  minilliklərdə  artıq  mezolit  dövrü  adamları  yabanı  bitkilərin  dənindən 

qida  kimi  istifadə  edir,  xırdabuynuzlu  heyvanları  -  keçi  və  qoyunu  əhliləşdirməyə, 

dənli  bitkiləri  becərməyə  başlayır.  Əldə  edilən  daş  alətlər  -  biçin  bıçaqları  və 

sürtgəclər bu barədə müəyyən məlumat verir. Bu dövrdən Azərbaycanda istehsaledici 

təsərrüfatın bünövrəsi qoyulur, Kaspi sahilində Qobustan sakinləri dənizdə balıq tutur, 

suiti  vurur  və  ceyran  ovlayırdılar.  Onlar  ox  və  yaydan  istifadə  edirdilər  və  artıq  iti 

əhliləşdirmişdilər.  Bu  rayonda  "ceyran  mezoliti"  deyilən  dövrdən  mənimsəmə 

təsərrüfatının  son  mərhələsi,  eramızdan  əvvəlki  VIII  minillikdən  isə  istehsaledici 

təsərrüfat yaranmağa başlayır. 

Eramızdan  əvvəl  VIII-VII  minilliklərdə  Zaqros  ərazisində  əkinçi  maldar 

təsərrüfatı artıq üstün yer tutmuşdur. 

Qobustan  ərazisində  istehsaledici  təsərrüfatın  elementləri  mezolitin  sonu  - 

neolitin əvvəlindən yaranır. 


66 

 

Mezolit abidələri. Əmək alətləri. Ox və yay. Ovçuluq. Yığıcılıq. Balıqçılıq. 

Azərbaycanda mezolit və neolit mədəniyyətlərinin izlərinə ilk dəfə Qazax rayonunda 

Avey  dağında  Damcılı  mağarasında  təsadüf  olunmuşdur.  Burada  Üst  Paleolitə  aid 

əsas  materialdan  əlavə  Mezolit  və  Neolit  dövrlərinə  aid  daş  məmulatına  da  rast 

gəlinmişdir. Mezolit dövrünə aid zəngin  material Qobustanda Böyükdaş və Kiçikdaş 

dağları  ərazisindəki  düşərgələrdən  əldə  edilmişdir.  Mezolit  və  Neolit  dövrünə  aid 

Damcılı  mağarasından tapılmış karandaşvari nüvələr, kiçikölçülü bıçaqvari lövhələr, 

xırda  qaşovlar,  kəsici  və  deşici  alətlər  Mezolit  dövrünə,  arxaik  formalı  dəstəkli  ox 

ucları  və  cilalı  daş  əşya  neolitə  aid  edilmişdir.  Bütün  daş  məmulatı  çaxmaq  və 

dəvəgözü daşından hazırlanmışdır. 

Qobustanın Mezolit düşərgələri (Anazağa, Kənizə, Öküzlər, Firuz, Ceyranlar, 

Qayaarası)  qayaaltı  sığınacaqlarda  aşkar  olunmuşdur.  İri  qaya  parçalarının  arasında 

yaranmış  bu  mağara-sığınacaqlar  uzun  müddət  mənzil  kimi  istifadə  olunmuşdur. 

Kənizə sığınacağında qayalararası keçidlər yonulmamış daş parçaları ilə hörülmüşdür. 

Sığınacaqların qalınlığı bəzən 1 m-ə çatan mədəni təbəqələrində çoxlu miqdarda daş 

məmulatı  və  ətrafında  heyvan  sümükləri  atılmış  ocaq  qalıqlarına  rast  gəlinmişdir. 

Sığınacağın qaya  divarlarında və  mədəni təbəqədən olan  hörgü  və  bəzi  adi daşlarda 

insan  və  heyvan  rəsmlərinə  təsadüf  olunur.  Qobustanın  mezolit  və  neolit 

düşərgələrində alət və silahın hazırlanmasında keyfiyyətli çaxmaq daşından, eləcə də 

sümükdən,  çaydaşından  və  qismən  əhəngdaşından  istifadə  olunmuşdur.  Qobustanda 

və  ona  yaxın  rayonlarda  çaxmaqdaşı  yatağı  məlum  deyil.  Ola  bilsin  ki,  Qobustanın 

qədim sakinləri çaxmaqdaşını konqlomerat çıxıntıları, çay və dəniz daşlara arasından 

və  ya  palçıq  vulkanları  tullantıları  içərisindən  seçir,  bəlkə  də  qonşu  vilayətlərdən 

gətirirdilər. 

Mezolitə  keçid  dövründə  Qafqaz  və  Ön  Asiyanın  bir  çox  Mezolit  dövrü 

abidələrində  olduğu  kimi,  Qobustan  düşərgələrinin  daş  alətləri  də  mikrolitik  səciyyə 

daşıyır. Bu, başlıca olaraq həmin dövrdə ox və yayın geniş yayılması ilə əlaqədardır. 

İti  ucluq,  deşici,  müxtəlif  tipli  qaşovlar,  kəsər  və  kəsərciklər  bu  dövrdə  hazırlanan 

səciyyəvi  alətlərdir.  Mikrolitlər  əsasən  dişli  yığma  alətlərin,  ox,  mizraq,  nizətipli 

silahların və biçin bıçaqlarının hazırlanmasında  istifadə olunurdu. 

Qobustan mezoliti üçün iynəvari xırda iti ucluqlar səciyyəvidir.  Kiçik qaşovlar 

çox müxtəlifdir. Qaşovların bir qismi yığma alət dişi  kimi də istifadə olunurdu. Əldə 

edilən  uclu  və  yanlı  qaşovlar  gön  işləmədə,  ağac  və  sümük  alətlərin  və  s. 

hazırlanmasında  istifadə  olunmuş  universal  alətlərdir.  Xırda  kəsici  alətlər  sümük  və 

ağac  üzərində  aparılan  zərif  işlərdə  istifadə  olunurdu.  Əmək  alətləri  arasında  oxun 

çubuğunu hamarlayıcı əşyalar da diqqəti cəlb edir. Onlara  Qobustanın bütün mezolit 

və neolit düşərgələrində rast gəlinmişdir.  Hamarlayıcı alətlər üzərində diametri 1 sm 

olan gəz açılmış yastı oval qarğaduzu daşından hazırlanmışdır. Bəzi hamarlayıcılarda 

gəzlərin  kənarı  çərtmələr,  ziqzaq  xətlər  və  sünbülvari  naxışla  bəzədilmişdir. 



67 

 

Anazağadan əldə edilən oxun çubuğunu hamarlayıcı alət qırığı üzərində heyvan (keçi 



və  ceyran)  təsviri  vardır.  Bu  tip  alətlər  başqa  ərazilərin  mezolit  və  neolit 

düşərgələrindən də məlumdur. 

Qobustanın  çaxmaq  daşı  qəlpələrindən  hazırlanmış  Mezolit    dövrü  ox  ucları 

səlis formaya malik deyillər. 

Mezolit  və  Neolit  dövründə    çaydaşılarından    əsasən  zərb  alətləri,  sürtgəclər, 

tor  üçün  pərsəng  daşı,  dişəkləyicilər,  kərkivari    alətlər  hazırlanırdı.  Qobustanda 

çaydaşından  alətlər  ağac,  doğmada  və  ağac  işləmədə,  ilik  çıxarmaq  üçün  sümük 

sındırmada,  qayalarda  şəkil  döymədə  və  s.  işlənirdi.  Yabanı  bitki  dənləri  və  yeməli 

kökləri  əzmək  üçün  daş  sürtgəclərdən  istifadə  edilirdi.  İlkin  qəlpələr  bıçaq,  xırda 

çaylaq daşları isə dişəkləyici alət kimi işlədilmişdir. 

Qobustanın  Mezolit  dövrü  ovçularının  əsas  silahı  yay  və  ox  idi.  Öz  dövrünə 

görə  bu  mürəkkəb  silah  ət  məhsulu  əldə  etməyə  imkan  yaradırdı.  Bununla  əlaqədar 

xüsusi  ilə  qeyd  etmək  lazımdır  ki,  Qobustanda  ən  qədim  rəsmlər  yay  və  oxla 

silahlanmış, təbii böyüklükdə, siluetşəkilli adam təsviridir. Çoxlu kişi və tək-tək qadın 

təsvirlərinin  yay-oxla  silahlı  verilməsi,  kompozisiyasının  sabitliyi  Mezolit  dövründə 

bu  tip  alətlərdən  Qobustanda  geniş  istifadə  olunduğunu  göstərir.  Qobustanda  oxlar 

əsasən  yığma  idi,  yəni  oxun  ağac  hissəsinin  ucuna  çaxmaq  daşından  iti  ucluq 

bərkidilirdi. Kəsiyi dairəvi şişuclu sümük ox uclarından da istifadə edilirdi. Böyükdaş 

dağı  zirvəsinin  cənub-qərb  hissəsində  saxlanmış  daş  hasar  qalığı  Mezolit  dövründə 

Qobustanda  təbii  və  süni  tələ  və  sürək  üsulu  ilə  də  ov  edildiyini  göstərir.  Kiçikdaş 

dağında 58 №-li qaya üzərindəki şəkil isə ovçuluqda tələdən də istifadə olunduğuna 

şahidlik edir. 

Qobustanda  əsas  ov  obyekti  qulan  və  ceyran  olmuşdur.  Mezolit  dövrü 

təsərrüfatının  əsas  sahələrindən  birini  balıqçılıq  təşkil  edirdi.  Bu  dövrdə  balıqçı  toru 

və  balıqtutan  qarmaqlar  meydana  gəlir,  ağacdan  qayıq  və  qayıq  kürəkləri  hazırlanır. 

Qobustan  qayalarında  içərisində  adam,  bəzən  də  burun  hissəsində  günəş  şəkli 

çəkilmiş  qayıq  təsvirlərinə  rast  gəlmək  olur.  Üzərində  qayıq  rəsmi  çəkilmiş  daşlar 

qazıntılar zamanı, o cümlədən Firuz düşərgəsinin mədəni təbəqəsindən də tapılmışdır. 

Qayalarda  balıq  və  balıq  toru  təsvirləri,  qazıntılardan  tor  üçün  ağırlıq  daşı,  balıq  və 

suiti  sümüklərinin  tapılması  Qobustanda  bu  dövrdə  balıqçılığın  inkişafını  aydın  əks 

etdirir. Qobustan düşərgələrinin sakinləri tordan və  mizraqdan istifadə edərək, balıq, 

hətta nərə balığı ovlayırdı. 

Qobustanın  Mezolit  dövrü  sakinlərinin  təsərrüfatında  ovçuluq  və  balıqçılıqla 

yanaşı, yığıcılıq az əhəmiyyət daşımırdı. Onlar ərazidə bitən göy-göyərti, göbələk, yer 

fındığı, yabanı bitkiləri yığırdılar. Bitki kökləri ağac və daşdan olan yerqazan alətlər 

vasitəsilə çıxarılır, dənli bitkilər isə yığma bıçaqlarla yığılırdı. 

Beləliklə,  aydın  olur  ki,  Mezolit  dövründə  qədim  qobustanlılar  ovçuluq, 

balıqçılıq və yığıcılıqla məşğul olurdu. 



68 

 

Hələlik  Qobustanda  və  bütün  Azərbaycanda  Mezolit  dövrü  üçün  istehsaledici 



təsərrüfatın (əkinçilik və maldarlıq) elementlərinin inkişafını göstərən inandırıcı dəlil 

əldə edilməmişdir. Ancaq ola bilsin ki, Qobustanda mezolitin sonundan bəzi heyvan 

növləri əhliləşməyə və dənli bitkilər mədəniləşməyə başlamışdır. 

Eramızdan əvvəl XIII-X minilliklərdə, yəni Mezolit dövründə Zaqafqaziya ilə 

yanaşı,  Zaqros  ərazisində  artıq  ev  şəraitinə  uyğunlaşdırılmış  heyvanların  olduğu  və 

dənli  taxıl  bitkilərinin  mədəniləşdirilməyə  başlandığı  məlumdur.  Ovçuluğun 

inkişafında uzaqvuran silahların tətbiqi əhalinin ət ərzağı ilə təminatında  mühüm rol 

oynayırdı.  Qəbilənin  təsərrüfat  həyatında  və  icmanın  sosial  quruluşunda  başlanan 

dəyişikliklər  heyvanların  əhliləşdirilməsinə  də  təkan  verir,  təsərrüfatçılığın  ayrı-ayrı 

sahələrinin əsası qoyulurdu. 

Firuz düşərgəsində son mezolit təbəqəsində  kütləvi dəfnlə  əlaqədar on böyük 

və  bir  uşaq  skeletinin  qalıqlarının  aşkarı  böyük  əhəmiyyətə  malikdir.  Buradan  külli 

miqdarda  qəbir  avadanlığı,  əsasən  bəzək  əşyaları  və  müxtəlif  alətlər  əldə  edilmişdir. 

Tapılan  alətlər  ölənlərin  məşğuliyyəti  ilə  əlaqədardır.  Bütün  ölənlərin  bəzəklərində 

daş  muncuqlar  olduğu  halda,  bəzi  skeletlərin  yanında  xüsusi  bəzək  əşyaları  -  çöl 

donuzunun  qılınc  dişindən  asmalar,  orjinal  formalı  kiçik  çaydaşından  amuletlər, 

sümükdən  balıqçılıq  toru  toxumaq  və  balıq  vurmaq  üçün  alətlər,  mərmərləşmiş 

daşdan  deşikli  zərb  alətləri  də  tapılmışdır.  Ölülərin  dolixokran  və  braxikran 

antropoloji tipə mənsub olduğu müəyyən edilmişdir. 

Neolit  dövrünün  əkinçi-maldar  qəbilələri.  Əmək  alətləri.  Keramika. 

Eramızdan  əvvəl  VIII  minilliyin  sonundan  mezoliti  əvəz  edən  Neolit  dövrü 

Zaqafqaziyada  VI  minilliyin  ortalarına  qədər  davam  edir.  Bəşər  tarixində 

istehsaledici,  əkinçi-maldar  təsərrüfatına  keçidin  başa  çatması  ilə  nəticələnən  bu 

dönüş  mərhələsi  "neolit  inqilabı"  adı  altında  məlumdur.  Neolit  dövründə  keramika 

icad olunur, möhrə evlər bina edilir, ilkin əkinçi məskənləri meydana gəlir. 

İqtisadiyyatın  yeni  forması  olan  əkinçilik  və  maldarlıq  bir  tərəfdən, 

istehsaledici  təsərrüfata  yiyələnmiş  qəbilələrin  geri  qalmış  qəbilələrə  təsiri,  digər 

tərəfdən isə əkinçi qəbilələrinin özlərinin yeni ərazilərə köçməsi yolu ilə yayılırdı. 

O  vaxtlardan  Ön  Asiyanın  bir  çox  vilayət  və  rayonları,  o  cümlədən  Cənubi 

Azərbaycanda  tamam  məskunlaşma  başlayır.  Məhz  bu  dövrdən  (VII-VI 

minilliklərdən  gec  olmayaraq)  burada  anbarı,  ocağı,  həyət  sahəsi  və  möhrədən 

birotaqlı evləri olan yaşayış yerləri yaranır. İlk əkinçi məskənlərinin qalıqları Cənubi 

Azərbaycanda  Urmiya  gölü  hövzəsində  Həsənli,  Hacı  Firuz,  Yanıqtəpə  və  s.  kimi 

qədim yaşayış yerləri və qonşu Zaqros ərazisində məlumdur. 

Şimali Azərbaycanda Neolit dövrü qalıqları Qobustandakı Anazağa, Kənizə və 

Ovçularzağası düşərgələrindən məlumdur. Onların mədəni təbəqələrindən çaxmaq və 

çaydaşından  hazırlanmış,  erkən  neolit  dövrünə  aid  gəzli  lövhələr,  həndəsi  formalı 

alətlər, hamarlayıcılar, zərb alətləri və toxavari alətlər əldə edilmişdir. 


69 

 

Qobustanın neolit dövrü daş məmulatı  mezolit  materialı ilə  bir qəbildən olub 



onun  davamıdır.  Burada  da  çaxmaq  daşından  nüvələr  və  xırda  itiuclular  çoxdur. 

Qəlpələrdən  hazırlanmış  qaşovların  sayı  azalır.  Toxavari  alətlər  az  olsa  da,  əvvəlki 

dövrə nisbətən iri və yöndəmlidir. Kiçik ölçülü sürtgəclər, dənəzən daşlar, daş qablar, 

ağzı cilalı alətlər və s. meydana gəlir. 

Mezolit və Neolit dövrlərinin əsas daş məmulatının oxşarlığı tez gözə çarpır və 

Qobustanda  əhalinin  tarixi-mədəni  inkişaf  ənənələrindəki  varisliyə  və  min  illərlə 

burada yaşayan qəbilələrin eyni etnik qrupa daxil olduğuna şahidlik edir. 

Qobustanda  daş  toxaların,  sürtgəclərin,  dənəzən  daşların,  bıçaqvari  lövhədən 

biçin bıçağı tipli alət nümunələrinin tapılması hələ əkinçiliyin yaranmasını deyil, onun 

yaranacağını  xəbər  verən  əlamətlərdir.  Bu  alətlər  yabanı  dənli  bitkilərin  biçilməsi, 

döyülməsi, əzilməsində istifadə olunurdu. Burada bəzi heyvanların əhliləşdirilməsinə 

doğru addımlar atılır. Qobustan təsvirlərinin ilk tədqiqatçısı İ.M.Cəfərzadə hesab edir 

ki,  burada  heyvanların  əhliləşməsi  öküzdən  başlayıb.  Bu  baxımdan  Qobustanda  45 

nömrəli daşın cənub üzündə boynuna ip bağlanmış öküz təsviri böyük maraq doğurur. 

Ancaq  bu  daşın  arxa  üzündə  təsviri  eyni  texniki  üslubda  işlənmiş  öküz  ovlanma 

səhnəsində  təsvir  olunmuşdur.  Bir  qrup  ovçu  öküzlərə  ox  atır.  Neolit  dövründə 

Qobustanda  ovçuluq,  balıqçılıq  və  yığıcılıq  böyük  rol  oynayır  və  əsas  təsərrüfat 

sahələri olaraq qalırdı.  

 


70 

 

O  dövrdə  Qobustan  əlverişli  təbii  şəraitə  malik  idi.  Burada  yerli  əhalinin  ov 



etməsi üçün çoxlu öküz, bezoar keçisi, ceyran və gur sürüləri dolaşırdı. 

Qobustanda  Anazağa  və  Kənizə  düşərgələri  ətrafında  və  onların  içərisində 

çoxlu  kasavari  yalaqlara  rast  gəlinmişdir.  Onlar  əsil  tərpənməz  qablardır.  Bu 

konusvari  yalaqlar  yağış  sularının,  qurban  qanının  yığılması  və  şübhəsiz,  duru 

xörəklərin hazırlanması üçün istifadə edilirdi. Bunun üçün ocaqda qızarıncaya qədər 

qızdırılmış  çay  daşları  yalağa  atılır  və  oradakı  mayeni  bişirirdi.  Düşərgələrdə  odda 

yanıb  qızarmış  çaydaşı  qırıqlarının  ocaq  və  yalaqlar  ətraflarında  tapılması  belə  fikri 

təsdiq edir. 

Bəlkə  də  təsadüfi  deyil  ki,  Qobustanda  Anazağa  Neolit  dövrü  təbəqəsindən 

tapılan gil qab formaca yalağı xatırladır. Qabın oturacağı yalaq kimi konusvari sivri, 

boğazı yüngülcə yığıq, gövdəsi yuvarlaq, üzəri otla hamarlanıbdır. 

Bu  qab  üzərinin  naxışlarına  görə  Qərbi  Zaqafqaziyanın  qədim  gil  qablarına, 

ümumi görünüşcə isə Xəzərin o tayındakı (Qobustanla üzbəüzdə) Cebel mağarasından 

tapılmış sivri oturacaqlı gil qaba oxşayır. Neolit dövrü adamının təbiəti dərk etməsi və 

onun ehtiyat mənbələrinə yiyələnməsi yolunda gil qabların ixtirası əhəmiyyətli addım 

idi.  VII  minillikdə  Zaqros  zonasında  dulusçuluq  mərkəzləri  yaranır.  Urmiya  gölü 

ətrafı neolit abidələrindən də orijinal gil qab nümunələri tapılmışdır. 

Azərbaycanda neolit dövrünün əkinçi-maldar əhalisinin yaşayış yerləri hələlik 

az öyrənilmişdir. Bu dövr və onun eneolit dövrünə keçid mərhələsinə aid materiallar 

Ağstafa  rayonunda  Töyrətəpə,  Qarğalar  təpəsi  və  Şomutəpə,  Qazax  rayonunda 

Qiyaməttəpə,  Naxçıvanda  Kültəpə  yaşayış  yerlərinin  alt  təbəqələrindən  aşkar 

edilmişdir.  Onlar  çaxmaq  və  dəvəgözü  daşından  çoxlu  qəlpələr,  bıçaqvari  lövhələr, 

qaşovlar, dən daşları, dəstəklər, yığma oraq dişləri, maral buynuzu və iri heyvanların 

kürək və lülə sümüklərindən hazırlanmış toxalar və s.-dən ibarətdir. Bəzi daş alətlərin 

tiyəsi artıq cilalanmış, bəziləri dəstək üçün deşilmişdir. 

Ġctimai  quruluĢ.  Mezolitdən neolitə  keçidlə  insan  həyatında  inqilabi səciyyə 

daşıyan və cəmiyyətdə dərin ictimai nəticələrə gətirib çıxaran köklü dəyişikliklər baş 

verir. 

Bu  dövrdə  insanların  imkanları  ölçülməz  dərəcədə  artır,  onların  fəaliyyət 



dairəsi  genişlənir,  yerli  ehtiyat  mənbələrinin  istismarı  güclənir  və  təbii  sərvətlərin 

istifadə  üsulları  formalaşır;  canlı  aləmin  və  insanın  özünün  dəyişilmə  prosesi 

sürətlənir.  Qəbilələrarası  əlaqələr  güclənir,  mübadilə  fəallaşır,  müxtəlif  mədəni  və 

başqa  nailiyyətlərin  uzaq  məsafələrə  aparılması  və  yayılması  genişlənir.  Dövrün 

yaranmağa  başlayan  erkən  əkinçi  məskənlərinin  xarakteri  və  miqyası  əhali  artımını 

aydın  əks etdirir. İstehsaledici təsərrüfatın tətbiqi ilə  insanların sərbəst vaxtları artır. 

Bu  vaxtlar  mənəvi  aləmin  və  idrakın  inkişafına,  əqlə  müvafiq  biliklərin  əldə 

edilməsinə sərf olunur və bu, həm əmək fəaliyyətində, həm də incəsənətdə müşahidə 

olunur. 


71 

 

İstehsaledici  təsərrüfata  keçid  ənənəvi  ovçu-yığıcı  kollektivləri  cəmiyyətində 



müəyyən  yenilik  yaradır  və  əməyin  təşkilində  prinsipial  dəyişikliklərə  səbəb  olur. 

Təsərrüfatın  yeni  formaları  (əkinçilik  və  maldarlıq)  mənimsənilir,  yeni  istehlak 

predmetlərinin tətbiqi ilə əlaqədar prinsipcə tamam başqa olan  əmək təşkili şəraitinə 

əsaslanan  yeni  istehsal  növləri  (toxuculuq,  dulusçuluq,  yundan  və  bitki  lifindən 

məmulat hazırlama və s.) meydana gəlir. 

"Neolit  inqilabı"nın  mahiyyəti,  əlbəttə,  təkcə  yeni  təsərrüfat  formalarının  və 

yeni  iş  növlərinin  sadəcə  yaranmasında  yox,  istehsalatın  təşkili,  tərkibi  və 

quruluşunda  prinsipial  dəyişikliklərdə  və  ictimai  əməyin  məğzindədir.  Bu  dövrdə 

istehsalın tarixən daha mütəroqqi təşkili yaranır. 

Bütün  bunlar,  əlbəttə,  ictimai  münasibətlərdə  öz  əksini  tapmaya  bilməzdi. 

Mezolit-neolit  cəmiyyətinin  dərinliklərində  baş  verən  əkinçilik  və  maldarlığa  keçid 

prosesi  hazır  izafi  məhsulu  yaratdı  ki,  bu  da  bəşəriyyət  qarşısında  ibtidai  icma 

quruluşunun  məhvinə  yol  açdı.  Ancaq  Qobustan  düşərgələrində  və  Cənubi 

Azərbaycanın  neolit  məskənlərində  yaşayan  kiçik  və  yaxud  cüt  nikah  ailələrindən 

ibarət nəsli icmaların sosial quruluşu, çox güman ki, hələ ibtidai icma münasibətlərinə 

tamamilə  müvafiq  idi.  Evlərin,  qəbirlərin,  avadanlığın  yeknəsəqliyi  ailələr  arasında 

təsərrüfat və mülki fərqlərin hələ olmadığını göstərir. Düzdür, Qobustanda Son Neolit 

dövrünə aid qəbirdən daş toppuz tapılmışdır. Bu, çox güman ki, ibtidai icma quruluşu 

şəraitində  icma  başçılarının  meydana  çıxmasını  göstərən  amildən  başqa  bir  şey 

deyildir. 

Qobustanda  mezolit  və  neolit  düşərgələri  uzunmüddətli  idi.  Onlar  sahəcə 

kiçikdir və bir-birinə yaxın məsafədə yerləşirlər. Görünür, bu düşərgələrdə aralarında 

sıx istehsal və sair əlaqələr

 

olan qohum qəbilələrin kiçik qrupları yaşayırmış. 



Ehtimal etmək olar ki, Qobustan düşərgələrində yaşayan sakinlər vahid (nəsli) 

icmalardan  ibarət  idi.  Arazın  o  tayındakı  ayrı-ayrı  yaşayış  yerlərinin  sakinləri 

haqqında  da  eyni  sözü  demək  olar.  O  dövrdə  cəmiyyətin  əsas  özəyini  kollektiv 

təsərrüfat aparan nəsli icmalar təşkil edirdi. 

Nəslin  davam  etdiricisi  ananın  qabaqkı  bütün  dövrlər  ərzində  olduğu  kimi 

mövqeyi  olduqca  böyük  idi.  Bu,  təkcə  qadının  bir  çox  hallarda  kişi  ilə  birlikdə  ov 

edən  (bu,  bir  çox  qəbilə  və  xalqlarda,  həm  də  Qobustanda  müşahidə  olunmuşdur) 

bərabər  hüquqa  malik  icma  üzvü  olması  ilə  yox,  onun  icmanın  ən  dayanıqlı  özəyi, 

ənənələri  qoruyan,  evi  quran  və  ev  peşəkarlığında  məşğuliyyəti  ilə  izah  olunur. 

Azərbaycanda Mezolit-Neolit dövründə qadına pərəstişin mövcud olduğunu Qobustan 

petroqlifləri və oradan tapılan qadın fiqurları sübuta yetirir. 

Lakin  qadının  yüksək  mövqeyi,  ona  pərəstiş,  matrilokal,  ana  xətti  ilə 

münasibətlər  və  s.  heç  də  qadın  hökmranlığının  -  gineykokratiyanın  və  yaxud 

matriarxatın mövcud olmasını sübut etmir.  



72 

 

Qadının cəmiyyətdə  yüksək  mövqeyi Mezolit-Neolit dövrünün  qurtarması ilə 



tədricən zəifləyir. Ana nəsli tezliklə ata nəsli ilə əvəz olunur, yeni dövr başlanır. 

Beləliklə,  istehsaledici  təsərrüfat  dövründə  insanın  həyatının  bütün  sahələrini 

əhatə  edən  xeyli  əhəmiyyətli  yeniliklərə  və  dəyişikliklərə  baxmayaraq,  ibtidai  icma 

quruluşu dövrünün kollektiv münasibətləri hələ də davam edirdi. 



Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin