Qəbir abidələri. Atropatenanın qəbir abidələri indiyədək kifayət dərəcədə
öyrənilməmişdir. Əslində iri gil qablardan ibarət olan, ədəbiyyatda "küp qəbirlər"
adını almış qəbirlərdən başqa Atropatena ərazisindən qəbirlərin digər növləri hələlik
məlum deyildir.
Küp qəbirlər təsərrüfat təyinatlı iri gil qablarda (hündürlüyü 1,50-1,80 metr,
eni isə çox hallarda 1 metrdən artıq) dəfn adətinin təzahürüdür. Küp qəbirləri heç bir
məzarüstü qurğulara malik deyildir. Meyit çox zaman üfüqi vəziyyətdə olan küpün
265
içərisində sıx bükülü vəziyyətdə küpün boğaz hissəsinə doğru yönəlmiş halda, sağ və
ya sol böyrü üstə yerləşdirilirdi. Belə bir fikir irəli sürülmüşdür ki, kişilər sol, qadınlar
isə sağ böyrü üstə dəfn edilirdi. Dəfn üçün nəzərdə tutulmuş küpün içərisində xırda
avadanlıq və bəzək əşyaları (qolbaqlar, boyunbağılar, üzüklər, muncuqlar və s.)
yerləşdirilir, küpün yanında isə gil qablar qoyulurdu. Gil qabların içərisində qırmızı
və qara rəngli boyalarla, həndəsi ornamentlərlə bəzədilmiş qabları (əsasən küpləri),
içərisi oyma və ştamp bəzəklərlə naxışlanmış qara cilalı camları qeyd etmək lazımdır.
Dəfn küplərinin oriyentasiyası sərbəstdir.
Küp qəbirlər uzun müddət ərzində əsasən eramızdan əvvəlki dövrün son
əsrlərinə aid edilirdi. Lakin son zamanlar Naxçıvan ətrafında və Ağcabədi bölgəsində
(Mil düzündə) tədqiq olunmuş qəbirlər ən erkən küp qəbirlərini e.ə. VI-III əsrlərə aid
etməyə imkan verir.
Sikkə tapıntıları. Təəssüf ki, Atropatena ərazisindən tapılmış sikkə dəfinələri
və sikkələrin ayrı-ayrı nümunələri hələ azsaylıdır. Lakin mövcud olan sikkələr kütləsi
bu dövlətin pul dövriyyəsinin səviyyəsi haqqında təsəvvür yaratmağa imkan verir.
Hellinizm dövründə Atropatena ərazisində pul dövriyyəsi hələlik az təsadüf edilən
sikkələr əsasında təsdiqlənir. Onların arasında Makedoniyalı Aleksandrın ölümündən
sonra dövriyyəyə buraxılmış, Urmiya gölü yaxınlığındakı qəbirlərdən birində aşkar
olunmuş draxmanı (e.ə. III əsr) qeyd etmək lazımdır.
Atropatena ərazisində Parfiya hökmdarlarının sikkələri, əsasən draxmaları çox
geniş yayılmışdı. E.ə. I əsrin - eramızın II əsrinin draxmaları xüsusilə geniş şəkildə
təmsil olunmuşdur. Həmin draxmalar II Oroddan (e.ə. təqribən 57-37-ci illər)
başlamış IV Vologezədək (eramızın 147-191-ci illəri) dövrü əhatə edir.
Atropatena ərazisində tapılmış iki dəfinə Atropatenada pul dövriyyəsinin
səviyyəsi haqqında təsəvvür yaratmaq üçün böyük əhəmiyyətə malikdir: 1923-cü ildə
Əhərdə tapılmış və I Qotarzdan II Orodadək olan dövrdə buraxılmış, təxminən 600
Parfiya draxmasından ibarət olan dəfinə və Azərbaycan Respublikasının Əli Bayramlı
bölgəsində aşkar olunmuş, II Artabandan (10-38-ci illər) IV Vologezədək olan dövrdə
buraxılmış 110 draxmadan ibarət olan dəfinə.
Eramızın ilk əsrlərində Atropatenada Parfiya draxmaları ilə yanaşı məhdud
miqdarda olsa da imperator Avqustun Roma denariləri də dövr edirdi. Artıq sikkələrin
bu, o qədər də tam olmayan siyahısı Atropatenada pul dövriyyəsinin inkişaf etdiyini
təsdiqləyir.
Bu icmal təsdiq edir ki, bizim Atropatenanın maddi mədəniyyəti haqqındakı
təsəvvürlərimiz hələ də çox kasıbdır.
Din. Avesta problemi. ZərdüĢtilik. Güman etmək olar ki, artıq e.ə. I
minilliyin ilk əsrlərində Qərbi Madada, xüsusilə gələcək Kiçik və yaxud Atropat
Madası zonasında müxtəlif mazdaist təlimlər yayılmışdı. Burada və ona qonşu olan
266
ərazilərdə təxminən həmin minilliyin başlanğıcında gənc Avesta inamları ocaqlarının
mövcud olduğunu ehtimal etmək olar.
Lakin bizə o da məlumdur ki, artıq Atropatena dövlətinin mövcudluğunun ilk
onilliklərində bizi maraqlandıran ərazidə, Şərqin digər Hellinist dövlətlərində olduğu
kimi, yunan-makedon işğalçıları tərəfindən gətirilmiş müxtəlif yunan ayinləri,
xüsusilə Herakla sitayiş də yayılmışdı.
Mazdaist təlimlərin və hətta ola bilər ki, zərdüşti mazdaizminin özünün
gələcək Atropatenanın vilayətlərindəki mövqeləri, şübhəsiz, Mannanın madalılar
tərəfindən işğalından, Mada etnosunun burada konsentrasiyasından və bu bölgənin
yeni Madaya çevrilməsindən sonra möhkəmlənməli idi.
"Avesta"ya gəldikdə göstərmək lazımdır ki, bu abidənin bizə gəlib çatmış
nüsxəsi Sasanilər dövründə dövlət dini kimi elan olunmuş "Avesta" məcmuəsinin bir
hissəsidir. Hazırda zərdüştilik dininə etiqad edənlərin sayı da çox deyildir. Ərəb
işğalından və Sasanilər dövlətinin məhv olmasından sonra yalnız zərdüştilərin az
qismi öz etiqadını mühafizə edirdi. Onları adətən "pars" (Hindistanda yaşayanları),
"kəbr" (İranda yaşayanlar "kəbr" ərəb sözü olan "kafirin təhrif olunmuş şəklidir,
"dinsiz, imansız" mənasına malikdir) "atəşpərəst" (zərdüştilik inamlarında və
adətlərində atəşin, odun böyük rolu olduğuna görə) adlandırırlar. Tale zərdüştiləri
bütün dünyaya səpələmişdir. Onlar İranda, Hindistanda, Pakistanda, ABŞ-da,
İngiltərədə, Avstriyada, Kanadada, Şri Lankada, Yəməndə, Çində və başqa ölkələrdə
yaşayırlar. Hazırda bütün dünyada 130 minədək atəşpərəst (zərdüşti) yaşayır.
Belə güman edirlər ki, Sasanilər sülaləsinin hakimiyyəti dövründə, Avesta bir
neçə dəfə - III, IV, hətta VI və VII əsrlərdə kodifikasiya edilmişdir. Hesab edirlər ki,
məhz zərdüştiliyin intibahı dövrü olan Sasanilər hakimiyyəti zamanında Avestanın
müqəddəs mətnlərinin daha dəqiq, incə çalarlarını ifadə edən yazılışı üçün pəhləvi
əlifbası (öz mənşəyi etibarilə arami yazısına gedib çıxır) əsasında xeyli miqdarda
işarələri olan xüsusi şrift yaradılmışdı (bu isə tələffüzü daha dəqiq çatdırmağa imkan
verirdi). Nüfuzlu tədqiqatçıların fikrincə, bu şrift birdəfəlik fərdi yaradıcılığın nəticəsi
idi. Maraqlıdır ki, bu hadisə gürcü, erməni və alban əlifbalarının meydana gəldiyi bir
zamanda baş vermişdir.
Avestanın kanonlaşdırılmış mətni pəhləvi (Sasani İranının yazı dili - orta fars
dili) dilinə tərcümə və şərhlə təchiz edilmişdi.
Güman etmək olar ki, zərdüştilik dininin "Avesta dilində" yazılmış qədim
Avestanın özündən (orta farsca apastak>apastay, "əsas", "əmrnamə", "qanun"
deməkdir) və orta farsca yazılmış "Zend"dən (orta farsca zend, yəni "ifadəetmə",
"təfsir", "izahat") ibarət olan müqəddəs kitablarının ümumi ifadəsi kimi "Zend-
Avesta" istilahı məhz bu dövrdə yaranmışdır.
Buna görə də "Zend-Avesta" adının Avestanın özünə aid istifadə olunması (bu
hala nəinki yalnız XIX əsrdə, habelə bəzən bizim günlərdə də təsadüf edilir)
267
yolverilməzdir. "Zend dili" anlayışının Avesta dilinin ifadə edilməsi üçün istifadə
olunması da səhvdir.
Filoloji xarakterli ayrı-ayrı mülahizələr və antik müəlliflərin məlumatları
ehtimal etməyə imkan verir ki, vaxtilə İran, Azərbaycan, Orta Asiyanın xeyli qismi və
digər bölgə sakinlərinin ağlına hakim kəsilmiş zərdüştilik dininin müqəddəs
kitablarının toplanmasına ilk cəhd hələ Parfiya Arşakilərinin hakimiyyəti zamanında
göstərilmişdir. Belə hesab edirlər ki, e.ə. I əsrdə Şərqi Parfiyada "Avesta"nın, ən azı
onun ayrı-ayrı hissələrinin yazılı mətni mövcud idi.
Orta əsrlərin Denkart, Bundahişn, Arda Viraf-namak və bu kimi ilahiyyat və
başqa kitablarda öz əksini tapmış zərdüştilik ənənəsinin məlumatları da bu nöqteyi-
nəzəri möhkəmləndirir.
Bu və bəzi digər materiallar, xüsusilə antik müəlliflərin məlumatlarına əsasən
vaxtilə "Avesta"nın dini və mərasim qanunlarının, kosmoqonik və esxatoloji
təsəvvürlərin, müxtəlif tanrılara həsr olunmuş müqəddəs himnlərin, müxtəlif duaların,
əxlaqi normaların, mifoloji, epik, əfsanəvi və başqa materialların nəhəng külliyyatı
olması təsdiqlənir. Özü də bütün bunlar heç də həmişə peyğəmbər Zərdüştün
(Zaratuştranın) adı ilə əlaqələndirilmirdi.
Hesab etməyə əsas var ki, bəzi alimlərin güman etdikləri kimi, Parfiya
dövründə toplanan, bərpa olunan və yazıda maddiləşən yalnız şifahi zərdüştilik
ənənəsi deyildi. Şifahi ənənə ilə yanaşı, əvvəlki əsrlərdə mövcud olmuş, müqəddəs
kitabların məhz yazılı fraqmentləri toplanır, bərpa edilir və yenidən yazılırdı.
Zərdüştilik ənənəsinə görə, "Avesta"nın əski əsrlərdə mövcud olmuş nüsxələrindən
biri Makedoniyalı Aleksandr tərəfindən yandırılmışdır.
Bizə bəllidir ki, hələ e.ə. IV əsrin son rübündə yunan alimi Feopomp
Makedoniyalı Aleksandrın tapşırığı ilə zərdüştilik dininin qədim kitablarını öyrənirdi.
Plini [XXX, 2] məlumat verir ki, zərdüştlik dininin ən yaxşı bilicilərindən biri olan
Hermippin (e.ə. III əsr) sözlərinə görə, zərdüştiliyin müqəddəs kitabları özündə 2
milyondan artıq misranı ehtiva edirdi. Maraqlıdır ki, ənənəyə əsasən Sasani hökmdarı
I Şapur əsli itirilmiş, lakin tərcümələrdə və xüsusilə qədim yunan dilinə (Dekartda
iddia edilir ki, "Avesta"nın və ya onun ayrı-ayrı hissələrinin qədim yunan dilinə
tərcüməsi vardı) tərcümədə mühafizə olunmuş "Avesta"nın kitablarını pəhləvi dilinə
tərcümə etməyi əmr etmişdi. Güman etmək olar ki, məhz qədim yunan dilinə tərcümə
edilmiş "Avesta" Feopomp üçün öyrənmə obyektinə çevrilmişdi. Zərdüştilik
kitablarının yazılı mətnlərinin mövcudluğunu nəinki qədim yunan müəllifi Pavsaninin
zərdüşt kahininin
"k i t a b ı a v a z l a o x u d u ğ u n u" yad etməsi, habelə qədim yazıçıların hələ
Sokrat dövründə Zərdüştün "lokiyalarının olması haqqındakı məlumatları" da
təsdiqləyir. Bəzi tədqiqatçılar Herodotun qurban verilərkən maqların teoqonik
nəğmələr oxuması haqqındakı məlumatlarında da "Qat"ın - "Avesta"nın bir qisminin
268
yazılı mətninin mövcudluğuna işarəni görürlər. Nəhayət, "Avesta"nın, ən azı onun
ayrı-ayrı hissələrinin yazılı mətninin hələ Əhəmənilər hakimiyyətinə qədərki dövrdə
mövcud olduğunu məntiqi səciyyəli bir hal da təsdiqləməlidir. Zənn edirik ki, yazıda
maddiləşmiş "Avesta" olmasaydı, qədim yunan fəlsəfəsinə və iudaizm dininə o, çətin
ki, təsir edə bilərdi.
Beləliklə, yunan müəlliflərinin hesab etdikləri kimi 2 milyon misranı özündə
ehtiva edən və yaxud zərdüştilik ənənəsinin və sonralar ərəb və farsdilli müəlliflərin
iddia etdikləri kimi, 12 min öküz (inək) dərisi üzərində qızıl hərflərlə yazılmış
"Avesta"nın (və yaxud onun ayrı-ayrı hissələrinin) yazılı mətni Makedoniyalı
Aleksandrın yaşayıb fəaliyyət göstərdiyi dövrdən xeyli əvvəl mövcud olmuşdur.
Yunan-Makedoniya işğalı zamanı məhv olmuş və bir neçə əsr ərzində daha
çox şifahi surətdə saxlandığı güman olunan (əlbəttə, ola bilər ki, kitablardan ayrı-ayrı
fraqmentlər də qalmışdı) məhz bu "Avesta"nı Parfiya hökmdarı Arşaki Vologez
(görünür, I Vologez) bərpa etməyə cəhd göstərmişdi.
Lakin alimlərin hesab etdikləri kimi, ilkin "Avesta"dan yaddaşda heç də hər
şey qala bilməzdi (bəzi tədqiqatçılar hesab edirlər ki, 350 min sözdən artıq ola
bilməzdi), hər halda "Avesta"nın hifz olunmuş hissələri artıq yuxarıda xatırlandığı
kimi, e.ə. I əsrdə kodifikasiya olunmuşdu.
İlk Sasani hökmdarı Ərdəşir Papağanın dövründə (225-240-cı illər) "Avesta"nı
çox fəal surətdə toplamağa və bərpa etməyə başladılar. Güman etmək olar ki, Avesta
IV əsrdə hələ göstərilmiş zamanadək imperiyanın dövlət əhəmiyyətli müqəddəs
məkanına çevrilmiş Atropatenada ali kahin Äturpät Mahrspandan tərəfindən
kanonlaşdırılmışdı.
"Avesta" sonralar da redaktələrə məruz qalmışdır.
Axırıncı redaktədən sonra güclü surətdə seyrəlmiş "Avesta" 21 naskdan
(kitabdan) ibarət idi. Lakin "Avesta"nın bu mətni də bizə tam şəkildə gəlib
çatmamışdır. Artıq ərəblərin hakimiyyəti dövründə zərdüştiliyin müqəddəs kitabları
yenidən təqiblərə məruz qaldı. Bizə məlumdur ki, ərəb işğalı dövründə digər qeyri
islam ədəbiyyatı kimi, "Avesta"nın əlyazmaları da amansızcasına yandırılırdı.
Bu barədə Biruni məlumat vermişdir. Belə ki, Parfiya dövründən Sasanilərin
hakimiyyəti zamanınadək olan ən azı 6-7 əsr ərzində bir çox ilahiyyətçi alimlər,
kahinlər, adı məlum olmayan xeyli əməkçi nəsilləri tərəfindən bərpa olunan "Avesta"
kitablarının bir qismi qayıtmaz şəkildə məhv oldu.
Hazırda Arşakilərin və Sasanilərin hakimiyyətləri dövründə bərpa olunmuş
zərdüşti kitablardan bizim "Avesta" adlandırmağa adət etdiyimiz əsərdən aşağıdakılar
qalmışdır: Yaştlardan, Yasnadan, Vispratdan ibarət olan üç natamam kitab (nask),
nisbətən tam olan Videvdat, habelə Kiçik Avesta (Xurd Avesta, orta farsca Xurtak
Apastak). Kiçik Avesta əsasən bizə məlum olan Böyük Avestadan seçilmiş,
zərdüştiliyə sitayiş edən şəxs üçün gündəlik həyatda zəruri olan duaların minimum
269
məcmuəsidir. Kiçik Avestaya bəzən ənənə üzrə Yaştları da daxil edirlər. Kiçik
məcmuələr və s. şəklində ayrı-ayrı "Avesta" fraqmentləri (bizə qədər gəlib çatmamış
Avesta kitablarından) də qalmışdır. Mütəxəssislərin hesab etdikləri kimi, bütün bunlar
Sasanilər dövründə bərpa olunmuş "Avesta"nın yalnız dörddə bir qismidir.
Sasanilər dövründə bərpa olunmuş 20 kitabın (21 kitabdan) adları və qısa
məzmunu bizə IX əsrin zərdüştilik əsəri Denkartdan məlumdur. Özü də qeyd etmək
lazımdır ki, bu kitabların qısa icmalı "Avesta"nın öz mətni üzrə deyil, "Avesta"nın
pəhləvi dilinə tərcüməsi əsasında hazırlanmışdır. Müxtəlif "Avesta" nasklarının
məzmunu başqa pəhləvi kitablarında da izah edilmişdir. Göstərmək lazımdır ki,
pəhləvi kitabları mahiyyətcə bizə "Avesta"nın itirilmiş hissələri haqqında bəzi
təsəvvürlər yaratmaq imkanı verən yeganə mənbədir.
Hindistan parsları, onlarda zərdüştilik dininin müqəddəs kitablarının
mövcudluğu haqqında erkən məlumatlar Avropaya yalnız XVII əsrdə çatmışdır.
Tezliklə Oksford kollecinin kitabxanasında (İngiltərə) "Avesta"nın Hindistandan
gətirilmiş ilk əlyazmaları meydana çıxdı.
Lakin bir çox onilliklər ərzində "Avesta"nı oxumaq heç kimə müyəssər
olmurdu. "Avesta" Avropada ilk dəfə uzun müddət Hindistanda yaşamış, pars
kahinlərinin yardımı ilə müqəddəs kitabları öyrənmiş fransız Anketil Düperron
(1731-1805) tərəfindən 1771-ci ildə nəşr edilmişdir. Şübhəsizdir ki, bu, böyük
şücaət tələb edən epoxal kəşf idi. Lakin Avropada "Avesta" ətrafında qızışmış
mübahisənin getdiyi 50 ildən də artıq bir müddət ərzində fransız aliminin elmi şücaəti
layiqincə qiymətləndirilmədi. Əksinə, Anketil Düketil Düperronun ölümündən sonra,
artıq XIX əsrin 20-ci illərində alimə bəraət qazandırıldı və o, sonralar "avestologiya"
adı ilə məlum olan yeni elmin banisi kimi tanındı.
Avropa mədəniyyətinə zərdüştilik haqqında təsəvvürü nəşr etdiyi "Avesta"
vasitəsilə daxil etmiş şəxs məhz Anketil Düperron olmuşdur. Hegelin, Getenin və
XIX əsrin başqa mütəfəkkir və alimlərinin mülahizələri məhz onun zərdüştilik dininin
təfsirinə əsaslanırdı. Tezliklə "Avesta" parlaq alimlərin bir çox nəsillərinin tədqiqat
obyektinə çevrildi. Bu estafet nəsildən-nəslə ötürülür və "Avesta"nın problemləri
hazırda da müxtəlif ölkələrdə tədqiqatçıların fikrini həyəcanlandırır.
Yuxarıda qeyd edildiyi kimi, bizə qədər gəlib çatmış "Avesta" Yasnadan,
Yaştlardan, Vispratdan, Videvdatdan və Kiçik Avestadan ibarətdir.
Yasna ("ehtiram", "pərəstiş", "qurban vermə") "Avesta"nın 72 fəsildən ibarət
olan, ibadət, müxtəlif adətlər, mərasimlər və qurban verilməsi zamanı oxunan ayrı-
ayrı duaları özündə ehtiva edən ən həcmli hissəsidir. Metrik formada tərtib olunmuş
və xarakterinə görə Bibliya peyğəmbərlərinin nitqlərini xatırladan "Qat"lar
("himnlər", nəğmələr") onun ən mühüm qismidir (17 fəsildən ibarətdir).
Alimlər "Qat"ların məzmununun çox emosional və "insani" ruhda olduğunu
qeyd edirlər. Güman edirlər ki, Qatlarda insanın səsi eşidilir və hərdənbir "müəllifin
270
fərdiliyi aydın şəkildə hiss olunur" [ E . E . B e r t e l s ] . Adətən Zərdüştün (Zaratuştra,
Zaratustra) özü Qatların müəllifi hesab edilir. Zərdüşt öz moizələrində zülm və zülmət
aləmindən imtina etməyə, xeyir və işıq aləmini seçməyə səsləyir. Qatların oxunuşu ən
qədim zamanlardan indiyədək zərdüştilik təliminin ən müqəddəs mərasimlərindən
biridir.
Qeyd etmək lazımdır ki, "Qat"lar Avestanın ən çətin anlaşılan qismidir.
İranşünaslıq sahəsində ən nüfuzlu tədqiqatçılardan biri açıq surətdə yazırdı ki, Qatlar
"bütün
hind-Avropa
filologiyasının
ən
çətin
hissəsini
təşkil
edir"
[ X r . B a r t o l o m e ] . Qətiyyətlə demək olar ki, bizdə tərcümə variantlarının miqdarı
qədər müxtəlif "Qatlar" mövcuddur [ İ . M . D y a k o n o v ] .
Belə hesab etmək məqbuldur ki, şübhəsiz, "Avesta"da "Qatlara" nisbətən daha
qədim fraqmentlər olsa da, "Qatlar" "Avesta"nın çox qədim hissəsidir. Bunu hər halda
Yaştların, habelə Yasnanın bəzi hissələrinə münasibətdə də iddia etmək olar.
Yasnanın qismən şeirlərlə tərtib olunmuş Yeddi fəsli (35-41-ci fəsillər) Qatlara
yaxınlaşır. Bu fəsillərdə ən qədim zamanların ruhu duyulmaqdadır. Yasnanın nəticə
hissəsində dualar vardır.
"Avesta"nın dünyagörüşü və ədəbi-bədii cəhətdən fövqəladə dərəcədə qiymətli
və maraqlı hissəsi Yaştlardır ("pərəstiş", "tərif"). Yaştlar İran panteonunun müxtəlif
tanrılarına həsr olunmuş tərif səciyyəli 22 himn-duadan ibarətdir. "Avesta"nın bəlkə
də ən qədim hissəsi olan Yaştlarda hindlilərin Vedalarında mövcud olan bənzərli
materialla səsləşən çoxsaylı epik motivlər, mifoloji surət və süjetlər saxlanılmışdır.
Bu süjetlərin bir qismi sonralar Firdovsi tərəfindən "Şahnamə" əsərində istifadə
edilmişdir.
Qeyd etmək lazımdır ki, Yaştlarda nəinki zərdüştiliyə qədərki dövrün ən qədim
İran poeziyasının fraqmentləri, habelə daha sonrakı zamana aid olan himnlər
mövcuddur.
Visprat ("Bütün ratular"; ratu - "hökmdar", "hakim", "tanrı" deməkdir.
Beləliklə, "Bütün hökmdarlar", "Bütün hakimlər", "Bütün tanrılar") 24 fəsildən ibarət
olan (müxtəlif əlyazmalarda fəsillərin sayı müxtəlifdir) kahin, dua kitabıdır. Kitab
müxtəlif tanrılara ehtiramın izhar olunması ilə ibadət səciyyəli müraciətlərdən
ibarətdir. Visprat mahiyyətcə Yasnaya əlavədir və öz xarakterinə görə Bibliya kitabı
olan "Levit"ə bir qədər bənzəyir. Bu kitab "Avesta"nın ən solğun və maraqsız
qismidir.
Videvdatı (təhrif olunmuş Vendidat da işlədilir) hazırda son zamanlaradək
edildiyi kimi, sadəcə olaraq, "Devlər əleyhinə qanun" kimi deyil, dəqiqləşdirmə ilə
"əvvəlki tanrıların rədd olunması" kimi tərcümə edirlər.
Videvdat "Avesta"nın Sasanilər dövründə bərpa olunmuş 21 kitabından
yeganəsidir ki, təqribən tam qalmışdır və əski "Avesta"nın kitablarından birinə
təqribən tamamilə uyğundur.
271
Videvdat ilk növbədə nəyin qadağan olunduğunu, nəyə icazə verildiyini
göstərən qanun və göstərişlər külliyyatıdır. 22 fəsildən (afqarddan və yaxud
farqarddan) ibarət olan bu kitabda mərasimlə əlaqədar təmizlənmə qaydaları, müxtəlif
ayinlərin həyata keçirilməsi üsulları əks olunmuşdur. Bu kitabda oda və başqa təbii
qüvvələrə xüsusi diqqət göstərilməsi, itlərə və digər faydalı heyvanlara qayğı
bəslənilməsi zərurəti, əkinçilik qaydaları haqqında danışılır, günahların və xeyirli
əməllərin siyahısı sadalanır, günahların yuyulması məsələsinə dair göstərişlər verilir,
bəzi dini-hüquqi müddəalar, mülki və cinayət hüququ və s. elementlər izhar edilir.
Videvdatda İran tayfalarının mifləri, əfsanələri, epik yaradıcılığı, kosmoloji,
coğrafi təsəvvürlərinin və xalq əqidələri elementlərinin hifz olunması bizim üçün
xüsusilə mühümdür.
Onlardan bəziləri nisbətən sonralar yaranmışdır, bir qismi isə mənşə etibarilə
çox qədim zamanlara gedib çıxır.
Videvdatın I farqardının başlanğıcı olan "Coğrafi poema"da lap qədimlərə
gedib çıxan süjetlər az deyildir. Burada Ahura Mazdanın ölkələri yaratması haqqında
danışılır. Aryanam Vayçaxın - "Ari açıqlığı" adı həmin ölkələr sırasında birinci
çəkilir. Güman etmək olar ki, bu ölkə arilərin ilkin vətəni olmuşdur. Bu ölkə "Coğrafi
poema"da dünyanın ən yaxşı diyarı kimi səciyyələnmişdir, lakin qeyd edilmişdir ki,
sonralar burada şər və zülmət ruhu olan Anhra Manyunun yaratdığı bəlalar meydana
gəlmişdir.
I farqardda 16 ölkənin adı çəkilmişdir. Onların sırasında həm gerçək, həm də
mifik ölkələr vardır. Ölkələrin adlarının çəkilməsində heç bir sistem və qayda yoxdur.
Fəsil bu sözlərlə başa çatır: "Zəngin təbiəti, yaşayış üçün yararlı olan başqa gözəl
yerlər və ölkələr də mövcuddur".
"Coğrafi poema" Avestanın coğrafi üfüqlərinin geniş olduğunu təsdiqləyir. Ola
bilər ki, adları çəkilmiş ölkələr nəinki arilərin köç etdikləri vilayətlərdir, habelə
Videvdatın mətninin tərtib olunması ərəfəsində zərdüştiliyin yayıldığı torpaqlardır.
Videvdatın tərtibi zamanına gəldikdə isə demək lazımdır ki, hələ bu yaxınlarda bu
kitabın "Avesta"nın başqa hissələrinə nisbətən daha gec meydana gəldiyini hesab
edirdilər. Doğrudur, ümumiyyətlə bütün Kiçik Avestada olduğu kimi, Videvdatda da
məzmununa görə və mənşəcə çox gec tarixi dövrlərə aid olan material az deyildir.
Lakin onda aşkar şəkildə qədim, erkən bəzən qalan "Avesta"ya yad olan bir çox
cəhətlərin qalması da mübahisəsizdir. Belə bir fikir söylənilmişdir ki, Əhəmənilər
hakimiyyətinə qədərki dövrün madalılarının dini təsəvvürləri məhz Videvdatda əks
olunmuş təsəvvürlərə uyğun gəlir. Güman edirlər ki, Videvdat (daha dəqiqi,
Protovidevdat) Qərbi İran vilayətlərində meydana gəlmişdir, Mada maqları isə onun
tərtibçiləri ola bilərdilər. Videvdatın dünyagörüşünün qədimliyini habelə o da
təsdiqləyir ki, burada ali tanrı Ahura Mazdä (Qatlarda olduğu kimi, Ahura, Mazda
Ahura, Mazda şəklində deyil) adlandırılır. Mütəxəssislərin gümanına görə, iş
272
burasındadır ki, həmin adın daha qədim halı Ahura ("hökmdar", "cənab", "tanrı"
deməkdir. Erkən dövrdə qədim hindilərdə olduğu kimi *asura; məlum olan Assara
Mazas'ın Ähura Mazdä bərabər olduğuna diqqət yetirək. Ahura istilahı artıq e.ə. VIII
əsrdən Qərbi İran onomastikasında təsdiqlənmişdir) adının Mazda ("müdrik"
deməkdir və hind sözü olan medhas-a, rus sözü mudr-a qohumdur) epiteti ilə
dəqiqləşdirildiyi zamanda (hələ qeyri-zərdüştilik dövründəmi - ?) olmuş, yəni onda
tanrı Ahura Mazda adlandırılırdı.
Videvdatın II farqardında insanlığın əcdadı, mədəni qəhrəman, minillik "qızıl
əsr" dövründə dünyada hökmranlıq etmiş, İran eposunun ən qədim motivlərinə gedib
çıxan Yima (orta əsrlərdə Cəmşid adlanırdı) haqqında əfsanə hifz olunmuşdur. İbtidai
dünya duyumunun tam surətdə sirayət etdiyi bu əfsanədə eposun ən qədim qalıq
formaları mühafizə olunmuşdur. Həmin formalarda ari və hətta hind-Avropa
səviyyələrinin motivləri və surətləri asanlıqla tanınır.
"Avesta"nın ümumi qiymətləndirilməsinə keçərkən demək lazımdır ki, bu
abidə müxtəlif xarakterlidir, müxtəlif zamanlarda və müxtəlif məkanlarda yaranmış
təbəqələrin ağlasığmaz dərəcədə miqdarından ibarətdir.
Əlbəttə, xüsusilə epik mahnılarda və abidənin başqa hissələrində əks olunmuş
xalq elementləri "Avesta"nın daha qədim qatıdır. Həmin elementlər e.ə. I minilliyin
ilk əsrlərindən gec olmayaraq meydana gəlmişdi. Ola bilər ki, onlardan bəziləri e.ə. II
minilliyə, bəlkə də daha erkən çağlara gedib çıxır. Yasnanın və Yaştların müxtəlif
hissələrində ən qədim epik nəğmələr hifz olunmuşdur. "Mal-qaranın oğurlanması"
haqqında nəğmə, Mihr Yaştdakı mahnılar, Yima haqqında əfsanə də bu qəbildəndir.
"Öküzün canı"ndan - Zərdüştün Qatlarının mərkəzi surətindən də - xeyli arxaiklik
duyulmaqdadır. Lakin "Avesta"dakı bu elementlər onları kanonlaşdırılmış təlimə tabe
etməyə cəhd edən xeyli sonrakı kahin ideyaları ilə güclü şəkildə çulğalamışdır.
İndiki "Avesta"nı adətən iki qismə - Qatik (böyük) Avestaya və Kiçik
Avestaya ayırırlar. Qatlardan başqa, Böyük Avestaya Yasnanın bəzi digər bölmələrini
də aid edirlər. Bütün qalanlar Kiçik Avestaya aiddir.
Alimlər adətən Qatik Avestanın daha yaşlı olduğunu etiraf edərək çox zaman
belə hesab edirlər ki, Kiçik Avesta ənənəsi peyğəmbər Zərdüştün Qatik Avestada öz
əksini tapmış ilkin, saf təliminin sonrakı təhrifindən ibarətdir.
Müəllifliyi adətən Zərdüştə şamil olunan Qatların Kiçik Avestadan kəskin
surətdə fərqlənməsi mübahisə doğurmur. Tədqiqatçıların bir qismi onlar arasındakı
təzadı aradan qaldırmağa cəhd göstərsələr də, avestoloqların böyük əksəriyyəti bunu
etiraf edir. Lakin o da şübhəsizdir ki, sonralar əlavə olunmuş bir çox materialları da
özündə ehtiva edən Kiçik Avestanı bütövlükdə heç bir vəchlə Zərdüşt təliminin
sonrakı təhrifi hesab etmək olmaz. Görkəmli iranşünaslar bu cəhətə dəfələrlə işarə
etmişlər.
273
Həqiqətən də Kiçik Avestada arxaizmlər Qatlardakına nisbətən daha çoxdur.
Təbiidir ki, Qatlarda da çox qədim, bəzi hallarda hind-Avropa birliyi dövründən gələn
cəhətlər az deyildir. Qatlarla müqayisədə Kiçik Avesta çıxış nöqtəsi olan ümumari və
hətta hind-Avropa materialına bir çox hallarda daha çox yaxındır. Ayrı-ayrı hallarda
Kiçik Avesta arxaik hind-Avropa modellərini bilavasitə canlandırır. Qatlarda isə
həmin modellər o qədər də çox deyildir və orada onlar tanınmaz dərəcədə
dəyişdirilmişlər. Vedalar ruhunda politeizm hökm sürən Kiçik Avestada Mitra,
Veretraqna, Tiştriya, Vayyu və bir çoxları fəaliyyət göstərirlər. Qatlarda isə dualizmin
hökmranlığı şəraitində mahiyyətcə çox güclü şəkildə monoteizm elementləri zahirə
çıxır.
Qanlı qurbanlar verilməsi və Xaoma adlanan sərxoşedici içkiyə pərəstiş Kiçik
Avestaya xasdır. Qatlarda isə bu cür cəhətlər aşkar surətdə pislənməsə də təbliğ
edilmir. Kiçik Avestada əski ümumari ictimai terminologiyası saxlanılmışdır,
Qatlarda isə bu terminologiya yenisi ilə əvəz olunmuşdur. Kiçik Avestada
ümumiyyətlə Riqveda ilə bir çox ümumi olan cəhətlər mövcuddur. Burada bəzən hett,
qədim yunan, İtaliya, german-skandinav dinləri və mifologiyası ilə heyranedici
oxşarlıq vardır.
Kiçik Avesta haqqında bütün deyilənlər onun ideyalarının və surətlərinin xeyli
dərəcədə qədim olduğunu təsdiqləyir.
Beləliklə, əgər Qatlar Zərdüştün özünün yaradıcılığıdırsa, Kiçik Avestada
zərdüştiliyə uyğunlaşdırılsa da, peyğəmbərin təliminin mahiyyəti ilə ciddi ziddiyyətdə
olan, Zərdüştə qədərki material az deyildir.
Zərdüşt "Qərbin "oğulluğa" götürdüyü ilk Asiya oğlu idi. Onun təlimi
Yunanıstanı Xristos təliminin qəbul olunmasından təxminən 4 əsr öncə
zənginləşdirdi. Artıq Platon Zərdüştü tanıyırdı... Zərdüşt əsrlər boyu... Qərbdə qədim
Asiya müdrikliyini təmsil edən yeganə şəxs idi..." [J a n D ü ş e n K i y e m e n ] .
Zərdüştün şəxsiyyətinə, həyat zamanına və fəaliyyət yerinə gəldikdə isə, bu
məsələlər üzrə bir-birinə tamamilə əks olan elə çox nöqteyi-nəzərlər söylənilmişdir ki,
burada onlar üzərində heç olmasa səthi surətdə dayanmaq üçün heç bir imkan yoxdur.
Bəziləri Zərdüştü tarixi şəxsiyyət, böyük peyğəmbər və Qatların müəllifi hesab
edir, başqaları isə bunu tanımaqdan qəti surətdə imtina edirlər. Bəziləri Zərdüştün
həyat zamanını e.ə. VII-VI minilliklərə, digərləri, tunc əsrinə, üçüncülər e.ə. 1000-ci
ilə, dördüncülər e.ə. VII-VI əsrlərə və s. aid edirlər. Alimlərin böyük əksəriyyəti bu
fikirlə razıdır ki, Zərdüşt təxminən e.ə. 1000-600-cü illər arasındakı dövrdə
yaşamışdır.
Bir çox hallar Qərbi İran vilayətlərində Kiçik Avestada öz əksini tapmış
ideyaların və surətlərin qədimdə yayıldığını təsdiqləyir. Cənubi Azərbaycan
vilayətlərində Kiçik Avesta təlimlərinin erkən ocağının mövcud olduğunu da iddia
274
etmək olar. Lakin deyilənlər heç də bizə burada "Avesta" təlimlərinin vətənini və
"Avesta xalqının" özünü lokallaşdırmaq əsasını vermir.
Məsələ burasındadır ki, "Avesta"da müxtəlif zamanlarda və müxtəlif yerlərdə
yaranmış xeyli miqdarda laylar vardır. Və elə buna görə də, sözün birbaşa mənasında,
"Avesta" təlimlərinin vətəni haqqında ciddi danışmaq çətindir. Bu vətəni Qərbi
Sibirdən başlamış Qərbi İran vilayətlərinədək olan çox geniş ərazinin müxtəlif
yerlərində axtarırlar. Onu gah son quyu, gah Aidronovo mədəniyyətləri zonasında,
gah Orta Asiyada, gah Madada (Raqa, sonra: Rey) və yaxud Cənubi Azərbaycanda
lokallaşdırırlar. Hazırda yalnız bu və ya digər dövrdə Avesta təlimlərinin bu və ya
başqa ərazilərdə yayılması haqqında danışmaq olar.
Avesta dialektlərinin daşıyıcısı olan "Avesta xalqı"na (Awestavolk) gəldikdə
isə, yaxın keçmişdə bir çox alimlər bu "etnosun" tarixi gerçəklik olmasına şübhə
etmirdilər. Lakin hazırda tam müəyyənliklə demək lazımdır ki, bu cür "etnos" heç bir
zaman mövcud olmamışdır.
Qeyd etmək lazımdır ki, "Avesta" hərdənbir bizdə səslənən bəyanatların əksinə
olaraq heç bir zaman hər hansı qeyri-İran dilində yazıla bilməzdi. Onun sonralar guya
İran dillərindən birinə tərcümə olunması haqqında fikirlər də alimnümalıqdan başqa
bir şey deyil. Məsələnin bu cür qoyuluşunun özü ciddi deyildir. Avestada mövcud
olan xırda cəhətlərədək hər şey tam mənası ilə iranlılıqla bağlı olub, İran ruhu ilə
yoğrulmuşdur.
"Avesta" kitablarının dilinin İran dili olmasına heç bir şübhə yoxdur. Alimlərin
bir qismi onu Qərbi İran dillərinə aid edir, digərləri onu Şərqi İran dili hesab edir,
nəhayət, üçüncülər güman edirlər ki, Avestanın dili İran dillərinin Qərb və Şərq
qrupları arasında aralıq mövqeni tuturdu. Lakin son iki-üç onilliyin tədqiqatları
göstərdi ki, irandilli olan hər iki Avesta dialekti (Kiçik Avesta və Qatik Avesta) "süni
dillər" adlanan kateqoriyaya aiddir. Bu dillərdən məişətdə deyil, hind-Avropa dini və
qəhrəmanlıq poeziyasında istifadə edirdilər.
Qatların və Kiçik Avestanın fərqli xüsusiyyətlərindən danışarkən onu da qeyd
etməmək olmaz ki, əgər onlardan birincisi tam mənada kahin poeziyasının ənənəsini
davam etdirirdisə, ikincidə hind-Avropa dünyəvi qəhrəmanlıq poeziyasının
xüsusiyyətləri aşkar şəkildə nəzərə çarpırdı.
Doğrudur, ayrı-ayrı hallarda, məsələn, Kiçik Avestaya Qərbi İran
dialektlərinin, Qatlara isə Şərqi İran dialektlərinin təsirindən danışmaq olar. Bu,
əlbəttə, çox mühümdür, çünki bu hal müqəddəs yazıların hər bir qismini müəyyən
əraziyə aid etməyə imkan yaradır. "Avesta"nın (daha dəqiqi, onun ayrı-ayrı
hissələrinin) yaradılması işi hər hansı bir əfsanəvi "Avesta xalqına" deyil, artıq e.ə. I
minilliyin
275
lap başlanğıcında, bəlkə də daha öncə Orta Asiyada, İran yaylasının Şərqi və qərbində
yaşamış irandilli xalqların böyük qrupuna məxsusdur. "Avesta"da olan bir çox
cəhətləri onlar özlərinin əvvəlki vətənlərindən gətirmişdilər. Yeni yaşayış yerlərində
də xeyli dəyər yaradılmışdı.
Qatlara qayıdarkən qeyd etməmək olmaz ki, onlar xeyli dərəcədə islahatçı
fəaliyyətin məhsuludur. Onlarda ənənəvi Hind-Avropa görüşləri ilə xeyli
ziddiyyətlərin olması da bunu təsdiq edir. Qatların öz məzmunu Zərdüştün ehkamının
yeniliyi lehinə danışır. Fövqəladə dərəcədə mühümdür ki, Zərdüşt haqqında bizdən
daha çox biliklərə malik olmuş yunanlar peyğəmbəri islahatçı kimi qəbul edirdilər.
Aqafi [II, 24] bunu tam müəyyənliklə təsdiqləyir: "...O, (yəni Zərdüşt - məsul red.)
əski müqəddəs adətləri dəyişdi və müxtəlif qüsurlu etiqadlar yaratdı".
Qatların islah olunması habelə ondan görünür ki, mütəxəssislərin nüfuzlu
fikrinə görə, onlar xalq inamlarından çıxmamışdı və ümumiyyətlə nisbətən geniş kütlə
üçün nəzərdə tutulmuş Kiçik Avestadan fərqli olaraq ruhani elitaya ünvanlanmışdı.
Yeri gəlmişkən, zərdüştilik təliminin islahat məhsulu olduğunu Gete də
özünün məşhur "Divan"ında dəqiqliklə qeyd etmişdir: "Görünür, Zərdüşt ilkin saf,
nəcib, təbii dini mürəkkəb mərasim kultuna çevirdi".
Peyğəmbərin öz təlimini harada təbliğ etdiyini dəqiq bilinməsə də, hər halda
İran yaylasının qərb vilayətlərində artıq təxminən e.ə. I minilliyin birinci yarısında
zərdüştilik kimi adlandırılması qəbul edilmiş, islahata məruz qalmış dini sistemin
yayıldığı faktı şübhəsizdir.
Şübhəsiz, qədim İran dini və mifoloji təsəvvürlərindən törəmiş zərdüştilik,
əlbəttə, onları xeyli, bəzi hallarda isə köklü dəyişikliyə məruz qoydu.
Zərdüştilik erkən dövlət törəmələrinin meydana gəldiyi dövrdə yaranmışdı və
həmin dövrün ideologiyası idi. Zərdüştün əsasən Qatlarda ifadə olunmuş moizələri
qəbilə-tayfa rəhbərlərinin və əski kahinlər kütləsinin əleyhinə yönəldilmişdi. O, xalqın
həyat şəraitinin dəyişdirilməsi, əkinçilik əməyinin və oturaq maldarlığın təntənəsi,
güclü hakimiyyət əsasında siyasi birləşmə uğrunda mübarizə aparırdı. Əbəs deyildir
ki, Qatlarda dinc həyata və güclü hökmdarların himayəsi altında çiçəklənməyə,
çəkişmələrə və hərbi yürüşlərə, düşmən hakimlərə və drug-un (yalanın) tərəfdarlarına,
həqiqətin (asa, aqta) antipodu olan kahinlərə qarşı mübarizəyə çağırış vardır. Zərdüşt
bütün coşqunluğu ilə əkinçiləri qarət edən, onların mal-qarasını sürüb aparan
köçərilərə qarşı mübarizəyə çağırır. O, mal-qaranın kütləvi, qanlı şəkildə qurban
edilməsinə qarşı çıxış edir, politeizmi - əski naturalist tanrılara pərəstişi rədd edir.
Zərdüştiliyin dini-fəlsəfi sistemi üçün dualizm daha çox səciyyəvidir. Bu
dualizm iki başlanğıcın - Xeyirlə Şərin, Həqiqətlə Yalanın, İşıqla Zülmətin bir-birinə
qarşı qoyulmasında ifadə olunur. Onların arasındakı mübarizə kosmik miqyaslar
alaraq, vahid ümumdünya münaqişəsində cəmləşərək bütün dünya prosesinin
məzmununu təşkil edir və bu prosesdə insan üçün fəal rol ayırır. Xeyir qüvvələrinin
276
başında Ahura Məzda (sonralar Ahuramazda, Ormuzd), şər qüvvələrinin başında
Anhra Maynyu (sonralar Ahriman) durur. Zərdüştə görə, Şər düşərgəsinə düşmüş
qədim naturalist tanrılara-dayvalara (dev, div) qarşı ali hakimiyyətə malik olan
tanrılar-ahurlar durmaqdadırlar. Zərdüştün təlimində bütün dünya ikiləşmiş, ikiyə
bölünmüş sferalar kimi nəzərdən keçirilir: gerçək, dünyəvi, maddi aləm və ruhani, o
biri dünyaya məxsus olan və xəyali sferalar. Əsas diqqət dünyəvi aləmə yetirilir.
Zərdüştün dualizmi onun ictimai və təsərrüfat idealının təsdiqinə xidmət edir. Yerdəki
həyat haqqındakı təsəvvürlər bütün Kainata şamil edilir. Səmalardakı dualizm yerdəki
dualizmin, yerdəki antaqonizmlərin yalnız proyeksiyasıdır (inikasıdır). Zərdüştiliyin
nikbin təliminə əsasən həqiqi inam tərəfdarlarının birgə səyləri nəticəsində sonluqda
xeyir qələbə çalır. Xeyir qüvvələrinin zəfərini ifadə edən yeni dünya gəlir. Bu
mübarizədə seçkisində azad olan insan mühüm yer tutur (İnsan bu mübarizədə istədiyi
tərəfdə mövqe tuta bilər). İnsan Xeyirin, Həqiqətin və İşığın Şər, Yalan və Zülmət
üzərində qələbəsinə fəal surətdə yardım etməlidir. "Xeyirli fikir", "xeyirli söz" və
"xeyirli əməl" bu mübarizədə insanın başlıca silahlarıdır. Təlimin ruhundan aydın
olduğu kimi, insan Zülmət üzərində qələbəyə mərasim və dualarla deyil, daha çox
həyat tərzi ilə - kənd təsərrüfatında səylə məşğul olmaqla, maddi nemətlərin
artırılması, torpağın çalışqanlıqla becərilməsi, mal-qaraya qayğılı münasibətlə yardım
etməlidir. Avestaya görə, taxılın becərilməsi şər başlanğıca zərər gətirir və xeyirin
işini 10000 duanın oxunuşu qədər irəliyə aparır. Adi xeyirli əməllər - əliaçıqlıq,
düzlük, müqaviləyə sədaqət də nəzərdə tutulurdu. Asketizm zərdüştilik üçün həmişə
yad olmuşdur. Nikahda olmamaq, evlənməmək ən ağır günah hesab edilirdi.
Qatlarda insan konsepsiyasını nəzərdən keçirərkən tam müəyyənliklə
göstərmək lazımdır ki, Qatlardakı insan-əkinçi və köçəri bədii təxəyyülün mərkəzində
duran, fəaliyyət göstərən subyekt deyildir: o, Qatların tərtibçisinin diqqət mərkəzində
duran tanrıların yalnız təsir obyekti kimi mövcuddur. İnsanlar arasında Qatların
tərtibçisini yalnız hökmdarlar, rəhbərlərin, hakimlərin və kahinlərin "fövqəlinsan"
Surətləri cəlb edir. Əgər "zəif insan" fəallığa cəlb olunursa, bu halda həmin insan
yalnız tanrıların xidmətçisi, səma və dünyəvi qüvvələrin iradəsinin icraçısı rolunda
olur. İnsana xeyirli, habelə tanrılara xidmət edən və onlar tərəfindən himayə olunan
mal-qaradan bir qədər yuxarıda yer verilir.
Beləliklə, Qatlarda insan konsepsiyası özünün bütün ibtidai sadəlövhlüyü ilə
artıq insanı bu dünyanın və səmanın güclülərinə xidmət üçün yaranmış varlıq kimi
qiymətləndirən dini traktovkadır. Buradakı insan öz mənafeyi naminə fəaliyyət
göstərən varlıq deyil, (mal-qara kimi) onun üzərində durmuş dünyəvi və yüksək
hakimiyyət tərəfindən himayə olunan gerçəklikdir [ İ . S . B r a g i n s k i ] .
"Avesta"da dövlətçiliyin təşəkkülü dövründə yaranmış xeyirxah hökmdar
haqqındakı xalq arzusu da xeyli dərəcədə əks olunmuşdur. Qatlarda borcu əkinçilik
277
vilayətlərinə basqın edən düşmənləri qovmaqdan və "sevincli məskənlər üçün dinclik
gətirməkdən" (Yasna, 48,5 və b.) ibarət olan xeyirxah hökmdarlardan danışılır.
"Avesta"nın panteonundan danışarkən qeyd etmək lazımdır ki, ari tayfalarda,
görünür, hələ çox qədim zamanlarda tanrıların iki tipi - devlər və asuralar (iranlılarda
"ahura") mövcud idi. Zərdüştiliyin səma iyerarxiyasında Ahura Mazdadan sonra ali
pilləni Ameşa Spentlər (Ölməz müqəddəslər) adlandırılan və ali tanrının ruhları -
köməkçiləri olan tanrıların altılığı və yaxud yeddiliyi (sonralar onların sayı artıb-
azalır) tutur. Burada mahiyyətcə yeddi tanrılı panteonun qədim hind-İran sxemi
təkrarlanır. Ameşa Spentlərdən beşinin hind (veda) mifologiyasında bənzəri vardır.
Hər bir Ameşa Spent fərqləndirici rəmz kimi öz çiçəyinə - müşklü qızılgülə,
yasəmənə, zanbağa və s. malik idi.
Ameşa Spentlərdən sonra qalan tanrılar - yazatlar (ibadət olunanlar, pərəstiş
olunanlar) gəlirdi. Mitra (hərfən: "müqavilə", "razılıq" deməkdir) qədim hind-İran
müqavilə tanrısıdır və yazatlar arasında ən çox pərəstiş olunandır. O, Günəş tanrısı
kimi də çıxış edirdi. Sonralar Mitraya pərəstiş fövqəladə dərəcədə geniş şəkildə, hətta
Qərbdə yayıldı.
Ardvisura Anahita ("Güclü, qüsursuz Ardvi"), Veretraqna, Mah və başqa
tanrılar çox məşhur idilər.
Su və məhsuldarlıq ilahəsi olan Ardvisura Anahita "Avesta"da torpağa bərəkət,
mal-qaraya və insanlara məhsuldarlıq verən güclü, gözəl, cavan qadın kimi təsvir
edilir. Müharibə və qələbə tanrısı olan Veretraqna (pəhləvicə Varhran, farsca Bəhram)
mənşəcə hind-İran ümumiliyi dövrünə gedib çıxır.
Mah Ay tanrısı idi.
İdrak, Dünya, zərdüştilikdəki İnam ("dayna", yəni "din", "inam" sözü də bu
anlayışdan törəmişdir) tanrı görkəmində təqdim olunur.
Zərdüştilikdə xeyli qədimlərdən gələn Oda sitayiş mühüm yer tuturdu. Od
(Atar, sonralar Azər) ilahi ədalətin-Artanın ("Avesta"da Aşa) ifadəsi və yaxud rəmzi
kimi nəzərdən keçirilir.
Zərdüştün təlimi haqqında mülahizələrimizə yekun vuraraq tam qətiyyətlə
göstərmək lazımdır ki, İran yaylasının qərb vilayətlərində və xüsusilə Cənubi
Azərbaycanda yayılan qədim mazdaist təlimlərdən nəşət edən, bütün Avesta üzrə
qırmızı xətlə keçərək, zərdüştinin bütün dünya duyumuna nüfuz edən dualizm artıq
e.ə. I minilliyin lap başlanğıcında Zərdüştün islah etdiyi (öz inikasını qatlarda tapan)
dini sistemdə monoteizmə (yəni həqiqi mənada ali tanrı Ahura Məzdaya olan inama)
meyllə uyuşur. Ola bilər ki, buna görə də Zərdüştü bəşəriyyət tarixində təkallahlılıq
ideyasının ilk təbliğçilərindən biri, Qatlarda izhar olunmuş zərdüştiliyi isə monoteist
dinin yaradılmasının ilkin cəhdlərindən hesab etmək lazımdır.
Zərdüştiliyin təşəkkülündə əski mazdaist dinlərindən başqa zurvanizm,
"maqların təlimi" və bəzi başqa təlimlər müəyyən rol oynamışdır. İran yaylasının qərb
278
vilayətlərində, əlbəttə, əvvəllər də ona bənzər təlimlərin - mazdaizmin, dualizmin,
atəşpərəstliyin və bir çox başqa baxışların mövcud olduğu Cənubi Azərbaycanda da
zərdüştilik şübhəsizdir ki, e.ə. I minilliyin başlanğıc əsrlərində yayılmağa
başlanmışdı. Görünür, təxminən e.ə. I minilliyin ikinci rübündə (görünür, bu rübün
axırında) burada yayılmış zərdüştiliklə yəhudi və hellin aləmi tanış olmağa
başlamışdı. Tezliklə Zərdüşt Qərb tərəfindən "oğulluğa" qəbul edildi.
Qərbin görkəmli müasir iranşünaslarından biri zərdüştiliyin rolunu bu cür
qiymətləndirir: "Zərdüştilik dünya vəhy dinlərindən ən qədimidir və görünür, o,
bilavasitə və yaxud vasitəli şəkildə bəşəriyyətə hər hansı başqa dinə nisbətən daha çox
təsir göstərmişdir" [M e r i B o y s ] .
Zərdüştilik və onunla bağlı olan dini-fəlsəfi sistemlər, şübhəsiz, iudaizmə və
erkən xristianlığa müəyyən təsir göstərmişdir. İudaizm və erkən xristianlıq
zərdüştilikdən bir çox "hakim" konsepsiyaları əxz etmişdir. Zərdüştiliyin yunan fəlsəfi
fikrinin bir çox nümayəndələrinə də böyük təsiri olmuşdur.
Dövlət və ehkam (doqmatik) dini kimi zərdüştilik Sasanilər hakimiyyəti
dövründə qəti surətdə təşəkkül tapmışdır. Həmin dövrdə "Avesta" mətnləri
kodifikasiya (bir daha - ?) edilmişdir.
Sonrakı zərdüştilik ənənəsi iddia edir ki, Zərdüşt əslən Cənubi Azərbaycandan
idi. Orta əsrlərin bir çox müsəlman müəllifləri də Azərbaycanı inadla peyğəmbərin
vətəni adlandırırlar.
Zərdüştün vətəninin Azərbaycanda lokallaşdırılmasının səbəbini Sasanilər
monarxiyasının bu vilayətin ehkamçı zərdüştilik tarixində oynadığı mühüm rolla izah
etmək lazımdır. Müxtəlif sarsıntılara baxmayaraq, Sasanilər dövründə bütün İranın
başlıca, dövlət əhəmiyyətli müqəddəs yerləri (şahın ziyarət etdiyi Adurquşnast
atəşpərəstlik məbədi, hökmdarın və hərbçilər zümrəsinin məbədi) Cənubi
Azərbaycanda yerləşirdi. Burada habelə "yanar kömürləri" və "çoxsaylı maqları" olan
bir çox başqa məbədlər də cəmləşmişdi. Orta əsr müəlliflərinin məlumatlarına görə,
bu səcdəgahlardan çoxusu hələ "Zərdüştə qədərki dövrdə" mövcud idi. Güman etmək
olar ki, Avesta kanonunun qəti surətdə formalaşdırılması da burada baş vermişdi. Və
nəhayət, Sasanilər dövründə bu vilayət zərdüştiliyin və zərdüşti kahinliyinin dayaq
məntəqəsi idi. Bütün bunlar göstərilən dövrdə, bəlkə də erkən zamanlarda zərdüşti
Cənubi Azərbaycanın böyük rolunu və əhəmiyyətini təsdiq etsə də, lakin hər halda
bunlar Azərbaycanı zərdüşti Avesta təlimlərinin vətəni kimi tanımağa imkan vermir.
Zərdüştilik ərəb işğalından sonrakı 3-4 əsr ərzində də mühüm rol oynamışdır.
Pəhləvi dilindəki zərdüştilik ədəbiyyatının bir çox əsərləri, xüsusilə zərdüştiliyin
ensiklopediyası olan Denkart məhz bu zaman yazılmışdı. Zərdüştilik ideyaları
məzdəkilərin və babəkilərin ideologiyasına böyük təsir göstərmişdir. Zərdüştilik
problemləri
yeni
dövr
alimlərinin
də
əqlini
həyəcanlandırmış
və
həyəcanlandırmaqdadır.
279
Qədim İran inamları, etiqadları haqqında yuxarıda bütün deyilmişləri
yekunlaşdıraraq demək lazımdır ki, Atropatena zərdüştiliyi qədim İran dini təlimlərinin
tarixində mühüm mərhələlərdən biri idi. Sasanilər hakimiyyəti dövründə Atropatena bir
neçə əsr ərzində zərdüştiliyin istinadgahına çevrilmişdi.
280
IV F Ə S İ L
Dostları ilə paylaş: |