Sosial münasibətlər. Antik müəlliflərə əsasən, Qafqaz Albaniyasının öz
basilevsləri (çarları) vardı. Pompeyin yürüşləri zamanından tanınan Oroysun və otuz il
sonra sərkərdə Kanidi Krass ilə çarpışan Zoberin adları bizə gəlib çatmışdır. Bəzi antik
yazıçılar Albaniyada bir basilevs olduğunu deyirlər. Məsələn, Strabon bildirir ki, hazırda
Albaniyada bir basilevs hamının üzərində hökmranlıq edir. Eyni fikri İosif Flavi, Dion
Kassi və Appian da söyləyirlər. Plini, Avqustun Aikira kitabəsi, Fest, Evtropi və başqaları
Albaniyada çarın təkhakimiyyətliyindən bəhs edirlər. Digər müəlliflər Albaniyada bir
neçə basilevsin hökmranlıq etdiyini göstərirlər. Məsələn, Plutarx Kaspi sahillərində bir
neçə alban basilevsi olduğu haqqında məlumat verir. Tasit də albanlarda rekslər (çarlar)
olduğunu söyləyir.
Antik müəlliflər qədim Albaniyanın kübar cəmiyyətinin nümayəndələrini yunan
və latın mənşəli terminlərlə adlandırırlar. Bunların hər birinin öz alban prototipinə nə
dərəcədə uyğun gəldiyini söyləmək çətindir; ictimai institutlar müxtəlif olduğundan
adətən terminlər mənaca üst-üstə düşmür. Latın variantında basilevs və reks həm varlı,
həm də sadəcə adlı-sanlı adam deməkdir. Basilevs və reks (yəni hökmdar, hakim) həm
çara, həm də çarlığa dəxli olmayan nüfuzlu şəxsə aid edilə bilərdi.
Albaniyada basilevslərdən əlavə, hegemonlar və prefektlər də qeyd edilir. Appian
bildirir ki, Pompeyin təntənəli qələbə arabasının önündə iki alban hegemonunu
aparırdılar.
Hegemon başlıca olaraq başçı, rəhbər, habelə sərkərdə, canişin deməkdir. Ayrı-ayrı
hallarda şəhərin ərzaq təminatı rəisi, donanma komandanı, canişin, müttəfiqlərin süvari
dəstəsinin komandanı prefekt adlandırıla bilərdi.
Eliana görə, hiyerevslər və "kaspilərin ən varlıları və ən adlı-sanlıları" dəvə
yunundan paltar geyirdilər. Məlumatda cəmiyyətin yuxarı təbəqəsi nümayəndələri
haqqında yaxşı təsəvvür yaradılır, varlılardan və hakimiyyət başında duranlardan danışılır.
322
Söhbət rəhbərlərdən və ya sərkərdələrdən gedir, hərçənd burada, ola bilsin, ümumiyyətlə
başçı və ya canişin deyil, bəlkə də var-dövlət sahibi, adlı-sanlı adam nəzərdə tutulur.
Strabon piyada qoşundan və süvarilərdən bəhs edir. Albanlarda "nizəatanlar və
oxatanlar vardır; geyimləri zirehli, qalxanları [uzun, dördküncdür], başlarına heyvan
[dərisindən] hazırlanmış papaq qoyurlar..." Bütün əlamətlərdən görünür ki, qoşunun
tərkibində Albaniyanın sosial təbəqələri müəyyən dərəcədə öz əksini tapırdı. Piyada
qoşun nisbətən ikinci dərəcəli əhəmiyyətə malik idi və əhalinin daha yoxsul təbəqələrini
təmsil edirdi, süvarilər isə daha təminatlı ailələrdən toplanırdı.
Strabon məlumat verir ki, Selena ilahəsinə həsr edilmiş Alban məbədində
"kahin vəzifəsini basilevsdən sonra ən böyük hörmət sahibi olan, geniş müqəddəs
məbəd torpağının və hiyerodulların (müqəddəs qullar) başında duran xadim icra edir".
Burada basilevsdən sonra ən böyük hörmət sahibi olan xadim - teokratik aparatın
nümayəndəsi əks olunmuşdur. İbadətgahın və məbədyanı ərazinin əhalisinə gəlincə
Selena ilahəsinə həsr edilmiş alban hiyeronunda baş kahin yalnız öz ibadətgahında
deyil, həm də əhalisi çox olan geniş məbədyanı ərazidə hökmran idi. Strabon yaxşı
məskunlaşmış hiyera xoranı və hiyerodulları ayrılıqda xatırladır. Başqa bir yerdə qeyd
edilir ki, albanlarda ilahəyə insan qurbanları verilir və "qurban verilən yıxılarkən
vəziyyətinə görə fal açılır və bütün icmaya elan olunur". Antik müəllif müqəddəs
torpağın icmaçıları ilə hiyerodullar arasında fərq qoyur. Bununla əlaqədar olaraq
Albaniyadan kənarda yerləşən ibadətgahın oxşar əhalisi ilə tanış olmaq maraqlıdır.
Kappadokiya Komanasının Enio və ya Ma (yerli adı) ibadətgahı barəsində Strabon
məlumat verir ki, "orada əhalinin əksəriyyəti teoforetlərdən və hiyerodullardan
ibarətdir". Kiçik Asiya ibadətgahının teoforetlərini, görünür, qədim Qafqaz Albaniyasının
məbədyanı ərazisinin zəhmətkeş əhalisi ilə eyniləşdirmək lazımdır. Hiyerodullar və
teoforetlər məbəd ərazisinə bağlı əkinçilik icmasının üzvləri olan məbədyanı ərazinin
kəndli əhalisi idilər. Beləliklə, ibadətgahda və hiyera xorada iki kateqoriya əhali qeyd
edilir: məbəd icmasının üzvləri və hiyerodullar. Birinci kateqoriyaya başlıca olaraq
əkinçiliklə məşğul olan əhali aid idi.
Hiyera xora əhalisinin digər kateqoriyasına hiyerodullar aid idilər. Kiçik Asiya
məbədlərinin hiyerodulları haqqında xeyli məlumat qalmışdır. Məsələn, Strabon qeyd
edir ki, Farnakiyada şəhər "çoxlu hiyerodulları və hiyera xorası olan Ameriya
qəsəbəsinə" malik idi. Antik müəllif əlavə edir ki, burada da "albanlarda və Frikiyada
olduğu kimi, Selena məbədi" vardır. Bu məlumatdan görünür ki, hələ qədim vaxtlarda
Kiçik Asiya və Albaniyanın məbədlərini eyniləşdirmə cəhdi var idi. Hiyerodullar başqa
ibadətgahlarda da vardı. Məbəd hiyerodullarının geniş yayılması yaxşı məlumdur. Strabon
Zelada, Kappadokiya Komanasında, Morimenadakı Zevs məbədində və Pont
Komanasında hiyerodullar olmasını xatırladır. Hər iki Komanada altı mindən çox
hiyerodul vardı. Morimenadakı Zevs məbədində hiyerodulların sayı isə, üç minə yaxın
idi [ S t r a b o n ] . Kiçik Asiyanın hiyerodulları kişilərdən və qadınlardan ibarət idi.
323
Akilisenada Anait məbədində adlı-sanlı adamlar "da öz qızlarını hələ qızlıq çağında ilahəyə
həsr edirdilər" [Strabon]. Strabona əsasən, Pont Komanasının hiyerodulları arasında "öz
bədəni ilə" alver edən qadınlar çox idi; "onların əksəriyyəti ilahəyə həsr edilmişdi".
Strabonun yazdığına görə, alban hiyerodullarının bir hissəsi qurban verilirdi.
Hiyerodulların digər hissəsi gələcəyi xəbər verən fanatiklər qrupundan ibarət idi.
Albaniya hiyerodulları vahid kütlə deyildi və cəmiyyətin məhsuldar qüvvələrinə
təsir göstərə bilməzdilər. Onlar köləlik institutu ilə bağlı sosial kateqoriya deyil, ilahiyyat
qulları, yəni ibadətgahın qulluqçuları idilər, buraya sıravi kahinlər də daxil idilər.
Qədim Qafqaz Albaniyasının məbəd icmalarının torpaq sahibliyi haqqında
məlumat azdır. Strabona görə, Selena məbədinin Alban hiyerevsinə əhalisi çox olan geniş
müqəddəs torpaq tabe idi, yəni Alban məbədlərinin ixtiyarında yunandilli müəlliflər
tərəfindən "hiyera xora" adlandırılan xüsusi məbədyanı ərazilər vardı. Materialın
azlığı üzündən məbəd torpaqlarının istismar edilməsi haqqında biliyimiz çox səthidir.
Bu barədə yalnız qonşu hiyera xoralar haqqında Strabonun məlumatı vardır. Güman
etmək olar ki, ölkədə məbədyanı torpaqlar Selena, Helios və ya Zevs allahlarına məxsus
hesab edilsə də, əslində baş kahinin - hiyerevsin, ola bilsin, məbəd iyerarxiyasının ən
nüfuzlu üzvlərinin ixtiyarında idi.
Beləliklə, məbəd torpaqlarında cəmləşmiş əhali ayrı-ayrı qruplara bölünmüşdü və
onların arasında (1) hiyerevs və onun əhatəsi, (2) icmaçılar - teoforetlər və ya hiyera
xora kəndliləri və nəhayət, alban cəmiyyətinin məhsuldar qüvvələrinə o qədər də təsir
göstərməyən (3) hiyerodullar xüsusilə nəzərə çarpırdı. Albaniya basilevs və ya
hegemonların qəbirləri hələ aşkar edilməmişdir. Sıravi qəbirlərə gəldikdə, Yaloylutəpə
tipli torpaq qəbirlər arasında qoşa qəbirlər yoxdur. Bir çox küp qəbirlərdə ikişər skelet
aşkara çıxarılmışdır. Dəfn zamanı adam öldürülməsi, iki adamın bir qəbirdə basdırılması
bəlkə də ictimai münasibətlərdən irəli gəlirdi. Küp qəbirlərdə sosial-iqtisadi xüsusiyyətlər
barəsində başqa məlumat da vardır. Mingəçevir qəbiristanında küp qəbirdə iki qoşqu
heyvanının skeletləri və mərkəzi qəbrin yaxınlığında qəribə bir vəziyyətdə insan
skeleti aşkar edilmişdir: o demək olar, küpün üzərində idi, üzüqoylu, döş qəfəsi
üstündə uzanmış, qolları bükülmüşdü. Görünür, eramızdan əvvəl son əsrlərdə və
eramızın ilk əsrlərində dəfn zamanı asılı adamlar və ya əsir alınmış qullar zorakılıqla
öldürülürmüş. Bir yerdə çiy kərpicdən tikilmiş qoşa qəbirə rast gəlinir (bir quyuda iki
qəbir). Qoşa çiy kərpic qəbirlər sosial münasibət baxımından küp qəbirlərdə olmuş
mənzərəni verir. Qoşa türbələrdən əlavə, ikiadamlıq çiy kərpic qəbirlərə də təsadüf
edilir (bir türbədə iki skelet). Məsələn, çiy kərpic türbələrin birində əsas skeletin ayaq
tərəfində ikinci skelet də aşkar olunmuşdur. Çiy kərpic türbədə arxası üstə uzadılmış
meyitin ayaq tərəfində bükülü vəziyyətdə olan ikinci skelet, ola bilsin ki, oturan yerdə
öldürülmüş bir adamın skeletidir. Demək, dəfn zamanı qulu və ya kənizi qurban verirdilər.
Beləliklə, alban cəmiyyətində bir qütbdə basilevs, hegemonlar, yaxud prefektlər və
hiyerevslər dururdu. Hegemonlar və prefektlər yerli əyanları təmsil edirdilər. Hiyeron
324
və hiyera xoranın başında duran hiyerevs basilevsə tabe idi. Digər qütbdə isə icmaçılar,
əkinçi-maldar əhalinin əsas kütləsi və sənətkarlar təmsil edilirdi. Əsasən hiyeronların
qulluqçuları olan hiyerodullar, habelə məbəd təsərrüfatı ilə bağlı olan hiyerodullar və
nəhayət, qullar da əməkçi əhali kateqoriyasına daxil idilər. İcmaçı kəndlilər, sıravi maldar
əhali və sənətkarlar cəmiyyətin məhsuldar qüvvələrini inkişaf etdirən özəyi təşkil
edirdilər: qul əməyi üstün rol oynamırdı.
Oturaq əkinçi əhali ilə daha mütəhərrik maldar əhalinin qarşılıqlı surətdə bir-
birinə nüfuz etməsi qədim Qafqaz Albaniyasının məhsuldar qüvvələrinə güclü təsir
göstərirdi.
QoĢun və hərbi iĢ. Strabon yazırdı ki, albanlar "...həm piyada, həm at belində,
həm yüngül silahlanmış (zirehsiz), həm də zirehlənmiş halda vuruşurdular".
Strabonun məlumatında albanların qoşun növlərindən danışılır: görünür, albanlar
bu cəhətdən qonşularından heç də fərqlənmirdilər, ya da çox cüzi fərqlənirdilər. Beləliklə,
qədim coğrafiyaşünasın dediyinə görə, alban qoşunu piyadalara və süvarilərə bölünürdü.
Strabonu belə də başa düşmək olar: albanlar at qoşulmuş döyüş arabasında
vuruşurdular, çünki "hippos" həm at, həm də döyüş arabası deməkdir, yəni albanlar həm
piyada qoşunundan, həm də süvarilərdən istifadə edirdi, həm yüngül silahlanmış
döyüşçülər - psiletlər, həm də zirehli döyüşçülər - katafraktlar vardı. Zirehli atlar qədim
xalqların hərb sənətində xüsusi yer tutur. Strabon yazır ki, "belə süvari qoşun
həvəskarı yalnız midiyalılar və ermənilər deyil, həm də albanlardır, çünki müharibədə
zirehli atlardan istifadə edirlər". Antik müəllif hücum və müdafiə silahları haqqında
məlumat qoyub getmişdir. Məsələn, qeyd edilir ki, albanlarda zirehləri və uzun
dördkünc qalxanları olan nizəçilər və oxatanlar vardı; albanlar iberlər kimi başlarına
heyvan dərisindən hazırlanmış papaqlar qoyurdular. Plutarx romalılar ilə albanların
toqquşmasını təsvir edərək bildirir ki, Albaniya basilevsinin qardaşı Kosis Pompeyə
"nizə ilə zərbə" endirmişdi.
Akontistlər - nizəçilər və toksotlar - oxatanlar vardısa, deməli, nizələr və oxlar da
olmalı idi. Arxeoloji material yazıçıların dediklərini təsdiq edir. Albaniya ərazisində çoxlu
silah aşkar edilmişdir və bunun xeyli hissəsi küp, katakomba və taxta qəbirlər
mədəniyyətinin daşıyıcılarına məxsusdur. Mingəçevir küp qəbirlərindən çıxarılmış nizə
ucluqları məlumdur. Bunlar dəmirdəndir, oymaqlıdır, uzunsov üçbucaq formasındadır,
bəzilərində tiyə boyunca qabarıq damar uzanır, ucluqların uzunluğu 11 santimetrdən
40 santimetrə qədərdir. Silahın hazır olması üçün həmin ucluğa ağac sap keçirmək
kifayətdir. Albaniya nizəçi döyüşçüləri məhz bu cür nizələrdən istifadə edirdilər.
Ölçülərini müəyyən etmək üçün başqa xalqların nizələri ilə tutuşdurmaq əsasında
güman etmək olar ki, Albaniya döyüşçülərinin nizələri iki metr məsafəyə və daha
uzağa çata bilərdi. O dövrdə üçpərli, saplaqlı dəmir ox ucluqları oymaqlı, çıxıntılı tunc
ucluqları, habelə daha erkən dövr (eramızdan əvvəl VII-VI əsrlər) üçün səciyyəvi olan
oymaqlı, üçüzlü tunc və sümük ucluqları sıxışdırıb aradan çıxartmışdı. Bununla
325
yanaşı küp qəbirlərin birindən əvvəlki vaxtların tunc oxlarına nisbətən daha səliqəli
hazırlanmış tunc ox ucluğu tapılmışdır. Mingəçevirdə e.ə. III-I əsrlər təbəqəsində
bişmiş gildən olan ox ucluqları aşkar edilmişdir. Yaloylutəpə tipli torpaq qəbirlərin
birində (Çuxur Qəbələ yaxınlığında) çoxlu miqdarda saplaqlı üçpərli ox ucluqları üzə
çıxarılmışdır.
Görünür, Albaniya ərazisində də saplaqlı üçpərli ox ucluqları e.ə. I əsrin
başlanğıcında Orta Asiya və Parfiya vasitəsilə yayılmışdır. Ucluqların bir qismi
buraya sarmat tayfaları ilə gəlib çıxa bilərdi. Güman etmək olar ki, qədim albanlar
qarğı oxlar da işlədirdilər. Parfiya tayfalarında skif yayı (kamanı) əsas yer tutur,
sikkələrdə, ritonlarda və başqa əşyalarda təsvir olunurdu. Bu kaman uzunluğu 60-70
santimetrdən çox olmayan oxlar üçün idi. Eraların ayrıcında skif kamanı ilə yanaşı
daha mürəkkəb hun kamanı tətbiq edilirdi, onun uzunluğu 120 santimetrdən 160
santimetrə qədərdi, üzərində qoyma sümüklər vardı. Daha yüngül və daha ağır
ucluqların olması antik Albaniyada yüngül və ağır kamanların mövcudluğunu güman
etməyə imkan verir. Bunlarla həm süvarilər, həm də piyada qoşun silahlanmışdı.
Qazıntılar antik müəlliflərin məlumatlarını təsdiq edir, həm də hücum silahına
və hərbi əməliyyatla bağlı əşyalara işıq salan bir çox yeni faktlar verir. Bu sıraya
Mingəçevirdən, Şamaxıdan, İsmayıllıdan, Çuxuryurddan və başqa yerlərdən tapılan
dəmir qılınclar aiddir. Qılıncların tiyələri ensiz və uzun, ucları sivridir. Bəzisində ağac
və ya sümük bəzəyi izləri vardır. Üzünə dəri çəkilmiş qınlar da qalmışdır. Qılıncların
bir qisminin halqavari başcığı vardır. Gəncəçayın sahilində çiy kərpic qəbirdən 0,61
metr uzunluğunda qılınc aşkar edilmişdir. Görünür, bu qılınc dəri qında saxlanılırmış
və yuxarı hissədə, qəbzənin yaxınlığında qına oval şəklində olan iki dəmir halqa
keçirilibmiş. Qəbzə üç dəmir mıxla mıxlanmış və tunc halqa ilə bərkidilmişdir.
Qılıncın halqavari başcığı vardır. Bu cür başçıqları olan qılınclar Qara dənizin şimal
sahillərindən Çinə qədər çox böyük bir ərazidə yayılmışdı. Qədim Qafqaz
Albaniyasına bu qılıncları, görünür, Avrasiya çöllərində köçəri həyat sürən tayfalar
gətirmişdir.
Arxeoloji qazıntılar nəticəsində Azərbaycan ərazisində, yəni Mingəçevirdə,
Çirçir gölündə (Ağdaş rayonunun Pirəzə kəndi), Xınıslıda (Şamaxı), Gəncəçayın
sahilində və başqa yerlərdə çoxlu xəncər aşkar edilmişdir. Xəncərlərin böyük bir
qismi görkəmini itirmişdir. Xəncərlərin uzunluğu təqribən 25 santimetrdən 30
santimetrə qədərdir. Məsələn, Xınıslıdan tapılmış xəncərin uzunluğu 28 santimetrə,
Mingəçevirdən tapılmış xəncərlər isə 12 santimetrdən 26 santimetrə qədərdir.
Albanlar bu hücum silahları ilə yanaşı, bıçaqlardan da istifadə edirdilər. Bıçaqlar
Mingəçevirdə, Xınıslıda və başqa yerlərdə aşkar olunmuşdur. Arxeoloji materiallar
içərisində uzunluğu 1-2,5 metrə çatan dəmir döyüş yabalarına rast gəlinir. Belə hesab
edilir ki, onlardan həm müdafiə, həm də əlbəyaxa hücum döyüşlərində istifadə
olunurmuş.
326
Öyrənilən dövrün əsas müdafiə silahlarından biri də zireh idi. Strabonun qeyd
etdiyinə görə, qədim Qafqaz Albaniyasının döyüşçülərində zireh - toraks da
olmuşdur. Qazıntılar zamanı hələlik tam salamat qalan zireh tapılmamışdır, bu
qoruyucu geyimin ancaq ayrı-ayrı qalıqlarına rast gəlinir. Məsələn, qəbirlərin birində
üç mindən artıq daş muncuq aşkar edilmişdir. Güman olunduğuna görə, muncuq
dənələri zireh rolunu oynayan dəri geyimə tikilirmiş. Eyni sözlər böyük miqdarda
aşkar edilmiş tunc düymələrə də aiddir. Qəbirlərin birindən döyüşçünün qoruyucu
metal geyiminin, o cümlədən dəmir zirehin hissələri tapılmışdır. Tapıntılarla əlaqədar
olaraq, "heyvan dərisi geymiş" alban döyüşçüləri haqqında Plutarxın verdiyi məlumat
yada düşür. Strabon qeyd edir ki, aşılanmamış öküz dərisindən zireh başqa xalqlarda
da olmuşdur. Digər qoruyucu silah geniş yayılmış qalxan idi. Strabon alban qalxanları
haqqında da aydın məlumat verir. Bu, qallarda və romalılarda skutum adlanan uzun
dördkünc ("qapışəkilli") qalxandır. Qazıntılardan birində dəmir qalxana bənzər kiçik
bir şey tapılmışdır. Qeyd etmək maraqlıdır ki, Plutarx Pompey ilə alban basilevsinin
qardaşı Kasis arasındakı çarpışmanı təsvir edərkən göstərir ki, "döyüşdən sonra
romalılar öldürülmüş barbarların üst-başlarını axtarıb qarətə başlayanda amazonka
peltaları tapılmışdı". Qədim heykəltəraşlar peltanı amazonkaların kiçik müdafiə silahı
kimi aypara şəklində təsvir edirdilər. Bütün bu deyilənlər təsdiq edir ki, qədim
müəlliflərə görə, alban döyüşçülərində iki növ müdafiə silahı olmuşdur: Roma
skutumunu xatırladan böyük qalxan və formaca peltaya yaxınlaşan kiçik qalxan.
Bizə alban döyüşçülərinin baş örtüyü haqqında gəlib çatan məlumat da diqqəti
cəlb edir. Görünür, albanlar başlarına bütün Qafqazda yayılmış papaq qoyurdular.
Strabon albanların baş örtüyünü heyvan dərisi ilə əlaqələndirir və alban
döyüşçülərinin digər qoruyucu baş örtükləri haqqında heç bir məlumat vermir.
Yaxşı qalmış tunc dəbilqə tapılmışdır, dəbilqənin yuxarı hissəsi enlənən içiboş
borucuqla qurtarır, bu borucuq, ehtimal ki, lələklər, at qılı və digər fərqlənmə
nişanları taxmaq üçündür. Öyrənilən dövrdə bir çox xalqlarda dəbilqələr vardı. Lakin
dəbilqə antik Albaniyanın sıravi döyüşçüləri üçün səciyyəvi deyildi.
Qoşunların miqdarı haqqında antik müəlliflərin verdiyi konkret məlumat hərbi
işin öyrənilməsi məsələsində müəyyən yer tutur. Strabonun dediyinə görə albanlar
"[döyüş üçün] iberlərə nisbətən daha çox qoşun düzürlər. Onlar altmış min piyada
qoşun və iyirmi iki min süvari silahlandırırlar - Pompeylə döyüşə [albanlar] belə bir
[qoşunla] getmişlər". Plutarx bildirir ki, Kürü keçib romalılar üzərinə həmlələr edilən
zaman albanlar qırx min nəfərdən az olmamışlar. Daha sonra Plutarx romalıları
qarşılayan albanların sayı haqqında bir qədər başqa məlumat verir. Qədim müəllif
bildirir ki, Pompeyi "döyüşə hazır vəziyyətdə, lakin pis silahlanmış və başlıca olaraq,
heyvan dərisində 60000 piyada və 12000 süvari" qarşılamışdır. Birinci halda Plutarx
piyadanı süvaridən fərqləndirmir, alban qoşununun ümumi miqdarını verir:
döyüşçülər 40000 nəfər idi. İkinci halda Plutarxın məlumatı Strabonun məlumatını
327
xatırladır, lakin alban süvarilərinin sayı cəhətdən ondan fərqlənir. Deyilənlərdən
görünür ki, alban süvarilərinin sayı Strabonda 22 min, Plutarxda isə 12 mindir.
Appiana əsasən, albanların basilevsi Oroys və iberlərin basilevsi Artok yeddi miriad
döyüşçü ilə Kür çayının yaxınlığında Pompeyi güdürdü. Appian belə müəyyən edir ki,
alban və iber qoşunu 70 min döyüşçüdən ibarət idi. Əgər iber qoşununun alban
qoşunundan az olması haqqında Strabonun məlumatı əsas götürülsə, deməli,
albanların payına təqribən 40 min döyüşçü düşür, bu isə alban qoşununun miqdarı
haqqında Plutarxın birinci məlumatı ilə düz gəlir. Beləliklə, görünür ki, alban qoşunu
Strabona görə 82 min (60 min piyada və 22 min süvari), Plutarxa görə bir halda 72
min (60 min piyada və yalnız 12 min süvari), başqa bir halda 40 min, Apiana görə
təqribən 40 min döyüşçüdən ibarət idi. Eramızdan əvvəl 64-cü ildə alban qoşunlarının
romalılarla ilk toqquşması Plutarx və Dion Kassi tərəfindən təsvir edilmişdi. Bu
toqquşma eramızın 35-ci ilində parfiyalılara qarşı yönəldilmiş hərbi əməliyyatla
əlaqədar Korneli Tasit tərəfindən də xatırladılır.
Antik Albaniyanın qoşunu və hərbi işi haqqında bütün bu məlumatlar süvari və
piyada döyüşçülərin çox olmasından, hücum və müdafiə silahından, habelə alban
qoşununun hərbi əməliyyatlardakı strategiyasından və taktikasından danışmağa imkan
verir.
328
XV F Ə S İ L
ANTĠK ALBANĠYANIN SĠYASĠ HƏYATI
Eramızdan əvvəl IV-II əsrlərdə Albaniyanın siyasi həyatı, Albaniya
dövlətinin meydana gəlməsi. Yazılı qaynaqlar göstərir ki, Əhəmənilərin hakimiyyəti
Qafqaz silsiləsinə qədər uzanan bir ərazini əhatə edirdi. Lakin Zaqafqaziya, o
cümlədən Şimali Azərbaycan sakinlərinin Əhəmənilərdən asılılığının demək olar
yalnız adı vardı; yoxsa nə ilə izah etmək olar ki, məsələn, kadusilər, albanlar və
sakasenlər Makedoniyalı Aleksandrın qoşunlarına qarşı farsların müharibəsində İran
təbəələri kimi deyil, Mada satrapı Atropatın müttəfiqləri kimi çıxış etmişdilər.
Bununla birlikdə Əhəmənilərin hökmranlığı alban tayfalarının siyasi həyata
qoşulmasına, onlarda sinifli cəmiyyətin və dövlətin meydana gəlməsi proseslərinin
intensivləşməsinə səbəb olmaya bilməzdi. Güman etmək olar ki, ilk vaxtlarda
Kaspisahili tayfaların, o cümlədən albanların xeyli hissəsi ümumi bir ad -"kaspilər"
adını daşımışdır. Əgər belədirsə, Hellada üzərinə gedən Kserks qoşunlarının
tərkibində adları çəkilən "kaspilər" sırasında, ola bilsin, albanlar da varmış.
Albanların siyasət meydanına eramızdan əvvəl IV əsrin son sülsündən gec olmayaraq
çıxması şübhə doğurmur. Artıq eramızdan əvvəl III əsrin başlanğıcında Kaspi
sahillərini gəzən Patrokl başqa tayfalar sırasında albanların da adını çəkmişdi -
Strabonun albanlardan danışanda Patrokla istinad etməsi də bunu təsdiqləyir. Arrianın
əsərindən aydın olur ki, yunanlar düşmənlə üz-üzə gələndə albanları (silah və
geyimlərindən) dərhal tanımışdılar. Farslar öz tarixinin böhranlı anında albanların
qoşununu Əhəmənilər ordusunun sıralarının mərkəzində, İran şahının və onun
qvardiyasının yaxın əhatəsində yerləşdirmişdilər. Albanları madalılar da, farslar da
tanıyırdılar.
Arxeoloji tədqiqat nəticələrindən göründüyü kimi, Albaniya əhalisinin
hellinizm dünyası ölkələri ilə ticarət və mədəni əlaqələrinin yaradılması bilavasitə
Makedoniyalı Aleksandrın yürüşlərinin ardınca gələn dövrə aid edilməlidir. Bunu, hər
şeydən əvvəl, tapılmış sikkələr, eləcə də arxeoloji materiallardan göründüyü kimi,
Albaniyada sırf yunanlara məxsus bir adətin olması - ölünün ağzına və ya başının
altına sikkə qoyulması da aydın göstərir.
Qafqaz Albaniyasına müxtəlif vaxtlarda soxulan tayfalar onun siyasi həyatında
və burada cərəyan edən etnik proseslərdə müəyyən rol oynamışlar. Onların arasında
skiflərdən başqa saklar da vardı, saklar vaxtilə bir vilayəti işğal etmişdilər və bu
vilayətin adı "onların adlarına görə Sakasena qalmışdı" [ S t r a b o n ] . Saklar
eramızdan əvvəl VII əsrdə Ön Asiyanın siyasi hadisələrində fəal rol oynayırdılar,
onlar (sakesinlər) kadusilər və albanlar ilə birlikdə eramızdan əvvəl IV əsrin son
329
sülsündə farsların Makedoniyalı Aleksandrın qoşunlarına qarşı müharibəsində Mada
satrapı Atropatın müttəfiqləri kimi iştirak edirdilər.
Eramızdan əvvəl son iki-üç əsrdə Şimali Azərbaycan sakinləri şimaldan
soxulan massaget - sarmat tayfaları ilə üz-üzə gəlməli oldular, bir qədər sonra bu
tayfalar Kaspi sahil zolağının bir hissəsində Mazkut (Massaget) çarlığı yaratdılar.
Eramızdan əvvəl son əsrlərdə yuxarı aorslar deyilən sarmat-massaget mənşəli
tayfalar Şimali Azərbaycan və Cənubi Dağıstanın alban tayfalarının həyatında
müəyyən rol oynayırdılar.
Göstərilən dövrdə aorslar Kaspisahili şimal-qərb vilayətləri üzərində
hökmranlıq edən ən güclü birlik idi. Eramızdan əvvəl son iki-üç əsrdə onlar Ön
Asiyadan gələn, Albaniyadan keçərək Şimali Qafqaza və daha uzaqlara gedən ticarət
yolunu əllərində saxlayırdılar. Onlar, Strabonun dediyinə görə, "Kaspi dənizi
sahillərinin böyük bir hissəsinin sahibi idilər... ermənilərdən və midiyalılardan hind və
Babil malları alır, dəvə karvanları ilə daşıyıb satırdılar".
Orta Dağıstan vilayətlərinin hansı yerlərindəsə, "udi tayfasından... yuxarıda"
yaşayan utidorslara, görünür, udilər ilə aorsların qarışması nəticəsində əmələ gələn
alban-sarmat tayfası kimi baxmaq lazımdır. Lakin ola bilər ki, "utidorslar" "uti (udi)
aorsları" deməkdir, yəni udilər arasında yaşayan aorslardır (müqayisə et: lyko-syroi -
"likiya suriyalıları", celto-ligures - "kelt liqurları", celto-sythae - "kelt skiflər" və
başqaları).
Böyük Dəhnə kəndinin (Şəki rayonu) yaxınlığında aşkara çıxarılmış yunan
kitabəsində ( I -II əsrlər) Evnon adına rast gəlinir. Bu adı I əsrdə aors
hökmdarlarından biri daşımışdır.
Antik dövrdə Şimali Azərbaycan vilayətlərində yaşayan tayfalarda dövlətin
sosial institut kimi meydana gəlməsi məsələsi indiyədək izah edilməmiş qalır. Daha
sonralara aid mənbələrdə olan cüzi məlumat belə hesab etməyə imkan verir ki,
eramızdan əvvəl I əsrdə Albaniyada dövlət artıq mövcud idi. Arxeoloji materiallar
antik Albaniyada sinfi bölgünün olduğunu göstərməklə bu məsələnin həllinə kömək
edir, sinfi bölgü isə, məlum olduğu kimi, dövlət qurumunun meydana gəlməsi üçün
zəruri ilkin şərtdir. Arxeologiya məlumatı eramızdan əvvəl I minilliyin ikinci
yarısında Albaniyanı xeyli inkişaf etmiş oturaq əkinçi-maldar təsərrüfatına malik olan
bir ölkə kimi təsvir edir. Albaniyada suvarma əkinçiliyi vardı və o, yalnız təbii
suvarmaya deyil, həm də geniş qol-budaq atmış irriqasiya qurğularına əsaslanırdı;
belə irriqasiya qurğularının olması nəzərdən keçirilən dövrdə Albaniyada əməyin
məqsədyönlü təşkilindən xəbər verir. Bütün bunlar, əlbəttə, müəyyən zor aparatı
olmadan mümkün deyildi.
Həmin materiallar eramızdan əvvəl son əsrlərdə və eramızın ilk əsrlərində
alban cəmiyyətində nəinki çox dərin əmlak təbəqələşməsi baş verdiyini bariz şəkildə
330
sübut edir, həm də sinfi təbəqələşmənin kifayət qədər aydın mənzərəsini yaradır.
Yaloylutəpə qəbirlərinin, küp qəbirlərin avadanlığı bunu tam aydınlığı ilə göstərir.
Bununla əlaqədar olaraq, çoxsaylı qliptika abidələri - məsələn, xüsusi
mülkiyyətin mövcud olmasını açıq-aşkar göstərən üzük-möhürlər xüsusi maraq kəsb
edir.
Artıq eramızdan əvvəl I minilliyin ortalarında Albaniya ərazisində daş, şüşə və
metal möhürlər yayılmışdı. Belə metal üzük-möhürlər eramızdan əvvəl V-IV əsrlərdə
antik dünyada və Şərqdə də yaxşı məlum idi.
Bütün bunlar təqribən eramızdan əvvəl I minilliyin ortalarında və ikinci
yarısının başlanğıcında antik Albaniyanın sosial-iqtisadi münasibətlərində baş verən
köklü dəyişikliklərə sübutdur. Qədim Albaniya vilayətlərində sənət yüksək inkişaf
səviyyəsinə çatmışdı. Lap qədimlərdən məlum olan metallurgiya və metal emalından,
dulusçuluq və toxuculuqdan əlavə, burada yarımqiymətli daşlar emalı, fil dişindən
məmulat hazırlanması, balıq yapışqanı, müxtəlif məlhəmlər və i.a. istehsalı kimi yeni
sahələr meydana gəlir. Keramika istehsalının, zərgərliyin inkişafı davam edir.
Albaniyada dəmirişləmə, xüsusilə onun bir sahəsi olan silahsazlıq son dərəcə yüksək
səviyyəyə çatmışdı. Alban ustaları qılınclar, xəncərlər, oxlar, nizələr, dəbilqələr
qayırırdılar.
Alban dövrünün məskənlərində müxtəlif quruluşlu bir çox dulusçuluq kürələri
aşkar edilmişdir. Qazıntılar nəticəsində böyük miqdarda sabit, ənənəvi formalı qab-
qacaq, xeyli bədii keramika əşyaları tapılmışdır. Keramika məhsullarının bir çoxunda
ustaların nişan-damğasına rast gəlinir. Hər usta eynitipli məhsulun müəyyən bir
növünü hazırlayırdı ki, bu da nəinki dulusçuluğun müstəqil bir istehsal sahəsi kimi
ayrıldığını, həm də dulusçular arasında müəyyən ixtisaslaşma getdiyini göstərir.
Son illərin qazıntıları hellinizm dövrü Albaniyasında damüstü kirəmit
istehsalından danışmağa imkan verir, kirəmit istehsalı isə şəhərlərdə əsaslı tikinti
işləri aparıldığına dəlalət edir. Alban zərgərlərinin sənətkarlığı yüksək inkişaf
səviyyəsinə çatmışdı. Bu dövrdə Albaniyada nəinki sənət əkinçilikdən ayrılmışdı,
həm də sənətin öz daxilində əhəmiyyətli bir şaxələnmə və dar ixtisaslaşma vardı.
Albaniya beynəlxalq ticarət yollarından və quldarlıq sivilizasiyasının ən
mühüm mərkəzlərindən kənarda deyildi. Arxeoloji materiallar alban tayfalarının
Zaqafqaziya, Şərqi Ön Asiya, Kiçik Asiya tayfaları və xalqları ilə, Suriya ilə, Misirlə,
Egey aləmi ilə əlaqələrinin nisbətən sıx olduğunu sübut edir.
Qəbələdə bulla hazırlamaq üçün biçilmiş xammalın olması, yerli məhsul olan,
möhür basılmış, qaytan izləri qalmış onlarca bulla tapılması erkən hellinizm
zamanından başlayaraq Albaniyanın iqtisadi həyatının, xüsusən ticarətinin
səviyyəsinə çox mühüm sübutdur. Həmin bullalar eramızdan əvvəlki son yüzilliklərdə
və eramızın ilk əsrlərində Qafqaz Albaniyasının paytaxtında aparılan ixrac-idxal
əməliyyatlarına bariz sübutdur.
331
Yazılı qaynaqlar və arxeoloji materiallar aydın şəkildə göstərir ki, eramızdan
əvvəlki son iki-üç yüzillikdə Albaniyada şəhərlər və şəhər həyatı nisbətən yüksək
səviyyəyə çatmışdı.
Hellinizm dövrü Albaniyasının şəhərləri artıq siyasi-inzibati və strateji
mərkəzlər, ticarət-sənət və mədəniyyət mərkəzləri idi. Antik Albaniyanın
urbanizasiyası əsaslı sosial-iqtisadi, siyasi və mədəni təbəddülatlarla yanaşı gedirdi.
Albaniya şəhərləri öz xarakterinə və quruluşuna görə qonşu vilayətlərin antik
şəhərlərindən bir o qədər seçilmirdi. Artıq eramızdan əvvəl I mi n i l l i y i n ortalarında
sosial-iqtisadi münasibətlərdə baş vermiş böyük dəyişikliklər nəticəsində Albaniya
şəhərlərində də əmlak bərabərsizliyi yaranmış, cəmiyyət sosial cəhətdən
təbəqələşmişdi. Hellinizm dövrü Albaniyasında azad əhalinin, yoxsullar və
əyanların mövcud olduğu məlumdur. Kaspilər arasında "ən varlılar və əyanlar
(hakimiyyət başında duranlar)" vardı. Antik Albaniyada həm tacirlər, həm də kahinlər
vardı, qulları olan məbəd vilayəti mövcud idi. Sosial-iqtisadi inkişafın nisbətən
yüksək səviyyədə olması, sənətin əkinçilikdən ayrılması, pul tədavülünün,
zərbxanaların, əyanların, tacirlərin, qulların, şəhərlərin, şəhər həyatının olması - bütün
bunlar hellinizm dövrü Albaniyasında sinifli cəmiyyətin, dövlətin mövcud olduğuna
parlaq sübutdur. Eramızdan əvvəl III əsrdən gec olmayaraq meydana gələn və artıq
eramızın hüdudundan uzaq Romada Albaniyanın "birinci" şəhəri kimi tanınan, kifayət
qədər möhkəmləndirilmiş böyük və bütün əlamətlərdən göründüyü kimi, zəngin bir
şəhərin - Qəbələnin mövcud olması faktının özü ölkədə dövlətin və çar
hakimiyyətinin olduğuna sübutdur. Buna görə də Strabonun albanlarda "indi
(seyrəltmə bizimdir - məsul red.) bütün tayfaları bir çar idarə edir" sözləri ən geci
eramızdan əvvəl III əsrə aid edilməlidir.
Makedoniyalı hökmdara qeyri-adi bir hədiyyə bəxş etmiş "Albaniya çarı"
haqqında Yuli Solin də məlumat vermişdir. Ola bilsin ki, hələ eramızdan əvvəl IV
əsrin son sülsündə albanlarda "çarlar" varmış, çünki antik müəllif açıq-aydın yazır ki,
"biz bu b a r ə d ə o x u m u ş d u q " , bu isə şübhəsiz, bizə gəlib çatmayan hansısa
mənbəyə işarədir.
Mada-Əhəməni ənənələri erkən hellinizm zamanında Albaniyada sinifli
cəmiyyətin və dövlətin meydana gəlməsinə və təşəkkül tapmasına təkan verməyə
bilməzdi. Görünür, Albaniya tayfaları bir sosial institut kimi dövlətlə ilk dəfə hələ
Əhəmənilərin hökmranlığı zamanı rastlaşmışdılar.
Atropat dövründə alban tayfalarının siyasi meydana çıxması Albaniyada
dövlətin meydana gəlməsinə xeyli dərəcədə təkan vermişdir, o zaman
atropatenalıların hökmdarı ilə albanlar arasında müttəfiqlik münasibətləri, bəlkə də,
müttəfiqlik - xəracvermə münasibətləri vardı.
Dostları ilə paylaş: |