İngiltərə hökuməti Abadandakı ingilis mənfəətlərini qorumaq üçün İran hökümətinin əlindən gələn tədbirləri görəcəyinə inanır. İrandakı ingilis təbəələrinin məruz qalacağı təzyiqlərə görə İran hökuməti məsuliyyət daşıyacaqdır».
İngiltərə hərəkətə keçmişdi. Qarşıya aşağıdakı suallar çıxır: İngiltərə xarici işlər naziri Herbert Morrison nə demək istəyirdi? O göndərilən gəmilərə yenilərini də əlavə edəcəyiz deyərkən kimi hədələyirdi? İranımı? İran bu ağır hədəyə dəyərmi? O kiçik və zəif bir dövlətdi. O halda bu sözlər kimə, hansı dövlətə aiddir?
Əsas həqiqət İngiltərənin hədələdiyi dövlət Rusiya ilə Amerika və onun arxasındakı «Standard Oyl» neft tresti idi. Heç vaxt İngiltərə İran neftinin əlindən çıxmasına razı ola bilməzdi.
İngilis neft mənbələrini tədqiq edənlər İngiltərənin qüdrətinin bu xam maddəyə, yəni neftə minnətdar olduğunu müşahidə edirlər. İngiltərə neft sayəsində dünyanın istədiyi hər hansı bir yerində arzuladığını açıq və ya gizli əldə etməkdə, arzu etdiyi tədbirləri görməkdə özünü, yəni İngiltərəni haqlı olduğunu da görürdü.
İngiltərə hökuməti xarici işlər nazirinin ağzı ilə elə bir dillə danışırdı ki, bu müraciət formasında və tədbirlərin açıqlanmasında adətən bir meydan oxuma, bir müharibə ədası vardı.
Qarşıya bir sual çıxır: İngiltərə həqiqətən İran nefti üzündən bir müharibəyə girə bilərdimi? Buna tərəddüdsüz olaraq verilən cavab sadəcə olaraq xeyrdən ibarətdir. Çünki İngiltərə üçün vacib olduğuna inandığımız Üçüncü Dünya müharibəsinin hələ vaxtı gəlib çatmamışdı.
İngiltərə qorxulu bir qüdrət halına gələn Amerikanın istədiyi dərəcədə yorğun düşmədiyini bilirdi. Halbuki, Amerika Koreyada yorulurdu, ancaq Koreyanın Amerikanı yorması o qədər də inandırıcı deyildi.
Amerikanın gücdən düşməsi üçün yeni-yeni münaqişə cəbhələrinə ehtiyac vardı.
Ayrıca olaraq İngiltərə dənizlərdəki üstünlüyündən istifadə edərək Amerikanı millətlərin gözündən salmanın vaxtını gözləyirdi. Bu İngiltərəni İranda müharibəyə girməkdən çəkindirən səbəblərdən birincisi idi. İkinci səbəb isə Rusiya-İran və İngiltərə arasında 1907-ci ildə bağlanan anlaşma idi. İngiltərə bu xüsusu nəzərə almaya bilməzdi. Çünki Rusiya dərhal bu müqavilənin maddələrinə dayanaraq İranın yarısını işğal etməsi imkanını əldən buraxmazdı. O təqdirdə də İngiltərə-Rusiya müharibəsi qaçılmaz bir zərurət ola bilərdi və belə bir müharibə isə İran neftinin əldən çıxması demək olardı.
İngiltərə yaxşı bilirdi ki, onun İrana hər hansı bir müdaxiləsi Rsiyanın da hərəkətə keçərək İranın bir hissəsini işğal edəcəyi ilə nəticələnəcəkdi. Bu səbəbdən də İngiltərə bir hədələmə yolunu tutmağa məcbur oldu.
İngiltərə İranda ona məxsus nefti qorumaq üçün Abadana hərbi gəmilər göndərirkən «Standard Oyl» şirkəti də müəyyən tədbirlər görməyə çalışır. Yəni o dövrdə dünyanın ən məşhur iqtisadçılarından biri olan Maks Thornbourqhun dili ilə ingilislərin İran nefti uğrunda apardığı mübarizədə tətbiq etdiyi üsulu ağılsızlıq adlandırdı. Başqası belə bir fikri söyləsə idi, o qədər də əhəmiyyət verilməzdi. Ancaq bu sözləri söyləyən şəxs «Standard Oyl of Kalifornia»nın iqtisadi məsələlər üzrə mütəxəssislərindən biri idi.
Onun bəyanatı açıqca «Standard Oyl»un Rusiya ilə birlikdə olduğuna işarə idi. Qarşıya belə bir sual çıxır: «Standard Oyl” İran nefti məsələsində «Royyal Datç-Şell Qrup» şirkəti ilə qarşı-qarşıyamı gəlirdi? Bəli. Amerika irəlidə də göründüyü kimi İran neftini ələ almağa qərarlı idi və bu yolda bütün imkanlarından istifadə etməyə çalışırdı. «Standard Oyl» məsələlərə açıqca müdaxilə edə bilməsə də, baş verən hər bır xırda hadisədən də xeyrinə istifadə etməyə çalışırdı. Onun mıdaxilə edə bilməməsinə səbəb həm müharibə dövründə, həm də 1948-ci ildə ingilislərlə amerikalılar arasında on illiyə bağladıqları müqavilə idi. Bunun müddətinin bitməsinə hələ iki il qalırdı. Bu səbəbdən də Thornbourqun sözləri o qədər də təsirli deyildi.
İrandakı neft ixtilafı bütün Orta Şərqi hədələyirdi. İran hökuməti çıxılmaz vəziyyətə düşsə də müəyyən tədbirlər görməyə çalışırdı. Kommunistlərin təşkil etdikləri nümayişləri dayandırmağa çalışsa da istədiyinə nail olmurdu. Belə bir vəziyyət qarşısında qalan Hüseyn Ala 1951-ci il aprelin 14-də ölkədə fövqəladə vəziyyət elan etdi.
Abadandakı neftayırma zavodlarında çalışan 12000 fəhlədən 9000-i qeyri-qanuni tətillərə qoşuldu. Bu da neft istehsalının dayanmasına səbəb oldu. Abadan neftayırma zavodlarında hər gün 18 milyon qallon (1 qallon-4,5 litr) neft istehsalı tətillər üzündən10 milyon qallona düşmüşdü. Bu rəqəm hər keçən gün azalırdı. Abadanda tətil getdikcə artır və küçə nümayişləri fasiləsiz davam edirdi. Hətta ara-sıra nümayişçilərlə polis arasında qarşıdurma da baş verirdi.
1917-ci ildən bəri ilk dəfə meydana gələn bu ciddi vəziyyət İran hökumətini yeni-yeni tədbirlər görməyə sövq etdi. Baş nazir Abadandakı vəziyyətə nəzarət etmək üçün oraya qoşun göndərdi. Ancaq qoşunun Abadana gəlməsi də vəziyyətə təsir etmədi.
İran nefti məsələsi beynəlmiləl siyasətdə təhlükəli vəziyyət yaratmışdı. Xüsusilə də bu təhlükə Orta Şərq ölkələrində özünü daha çox göstərirdi. 1951-ci il aprelin 14-15-də Abadanın küçələrində nümayişçilərlə polis arasında baş vermiş qarşıdurmada iki nəfər də ölmüşdür. Neftayırma müəssisələrində çalışan 30 nəfər amerikalı mütəxəssis də Tehrandakı səfirliklərindən aldıqları təlimata uyğun olaraq təcili Abadanı tərk edərək Bəsrəyə getmişdilər.
İranda Razmaranın öldürüldüyü günlərdə ortada bir şəxsin adı daha çox dolaşırdı. Bu şəxsin adı Jeacok idi. İngilislər bu şəxsin bir tudəçi lider olduğunu irəli sürdükləri halda, Fədai İslam Cəmiyyəti isə onun bir ingilis cəsusu olduğunu söyləyirdilər. Onlar bu şəxsi İranın indiki vəziyyətə düşməsinin səbəbkarı hesab edirdilər.
Fədai İslam Cəmiyyəti «ingilislər bu tətilləri xüsusi olaraq təşkil edirdilər ki, İranı istila entmək üçün bəhanələri olsun» fikrini irəli sürürdülər: Buna inanmaq mümkündürmü?
Bu suala ikibaşlı cavab verilə bilər: Mümkün də ola bilər, olmaya da bilər. Ancaq, biz ingilislərin belə bir həssas dövrdə bu işi görə biləcəklərinə, yəni İrandakı tətilləri şəxsən onların çıxara biləcəklərinə və bu tətillərdən faydalanacaqlarına o qədər də əmin deyilik.
İngilislər «Standard Oyl»un təmsilçisi iqtisadçı Thornbourqun söylədiyi sözlərə o qədər də əhəmiyyət vermədilər. İngilislər özlərini çox sakit aparsalar da başqa yerdə «Standard Oyl» şirkətinə bir zərbə vurdular və dünyanın məşhur generallarından birisini, bir respublikaçını siyasətdən kənarlaşdırmağa nail oldular.
İran hökuməti Abadana silahlı qüvvələr göndərdiyi gün Türkiyədə xarici işlər naziri professor Fuad Köprülünün rəhbərliyi altında Türkiyənin London, Paris və Romadakı böyük elçiləri Ankarada çox vacib bir toplantı keçirirdilər.
Türkiyə İngiltərə-İran neft ixtilafından meydana gələn bu vəziyyətdə toplantı keçirməyi vacib saymışdır. Türkiyə Orta Şərqdə həmsərhəd olduğu bir məmləkətdə Rusiyanın törətdiyi hadisələrə biganə qala bilməzdi. Bu səbəblə də vəziyyəti ən ciddi şəkildə izləmək və siyasətini ona görə qurmaq məcburiyyətində idi. Türkiyə İran hadisələri ətrafında dünyanın siyasi mərkəzlərində qurulan planları anlamaq, bilmək istəyirdi. Türkiyə İrandakı vəziyyətin çox ağır olduğunu dərk edirdi.
Ankaradakı bu toplantının keçirilməsindən bir gün sonra İranın baş naziri Hüseyn Ala İngiltərənin xarici işlər naziri Herbert Morrisonun parlamentin aşağı palatasında verdiyi bəyanata cavab olaraq: «İngilislər hərbi müdaxilə edərlərsə, öz mənfəətləri baxımından bu hərəkət ağır bir zərbə olar. Eyni zamanda ingilis hökümətinə etimadım vardır. Çünki İngiltərənin beynəlxalq sülhü təhlükə altına ala biləcək hər cür tədbiri bitərəfləşdirə biləcəyinə inanıram» fikrini söyləmişdir. Baş nazir bu bəyanatı tam zamanında vermişdi. O, İngiltərənin zor tətbiq etməyəcəyini bilirdi.
Baş nazirin bu sözləri də, Amerikanın neft ixtilafının həlli üçün atdığı addım da İranda vəziyyəti dəyişdirmir və gərginlik bütün hiddəti ilə davam edirdi. Bu bəyanatın tək müsbət tərəfi ingilislərin həqiqətən də zor tətbiq etməmələri olmuşdur.
İrandakı vəziyyət yüksək nöqtəsinə çatdığı zaman Deterdinq və ya Entelijans Servis İrandakı ixtilaf üzündən Amerikadan yüksələn tənqidi səslərə cavab verir və Uzaq Şərqdə bir başqa mühüm hadisənin baş verməsinə səbəb olurdu. Bu hadisə sonralar Amerikanı yerindən oynadaraq prezident Trumeni çox çətin bir vəziyyətə salacaqdır.
Koreyada Birləşmiş Millətlər Təşkilatında iki bloka ayrılmış qüvvələr, yəni kommunistlərlə azad Qərb dövlətləri cəbhəsi qarşı-qarşıya gəlmişdi. Koreyada qorxulu bir müharibə davam edirdi. BMT-nin ordusu adı altında kommunistlərlə müharibə edən qoşunların komandanı isə İkinci Dünya müharibəsi iştirakçısı və Amerika ordusunun ən yüksək rütbəsi olan beşulduzlu generalı olan general Mak Arturdu. Uzaqgörən bir hərbiçi olan bu general Koreyadakı müharibənin tezliklə başa çatmasını istəyirdi. O, Şimali Koreya qoşunlarını təmin edən bazaların əsas hissələrinin kommunist Çinin ərazisində və Xan çayı vadisində olduğunu aydın bilirdi. Onun fikrinə görə əgər bu təminedici bazalar bombardıman edilərsə Koreyadakı bu müharibənin dayandırılması tezləşərdi.
General Mak Artur bu planını hər dəfə Vaşinqtona bildirsə də müsbət cavab ala bilmirdi. General bu planın yerinə yetirilməsini təkidlə tələb etdiyi vaxtlarda Amerikada, Demokrat Partiyası hakimiyyətdə olmaqla bərabər bu partiya «Standard Oyl» şirkətinə düşmən mövqedə idi. Onların düşmənçiliyinin əlli illik bir tarixi vardır.
1951-ci il aprelin 11-də Amerikada bütün dünyanı heyrətləndirən bir hadisə baş verdi. Şəxsən Trumenin imzaladığı və dərhal tətbiq etdiyi qərarla general Mak Artur vəzifəsindən azad edilir. Trumenin bu qərarı dünyanın böyük siyasi mərkəzlərində, xüsusilə BMT-də maraqla qarşılanır. Onun bu qərarı siyasi mərkəzlər üçün gözlənilməz olur. Bu qərardan sadəcə olaraq bir nəfər təəccüblənməmişdi. Bu şəxs Deterdinq idi. Çünki Mak Arturun etmək istədiyi hərəkətin ağırlığını bilirdi və ingilis diplomatiyasının müxtəlif vasitələri ilə bunun gələcəkdə yeni dünya müharibəsinə səbəb ola biləcəyini prezident Trumenə çatdırmışdır. Bəlkə də generalın bu hərəkətinin arxasındakı həqiqi səbəbin «Standard Oyl» olduğunu da söyləmişdir.
Amerika da daxil olmaqla başqa ölkələrdə də generalın «Standard Oyl»un toruna düşdüyü də açıqca yazılmışdır. Beş ulduzlu generalın Respublikaçılar Partiyasına rəğbəti olduğu da hamıya məlum idi. Generalın azad edildiyi vaxtlarda Uzaq Şərqdəki Koreya müharibəsi ilə əlaqədar tədqiqatlar aparan respublikaçı senatorlardan birinin mətbuata verdiyi bəyanat çox maraqlıdır. Bu senator bəyanatında generalın azad edilmə əmrini alarkən «Uzaq Şərqdə çox mühüm işlərim vardı. Ancaq, Vaşinqtona dönmək məcburiyyətində idim. Üçüncü Dünya müharibəsi bu zaman Vaşinqtonda baş verdi. Orada Trumenlə müharibə etməyə gedirəm» sözlərini demişdir. Bu senatoru Trumenə qarşı belə mövqe tutmasının səbəbi beş ulduzlu generalın vəzifsindən azad edilməsidirmi? Xeyr. Bu müharibə qərarının arxasında başqa səbəblər yatırdı və bu işin içində «Standard Oyl» şirkətini görməmək mümkün deyildir.
Amerika da daxil olmaqla dünyanın çox yerində sevilən generalın vəzifəsindən azad edilməsi vətəni Amerikada çox kəskin reaksiyalara səbəb oldu. Trumen də verdiyi qərarı geri götürə bilməzdi.
Uzaq Şərqdə respublikaçı senatorun verdiyi bəyanatdan dərhal sonra Trumen əleyhinə nümayişlər başladı. Bunların ən mühümü Amerikanın avtomobil sənayesinin mərkəzi sayılan Detroiddə keçirildi. Neft ilə çox sıx əlaqələri olan avtomobil sənayesində belə bir nümayiş keçirilməsi isə ayrıca üzərində durulacaq qədər mühüm mənalar daşıyırdı. Trumenin əleyhinə hərəkət o qədər genişlənmişdir ki, Amerikada bir-birinə rast gələn hər kəsin verdiyi sual «Amerikanı Trumenmi yoxsa,Atleemi idarə edir? məzmunda idi.
İran hadisələrinin ən kritik bir zamanında Trumen Mak Artır ixtilafının iç-üzü bacarıldığı qədər gizli saxlanılmağa çalışılırdı.
Beşulduzlu general Mak Artur məsələsi dünyanı hədələyən hadisələrdən sadəcə bir dənəsi idi. Siyasi üfüqlər qara buludlarla örtülməyə başlamışdı. Uzaq Şərqdə Koreya, Hindi-Çində Xo Şi Min, yəni Vietkonq, Orta Şərqdə isə İran dünya sülhünü hədələyən sahələr idi. Bütün bu ərazilər isə siyasətçiləri daima məşğul edən neft sahələrinin ya çox yaxınlığında, ya da içindədirlər.
Vyetnam «Royyal Datç-Şell Qrup»a məxsus neft sahələrinin lap yaxınlığında, İran isə hər kəsə məlumdur.
TÜRKİYƏ İRAN MƏSƏLƏSİNƏ
MÜDAXİLƏ EDİR
İrandakı hadisələr Türkiyədə diqqətlə izlənirdi. Hadisələrin gərgin bir anında Türkiyəyə gözlənilmədən bir qonaq gəldi. Bu şəxs İkinci Dünya müharibəsi zamanı Çörçill hökumətinin hərbi naziri olmuş Samuel Hoare Belisha idi. O, həm də müharibədən sonra Baldivinin baş nazir olduğu illərdə S.İ.S. deyilən «Special İntelligence Sestion» kəşfiyyat idarəsinin əsrarəngiz şefi Qeorq Cockerillin də ən yaxın dostu idi.
Samuel Hoare Belisha bütün Ərəbistan yarımadasını, Yunanıstanı gəzdikdən sonra Türkiyəyə gəlmişdir. Onun mətbuata verdiyi bəyanata görə Türkiyəyə gəlişinin heç bir rəsmi mənası yoxdur. Sadəcə olaraq qeyri-rəsmi görüşlər keçirəcəkdir. Ancaq o Türkiyənin dövlət və hökumət üzvləri ilə görüşlər keçirərək onlarla tanış olmuşdur. Onun bu görüşləri haqqında heç bir açıqlama verilmədi. Ancaq bu müzakirələrin mahiyyəti də gözdən qaçmadı. İranda böhranlı vəziyyətin yaranması və ingilis neftinin taleyi həll olunduğu bir vaxtda Türkiyəyə bir ingilis sabiq naziri hər halda istirahətə gəlməmişdi. Onun Ankaradakı görüşlərinin məzmunu barədə hələ də əldə elə bir məlumatlar yoxdur. Ancaq qətiyyətlə demək olar ki, bu görüşmələr İran hadisəsi ilə əlaqəli idi və bəzi tədbirlər görmək üçün İngiltərə ilə Türkiyə arasında razılaşmalar da olmuşdur.
Ankarada bu müzakirələr aparılarkən İranda da Rusiyanın agentləri ilə birlikdə İran Xalq Partiyası (Tudə) və Fədai İslam Cəmiyyəti geniş fəaliyyətə başladılar. Onlar nümayişlər və ixtişaşlar törətməkdən də çəkinmirdilər. 1951-ci il aprelin 21-də Fədai İslam Cəmiyyəti Tehranda Nah camesi önündə geniş bir nümayiş təşkil etmişdi. On minlərlə insanın iştirak etdiyi bu mitinqdə Fədai İslam Cəmiyyətinin liderlərindən Seyid Məhəmməd Nəqayi sərt çıxış edərək baş nazir Hüseyn Alanı hədələmişdir: «Hüseyn Ala, Hüseyn Ala... Din və imandan ayrılma, yoxsa sənin də aqibətin o birilərinki kimi olar».
Bu hədələr qarşısında hökumət heç bir tədbir görməyərək susurdu.
Neft artıq İranda beynəlxalq bir ixtilaf mövzusu olmuşdur. İranda baş nazir hədələndiyi bir vaxtda Türkiyədə geniş siyasi fəaliyyətlər cərəyan etməkdə idi. Ankara sanki İran neft böhranının qəlbi halına gəlmişdi. Türkiyədəki İngiltərə, Amerika, Fransa, İran və Pakistan səfirləri növbə ilə Türkiyənin xarici işlər naziri Fuad Köprülünü ziyarət edirdilər. Bu görüşlər İrandakı böhranla əlaqədar idi. Vəziyyət o qədər gərgin və ciddi idi ki, tərəflərdən hər hansı birisinin atacağı yanlış addım bəlkə də Üçüncü Dünya müharibəsinin baş verməsinə səbəb ola bilərdi. Elə bu baxımdan da Türkiyə siyasi hadisələri böyük bir diqqət və həssaslıqla izləməyə məcbur idi.
Yuxarıda adlarını çəkdiyimiz ölkələrin səfirləri 1951-ci il aprelin 21-də Türkiyə Xarici İşlər Nazirliyində İran məsələsini müzakirə etmək üçün dəvət olundular.
Rusiya tərəfdən İrana hər an hərbi müdaxilə ola bilərdi. Onlar sərhədə böyük hərbi qüvvə cəmləşdirmişdilər. Türkiyə, İngiltərə, Fransa, Amerika və başqa dövlətlər Rusiyanın İrana hərbi müdaxilə etməsindən qorxurdular.
İngiltərənin hərbi naziri Emmanuel Shinvelin gözlənilən müharibə təhlükəsindən bəhs edərək: «Koreya müharibəsində baş verənləri İrandakı qarışıqlıqlar daha da sürətləndirməkdədir. Əgər İrandakı vəziyyət düzəlməzsə, müharibə Orta Şərqə də sirayət edəcəkdir» demişdir.
İngiltərə, dolayısı ilə də Deterdinq həqiqətən də çıxılmaz vəziyyətə düşmüşdür. İran hadisələri onlar üçün həqiqətən də ciddi bir mahiyyət daşıyırdı.
İngiltərənin hərbi nazirinin bu bəyanatından üç gün sonra İstanbulda olan Samuel Hoare Belisha jurnalistlərlə görüşəndə «əski sazişlər ən yaxşı sazişlərdir» demişdir. Onun bu bəyanatı İranda da, İranın işlərinə burnunu soxan «Standard Oyl» şirkətinə də bir xəbərdarlıq idi. Bu bəyanat istər İrana, istər Amerikaya daha doğrusu «Standard Oyl»a sazişlərə sadiq qalmalarını tövsiyyə edirdi.
İRANIN FƏLAKƏTLİ DÖVRÜ.
MÜSƏDDİQ HÖKUMƏTİ
İranda hadisələr getdikcə dərinləşirdi. Artıq hər kəs neftin milliləşdirilməsindən bəhs edirdi. Rusların nefti ələ keçirmək üçün ilk mərhələ olaraq irəli sürdükləri «milliləşdirmə» təbliğatı baş tutmuş və bu fikir xalq tərəfindən mənimsənilmişdir. İranın hər tərəfində keçirilən və təşkilatçıları Fədai İslam Cəmiyyəti ilə Tudə Partiyası olan nümayişlərin əsas şüarı bu olmuşdur. Ruslar İranda nefti milliləşdirdikdən sonra necə olursa da ələ keçirə biləcəklərinə inanırdılar. Bu baxımdan 1951-ci ilin aprel ayı İran üçün fəlakətli günlərin başlanğıcı olmuşdur.
Baş nazir olduğundan bəri Hüseyn Ala daima rus səfirinin təzyiqinə məruz qalırdı. Rusiyanın səfiri neftin milliləşdirilməsi fikrini müdafiə edir və baş nazirin bunu reallaşdırmasını istəyirdi. Neftin milliləşdirilməsi Rusiyanın mənfəətləri baxımından qəbul ediləndir deyən rus səfiri çıxışına «Rusiya Orta Şərqdə həmsərhəd bir ölkədə imperialist siyasət yürüdən qərblilərin olmasından razı deyildir» sözlərini də əlavə etmişdir.
İranın baş naziri Hüseyn Ala rus elçisinin, Tudə Partiyasının və Fədai İslam Cəmiyyətinin xəbərdarlıq və hədələrinə baxmayaraq nefti milliləşdirməyə tələsmirdi. O da qətlə yetirilən əski baş nazir Razmara kimi düşünür və bütün bu təzyiq və təhdidlərə sinə gərirdi.
Ruslar neftin milliləşdirilməsi üçün nə tələb olunurdusa onu da yerinə yetirməyə çalışırdılar. Onlar Milli Məclisə də nüfuz edərək özlərinə tərəfdar tapmışdılar. Hüseyn Alanı Milli Məclisin üzvləri də milliləşdirmə məsələsində sıxışdırırdılar. Artıq təzyiqlərə davam gətirə bilməyən baş nazir Hüseyn Ala istefa ərizəsini şaha təqdim etdi. Onun istefasından sonra ölkədə hökumət böhranı yarandı və heç kəs baş nazir olmaq istəmirdi.
Şahın baş nazir postuna göstərdiyi namizədlər Tudə Partiyası və Fədai İslam Cəmiyyətinin terrorundan qorxduqları üçün hökumət qurmağı qəbul edə bilmirdilər. Bir müddət sonra bu iki təşkilat Müsəddiq adlı şəxsin baş nazir olmasına razılıq verdilər. Şah da Müsəddiqin hökuməti qurmasına razı deyildi. Elə bu səbəbdən də müraciətləri rədd edirdi. Ancaq, təzyiqlərə dözə bilməyən şah Müsəddiqin baş nazir olması təkliflərinə razı oldu. Beləliklə Müsəddiq İranın baş naziri oldu və hökumətə rəhbərlik etməyə başladı.
Müsəddiq baş nazirliyinin şah tərəfindən təsdiq olunmasını gözləmədən dərhal öz qərarlarını verməyə başladı. Şah Müsəddiqə necə nifrət edirdisə, Müsəddiq də şaha o qədər nifrət edirdi.
Müsəddiq baş nazir olduğu zaman neft ixtilafı xüsusunda «Anglo Persian» şirkəti tərəfindən İran hökumətinə verilən təkliflər paketi artıq onun masasının üstündə idi. Ancaq onun fikri qəti idi. Yəni ingilisləri İrandan qovacaq və nefti milliləşdirəcəkdir.
İrandakı hökumət böhranına yol açan Hüseyn Alanın istefasının ertəsi günü «Anglo Persian» şirkəti tərəfindən İrana verilən təkliflərə dair İngiltərənin xarici işlər naziri Herbert Morrison «İstefa edən İran baş naziri Hüseyn Ala kabinetinə neft ixtilafının həlli üçün yeni təkliflər irəli sürülmüşdür.
«Anglo Persian» neft şirkətinin əldə etdiyi gəlir yarı-yarıya bölünəcək və şirkət işçilərinin əksəriyyətini iranlı fəhlələr təşkil edəcəkdir. Ancaq Hüseyn Ala hökuməti bu təkliflərə cavab vermədən istefaya getməyə məcbur olmuşdur. İngiltərə neft sahələrinin milliləşdirilməsi təklifinin İran ilə «Anglo Persian» şirkətinə aid olan bir məsələ olduğuna dair İranın irəli sürdüyü iddianı qəbul etməyəcəkdir» bəyanatını vermişdir. Nazir bu bəyanatı verməkdə haqlı idi. İrandakı neft ixtilafı həqiqətən «Anglo Persian» ilə İran arasında həll ediləcək bir məsələ deyildi. Bəyаnatın verilməsinin əsas səbəbi Müsəddiqin şahın hökuməti təsdiq etməsini gözləmədən Gülüstan sarayında yerləşən baş nazirlikdən neftin milliləşdirilməsini elan edən ilk hökumət qərarı idi.
Ruslar hədəflərinə çatmışdılar, yəni neft İranda milliləşdirilmişdi. İngilis mətbuatı Müsəddiqin bu qərarının İngiltərə tərəfindən tanınmayacağını yazırdı.
Müsəddiq baş nazir kürsüsünə oturar-oturmaz Rusiyanın İrandakı səfiri İvan Sadxikov dərhal onun hüzuruna gəlmiş və 80 dəqiqə söhbət etmişdi. Yerli və xarici jurnalistlərin verdikləri suallara sadəcə gülümsəməklə cavab vermişdi. Ancaq İvan Sadxikovun Müsəddiq ilə görüşünün məzmunu ertəsi gün məlum olmuşdu.
İranda Tudə Partiyasının xalqı üsyana çağıran «Mərdom» və «Zəfər» adlı mətbuat orqanları bağladılmış və məsul işçiləri həbs edilmişlər.
Rus səfirinin Müsəddiq ilə görüşünün məzmunu bu qəzetlərin təkrar nəşrə başlamalarından bəlli olmuşdur. Rus səfiri bu iki qəzetin nəşrə başlamalarını və həbs olunanların azad edilməsini tələb etdikdən sonra Müsəddiq onun bu təkliflərini dərhal yerinə yetirmişdir.
Artıq İranda yeni bir dövr, yəni rus dövrü başlayırdı. Müsəddiqin iqtidara keçməsi ilə hər şeyin həll ediləcəyinə inananların ümidləri boşa çıxdı. Çünki nə nümayişlər dayanmış, nə də ölkədə normal idarəetmə qurula bilmişdi. İran tam mənası ilə bir inqilab ölkəsi mənzərəsinə bürünmüşdü.
İran bü səfər kommunistlərin əlində oyuncaq olmuşdur. Beynəlxalq kommunist bayramı olan 1 May İranın hər tərəfində çox təntənəli şəkildə keçirilməyə başlamışdı.
Tudəçilər ilə fədailər anarxist hərəkətləri ilə keçirdikləri 1 May bayramında xalqı narahat etdikləri üçün polis işə qarışmalı olmuşdur. Nəticədə qarşıdurma yaranmış və hər iki tərəf zərər görmüşdür. Zavalı İran neft üzündən bir gün rahat nəfəs almamış və ölkə hər an partlamağa hazır bir barıt çəlləyi halına gəlmişdir.
Kommunistlər indi də yeni bir metod tətbiq etməyə başlamışdılar. Bu da sabotaj idi. Sabotaj hərəkətləri İranı bürümüşdü. Bu sabotaj hərəkəti Abadanda özünü daha çox göstərirdi. Onlar Abadanda yanğın törətsələr də istədiklərinə nail ola bilməmişdilər.
Çünki ingilislər istər neftayırma zavodlarını, istərsə də neft quyularını çox ciddi qoruyurdular. İran ordusuna məxsus əsgərlər də Abadanın mühafizəsində yaxından iştirak edirdilər.
Kommunistlər yalnız Abadandan təqribən 150 km şimalda olan Net Sufit neft məntəqəsində yanğın törədə bildilər.
Müsəddiq isə kommunistlərin bu hərəkətlərindən öz lehinə istifadə edərək ingilisləri günahlandırdı. O, neftin milliləşdirilməsi qərarını qəbul etsə də, şah hələ təsdiq etməmişdir. Müsəddiq sabotajlar vasitəsilə şaha təzyiq etmək və neftin milliləşdirilməsi qərarını təsdiqlətmək istəyirdi. Şah da qanunu belə bir şəraitdə imzalamaq istəmir və sanki gələcəkdə başına gələnləri hiss edirdi.
Artıq təzyiqlərə dözə bilməyən şah 1951-ci il mayın 2-də neftin milliləşdirilməsinə dair Müsəddiqin qəbul etdiyi qərarı təsdiqlədi.
İran şahı Rza şah Pəhləvinin neft qanununu imzalayarkən ingilis və amerikan səfirləri Müsəddiqi ziyarət edərək neftin milliləşdirilməsinə qarşı etğirazlarını bildirdilər. Dövlətlər siyasi danışıqlarda neft trestlərini himayə etdiklərini bir daha ortaya qoymuşdular.
Amerika İrandakı hadisələrə qarşı İngiltərə ilə müştərək hərəkət etmişdi. Lakin o bu işin arxasında daima öz mənfəətlərini gözləmiş və gələcəyin xatirinə sərmayələr qoymuşdur. «Standard Oyl» «Royyal Datç-Şell Qrup»un malı olan İran neftindən hissə almağa qərarlı idi. Bu səbəblə də pərdə arxasında ruslarla gizli oyunlar oynayır və İngiltərəni dizə çökdürməyə çalışırdı. O İran hadisələrinin arxasında İngiltərəni Orta Şərqdən uzaqlaşdırmaq istəyən bir səyasəti planlaşdırırdı. Lakin «Standard Oyl» «Royyal Datç-Şell Qrup» ilə 1943-cü ildə imzaladığı onillik bir sülh müqaviləsi vardı və bu anlaşma «Standard Oyl»un rəsmən ortaya çıxmasına mane olmaqda idi. Bu anlaşmanın olması «Standard Oyl» u İngiltərə ilə açıq bir mücadilədən çəkindirirdi. Amerikalılar Qərb blokunun qarşısında dayanan kommunist blokuna o qədər də inanmır və İngiltərəni tədricən Orta Şərqdən uzaqlaşdırmanın imkanlarını axtarırdılar.
Neft hər iki neft trestini İranda zahirən də olsa bir-birinə yaxınlaşdırmış və müştərək qərarların qəbul edilməsinə səbəb olmuşdur. Amerika prezidenti Trumenin şəxsi bir siyasət yürüdərək ingilislərlə müştərək hərəkət etməsi Amerikada respublikaçılarla demokratları təkrar qarşı-qarşıya gətirmişdi. Daima Respublikaçılar Partiyasını dəstəkləyən «Standard Oyl» iqtidarda olan demokratlara müharibə elan etmişdi. Bu iş üçün onun əlində mükəmməl bir vasitə vardı. Bu vasitə Koreyadan uzaqlaşdırılan və rütbələri alınan beş ulduzlu general Mak Artur idi.
İranda neftin milliləşdirilməsindən beş gün sonra, yəni 1951-ci il mayın 7-də beşulduzlu general Mak Artur demokratlara qarşı hücuma keçdi. O, hədəf olaraq ABŞ-ın milli müdafiə naziri general Marşallı seçmişdi. Mak Artur onu acizlikdə ittiham edirdi.
General Mak Arturun general Marşallı ittiham etdiyi gün Trumen də ABŞ-ın mülkü müdafiə komissiyasının hüzuranda Amerika siyasətinin ana xəttlərini elan edir və bu siyasətin istinadgahlarını ortaya qoyurdu: «Mən sovet təhlükəsi qarşısında məmləkətimi müttəfiqlərdən məhrumedəcək bir hərəkətə yol verə bilmərəm». Trumenin bəyanatı aydın idi. O, amerikan siyasətini təsbit edərkən eyhamla «Standard Oyl”un onun siyasətinə müdaxiləsini də qəbul etmədiyini anlatmaq istəyirdi.
Dostları ilə paylaş: |