Atropatena eramızın ərəfəsində. Yadelli istilaçılara qarĢı mübarizə. E.ə. I
əsrin birinci yarısının Atropatena tarixi, demək olar ki, qaynaqlarda öz əksini
tapmamışdır. Yalnız 60-cı illərin hadisələri ilə bağlı bizə atropatenalılar haqqında bir
neçə məlumat gəlib çatmışdır, özü də bunlar ölkənin daxili həyatına aid hadisələr
deyil, hamısı xarici siyasət tarixinə aid hadisələrdir. E.ə. I əsrin ikinci yarısının -
xüsusilə 30-cu illərin Atropatena tarixinin faktları və hadisələri cəhətdən vəziyyət bir
qədər yaxşıdır.
Lakin tam inamla demək olar ki, göstərilən dövrdə Atropatena dövləti,
şübhəsiz, mövcud olmuş, üstəlik regionun siyasi həyatında ən fəal iştirak etmişdir.
Bunu biz yalnız Atropatena ilə qonşu olan ölkələrin tarixinə müraciət etmək və ya
regionda ümumi vəziyyətlə tanış olmaq sayəsində öyrənirik.
Ön Asiyanın Şərq vilayətlərində e.ə. II əsrin ikinci yarısı və I əsrin başlanğıcı o
zamankı dünyanın iki ən iri dövlətinin - Parfiya və Romanın durmadan qəsbkarlığı
dövrü idi. Roma və Parfiya yeni torpaqlar işğal edə-edə, öz nüfuz dairələrini
genişləndirə-genişləndirə və möhkəmləndirə-möhkəmləndirə tədricən, necə deyərlər,
qarşı-qarşıya hərəkət edirdilər, nəhayət, bilavasitə üz-üzə gəldilər və bunun ardınca
bir-biri ilə mübarizəyə başladılar.
E.ə. II əsrin sonuna - I əsrin əvvəlinə yaxın Parfiya dövləti zəhmli bir qüvvəyə
çevrilir. Parfiyalılar Çin və Roma respublikası ilə diplomatik əlaqə saxlayırdılar.
Parfiya mədəni dünyanın Şərq hissəsi ilə Qərb hissəsi arasında əlaqələndirici bir halqa
idi. Bu dövr parfiyalıların geniş qəsbkarlığı dövrü idi.
Parfiyadan xeyli uzaq olan vilayətlərdə parfiyalıların mövqeləri möhkəmlənir
və güclənir. Tezliklə bu vilayətlərin bəzilərində Parfiya çar sülaləsi - Arşakilərin
nümayəndələri hakimiyyət başına gəldilər.
Lakin Roma da yatmamışdı. Artıq e.ə. II əsrin ortalarına yaxın Roma
respublikası Aralıq dənizi hövzəsində ən güclü dövlətə çevrilmişdi. Bu zaman Roma
Karfagenin axırına çıxmış, Yunanıstanda demokratik hərəkatın alovlarını söndürmüş,
Aralıq dənizi hövzəsinin Şərq hissəsinə lap yaxınlaşmış və region dövlətlərinin
238
işlərinə ciddi qarışmağa başlamışdı. E.ə. I əsrin əvvəlində romalılar artıq Kiçik
Asiyada meydan sulayırdılar. Roma sərkərdəsi Sulla 92-ci ildə Dəclə çayının
sahilində Parfiya səfiri ilə görüşmüşdü. Bu, parfiyalılar ilə romalılar arasında ilk
ünsiyyət idi. Plutarx yazırdı: "İndiyədək iki xalq hələ bir-biri ilə təmasda olmamışdı".
O vaxt Ön Asiya regionunda vəziyyət son dərəcə mürəkkəb idi. Bir neçə əsr
ərzində Roma ilə Parfiya arasında baş verən toqquşmalar, onların qarşılıqlı mübarizəsi
nəticəsində Ön Asiya regionunda tədricən "siyasi dualizm" deyilən sistem meydana
gəlməyə başlayır.
Romanın ucqar şərq torpaqlarının müxalif əhvaliruhiyyəli əhalisi parfiyalılara
onu Roma əsarətindən xilas edəcək potensial bir qüvvə kimi baxırdı, elə bir qüvvə ki,
o, Qərbdən gəlmə yadlar tərəfindən Şərqdə tətbiq edilmiş və tətbiq edilməkdə olan
"Roma qaydasını" dağıda bilər. Parfiya dövlətinin qərb ucqarlarında yaşayan Parfiya
təbəələri isə Romaya ümid bəsləyirdilər.
Roma qəsbkarlığı Zaqafqaziya regionu və ona qonşu olan ərazi xalqları üçün
də, xüsusən yunan-makedoniyalılara qarşı mübarizənin yerli qüvvələrin qələbəsi ilə
(onların öz dövlətinin, xüsusən Atropatenanın yaradılması ilə) başa çatdığı vilayətlər
üçün də təhlükə törədirdi. E.ə. I əsrdə bu vilayətlər parfiyalıların siyasət və
mədəniyyətinin təsir dairəsinə düşmüşdü. Parfiyalılar Şərq xalqlarını mənfur yunan-
makedoniyalı əsarətindən, bir qədər sonra isə Roma əsarətindən xilas edən bir qüvvə
kimi çıxış edirdilər. İki düşmən-Roma və Parfiya bir-biri ilə ölüm-dirim döyüşünə
atılmazdan əvvəl vəziyyət məhz belə idi. Parfiyalılar Şərqdə öz mövqelərini
möhkəmləndirdikdən sonra Qərbə üz tutdular. Artıq II Mitridatın hökmranlığının (e.ə.
123-87) əvvəlində parfiyalılar o zaman güclənmiş olan Xarakenaya və Babil satrapı
Kimerə üstün gəlirlər. Parfiyalılar Ermənistanm və Selevki hakimlərinin daxili
işlərinə qarışır, həmçinin Zaqafqaziyanın digər vilayətlərində, xüsusilə Albaniyada
fəallıq göstərirdilər. Bunu xüsusən İsmayıllı rayonunun Mollaisaqlı kəndi zonasında
tapılmış arxeoloji materiallar da təsdiq edir. Burada aşkara çıxarılan qəbir abidələri
əslən Parfiya dünyasından olub Albaniyada qərar tutan gəlmələrdən qalmışdır.
Atropatenada da parfiyalıların mövqeləri möhkəmlənməkdə davam edirdi. E.ə.
I əsrdə Atropatenada məişətdə, tikintidə, memarlıqda "parfiyalaşma" o qədər güclü və
əhatəli idi ki, bunun birdən-birə, hazırlıq dövrü olmadan baş verdiyini güman etmək
çətindir. Bütün bunlar onu göstərir ki, Atropatenada Parfiyanın təsiri, şübhəsiz, daha
əvvəllər başlanmışdı. Bunu e.ə. I əsrdə Parfiya sikkələrinin Atropatenada geniş
yayılması da təsdiq edir və güman etməyə əsas var ki, Ekbatanada kəsilmiş Parfiya
gümüş pulu Zaqafqaziyaya Atropatena vasitəsilə yayılırmış.
Parfiya dilində tərtib edilmiş, bizə gəlib çatmış bir avroman sənədi də
Atropatenada parfiyalıların o zamankı rolundan və əhəmiyyətindən xəbər verir.
Madalıların, xüsusən Atropatena madalılarının parfiyalılarla yaxınlaşması üçün
Atropatenanın özündə çox böyük bir zəmin vardı. Hellinləşməyə müqavimət burada
239
kifayət qədər fəal idi. Madalılar çox mürəkkəb şəraitdə, yunan-makedoniyalıları bir o
qədər yaxına qoymayan müstəqil dövlət yaratdılar, öz istiqlaliyyətlərini qoruyub
saxlamaq uğrunda selevkilərə qarşı inadlı mübarizə aparırdılar, Atropatena madalıları
Mada etnik birliyinə mənsub olduqlarını dərk edir, öz mədəni ənənələrinin, dininin,
dövlət quruluşunun üstünlüyünü qoruyub saxlamağa və möhkəmləndirməyə
çalışırdılar; bütün bunlar parfiyalıların məqsədlərinə uyğun gəlirdi.
Parfiyalıları Atropatenaya tərəf çəkən bir amil də, əlbəttə, dövlətin ərazisini
genişləndirmək və strateji cəhətdən mühüm əməliyyat meydanı ələ keçirmək
niyyətindən, ən əvvəl atropatenalılarla parfiyalıların ümumi məqsədindən, hellinliyə
qarşı mübarizədən ibarət idi. Parfiyalılar və atropatenalılar Atropatenada kökləri I
minilliyin əvvəllərinə gedən "öz" mədəniyyət və dinini dirçəltmək işində də müttəfiq
idilər. Hələ o zaman Qərbi İran vilayətlərində, o cümlədən Cənubi Azərbaycanda
müxtəlif mazdaizm təlimləri, Kiçik Avesta etiqadları mövcud idi. Mada hökmranlığı
dövründə, maqlar bu təlimləri təbliğ etməyə başlayanda gələcək Atropatena zonasında
mazdaizm - Avesta təlimlərinin mövqeləri daha da möhkəmlənməkdə idi. Atropatilərin
və Atropatena madalılarının rəsmi dini mazdaizm-zərdüştilik - Avesta dini idi.
Atropatena dövlətinin banisi Atropatın özünün adı da zərdüşti adıdır. Parfiya
padşahlığı dövründə də Zərdüşt kahinləri - maqlar İranın qərb vilayətlərinin dini
həyatında çox mühüm rol oynayır, Kiçik Asiya və Zaqafqaziya ölkələrinin dininə və
ideologiyasına çox güclü təsir göstərirdilər.
Dini sinkretizmin hökmranlığı dövründə Atropatenada zərdüştilik təliminin
mövqeləri laxladı, bu təlim təbəddülata uğradı. Arşakilər köhnə dini dirçəltdilər və bu din
özünütəsdiq uğrunda yadellilərə məxsus nə varsa hamısına qarşı mübarizədə onlara
bayraq oldu. Doğrudan da "Avesta" kitablarını toplamaq yolunda ilk təşəbbüs Parfiya
Arşakiləri zamanında göstərilmişdi. E.ə. I əsrdə Parfiyada "Avesta"nın, hər halda onun
ayrı-ayrı hissələrinin yazılı mətni mövcud idi.
Parfiyalıların və Atropatena madalılarının mənafelərinin ümumiliyi, onların
mədəniyyət cəhətdən yaxınlığı və dil cəhətdən qohumluğu Mada-Atropatena ünsürləri
ilə Parfiya ünsürlərinin Atropatena zəminində etno-mədəni baxımdan xeyli
yaxınlaşmasına və hətta qovuşmasına səbəb olurdu. Bu, zahirən öz əksini, məsələn,
"parfiyalılar" termini əvəzinə tez-tez "madalılar" termininin işlədilməsində tapırdı. Elə
bu zaman parfiyalıların təsiri altında Atropatenada yeni Avesta zərdüştiliyi ocağı
meydana gəlir.
E.ə. I əsr Atropatenasında Avesta zərdüştiliyinin yeni mərkəzinin mövcud
olduğunu fərz etmədən Atropatenanın sonrakı tarixində Zərdüşt kahinlərinin-maqların çox
böyük rolunun səbəbini başa düşmək çətindir.
Güman etmək olar ki, "Avesta"nın kitablarından biri - "Videvdat" qəti şəkildə
Atropatenada formalaşmağa başlamışdır və madalıların dini təsəvvürləri "Videvdat"da
əks etdirilmiş təsəvvürlərə uyğundur.
240
Güman ki, e.ə. I əsrin ikinci rübündə Atropatena çarları ilə erməni çarları
arasında nikah əlaqələri yarananadək Atropatena prinsipcə parfiyapərəst siyasət
yeridirdi. Atropatena çarı Mitridat erməni çarının qızı ilə evlənəndən sonra isə
Atropatena tacidarının siyasəti antiparfiya siyasəti olmasa da, hər halda, şübhəsiz,
ermənipərəst və antiroma siyasəti idi.
Bu zaman Romaya qarşı ümumi mübarizə zəminində atropatenalılarla ermənilərin
əlaqələri çulğalaşır, ittifaq, dostluq, ən sıx siyasi və mədəni-iqtisadi təmas məcrasında
inkişaf edirdi.
Parfiya ilə Ermənistan arasında gedən müharibələr nəticəsində Ermənistan II
Mitridata tabe oldu. Parfiya çarı Ermənistan şahzadəsi Tiqranı girov götürdü və Tiqran
uzun müddət Arşakilər sarayında saxlanıldı.
E.ə. 95-ci ildə parfiyalılar Tiqranı Ermənistan taxtına əyləşdirir və Tiqran bir
məlumata görə, Ermənistanda, digər məlumata görə isə Atropatenada yerləşən 70
vadini təşəkkür əlaməti olaraq Parfiyaya verir. Bu vadilər üstündə dövlətlər arasında
mübahisə gedirdi. Hələ Strabon yazmışdı: "Atropatilərin... qüdrətli qonşuları vardır və
bu qonşular - ermənilər və parfiyalılar onların ölkəsini viran qoyurlar. Lakin atropatilər
müqavimət göstərir və işğal edilmiş torpaqları geri alırlar".
Bəzi alimlərin güman etdiklərinə görə, II Tiqranın azad olunması müqabilində
parfiyalılara verdiyi "70 vadi" məhz o vadilər idi ki, guya hələ I Artaşes onları
atropatenalılardan almışdı. Əgər doğrudan da belədirsə, onda göstərilən fakt hələ
Ermənistan dövlətinin meydana gəlməsinin lap ilk dövründə iki çar arasında
düşmənçilik münasibətlərinə və təxminən e.ə. II əsrin birinci rübünün sonunda, yaxud
ikinci rübünün əvvəlində erməni qəsbkarlığına sübut olardı. II Tiqran (95-55-ci illər)
artıq öz hakimiyyətinin ilk illərində öz qonşularına - ilk növbədə Sofenadakı erməni
çarlığına qarşı təcavüzkarlıq göstərir və e.ə. 94-cü ildə onu istila edir. Elə həmin il II
Tiqran Pont dövlətinin qüdrətli çarı VI Mitridat Yevpator ilə saziş bağlayır və onun
qızı Kleopatra ilə evlənir. Ermənistan çarı Atropatilərlə də qohum idi - Atropatena
çarı Mitridat II Tiqranın qızını almışdı.
Pont-Ermənistan ittifaqının başlıca məqsədi Romaya müqavimət göstərmək
idi. Lakin Roma ilə müharibədən əvvəl II Tiqran hələ Parfiya ilə mübarizə aparmalı
idi.
Parfiyalıların Fərat sahillərinə gəlib çatması bu ərəfədə Kiçik Asiyada geniş
əraziyə yiyələnmiş romalıları bərk narahat edirdi.
II Tiqran Sofenanı tutduqdan sonra fəal qəsbkarlıq əməliyyatlarını davam
etdirirdi. O, Kappadokiyada öz mövqelərini möhkəmləndirdi ki, bu da 93-92-ci illərdə
Roma ilə qısamüddətli müharibəyə gətirib çıxartdı. Tiqran darmadağın edilib böyük
tələfata uğradısa da, Ermənistan çarının əvvəlki müvəffəqiyyətləri romalıları
parfiyalılarla təmasa girmək üçün yollar axtarmağa vadar etdi. E.ə. 92-ci ildə Roma
sərkərdəsi Sulla Fərat sahilində Parfiya səfiri Orobazla görüşdü. Bu görüş parfiyalı II
241
Mitridatın romalılara yaxınlaşmasına kömək edirdi, lakin sonrakı hadisələrin
göstərdiyi kimi, parfiyalılar Romanın onları, eləcə də bütün Şərqi necə böyük
təhlükəyə məruz qoyduğunu o zaman hələ dərk etmirdilər.
Parfiya daxili çəkişmələr nəticəsində zəifləyir, Romada da vətəndaş
müharibəsi qızışır, bunlar II Tiqranın əl-qolunu tamamilə açır. O, ən əvvəl təqribən
90-cı illə 88-ci il arasında parfiyalılara basqın edir və ilk növbədə, özünün azad
edilməsi müqabilində hədiyyə verdiyi yetmiş vadini onlardan alır.
Strabonun əsərindən göründüyü kimi, II Tiqran atropatenalıların o vilayətini də
işğal etmişdi ki, coğrafiyaçı onu Simbaka adlandırır, lakin bu ad təshih edilib
"Albaka" yazılmalıdır (həmin yer indiki Beşqala ətrafında yerləşən müasir Böyük
Axbaq vilayətidir). Biz bilmirik ki, Tiqran o vaxt Atropatena çarı ilə artıq qohum
olmuşdumu, ya yox. Bizə burası da məlum deyil ki, o zaman Atropatena dövlətini çar
Mitridatmı idarə edirdi?
Biz bilmirik ki, Atropatena doğrudan da tabe edilmişdimi və vassal çarlığa
çevrilmişdimi, atropatenalı Mitridat sonralar II Tiqranın "sədaqətli vassalı"
olmuşdumu, ona bac verirdimi və bəzi tədqiqatçıların hesab etdikləri kimi, müharibə
zamanı ona köməkçi qoşunlar göndərməyi öhdəsinə almışdımı? Yalnız burası
məlumdur ki, Atropatena padşahı Mitridat, yuxarıda qeyd edildiyi kimi, erməni
padşahının qızı ilə evlənmişdi. İki tacidarın qarşılıqlı münasibətlərində çox şey
bununla müəyyən edilirdi və ola bilsin ki, onlar sadəcə müttəfiq idilər.
II Tiqran öz qəsbkarlıq siyasətini davam etdirirdi. Adiabenanı işğal edib orada
bütöv rayonları "viran qoymuşdu".
Qeyd etmək yersiz olmaz ki, Qərbdən Atropatenaya bitişik olan Adiabenanın
üç iri xalqından biri Atropatenanın əsas əhalisi olan madalılar idi. Strabon
Adiabenadan bəhs edərək yazırdı: "Burada ən çoxsaylı xalqlar olan midiyalılar,
ermənilər və babillilər lap əvvəldən öz aralarında elə münasibətlər yaratmışdılar ki,
münasib olduqda hamısı bir-birinə hücum edir və sonra yenidən barışırdılar...".
Çar Adiabenadan cənub-şərqə hücumu davam etdirərək, Parfiya
hökmdarlarının yay iqamətgahı olan Ekbatanaya çatdı və onların oradakı qəsrini
yandırdı.
Parfiya ilə e.ə. 85-ci ildə başa çatan uğurlu müharibə nəticəsində II Tiqran Ön
Asiyanın çox geniş rayonlarına yiyələndi və "çarlar çarı" titulunu qəbul etdi. 83-cü
ildə erməni padşahı Suriyanı və Finikiyanı tutdu.
Beləliklə, Yaxın Şərqdə siyasi vəziyyət xeyli dəyişdi - Parfiya iyirmi il
müddətinə ikinci dərəcəli dövlət səviyyəsinə endi, II Tiqranın səltənəti isə qüdrətli və
böyük dövlətə çevrildi. Söz yox ki, II Tiqranın böyük istilaları o zamanın digər iki iri
dövlətinin zəifliyi nəticəsində mümkün olmuşdu.
242
Şübhə yoxdur ki, Ermənistan dövlətinin təqribən on beş illik cah-cəlal və şan-
şöhrət dövrü onunla Atropatilər dövləti arasında ittifaq, dostluq və həmrəylik dövrü
idi.
Heç nədən xəbəri olmayan II Tiqran Roma ilə müharibəyə nəinki
hazırlaşmırdı, hətta, əksinə, sakit-sakit öz paytaxtı Tiqranakertin inşasını başa
çatdırırdı. E.ə. 70-ci ildə II Tiqranın qayınatası Pontlu Mitridat Roma sərkərdəsi
Lukull tərəfindən darmadağın edildi və Ermənistana qaçıb bir müddət "çarlar çarının"
məşvərətçisi oldu. Gizlincə müharibəyə hazırlaşan Lukull e.ə. 69-cu ildə Ermənistana
soxuldu və həmin ilin yazında Tiqranakerti mühasirəyə aldı. O ərəfədə II Tiqran çox
böyük bir ordu toplamışdı. Plutarxın verdiyi məlumata görə, "ermənilər və korduenlər
yığma qoşun kimi hamılıqla tökülüşüb onun köməyinə gəldilər, çarlar gəldilər, özləri
ilə bütün medləri (atropatenalıları - məsul red.) və adiabenliləri yığma qoşun kimi
gətirdilər, Babildə olan dənizin sahillərindən çoxlu ərəb gəldi, Kaspi [sahillərindən]
çoxlu alban gəldi, albanlarla qonşu olan çoxlu iber gəldi, çarları olmayan, Araz
[sahillərində] sürülər otaran bir çox tayfalar gəldi, [bəziləri] yardım göstərmək,
[başqaları] ənam almaq arzusu ilə gəldilər".
Plutarxın verdiyi məlumata görə, fəlakətli döyüşdən qabaq II Tiqran qoşunun
orta hissəsinin komandanlığını öz öhdəsinə götürmüş, sol cinahı Adiabena padşahına,
zirehli süvarilərin əksər hissəsinin ön sıralarda olduğu sağ cinahı isə Mada (Atropatena -
məsul red.) padşahına etibar etmişdi.
Süvari qoşunun bu zirehlənmiş və nizələrlə silahlanmış hissəsi on yeddi min
süvaridən ibarət idi və Plutarxın dediyinə görə, II Tiqran ona "xüsusi ümidlər
bəsləyirdi". Plutarx bu barədə məlumat verərkən ayrıca qeyd edir ki, "bu, Lukullun
senata raportunda göstərilmişdir". Müttəfiq qoşunun məhz bu hissəsinə komandanlıq
etmək II Tiqranın kürəkəni Atropatena çarı Mitridata tapşırılmışdı. Müttəfiq qoşunun
madalılardan ibarət olması və Atropatenadan gətirilməsi demək olar heç bir şübhə
doğurmur [atropatenalılarda 10.000 süvari olması haqqında Strabonun verdiyi məlumatı,
yaxud Plutarxın yuxarıda sitat gətirdiyimiz sözlərini xatırlayaq: "padşahlar gəldilər, özləri
ilə bütün medləri (atropatenalıları - məsul red.) və adiabenliləri yığma qoşun kimi
gətirdilər" və i.a.
Müttəfiq qoşunun sayca böyük üstünlüklərinə baxmayaraq, çarın səhvləri
nəticəsində e.ə. 69-cu ilin payızında Tiqranakert yaxınlığındakı döyüşdə Lukull
düşmənlərini darmadağın edərək qələbə çaldı. Romalıların əlinə saya-hesaba gəlməyən
var-dövlət keçdi - onlar II Tiqranın səkkiz min talantdan ibarət xəzinəsinə, otuz
milyon medimn taxıla və çoxlu miqdarda başqa sərvətlərinə yiyələndilər. II Tiqran istila
etdiyi torpaqların demək olar hamısını itirdi. Məğlubiyyət çox ağır nəticələr verdi. Bu,
silah zoruna yaradılmış "Böyük Ermənistan" dövləti süqutunun başlanğıcı idi.
Lakin müttəfiqlər məğlubiyyətdən sonra da Roma əleyhinə cəbhəni
gücləndirməyə çalışırdılar. Onlar erməniləri parfiyalılarla barışdırmaq və ümumi
243
düşmən olan Romaya qarşı birgə mübarizəyə sövq etmək üçün çox böyük səylər
göstərirdilər.
Tiqran hətta istilalar prosesində ələ keçirdiyi torpaqların bir hissəsini
parfiyalılara verməyə də hazır idi. Lakin parfiyalıların müttəfiqlərə qoşulduqları halda,
çox təhlükəli bir vəziyyət əmələ gələ biləcəyini yaxşı başa düşən romalılar da sərvaxt
tərpəndilər: Lukull parfiyalıların hüzuruna elçi göndərdi. Beləliklə, tərəflərin hər biri
özünün xeyrinə olaraq Parfiya çarı III Fraatı münaqişəyə cəlb etməyə cəhd göstərdi.
Lakin III Fraat bitərəfliyi üstün tutdu ki, bu da, şəksiz, çox böyük səhv idi.
Atropatenalı Mitridatın fəal iştirakı ilə əsasən ermənilərdən, iberlərdən,
mardlardan və atropatenalılardan çox böyük bir ordu toplamış II Tiqran və Pontlu
Mitridat e.ə. 68 və 67-ci illərdə Lukull üzərində bir neçə mühüm qələbə qazandılar.
Birinci qələbə 68-ci ilin sentyabrında Artsaniya çayının sahilində qazanılmış qələbə idi.
Bu məsələ barəsində iki əsas qaynaqda verilən məlumatı - Plutarxın [Luc. XXXXI, 7-
14] və Dion Kassinin [XXXVI, 4-5] məlumatlarını tutuşdurduqda belə bir nəticəyə
gəlmək mümkündür ki, düşmənlə necə olursa olsun vuruşmaq və Ermənistanın qədim
paytaxtı Artaşatı ələ keçirmək istəyən, bu məqsədlə də Artsaniya çayını keçən Lukullu
müttəfiqlərin süvari qoşunu qarşılayır. Plutarxın yazdığına görə, Lukull "Tiqranla gələn
süvarilərin zəhmli görkəmindən və sayının çox olmasından qorxuya düşdü. Birinci
olaraq o, özü atropatenalılara zərbə endirdi, atropatenalıların ən yaxşı qüvvələri məhz
onunla üz-üzə gəlmişdilər...".
Dion Kassinin əsərində bu barədə deyilmişdir ki, süvari qoşunu (Plutarxdan
göründüyü kimi, əlbəttə, atropatenalılar) "Romanın süvari qoşununu bərk sıxışdırdı,
lakin tərəflərin heç biri piyadalarla əlbəyaxa döyüşə atılmırdı, əksinə, hər dəfə Lukull öz
süvarilərinin köməyinə qalxanlı döyüşçülər göndərəndə onlar dərhal geri çəkilirdilər.
Buna baxmayaraq, düşmənlər heç bir tələfata uğramadılar, çevrilib onları təqib edən
düşmənlərə ox atırdılar, bir çoxlarını yaralayırdılar...".
Beləliklə, Artsaniya yaxınlığında Atropatena süvari qoşunlarının da iştirak etdiyi
döyüşdə romalılar ağır məğlubiyyətə uğradılar. Artaşata tərəf getmək niyyətində olan
Lukull Mesopotamiyaya yollanmaq məcburiyyətində qaldı.
Bu arada müttəfiq orduları öz müvəffəqiyyətlərini inkişaf etdirərək Kiçik
Asiyaya soxuldular və romalıları ağır tələfata uğratdılar. Atropatenalı Mitridat xüsusilə
böyük cəsurluq göstərərək, romalılara qəfildən basqınlar edir, onların pərən-pərən
düşmüş kiçik dəstələrini təqib edib qırırdı.
67-ci ildə II Tiqran Kappadokiyaya soxuldu və kürəkəni Atropatena çarı ilə
birlikdə Kappadokiyanı zəbt etməyə və viran qoymağa başladı. Elə həmin il Lukull
Asiyadan geri çağırıldı.
Romanın Asiyada öz torpaqlarını genişləndirmək cəhdi bu cür şərəfsizliklə
başa çatdı. Görkəmli Roma sərkərdələrindən biri olan Lukullun mənsəbi də beləcə
rüsvayçılıqla sona yetdi.
244
Müttəfiqlər qələbəni bayram edirdilər. Pontlu Mitridat və II Tiqran əvvəllər
istila edilmiş, lakin sonra itirilmiş bir çox torpaqları geri aldılar.
Bu müharibələrə regionun bir sıra xalqları da cəlb olunmuşdu. Onlar qırğın,
dağıntı, qarətlər, əsarət və köləlik gətirən Roma qəsbkarlığını dəf etməyə çalışırdılar.
Dini fərqlərə, siyasi və iqtisadi ixtilaflara baxmayaraq, xalqlar ümumi təhlükəyə qarşı
birləşdilər.
O vaxt müttəfiqlərin bütün cəhdlərinə baxmayaraq hələ kifayət qədər güclü
olan Parfiyanı Roma əleyhinə koalisiyaya cəlb etmək, təəssüf ki, mümkün olmadı.
Bu müharibələrin beynəlmiləl xarakterini Siseron da qeyd edirdi; o yazırdı ki,
Lukullun qoşunları Tiqran torpaqlarının hüdudlarına soxulduqdan sonra "...daha çox
tayfa həyəcana gəlib bizim sərkərdəyə qarşı üsyan qaldırmışdı. Bir tərəfdən, Roma
xalqının heç bir zaman narahat etmək və ya müharibə vasitəsilə itaət altına almaq
fikrində olmadığı tayfalar qorxuya düşmüşdülər. Digər tərəfdən, barbar tayfalar
arasında şüurları bərk həyəcanlandıra və sarsıda bilən belə bir rəy yayılmışdı ki, guya
bizim qoşunlarımız o ölkələrə çox zəngin və olduqca hörmətli ibadətgahı qarət etmək
məqsədilə gəlmişlər. Beləliklə, nə isə misli görünməmiş qorxu və dəhşət çoxsaylı və
güclü tayfaları həyəcanlandırmışdı...".
Müttəfiqlərlə müharibələrdə Romanın məğlubiyyəti heç də Şərq vilayətlərinə
qarşı Roma qəsbkarlığının sonu deyildi. E.ə. 66-cı ildə Qney Pompey Şərq
vilayətlərində səlahiyyətli canişin və Roma qoşunlarının baş komandanı kimi Lukullu
əvəz etdi və dərhal müharibəyə güclü hazırlıq görməyə başladı. Pompey ən əvvəl
parfiyalılarla ittifaq bağladı, bu ittifaqın şərtlərinə görə parfiyalılar Ermənistanla
müharibəyə başlamalı idilər; o, II Tiqranın oğlu Kiçik Tiqranı atasının üzərinə
qaldırmağa başladı və hələ e.ə. 67-ci ilin payızında Kiçik Tiqran atasına qarşı üsyan
etdi. Tiqran III Fraatın qızı ilə evləndi, Parfiya qoşunlarını Ermənistana çağırdı və
Parfiya qoşunları, bəzi məlumatlara görə, Atropatenanı tutmuş Ermənistana
soxuldular və Artaşatı mühasirəyə aldılar.
Pompey bu arada Pontlu Mitridatı tamamilə darmadağın edib Ermənistana
soxuldu və Artaşata yaxınlaşdı.
Müttəfiqlərini itirən və öz vəziyyətinin çıxılmazlığını başa düşən II Tiqran e.ə.
66-cı ildə romalılarla həqarətli bir sülh bağladı. Sülhün şərtlərini Pompey irəli
sürmüşdü.
II Tiqran külli miqdarda təzminat verməyə məcbur oldu, istila etdiyi bütün
torpaqları itirdi və "yalnız ata yurdunun" - Ermənistanın çarı olaraq qaldı. Bu andan II
Tiqran "Roma xalqının dostu və müttəfiqi" (bu, əslində vassal olmaq deməkdir) olur,
Ermənistan isə böyük dövlətdən asılı çarlığa çevrilir.
Bəs bu zaman Atropatenanın vəziyyəti necə idi? Bəzi Roma qaynaqlarında
Pompeyin məğlub etdiyi ölkələr və padşahlar sırasında "Madanın" (Atropatenanın) və
onun çarı Daranın da adı çəkilir. Lakin buna inanmaq çətindir. Bu məlumatlardan belə
245
bir nəticə çıxarmaq olar ki, e.ə. 65-ci ilə yaxın Atropatenada hökmranlıq Daranın
əlinə keçmişdi.
Beləliklə, təsvir edilən dövrdə Atropatenanın və atropatenalıların adları
mənbələrdə əsasən qonşu ölkələrin tarixi ilə, yaxud ümumregion xarakterli hadisələrlə
əlaqədar olaraq çəkilirsə də, təsdiq edə bilərik ki, atropatenalılar Roma əleyhinə
sanballı bir qüvvə olub region xalqlarının çağırılmamış "qonaqlara" qarşı
mübarizəsində ən fəal bir şəkildə iştirak edirdilər. Onlar, şübhəsiz, bu ağır mübarizədə
özlərinin istiqlaliyyətini qoruyub saxladılar. Strabon yuxarıda nəzərdən keçirilmiş
hadisələrin demək olar ki, müasiri sayılan Apollonidə istinad edərək məlumat verir ki,
Atropatena "hərbi qüvvə mənasında çox sanballı bir ölkədir, çünki o, döyüşə... 10000
süvari və 40000 piyada çıxara bilər".
Tiqranla sülh bağladıqdan sonra Pompey Zaqafqaziyanın içərilərinə doğru
hərəkət etdi.
II Tiqran darmadağın edildikdən sonra parfiyalılar ayrı-ayrı uğursuzluqlarına
baxmayaraq, müstəqil siyasət, həm də Romaya qarşı açıq-aşkar düşmənçilik siyasəti
yeridən yeganə sanballı qüvvəyə çevrildilər. Deyə bilərik ki, e.ə. I əsrin 50-ci illərinin
ikinci yarısına yaxın Parfiya Romanın müttəfiqi olan Ermənistanla əslində müharibə
vəziyyətində idi. Roma Parfiyaya hələ müharibə elan etməmişdisə, bu, respublikanın
paytaxtında vəziyyətin gərgin olmasının nəticəsi idi.
Romalılarla parfiyalılar arasında ilk qəti döyüş e.ə. 53-cü ildə Şimali
Mesopotamiyada Karra şəhərinin yaxınlığında oldu. Surenanın komandanlığı altında
Parfiya qoşunları romalıları məğlubiyyətə uğratdılar. Hərb meydanında 20 mindən
çox Roma döyüşçüsü həlak oldu, təqribən 10 min döyüşçü əsir tutuldu, çoxlu
sərkərdə, o cümlədən komandan Krass və oğlu öldürüldü.
Parfiya dövləti yenidən yüksəlməyə başladı ki, bu da erməni çarı, parfiyalıların
düşməni olan Artavazdı Parfiya çarı II Orod ilə ittifaq bağlamağa və hətta bacısını
şahzadə Pakora verib II Orod ilə qohum olmağa vadar etdi. Çox keçmədən şahzadə
Pakor ölkənin şərikli çarı oldu.
Karra yaxınlığında parfiyalıların romalılara qalib gəlməsi mühüm hərbi-siyasi
və psixoloji nəticələr verdi. Bu qələbə nəinki Romanın Şərqə hərəkətini dayandırdı,
həm də romalıların yenilməzlik şöhrətinə son qoydu.
Əlbəttə, atropatenalılar Karra ilə bağlı hadisələrin laqeyd müşahidəçiləri ola
bilməzdilər. Onların parfiyalılarla çiyin-çiyinə vuruşması demək olar ki, şəksizdir.
Biz Atropatenada o zaman kimin hökmranlıq etdiyini bilmirik. Bizə məlumdur
ki, Dara ilə məşhur Artavazd arasında ölkəni Ariobarzan idarə edirdi; onu II
Ariobarzandan fərqli olaraq I Ariobarzan adlandırmaq lazımdır.
II Orodun dövrü (e.ə. 57-36-cı illər) Parfiya dövlətinin ən qüdrətli dövrü idi. O
dövrün parfiyalıları özlərinin Karra yaxınlığındakı qələbələrinin bəhrələrindən və
Romadakı vətəndaş müharibələrindən nəticə etibarilə istifadə edə bilməsələr də,
246
romalılara qarşı çox ciddi mübarizə aparırdılar. 40-cı ilə yaxın parfiyalılar Aralıq
dənizi hövzəsinin şərqində Roma torpaqlarına geniş hücuma başlayıb həmin rayonda
romalıların hökmranlığını təhlükə altına aldılar.
Adı Atropatena tarixində də çox mühüm hadisələrlə bağlı olan Roma triumviri
Mark Antoninin yüksəlməyə başladığı vaxtdan Roma-Parfiya münasibətləri xeyli
mürəkkəbləşdi.
Artıq e.ə. 38-ci ildə Antoninin sərkərdəsi Publi Ventili parfiyalıları Hindar
yaxınlığında məğlubiyyətə uğratdı; qədim müəllif, hadisələrin müasiri Pompey Troq
bu məğlubiyyət haqqında sonralar öz əsərində yazacaqdı: "Müharibələrin heç birində
parfiyalılar bundan dəhşətli məğlubiyyətə uğramamışlar". Beləliklə, parfiyalıların
Qərbə təntənə ilə başlanmış irəliləyişi, Parfiya dəstələrinin İoniyaya qədər gedib
çıxması acınacaqlı bir nəticə ilə qurtardı. Parfiyalıların Roma əleyhinə tədbirlərinin
fəlakətlə başa çatması, çox böyük insan tələfatı və maddi tələfat Parfiya dövlətində
kəskin siyasi böhran doğurdu. Hindar yaxınlığında məğlubiyyətdən sonra parfiyalılar
uzun müddət Dəclə çayının Roma sahilində görünmədilər.
Hindar döyüşündən sonra Antoni komandanlığı öz öhdəsinə götürdü. Qoşun
çox böyük idi. Qədim müəlliflər təkcə Roma legionerlərinin 60 min nəfərdən 70 min
nəfərədək, köməkçi qoşunların 40 min nəfərə yaxın, ispan və qall süvarilərinin 10 min
və erməni süvarilərinin 6 min nəfər olduğunu göstərirlər. Romalıların araba
karvanında mühasirə maşınları və digər ləvazimat vardı.
Misir çariçası Kleopatra ilə Antoninin e.ə. 36-cı ildə qəti rəsmiləşdirilmiş
ittifaqı Aralıq dənizi hövzəsinin şərqindəki müxtəlif vilayətlərin hellinləşmiş
əyanlarının mənafeyinin müdafiəçisi kimi triumvirin siyasi mövqelərini tamamilə
müəyyənləşdirdi. Məhz buna görə Antoni öz hakimiyyəti altında olan ərazilərin xeyli
hissəsində xırda hellinləşdirilmiş dövlətlər sistemini bərpa etdi və həmin dövlətlərin
əyanlarının ittifaqına başçılıq etmək niyyətində idi. Antoni özünü mütləq hakim kimi
aparırdı: torpaq paylayır, dövlətlərin sərhədlərini dəyişdirir və s.
Antoni geniş bir kampaniya nəzərdə tutmuşdu, onun planları vüsətli idi.
Triumvir istəyirdi ki, Makedoniyalı Aleksandrın çarlığı kimi böyük bir Asiya
dövlətinin əsasını qoysun. Romanın hökmranlığını Hindistana qədər yayacağını yürüş
ərəfəsində elan etmiş Krassdan nümunə götürərək Antoni Kleopatradan olan oğlunun
adını Aleksandr qoydu. Özünü mütləq hakim kimi aparan və böyük Şərq çarlarının
nümunəsi ilə özünü ilahi mənşədən xəlq olunmuş hesab edən Antoni öz oğlu
Aleksandrı Helios
3
, onun bacısı Kleopatranı isə Selena adlandırdı
4
. Böyük istilaçının
3
Helios - yunan mifologiyasında Günəş allahıdır.
4
Selena - yunan mifologiyasında Ay ilahəsidir.
247
şərəfinə Aleksandr adı verilən Antoninin bu oğlu sonralar Atropatena çarının qızına
nişanlandı.
Aydındır ki, Parfiya dövlətini itaət altına almadan Böyük Asiya dövlətini
yenidən yaratmaq mümkün deyildi. Müharibə müəyyən dərəcədə Kleopatradan
alınmış iri məbləğdə pulun hesabına hazırlanırdı və Kleopatra həm də yürüşün
ilhamçısı idi.
Antoni e.ə. 36-cı ilin yayında yürüşə başladı. Hərbi əməliyyat üçün münasib
olan vaxtın xeyli hissəsi ötüb keçsə də, IV Fraat hakimiyyət başına gələndən sonra
Parfiyada yaranmış vəziyyət, ölkədə amansız bir terrorun hökm sürməsi, bunun
nəticəsində bir çox əyanların, çara yaxın adamların, qoca II Orodun özünün tələf
olması, habelə Parfiyanın yeni çarı ilə Atropatena çarı arasına təfriqə düşməsi və bu
səbəbdən Atropatena padşahının Antoniyə müraciət etməsi triumvirin planlarının
həyata keçməsinə sanki əlverişli imkan yaradırdı.
Lakin Parfiyadakı böhran aradan qaldırıldı. Romanın törətdiyi təhlükə
qarşısında parfiyalılar və müttəfiqləri birləşdilər. IV Fraat Şimali Mesopotamiyaya
çox böyük qüvvələr çəkib gətirdi, o, Fərat çayından şərqdə romalılara qarşı geniş
hərbi əməliyyata başlamağa hazırlaşırdı, yaxşı təlim keçmiş çox böyük və məharətli
Parfiya süvari qoşununun əməliyyatı üçün burada əlverişli rayonlar vardı. Çox güman
ki, Atropatena çarının demək olar ki, "eynən parfiyalılar kimi silahlanmış
5
16 min
süvarisi..." var idi. Atropatena çarı Fərat sahilində Fraatla bir yerdə idi. Bu nəticəni
ondan çıxarmaq olar ki, romalılar Atropatenanın paytaxtlarından biri olan Fraaspanı
mühasirəyə almağa başlayanda Plutarxa görə çar özü orada yox idi, "orada Mada
(yəni Atropatena - məsul red.) çarının uşaqları və arvadları qalmışdılar".
Lakin gözlənildiyinin əksinə olaraq Antoni parfiyalıların paytaxtı Ktesifon
üzərinə getmədi. Bu, xüsusən ona görə qəribə görünürdü ki, əvvəllər də, sonralar da
romalıların Parfiyaya qarşı müharibələri Ktesifon istiqamətindən başlanırdı.
Antoninin ən yaxın yolla Ktesifon üzərinə hərəkət etməməsi, bəzi alimlərin
fikrincə, komandanın hərbi səhvi idi və hərbi səhvdən də çox siyasi səhv idi. Antoni,
necə deyərlər, "tapdanmış" yolla getməkdənsə, Şimala üz tutdu və Karan (indiki
Ərzrum) şəhərinə çatdı; buradan Ermənistan ərazisi vasitəsilə Atropatenaya,
Atropatenadan isə, görünür, düşmən dövlətin "lap qəlbinə" [T.Mommzen] -
Ekbatanaya və Raqaya soxulmaq fikrində idi.
Beləliklə, Antoni Parfiyanı Beynənnəhreynin ən zəngin vilayətləri ilə
birləşdirən yollara çıxmaq niyyətində idi; romalılar uğur qazansaydılar, onda
parfiyalılar bu vilayətləri müdafiə edə bilməyəcəkdilər - bütün qüvvələrini öz
dövlətlərinin "beşiyinin" - əsil Parfiyanın müdafiəsinə cəlb etməli olacaqdılar.
5
Plutarxa görə: yay və oxla silahlanmış.
248
Triumvirin belə bir qərar qəbul etməsinə bir neçə səbəb vardı. Əvvələn,
Antoninin həmin planı, yəni Yuli Sezar tərəfindən ömrünün son aylarında hazırlanmış
Parfiya kampaniyası planının cizgilərindən, güman ki, istifadə edilməklə tutulmuş
plan parfiyalılar üçün lap gözlənilməz oldu və buna görə də o, Roma sərkərdəsi üçün
çox əlverişli idi. İkincisi, Antoni şimal istiqamətini seçməklə, görünür, Publi Kanidi
Krassın qoşunları ilə birləşmək fikrində imiş, Dion Kassinin verdiyi məlumata görə,
bu zaman Publi Kanidi Krass artıq iberlərə və albanlara qalib gəlmiş, bəzi alimlərin
güman etdiklərinə görə, beləliklə, romalıları Zaqafqaziya tərəfdən hücumlara məruz
qalmaq təhlükəsindən xilas etmişdi. Üçüncüsü, belə bir yürüş planını Roma
sərkərdəsinə erməni çarı Artavazd təkidlə tövsiyə edirdi, çünki bu plan öz əcdadları
kimi Atropatenaya yiyələnmək xəyalına düşmüş erməni çarı üçün olduqca sərfəli idi.
Antoni, beləliklə, Karanda öz müttəfiqləri ilə birləşdi, zəhmli ordusuna baxış düzəltdi
və "Ermənistanı solda qoyub dərhal yoluna davam etdi, Atropatenaya çatıb ölkəni
viran etməyə başladı" [P l u t a r x].
Antoninin ordusunun yolu, görünür, Xoy-Mərənd istiqamətində idi; triumvir
buradan sürətli yürüşlə Fraaspaya (Fraataya, Praaspaya) çatmaq və onu tutmaq
ümidində idi. Strabona istinad olunarsa [XI, XIII, 3] antik müəllif tərəfindən "yay
paytaxtı" adlandırılan Qazakadan (indiki Leylan kəndi ilə eyniləşdirilən) fərqli olaraq
Fraaspa Atropatena çarının qış iqamətgahı idi. Doğrudur, Antoninin mühasirəyə aldığı
şəhəri Fraaspa adlandıran digər müəlliflərdən fərqli olaraq Strabon yürüşdə iştirak
etmiş romalı vəzifə sahibi Kvint Delliyə əsaslanaraq həmin şəhəri "güclü Nera qalası"
adlandırır. Ümumiyyətlə, Atropatena çarının iqamətgahları haqqında Strabonun
məlumatında bir sıra mətləblər, xüsusən Vera qalası məsələsi aydın deyildir. Bəziləri
Veranı Qazakanın içqalası, başqaları Fraaspanın içqalası sayırlar, bir başqaları isə belə
güman edirlər ki Vera Fraaspanın özüdür. Son vaxtlaradək Fraaspanı müasir Təxti
Süleymanın xarabalıqlarının yerində axtarırdılar, indi isə onu Marağa ətrafında
yerləşdirirlər. Bununla bağlı qeyd etmək maraqlıdır ki, belə bir yeni fikir irəli
sürülmüşdür: Vera qalasını Marağanın on beş kilometrliyində axtarmaq lazımdır, o yerdə ki,
Səhənd dağının yamaclarında həqiqətən Daşqala Zöhhakın tikililəri qalmışdır. Antoni
hərbi kampaniyanın planını cızarkən ərazinin çətinlikləri haqqında təsəvvürə malik
deyildi və qarşısında duran atropatenalıların və parfiyalıların qüvvələrini lazımınca
qiymətləndirməmişdi.
Dağ yollarında yerimək qoşun üçün, xüsusən mühasirə maşınları, mərmi atan
maşınlar, o cümlədən səksən fut uzunluğunda qoçbaşı və digər ləvazimat daşıyan üç yüz
arabadan ibarət böyük bir karvan üçün çox çətin idi.
Fraaspanı tez işğal etməyə çalışan Antoni araba karvanını öz leqatı Oppi
Statianın iki legionuna, Ermənistan padşahı Artavazdın və Pont padşahı Polemonun
köməkçi dəstələrinə tapşırıb arxada qoymağı qərara aldı, özü isə irəli cumdu. Hələ
Plutarxın qeyd etdiyi kimi, bu, səhv idi. Əvvələn, ordu, onun kommunikasiyaları
249
ağlasığmaz dərəcədə uzanırdı; təkcə araba karvanının mühafizəsi üçün qoyulmuş
dəstənin uzunluğu 10-12 kilometrə bərabər idi ki, bu da bir çox çətinliklər törədirdi.
İkincisi, Fraaspanın hasarı yaxınlığında, o yerdə ki, torpaq töküb bənd düzəltmək lazım
gəldi, ordu əslində fəaliyyətsiz idi. Yeri gəlmişkən deyək ki, Antoninin gözləmədiyi
halda Fraaspa uzunmüddətli müdafiəyə hazır idi. Hər şeydən göründüyü kimi, orada
çox sanballı bir qarnizon və böyük ərzaq ehtiyatı varmış. Üçüncüsü, Roma ordusunun
əsas kütləsindən ayrı düşmüş dəstələrə - Oppi Statianın dəstələri və Antoninin
müttəfiqlərinin dəstələri üçün bilavasitə təhlükə yaradırdı.
Mühasirəyə alınmış Fraaspanın köməyinə gələn IV Fraat bundan istifadə etdi.
Çevik Parfiya ordusu təqribən 40-50 min süvaridən, o cümlədən Atropatena
süvarilərindən ibarət idi. Oppi Statianın dəstələrindən xəbər tutcaq Fraat, Plutarxın
yazdığına görə, "güclü süvari dəstəsi göndərdi və bu dəstə Statianı dövrəyə alıb 10
min Roma əsgərini qırdı. Statian özü də həlak oldu. Barbarlar maşınları sındırdılar və
dağıtdılar. Onların əlinə maşınlardan əlavə, çoxlu əsir də keçdi, əsirlər arasında çar
Polemon da vardı"
Antoni köməyə gəldikdə, Dion Kassinin dediyinə görə, "meyitlərdən başqa heç
nə tapmadı". Ermənistan çarı Artavazd öz dəstəsi ilə birlikdə döyüş meydanını tərk
etmişdi.
Aryerqardın məhv edilməsi və Ermənistan çarının qaçması əslində
kampaniyanın müqəddəratını həll etdi. Lakin Antoni Fraaspanın mühasirəsini
dayandırmadı. Bu vaxt Parfiya-Atropatena süvari qoşunu romalıların geriyə yolunu
tamamilə kəsərək əslində onları bütünlüklə mühasirəyə almışdı. Romalıların
düşərgəsində aclıq başlanmışdı.
Öz qoşunlarını təhlükə altında qoymaq istəməyən Parfiya-Atropatena
komandanlığı Antoninin qoşunları ilə ciddi döyüşlərə bilə-bilə girməməyə çalışırdı.
Müttəfiqlərin dəstələri "gah bir, gah digər tərəfdən basqın edərək" [ P l u t a r x]
romalıları taqətdən salırdılar.
Fraaspanın uzunmüddətli mühasirəsi, mühasirəyə alınmışların inadlı
müqaviməti, yem tapmaq üçün göndərilən dəstələrin məhv edilməsi, aclıq və bir çox
başqa amillər Antoninin qoşunlarına pozğunluq salırdı.
Antoni legionerlərin döyüş əhvali-ruhiyyəsini qaldırmağa və qış düşənədək
uzanarsa, romalılar üçün hökmən faciəyə çevrilə biləcək kampaniyanı tez başa
çatdırmağa çalışaraq... on legion
6
, üç pretor koqortası
7
və bütün süvari qoşunu
8
ilə birlikdə
6
Legionda 4000 əsgər olurdu.
7
Pretor koqortası-komandanın şəxsən mühafizə dəstəsi
.
8
Antoninin 10000 nəfərdən ibarət ispan və qallardan ibarət süvari qoşunu vardı.
250
qoşun üçün ərzaq və atlar üçün yem tədarükünə yola düşdü - ümid edirdi ki, bu yolla
düşmənləri açıq döyüşə atılmağa vadar edər [P l u t a r x].
Romalılar müttəfiqlərlə üz-üzə gəldikdə dərhal həmlə etdilər, lakin çevik
süvarilər tez gizləndilər; onlardan cəmi 80 adam öldürüldü, 30 adam əsir tutuldu.
Plutarxın verdiyi məlumata görə, romalıları "acizlik və ümidsizlik hissləri
bürümüşdü, belə bir dəhşətli fikir hamısına əzab verirdi ki, qələbə onlara çox cüzi
üstünlük qazandırır, məğlubiyyət isə onları yenidən arabaların yanında baş vermiş
döyüşün uğradığı qədər tələfata uğrada bilərdi"
9
.
Ertəsi gün romalılar Fraaspa yaxınlığındakı düşərgəyə qayıdanda müttəfiqlərin
qoşunları düşmənlərlə, necə deyərlər, "əsəblər müharibəsi" apararaq ona bir neçə dəfə
basqın etdilər, "belə ki, romalılar öz düşərgələrinə güc-bəla ilə gəlib çatdılar"
[Plutarx].
Bu arada "Fraaspada mühasirəyə alınmış midiyalılar (yəni atropatenalılar -
məsul red.) düşərgə istehkamlarına basqın edərək, ön xətdə dayanan döyüşçüləri
hürküdüb geri oturtdular..." [P l u t a r x]. Plutarxın və Dion Kassinin dediklərinə
əsaslanaraq, belə güman etmək olar ki, mühasirəyə alınanlar Antoni olmayanda
cəsarətli bir çıxış etmişdilər və Antoni qayıdan kimi öz qoşunlarının düşməni
düşərgəyə buraxmış hissələrini "desimasiya" yolu ilə bərk cəzalandırmışdı. Plutarx
yazır ki, Antoni "...onları (müəllifin təbirincə, "ürəksizlik" göstərmiş döyüşçüləri -
məsul red.) on-on bölmüş və hər on nəfərdən birini - püşk hansının bəxtinə çıxsa -
ölümə məhkum etmiş, qalanlarına isə buğda əvəzinə arpa verilməsini əmr etmişdi".
Qışın yaxınlaşması həm romalıları, həm də Atropatenanın müdafiəçilərini –
parfiyalıları və madalıları eyni dərəcədə narahat edirdi. Antoni yaxşı başa düşürdü ki,
əhalisi romalılara düşmən kəsilmiş bir ölkədə qış mənzillərinə çəkilmək əsla mümkün
deyildir. IV Fraat və onun müttəfiqi Atropatenalı Artavazd da başa düşürdülər ki,
əsasən süvarilərdən ibarət (40-50 min) olan nəhəng bir ordunu qışda çöl şəraitində
saxlamaq qeyri-mümkündür. Plutarx əsla mübaliğə etmədən yazır: "...müharibə iki
tərəfin heç biri üçün asan deyildi, gələcək isə daha dəhşətli görünürdü".
Dözməyib ilk addım atan Antoni oldu - o, IV Fraatın yanına elçilər göndərib
köhnə və onun yürüşü zamanı ələ keçirdiyi bayraqların və əsirlərin qaytarılmasını
tələb etdi. Parfiya çarı romalıları qəbul edərkən özünü çox təkəbbürlü apardı (bu
səhnəni Dion Kassi təsvir etmişdir), onların tələbini rədd etdi, lakin bildirdi ki,
mühasirəni dayandırıb ölkəni dərhal tərk etsələr, onun qoşunları maneçilik
törətməyəcək və romalıların arxayınlıqla vətənə qayıtmasına imkan verəcəklər.
9
Oppi Statianın aryerqardının tələf edilməsi nəzərdə tutulur.
251
Barışıq bağlandığını güman edən Antoni bir neçə günlük yır-yığışdan sonra
olan-qalan mühasirə maşınlarını atıb (mühasirədə olanlar bu maşınları dərhal
yandırdılar), döyüşçülərin bir hissəsinin narazılığına baxmayaraq, düşərgədən
tərpəndi və geri çəkilməyə başladı. IV Fraatın vədinə baxmayaraq müttəfiq qoşunu
romalıları qarabaqara izləyirdi.
Romalılar Atropatenaya soxulduqları yolla deyil, başqa yolla geri çəkilirdilər.
Güman edilir ki, bir şəxs Antonini duyuq salmış və o, öz döyüşçülərini Marağadan
şərqə, sonra isə Səhəndin şərq yamaclarından keçən çətin dağ yolları ilə Təbriz
vadisinə və Mərəndə tərəf, oradan da, ola bilsin, Əhərə və daha sonra "Midiyanı (yəni
Atropatenanı - məsul red.) Ermənistandan ayıran" Araza tərəf apardı [ P l u t a r x ] .
Qışın şaxtasında çətin dağ yolları ilə iyirmi yeddi günlük yürüş, aclıq,
susuzluq, düşmənin süvari qoşununun daim arxadan təqib etməsi, iyirmiyə qədər
çarpışma - bu çarpışmaların təkcə birində romalılardan 3 min adam öldürülmüş və 5
min adam yaralanmışdı - öz işini gördü. Plutarx romalıları təqib edənlər arasında
xüsusi olaraq "midiyalılar (atropatenalılar - məsul red.) dəstəsinin" adını çəkir.
Atropatenada həlak olmuş romalıların ümumi sayı güman ki, 35 minə yaxın
idi.
Beləliklə, öz miqyasına görə əzəmətli olan "Parfiya" ekspedisiyası fəlakətlə
qurtardı.
Hellinist qaydalarını bərpa etməyə, artıq etnik cəhətdən dirçəlmiş, öz dövlət
quruluşunu, mədəniyyətini bərpa etmiş yerli əhalini zorla əsarət altına almağa çalışan
romalılar məğlub oldular.
Antoni və onun müşavirləri son bir neçə onillik ərzində Şərq, xüsusən
"Parfiya" aləmində baş vermiş çox dərin dəyişiklikləri nəzərə almamışdılar.
Atropatenalılar, o cümlədən əhalinin ən geniş təbəqələri romalılara yunan-
makedoniyalı istilaçıların varisləri kimi baxırdılar və onları böyük düşmənçiliklə
qarşıladılar. İşğalçılara qarşı mübarizə elliklə mübarizə, ümumxalq mübarizəsi idi.
Atropatenalıların mərd-mərdanə müqaviməti, Fraaspanın qəhrəmancasına müdafiəsi,
Roma qoşunlarına qarşı hamılıqla mübarizə aparılması Parfiyanı ələ keçirmək və yeni
"dünya dövləti" yaratmaq haqqında Antoninin avantürist planının puça çıxmasına
xeyli dərəcədə səbəb oldu.
Atropatena çarı öz böyük qələbəsini bayram edirdi. Qələbə xüsusilə ona görə
əlamətdar idi ki, Atropatena çarının əlinə çox böyük bir qənimət keçmişdi. O, Oppi
Statianın əlindən alınmış Roma bayraqlarının sahibi idi. Pont padşahı Polemon onun
əsiri idi. Bütün bunlar Atropatenanın və onun çarı Artabazdın nüfuzunun artmasına
səbəb olmaya bilməzdi.
Bu qələbədən az sonra müttəfiqlərin - atropatenalılar ilə parfiyalıların arasına
nifaq düşdü. Buna səbəb o idi ki, qənimət bölgüsü üstündə iki hökmdarın arası
dəymişdi və görünür, "midiyalıda (yəni Artabazdda - məsul red.) belə bir şübhə və
252
qorxu yaranmışdı ki, Fraat onun taxt-tacına qəsd edir" [ P l u t a r x ] . Həqiqətən də
Parfiya çarı qət etdi ki, Atropatenanı ələ keçirmək vaxtı çatmışdır. Vəziyyət elə
təhlükəli şəkil almışdı ki, Parfiyanın möhkəm tərəfdarı olan Artabazd riskə gedib
ənənəvi Parfiyapərəst siyasətdan uzaqlaşır və e.ə. 35-ci ildə öz əsiri Polemonu
Aleksandriyaya (İsgəndəriyyəyə) Antoninin hüzuruna göndərib ona sülh və dostluq
təklif edir, "onu öz yanına çağırır, bütün qoşunu ilə birlikdə romalıların tərəfində
vuruşmağı vəd edir" [ P l u t a r x ] . Beləliklə, Atropatena tarixində ilk dəfə olaraq
Artabazd Roma silahının gücünə arxalanmağı qərara aldı.
Artabazd ilə Fraat arasındakı çəkişmələr "dünya dövləti" yaratmaq kimi
sərsəm bir ideyadan hələ də əl çəkməyən uğursuz triumviri sevindirməyə bilməzdi.
Plutarxın dediyinə görə, "[indi] Antonidə yeni və ən xoş ümidlər oyanırdı". Çox
mühüm cəhət ondan ibarətdir (və Plutarx da ona diqqəti xüsusi cəlb edir!) ki, "əgər
keçən dəfə parfiyalılara üstün gəlmək üçün onun (yəni Antoninin - məsul red.) ancaq
bir şeyi - kaman və oxla silahlanmış çoxsaylı süvari qoşunu çatmırdısa, indi onun
sərəncamında belə bir süvari qoşun var idi... və o, Araz çayının sahilində midiyalı ilə
birləşib hərbi əməliyyata başlamaq üçün bir daha Ermənistandan keçməyə
hazırlaşırdı". Doğrudur, süvari qoşun hələ Antoninin sərəncamına keçməmişdi. Lakin
məsələ bunda deyil. Burada bizim üçün mühüm cəhət Atropatena süvarisinə yüksək
qiymət verilməsidir. Zəhmli parfiyalılara üstün gəlmək üçün məhz Atropatena süvari
qoşunu çatışmırdı. E.ə. 34-cü ilin yazında Antoni Ermənistana tərəf hərəkət etdi,
ölkənin çarı Artabazdı və ailəsini əsir tutdu, ölkənin paytaxtı Artaksatanı aldı,
xəzinəni ələ keçirdi və Ermənistanın istila olunduğunu elan etdi. Ermənistanın çarı
elan edilən Artaksi (Artaşes) əvvəlcə romalılara müqavimət göstərməyə cəhd etdi,
lakin bir azdan qaçıb parfiyalıların tərəfinə keçdi. Atropatenalı Artabazd elə onda
Oppi Statiandan alınmış bayraqları Antoniyə qaytardı, qızı İotapanı Antoni ilə
Kleopatranın oğluna - atası tərəfindən Şərqin gələcək hökmdarı kimi nəzərdə tutulan
Aleksandra verəcəyini vəd etdi. Antoni Parfiya ilə müharibənin davam etdiriləcəyini
bildirdi. Lakin bu müharibəni Qərbdəki əsas rəqibinə - keçmiş müttəfiqi, ikinci
triumviratın üzvü Oktaviana (gələcəkdə Avqust) qələbə çalanadək təxirə salmalı oldu.
Həmin il, yəni e.ə. 34-cü ildə Antoni Aleksandriyada Ermənistan üzərində
qələbəni bayram etdi. Elə bu zaman ən dəbdəbəli bir şəraitdə Antoni "Kleopatradan
olan oğlunu çarlar çarı elan etdi, Ermənistanı, Midiyanı və Parfiyanı (bu ölkə nə vaxt
ələ keçirilsə) Aleksandra vəd etdi... Antoni Aleksandrı camaatın qabağına tam Midiya
geyimində, tiara və dümdüz kitara
10
ilə çıxartdı... Bu, Midiya və Ermənistan
padşahlarının geyimi idi..." [ P l u t a r x ] .
10
Tiara və kitara-padşah baş örtükləridir.
253
Görünür, Aleksandr Helios ilə İotapanın rəsmi nişanlanması da elə bu vaxt
olmuşdu.
Bu zaman Atropatenalı Artabazdın vəziyyəti xeyli mürəkkəbləşdi. Bununla
əlaqədar e.ə. 33-cü ilin yazında Antoni Ermənistana hərəkət etməyə məcbur oldu.
Burada yenidən çoxlu qoşun toplayıb parfiyalılara qarşı yürüşə çıxmağa hazırlaşırdı,
lakin Oktavianla münaqişənin kəskinləşməsi Antonini parfiyalılarla müharibədən vaz
keçməyə məcbur etdi. Qərbə qayıtmağa tələsən Roma sərkərdəsi Atropatena padşahı
ilə rastlaşdı, kömək üçün ona qoşun dəstəsi verdi, Oktaviana qarşı mübarizədə yardım
göstərməsini xahiş etdi və özü Ermənistandan uzaqlaşdı. Bu zaman Artabazd qonşu
Ermənistanın hesabına öz torpaqlarını bir qədər genişləndirdi.
Romanın köməyi sayəsində Artabazd ilk vaxtlar parfiya-erməni basqınlarını
dəf edə bilirdi, lakin bir azdan Antoni Roma qoşunlarını Ermənistandan geri
çağırdıqda Artabazd darmadağın edildi və əsir tutuldu, Atropatenanı isə IV Fraat
Ermənistan çarı Artaksiyə verdi. Bu vəziyyət o qədər də uzun sürmədi, çünki bir neçə
faktdan göründüyü kimi, tezliklə Atropatena padşahı əsirlikdən qaçdı (?). Və yalnız
buna görə Aksiya yaxınlığında Kleopatra ilə Antoni üçün fəlakətlə nəticələnən
döyüşdən; (e.ə. 31-ci il) qabaq "Midiya (Atropatena - məsul red.) padşahı" - Plutarxın
verdiyi məlumata görə - "(Antoniyə yardım üçün - məsul red.) köməkçi dəstə göndərə
(bildi)".
Deməli, e.ə. 31-ci ildə Artabazd artıq azadlıqda idi, Aksiya yaxınlığında baş
verən faciədən, yəni-Oktavianın donanması Antoni və Kleopatranın donanmasını
darmadağın edəndən sonra Kleopatra Atropatenanın köməyinə ümid bəsləyərək,
vaxtilə Antoni tərəfindən əsir tutulub Misirə aparılmış Ermənistan çarını öldürür və
başını Atropatena padşahı Artabaza göndərir.
Çox keçmədən biz həmin Atropatenalı Artabazdı artıq Oktavianın yanında
iltimasçı rolunda görürük; bir məlumata görə, Oktavian ona Kiçik Ermənistanı, başqa
bir məlumata görə isə ümumiyyətlə, Ermənistanı verir və Artabazd oranı, görünür,
e.ə. 20-ci ilədək idarə edir. Oktavian Atropatena padşahına onun qızı, Aleksandr
Heliosun nişanlısı İotapanı da qaytarır. Bütün bunlar, çox ehtimal ki, Antoni və
Kleopatra tamamilə məğlub olduqdan və Avqust Misiri işğal etdikdən sonra, yəni
təqribən e.ə. 30-cu ildən sonra mümkün ola bilərdi.
Beləliklə, son Atropatilər içərisində ən görkəmli şəxsiyyət olan Artabazdın
sayəsində e.ə. 30-cü illərin ortalarında Atropatenanın siyasi meyli kəskin şəkildə
dəyişir. Bəlkə də məcburiyyət üzündən atılmış bu addım ölkənin tarixində dönüş
nöqtəsi oldu; lakin Romaya meyil uzun sürmədi. Tez bir zamanda atropatenalılar
yenidən parfiyalıların tərəfinə keçdilər və uzun müddət - tam iki əsr onlarla bir
cəbhədə oldular.
Atropatenanın Roma ilə yaxınlaşması Artabazda baha başa gəlsə də,
Atropatenaya az fayda vermədi, başlıcası isə xüsusən qonşu Ermənistanı ələ
254
keçirmək, Atropatena və Ermənistan padşahlıqlarını vahid bir tac altında birləşdirmək
haqqında Atropatilərin çoxdan qurduqları iddialı planlar ilə əlaqədar olaraq böyük
ümidlər doğurdu.
Madalılar ilə ermənilər arasında mədəni yaxınlıq, siyasi və iqtisadi əlaqələr lap
qədimdən başlanmışdır. Strabon açıq yazırdı: "Midiyalıların əksər adətləri ermənilərin
adətlərinin eynidir. Lakin, deyildiyinə görə, midiyalılar ermənilərin adətlərinin
baniləridir...".
Madalılar ermənilər arasında çoxdan bəri müəyyən mövqe əldə etmişdilər.
Onlar azı yeddi yüz il boyunca Ermənistan tarixində çox böyük rol oynamışlar.
Ermənistanda madalılar yaşayan yerlər çox idi. Erməni müəllifləri "azad
Masisdə (Araratda - məsul red.) yaşayan" madalılardan bəhs edirlər. Maraqlıdır ki,
Araratdan şərqdə "mar (yəni Mada - məsul red.) kəndləri"nin olması erməni
müəllifləri tərəfindən hələ orta əsrlər dövründə, xüsusən VIII əsrdə qeyd edilmişdir.
Mada mənşəli naxarar nəsli olan Murasanlar antik dövr Ermənistanın siyasi
həyatında çox mühüm rol oynayırdı: bu nəslin başçısı Marasos-ter Ermənistan
çarlığının sosial-siyasi iyerarxiyasında "ikinci yer" tuturdu (yəni çardan sonra birinci
idi). Çox maraqlıdır ki, eramızın I əsrində Parfiya dövlətinin iyerarxiyasında
Atropatena hökmdarlarının payına "ikinci yer" düşmüşdü. Erməni əyanları arasında
anadangəlmə atropatenalılar az deyildi.
Avqust Atropatena haqqında liberal siyasət aparırdı. O, hər vasitə ilə
atropatenalılara kömək edir, onların iddialarına yaxşı münasibət bəsləyirdi.
E.ə. 20-ci ilə yaxın Atropatenada hakimiyyət başına Artabazdın oğlu II
Ariobarzan gəldi. Bu elə bir vaxt idi ki, Şərqdə vəziyyət Romanın xeyrinə olaraq
dəyişmişdi - parfiyalılar sülh siyasətinə, Avqusta güzəşt etmək siyasətinə keçmişdilər.
Ariobarzan Romada on ilə yaxın yaşadı. Tasit onu "cismani gözəlliyi və
görkəmli mənəvi keyfiyyətləri ilə fərqlənən bir midiyalı" kimi səciyyələndirirdi.
Ariobarzan romalılara ən səmimi dostluq duyğuları bəsləyirdi; əlbəttə, bu, onun
Ermənistan taxt-tacında bərqərar olmasında da əsas rol oynadı.
Ermənistanda Parfiyaya meylin güclənməsi və Roma əleyhinə çıxışlar edilməsi
ilə əlaqədar olaraq e.ə. 20-ci ildən az sonra romalılar bu ölkəyə qoşun göndərdilər.
Onlar Artabazdı (Ariobarzanın atasını, yoxsa oğlunu - ?) Ermənistan çarı elan etdilər.
Tasitin yazdığına görə, Artabazd bir müddətdən sonra "onlar (ermənilər - məsul red.)
tərəfindən devrildi, bunun bizə (yəni romalılara - məsul red.) ziyanı dəydi".
Tasit yazırdı: "O zaman Ermənistanda qayda yaratmaq üçün Qay Sezar
(Avqustun oğulluğu - məsul red.) oraya göndərildi. Ermənilərin razılığı və təqdiri ilə
o, əslən midiyalı olan Ariobarzanı onlara çar təyin etdi...". "İlahi Avqustun
əməlləri"ndə də deyilir: "Bundan sonra ayrılan və üzə duran, oğlum Qay tərəfindən
ram edilən elə həmin xalqı (erməniləri - məsul red.) mən medlərin (bu halda
255
atropatenalılar nəzərdə tutulur - məsul red.) padşahı Artabazın (Artabazdın - məsul
red.) oğlu çar Ariobarzanın ixtiyarına verdim..." [XXVII, 2].
Qay Sezar tərəfindən istila edilmiş ölkə e.ə. I əsrdə Atropatena padşahına
verildi. Beləliklə, erməni əyanlarının əvvəlcə məmnuniyyətlə qəbul etdikləri
Atropatena padşahı Ariobarzan Ermənistanın da çarı oldu. Atropatilərin uzun illərdən
bəri bəslədikləri ümid və arzular, nəhayət, həqiqətə çevrildi - hər iki padşahlıq bir tac
altında birləşdirildi.
Lakin Ariobarzanın Ermənistanda hökmranlığı sakit keçmədi. Görünür,
parfiyalılar tərəfindən qızışdırılan ermənilər yadelli hökmdarın zülmünə dözmək
istəmirdilər. Eramızın 2-ci ilində ermənilər Romaya və Ariobarzana qarşı üsyan
qaldırdılar, buna görə də Qay Ermənistana ikinci dəfə soxuldu. Ermənilər, güman
edildiyinə görə, Araz çayının vadisində yerləşən Artakir qalası yaxınlığında xüsusilə
inadlı müqavimət göstərdilər. Parfiya sərkərdəsi Ad[d]o məhz burada Qayı ölümcül
yaraladı və bir neçə ay sonra Qay aldığı yaradan öldü. Bununla belə, ermənilər
darmadağın edildilər. Görünür, bu müharibənin gedişində Atropatena hökmdarı
ermənilərdən iki ölkə arasında nifaq düşməsinə səbəb olmuş I Albaka (Strabonda
səhvdir: Simbaka. Plinidə:
'Alavaka) rayonunu geri almışdı.
Beləliklə, birləşmiş Roma-Atropatena qüvvələri üsyançıları ram edərək həmin
il (eramızın 2-ci ilində) Ermənistana yiyələndilər. Ariobarzan yenidən Ermənistan çarı
elan olundu. Lakin onun hökmranlığı çox çəkmədi. Dion Kassinin yazdığına görə,
Artakir alındıqdan bir az sonra Ariobarzan vəfat etdi. Tasit təsdiqləyir ki, "o
(Ariobarzan - məsul red.), bədbəxt hadisə nəticəsində öldükdən sonra ermənilər onun
övladlarının hökmranlıq etməsinə dözmək istəmirdilər...". Lakin "İlahi Avqustun
əməlləri"ndən bizə yaxşı məlumdur ki, Ariobarzanın vəfatından sonra Avqust
Ermənistanı "onun oğlu Artabazda" vermişdi [XXVII, 2]. Dion Kassi həmçinin
məlumat verir ki, Artabazdı Ermənistan taxt-tacına Avqust və Roma senatı
qoymuşdu. O, Ermənistanı bir neçə il idarə etmiş və Avqustun vəfatından bir az qabaq
nə vaxtsa öldürülmüşdü. Onun prinsiplə dostluq münasibətini bir üzündə Avqustun
şəkli, o biri üzündə yunanca "böyük çar Artavazd" sözləri həkk olunmuş gümüş sikkə
sübut edir.
Qayın közlənilməz ölümü, Ariobarzanın qəflətən həyatdan getməsi,
Artabazdın öldürülməsi Avqustun və onun atropatenalı müttəfiqlərinin planlarına ağır
zərbə oldu. Atropatilərin Ermənistan taxt-tacında bərqərar olması üçün yaranmış
əlverişli şərait uğursuzluqla nəticələndi.
Ariobarzanın oğlu Ariovast Atropatenanı idarə edən son Atropati oldu.
Eramızın 20-ci ilinə yaxın Atropatenada Atropatilar sülaləsınə son qoyuldu.
Hakimiyyət parfiyalı Arşakilərin kiçik qolunun ixtiyarına keçdi.
Beləliklə, Atropatena tarixində Romaya meyil dövrü başa çatdı, atropatenalılar
yenidən "Parfiyanın ağuşuna" qayıtdılar.
256
Atropatilər ölkəni təqribən üç əsr yarım idarə etdilər. Atropatilər haqqında ən
son məlumatı bizə ikidilli latın-yunan yazısı verir. Bu yazıda Atropatena padşah
sülaləsinin son törəməsinin - Roma tribalarından birində yazılmış Qay Yuli Artabazın
(məşhur Artabazdın nəvə və ya nəticəsinin) adı çəkilir.
257
XIII F Ə S İ L
Dostları ilə paylaş: |