Mada: dövlət, inzibati bölgü və cəmiyyət. Kiaksar farsların tabe
olunmasından, Şərqi İran ərazilərinin işğalından, geniş torpaqlara malik olan Aşşur
dövlətinin darmadağın olunmasından, Mannanın, Urartunun və Skif çarlığının fəth
edilməsindən sonra Qərbdə Halis (müasir Qızıl Irmaq) çayınadək uzanan zəngin
Lidiyanı və yunan ticarət şəhərlərini öz dövlətinə birləşdirməyə cəhd etdi.
Lidiya ilə müharibə e.ə. 590-cı ildə başlandı. E.ə. 585-ci il mayın 28-də döyüş
zamanı günəş tutulması hadisəsi baş verdi və bu hadisə döyüşən rəqiblər tərəfindən
pis əlamət kimi qəbul edildi. Müharibə dayandırıldı. Sülh müqaviləsinə əsasən, Mada
ilə Lidiya arasındakı sərhəd Halis çayı üzrə müəyyənləşdirildi.
Lidiya ilə müharibənin başa çatdığı ildə qədim dünyanın böyük dövlət
xadimlərindən biri, Esxil tərəfindən "Asiya üzərində hökmranlığın banisi"
adlandırılmış Uvaxşatra (Kiaksar) vəfat etdi. Onun yaratdığı dövlətin ərazisi böyük
idi. Bu dövlət Mada çarlığından başqa Manna, Skif çarlığı, Urartu torpaqlarını, "Siro-
Mada" adlanan ərazini (keçmiş Aşşur vilayətləri olmuş Zamuanı, Parsuanı,
Kişessunu, Xarxarı və b.) əsil Aşşur torpaqlarını (Ksenofontdan məlum olduğu kimi),
Hirkaniya və Parfiya ilə birlikdə İranın bütün şərq qismi (bu isə yunan ənənəsindən
irəli gəlir) özündə ehtiva edirdi.
Beləliklə, Mada dövlətinin sərhədləri Şərqdə Orta Asiyadan qərbdə Halis
çayınadək uzanırdı. Dövlətin şimal sərhədlərinin bir qismi Kolxidanın yaxınlığından
keçirdi. Şübhəsizdir ki, Şimali Azərbaycanın bəzi bölgələri də Mada dövlətinin
tərkibinə daxil idi. Mada dövlətinin tərkibində artıq sonralar fars hökmdarlarının
yazılarında adları çəkilən satraplıqların ən azı bir qismi vardı. Bir çox qədim dillər
tərəfindən əxz olunmuş, qədim fars mənşəli
xsaçapävan-la deyil (yalnız Elam mənşəli
saksapamana bu anlayışdandır), Mada mənşəli
xsavräpän-la bağlı olan xsaravpän
titulunun forması (müqayisə et: Babil dilində ahsadar(a) panu arami dilində,
hsdrrpny
[ahsadarapänä], Likiya dilində kssadrapa, qədim yunan dilində aaıpaлess və b.
Əhəmənilər dövrü üçün məlum olan satraplıq institutunun artıq madalıların
hökmranlığı zamanı mövcud olduğunu təsdiq edən dəlildir. Hər halda xsavrapäna-nın
ad və ya titul kimi İran yaylasının qərb vilayətlərində hələ e.ə. VIII əsrdə mövcud
olduğu təsdiqlənmişdir. Bu söz "hakimiyyət qoruyucusu", "çarlığın, malikanənin
mühafizəsini (həyata keçirən)" mənasını daşıyır.
Güman etmək olar ki, Mada dövlətinin inzibati quruluşu sonralar İran
imperiyasının quruluşu kimi Aşşur-Urartu sisteminin daha da inkişaf etmiş forması
olmuşdur. Ehtimal olunur ki, inzibati idarəyə, məhkəməyə, maliyyə sisteminə başçılıq
etmiş satrapların səlahiyyətləri prinsip etibarilə Aşşur vilayət rəislərinin (bçl pehate,
pehatu) səlahiyyətlərinin oxşarı idi. Əhəməni dövrünün arami sənədlərində
194
xsavrapäna bilavasitə pehä - "canişin" istilahı ilə tərcümə olunur. Halbuki bir sıra
arami mətnlərində bu istilah tərcümə edilmir; bu mətnlərdə
'hsdrrpny'
(
ahsadarapänä) istilahına təsadüf olunur. Hər halda Mada satrapları Aşşurun və
Urartunun "qubernatorlarının" yalnız bir qədər dəyişilmiş oxşarları idilər. Ehtimal
etmək olar ki, onlar Aşşur vilayət rəisləri və İran satrapları arasında olan bir vəzifədir.
Güman ki, Mada dövlətinin siyasi inkişafı əsasən əski ənənələr məcrasında gedirdi.
İşğalçılıq müharibələri nəticəsində yaranmış nəhəng Mada dövləti qədim
dünyanın vahid iqtisadi və mədəni-tarixi əsası olmadan, hərbi qələbələrdən və yaxud
məğlubiyyətlərdən asılı olaraq yaranan və dağılan, möhkəm olmayan hərbi inzibati
birliklərindən biri idi. Hələ Herodot bilirdi ki, "midiyalıların hökmranlığı zamanında
bir xalq başqa xalq üzərində, midiyalılar isə hamı, ilk növbədə onlara yaxın olanlar,
sonuncular öz qonşuları, qonşular isə onlarla həmsərhəd olan xalq üzərində ağalıq
edirdi".
Bibliyada və başqa Qədim Şərq mənbələrində "Mada çarı" və "çarlarından",
"Mada çarı" və "onun köməkçiləri olan çarlardan" danışılır. Deyilənlər Mada çarının
vassalları və yaxud satrapları olmuşlar.
Lakin bununla belə Mada dövlətinin gücünü, rolunu və əhəmiyyətini azaltmaq
olmaz.
Mada dövlətinin mövcudluğu dövrünün mahiyyətcə 6-8 onilliklə
məhdudlaşmasına (e.ə. VII əsrin sonu - VI əsrin I yarısı) baxmayaraq, onun
yaradılmasının İran yaylası və Ön Asiya tayfaları və xalqlarının tarixi üçün böyük
əhəmiyyətə malik olması mübahisəsizdir.
Bu hal müəyyən dərəcədə geniş Mada vilayətlərində məskunlaşmış tayfaların
və tayfa qruplarının konsolidasiyası prosesini sürətləndirdi, yadelli müdaxilələrə son
qoydu və daxili həyatın inkişafı üçün nisbətən əlverişli şərait yaratdı, bu isə, öz
növbəsində, həm kənd, həm də şəhər iqtisadiyyatının canlanmasına yardım etməyə
bilməzdi.
Əlbəttə, böyük işğalçılıq müharibələrinə qədər Mada cəmiyyətində patriarxal
münasibətlər hələ də kifayət dərəcədə güclü idi. "Mada xalqı" (icma üzvləri və azad
əhalinin başqa qrupları) və "Mada qoşunu" anlayışları əsasən üst-üstə düşürdü.
Quldarlıq əsasən patriarxal və ev quldarlığı səciyyəsi daşıyırdı.
Maddi nemətlərin başlıca istehsalçıları əsasən azad icma üzvləri olmuşlar. Hər
bir icma üzvü eyni zamanda döyüşçü idi. Mada cəmiyyətinin gücü xeyli dərəcədə
bununla izah edilirdi. Kiaksar məhz bu cəhətə arxalanaraq özünün işğalçılıq
müharibələrinə başlaya bilmişdi.
Madalılar Kiaksarın böyük işğalçılıq müharibələri zamanından etibarən Şərqin
qədim mədəniyyətləri ilə təmasda oldular və uzunmüddətli olmasa da, hər halda Ön
Asiyanın ən mühüm qüvvəsinə çevrildilər. Bölgənin sinifli cəmiyyətləri ilə əlaqələr
Madada patriarxal dayaqların dağılması prosesini sürətləndirdi. Mədəni ölkələrdən
195
daxii olmuş sinfi mədəniyyət Mada dövləti qüdrətinin istinad etdiyi hər şeyi sürətlə
dağıdırdı. Azad icma üzvü ilə əyanlar arasında intensiv surətdə yaranmağa başlayan
və güclənən fərq getdikcə kəskinləşirdi. Sıravi azad icma üzvlərinin istismarı
güclənir, ölkənin təsərrüfat həyatında qul əməyinin xüsusi çəkisi artırdı. Qul
əməyindən nəinki yalnız hökmdar təsərrüfatında (Herodotun buna dair məlumatları
vardır), habelə əyanların təsərrüfatlarında və məbəd torpaqlarında istifadə edilirdi.
Polien hələ Deyokun hakimiyyəti dövründə Madada məbəd təsərrüfatının mövcud
olduğunu təsdiqləyir.
Atəşpərəstlik etiqadı xidmətçiləri və qədim ənənələrin mühafizəçiləri olan
maqlar - kahinlər əyanlarla yanaşı, Mada cəmiyyətində mühüm qüvvə idilər.
Avestada məlumat verilir ki, maqlar qədimdən geniş torpaqlara malik idilər.
Şübhəsizdir ki, böyük sərvətlərdən istifadə edən, xalq arasında böyük nüfuza malik
olan möhkəm və mütəşəkkil qüvvəyə çevrilmiş maqlar hökmdarların həm xarici, həm
də daxili siyasətinə təsir edirdilər.
Nəticədə cəmiyyətin əvvəlki strukturu xeyli dərəcədə sarsılır, patriarxal
dayaqların dağılması prosesi sürətlənir, sinfi antaqonizm kəskinləşirdi. Mada
dövlətinin yaranması ilə Mada nəsli-tayfa və hərbi demokratiya ölkəsindən qədim
Şərq tipli dövlətə çevrilməyə başladı.
Herodotun məlumat verdiyi kimi, Mada cəmiyyətində sinfi mübarizə hələ
dövlətin meydana gəldiyi zamandan əvvəlki dövrdə mövcud idi. Peyğəmbər İsayanın
şəhadətinə görə, erkən dövrdə "gümüşü qiymətləndirməmiş və qızıla həris olmamış"
madalılar inkişafın geniş yoluna çıxmışdılar.
Demək olar ki, bütün antik müəlliflər madalıların sonrakı nəslinin
xasiyyətlərinin "pozğunlaşması"ndan, onların bəzəyə, sərvətə, parlaq həyat tərzinə
hərisliyindən danışırlar.
Böyük işğalçılıq müharibələri zahirən Madanı gücləndirsə də, onu inkişaf
etmiş quldarlıq münasibətlərinə malik olan qüdrətli və qorxulu dövlətə çevirsə də,
məhz bu müharibələr tezliklə gəlmiş sonun başlanğıcı idi. Şübhəsizdir ki, madalıların
yaratdığı Mada dövlətinin, onun mədəni-tarixi irsinin, müxtəlif ənənələrin və
institutların rolu və əhəmiyyəti böyük idi.
"Hökmdarlar hökmdarı" haqqındakı Əhəməni təsəvvürü, xsayviya (çar) və
xsavrapän ("satrap") titulları, müəyyən dərəcədə satraplıqlar sistemi, müxtəlif ideoloji
təsəvvürlər, geyim, incəsənətin və memarlığın ünsürləri, bir çox başqa cəhətlər
sonrakı nəsillər tərəfindən madalılardan əxz edilmişdi.
Mövcudluğunun qısamüddətli olmasına baxmayaraq, Mada dövləti İran
yaylası hüdudlarından xeyli uzaqda olan çoxsaylı tayfalara və xalqlara təsir etmiş,
İran aləminin mədəni və dini mərkəzinə çevrilmişdi. Strabon yazırdı ki, madalılar
ermənilərin və daha öncə farsların, onların hökmdarlarının və Asiyada hökmranlıq
adətlərinin baniləridir. Şübhəsizdir ki, Mada dövrü Cənubi Azərbaycan tayfalarının
196
tarixində mühüm nailiyyətlər və müxtəlif dəyişikliklər zamanı olmuşdur. İran və
Cənubi Azərbaycan sakinlərinin dini həyatında Mada maqlarının rolu xüsusilə böyük
idi.
Mədəniyyət və din. Cənubi Azərbaycan əhalisinin mədəniyyəti və dini
görüşləri bir çox qonşu xalqların mədəniyyəti ilə qarşılıqlı əlaqədə inkişaf edirdi.
İrandilli tayfalar bu zonaya məişət, hərbi sənət, təsərrüfatçılıq, ictimai-siyasi
institutlar, mədəni-ideoloji görüşlər və mifologiya sahəsində bir çox yeni cəhətlər
gətirdilər. Onlar aborigenlərdən bir çox cəhətləri, xüsusilə erkən Mada geyimini əxz
etdilər. Bizə Aşşur relyeflərindən məlum olan həmin geyim lullubilərin geyimi
əsasında yaranmışdı. Mada papağı tiara haqqında da bunları demək lazımdır. Düzdür,
sonralar madalılarda başqa geyim meydana gəldi; madalılar sonralar Persepol
relyeflərində həmin geyimlə əks olunmuşlar. Görünür, əski geyim yalnız kaspilərdə
qalmışdı, Mada parçaları və geyimi bütün qədim dünya miqyasında məşhurlaşmışdı.
Aristofanın "Qurbağalar" əsərində deyilir ki, Mada parçalarında at-xoruz, keçi-maral
və başqa fantastik heyvanlar təsvir edilirdi. Mada xlamidaları (bürüncəkləri) geniş
yayılmışdı.
Gəlmə tayfalar aborigenlərin nəinki maddi mədəniyyətini, təsərrüfat
nailiyyətlərini mənimsəmiş, habelə müəyyən dərəcədə onların antropoloji tiplərinin də
varisləri olmuşlar. Cənubi Azərbaycan ərazisində təşəkkül tapmaqda olan xalq öz
dillərini itirmiş gəlmələrlə qaynayıb-qarışmış yerli əhalinin nəsillərindən ibarət idi.
Etnomədəni simbioz baş verirdi.
Madalıların işğalları sayəsində artıq Əhəmənilərin hakimiyyətinə qədərki
dövrdə Cənubi Azərbaycan bölgəsində tədricən yeni etnik törəmə təşəkkül tapmağa
başladı. Həmin törəməni şərti olaraq "Mada-Atropatena xalqı" adlandırmaq olar.
Madalılar Qərbi Asiyanın qədim mədəniyyətinin inkişafında böyük rol
oynamışlar. Onların öz yazısı vardı. Lakin həmin yazının nümunələrini aşkar etmək
mümkün olmamışdır. Madanın və onunla həmhüdud olan bölgələrin ərazisində cəmisi
bir neçə mixi yazılı fraqment (ikisi Marlikdən aşkar edilmiş möhürlərin üzərində, biri
isə Nuşi-Cantəpədə tapılmış gümüş parçasında) və (yerli hökmdarın adından
yazılmış) Akkad dilində mixi yazılarla tərtib olunmuş kiçik bürünc cədvəl, habelə
arami yazıları olan bir neçə vaza tapılmışdır. Mixi yazı e.ə. XI-IX əsrlərə, arami
yazıları isə e.ə. VIII-VII əsrlərə aid edilir.
Madalıların qeyri-adi yüksəlişi, qüdrəti və uğurları qədim dünyanı onlara
diqqət yetirməyə vadar etdi. Madalılar, onların əməlləri haqqındakı xəbərlər Aralıq
dənizinin, Helladanın və Cənub-Şərqi Avropanın şərq vilayətlərinə çatmışdı. Yunan
müəllifləri Miletli Hekatey, Miletli Dionis, Lampsaklı Xaron və başqaları madalılar
haqqında yazmağa başladılar.
Mada dövləti İran yaylasında və onun hüdudlarından kənarda yaşayan bir çox
xalqlara və tayfalara təsir etmiş İran aləminin mədəni və dini mərkəzi idi.
197
Madalıların dini-fəlsəfi təsəvvürləri yəhudi dininə, ilkin xristianlığa və yunan
fəlsəfi fikrinə müəyyən təsir göstərmişdi.
İran yaylasının ərazisində məskunlaşmağa başlamış Mada tayfalarının maddi
mədəniyyəti, incəsənəti və ideoloji görüşləri Xurvin, Marlik, Deyləman, VI Sialkda
abidələr qoyub getmiş tayfaların həyatının həmin tərəflərindən az fərqlənirdi. Bu
abidələrdə aşkar olunmuş incəsənət əşyalarından bəziləri bilavasitə "Avesta"
miflərindən çıxaraq "oxunur". Aşşur mətnlərindən əldə edilmiş onomastik məlumatlar
əsasında tam müəyyənliklə göstərilən dövrdə bəzi , hallarda (daha sonrakı dəlillər
üzrə bunu müəyyən etmək olar) "Avesta" formalarından fərqlənən qədim dinlərdən
birinin -mazdaizmin səciyyəvi cəhətlərinin Qərbi İran vilayətlərində təşəkkül
tapdığını iqrar etmək olar.
Ahura Mazda (Mazda, Ahura) adlanan əsas tanrıya, tanrıların kifayət dərəcədə
çoxsaylı dəstəsinə - çox zaman bir-biri ilə düşmənçilik edən dayvalara (antropomorf
quruluşuna malik olan naturalistik tanrılara) və ahuralara (əxlaqi səciyyəli
hakimiyyətə malik olan, şər qüvvələrinə qarşı mübarizə aparan tanrılara) əsaslanan bir
sıra dini sistemlər mazdaizm adlandırılır.
Kiçik Avestada olduğu kimi, iki əbədi başlanğıcın - Xeyirlə Şərin, İşıqla
Zülmətin bir-birinə qarşı qoyulmasında ifadə olunan dualizm mazdaizm üçün
səciyyəvi idi.
Madalıların maddi mədəniyyəti haqqında Mada qalalarının əks olunduğu
Aşşur təsvirləri, Mada paytaxtı Ekbatan zonasında, Baba-Cantəpədə və Nuşi-
Cantəpədə arxeoloji qazıntılar nəticəsində əldə olunmuş dəlillər əsasında mühakimə
yürütmək olar.
Mada mədəniyyətinin daha erkən abidələri Luristanda, məşhur "Luristan
tuncları" zonasında aşkara çıxarılmışdır. Mövzularının bir qismi aşkar şəkildə Avesta
mənşəli olan Luristan tuncları əsil Mada incəsənətinin meydana gəlməsi və
inkişafında müstəsna dərəcədə mühüm rol oynamışlar. Baba-Cantəpə adlanan iri
məskən Mada mədəniyyətinin, xüsusilə tikinti sənətinin və memarlığının maraqlı
abidələrindən biridir. Bu məskən Luristanın Piş-e-Kuh adlı yerində, bir neçə təpədə
yerləşmişdir. Həmin məskən çoxtəbəqəlidir, II və III Dəmir dövrlərini (e.ə. X-Vl
əsrləri) əhatə edir. Məskənin erkən təbəqələri Madaya qədərki zamana aiddir.
Abidənin yalnız yuxarı təbəqəsi erkən Mada dövrü ilə bağlıdır. Bu məskən
mədəniyyət abidələrinə və memarlıq detallarına görə Mada memarlığının
Həmədandan təxminən 70 kilometr cənubda, əsrimizin 60-cı illərinin sonlarından
arxeoloji cəhətdən tədqiq olunan mühüm abidələrindən biri Nuşi-Cantəpə ilə yaxındır.
Nuşi-Cantəpə kompleksi geniş vadi üzərində yüksələn təbii təpənin zirvəsində
yerləşmişdir, əsasən, iki məbəddən, "qalaçadan" və sütunlu zaldan ibarətdir.
Memarlıq baxımından çox mürəkkəb olan mərkəzi od məbədi daha maraqlıdır. Bu,
səcdəgaha və minbərə malik olan, mərtəbəli romb şəklində ucaldılmış hündür
198
qüllədir. Həmin qüllədə "müqəddəs" od alovlanırdı və bu odun izləri ağardılmış çiy
kərpiclər üzərində qalmışdır. Görünür, bu məbəd Nuşi-Cantəpə ərazisində yalnız ən
qədim tikili deyil, habelə İranda zərdüştiliyin bütün tələblərinə cavab verən ilk
mazdaistik obyekt idi.
E.ə. VIII əsrin ortalarında, Mada tayfa ittifaqının və Mada dövlətinin başlanğıc
dövründə yaranmış, onun çiçəklənməsi dövründə də mövcud olmuş Nuşi-Cantəpə
kompleksi Selevkilər zamanınadək yaşamışdır. Erkən Mada dövrünün bütün
kompleksində Urartu və Aşşur mədəniyyətlərinin, xüsusilə memarlıq ənənələrinin
təsiri nəzərə çarpır.
Mada dövrünün tikililərinin qalıqları Qodin-təpədə, Sorx-i Dumbda
(Luristanda), VI Sialkda və başqa yerlərdə aşkara çıxarılmışdır. Bunlar xeyli
"Luristan tunc‖nun, silindrşəkilli möhürün tapıldığı Sorx-i Dumbdakı məbəd, Qodin-
təpədəki sütunlu zal və digər materiallardır.
Bəzi tədqiqatçılar belə hesab edirlər ki, Mada incəsənətinin köklərini
ədəbiyyatda "Ziviyə dəfinəsi" və yaxud "Saqqız dəfinəsi" kimi məlum olan
kompleksdə axtarmaq Iazımdır. Dəfinə (bu əşyaların qəbirdən olduğu haqqında fikir
mövcuddur) 1947-ci ildə, Urmiya gölündən təxminən 100 kilometr cənub-şərqdə
yerləşmiş kiçik Ziviyə kəndinin yaxınlığında (Saqqız şəhərindən 40 kilometr
şərqdədir) təsadüfən aşkar olunmuşdur. Dəfinədə 350-dək qızıl, gümüş, tunc və
sümükdən hazırlanmış incəsənət əşyaları vardı. Əşyaların əsas kütləsini e.ə. VIII-VII
əsrlərə aid edirlər. Bir çox əşyalarda Urartu, Suriya-Finikiya və Aşşur incəsənətinin
təsiri maddiləşmişdir. Dəfinədə məlum olan Ön Asiya incəsənəti abidələrindən başqa
qarışıq üsluba malik olan əşyalar da təmsil edilmişdir. Qarışıq üsluba malik olan
əşyalarda Ön Asiyaya xas olan cəhətlər üslubun, texnikanın, təsvir detallarının yeni, o
zamanadək məlum olmayan cəhətləri ilə uzlaşır. Onlar bəzək əşyaları, silahlar,
insiqniyalar (ali hakimiyyət işarələri) və başqalarıdır. Bu əşyaların sırasında
qızıldan hazırlanmış pektoralı, qılınc dəstəyinin başlığını, qılıncın aşağı qismini,
diadema qırığını, düzbucaqlı medalları, gümüş nimçəni, at ləvazimatının gümüş və
tuncdan hazırlanmış detallarını göstərmək olar. Həmin əşyalar Mannada və qonşu
vilayətlərdə Həsənli, Marlik metalişləmə ustalarının xələfləri, yəni mannalılar
tərəfindən hazırlanmışdır. Həsənli-Luristan-Marlik-VI Sialk özünəməxsus dördbucaq,
Dəmir dövründə mövcud olmuş incəsənət əsasında madalıların, farsların və digər
xalqların incəsənətinin, yaranmaqda olan skif incəsənətinin elementlərinin təşəkkül
tapdığı ərazi idi. Skif incəsənətinin təşəkkül tapmasında e.ə. X-VIII əsrlərə aid olan
Luristan tunclarının da mühüm rolu vardı.
İlk dövrdə bütün Mada tayfaları üçün məcburi olan vahid dini sistem
olmamışdır. Madalılar arasında sonralar müəyyən dərəcədə "Avesta"da öz əksini
tapmış, habelə daha sonrakı dövrdə öz mövcudluğunu "bidətçi" təlimlər kimi davam
199
etdirmiş müxtəlif dini təlimlər yayılmışdı. Mada tayfalarının dini təbiət qüvvələrinə
sitayişdən törəmiş politeizm idi.
Artıq e.ə. I minilliyin ilk yüzilliklərində Cənubi Azərbaycanda və İran
Kürdüstanında qərarlaşmış madalıların dini görüşləri haqqındakı müəyyən təsəvvürü
bizə onomastik material verir; bu, ilk növbədə, Aşşur mətnlərində xatırlanmış
hökmdarların, tanrıların adlarıdır. Daha sonra erkən Mada ərazisində aparılmış
arxeoloji qazıntılar nəticəsində aşkara çıxarılmış məbədlərdir.
Bu zonanın e.ə. IX-VIII əsrlərə aid olan onomastikasında spesifik mazdaistik
anlayışlar mövcuddur. Bu cəhət erkən Mada vilayətlərində və ona Qərbdən bitişik
olan vilayətlərdə mazdaizm və yaxud bir sıra mazdaistik təlimlərinin yayılması
haqqında fikir söyləməyə imkan verir.
Əlbəttə, bu erkən mazdaizmin "Avesta"da öz əksini tapmış zərdüşti
mazdaizminə (daha doğrusu, mazdayasnizmə) nə dərəcədə uyğun olduğunu demək
çətindir. Mazdaizmdə hər şey "Avesta" ilə uzlaşmır, lakin onda Avesta inamları ilə
aşkar ziddiyyət təşkil edən ünsürlər də yoxdur. Beləliklə, Cənubi Azərbaycanda və
İran Kürdüstanında mazdaist təlimlərin "Avesta" təsirləri olmadan, müstəqil surətdə
mövcudluğundan danışmaq olar.
Şübhəsizdir ki, vaxtilə İranın (o cümlədən Cənubi Azərbaycanın) və Orta
Asiyanın xeyli qisminin sakinlərinin düşüncəsinə hakim kəsilmiş, zərdüştilik dininin
müqəddəs kitablarının məcmusu olan "Avesta" müxtəlif xarakterli mənbədir, müxtəlif
yerlərdə meydana gəlmiş çoxsaylı təbəqələrə malikdir.
Avestanı adətən iki hissəyə -"Qatik ("böyük, yaşlı" mənasında) Avesta"ya və
"Kiçik Avesta"ya bölürlər. Ehtimal edirlər ki, "Qata"lar Zərdüştün fərdi
yaradıcılığının məhsuludur. Alimlər zərdüştün fəaliyyətini müxtəlif dövrlərə - e.ə.
VII-VI minilliklərdən başlamış e.ə. VII-VI əsrlərədək olan zamanlara aid edirlər.
Onlar adətən "Qatik Avesta"nın daha qədim olduğunu qeyd edərək belə fikir irəli
sürürlər ki, "Kiçik Avesta" ənənəsi peyğəmbər Zərdüstün ilkin, təmiz təliminin
sonralar təhrif olunmuş formasıdır. Lakin bu, belə deyildir. Bizim "Kiçik Avesta"
haqqında bildiklərimiz onun ideyalarının və obrazlarının xeyli dərəcədə qədim
olduğunu təsdiqləyir.
"Avesta" təlimləri Azərbaycanın, İranın və Orta Asiyanın qədim tayfaları
arasında yayılmışdı. Aşşur mənbələrindən əldə olunmuş onomastik materiallar,
Herodotun məlumatları və başqa erkən antik mənbələr e.ə. I minilliyin başlanğıcında
Cənubi Azərbaycanda "Kiçik Avesta" inamlarının erkən ocağının mövcudluğu
haqqında danışmağa imkan verir.
Madalıların dini təsəvvürləri Qərbi İran vilayətlərində meydana gəlmiş
"Videvdat"da əks olunmuş cəhətlərə uyğundur. "Videvdat‖ın tərtibçiləri isə Mada
maqları ola bilərdilər. Bu kitabın bütün məzmunu maqların böyük rola malik
olduğunu təsdiq edir.
200
"Videvdat‖da pislənən devlər arasında Mada panteonunun qədim İran tanrıları
az deyildir. Şübhəsizdir ki, Tarvi Taruvi ("zəfərgətirən" mənasını daşıyır) adlanan
allah (sonralar dev) bunlardan biri idi. Mütəxəssislər güman edirlər ki, Tarvi adı
Təbrizin Aşşur mətnlərindən məlum olan qədim adında – Tarmakis-də öz əksini
tapmışdır. Təbrizlə Van gölü arasında yerləşmiş Kunduru (Hunduru) toponiminin, e.ə.
820-ci ilə aid olan iki Zarisu adının mövcudluğu qeydə alınmışdır. Zarisu adı
"Videvdat‖da xatırlanan tanrının (sonralar devin) – Zarisa-nın adı ilə bağlıdır;
sonuncu isə həmin "Avesta"dan göründüyü kimi, Tarvi adlanan allahla sıx şəkildə
əlaqədardır. Tarvi - Tarmakis toponimindən görünür ki, həmin allaha sitayiş artıq
e.ə. I minilliyin lap başlanğıcında Təbriz zonasında mövcud olmalı idi.
"Maqların təlimi" haqqında məsələ çox mürəkkəbdir. Maqlar mənşə etibarilə
Mada tayfalarından biri idilər. Bir çox hallarda etnik mənsubiyyətindən asılı
olmayaraq sadəcə kahinlər də "maq" adlandırılırdılar. Oda sitayişin xidmətçiləri və
qədim ənənələrin mühafizəçiləri olan maqlar, daha doğrusu, maqlar tayfasından olan
kahinlər Mada hökmdarlarının, hər halda son Mada hökmdarı Astiaqın rəsmi saray
kahinləri idilər.
Maqlar Raqa (orta əsrlərdə Rey, Tehran yaxınlığındadır) zonasında geniş və
məhsuldar torpaqlara malik idilər. Güman etmək olar ki, buna görə də hələ orta əsrlər
dövründə bu bölgənin hakimləri "maqların başçısı" adlandırılmışdılar. ―Onlar
divarlarla möhkəmləndirilməmiş kəndlərdə yaşayırdılar; onlara xüsusi özəl qanunlar
əsasında yaşamaq icazəsi verilmişdi, dinə hörmət olunduğu üçün isə onlar ali hörmətə
malikdirlər" [A m m i a n M a r s e l l i n, XXIII, 6, 35].
Aristotel Ferekidin görüşləri ilə "maqların təlimi" arasında oxşarlıq olduğunu
qeyd edirdi. Bu qeyddən belə bir nəticə çıxarmaq olar ki, artıq e.ə. VII əsrdə Qərbi
İran vilayətlərində "maqların təlimi" fəaliyyətdə olmuşdur. Bəzi alimlər belə hesab
edirlər ki, "maqların təlimi" mahiyyətcə "zurvanizm" (zrvanizm, zarvanizm) təlimidir.
Zurvana sitayiş İranın qərb vilayətlərində artıq e.ə. VI əsrin başlanğıcından
təsdiqlənir. Burada onu zamanın androgin (kişi-qadın təbiətli) allahı kimi tanıyırdılar.
Zurvan Elam dilində tərtib olunmuş Persepol sənədlərindən də məlumdur. Bu
sənədlərdə Zurvan (Zervan, Zarvan, Zrvan) Turma adlandırılır. Lakin ehtimal etməyə
bəzi əsaslar vardır ki, bu, əbədi zaman və tale allahına sitayiş e.ə. I minilliyin
başlanğıcına aid olan Luristan tunclarında da təsdiqlənmişdir.
Zurvanizmin ali allahı olan Zurvan əbədi mövcud olan Sonsuz Zaman kimi
düşünülürdü. Mifdə Zurvan androgin (kişi-qadın, iki-cinsli) şəkildə təsvir edilir. O,
Ahriman və Ormaz adlanan əkizləri dünyaya gətirmişdir. Bundahişnə görə, Zurvan
"hər iki yaranışdan - Xeyir və Şərdən qüdrətlidir". Zurvanizmin bəzi təsəvvürləri
"Avesta"ya daxil olmuşdur. Ola bilər ki, hələ Sasanilər dövründə zərdüştiliyin bidətçi
təriqətlərindən biri olan zurvanizmdə ən qədim, Avestayaqədərki dövrlərin ünsürləri
201
mühafizə edilirdi. Hətta ehtimal etmək olar ki, zurvanizm monoteizmə meyilli və
yaxud artıq hətta monoteist təlim idi.
Zurvanizm, ümumiyyətlə, Avesta təlimləri kimi iudaizmin, erkən Xristianlığın
və qnostisizmin inkişafına böyük təsir göstərmişdir.
Diogen Laertli [Rq., I, 7] "maqların təlimi"ndən danışarkən məlumat verir ki,
maqlar odu, torpağı və suyu allah hesab edirlər. Erkon zərdüştilik kimi, maqların
təliminə də bütpərəstlik yaddır. Maqlar allahların təsvirlərini tanımırdılar.
Qərbi İran vilayətlərində hələ e.ə. I minilliyin başlanğıcında oda sitayiş
edirdilər. Bu ərazidəki atəşpərəstlik məbədləri, xüsusilə Nuşi-Cantəpədəki Mada
məbədi bunu tam müəyyənliklə təsdiq edir (e.ə. VIII əsrə aiddir).
Antik müəlliflərin məlumatlarının təsdiq etdiyi kimi, maqların təliminin əsasını
iki başlanğıcın - İşıqla (Oromazda Ahuramazda) Zülmətin (Ariman, Anhra-Manyu)
mübarizəsi təşkil edirdi.
Madalıların mənəvi mədəniyyətində dini görüşlərdən və mifologiyadan başqa
habelə epik yaradıcılıq da mühüm yer tuturdu. Məlumdur ki, hələ çox qədim
zamanlarda Qərbi İran vilayətlərində müxtəlif epik əsərlər mövcud idi. Həmin
əsərlərin süjetləri çox zaman miflərlə bağlı olurdu.
Mada mədəniyyəti və dini atropatenalıların mənəvi mədəniyyət xəzinəsinə
daxil oldu, madalıların özləri isə Atropatena sakinlərinin etnik tarixində çox mühüm
rol oynamışlar.
202
XI F Ə S İ L
Dostları ilə paylaş: |