T.Ə. CƏFƏRLİ BİR Əsr bir nəSİl budur gəldi bahar fəsli



Yüklə 1,19 Mb.
səhifə3/13
tarix31.01.2017
ölçüsü1,19 Mb.
#7184
1   2   3   4   5   6   7   8   9   ...   13

BALA NƏRGİZ
Bir beş-on gün belə keçdi. Əşrəf demək olar ki, məhəllənin bütün camaatıyla görüşmüşdü. Gözaydınlığa gələnlərin sayı isə azalmırdı. Onun gəlişinə hamıdan çox qardaşlığı Volodya sevinirdi.

Volodya on doqquz yaşında bir rus balası idi. Seyid Bikənin gimnaziyadan rəfiqəsi və bu günə qədər bacıları qədər sevdiyi Nataşanın oğluydu.

Volodyanın ciyərlərində vərəm tapıldığından əsgər aparmırdılar. O, avtotexnikumu da qurtarmışdı. Sürücülük məktəbində dərs deyirdi. Məktəbin “Polutrokasını” ona təhkim etmişdilər və həmişə onun rulunun arxasında idi.

Məhəllə uşaqları deyirdilər ki, o, maşının dahisidir. Onu söküb yığar. Volodya maşınla istənilən yerə “Putyovka” yazıb gedə bilərdi.

Müharibə şəraitində bu balaca güzəşt deyildi. Bunu Volodyanın özündən eşidən Əşrəfin beyninə o saat Xızıya getmək fikri düşdü. Daha doğrusu, bu fikir beynindən çıxmırdı. Ancaq imkan tapa bilmirdi. İmkanı isə Allah özü yetirmişdi.

Volodyayla qarşıdakı səfərin mahiyyətini bütün təfərrüatı ilə götür-qoy etdikdən sonra, Əşrəf evdəkilərə hara getmək istədiklərini bildirdi.

-Pis fikir deyil? Dostunun ruhu şad olar! - deyə Məşədi Fazil Əşrəfə xeyr-dua verdi.

- Mənə elə gəlir ki, Əjdərin atasına əl tutmalıyıq! Nə lazımdırsa sübh tezdən “Kömür meydanından” alıb yola çıxın! Xızıya qədər vur-tut iki-üç saatlıq yoldur. Anandan pul götürərsən. İstədiyin qədər!

Səhər sübhdən "Polutorka" Əşrəfgilin həyətindən çıxanda Seyid Bikə əlindəki camdan onların dalınca su atdı.

“Kömür meydanında” bazarlıq ancaq səhər çağı mümkün olurdu. Sonra hamı dağılışırdı.

Hərbi vəziyyət olduğundan hərə müəyyən işin ardınca getməli idi. Səhər saat yeddiyə qədər bazardan nə aldın almısan, yoxsa əli boş qayıdırdın.

Bazardan bir az yuxarda, “Kubinkada” da camahat alış-verişlə məşğul olurdular, ancaq orada əsasən keyim-keçim satılırdı. Nadir halda yeyinti şeyləri çıxarırdılar.

“Kömür meydanından” bir meşok un, bir-neçə kilo qənd, çay, sabun, konserva və s. aldılar.

“Kubinkanın” yanından keçəndə isə, Volodya maşını saxlayıb yaraşıqlı bir gəlincik də aldı.

Maşın Şamaxinkadan çıxıb Nasosnu tərəfə üz tutdu. Əşrəf kabinkadan ətrafa boylanır, baş vermiş dəyişikləri öz gözü ilə görmək istəyirdi.

Əşrəf dörd-beş gün idi ki, müharibədən qayıtmışdı. Ancaq gecə-gündüz Xızıdakıları düşünürdü. Əjdərin ruhu ona o qədər əziz idi ki, o, evdə qala bilməzdi. Digər tərəfdən hansı bir qüvvəsə onu Xızıya çəkirdi.

Yaralı ayağının yarasının açılması təhlükəsinə baxmayaraq, onun Xızıya getmək istədiyini görən Seyid Bikə oğluna bir neçə gün gözləməyi məsləhət bildi. Ancaq Əşrəf anasına hansı bir qüvvəninsə onu ora çəkib apardığını dedi.

Oğlunun bu iddiası ananı düşünməyə vadar etdi. Ancaq bir-neçə dəqiqədən sonra Seyid Bikə yenidən Əşrəflə bayaqkı söhbətə qayıtdı:

-Bala, sənin ora getməyin vacibdir. Səni ora tələsdirən qüvvə Xızıda olmağını istəyir. Mənə elə gəlir ki, orada olmağın daha vacibdir. Yolun uğurlu olsun, oğul!

***


İki saata qədər yol getdikdən sonra maşın dağlara tərəf döndü.

Boz qayaların arası ilə irəliləyən maşın islanmış sarı torpağın üzəri ilə sürüşə-sürüşə dağ ətəyinə qalxmağa başladı. Gecədən yağış yağdığından torpaq sürüşkən idi.

Daha irəli getməyin mümkünsüzlüyünü görən Volodya maşından düşdü və üzünü Əşrəfə tutdu:

-Qardaş, bir balaca gözləməli olacağıq. Xızıya çox az qalıb. Sarı palçıq podyomu qalxmağa qoymur.

Sarı qayaların arxasından yaşıl dağlar görünürdü. Bayaqdan bəri bu qayaların qurtarmayacağını fikirləşən Əşrəfin qarşısında qeyri-adi mənzərə açılırdı, qayanın ətəyində bir bulaq qaynayırdı.

Volodya əyilərək onun gözündən su içdi.

-Bura bir bax, gör nə əla sudur. Bumbuz.

Bulağın ətrafında da oturdular. Volodya maşının arxasında düzəltdiyi şkafdan çaynikini çıxartdı. Ətrafdakı ağacların quru budaqlarını sındırıb od qaladı, daşlarından ocaq düzəldi. Çayniki su ilə doldurub, ocağın üstünə qoydu.

Maşının arxasından bir yeşik çıxartdı. Oturduqları yerdən on-on beş metr aralı yeşiyin ağzını balaca çubuqla qaldırdı, yeşiyin altına bir az arpa tökdü. Çubuğa ip bağlayıb gəlib Əşrəfin yanında oturdu.

-Yeşik nəyinə lazımdır? - deyə Əşrəfi maraq götürdü.

-Bu yeşik sehrli yeşikdir.

-Başa düşmədim?

-Biz nahar etməliyik ya yox? İndi səni əla göyərçin kababına qonaq edəcəyəm. Ömründə belə şey görməmisən.

Sürücüləri yetmiş ikinci millət adlandıranlar yanılmırdılar. Bir neçə dəqiqə içində yeşiyin altında beş-altı göyərçin, yeddi-səkkiz qaratoyuq dənləyirdi.

-Müsəlman demişkən, "Bismillah" - deyə Volodya ipi dartdı. Yeşik ağzı üstə yerə düşdü və quşların çıxış yolu bağlandı. Ovçunun tələsi ağzına qədər quşla dolu idi.

Volodya göyərçin və qaratoyuqların başını bir anda üzüb bulaq başına gətirdi və suyun içinə atdı ki, tükləri islansın. Qayanın ətəyindəki, zoğal ağacının budaqlarından bir-neçəsini qıraraq Əşrəfə atdı.

-Mən quşları təmizləyim, sən isə bunların qabıqların soy, şiş düzəlt.

-Volodya, çay da qaynadı.

-İndi dəmlərəm.

Ocağı bir anın içində manqala çevirdilər, adama üç-dörd qaratoyuq və iki dənə göyərçin düşdü.

-Mən belə yerdə ac qalmaram. Cənnətdir buralar. - deyə Volodya ləzzətlə kababını yeyirdi.

Qayaların arasından göylərə ucalan bahar günəşi günortaya doğru getdikcə yol quruyurdu. Bayaqkı palçıqdan iz-toz qalmırdı.

Havanın sakitliyi və təravəti, bulaq suyunun çayı səhər sübhdən Bakının tərk etmiş cavanlara yuxu gətirirdi.

Volodyanın göy otların üstündə mürgülədiyini görən Əşrəfin səbri tükəndi, onu silkələdi ki, oyansın.

-Volod, yolçu yolda gərək - dedi.

Volodya gərnəşərək, ürəksiz ayağa qalxdı.

-Hara tələsirik? Oturmuşuq da.

-Yox, getməliyik!

Könülsüz çayniki közün üstündən götürdü. Boşaltdı, bulağın altında yuyub, kuzovdakı şkafa atdı. Maşının mühərrikini işə saldı. Yenicə yola düşmüşdülər ki, maşını saxladı:

-Çörək ağacını yaddan çıxartmışam.

Qaça-qaça gedib yeşiyi götürüb kuzovun içinə atdı və qayıdıb rulun arxasına keeçdi.

Maşın yerindən rahat götürülsə də, Xızının ayağında başladı sürətini azaltmağa.

“Xızı podyomunu” birinci sürətlə çıxdıqlarından motor qaynatmağa başladı. Volodya maşını saxladı, kapotu açdı ki, motor soyusun.

“Doğurdan da, bu podyomda motoru qaynatmasan Xızıya çıxa bilməzsən!” - mənə dağlı uşaqları demişdilər. - deyə üzünü Əşrəfə tutdu. .

Xızını bahar yaşıllığa bürümüşdü.

Yağan yağış, mayın istisi hər tərəfi laləzara çevirmişdi. Əşrəfin qonşuları-dağlılar danışırdılar ki, yerli camaatın bu aylarda xoşladığı yemək "Göy qutabıdır". Elə bir həyət, baca olmaz ki, bu aylarda sacın arxasında qız-gəlin olmasın. Təbiətin verdiyi yeməli otlardan Xızı qadınlarının hazırladığı göy qutabın dadını heç nə verə bilməz.

Həyətlərdə sacın tüstüsünə tərəf maşının pəncərəsindən boylanan Əşrəf üzünü Volodyaya tutdu:

-Vova, deyəsən, qutab yiyəcəyik. Bir saxla, soruşaq, Əjdərgil harada olurlar?

Əşrəf maşından düşdü və təndir ətrafına yığışmış qadınlara yanaşdı, salamlaşdı, sonra soruşdu:

-Deyə bilərsiniz, Əjdərgilin evi haradadır?

Qadınlar hərbi geyimindəki qonağı altdan-yuxarı süzdükdən sonra, yaşlı bir qarı sac arxasından durdu, ona yaxınlaşdı.

-Xoş gəlmisiniz! Oturun, qutaba qonaq olun! –dedi.

-Sağ ol, ana! Getməyimiz vacibdir. Harada olduqlarını bilmək istəyirik.

Qarı əlini yola uzatdı:

-Bala, odur qabaqda, camaat yığılan ev onlarındır.

Əşrəf yenidən maşına qayıtdı. Maşın yerindən götürüldü, qarşıdakı təpənin üstündəki evin yanında dayandı. Həyət camaatla dolu idi.

Onları kəndin cavanları qarşıladılar və içəri dəvət etdilər.

Qoca atanın vəziyyəti çox ağır idi. Kənd camaatının bura yığılmasının səbəbi də elə bu idi.

Hüseyn kişinin çarpayısının üstündə Əjdərlə Əşrəfin Rostovda çəkdirdiyi şəkili asılmışdı.

Ataya oğlunun dostunun gəldiyi xəbərini verdilər. Hüseyn kişi çarpayıdan dikəldi. Əşrəf keçib Hüseyn kişinin əlindən öpdü.

Qoca titrək əllərilə onun başını sığalladı və xırıltılı səslə müraciət etdi:

-Bala, bilirdim ki, gələcəksən. Mənim balam sənin dostun-qardaşın olub, dizinin üstündə keçinib. Gözlərini də sən yummusan. Mənimkini də yumarsan. Yusif bura gəlmişdi. O, bunları danışdı. Yenidən müharibəyə getdi.

Əjdər müharibəyə gedəndən sonra gəlinim də dünyasını dəyişdi. Tifilləri qalıb - deyə əli ilə küncə sığınmış balaca qızcığazı göstərdi.

-Nərgiz, bala, yaxına gəl, Əşrəf əmi ilə görüş!

Balaca qız yerindən tərpənmədi.

Əşrəf özü ona yaxınlaşdı, balacanın alnından öpdü. Bu görüşü izləyən Volodya həyətə çıxdı. Maşından gəlinciyi gətirdi. Nərgizə uzatdı.

Gəlinciyi götürən qızcığazın gözləri sevinclə doldu. Onu götürüb həyətə qaçdı.

- Əşrəf, bala, mən də bu gün - sabahlığam. Camaatın bura yığılmağının da səbəbi mənim xəstəliyimdir. Bilmirəm, məndən sonra nəvəmə kim baxacaq? Mən ölsəm, sərgərdan qalacaq. Ona yiyə dur! Apar Bakıya! Öz balan kimi böyüt! Mənim sənə vəsiyyətimdir. Gözlərimi də sən yumarsan!

Bu sözləri Əşrəfə deyən Hüseyn kişi sanki bir rahatlıq hiss etdi. Üzünü qibləyə çevirdi:

-La İlahə İlləllah, Məhəmmədən Rəsul Allah! - deyə təkrar eləməyə başladı. Səhərə yaxın Hüseyn kişi keçindi.

Səhərin gözü açılan kimi bütün Xızı və ətraf kəndlər axışıb Hüseyngilə gəldi.

Günorta Hüseyn kişinin cənazəsi Əşrəfin və Volodyanın çiynində həyətdən çıxdı.

Onu torpağa tapşırdıqdan sonra, yerli adətə görə üç gün təziyə məclisi verdilər.

Əşrəf xızılılarla halallaşaraq Hüseyn kişinin evinin qapısını bağladı. Nərgizi qucağına alıb maşına mindirdi. Üzünü Hüseynin qonum-qonşularına tutdu:

-Halal edin! Uşağı öz balam kimi böyüdəcəyəm. Hüseyn dayının vəsiyyətinə əməl edəcəyəm.

Nərgiz gəlinciyini ürəyinə sıxıb, onu ötürməyə gələn rəfiqələrinə maşından əl edirdi. Uşaq birinci dəfə idi ki, maşına minirdi. Dünəndən qonşular saçlarını daramış, iki balaca hörük hörmüşdülər.

Dörd yaşlı qızcığaz sanki onu gözləyən qeyri-müəyyənliyi hiss etmişdi, onu bağrına basmış Əşrəfin münasibətində ata nəvazişini duymuşdu.

Xızı dağlarını endikcə qızcığaz oyana-buyana boylanır, nəyisə burada qoyub getdiyini duyub, sanki sıxıntı keçirirdi.

-Darıxma, mənim balam, səni Bakıya, evimizə aparıram! Orada səni Bikə nənə gözləyir. - deyə Əşrəf onun əllərini əlinə aldı.

-Bakı yaxşıdır ya Xızı?

-Əlbəttə ki, Bakı

Səhərdən bəri dinməyən Volodya Xızı yolundakı həmin bulağı gördü.

-Əşrəf, gəl yenə ov edək. Hara tələsirik. Bakıya hələ çox var. Özümüzlə yemək götürməmişik. Nərgizi də yedizdirmək lazımdır.

Əşrəf başı ilə razılıq verdi. Volodya maşını bulağın başına verdi. Əvvəlki kimi ocaq qaladı, his basmış çaynikini çıxardıb, ocağın üstünə qoydu. Yeşiyini götürüb ağaclığa tərəf addımladı.

Baharın ortaları idi. Bərəkətli Xızı torpağı gül-çiçək içində idi. Əşrəf arxasındakı ağaca baxan Nərgizin baxışlarını tutdu.

-Dədə, alçaya bax! Dərə bilərsən? Arxada gilas da bitir.

-Bu dəqiqə mənim şeytan balam! - deyə Əşrəf əlini alça budağına uzatdı. Bir budaq sındırıb Nərgizə verdi. Keçib gilas ağacından da bir budaq kəsdi və onu da qızcığaza uzatdı.

-Dədə, bəs sən? Gəl, birlikdə yeyək.

Nərgiz alça və gilasları bir-bir budaqdan qıraraq Əşrəfin ağzına qoyurdu. Qızcığaz ona elə isinmişdi ki, öz atası kimi qəbul edirdi.

ŞAYİƏ
Nərgizi bağrına basan Seyid Bikənin sevinci yerə-göyə sığmırdı. Ömrü boyu qız arzusunda olmuşdu. O, dörd oğul anası idi. Düzdür, oğullar da pis deyildilər. Ancaq qızın yerini heç nə vermirdi.

O, bilmirdi ki, nə etsin. Nərgizin üzündən-gözündən öpürdü:

-Gör, indi nənə sənin üçün nə edəcək?

Əşrəf ayağının ağrısından eyvandakı çarpayıya uzanıb mışıl-mışıl yatırdı. Volodya isə xalasının üzünə baxıb gülürdü. Bir-neçə dəfə Seyid Bikə ora-bura var-gəl etdi. Elə bil ki, nə edəcəyini bilmirdi. Sevincindən özünü itirmişdi.

-Fazil harada qaldı? Səhərdən evdən çıxandır.- deyinməyə başladı.

-Xala, dayı nəyinə lazımdır?

-Gedərdi “Həmşəri palanına”1 uşaq üçün mer-meyvə alardı.

-Xala, elə buna görə danışırsan? Bu dəqiqə özüm gedərəm.

-Həm bazarlıq elə, həm də dayın rastına gəlsə, evə göndər.

Volodya gedən kimi Nargizi evdəki sandığın yanına gətirdi, ağzını açdı. Bütün bər-bəzəkləri qızcığazın qabağına tökdü. Sandıqda qat-qat düzülmüş parçaların içərisindən zərxaranı çıxartdı. Bircə anın içində Nərgizin ölçülərini götürdü və parçanı doğramağa başladı.

Nərgiz isə yerə tökülən kəsiklərlə gəlinciyini bəzəyirdi.

-Nənə, bax necə örpək düzəltdim? Kuklaya necə yaraşır! - deyə Seyid Bikəin ətəyini dartdı.

-Mənim ağıllı balam! İndi sənin özünü kukla edəcəyəm. - deyə onun üzündən öpdü.

Divarın küncünə qoyulmuş “Zingerini” götürdü. Dəirimi stolun üstünə qoydu. Paltartikən maşının arxasına keçdi. Nərgizin əyninə don tikməyə başladı.

Məşədi Fazil axşam evə dönəndə eyvanda balaca bir qızın həyət uşaqlarına gəlinciyini göstərirdi. Uşaqlar Məşədi Fazilin gəldiyini görüb dağılışdılar.

-Bu balaca şeytan kimdir? - deyə qızcığazdan soruşdu.

-Mən şeytan deyiləm, mən Nərgizəm.

-Sən kimin qızısan?

-Bikə nənənin!

-Bəs nənən hanı?

-Atamla içəridə söhbət eləyir.

-Məni onların yanına apara bilərsən mi?

Nərgiz yaxınlaşıb əlini ona uzatdı, Məşədi Fazilin əlindən tutub içəri keçdilər. Əşrəflə Seyid Bikə stolun arxasında oturub söhbət edirdilər.

-Deyəsən tanış olmusunuz? - deyə Seyid Bikə soruşdu.

Məşədi Fazil əlilə “kimdir?” işarə ilə soruşdu

-Qızımızdır da. Əşrəfin qızı.

-Belə çıxır bu şeytan mənim nəvəmdir?

-Belə çıxır.

-Onda qızım, gəl, bir babanı qucaqla!

Nərgiz ağıllı gözlərini Məşədi Fazil üzünə qıyıb nə baş verdiyini anlamaq istəyirdi.

-Sən babanı qucaqlamaq istəmirsən? - deyə Seyid Bikə Nərgizdən soruşdu.

-Bu babanı birinci dəfədir görürəm.

-Bundan sonra hər gün görəcəksən! Sənin babandan isə dünyada yaxşı kişi yoxdur.

-Sağ ol, Seyid qızı! Bilməzdim ki, məni bu qədər qiymətləndirirsən.

-Neynəməli, beləsən də!

Nərgiz babayla nənəsinin zarafatına son qoydu. Başını ona tərəf əyən Məşədi Fazilin boynunu qucaqladı. Sonra üzündən öpdü.

Bu an təzə baba və nənə olmuş Məşədi Fazillə Seyid Bikə dünyanın ən xoşbəxt insanları idilər

***


Əşrəfin Xızıdan balaca uşaqla qayıtma xəbərini Raziyəyə çatdıran qonşu qızları, hirslənəcəyini düşünürdülər. Ancaq o, hər sözə gedən qızlardan deyildi. Deyilənləri qulaq ardına aldığın görən qızlar, gedib öz gözü ilə görməsini təklif etdilər.

Evdə iş-gücünü qurtarıb, Seyid Bikəgilə gəldi. Əşrəf eyvandakı taxtda oturub dincəlirdi.

Raziyənin sir-sifətindəki narahatlığı hiss etdi. Ancaq bir söz demədi. Nişanlısının dözməyib soruşacağını bilirdi.

Əşrəf axta oturması üçün yer boşaltdı. Nişanlısının oturduğunu görüb əlini onun çiyninə qoydu:

-Niyə qaşqabağın yer süpürür?

-Qonşular dedilər ki, Xızıdan bir qızcığaz gətirmisən? Birinci arvadındandır.

-Sən də inandın?

-Mən necə inana bilərəm ki, həmişə mənim gözümün qabağında olmusan, təkcə üç il müharibə bizi ayırıb.

-Sən düz fikirləşirsən! Ancaq mən, doğrudan da, Xızıdan qız gətirmişəm. Sənin də xoşuna gələcək. Dostumun yetim qalmış qızıdır.

-Hansı dostunun?

-Yadında var, sənə Əjdərdən yazırdım. Onun qızıdır. Babası da öldü. Qız yiyəsiz qalmışdı. Götürdüm gəldim. Mən düz iş görməmişəm?

-Əlbəttə ki, düz iş görmüsən.

-Gərək öz balamız kimi böyüdək!

-Mən razı. Bəs qızcığaz hanı? - deyə soruşdu.

-Məmə1 onu hamama apardı.

-Mən həmişə qız arzusunda olmuşam. Allah, özü bizə yetirdi.

Baxçada qadınlar olmasaydı Əşrəf bu sözlərə görə Raziyəni bağrına basardı. Çünki o, indi dünyanın ən xoşbəxt adamı idi. Həyatda yanılmamışdı. Gələcək həyat yoldaşı özü kimi ürəyi açıq və comərd idi.

-Dur, çayniki maşınkanın üstünə qoy, həm özümüz çay içək, həm də məməgil hamamdan qayıdacaqlar, onlar da içsinlər.

Yenicə stolun arxasına keçmişdilər ki, Əlisəttar içəri girdi.

-Hanı balaca? Vova deyir ki, bir gül parçasıdır. Hanı meymuncuq? - deyə Raziyədən soruşdu.

-Mənim qızıma, xahiş edirəm meymun demə! - deyə Raziyə sərt cavab verdi.

-Yaxşı da, gəlinbacı! Xahiş edirəm, qızınızı göstərəsiniz.

-Mən özüm də görməmişəm. Məmə, hamama aparıb.

-Məmənin kefidir. İnanmıram, o, qızı sizə versin. Allah bizə bacı yetirib.

-Mən qızımı heç kimə verməyəcəyəm. Özüm böyüdəcəyəm! - deyə Raziyə Əlisəttarı susdurdu.

Əşrəf isə onların mübahisəsini dinləyib ürəyində sevinirdi. Hər şey onun gözlədiyi kimi gedirdi.

Raziyə getmək istəyən Əlisəttarı saxladı:

-Hara gedirsən? Qal, çay iç, indi gələrlər.

Raziyənin sözündən sonra Əlisəttar da keçib stolun arxasında oturdu. Raziyə stəkana çay töküb onun qabağına qoydu.

Raziyə çayniki plitənin üstünə yenicə qoymuşdu ki, Seyid Bikə Nərgizlə əl-ələ içəri girdilər.

Raziyə əvvəl keçib Seyid Bikənin sonra isə Nərgizin üzündən öpdü.

-Bu nə qəşəng qızdır? - deyə Raziyə Nərgizi qucağına aldı..

-Xoşuna gəlir? - deyə Seyid Bikə gəlinin sir-sifətinə baxdı. O, oğluyla gəlinin söhbətindən xəbərsiz idi.

Qaynanasından heç də az arif kişinin qızı olmayan Raziyə xatın sınandığını anladı. Bununla belə, Nərgizi toylarından sonra öz evlərinə aparacağını yəqin edən Raziyə qaynanasının üzünə güldü:

-Ana, Əşrəflə qərara gəlmişik ki, ona öz balamız kimi baxaq!

Seyid Bikə gəlinin boynunu qucaqladı:

-Gəlin ocağa çəkər! - dedi. Üzünü Nərgizə tutdu: - Qızım ananı niyə öpmürsən?

Nərgiz gözlərini qıyıb Raziyənin topuğuna çatan hörüklərinə baxırdı. Uşaq "ana" sözünü eşidib, başını yerdən qalırdı və iri gözlərini sevincdən parıldayan Raziyənin gözlərinə dikdi. Anasının üzünün sevinci qıza da keçdi. Ürəkləndi və anasına yaxınlaşdı.

-Nə şirin qızdır! - deyə Raziyə onun üzündən öpdü.

-Bəs əmi? Bəs mən? - deyə Əlisəttar Nərgizi Raziyənin əlindən aldı.

-Salam, əmi! - deyə Nərgiz üzünü ona yaxınlaşdı.

-Mənim gül balam, mənim şirin balam! Sən nə şirin qızsan! - deyə Əlisəttar cibindən plitka-şokaladı çıxarıb Nərgizə verdi.

Seyid Bikə Əlisəttarın Nərgizlə oynadığını görüb, Raziyəni stolun arxasına çəkdi:

-Daha heç yerdə hay-küy salmayın! Toyunuza qədər, bizdə qalar. Arxasına sonra baxarıq. Bu hamımızın balasıdır! -deyə Seyid Bikə sözünü qurtardı.

Axşam Əşrəf Raziyəni evlərinə yola salanda Seyid Bikə gəlinin alnından öpdü:

-Qızım, sən məni qabaqladın! Oğul evləndirmədən məni nənə etdin, ərə getmədən ana oldun! Mənim balamsan. Uşağın qəlbini sındırmaq olmaz! Toyunuzu tez etmək lazımdır.


***

DADAŞ XANIN TƏRSLİYİ
İnsanlar genlərindən gələn alicənablığı heç vaxt itirmirlər. Əsrlər boyu öyrəndiyi, adət etdiyini çox çətin unudurlar. Bu adət-ənənələr onların genlərinə yazılır və onları pozmaq, dəyişdirmək isə qeyri-mümkündür.

Şura hökuməti zahirən kəndlini, fəhləni zadəgana, ziyalıya tay etsə də, nəsildən gələn alicənablıq, mədəniyyət onlar arasında olan fərqi o saat büruzə verirdi.

Dadaş xanı görənlər ondakı qaməti, qüruru, böyüklüyü bircə anın içində hiss edir, hakim bir təbəqədən olduğunu duyurdular. Şirin dilinə, yüksək mədəniyyətinə baxmayaraq ətrafdakılara qarşı münasibətdə özünü həmişə yüksək tutar, zəhmli baxışı ilə bir anın içində hamını susdurardı.

-Qaynatan patriarxal İranın həqiqi nümayəndəsidir! -deyə günlərin bir günü Məşədi Fazil Əşrəfə öz fikrini bildirmişdi.

Məşədi Fazillə Dadaş xanın söhbəti tuturdu, ancaq həmişə ondan ayrılanda belə bir fikirlə qayıdırdı ki, Dadaş xan hamıya yuxarıdan aşağı baxır.

Onun nəslinə-nəcabətinə yaxından bələd olan Məşədi Fazil deyirdi ki, bu xanlığından irəli gəlir.

Nərgiz Məşədi Fazil ailəsinin bütün planlarını pozmuşdu. Onlar gəlinlərini evə tez gətirmək istəyirdilər.

İlk növbədə Əşrəfin fikrini öyrənməyi ana kimi özünə borc bilən Seyid Bikə hiss edirdi ki, övladlarından heç biri onun sözündən çıxa bilməz. Digər tərəfdən, Seyid Bikə Raziyənin də razılığını aldığını ərinə demişdi.

Əşrəf evə gələn kimi Seyid Bikə onu kənara çəkdi:

-Bu qızcığazın qəlbini sındırmaq istəmirsənsə, toyunu tez etməlisən!

-Qoy onda Raziyə ilə danışım.

-Mən danışmışam, o razıdır.

-Eləsə məsləhət sizindir.

-Qoy atan gəlsin, gedək Raziyəgilə.

Məşədi Fazil Dadaş xanın tərsliyinə bələd idi. Onu qarşıda çətin söhbət gözləyirdi.

***


1944-cü ilin baharı bütün təravəti ilə 4-cü xrebtovu êö÷ÿñèídən yuxarıda olan çəmənliyi yamyaşıl etmişdi. Məhəllənin qadınları, qızları çəmənlikdə bitən yeməli otlardan yığırdılar. Əşrəfgilin küçəsindən əlli metr aralı, xırman yerində qadın, qız əlindən yer yox idi.

Məşədi Fazil həyətə girəndə Seyid Bikə sacın kənarında oturub qonşu arvadı Səriyə ilə göy qutabı bükürdülər.

-A kişi yuxarı keç, bir-iki qutab ye, gedək Raziyəgilə.

-Əşrəfin fikrini öyrəndin?

-O, da razıdır. Qız da razıdır.

-Eləsə getdik, mən ac deyiləm.

Seyid Bikə unlu əlini çarhovuzun kranından gələn su ilə yudu. Tələm-tələsik evə keçdi. Əvvəlcədən hazırlanmış bir xonça ilə həyətə çıxdı. Nərgizi Səriyə arvada tapşırdılar.

-A kişi getdik! - deyə qabağa çıxdı. Bütün həyət anladı ki, tezliklə toy olacaq.

Seyid Bikənin əlində qırmızı qumaşla bəzədilmiş xonçanı məhəllədə görənlərin üzləri gülümsəyirdi.

Dörd il idi ki, məhəllə toy arzusunda idi. "Deyəsən yaxşılığa gedir. Amin Allah, balalarımızı qoru! Biz də onların toyunu görək! Allah xoşbəxt eləsin! – deyə ətrafdakılar alqışlayırdılar.

Onları salamlayanlara «O gün olsun sizinkilər qayıtsın, toylarında oynayaq!» - deyə Seyid Bikə dua edirdi.

Qapını Seyid Bikənin üzünə Dadaş xan özü açdı.

-Buyurun, xoş gəlmisiniz! Məşədi üzünü görək! - deyə Məşədi Fazillə görüşdü.

Onların qarşılayan Səriyə arvad da gülər üzlə görüşdü:

-Qıza, xoş gəlmisən! – deyə Ərdəbil ləhcəsində Seyid Bikəni salamladı. Raziyə də həyətə çıxdı.

-Xoş gəlmisiniz! - dedi və evə keçdi.

Həyətdəki çarhovuzun yanında qoyulmuş stolun arxasına dəvət olundular. Evin kiçiyi Süniyə süfrəni dəyişdi. Qənd qabını və samovar altını stolun üstünə qoydu.

Seyid Bikə xonçanı Süniyəyə verdi.

-Qızım, apar bunu evə!

Ciddi baxışları ilə xonçanı müşahidə edən Dadaş xanın sifətində bir qram da olsun razılıq hissi duyulmurdu. Dəvəsi ölmüş ərəbə oxşayırdı. Xonçanın niyə gəldiyini o saat anlayan qız atasının sifətinin dəyişdiyini hiss edən Məşədi Fazil sözə başlamaq istəmirdi.

-Süniyə də Maşallah böyük qız olub! - deyə sükutu Seyid Bikə pozdu.

-Qız xeylağı tez böyüyür! - deyə Məşədi Fazil onun sözünə qüvvə verdi.

Dadaş xan yenə də reaksiya vermədi.

Məşədi Fazil "onun tərsliyi tutub" - deyə düşündü. Bununla belə o, da bir kəlmə dinmədi.

Dadaş xan qarşıdakıların kim olduğunu unutmuş kimi elə bil birdən ayıldı.

-Məni bağışlayın, qız yükü, duz yükü. Adamı fikir aparır. - deyə gələnlərin danışmağı üçün şərait yaratdı.

-Dadaş, dörd ildir ki, Raziyə Əşrəfin adaxlısıdır. Dörd ildir ki, qızın onun yolunu gözləyir. Gəlmişik icazəni alaq toylarını edək. Nə fikirdəsən, de!

Dadaş xan sanki bu sözləri eşitmək istəyirdi. Elə bil əvvəlcədən buna hazırlaşmışdı.

-Mən sözə əməl edən insanam. Məni hamı əməli saleh adam kimi tanıyır. Ancaq deyirlər ki, Əşrəfin Xızıda arvadı olub. Arvad ölüb, qızını götürüb, gəlib Bakıya.

-Dadaş, sən də inandın? Yalan sözdür! Qız Əşrəfin dostunun qızıdır. Kimsəsiz qalıb. Götürüb saxlamağa. Qızın ki, bilir.

-Məndə olan məlumata görə Əşrəfin hələ evi də yoxdur.

-Dadaş, sən nədən danışırsan? Tiflisdə evi, Basqalda evi, Səmərqəndə, Məribdə evi. Hələlik bizdə yaşayarlar və yaxud aşağılarda kirəyə ev tutarlar. Sonra həyətdə ev tikərik.

-Xan qızını kirəyəşin edirsən?

-Dadaş, bura İran deyil, Şuravidir. Xan, bəy qalmayıb. Tərslik eləmə. Əşrəf fərasətli oğuldur. Hər şeyi olacaq.

-Evi olmayınca, ona qız verən deyiləm! – deyə qətiyyətini bildirən Dadaş xanının sözündən sonra Məşədi Fazil ayağa qalxdı.

-Allah işinizi avand eləsin! - dedi və qapıya doğru irəlilədi. Ərinin küsdüyünü görən Seyid Bikə da ayağa qalxdı.

Dadaş xan heç nə olmamış kimi yerindən qımıldanmadı da. Seyid Bikənin həyəti tərk etdiyini görən Səriyə arvad onun dalınca qaçdı.

-Qıza, hara gedirsiz? Oturun çay için! - dedi.

-Allah artıq eləsin! - deyə Seyid Bikə iri addımlarla oradan uzaqlaşdı.

Dadaş xan həyətə qayıdan Səriyənin üstünə düşdü:

-Deməmişəm, yüngül olma. Özünə qiymət verməyi bacar. Şərtlərimə əməl etsinlər. Sonra aparsınlar.

Həyətə qayıdanda Seyid Bikənin məyusluqdan qonşular anladılar ki, Dadaş xan toya icazə verməyib.


***

Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin