DÖRDÜNCÜ BÖLMƏ
AZƏRBAYCAN ƏRAZĠSĠNDƏ DÖVLƏT
QURUMLARI HELLĠNĠZM DÖVRÜNDƏ
XII FƏSİL
MADA-ATROPATENA (*Ät
a
/
u
rpätakän) DÖVLƏTĠ
Madanın satrapı Atropat. Azərbaycan ərazisində müstəqil Mada-
Atropatena (*Ät
a
/
u
rpätakän - Kiçik Mada) dövlətinin yaradılması. E.ə. V-IV
əsrlərdə imperiyanın hər yerində olduğu kimi, Cənubi Azərbaycanda da vəziyyət
narahat idi. Satraplar bir-biri ilə düşmənçilik edir, bir çoxu özünü padşah kimi aparır,
"şah" adlandırılırdı. Belə "şah"lardan biri də Mada satrapı Atropat (*Ät
a
/
u
rpät) idi.
Regionun tarixində görkəmli rol oynamış Atropatın adı mənbələrdə ilk dəfə
e.ə. 331-ci ildə baş vermiş məşhur Qavqamela vuruşması ilə əlaqədar çəkilir.
Cənubi Azərbaycan ərazisinin ayrı-ayrı hissələri X, XI və XIV satraplıqların
tərkibinə daxil idi. Mada satraplığı (yaxud X satraplıq) əvvəlki Mada padşahlığının,
Cənubi Azərbaycan (I Dara zamanında Asaqarta) vilayətlərinin ərazisindən əlavə,
parikanilərin və ortokoribantilərin (skif-sakesinlərin) torpaqlarını da əhatə edirdi.
Mərkəzi hakimiyyət üçün ağır olan illərdə Mada satrapı olduqca müstəqil bir
siyasət yeridirdi; XI və XIV satraplıqlara daxil olan torpaqları öz əlinə almışdı.
Atropat həmin satraplıqların sakinləri ilə müəyyən müttəfiqlik münasibətləri
yaratmışdı. Məhz buna görə də kadusilər farslara boyun əyməyərək Qavqamela
vuruşmasında bütün İran dövlətinin müttəfiqləri kimi yox, ancaq madalıların
müttəfiqləri kimi çıxış edirdilər (madalılarla "birləşdirilmişdilər").
Albanlar və sakesinlər də İran imperiyasının təbəələri deyil, Mada satrapının
müttəfiqləri idilər.
Çox "ehtimal ki, kadusilər kaspilərin, pavsiklərin, pantimatların və dareytlərin
daxil olduqları XI satraplıqla bağlı idilər. Herodotun əsərində kadusilər haqqında
məlumatın olmaması, ola bilsin, ondan irəli gəlir ki, Kaspi dənizinin cənub-qərb
sahilində yaşamış tayfaların bəlkə də ümumi adı olan "kaspilər" adı altında kadusilər
də nəzərdə tutulurdu. Qeyd etmək lazımdır ki, "Kadusilərin torpağı‖ və "Kaspilərin
214
torpağı" anlayışları sonralar da eyni mənada işlədilirdi. Güman etməyə əsas var ki, XI
satraplığa albanlar da daxil idilər və "kaspilər" adını onlara da aid etmək olar.
Herodota görə, XI satraplığa kaspilər, pavsiklər, pantimatlar va dareytlər daxil
idilər.
XIV satraplığa Kür-Araz rayonlarında yaşayan utilər və müklər, habelə yaşayış
yerləri Cənubi Azərbaycan vilayətləri və onlara bitişik torpaqlar olan saqartilər daxil
idilər.
Beləliklə, Cənubi Azərbaycanın bütün ərazisi və Şimali Azərbaycan
torpaqlarının xeyli hissəsi bu və ya digər dərəcədə Atropatın hakimiyyəti altında idi.
Belə güman etməyə bəzi əsaslar var ki, hələ Mada dövləti dövründə
madalıların hakimiyyəti Qərbi Zaqafqaziyanın ayrı-ayrı rayonlarına, xüsusən tarixi
Gürcüstanın vilayətlərinə də yayılırdı. Maraqlıdır ki, Herodota görə, "Kolxidadan
Madaya girmək çətin deyil". Yenə də həmin müəllif məlumat verir ki, skiflər "Fasis
(görünür, Rioni və ya Çorox çayının - məsul red.) yaxınlığında Madaya soxulmaq"
niyyətində idilər. Güman etmək olar ki, tarixi Gürcüstanın torpaqları (və ya
torpaqlarının bir hissəsi) Mada satraplığının tərkibinə daxil idi və ya onun himayəsi
altında idi. Polibi e.ə. III əsrin son rübünün hadisələrindən danışarkən məlumat verir
ki, Atropatenanın bəzi hissələri "Fasisdən yuxarıdakı yerlərdə Pontun (Qara dənizin -
məsul red.) üzərində yüksəlir, digər tərəfdən o, Hirkan (Kaspi - məsul red.) dənizinə
qədər çatır".
Atropatilər və görünür, Atropatın özü də bu vilayətləri ənənəyə görə idarə
edirdilər, çünki onlar əslində Mada satraplığı hökmdarlarının siyasi varisləri idilər.
Polibinin əsərində deyilir ki, "həmin padşahlıq (yəni Atropatena - məsul red.)
hələ farsların (yəni Əhəmənilərin - məsul red.) zamanından mövcuddur". Lakin bu
fikrin səhihliyi olduqca şübhəlidir. Görünür, Polibinin əsərində belə bir mətləb öz
əksini tapmışdır ki, Əhəmənilər dövlətinin zəiflədiyi dövrdə satrapların bir çoxu
(yəqin ki, həm də Atropat) özlərini şah kimi aparırdılar və təbəələr onları rəsmən
"şah" adlandırırdılar. Yalnız buna görə Polibi (və ya onun istifadə etdiyi qaynaqlar)
həmin vilayəti hələ müstəqil dövlətə çevrilməmişdən əvvəl "padşahlıq" adlandırırdı.
Qədim İran və antik qaynaqlara görə, əslində satraplıq və satrap haqqında danışmaq
olar. Lakin Atropatena satraplığı və satrapı yox, Mada satraplığı və Mada satrapı
haqqında.
Atropatena şahlığı isə bir qədər sonra meydana gəlmişdi. İran imperiyası
darmadağın edildikdən sonra Aleksandrla Atropatın qarşılıqlı münasibətlərinin ilk
dövrdə necə olması haqqında biliyimiz yox dərəcəsindədir. Bu münasibətlərin daha
çox düşmənçilik münasibətləri olduğunu güman etməyə bəzi əsaslar vardır. Atropat
Aleksandrın hüzuruna gəlib boyun əyməmişdi; Aleksandr isə onu vəzifədən götürüb
yerinə Oksadat adlı bir nəfəri təyin etmişdi. Ola bilsin, ilk vaxtlarda Atropat hətta
Aleksandrla mübarizəyə girmək niyyətində imiş. Strabon, görünür, buna işarə edərək
215
yazırdı ki, Atropat "bu ölkənin (gələcək Atropatenanın - məsul red.)...
makedoniyalıların hakimiyyəti altına düşməsinə yol vermədi".
Lakin Atropat tez bir zamanda makedoniyalılarla qarşılıqlı münasibətləri
yoluna qoya bildi. Yəqin ki, yalnız buna görə Atropat e.ə. 328-ci ildə yenidən
Madanın satrapı vəzifəsinə qaytarıldı. Lakin Atropatın hakimiyyəti əslində yalnız
Kiçik Madaya (ondan asılı olan Zaqafqaziya vilayətləri ilə birlikdə) şamil idi, çünki o
zaman Aşağı (Böyük) Madada yunan-makedoniyalılar ağalıq edirdilər.
Atropat böyük dövlət xadimi idi. Çox istedadlı bir insan, arif bir siyasətçi və
bəsirətli bir diplomat kimi Atropat Aleksandrla hərbi mübarizənin faydasızlığını gözəl
başa düşürdü. Buna görə də o, müdriklik göstərərək, yunan-makedoniyalılarla
danışıqlar aparmaq, onlara yaxınlaşmaq, Şərqin yeni hökmdarının müxtəlif
tədbirlərində iştirak etmək yolunu seçdi. Lakin, nə olursa olsun, Atropat istilaçıların
Atropatena ərazisinə soxulmasına "yol vermədi". Azərbaycan və hətta Qafqaz
torpaqlarının makedoniyalılar tərəfindən işğal edildiyi haqqında antik dövrün
axırlarından irəli sürülən (məsələn, bax: Plini, IV, 10, 39 və başqa müəlliflər), hətta
orta əsrlərdə də müdafiə edilən (o cümlədən Nizamidə) fikirlərin heç bir gerçək əsası
yoxdur. Aleksandr olsa-olsa Atropatenanın sərhədlərinə gəlib çatmış, onun ərazisinə
isə girməmişdi.
Təzə-təzə təşəkkül tapan, hələ işlərini yoluna qoymamış nəhəng dövlətdə o
zaman vəziyyət mürəkkəb və çox dəyişkən idi: özbaşınalıq və korrupsiya hökm
sürürdü, satraplar azğınlıq edir, köməksiz-arxasız əhalini açıq-açığına çapıb
talayırdılar. Yeni padşah çox keçmədən təxirəsalınmaz işlərlə əlaqədar olaraq uzun
müddətə Asiyanın dərinliklərinə getdi və beş ildən ziyadə imperiyanın mərkəzi
vilayətlərində olmadı.
Əhəmənilərin hökmranlığı dövründə və sonrakı qarışıqlıq illərində olduğu
kimi, indi də Atropat fürsəti əldən vermədi. Şərqi İranın və Orta Asiyanın boyun
əyməyən tayfalarına və xalqlarına qarşı makedoniyalı fatehin apardığı amansız
müharibə illərindən (özünün 328-ci ildə yenidən satraplığa qoyulmasından ta
Aleksandrın 324-cü ilin əvvəlində Hindistan səfərindən qayıtmasınadək), şübhəsiz, öz
xeyrinə və vətəninin rifahı naminə istifadə etdi.
E.ə. IV əsrin son rübü gələcəyin Atropatenası olan Kiçik Mada üçün daxili
yüksəliş və yetişmə dövrü idi - qüvvə toplamaq, tədricən Atropatenanın qüdrət və
müstəqilliyinin təməlini qoymaq dövrü idi. Atropat makedoniyalılara yaxınlaşmaq
siyasətini davam etdirirdi, qızını Şərqin yeni hökmdarının ən qüdrətli əshabələrindən
biri olan Perdikkaya ərə verdi. Bıı, Aleksandrın, necə deyərlər, "beynəlmiləl"
siyasətinə verilən "bac" idi.
324-cü ilin yay fəslinin sonuna yaxın Böyük Madada vəziyyət bir qədər
mürəkkəbləşdi - Bariaks adlı birisi makedoniyalı istilaçılara qarşı mübarizəyə qalxdı.
216
O, Əhəmənilər dövlətini bərpa etməyə çalışırdı. Bunu ondan görmək olar ki, Bariaks
özünü Parsa və Madanın padşahı elan etmişdi.
Aleksandr Madaya yollandı, lakin Atropat öz qüvvələri ilə Bariaksın üsyanını
yatırdı, onu əsir tutub makedoniyalılara verdi və onlar Bariaksı Pasarqadda edam
etdilər.
Madada Aleksandr məşhur Bağıstan (Bisütun) vilayətinə baş çəkdi. Sonra
padşah bir ay Niseya çöllərində qaldı. Ən qədim vaxtlardan burada məşhur cins atlar
yetişdirilirdi, elə atlar ki, onların əvvəlcə şöhrəti, sonra da özləri Çinə gedib çatmışdı;
Çində onlara "səma atları" adı verilmişdi.
Vaxtilə Niseya çöllərində 160 min at otlayırmış. Aleksandrın vaxtında isə
Makedoniya hərbçilərinin çapqınçılığı nəticəsində orada ancaq 60 min at qalmışdı.
Padşahı öz satraplığının sərhədində qarşılamaq məqsədilə Atropat da
Niseya çöllərinə gəlmişdi. O, bir müddət Aleksandrın yanında oldu.
Bir azdan padşah öz qoşunu ilə Ekbatanaya gəlib keyfə qurşandı. Teatrlara
gedir (buraya təkcə Helladadan üç min aktyor gəlmişdi), gimnastika və musiqi
yarışlarına tamaşa edir, arada içki məclisləri qururdu və i.a.
O zaman tez-tez düzəldilən şənliklərin birində Atropat Aleksandrı əyləndirmək
üçün özü ilə yüz nəfər atlı qadından ibarət bir dəstə gətirmişdi; Arrianın verdiyi
məlumata görə, "güman edilirdi ki, bunlar amazon qadınlarıdır". Onların kimliyini
dəqiq demək çətindir. Strabona görə, amazon qadınlarının məskəni "Albaniyadan
yuxarıdakı dağlardır".
Yalnız bu cür əməllərlə, müdrik siyasətlə Atropat öz ölkəsinin
―makedoniyalılara tabe olmasına yol vermədi".
Aleksandr 324-323-cü illərin qışında Madada çoxlu kosseyləri (kassiləri - ?)
qılıncdan keçirdikdən və onların torpaqlarında şəhərlər bina etdikdən sonra bu ölkənin
hüdudlarını tərk edib Babilə yollandı; ola bilsin ki, Babili dövlətə paytaxt seçmişdi.
Aleksandrı yeni bir allah kimi salamlayıb təbrik etmək üçün 323-cü ilin
yazında Babilə səfirlər gəldi; padşah gümrah idi, onun bir çox yaradıcılıq planları
vardı. Lakin 323-cü ilin iyununda Aleksandr naməlum bir xəstəlikdən qəflətən vəfat
etdi.
Aleksandrın vaxtsız vəfatından sonra, e.ə. 323-cü ildə, onun satrap və
sərkərdələrinin Babildə keçirilən müşavirəsində Atropat iştirak etməmişdi. Bu zaman
Atropatın kürəkəni Perdikka artıq dövlətin naibi idi. Müşavirədə Mada satraplığı
Pitona verildi. Əlbəttə, söhbət yalnız Böyük Madadan gedə bilərdi, çünki Kiçik
Madanı felən və rəsmən Perdikkanın qayınatası idarə edirdi. Atropatı hakimiyyətdən
düşürməyə heç bir əsas yox idi, təkcə ona görə ki, o özünü yeni üsuli-idarəyə sadiq
olan bir satrap kimi aparırdı. Sonrakı hadisələr də göstərir ki, Atropat satrap
hakimiyyətindən məhrum edilməmişdi.
217
E.ə. 321-ci ildə, Perdikka həlak olduqdan sonra, satraplıqlar ikinci dəfə
bölüşdürüldü. Bölgü Atropatın satraplığına şamil edilmədi. Görünür, bu vaxtdan
Kiçik Madanı müstəqil dövlət saymaq olar.
Deməli, çox ehtimal ki, keçmiş İran satrapı, əslən, çox güman ki, madalı olan
Atropat IV əsrin 20-ci illərinin sonunda yeni dövlətin müstəqil hökmdarı olur; bu
dövlət rəsmən Mada, sonralar isə özünün ilk hökmdarının adı ilə tez-tez antik
qaynaqlarda Atropatena, Şərq qaynaqlarında *Ät
a
/
u
rpätakän adlandırılırdı.
Kiçik Mada makedoniyalı istilaçılardan siyasi asılılığa son qoyan ilk Şərq
dövləti oldu.
Strabonun "Coğrafiya"sında deyilir: "Midiya iki hissəyə bölünür. Bir hissəsi
Böyük Midiya adlanır... O biri hissə Atropat Midiyasıdır. Atropatena Midiyası öz
adını sərkərdə Atropatdan götürmüşdür, o Atropatdan ki, Böyük Midiyanın bir hissəsi
olan bu ölkənin də makedoniyalıların hakimiyyəti altına düşməsinə yol verməmişdi.
Çar elan edilən Atropat doğrudan da bu ölkəni öz qərarı ilə
müstəqil bir ölkəyə
çevirmişdi və onun ailəsində varislik hələ də davam edir. Atropatena hərbi qüvvə
mənasında çox sanballı ölkədir, çünki o... 10000 süvari və 40000 piyada... meydana
çıxara bilər" [XI, XIII, I].
Beləliklə, Manna dövlətinin süqutundan iki əsr yarımdan çox keçdikdən sonra
Azərbaycan ərazisində yenidən müstəqil dövlət meydana gəldi. Diyarın sakinlərinin
tarixi müqəddəratında bu möhtəşəm hadisənin həqiqətən misilsiz əhəmiyyəti vardı.
Bu hadisə diyarın və hətta Ön Asiya Şərqinin bir hissəsinin qədim tarixində və ilkin
orta əsrlər tarixində, şübhəsiz, dərin iz buraxmışdı.
Həmin dövlətin meydana gəlməsinə kömək edən əsas səbəblərdən birini bütün
qədim tarix ərzində xeyli dərəcədə aparıcı region olan bu bölgənin özünün iqtisadi,
sosial, mədəni və siyasi inkişaf səviyyəsinin çox yüksək olmasında axtarmaq
lazımdır.
Digər mühüm amil həm Aleksandrın hökmranlığı dövründə, həm də onun
ölümündən sonrakı ilk illərdə təşəkkül tapmış siyasi vəziyyət idi: Aleksandrın
vəfatından sonra başı onun mirasını bölməyə qarışan Makedoniya sərkərdələri
Hellinizm dünyasının mərkəzindən uzaq bir yerdə, əsas hərbi əməliyyat meydanından
kənarda
yeni dövlətin yaradıldığı məqamı, Plibinin ibarəsincə, "gözdən
qaçırmışdılar".
Atropatın qohumluq əlaqələri də bu işdə az rol oynamamışdı.
Atropatın şəxsi keyfiyyətlərinin də, şübhəsiz, çox böyük əhəmiyyəti vardı. Öz
fəaliyyətində o, yadellilərin hakimiyyətinə tabe olmaq istəməyən yerli əhalinin geniş
yardımına arxalanırdı.
Atropatenanın və bəzi qonşu vilayətlərin yerli əhalisindən danışarkən
Atropatenanın bəzi tayfalarının, xüsusilə kadusilərin və skif əhalisindən olan
müəyyən qrupların və digərlərinin xüsusi cəngavərliyini və qadir gücünü əsla
218
nəzərdən qaçırmaq olmaz. Axı təsadüfi deyildir ki, III Dara üç dəfə basıldıqdan və
qoşunlarının demək olar hamısı məhv edildikdən və ya onu atıb getdikdən sonra
ümidini ancaq kadusilərə və skiflərə bağlamışdı. Hərçənd kadusilər və skiflər axırıncı
Əhəməni - III Daranı müdafiə etmədilər, lakin etibarlı və sanballı bir qüvvə kimi
onlara ümid bəslənilməsi olduqca səciyyəvidir və çox şey deyir. Azərbaycanın məhz
bu tayfalarına arxalanması sayəsində Atropat öz hakimiyyətini qoruyub saxlaya
bilmiş, ömrü digər satrapların ömründən uzun olmuşdu. Bu cəngavər tayfalar
olmasaydı, Atropat, çətin ki, müstəqil dövlət yaradıb o təlatümlü illərdə onu qoruya
biləydi.
O vaxtlar meydana gəlmiş Vifiniyada, Pont çarlığında, Kappadokiyada və bir
sıra digər dövlətlərdə olduğu kimi, Atropatenada da, görünür, o zamanlar üçün kifayət
qədər tipik olan müstəbid monarxiya siyasi quruluşu yaradılmışdı.
Sonralar Atropatenanın siyasi quruluşu, ola bilsin, müəyyən dərəcədə dəyişir
və Atropatena bəlkə də teokratik dövlətə - bir növ "Papa vilayətinə" çevrilir ki, bu da
görünür, Mada maqlarının dövlətdə çox böyük rol oynaması ilə bağlı idi.
Biz Atropatın hökmranlıq illərinin necə keçdiyini, onun daxili siyasətinin necə
siyasət olduğunu, xarici siyasi həyatda nə kimi hadisələr baş verdiyini bilmirik. Biz
hətta Atropatenanın bu ilk tacidarının nə vaxt vəfat etdiyini, taxt-tacı kimə miras
qoyduğunu da bilmirik. Lakin sonrakı onilliklərin və hətta yüzilliklərin hadisələri
göstərir ki, Atropatena monarxiyası banisinin hökmranlıq etdiyi illər gənc dövlətin
möhkəmləndiyi və qüvvətləndiyi bir dövr idi.
Yalnız buna görə Strabon deyə bilmişdir ki, "hələ indi də (eramızdan əvvəlki
dövrün sonu - eramızın başlanğıcı - məsul red.) onun (Atropatın - məsul red.)
ailəsində... varislik davam edir".
Aleksandrın sərkərdələrinin hakimiyyət uğrunda mübarizə apardıqları
təlatümlü illərdə və Selevkilərin hökmranlığı dövründə Atropat yeni yaradılmış
dövlətin istiqlaliyyətini qoruyub saxlaya bildi. Lakin Aleksandrın ən qabil
sərkərdələrindən biri olan və e.ə. IV əsrin son onilliyində köhnə İran satraplıqlarının
hamısına yiyələnən Selevkin "mərkəzləşdirmə" siyasətinə qarşı bəlkə də Atropatın
özü, yaxud ən yaxın varisləri inadlı mübarizə aparmalı olmuşdular.
Miandob şəhərindən şərqdə Leylan kəndi rayonunda yerləşən Qazaka
(Qanzaka, madalıların qanza sözündəndir, "sərvət, xəzinə" deməkdir), ehtimal ki,
artıq Atropatın zamanında dövlətin paytaxtı oldu.
Təəssüf ki, biz ölkənin iqtisadi həyatına, siyasi və mədəniyyət tarixinə çox az
bələdik. Yazılı mənbələrin sayı cüzi, arxeoloji material son dərəcə azdır. Lakin həm
bilavasitə qaynaqlardan alınan sübut-dəlillər, həm də dolayı məlumatlar və fərziyyələr
əsasında ümumən Atropatena haqqında bildiklərimiz belə hesab etməyə əsas verir ki,
Atropatena kənd təsərrüfatının, sənətkarlığın, ticarətin, şəhər həyatının çox inkişaf
219
etdiyi, yüksək mədəniyyəti, əhalisinin Atropatena dili və yazı ənənələri olan bir ölkə
idi.
Cənubi Azərbaycan ərazisində müstəqil dövlət yaradılması qədim ənənələrə
malik ölkədə təsərrüfat həyatının fəallaşmasına, məhsuldar qüvvələrin yüksəlməsinə,
ticarətin və sənətlərin canlanmasına çox kömək etdi. Daha sonrakı məlumatlar
göstərir ki, Atropatenada məbəd torpaq sahibliyi inkişaf edibmiş. Antik müəlliflərin
məlumatına görə, münbit torpaqlar maqlara məxsus imiş. Quldarlıq da inkişaf
edibmiş.
Atropatena dövlətinin təşəkkülü və inkişafı Hellinizm dövrünə təsadüf etmişdi.
Makedoniyalı Aleksandrın istilalarından, Əhəməni dövlətinin süqutundan və
möhtəşəm imperiya yaradılmasından başlanan dövr qədim tarixdə mühüm
mərhələlərdən birinin başlanması və yeni mərhələnin - Hellinizm mərhələsinin
başlanması ilə əlamətdardır. Hellinizm mahiyyətcə oykumenanın Helladadan
Hindistanadək uzanan çox geniş bir regionun sivilizasiyalarının təqribən yüzillik
tarixidir. Hellinizm Qərb və Şərq quldarlıq cəmiyyətlərinin inkişafında yeni
mərhələdir, Hellin mədəniyyəti ilə bir sıra Şərq mədəniyyətlərinin bir-birinə güclü
nüfuzudur. Hellinizm yalnız uzaq vilayətlər arasında iqtisadi əlaqələrin canlanması
dövrü deyil, həm də müxtəlif yunan institutlarının, yunan elminin, təhsilinin,
ədəbiyyat və incəsənətinin Qədim Şərq ölkələrinə nüfuz etməsi, beləliklə, formaca
sinkretik mədəniyyətin təşəkkülü üçün zəmin hazırlanması dövrü idi. Son dərəcə
böyük əhəmiyyətə malik olan bir amil də Şərqin geniş ərazilərində, o cümlədən
Atropatenada yunan dilinin yayılmasından ibarət idi.
Cənubi Azərbaycan tayfalarının və xalqlarının - kuti, lullubi, hurri, mannalı və
başqalarının madalılarla qaynayıb-qarışması nəticəsində yeni bir etnos - Hellinizm
dövründə madalıların üstünlük təşkil etdiyi atropatenalılar etnosu təşəkkül tapdı.
Atropatena fenomeninin ümumi xarakteristikasını verərkən qeyd etmək
lazımdır ki, bu dövlət yeni şəraitdə köhnə Madanın etno-mədəni ənənəsini mahiyyətcə
davam etdirsə də və ətraf aləm tərəfindən Mada kimi qavranılsa da, Azərbaycan
məfhumunun özü, həmçinin onunla bağlı siyasi və etno-mədəni xarakterli hadisələr və
vəziyyətlər məhz Atropatena dövründə təşəkkül tapmağa başlamışdı.
Atropatenanın (*Ät
a
/
u
rpätakän-yn) etnik mənzərəsi. Mada-Atropatena
etnosunun təĢəkkül tapması. Mənbələrin azlığı üzündən Atropatenanın etno-dil
mənzərəsi hələ də tam surətdə aydın deyildir. Lakin hər halda artıq e.ə. I minilliyin ilk
yüzilliklərində Cənubi Azərbaycan zonasında baş vermiş etnodil dəyişikliklərinin
ümumi mənzərəsini təsəvvür etmək olar.
Mannanın madalılar tərəfindən işğalı diyarın etnodil taleyində həlledici rol
oynamışdır. Bu işğal yerli tayfalarda müstəqil dövlətçiliyin varlığına təqribən üç
yüzillik dövr boyunca son qoymuşdu. Burada qeyd etmək lazımdır ki, madalıların
220
irandilli olmaları müasir elmdə şübhə doğurmur. Bizə onlarla Mada adları, bir sıra
Mada sözləri bəllidir.
Artıq antik müəlliflərin məlumatları madalıların İran dialektlərindən (resp.
dillərindən) birində danışdıqlarını aydın surətdə təsdiqləyir. Bu, I Daranın
yazılarından birindəki dəlillərdən də şübhəsiz şəkildə irəli gəlir. Orada deyilir: "Parsa
(Farsistan - məsul red.) Mada, habelə başqa dilli ölkələr".
Herodot farsların və madalıların qədim zamanlarda "arilər adlandırılması"
haqqında rəvayəti saxlamışdır. Məlumdur ki, yalnız iranlılar və hindlilər "ari"
adlanırdılar.
Strabon Eratosfenin çox qiymətli şəhadətini saxlamışdır. Eratosfen öz əsərində
Makedoniyalı Aleksandrın silahdaşlarının məlumatlarından istifadə etmişdir.
Eratosfenə görə, "Parsanın, Midiyanın, Baktriyanın və Soqdianın əhalisi a z ı n a d ə k
b i r d i l l i d i r" (yəni mahiyyətcə birdillidir, seyrəltmə bizimdir - məsul red.).
İndi biz Mada dilində mətnlərin olmamasına baxmayaraq, xeyli onomastik
materiala və başqa dəlillərə əsaslanaraq Mada dili haqqında nəinki yalnız ümumi
sözlərlə, hətta tam əsasla danışa, habelə onun bəzi xüsusiyyətlərini aydınlaşdıra və bu
dili İran dilləri ailəsinin şimal-qərb qrupuna aid edə bilərik. Bu dil əlamətlərinin
məcmusuna görə qədim fars dilindən daha çox Avesta dilinə yaxındır.
Mada dili nə Mada dövlətinin, nə də hətta Əhəmənilər imperiyasının
dağılmasından sonra tarix səhnəsindən çıxmadı. Haqqında orta əsr mənbələrində
məlumatlar verilən Mada dialektlərindən bəziləri lap yaxın zamanlaradək mövcud
olmuşdur, bəzi yerlərdə isə onların qalıqları indi də mövcuddur. Mühümdür ki, Mada
dilinin və yaxud Mada dialektlərinin nəsilləri olan bu dialektlər yeni dövrdə də tarixi
Madanın ərazisində, yəni qədim dövrdə Mada dilinin və onun ləhcələrinin yayıldığı,
bəzi hallarda isə indi də yayılmış ərazidə və Mada ekspansiyasının əsaslı şəkildə
müdaxilə etdiyi, Mada elementlərinin dərindən oturaqlaşdığı bölgələrdə, xüsusilə
Cənubi Azərbaycanda - gələcək Atropatenada (Adurbadaqanda) yayılmışdı. Düzdür,
hazırda bu dialektlərin yayılma mənzərəsi xeyli pozulmuş, onların böyük qismi fars
və türk dilləri tərəfindən sıxışdırılıb çıxarılmışdır.
Cənubi Azərbaycanda və onunla həmhüdud olan ölkələrdə Mada etnik
elementlərinin hakim olmasına baxmayaraq, bölgənin əhalisi müxtəlif olmaqda idi.
Burada hələ Əhəmənilər dövründə saqartalılar, müklər, utilər, parikanlılar,
ortokoribantlar, kadusilər, dareytlər, pantimatlar, pavsiklər, kaspilər, matienlər,
mardlar, parslar, anariaklar və b., habelə madalılar tərəfindən assimilyasiya edilməmiş
başqa tayfalar yaşayırdılar.
Miletli Hekatey, onun ardınca isə Herodot müklər adlanan Arazboyu
tayfalardan birini xatırlatmışlar. "Tarixin atası"nın məlumatından aydın olur ki,
müklər e.ə. V əsrin siyasi hadisələrində iştirak etmişlər. Müklər saqartalılarla, utilərlə
və başqa tayfalarla birgə XIV satraplığa daxil idilər və Mukan (indiki Muğan
221
çölündə) ərazisində yaşayırdılar. Şübhəsizdir ki, bu vilayətin adı maqlardan (orta
əsrlərdə müg) deyil, "mük" etnonimindən törəmişdir. Mükän-Mügän dolaşıqlığı, bu
adlar arasındakı fərqlərin aradan çıxması və, "Mukan"ın əvəzinə "Muğan"dan istifadə
olunması daha sonrakı zamana aiddir və xalq etimologiyasının nəticəsidir.
Yaqutun (İbn-əl-Qəlbiyə istinadən) Mukanın (mukanlıların etnonimi) və onun
qardaşı Cilanın (yəni Gilanın, gilanlıların, ola bilər ki, əvvəlki kadusilərin; bu haqda
b a x : P1in, IV, 48) Yafəsin nəvələri və Təbəristanın sakinləri olduğuna dair
xatırlaması istisna olunmaqla mənbələrdə mukanlıların dil-etnik mənsubiyyəti barədə
heç bir məlumat yoxdur.
Müklərin Əhəməni dövlətinin siyasi həyatında iştirakı heç olmazsa bundan
görünür ki, Herodotun məlumat verdiyi kimi, onlar imperiyanm başqa təbəələri ilə
bərabər Xşayarşanın (Kserks) e.ə. V əsrin son rübündə Helladaya yürüş etmiş
qoşunlarının sıralarında idilər.
Müklərlə qonşuluqda yaşamış, XIV satraplığa daxil olmuş digər mühüm tayfa
utilər idi. Hər iki halda onlar Herodot tərəfindən müklərlə birgə xatırlanır. Bununla
əlaqədar olaraq qeyd etməmək olmaz ki, Pliniyə görə, utilərin yaşadığı vilayət Araz
çayı üzrə Atropatena ilə və məhz onun Mukana bitişik olan hissəsində həmsərhəd idi.
Herodotun "utilər" adı altında antik zamanlarda və erkən orta əsrlərdə Qafqaz
Albaniyasının Otenada (erməni müəllifləri "Utik" adlandırırlar) yaşamış məşhur
otenlər-utilər-udi tayfasını görmək lazımdır. Hazırda yığcam halda Qəbələ və qismən
Oğuz zonasında yaşayan udilər həmin tayfanın qalıqlarıdırlar.
Utilər də müklər kimi, e.ə. V əsrin son rübündə Kserksin Yunanıstana
yürüşündə iştirak etməklə tarix səhnəsinə çıxmışlar.
Kaspilər haqqında erkən məlumatlar e.ə. V əsrə aiddir. Həm qədim Şərq
mənbələrində, həm də antik mənbələrdə onlar haqqında məlumatlar mövcuddur.
Kaspilər çox qədim və geniş yayılmış etnik törəmələrdən biri idilər. Şübhəsizdir ki,
Kaspi dənizinin adı onların adından yaranmışdır. Güman olunur ki, Qafqaz
ərazisindəki, ona yaxın olan torpaqlardakı bir neçə keçidin, Orta Asiyada mövcud
olan bir neçə şəhərin adı da kaspilərin etnonimindən törəmişdir.
Kaspilər XI satraplığa daxil olmuş pavsiklərlə, pantimatlarla və dareytlərlə
birlikdə müəyyən müddətdən sonra da əvvəllər Kaspilər ölkəsi, antik mənbələrdə
Kaspiana, erməni mənbələrində Kaspk' kimi tanınmış Paytakaranda, utilərlə
qonşuluqda yaşayırdılar.
Lakin mənbələrdə bu "Qərb" kaspilərindən başqa saklarla birlikdə XV
satraplıqda yaşamış "Şərq" kaspiləri haqqında da məlumatlar vardır. Antik
müəlliflərin xatırladıqları "Qərb" kaspilərindən danışarkən unutmaq lazım deyildir ki,
istər kaspilərin özləri, istərsə də bəzi alimlərin güman etdikləri kimi Kaspi bölgəsinin
bu və ya digər tayfalarını da özündə ehtiva etmiş, erkən zamanların özəl adları ilə bizə
məlum olmayan "kaspilər" (xüsusilə Qafqa Albaniyasının əsas əhalisi olan albanlar)
222
əsasən Azərbaycanın, qismən şimal, qismən isə cənub vilayətlərinin sakinləri
olmuşlar.
Mövcud mənbələrə görə, kaspilər bizim təsəvvürümüzdə əkinçiliyi, maldarlığı,
sənətləri, ticarəti, habelə gəmiçiliyi və dənizçiliyi yaxşı bilmiş xalq kimi canlanır.
Arami sənədlərindən bizə məlumdur ki, Misirdə kaspilərin kifayət dərəcədə
böyük məskənləri var idi.
Kaspilərdə "ən zəngin və nəcabətli şəxslər (hakimiyyətə malik olanlar - məsul
red.)", kahinlər vardı. Bizə kaspilərin adət və mərasimləri, silahları və geyimi barədə
bəzi faktlar məlumdur. Döyüşçü kaspilər "yapıncı geyirdilər və qamışdan hazırlanmış
yerli ox və kamanlarla silahlanırdılar". Kaspilərin dəfn adətləri Mada tayfası olan
maqların adətlərinə yaxın idi. Saf təbiətin - odun, suyun və torpağın meyitlərlə
murdarlanmasına yol verilməməsi haqqında təsəvvür bu adətlərin əsasında dururdu.
Kaspilər siyasi meydana artıq e.ə. V əsrdə çıxmışdılar. Herodot Kserksin
Helladaya yürüşündə onların iştirak etdiyi haqqında məlumat verir. Habelə məlumdur
ki, onlar Makedoniyalı Aleksandrın qoşunlarına qarşı döyüşmüşlər.
Atropatena çarlığının qüdrətli dövründə Kaspiana Atropatenanın hakimiyyəti
altında və yaxud hər halda ondan müəyyən asılılıqda olmuşdur. E.ə. II əsrdə kaspilər
erməni çarlarının ekspansiyası ilə üzləşdilər. Kaspiana bir müddət Atropatenadan
qoparıldı. Strabonun məlumatına görə, sonralar "Alban torpağının tərkibinə Kaspiana
da daxil idi".
Etnik və siyasi dəyişiklərə baxmayaraq, Urmiyaətrafı bölgədə yerli elementlər
hələ antik dövrdə qalmaqda idilər. Uzun zaman ərzində antik müəlliflər tərəfindən
xatırlanan ma(n)tianalılar adı da bunu təsdiq edir. Onların Urmiya gölü zonasında
yerləşmiş ölkəsi Ma(n)tiana adlanırdı. Unniya gölünün özü qədim zamanlarda
Matiana və yaxud Mantiana gölü adlanırdı [Bax: S t r a b o n, XI, XIV, 8]. Gölün
digər adı Kapavta idi və bu da Strabon tərəfindən təsdiqlənir [XI, XIII, 2].
Ma(n)tianalılar Araz və Halis çaylarının yuxarı axarlarından başlanmış
Dəclənin və Diyalanın yuxarı axarlarınadək olan çox geniş ərazidə yaşayırdılar.
Məlumdur ki, ma(n)tianalılar kolxların qonşuları olmuş, ermənilər, madalılar, habelə
kadusilərlə yanaşı yaşamışlar.
Görünür, Ma(n)tiana adı hurri, Mitannisi (Maitenisi) ilə bağlıdır və iddia
etmək olar ki, matianalılar mənşəcə hurri idilər. Onlar gerçək etnik qrup kimi artıq
e.ə. V əsrin əvvəlində çıxış etmişlər. Herodotun sələfi Miletli Hekatey onlar haqqında
danışır. Herodot Kserksin Helladaya yürüşü ilə bağlı olaraq onları xatırlatmışdır. Hələ
e.ə. I əsr müəllifləri də matianalıları tanıyırdılar.
Beləliklə, matianalılara mənbələrdə təxminən 5-6 əsr ərzində təsadüf olunur.
Bu isə, şübhəsiz, adı çəkilmiş bölgədə ayrı-ayrı yerli etnik qrupların və etnik ənənənin
yaşarı və kifayət dərəcədə möhkəm olduğunu təsdiqləyən faktdır.
223
Antik dövrdə Cənubi Azərbaycanda yerli etnik elementlərlə yanaşı, irandillilər
də yaşayırdılar. Onların arasında saqartalılar (əvvəlki zikertulular), Atropatın
dövründə sakesinlər adı altında məlum olmuş ortokoribantlar daha mühümləri idilər.
(A)mardların və b. da adlarını çəkmək lazımdır.
Atropatenanın, Atropatın və Atropatilərin xeyli dərəcədə qüdrət mənbəyi
olmuş çox böyük və güclü tayfa qruplarından biri kadusilər idi. Onlar haqqında daha
erkən məlumatlar Ktesidə və Ksenofontda vardır.
Kadusilər Kaspi dənizinin cənub-qərb qismindən başlanmış Matiana
torpaqlarınadək olan kifayət dərəcədə geniş ərazidə yaşayırdılar. Antik müəlliflər
kadusilərin qonşularl kimi madalıları, matianalıları, albanları, karduxları, anariakları,
kaspiləri, (a)mardları, sakları, tapürləri, hirkanları və b. xatırladırlar. Görünür,
kadusplər XI satraplığın xalqları sırasına daxil idilər.
Cəngavər dağ tayfası olan kadusilər öz müstəqilliklərini yalnız Mada
monarxiyası dövründə deyil, Əhəmənilər hakimiyyəti zamanında da mühafizə edə
bilmişdilər. Düzdür, Ktesi iddia edir ki, onlar Kirə tabe olmuşdular. Lakin sonralar,
hətta III Daranın zamanında kadusilərin fars hökmdarının təbəələri deyil, Mada
satrapı Atropatın müttəfiqləri hesab olunduqları üçün Ktesinin dediyinə inanmaq
çətindir.
Mada tayfalarından biri, "Midiya xalqının dini fikrinin daşıyıcıları"
(V.V.Struvenin ifadəsidir) olan maqlar Atropatenanın etnik tərkibində mühüm yer
tuturdular. Maq kahinlər - Od ayininin xidmətçiləri, zərdüştilik təliminin təbliğatçıları
və qədim ənənələrin, Avesta kitablarının mühafizəçiləri idilər. Maqlar Madanın
sonralar isə Atropatenanın mənəvi, mədəni, habelə siyasi və iqtisadi həyatında böyük
rol oynamışlar.
Yuxarıda deyildiyi kimi, yerli tayfalarda müstəqil dövlətin mövcudluğuna son
qoymuş madalılar tərəfindən Mannanın işğalı diyarın etnik taleyində həlledici rol
oynamışdır.
Mada işğalı zamanından etibarən diyarın etnik-dil mənzərəsi kəskin surətdə
dəyişməyə başladı. Araz çayından cənubda yerləşmiş torpaqların əhalisinin ictimai və
mədəni səviyyəsinin ümumi yüksəlişi Cənubi Azərbaycanın bütün əhalisi üçün
anlaşıqlı olan dilin zəruriliyini tələb edirdi. Lakin həmin dövrdə bu ərazidə bu cür dil
yox idi, müxtəlif dillər mövcud idi və həmin dillərin daşıyıcıları bir-birini
anlamırdılar. Yalnız Manna ərazisinin bir qismi istisnalıq təşkil edirdi. Burada etnik
konsolidasiyasının əlamətləri nəzərə çarpır və güman ki, hamı üçün müəyyən qədər
anlaşılan ümumi dil yaranırdı. Lakin Manna dövlətinin süqutu bu prosesi dayandırdı.
Qeyd etmək lazımdır ki, intensiv surətdə baş vermiş assimilyasiya prosesləri
nəticəsində artıq Əhəmənilər hakimiyyətinə qədərki zamanda Manna tayfaları
tədricən madalılarla qaynayıb qarışmağa başlamışdılar. "Manna" xoroniminin və
"mannalılar‖ etnoniminin itməsi Manna əhalisinin etnik simasını itirməsindən xəbər
224
verir. Manna sonuncu dəfə e.ə. VI əsrin əvvəlində yad edilmişdir. Artıq antik dövrdə
"mannalıların", belə demək mümkünsə, izi də qalmamışdı. Buna görə, də heç də
təəccüblü deyildir ki, nə I Dara, nə də Herodot nə Mannanı, nə də mannalıları
tanımırdılar. Mannalıları artıq "madalılar" adlandırırdılar.
Madalıların işğalı, Cənubi Azərbaycan torpaqlarının uzun müddət ərzində
Mada dövlətinin, sonra isə Mada satraplığının tərkibində olması, hələ Əhəməni
hakimiyyətinə qədərki dövrdə burada Mada etnik elementlərinin geniş surətdə
məskunlaşması sayəsində bu ərazidə tədricən yeni etnik birliyin əsasları təşəkkül
tapmağa başladı. Bu etnik birliyi Mada-Atropatena xalqı adlandırmaq olar.
Mənbələrdə onlar madalı, atropatenalı adlanırdılar.
Gəlmə tayfalar aborigenlərin nəinki maddi mədəniyyətini, təsərrüfat
nailiyyətlərini, habelə müəyyən dərəcədə onların antropoloji tiplərini də əxz etdilər.
Cənubi Azərbaycan ərazisində təşəkkül tapmaqda olan xalq mahiyyətcə öz dillərini
itirmiş, gəlmələrlə qaynayıb-qarışmış avtoxton əhali qruplarının nəsillərindən ibarət
idi. Etno-mədəni simbioz baş verirdi.
Mada işğalından sonra Manna xarici aləm tərəfindən Madanın tərkib hissəsi,
"Kiçik Mada" kimi qəbul edilirdi. Mada-Atropatena (At
a
/
u
rpatakan, Atropat Madası,
Kiçik Mada, Atropatiya, Atropatena) onu əhatə edən xalqların təsəvvüründə Böyük
Madanın bir qismi, ölkənin əhalisi isə madalılar kimi qavranılırdı. Mənbələrin
əksəriyyətində Atropatena Madanın bir qismi hesab olunur. Məsələn, Strabon kimi
məlumatlı bir müəllif Atropatenanı sadəcə olaraq "Midiya" adlandırır. Tatsit də ölkəni
bu cür adlandırırdı. Görünür, "Mada" ölkənin rəsmi adı idi. Xeyli sonralar da həmin
diyarı bu cür adlandırırdılar. I Daranın yazısında, antik müəlliflərdə (Strabon, Plini və
bir çox başqaları) və digər mənbələrdə Cənubi Azərbaycanın əhalisi "madalılar"
adlandırılırdılar.
Madalılar aborigenlərlə qaynayıb-qarışarkən diyarın etnik görkəmini dəyişərək
onların ictimai və mədəni həyatına özlərinin bir çox cəhətlərini bəxş edirdilər. Onlar
işğal etdikləri ölkədə bir növ kök salırdılar. Bu ərazi tədricən onların yeni vətəninə
çevrilirdi.
"Mada" və "Atropatena", habelə "madalı" və "atropatenalı" istilahları əsrlər
boyu çox zaman bir-birini əvəz edən istilahlar kimi işlənmişdir. Bu, erkən orta əsrlər
dövründə bir sıra mənbələrdə daha əyani surətdə izlənilir. Bu baxımdan məşhur
Rüstəmin nümunəsi xüsusilə maraqlıdır. VII əsrin erməni müəllifi Sebeos Rüstəmi
gah Asxarh maraö-ın (madalılar ölkəsinin) sərkərdəsi, gah da Atrpatkanın
(Atropatenanın) knyazı adlandırır. Əl-Məsudidə ərəblərlə döyüşdə həlak olmuş həmin
Rüstəm "əl-azəri", yəni ―azəri" adlandırılır, bu isə son nəticədə elə "azərbaycanlı"
deməkdir. Antik dövrün Mada-Atropatena dilinin yazılı abidələri indiyədək aşkar
olunmasa da, biz tam əsasla iddia edə bilərik ki, Atropotenanın orta Mada dili,
şübhəsiz, geniş yayılmış, zəngin yazı ənənəsinə malik olmuş İran dillərindən biri idi.
225
Nəinki Azərbaycanın retrospektiv surətdə əsrlərin dərinliyinə yönəldilə biləcək
erkən orta əsrlər dövrünün nisbətən yaxşı məlum olan etnik-dil mənzərəsi, habelə bir
çox digər məlumatlar da bunu tam müəyyənliklə təsdiq edir.
Erkən orta əsrlər dövründə Cənubi Azərbaycanda etnodil situasiyasından
danışarkən qeyd etmək lazımdır ki, ərəb müəlliflərinin məlumatlarına görə, burada
yayılmış dillər İran dilləri olmuşdur. Ərəb müəllifləri bu dövrdə Cənubi
Azərbaycanda yayılmış dillərin və ləhcələrin sırasında azəri (
aбari) pəhləvi (fahlavi <
pahlavi) və fars (luyat-i furs) dillərini xatırladırlar.
Azəri dilinin Cənubi Azərbaycan əhalisinin xeyli qisminin dili olduğundan əl-
Məsudi danışır. İbn Hövqəl, Yaqut Həməvi, Bəlazuri və başqa ərəb müəllifləri bu dil
haqqında məlumat verirlər. Müqəddəsi azəri dilini çətin anlaşılan, ayrı-ayrı sözləri
Xorasan dilinə bənzəyən xüsusi "fars dili" kimi səciyyələndirir. IX-X əsrlərin bir sıra
digər müəllifləri kimi, Müqəddəsi üçün (luyat-i furs) (yəni "fars dili‖) məfhumu
sadəcə olaraq İran dilləri qrupuna mənsubluq demək idi. Azəri dilinin fars dili
olmadığı qənaəti həmin dilin "yaxşı olmadığını", onun çətin anlaşıldığını (fars dilini
bilən şəxsin baxımından) iddia edən ərəb müəllifinin öz sözlərindən bəlli olur.
Müqəddəsidə azəri dili üçün "fars dili" məfhumunun istifadə olunması başqa ərəb
müəllifləri tərəfindən, məsələn, İbn əi-Mükəfa tərəfindən İsfahanın, Reyin,
Həmədanın, Nəhavəndin və Azərbaycanın dilini nəzərə çatdırmaq məqsədilə fahlavi
("pəhləvi dili") istilahının işlədilməsinə bənzəyir.
Beləliklə, hələ ərəb müəlliflərinin yaşayıb fəaliyyət göstərdikləri dövrdə
Azərbaycanda fars dilindən güclü surətdə fərqlənən və talış dilinə yaxın olduğu
aşkarlanan azəri dilində də danışırdılar. Azəri dilinə və müasir talış dilinə yaxın olan
dialektlər hələ erkən orta əsrlərdə Cənubi Azərbaycan ərazisində geniş yayılmışdı.
Orta əsrlərdə Cənubi Azərbaycanda yayılmış bu dillər öz sələfinin - Mada
dilinin və yaxud daha yaxşı - Mada ləhcələrinin bəzi xüsusiyyətlərini saxlamışlar.
Əlbəttə, bu ləhcələr qədim zamanlarda da Azərbaycan ərazisində mövcud olmuşlar.
Bizim azəri dili (həmin dili "Azərbaycan dili" də adlandırmaq olar;
luyat-i
aбarbäyjan istilahına əl-Birunidə də təsadüf olunur) haqqında bildiklərimizdən
aşağıdakı nəticələrə gəlmək lazımdır:
1. Hələ orta əsrlərin ərəb müəllifləri dövründə Azərbaycanda Azəri dilində də
danışırdılar;
2.
Azəri dilinin İran dillərindən olduğu mübahisəsizdir, çünki bu dil ərəb
rnüəllifləri tərəfindən "dari" və "pəhləvi" dilləri ilə bir sırada xatırlanır və yaxud fars
dili ilə birgə Qafqaz dillərinə qarşı qoyulur;
3. Azəri dili fars dili deyildir.
Azəri dili materiallarının nüfuzlu alimlər tərəfindən aparılmış təhlili iddia
etməyə imkan verir ki, bu dil Şimal-qərbi İran dilləri qrupuna aiddir və o, şübhəsiz,
226
hələ Mada dilinə xas olmuş fonetikanın başlıca xüsusiyyətlərini özündə saxlamış talış
dilinə yaxın idi.
Cənubi Azərbaycanın İran dialektləri - xarzani, xalxali, karinqani və b. qədim
zamanlarda bu bölgədə mövcud olmuş dillərin qalıqlarıdır.
Qeyd etmək çox vacibdir ki, həm erkən orta əsrlərdə Cənubi Azərbaycanda
mövcud olduğu təsdiqlənən, həm də hazırda bu ərazidə qalmış dialektlər (bunların
hamısı Şimal-Qərbi İran dilləri qrupuna aiddir) Mada dilini də səciyyələndirən
xüsusiyyətlərlə fərqlənirlər. Buna görə də zənn etmək olar ki, onlar Mada dilinin və
yaxud daha doğrusu Mada dialektlərinin varisləridir.
Son zamanlar İran alimlərinin əsərləri sayəsində məlum olmuşdur ki, Cənubi
Azərbaycan vilayətlərində talış dilindən başqa bu dilə yaxın olan tati, xarzani,
takestani, xalxali və b. dialektlər yayılmışdır və həmin dialektləri Mada dilinin
varisləri hesab etmək olar. İran tədqiqatçısı E. Yarşater hətta bu dialektləri sadəcə
olaraq Mada dialektləri adlandırır.
Maraqlıdır ki, Cənubi Azərbaycanın bəzi kəndlərində (Gəlinqaya, Dizəc
Qurban, Kuri, Pir-İshaq, Xarzənd, Uryan, Qaragöz və b.) hal-hazırda da azəri dilində
danışırlar.
Artıq indi iddia etmək olar ki, talış dili problemi azəri dili ilə, Cənubi
Azərbaycan ərazisində yayılmış müasir dialektlərlə bilavasitə bağlıdır. Həmin nəticəni
irəli sürmək isə yalnız əsrimizin 30-cu illərindən başlayaraq mümkün olmuşdur: 30-
cu illərdə B.V.Millerin "Vilayətin türkləşməsinə qədərki dövrdə Azərbaycan
əhalisinin dili haqqında məsələyə dair" adlı məqaləsi çıxdı. Bu məqalə azəri dilinin
materialları əsasında yazılmışdı. Lakin həmin materiallar elmi dövriyyəyə ilk dəfə
İran alimi Seyid Əhməd Kəsrəvi Təbrizi tərəfindən "Azəri və yaxud Azərbaycanın
qədim dili‖ adlı əsərində verilmişdir.
Kəsrəvi azəri dilinə dair materialları ilk dəfə aşkara çıxardı, orta əsrlərdə
Azərbaycanda yayılmış bu dilin İran səciyyəli olduğunu sübut etdi. Lakin o, dilçi
olmadığına, mahiyyətcə İran dillərinin tarixi, müasir İran dialektləri haqqında heç bir
təsəvvürə malik olmadığına görə səhv olaraq azəri dilini əski fars dili kimi
müəyyənləşdirirdi.
B.V.Millerin əsərlərindən sonra azəri dili ilə ən yaxın əlaqələri olan talış
dilinin tarixi haqqında danışmaq mümkün oldu. Həmin fikri talış dilinə fövqəladə
dərəcədə yaxın olan tati dili haqqında da demək olar (lakin artıq İran tədqiqatçıları
E.Yarşater, A.Karəng, Y.Zoka, M.Nəvvabi və b. əsərlərindən sonra).
Talış, tati dilləri, Cənubi Azərbaycanın bir sıra başqa dilləri və dialektləri
qədim zamanlarda burada mövcud olmuş böyük dil massivinin varisləridirlər. Mada
dili, onun dialektləri və şivələri bu dil massivində hakim mövqe tutmuşdu.
Azərbaycan ərazisində yayılmış bu dillər buraya nə yeni dövrdə, nə də orta
əsrlərdə gələ bilməzdilər. Bu, mütəxəssislər üçün mübahisəsiz olan həqiqətdir. Özü də
227
müqayisəli dilçiliyin məlumatlarının göstərdiyi kimi, şimal-qərb qrupunun dilləri və
dialektlərinin fars qrupu dilləri ilə ən azı antik zamanın başlanğıcınadək ayrıldığını da
xüsusilə qeyd etmək lazımdır.
Mada dilinin və onun dialektlərinin bölgənin hakim dili olması şübhəsizdir.
Bu, nəinki hələ antik dövrdə bizi maraqlandıran ərazilərdə Mada etnik elementlərinin
geniş surətdə məskunlaşmasına dair yaxşı məlum olan faktlardan, ölkə əhalisinin
"madalılar" etnonimi ilə ifadə olunmasından, ölkənin "Mada" adlandırılmasından,
erkən orta əsrlərdə burada Mada qrupunun dil və dialektlərinin, yeni dövrdə isə həmin
qrupun dialektlərinin yayılmasından, habelə başqa mübahisəsiz məlumatlardan da
irəli gəlir.
Parfiya və orta fars dilləri ilə yanaşı, qədim erməni dilində orta Mada və yaxud
Mada-Atropatena dilindən əxz olunmuş müəyyən miqdarda mənimsəmələr vardır. Bu,
mənimsəmələr yazılı abidələri təəssüf ki, bizə gəlib çatmamış Mada dili haqqında
müəyyən dərəcədə təsəvvür yaratmağa imkan verir: "Midizmlər" ən erkən, e.ə. II əsrə
aid olan arami yazılarında aşkara çıxır.
Deyilənlər Mada-Atropatena (orta Mada) dilinin geniş yayıldığını, mədəni
əhəmiyyətini və həmin dilin Atropatenanın qonşularının dillərinə çoxəsrlik təsirini
təsdiq edir. Şübhəsizdir ki, orta Mada dili zəngin yazı ənənəsinə malik idi.
Şübhəsizdir ki, erməni hərfləri ilə, lakin fars dilində tərtib edilmiş, XV əsrə aid olan
əlyazmada məhz bu Atropatena dili "Mada dili" adlandırılmışdır. Bu əlyazmada
ibadətin yeddi dildə, o cümlədən "Mada" dilində mətni vardır. Heç şübhəsizdir ki, bu
dil Mada qrupuna mənsubdur. Mannanın madalılar tərəfindən işğalından sonra Mada
elementlərinin həmin ərazidə məskunlaşması intensiv etnik proseslərlə ınüşayiət
olunmalı idi. Həmin proseslər bu ərazidə Mada dilinin və Mada etnosunun qələbəsi ilə
başa çatmışdı.
Bizə bəlli olan materiallardan belə nəticə çıxır ki, assimilyasiyaya uğramış
etnoslar adətən onların yerini tutmuş etnoslara müəyyən dərəcədə nəinki tarixi-
mədəni, habelə bioloji irsi də ötürürlər. Bizi maraqlandıran halda da belə olmuşdur.
Qeyd etməmək olmaz ki, qədim zamanlarda yaranmış irandilli xalqların əksəriyyəti
İran yaylasının etnik simasını itirmiş və assimilyasiyaya uğramış yerli əhalisinin
nəsillərindən ibarət idi. Onlar aborigenlərin nəinki maddi mədəniyyətini və təsərrüfat
nailiyyətlərini mənimsəyir, habelə müəyyən dərəcədə yerli əhalinin antropoloji
tiplərinin də varisləri oldular. Bu mənada etnosların əksəriyyəti ümumdünya-tarixi
prosesini izsiz tərk etmir.
Hellinizm dövründə Cənubi Azərbaycanın ərazisində öz dili, adı-etnonimi,
etnik özünüdərki və etnosun başqa ayrılmaz tərkib komponentləri olan yeni etnik
birlik meydana gəlmişdi.
228
Maraqlıdır ki, Ermənistanda və İberiyada (Şərqi Gürcüstanda) ümumxalq
dilləri - koyne Atropatenada ümumxalq dilinin meydana gəldiyi bir zamanda zühur
etmişdir. Görünür ki, Albaniyada da ümumi danışıq dili bu zaman meydana gəlmişdi.
Atropatena fenomeninin ümumi səciyyəsini verərkən qeyd etmək fövqəladə
dərəcədə vacibdir ki, "Azərbaycan" anlayışının özünün, habelə onunla bağlı olan
etnomədəni, ictimai və siyasi səciyyəli hadisələrin və halların başlanğıcı Vətənimizin
tarixinin
məhz
Atropatena
dövründə qoyulmuşdur. Qədim Azərbaycan
dövlətçiliyinin, qədim Azərbaycan, daha dəqiq Atropatena-Mada xalqının mənşəyi
məhz buradandır. "Azərbaycan" xoroniminin özü də əsası etibarilə həmin zamana
gedib çıxır və qədim *Ätarpätakän'-ın qanunauyğun surətdə dəyişmiş formasıdır. Bu
xoronim heç də bir çoxlarının düşündüyü kimi, "Odlar yurdu" deyil, "Atropata
məxsus olan [torpaq]" deməkdir. Müqayisə üçün "Lotaringiya" (kral Lotarın adından
törənmişdir), "Özbəkistan" (Özbək adındandır), "Kolumbiya" (Kolumbun adı ilə
bağlıdır) və s. xoronimləri yada salmaq olar.
Bu adın ikinci hecada "a" saiti ilə mövcud olan, erkən orta əsrlərdə yaxşı
təsdiqlənən formaları (Adarbigana, Adarbadagani, Ädarbaбkän, Ädarbäygan,
Ädärbäyjän, Äzärbadgän və b.) müvafiq hecada "u" saiti olan orta fars formalarına -
Aturpatkan'a gedib çıxa bilməz.
Belə hesab edirlər ki, *Ätarpätakan(a) forması Mada dialektlərinə gedib çıxır.
Bu ad Ätarpät adından və -akän(a) şəkilçisindən ibarətdir və yuxarıda qeyd edildiyi
kimi, "Atropata məxsus olan [torpaq]" deməkdir. Bu nöqteyi-nəzər Strabonun
müddəası ilə yaxşı uzlaşır. Strabon yazmışdır ki, Atropat Madası "öz adını sərkərdə
Atropatın adından almışdır".
"Azərbaycan" adının yuxarıda verilmiş müxtəlif formalarının mövcudluğu
Ätrpät(a) adının müxtəlif formalarının mövcudluğu ilə izah olunur: Avestada
Ätərəpat(a), - e.ə. I minilliyin ortalarına aid olan Elam sənədlərində Ätarpäta (Ha-tar-
ba-ad-da), Ätropät (Nisadan aşkar olunmuş Parfiya sənədlərində Ätropätak variantı da
vardır), Sasani dövründə Äturpät, daha sonrakı dövrdə Ädurbäd və s. İran aləmində
geniş şəkildə təsdiqlənən bu ad "Od (tanrısı) tərəfindən mühafizə olunan" mənasını
daşıyır. Beləliklə, eyni adın qanunauyğun fonetik variantları olan "Azərbaycan"
xoronimi mənbələrdə təsdiqlənən bir sıra aralıq (keçid) formaları vasitəsi ilə məhz
*Ätarpätakän(a) formasına gedib çıxır.
Biz Vətənimizin tarixində müəyyən dövrdə irandilli tayfaların üstün, aparıcı
rolu, Cənubi Azərbaycanın bir çox yerli tayfalarının iranlaşması, Atropatena dilinin
İran xarakteri haqqında danışarkən daha erkən zamanlarda Cənubi Azərbaycan
ərazisində və onunla qonşu olan ərazilərdə yaşamış kuti, lullubi, hurri, Manna
qruplarını, başqa tayfaları və xalqları Azərbaycan xalqının əcdadları sırasından heç də
çıxarmırıq. Adları çəkilmiş tayfa və xalqlar sələflərimiz, erkən tariximizdir və biz,
əlbəttə, onlardan imtina etmək fikrində deyilik. Məlumdur ki, ingilislər öz tarixlərini
229
Albion sahillərinə anqlosaksların çıxmasından, fransızlar Qalliyanın romanlaşması
zamanından başlamırlar; Misir ərəbləri heç də o fikirdə deyildirlər ki, onların tarixi
ərəb süvarilərinin ölkə sərhədlərinə daxil olduğu gündən başlanır; nə ispanlar, nə
türklər, nə farslar, nə də başqaları yaşadıqları ərazinin ən qədim sakinlərinin - onlarla
qaynayıb-qarışmış, onların içərisində "ərimiş" aborigenlərin tarixindən imtina
etmirlər.
Vətənimizin torpağında yaşamış bütün tayfa və xalqlar bizi maraqlandıran
ərazidə baş vermiş etnik proseslərdə özəl, həm də mühüm rol oynamışlar. Onların
hamısı müxtəlif dövrlərdə burada təşəkkül tapmış etnik birliklərdə, son nəticədə isə
eramızdan əvvəlki son yüzilliklərdə meydana gəlmiş etnik birlikdə qovuşmuşdur.
Həmin etnik birliyin təşəkkülündə həlledici rol madalılara məxsus idi.
Böyük dövr ərzində - Cənubi Azərbaycanın madalılar tərəfindən işğalı
zamanından etibarən - diyarın tarixi madalıların (artıq diyarın aborigenləri ilə
qaynayıb-qarışmış) yeni şəraitdəki tarixidir, Yeni Mada dövlətinin (300 ildən artıq)
tarixidir və s.
Biz məhz buna görə tam əsasla Azərbaycan xalqının əcdadları sırasında
diyarın yalnız ən qədim sakinlərinin deyil, habelə gəlmə irandilli madalıların adını da
çəkirik. Madalıların bu torpağa gəlişinə qədərki tarix də müəyyən dərəcədə bizim
tariximiz, xalqımızın tarixidir. Hazırda türk dillərindən birində danışan
azərbaycanlılar madalılar vasitəsilə Hind-İran, daha geniş miqyasda isə, Hind-Avropa
aləminə bağlanır, iranlılarla, hindlilərlə, germanlarla, slavyanlarla və başqa xalqlarla
qohumluğa yetirlər. Azərbaycanlılar məhz madalılar vasitəsilə İran mədəniyyətinin də
varislərinə çevrilir, irandilli xalqlarla birgə bu zəngin aləmə, eposa, "Avesta"ya,
zərdüştilik təliminə və bir çox digər tarixi-mədəni dəyərlərə sahiblik hüququ
qazanırlar.
Dostları ilə paylaş: |